Yüksək texnologiyaların dərin humanist izləri Yaxud Azərbaycanda “Elektron hökumət” necə fəaliyyət göstərir?



Yüklə 30.6 Kb.
tarix01.11.2017
ölçüsü30.6 Kb.

Yüksək texnologiyaların dərin humanist izləri
Yaxud Azərbaycanda “Elektron hökumət” necə fəaliyyət göstərir?

Ötən əsrin 90-cı illərində Sinqapurda işlədilən "Hökumətin istənilən xidməti elektron formada təqdim olunmalıdır" deyimi XXI əsrdə bu ölkəni "Elektron hökumət"lər içərisində liderə çevirdi. Prosesə bir qədər gec qoşulmağımıza baxmayaraq, gündəlik həyatımızda "Elektron hökumət"  anlayışını tez-tez işlədirik. Zaman faktoru önəm kəsb etsə də, uğurlarımız heç də pis deyil. Hökumətimizin "elektron" xidmətinin hər hansı birindən istifadə etməmiş bu anlayışın  fəlsəfəsini dərk etmək mümkün deyil. Əminliklə söyləmək olar ki, indiki dövrün insanları daha çox tələsirlər. Bu tələsmələr həm də mənəvi və psixoloji gərginlik yaradır. Yaxşı ki, tələsikliyi, gərginliyi aradan qaldıran "elektron hökumət"imiz var. 


Hal-hazırda bütün dünyada təhsil, səhiyyə, sosial xidmətlər, insan potensialı və s. sahələrdə yüksək reytinq uğrunda gərgin mübarizə gedir. Artıq 2003-cü ildən Birləşmiş Millətlər Təşkilatı (BMT) ölkələrin "Elektron hökuməti"nin inkişafı indeksini tərtib edib. Bu indeks digər indekslərdən fərqli olaraq çoxfunksiyalıdır. İndeksin tərtib olunduğu tarixə diqqət etdikdə, görürük ki, bunun "yaşı" digərləri ilə müqayisədə azdır. Əslində bu belə də olmalıdır: "Elektron hökumət" postindustrial cəmiyyətin məhsuludur və  bu paradiqma (nümunə) birmənalı şəkildə insan kapitalı və İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı ilə sıx surətdə bağlıdır. Bəs elektron hökumət nədir?
Birləşmiş Millətlər Təşkilatı elektron hökuməti "xidmət, informasiya və biliyin iqtisadi effektiv və fəal şəkildə çatdırılmasının genişləndirilməsi vasitəsilə fərdin və dövlət sektorunun münasibətlərinin yaxşılaşdırılmasını hökumətin daimi tərəfdaşlığı" kimi müəyyən edir. Başqa sözlə, "Elektron hökumət" və ya e-hökumət - hər hansı bir ölkənin dövlət strukturlarının hər biri haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat, məktəbəqədər təhsil müəssisələrinə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elektron rabitə vasitəsilə müraciət edə bilər.
Mütəxəssislər hesab edirlər ki, "elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində "elektron hökumət" fəaliyyət göstərir. (http://az.wikipedia.org/wiki/Elektron_hökumət)
Bəs ölkəmizdə vəziyyət necədir?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə  "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq olunub. "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi" konsepsiyada əsas istiqamətlərdən birini təşkil edir. Burada qoyulan məqsədlərə görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. İKT-nin ölkədə inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan məqsədlərə həmçinin cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması da daxildir. Eyni zamanda, ölkə əhalisinin İKT və rabitə xidmətlərindən istifadə imkanları daha da genişləndiriləcək, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sistemi yaradılacaq, milli standartlar formalaşdırılacaq, ölkə üzrə tam rəqəmli televiziya yayımı tətbiq olunacaq. Eləcə də, 2020-ci ilə qədər "elektron hökumət" xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da, əhali hökumət orqanları tərəfindən qısa zaman ərzində göstərilən daha asan, keyfiyyətli xidmətlərlə təmin olunacaq.
Göründüyü kimi, ölkəmizdə bu paradiqmanın geniş vüsət alması naminə dövlət səviyyəsində mühüm işlər görülür və görülməkdədir. Bəs ölkəmizin bu istiqamətdə mövqeyi necədir? İnkişafı səciyyələndirən faktorlar nədən ibarətdir? 
Müqayisələr nədən xəbər verir?
Birləşmiş Millətlər Təşkilatının Elektron hökumətin inkişafı indeksi  (The UN Global E-Government Development Index) vətəndaşlara dövlət xidmətlərini göstərmək üçün informasiya və kommunikasiya texnologiyalarının (İKT-nin) istifadəsi üzrə milli dövlət strukturlarının hazırlıq və imkanlarını qiymətləndirən kompleks göstəricidir. 

Reytinqdə sıralama 3 əsas göstəricinin qiymətləndirilməsi üzrə aparılır:


- İnternet xidmətinin əhatə dərəcəsi və keyfiyyəti

- İKT infrastrukturlarının inkişaf səviyyəsi

- İnsan kapitalı
Azərbaycan 2012-ci ildə "Dünya ölkələrinin elektron hökumətlərinin inkişafı səviyyəsinin reytinqində" 96-cı yeri tuturdusa, 2014-cü ilin tədqiqatlarında 193 ölkə arasında ölkəmiz 28 pillə irəliləyərək 68-ci yeri tutmuşdur. Maraqlıdır ki,  2014-cü ilin göstəricilərində Azərbaycan Türkiyə və Çini qabaqlayır. Görülən işlər daha sürətli irəliləmə üçün optimist ovqat yaradır. Bu inkişaf tempi ilə Azərbaycan yaxın gələcəkdə lider dövlətlər sırasına daxil ola bilər. Hal-hazırda ölkəmizdə 40 nazirlik, komitə, şirkət və agentliklər vətəndaşlara 380-dən çox "elektron xidmət" göstərir.
Ölkəmizdə birinci və ikinci kriteriyaların 2005-2013-cü illər üzrə inkişaf dinamikasına diqqət edək:
2005-ci ildə əhalinin hər 100 nəfərinə düşən  telefon aparatlarının sayı 13 ədəd idisə, 2013-cü ildə 17 ədəd;

2005-ci ildə əhalinin hər 100 nəfərinə düşən əsas telefon aparatlarının sayı 13 ədəd idisə, 2013-cü ildə 16 ədəd;

2005-ci ildə əhalinin hər 100 nəfərinə düşən mobil telefon nömrələrinin sayı 27 idisə, 2013-cü ildə 105;

2005-ci ildə əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 8 nəfər idisə, 2013-cü ildə 73 nəfər;

2005-ci ildə əhalinin hər 100 nəfərinə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 0, 02 nəfər idisə, 2013-cü ildə 55 nəfər;

2005-ci ildə adambaşına düşən beynəlxalq internet kanalların həcmi 0, 04 kbit/s idisə, 2013-cü ildə 26, 9 kbit/s;

2005-ci ildə mobil rabitə ilə əhatə olunmuş ərazidə yaşayan əhalinin ölkə əhalisində xüsusi çəkisi 99 faiz idisə, 2013-cü ildə 99,8 faiz;

2005-ci ildə ay ərzində internetdən 20 saatlıq istifadə üçün orta tarif  5  manat idisə, 2013-cü ildə 1,3 manat;

2005-ci ildə  İnternetdən istifadə tarifinin adambaşına düşən orta aylıq ümumi milli gəlirə nisbəti 4,5 faiz idisə, 2013-cü ildə 0, 3 faiz;

2005-ci ildə ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 18 manat idisə,  2013-cü ildə 7 manat;



2005-ci ildə Mobil rabitə danışığı tarifinin adambaşına düşən orta aylıq ümumi milli gəlirə nisbəti 16,1 faiz idisə, 2013-cü ildə 1, 4 faiz olmuşdur. 
Bütün bunların fonunda İKT-nin inkişaf indeksi 2, 6-dan- 8.4-ə qədər yüksəlmişdir. 
Məlumat () buradan götürülmüşdür. Bu göstəricilərin əksəriyyəti dünyanın inkişaf etmiş ölkələrindəki göstəricilərdən də yüksəkdir. 
İnsan kapitalına gəldikdə, Azərbaycanda bu sahəyə qoyulan investisiya digər ölkələrlə müqayisədə narahatçılıq yaratmır. Əhalinin savadlılıq səviyyəsinin yüksək olması, təhsilə ayrılan vəsaitin ilbəil artması, yeni məktəb binalarının tikintisi və Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsil almağa göndərilməsi buna sübutdur. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq olunub. Hal-hazırda xaricdə təhsil alan tələbələrin sayı 3183 nəfərdir. Bu proqramda İKT ixtisasları üzrə təhsil prioritet kimi qəbul olunduğundan, xeyli sayda gənclərimiz dünyanın aparıcı universitetlərində bu ixtisaslar üzrə təhsil alırlar. Onların ölkəyə qayıdışı təmin olunduqdan sonra bu sahədə dönüş yaranacaq və bu da "Elektron hökumət"in inkişafına öz töhfəsini verəcəkdir. İnsan kapitalı nəzəriyyəsinə görə, dövlət insan kapitalına investisiya qoymaqla milli gəliri artıra, insanlar isə imkanlarını genişləndirə bilərlər. 
Yaxşısı odur ki, Azərbaycan "Elektron hökumət"in fəaliyyətində kənd və şəhər fərqlərini tezliklə aradan qaldıra bilib. Lakin bu anlayış ictimai və elmi dövriyyəyə daxil edildikdə xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinə görə bir çox ölkələrdə şəhər və kənd fərqləri ortaya çıxdı. Hindistanın İKT sahəsindəki başgicəllədən uğurlarını ustalıqla qələmə alan məşhur "İnfosys Technologies Ltd." Şirkətinin həmsədri Nandan Nilekani "Hindistanın yeni obrazı" kitabında yazır: "Hindistanda 2005-ci ildə fəaliyyətə başlamış elektron hökumətin milli planı kənd yerlərində müxtəlif dövlət xidmətlərinin göstərilməsi üçün 100.000 İKT köşkünün quraşdırılmasını nəzərdə tutmuşdu. Hindli sahibkarların özlərinin yaratdıqları kənd köşkləri şəbəkəsi fermer və kəndlilərin məhsuldarlığın artırılması üçün səylərini gücləndirmişdi. "Elektron hökumət"in əhatə dairəsinin genişlənməsi hesabına savadsız kəndli də tez bir vaxtda sistemdən istifadə etməyi öyrənə bildi. Müxtəlif kanallardan daxil olan informasiya axını kənd təsərrüfatında məhsul artımına səbəb oldu. Məsələn, fermer mobil əlaqə vasitəsilə məhsulun qiyməti haqqında, hava haqqında, bazarda tendensiyalar barədə dəqiq informasiya aldıqdan sonra işini daha səmərəli qura bilirdi".
Konkret olaraq bu nümunə onu göstərir ki, "Elektron hökumət"in əhatə dairəsinin genişlənməsində təkcə dövlət orqanları deyil, özəl təşkilatlar, Qeyri-Hökumət Təşkilatları və iş adamları da fəal iştirak etməlidirlər. Ölkəmizin "Elektron hökumət"in inkişafına görə lider dövlətlər sırasına daxil olması üçün həmin ölkələrdə tətbiq olunan fərqli xidmətlər hərtərəfli öyrənilməlidir. Bununla yanaşı:
"Elektron hökumət"in  xidmətlərinin tətbiqinin vaxtaşırı monitorinqi aparılmalı;

Təhsil sisteminin İKT təminatı sürətləndirilməli;

İnsan kapitalına investisiya qoyuluşu artırılmalı;

Kompyuter savadlılığı gücləndirilməli;

Rayon və kənd əhalisi arasında maarifləndirmə işləri genişləndirilməli

Dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlərin geniş kütlələrə çatdırılması üçün vaxtaşırı təqdimatlar keçirilməlidir.



Sonuncu təkliflərin daha səmərəli həyata keçirilməsi üçün alimlərimiz, İKT sahəsində mütəxəssislər öz elmi və publisistik məqalələri və tədqiqatları ilə "Elektron hökumət" portalının (e-gov.az) populyarlığının artırılmasına yardımçı olmalıdırlar.

Etibar Əliyev
Məqalə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elan etdiyi müsabiqəyə təqdim edilir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə