Yusif Şükürlü



Yüklə 1,13 Mb.
səhifə7/7
tarix26.09.2017
ölçüsü1,13 Mb.
#1659
1   2   3   4   5   6   7
Marko Polo haqqında danışdığımız varlıqlara oxşar canlıların Benqal körfəzinin Birma sahilindəki Andaman adasında yaşadığını söyləyir. Onun bir kiçik sitatını deyim! “Sizi imandırıram ki, o adada yaşayan adamların hamısının başı it başına, sifəti ingilis doquna bənzəyir, dişləri və gözləri itinki kimidir”...

Tərxan bir az dayanıb nəfəsini dərdi və davam etdi:

  • Sizin dediyiniz nağıldakı Sindibadın gördüyünə uyğun Yer canlısına bənzəyən varlıq Madaqaskar lemurudur. Onlar quyruğu olmayan bütün lemur ailəsinin ən iri üzvləridir.

Tərxan yenə dayandı və ataya dedi:

  • Yetti söruşur ki, cavab kifayətdirmi?

  • Bəli. Çox sağ olun!

  • Ata, Yetti deyir “ikinci” nəyi bilmək istəyirdiniz?

Atanın yadına düşdü ki, bayaq sözə “birinci” ilə başlamışdır. Ona görə “ikinci” kəlməsinə əhəmiyyət verməyib dedi.

  • Deyin görüm, necə oldu ki, siz bu gecə yalnız keçmişə səyahəti təşkil edə bildiniz?!

  • Yetti deyir ki, o, Tərxanın başa düşdüyü səviyyədən atrıq heç nəyi izah edə bilməz. Deyir, bizim yalnız keçmişə gedə bilməyimizi belə izah edir. Elə olur ki, ulduzlar bir-birini cəzb edərək, bir yerə toplanır və böyük kütləyə malik olurlar. Onların kütlələri sizin Günəşin kütləsindən iki dəfə artıq olanda qravitasiya kollapsı başlanır və “Qara kaha” əmələ gəlir...

Tərxan danışığını kəsib öz-özünə mızıldadı:

  • Kollaps nədir? – sonra isə başı ilə nəyisə təsdiq etməyə başladı.

  • Tərxan! Yenə öz-özünə danışırsan! Mənə də desənə!...

  • Ata! Yetti deyir ki, kollapsın nə olduğunu insanlar bilir və mənə də məsləhət görür ki, səndən öyrənim.

  • Hə.. Qravitasiya kollapsı böyük kütləli cisimlərin qravitasiya qüvvəsi nəticəsində böyük sürətlə sıxılması hadisəsidir. Tutaq ki, hər hansısa bir ulduz kosmosda olan qaz, toz və s. hissəcikləri özünə çəkib kütləsini böyüdür. Bu böyümə iki günəş kütləsinə bərabər və ondan çox olarsa, həm də ulduzun radiusu müəyyən bir böhran qiymətindən kiçik olarsa, fəlakət başlanır. Daha heç bir qüvvə o fəlakətin qarşısını almaq iqtidarinda deyil.

  • O fəlakətdən sonra nə oldu?

  • O olur ki, ulduz sürətlə sıxılır. Onun atomları öz elektron təbəqələrini itirir və nüvələr bir-birinə yaxınlaşır. Kiçik bir həcmdə nəhəng kütlə toplanır ki, bu da böyük qravitasiya gücünə malik olur. Belə mərkəz işığı da özünə çəkir. Ondan da heç nə yan keçə bilmir. Uzaqdan o göy cisminin olduğu yer qara zülmət şəklində olur ki, ona da “Qara kaha” deyirlər.

  • Ata! Oralar divlərin yaşadığı kahalardır?

Ata güldü və Tərxana:

  • Sən hər şeyi bilirsənmiş! – dedi.

Tərxan pərt oldu. Ata onu hiss etdi və könlünü almaq üçün dedi:

  • Sən nağıllardakı divləri deyirsən. İndi gözünün qabağında bu boyda Yetti var ki, biz onun harada və necə yaşadığını bilmirik! Həm də imkan yaranıb ki, bizim bir çox cavabsız suallarımıza cavab alaq. Sən isə kahalardan div axtarırsan. İndi zamanın idarə olunması haqda verdiyimiz sual onun yadından çıxacaq. Gərək bir də filan qədər çalışaq ki, görək bir şey çıxır ya yox?!

  • Ata! Yetti deyir ki, sənin kollaps hadisəsini izah etməyindən çox razıdır. Fikirləriniz üst-üstə düşüb. Deyir ki, həmişə biz “müvafiq an”ı gözləyirik. “Müvafiq an” odur ki, bir-birinə qonşu olan iki “Qara kaha” arasında dəhlizlər əmələ gəlir. Biz həmin dəhlizlərdən “zaman maşını” kimi istifadə edirik.

  • O nə dəhlizlərdir elə? – deyə ata maraqla Tərxanın üzünə baxdı.

  • Ata! Yetti deyir ki, sən mənim imkanlarımı nəzərə almırsan...

  • Hə... Aydındır, - deyə ata razılaşdı və davam etdi:

  • Yettidən xahiş et, “zaman maşınından” necə istifadə etdiklərini də desin.

  • Ata! Yetti deyir ki, “yeni əmələ gəlmiş” dəhlizdən “köhnəsinə” keçməklə zamana görə keçmişə səyahət etmək mümkündür.

  • Köhnəsindən təzəsinə keçməklə gələcəyə!... Eləmi? – deyə ata heyrətini bildirdi.

  • Xeyr!- deyə Tərxan qəti cavab verdi. – Yetti deyir ki, onlar gələcəyə gedə bilmirlər. Bu məsələ onlar üçün həll edilməzdir.

  • Hə... Deyəsən onlar da “Qara kaha”nın sirrini az bilirlər! Deməli biz insanların da indisi və gələcəyi o “Qara kaha”lardan idarə olunurmuş.

  • Ata! Yetti sənin məyusluğuna çox narahat oldu. O deyir ki, məyusluğa elə bir ehtiyac yoxdur. Çünki Yer elminə “Qara kaha” haqqında çox şeylər məlumdur və məlum olacaq! O, mənim bir çox mətləbləri başa düşə bilməməyimə və mənim imkanlarımın az olmasına təəssüflənir.

  • O sənin gələcəyindən də istifadə edə bilmir?

  • Yox. Yetti deyik ki, onlar gələcəkdən istifadə edə bilmirlər. Ata, Yetti xahış edir ki, söhbətimizi yekinlaşdıraq.

  • O tamamilə gedir?

  • Bəli.

  • Daha gəlməyəcək?

  • Gələcək! Amma bir neçə min ildən sonra!

  • Min il!

  • Bəli.

  • Paho!.. Yaxşı! Salamat olsun! Əgər aramızda bir anlaşılmazlıq olmuşsa, bağışlasın!

  • Ata, Yetti bizdən çox razıdır. Deyir ki, o öz vədlərinə tamamilə əməl edəcək.

Ona yaxşı yol!

* * *


Yetti ilə salamatlaşan günün səhərisi ata Tərxanı da götürüb Elmi Mərkəzə gəldi. Mərkəzin direktorunun yanına gedib, xahiş etdilər ki, gələn seminarda çıxış etmək üçün vaxt ayırsınlar.

  • Tərxan da çıxış edəcək? – deyə direktor maraqla soruuşdu.

  • Mən çıxış edərəm. Lazım gəlsə o mənə kömək edəcək. Eləmi Tərxan? – deyə ata əlini Tərxanın çiyninə qoydu.

  • Bəli, - deyə Tərxan atasının sözlərini təsdiq etdi.

  • Yaxşı. Siz qabaqcadan mənə bir məlumat vermək istəməzdinizmi? Əgər mümkündürsə... Mən təkid etmirəm!

  • Olar!-deyə ata Tərxana müraciətlə:

  • Hansımız danışırıq?

Tərxan:

  • Sən danış!- dedi.

Ata Yetti ilə əlaqədar başlarına gələn bütün hadisəni qısaca nəql etdi. Direktor ona diqqətlə qulaq asırdı. Arada da Tərxana tərəf baxır, hər dəfə görürdü ki, Tərxan başı ilə danışılanları təsdiq edir. Ata sözünü qurtarandan sonra direktor yarıciddi, yarı zarafatla dedi:

  • Sizin əməlli-başlı macəralarınız olub ki...

Ata hiss etdi ki, direktor danışılanlara inanmayıb. Ona görə direktordan soruşdu:

  • Bizim danışığımız çox cəfəng görünmür ki?

  • Söhbət sizin danışığınızın cəfəng olub olmamasından getmir. Hər bir hadisə haqqında hər kəsin öz fikri, öz mülahizəsi var. Amma mən bilmək istəyirəm ki, sizin məruzənizin adını nə qoyaq?

  • Məsələn, “ Yerdə insanın yaranması prosesində yerdənkənarsizilin rolu”.

  • Bu fantastik səslənmirmi?- deyə direktor kreslonun arxasına söykəndi və əlindəki qələmi stolun üstünə qoyub əlavə etdi:

  • Gəlin belə bir iş edək! Bu məsələni seminarda yox, sizin qrupun yığıncağında müzakirə edək! Bu daha yaxşı olar! Çünki seminarda... özün bilirsən də... – deyə o yenidən stola əyilib sol əlini alnına qoydu və davam etdi: - Mənim məsləhətim odur ki, bu məsələni Tərxanın da daxil olduğu UNO-lara aid təşkil etdiyiniz qrupun yığıncağında müzakirə etməyimiz daha münasibdir.

Ata hiss etdi ki, seminarda Yetti barəsində mühazirə mövzusu qoymaq direktorun ürəyincə deyil.

  • Istəyirsiniz bu barədə heç söhbət də açmayaq?!

  • Niyə ki?! lazımdır! Mən özüm təşkil edəcəyəm. Siz hazırlaşın! Yaxşı, Tərxan? – deyə axırda direktor Tərxana müraciət etdi. Tərxan yenə başı ilə razılığını bildirdi. Direktor ataya müraciətlə:

  • Bir deyin görüm, sizin başınıza gələn bu “Yetti” hadisəsindən nəyi müzakirə etmək istəyirsiniz?

  • Yetti ilə əlaqədar olan hər şeyi!

  • Yaxşı! Mən soruşaram ki, Tərxanın keçmişə və ümumiyyətlə, Yer kürəsini səyahətə getməsi hadisəsinin doğruluğunu necə sübut edə bilərsiniz?

  • Çox güman, yığıncaq iştirakçıları inanmayacaqlar ki, Tərxan Pasxi adasını görüb. Amma indi o ada haqqında sizə nə qədər istəyirsiniz məlumat versin!

  • Bəlkə jurnal və ya kitablarda oxuyub?!

  • Əgər bu camaat yeni bir şey eşitmək istəmirsə, təqsir kimdədir?

  • Camaat yenilik eşitmək istəyəcək! Amma, gərək yenilik də yenilik olsun, daha fantastika yox!...

  • Belə çıxır ki, siz bizim başımıza gələnlərin fantastikaya daha çox oxşadığı üçün heç o haqda söhbət də etməyimizin tərəfdarı deyilsiniz.

  • Söhbət etmək həmişə mümkündür. Amma hər bir hadisə haqqında qəti fikir söyləmək üçün gərək əlimizdə dəlil-sübutumuz olsun.

  • Birini deyim?

  • Buyurun!

  • Yetti Tərxana Kopenhagenin milli muzeyində saxlanılan qədim insanın kəllə sümüklərini göstərib ki, hələ o vaxtlar beyin cərrahiyyəsi aparmaq üçün kəllə sümüyünü üstdən və yanından kəsib götürüblər, sümük bitişməyə başlayıb. Əməliyyatdan sonra o adamlar yaşayıblar!...

  • Bəlkə onların kəllə sümüyünü cərrahiyyə əməliyyatı zamanı kəsməyiblər, sadəcə olaraq vəhşi heyvan dişləyib?!

  • Birincisi, kəllə sümüyü qopan ibtidai insan yaşaya bilməzdi. İkincisi də Tərxan deyir ki, orada həmin dövrə aid uğursuz cərrahiyyə əməliyyatını əks etdirən başqa bir kəllə sümüyü də var ki, onun üstündə kəskinin izləri aydın görünür! – deyə ata direktoru inandırmağa çalışdı.

  • Onlar nə vaxtın eksponatlarıdır? – deyə direktor Tərxana müraciət etdi.

  • Təxminən 30 min il bundan əvvəlin.

Direktor heyrətini gizlədə bilməyərək, Tərxana tərəf əyildi və yavaşcadan dedi:

  • Doğrudanmı sən özünün Kopenhagen muzeyində olmağına inanırsan?

  • Mən Kopenhagen muzeyində olmuşam!

  • Nə vaxt?

  • Dünən gecə.

  • Gecə?!

  • Bəli.

  • Tərxan! Bir ağlını başına yığ! Sən dünən gecə Kopenhagen muzeyində olmusan, indi də burada mənimlə söhbət edirsən?! Axı sən heç təyyarə ilə də bu işi görə bilməzsən!

  • Bu işi Yetti görüb!

  • Ax, Yetti!...

Direktor iki əli ilə başını tutub, masaya dirsəkləndi və dedi:

  • Gedin qrupun yığıncağına hazırlaşın! Mən vaxt tapa bilsəm, iştirak edəcəyəm. Vacib məsələ var ki, ona görə bu gün axşam Bakıya çıxmalıyam. Bəs mənim qayıtmağımı gözləyə bilməzsiniz?

  • Yox, - deyə ata cavab verdi. – Çünki Yetti getmək üzrədir və o bildirib ki, getməmişdən əvvəl Tərxanın və ətrafındakıların yaddaşlarını silmək lazımdır. Ona görə də sizdən xahiş edirik ki, bu işin tez təşkil olunmasına kömək edəsiniz.

Direktor:

  • Mən yığıncaqda nəyi müzakirə edəcəyinizi artıq bilirəm. Lazım olan tapşırıqları verəcəyəm. Narahat olmayın, gedin qrupunuzun üzvlərinə xəbər verin ki, yığıncaq sabah saat 15-də başlanacaq, - dedi və əlavə etdi:

  • Daha ayrı istəyiniz yoxdur ki?

  • Yox, - deyə ata cavab verdi.

  • Onda sabahkı yığıncağa hazırlaşın! – deyə direktor kürsüdən qalxdı və salamatlaşmaq üçün əlini uzatdı.

Ata və Tərxan onunla salamatlaşıb, laboratoriyaya düşdülər. Həmin gün işin axırında evə qayıdarkən, yolda ata Tərxana dedi:

  • Sən sabahkı yığıncaq barəsində Yettiyə məlumat ver! Mən də evdən telefonla qrupun başqa üzvlərini dəvət edim.

  • Ata! Axı, Yetti dedi ki, daha bizimlə görüşməyəcək! Onu necə xəbərdar edə bilərəm?

  • Yaxşı, - deyə ata razılaşdı və söhbəti dəyişmək üçün, - bu axşam səni parka aparacağam. – Dedi.

  • Dondurma da alacaqsan?

  • Əlbəttə.

* * *

Elmi mərkəzin UNO ilə məşğul olan qrupunun iclası saat 15-də başlamalı idi. Əməkdaşlar və maraqlanan başqa şəxslər saat 14-dən keçib zalda oturmuşdular. İclasa Şahid dayı da gəlmişdi. O, qabaq sırada – Tərxangilin yanında oturmuşdu. Tərxan, ata və Şahid dayıdan başqa bu sırada heç kim oturmamışdı.



Deyəsən iclasın gecikməsi Şahid dayını darıxdırırdı. O, öz-özünə danışırmış kimi dedi:

  • İnsan ağıllanır e...! Sən necə bilirsən?- deyə ataya müraciət etdi.

  • Hə. Elə Koul aksiomu da onu təsdiq edir.

  • Orada nə deyilir? – deyə Şahid müəllim ataya tərəf çevrildi.

  • Aksiomda deyilir ki, Yer planetində ağılın ümumi cəmi sabit qalır, insan isə artır...

  • Bu ki, tərsinə oldu!

  • Onu mən demirəm ki! Koul deyib, biz də qəbul etmişik. Bildin?!

  • Bilməyinə bildim! Bəs sən Hartlinin birinci qanununu bilirsən?

Ata çiyinlərini çəkib:

  • Yox,- dedi.

  • Deyir, atı suya salmaq hələ işin hamısı deyil. Əsil qoçaqlıq odur ki, sən yəhərdə oturasan, at isə üzə!

  • Hə... İndi mənə məlum oldu ki, sən də Artur Bloxun “Merfi qanunu” kitabını oxumusan.

  • Oxumuşam! Hələ bəzilərini də əzbərləmişəm!

  • Onda bir-ikisini de, vaxtımız keçsin.

  • Misal üçün: Seqal qanununa görə bir saatı olan saatın neçə olduğunu dəqiq bilir. Amma bir adamın evində və ya iş yerində bir neçə saatı varsa, o heç vaxt saatın dəqiq neçə olduğunu bilməyəcək.

  • Doğrudan ha!...

  • Sənə aid də bir qanun var: Rossa qanunu: “Söylədiyin fikrin çox vacib olmasını əvvəlcədən demə!” – deyə Şahid dayı Tərxana göz vurdu.

  • Mən nə vaxt demişəm ki, mənim danışdığım “çox vacibdir?”

  • Danışdığın yox e... Çalışırsan ki, sənin vacib saydığın bir işi hamı vacib hesab etsin.

  • O məndən asılı deyil. Mənim bürcümdən və ya qan qrupumdandır. Mən şirəm, qan qrupum da birincidir. Şirlər də ki, belə olur!

  • O da yaxşı bəhanədir! Yaxşı, qan qrupu insanın xasiyyətinə necə təsir edir?

  • İnsan xasiyyətinin qan qrupu ilə təyin edilməsinin mümkünlüyündən astroloqlar hələ qədim zamanlarda istifadə ediblər. Onlar deyirlər ki, birinci qan qrupu olan insanlar günəşlə idarə olunurlar. Onlar ətrafdakılara qarşı çox tələbkar, dildən pərgar, cəld olurlar. Başqa qrup qanı olanlardan üç dəfə artıq iş görə bilirlər. Mübahisəli məsələlərdə ancaq qalib gəlməyi xoşlayırlar.

  • Hə... Deməli sənin bir başqa xasiyyətin də qan qrupun ilə əlaqəlidir!

  • O nədir? – deyə ata maraqla Şahid dayıya baxdı.

  • Elə həmişə, hamıya məsləhət verməyə çalışırsan.

  • Bəli, biz beləyik! – deyib, bu dəfə ata da Tərxana göz vurdu və güldü. – İndi sənin yadındadırsa, Ranemon qanununa görə mənim hansı qrup şəxsiyyət olduğumu da deyəcəksən!

Şahid dayı:

  • O qanun yadımda deyil, - dedi.

  • Ranemon deyir, dünyada 4 cür şəxsiyyətli adam var: eləsi var, sakit oturur və heç bir iş görmür, eləsi var, sakit oturub başqalarının da əlini işdən soyudur, eləsi var ki, başını əyib öz işi ilə məşğul olur, nəhayət, eləsi də var ki, deyir filan işi görmək lazımdır. Səncə, mən hansı qrupdanam?

  • Paho... Burada fəlsəfə var! O adam kimdirsə, lap bizim sosializm cəmiyyətinin güzgüsü imiş?

  • Bura cəmiyyətin nə dəxli var? Sən sualıma cavab ver! – deyə ata təkid etdi.

  • Dəxli yoxdur! Belə ki, elə işçilər var, axşama kimi əsnəyə-əsnəyə vaxt keçirir. Həmişə də saatın gec gəlib- getməyindən gileylənir. Elələri də var ki, adamın əlini-ayağını işdən soyudur və elə hey danışır ki, filan yerdə vəziyyət bizimkindən də xarabdır, onlara baxanda yenə bizim işimizə şükür və s. Eləsi var, başını əyib öz işini görür. Eləsi də var ki, öz əlindən bir iş gəlmir, həmişə özgəni buyurur və heç vaxt da başqasının gördüyü işdən razı qalmır. O ki, qaldı sənə, insafnan, sən iş görənsən!

  • Sağ ol, səni! Sənin sözündən belə çıxır ki, mən üçüncü qrup şəxsiyyətlər sırasına daxiləm.

  • Bəli. Elə mən də sənin kimiyəm!

  • Hə də... Dayıoğlu bibioğluna tən gərək!

Hər ikisi – ata və Şahid dayı güldülər. Tərxan heç nə başa düşməsə də onlara qoşulub, yalnız gülümsədi.

İclas başlanana qədər zalın demək olar ki, yarısı dolmuşdu. İzzət müəllim də gəldi. Hamıdan əvvəl Tərxanla görüşdü. Onun kefini soruşduqdan

sonra ata ilə və sonra da Şahid dayıyla görüşdü. Ataya dedi:


  • Yığıncağı başlamaq lazımdır!

  • Başlayaq! – deyə ata ayağa qalxdı və qabaqdakı masanın arxasına keçib üzünü zala tutdu və dedi:

  • Hörmətli xanımlar və bəylər! İcazə verin “Naməlum ucan obyektlər” ilə məşğul olan qrupumuzun birinci yığıncağını açıq elan edək! Bu gün sizinlə bir neçə maraqlı hadisə barəsində mübahisələrimiz olacaq, fikir mübadiləsi keçirəcəyik. Əgər icazə versəydiniz birinci söhbəti elə mən özüm başlayardım!

Yerdən “Buyur! Başla” səsləri eşidildi.

Ata :


  • Bu başdan deyim ki, gedişatında iştirak etdiyimə görə, danışacağım hadisələrin həqiqiliyinə şəxsən mənim heç bir şübhəm yoxdur. Hadisələr belə başladı...

Zala sükut çökmüşdü. Hamı diqqətlə ataya qulaq asırdı. Ata da Tərxanın başına gələnlərdən, ən çoxu da Yettinin “kimliyindən” sonra da Tərxanın Yetti ilə səyahətindən danışdı. Onun çıxışı haradasa 40 dəqiqəyə yaxın çəkdi. Axırda zala müraciət eydi ki, kimin sualı varsa, cavab verməyə hazırdır. Orta sıraların birində cavan bir əməkdaş bildirdi ki, taxıl zəmilərinin üzərində olan işarələr haqqında onun müəyyən məlumatları var. Əgər Tərxan doğurdan da o işarələri görübsə, qoy onun bir neçə sualına cavab versin.

İzzət müəllim məsələnin bu cür qoyulmasına etiraz etdi:



  • Bizim heç kimi sorğu-suala tutmaq fikrimiz yoxdur. Yaxşı olar ki, hər kəs danışılanlar haqqında öz fikrini bildirsin!

Həmin əməkdaş öz yerindən durub qabağa gəldi və xitabət kürsüsünün arxasına keçib, danışmağa başladı. O dedi ki, müxtəlif xarici mətbuatda yazılır ki, taxıl sahələrində sünbüllərin yatırılması yolu ilə qeyri-müəyyən qüvvələr tərəfindən sirli dairələr çəkilir. Maraqlısı odur ki, bu hadisələrin bir çox illər təkrar olunmasına baxmayaraq, alimlər heç nəyi izah edə bilmirlər. Əməkdaş axırda dedi:

  • Çox güman ki, elmin bu sahədəki gücsüzlüyü bir çox irrasional izahatlara gətirir. Tərxanın da “Yetti” hadisəsi belə irrasional düşüncədən irəli gəlib...

Ata ona sual verdi ki:

  • Bəs taxıl zəmilərində, qum və qar üstündə qeyri-müəyyən qüvvə tərəfindən çəkilmiş fiqurların təbiəti, yaranma şəraiti və s. haqqında sizin özünüzün bir fikriniz varmı?

Çıxış edən əməkdaş bildirdi:

  • Mənim də bu hadisənin yaranması səbəbləri haqqında heç bir konkret fikrim yoxdur.

Ata:

  • Bizim də məqsədimiz odur ki, belə hadisələrin baş verməsi səbəbləri haqqında rəylərimizi bildirək və bu zaman unutmayaq ki, o yazıları yazan “kəslər” bizi çox ağıllı varlıq hesab edirlər. Elə güman edirlər ki, biz də bir şey başa düşürük! – dedi.

Əməkdaş etiraz etmək istəyirdi ki, İzzət müəllim yenə mübahisəyə qarışdı. O, çıxış edənə, o cümlədən, zala müraciətlə bildirdi:

  • Ay yoldaşlar! Burada hər kəs öz rəyini bildirir. Xahiş edirəm heç kim, o birinin sözünü kəsməsin! İmkan verin hər bir məlumatı olan şəxs öz düşündüyünü desin!

Əməkdaş davam etdi:

  • Buğda, çəltik zəmilərində, qum və qar üzərində müəmmalı dairələrin yazılması haqqında dünyanın 30-a yaxın ölkəsindən məlumatlar alınır. Hələ orta əsrlərdə belə xəbərlər olub. Birinci yazılı məlumat 1678-ci ilə təsadüf edib. Amma son zamanlar belə faktların sayı çoxalıb. Bunların hamısı bir yana! İndi məndən əvvəl danışan mühazirəçinin qeyd etdiyi Cənubi İngiltərənin Uiltşir adlanan üç qraflığının adını çəkdi ki, Tərxan orada olub. O məsələ mənə çox qaranlıqdır! Yəni Tərxanın orada olmasını “sübut edən” faktlar haqqında mətbuat təkcə 1988-ci ildə 100-ə, 1989-cu ildə isə 250-300-ə yaxın məlumat verib.

Deyəsən cavan oğlan sözünü qürtarıb yerinə qayıtmaq istəyirdi. Ata ondan xahiş etdi ki, mümkünsə davam etsin. Faktlar çox qiymətlidir.

  • Siz hansı məlumatla maraqlanırsınızsa onu deyin! – deyə o ataya müraciət etdi.

Ata:

  • Sizin geniş məlumata malik olmağınız məni süvindirdi. Hüseyn bəy, zəhmət olmasa, deyin görüm bu məlumatları haradan götürmüsünüz?

  • Mən hələ tələbə ikən oxumuşdum ki, o dairələrin yaranma səbəblərinin izah oluna bilməməsi alimləri də çıxılmaz vəziyyətdə qoyub. Bu məsələ məni çox maraqlandırdı və başladım rast gəldiyim məlumatları toplamağa...

  • Tərxanın dediyinə görə, Yetti ona deyib ki, gecə yarısı dairələr elə çox qısa müddətdə - təqribən 10-15 saniyə ərzində “qurulur” ki, o prosesi heç bir insan görə bilmir, - qeyə ata ayağa qalxdı və üzünü zala çevirib davam etdi: - Tərxanın dediyinə görə o dairələrin diametri təqribən 100 m-dək olur. Bir çox dairələr də bir neçə nazik həlqələr ilə əhatə olunur. Ən maraqlısı odur ki, nazik həlqələrdəki sünbüllərin yatma istiqaməti mərkəz dairəsindəki sünbül yatımının əksinə olur...

Tərxanın yadına düşdü ki... O, yerindən qalxıb inamlı səslə atasının dediklərinə əlavə etdi:

  • Müəyyən dairələr də kiçik peyklər ilə müşayiət olunur!

Tərxanın belə “peyk”, “müşayiət olunur” sözləri İzzət müəllimi heyrətləndirmişdi. O, Tərxanın qolundan tutub yerində oturtdu və qulağına dedi:

  • Sən belə “peyk”, “müşayiət olunur” sözlərini haradan tapıb dedin?

  • Yetti deyib! – deyə Tərxan cavab verdi.

  • Yetti?!

  • Bəli.

  • Nə vaxt deyib?

  • Onda! – dedi.

  • Tərxan! Sən əvvəlcədən çıxışa hazırlaşmısan?!

  • Bəli, - deyə Tərxan könülsüz və əvvəlki danışığı ilə uyuşmayan cavab verdi.

İzzət müəllim daha heç nə demədi.

Yerdən təklif olundu ki, qoy Tərxan özü danışsın.

Ata Tərxan dedi:


  • Danışmaq istəyirsən?

  • Nə danışım?

  • İngiltərədə buğda biçənəklərində gördüyün fiqurlardan.

Tərxan inamla cavab verdi ki, danışa bilər. Ata da yığıncaq iştirakçılarına bildirdi ki, Tərxana söz verilir, o danışacaq. Tərxan da durub, qabağındakı masanın arxasına keçdi və danışığa başladı:

  • Uiltşirdə mən gördüm ki, bir-biri ilə əlaqəsi olan doqquz dairə çəkilib və bu fiqur elə bil budaqlanıb. Həmin fiqurlar bir növ qapı açarlarına oxşayırdı...

Yerdən sual verdilər.

  • Sən onları necə və nə vaxt görmüsən? Həm də, axı indi taxıl biçilmiş olar!

  • Gecə! Yuxuda görmüşəm!

Ata və Tərxandan başqa demək olar ki, zaldakıların hamısı güldü. Tərxan çox pərt halda qayıdıb yerində oturdu.

İzzət müəllim ona dedi:



  • Sənə nə oldu? Danışsana!

Tərxan heç nə demədi. İzzət müəllim söz alıb:

  • Siz uşağı nahaq pis vəziyyətdə qoyursunuz! – dedi. – O sizə Pəri nənənin nağıllarını danışsaydı belə, gərək ona qulaq asaydınız!

Yerdən “danışsın”, “danışsın” dedilər. İzzət müəllim Tərxana baxdı. Tərxan başı ilə “yox” işarəsi verdi.

İzzət müəllim davam etdi:



  • O ki, qaldı Tərxanın dairələri görməsi, onun nə vaxt və necə görməsi, bizim qrupu elə bir fenomeni öyrənmək marağından azad etmir. Tərxandan soruşun ki, nə görüb?! Mənim özümün həmin fenomen haqqında bir neçə məlumatın var. Belə ki, tarlalarda meydana çıxan o fiqurların yaranması hadisəsi cin-şeytan əməlləri və ya kosmosdan gələnlərin işləri kimi də qiymətləndirilir. Bir çox adamlar da hesab edirlər ki, bu işi bitkinin kökündə -torpaqda olan göbələklərin fəaliyyəti, bir çoxu da vertolyot vintinin küləyi nəticəsində yarandığını iddia edirlər. Hələ belə bir fikir də var ki, deyirlər: “eyni zamanda sünbüldən atılan milyonlarla dən fırlana-fırlana uçaraq bu hadisəni yaradır”. Biz də bu gün öz fikrimizi bildirməliyik. Tərxan o işdə bizə kömək etməli idi. Amma...

Bayaq çıxış edən cavan oğlan İzzət müəllimin fikrini davam etdirdi:

  • 10 ilə yaxın həmin məsələləri öyrənən fizik Terens Miden Oksford konfransında deyib ki, bu hadisəni isti yay gecələrində soyuq hava ilə isti hava təbəqəsi arasındakı qarşılıqlı əlaqə sayəsində yaranan və yuxarıya doğru istiqamətlənən hava şırnağı əmələ gətirir.

  • Bu ümumi söz oldu! “Necə yaranır?! sualı aydınlaşmadı! – deyə Şahid dayı başını yellədi.

Məruzəçi davam etdi:

  • Bu şırnaq və ya sütunun ətrafında olan isti və soyuq hava seli sütunu böyük sürətlə fırlanmağa məcbur edir və nəticədə burulğan aşağı enərək sünbülləri əyir. Miden hesab edir ki, müəyyən mürəkkəb fiqurların da əmələ gəlməsi bir hava sütununun bir neçəsinə ayrılması nəticəsində meydana çıxır. Sünbüllərin müxtəlif istiqamətlərdə yatması da yeni əmələ gəlmiş burulğanlı hava sütunlarının müxtəlif istiqamətlərdə fırlanmasıdır ki, bunun da səbəbləri fizikanın xüsusi bölmələrində izah olunur...

Tərxan yerindən dedi:

  • Yetti dedi ki, bütün bu dairələrin yaranması səbəbləri örtüyünün altında bizə naməlum olan qüvvələr gizlənir. O mənə deyib ki, Midenin həmkarı olan qasırğa və fırtına tədqiqatları təşkilatının üzvü Derek Elsom həqiqətə daha yaxın idi. Bundan başqa müəmmalı dairələrin yaranmasında yerdənkənar sivilin rolu olması hadqa Uinqfild deyib ki, “əsas səbəbkar təbiətdən kənardadır!”.

Ata əmin oldu ki, Yetti hələ heç yerə getməyib. Tərxanın belə cavab verə bilməsi Yettisiz mümkün deyil. O:

  • Kimin sualı var? – deyə zala müraciət etdi.

  • Mənim sualım yox, müəyyən mülahizələrinm var! – deyə Vaqif müəllim orta sıralardan birindən durub, irəli gəldi. Xitabət kürsüsünün arxasına keçib dedi:

  • Sağ ol, Tərxan! Yettiyə də mən öz minnətdarlığımı bildirirəm! Bu gün, bu yığıncaqda mənə belə bir həqiqət aydın oldu ki, niyə bizim xalqımızın, ümumiyyətlə, dünya xalqlarının folkloqu belə divli, əjdahalı, təpəgözlü nağıllarla zəngindir?! Bizim ulu babalarımız – Məlikməmmədlər o divlərlə, atlantlarla mübarizə ediblər. Onlar divlərin canı olan şüşələri, göyərçin, yumurta və s. adlandırdıqları bilgisayar mərkəzi tapıb, zülm qüvvələrini məhv ediblər. Sahiblərinin qadağalarına baxmayaraq, atlantlar insanlarla əlaqəyə girmiş, onları yemiş, yaxşı məhsullarını - qızıl almanı oğurlamış və qəşəng qızlarını qaçırıb dustaq etmişlər... İndi söylənənlər bizi vadar edir ki, ulu nağıllarımıza bir də nəzər salaq.

Zala dərin sükut çökmüşdü. Hamı gözləyirdi ki, görəsən Vaqif müəllim sonra nə deyəcək?!

O bir anlığa susdu və sonra üzünü yığıncaq iştirakçılarına tutub dedi:



  • Kosmopaleokontakt söz birləşməsi indi bu formaya düşüb. Yəqin ki, Nəsiminin dövründə də belə bir elm sahəsi olsaydı, o kişiyə Fəzlullah mövhumu izah etmək daha asan olardı. Hər dövrün öz təpəzisi, öz daşı, öz ölçüsü, öz meyarı olub. Siz Kopernikdən, Cordano Burunodan danışanda Nəsrəddin Tusidən, Şeyx Fəzlullah Nəimidən, Həllac Mənsurdan, Fəridəddin Əttardan, Cəmaləddin Rumidən, Şeyx Mahmud Şəbüstəridən, İmadəddin Nəsimidən də danışın. Onlar deyirlər ki, insan öz varlığında olan ilahi ünsürü əxlaqi-mənəvi təkamül yolu ilə inkişaf etdirir və Allah dərəcəsinə yüksəlir. Burada fikir ateist təbliğatının dediyi kimi başa düşülməməlidir. Baxın! Onlar Allah yox, Fəzlullah deyirlər. Deyirlər ki, Fəzlullah Allahın timsalı, onun naibi və əvəzidir. Siz burada belə bir söz işlətdiniz. Səhv etmirəmsə, dediniz ki, kainat insana görə qurulub. Kainat nə qədər geniş, yeknəsək olsa da, o insanı narahat etmir. Yer kürəsinə maqnit sahəsi, ozon qatı verilib ki, orada yaşayan insan müdafiə olunsun. Bütün bunlar o deməkdir ki, insan Yerdə təsadüfən yaşamır...

Yerdən kimsə:

  • Əlbəttə, - dedi. – Qurani-Kərimdə də elə yazılıb!

Vaqif müəllim yenə susdu. Zala dərin sükut çökmüşdü. Hamı gözləyirdi ki, görəsən Vaqif müəllim nə deyəcək?! Amma o, daha heç nə demədi və qayıdıb, oturduğu yerinə getdi.

Nərgiz xanım çıxış etmək üçün irəli gəlib masanın arxasındakı stulda, üzü zala döğru oturdu və dedi:



  • Məni bağışlayın ki, oturduğum yerdə danışacağam. Bu günkü söhbətdən belə məlum olur ki, Yetti öz təklifi ilə Yer adamlarına demək istəyir ki, onlar, yəni biz, “inşa” olunmuşuq. Eləmi?

  • Bəli, - deyə Tərxan heç kimi gözləmədən cavab verdi.

Nərgiz xanım ona tərəf çevrildi və dedi:

  • Tərxan! Belə bir fikri ortaya atmağınız və öz fikrinizin doğruluğunu isbat etmək səyiniz mənim xoşuma gəlir. Amma mən də yığıncaq iştirakçılarına öz fikrimi bildirirəm ki, biz əvvəlcə insanın “inşa” olunub-olunmamasından yox, doğurdanmı Yer planetinə kənar sivil “təşrif buyurur?” kimi klassik suala cavab axtarmalıyıq.

Yerdən Nərgiz xanımın təklifini müdafiə etdilər. Ata da razılaşdı və Nərgiz xanıma dedi ki, öz iradı və təklifi varsa buyursun. Nərgiz xanım təşəkker edib, əlində gətirdiyi qovluğu açıb, oradan bir qəzet vərəqi çıxartdı:

  • Dünən eşidəndə ki, UNO ilə məşğul olan qrupun yığıncağı keçiriləcək, mən də bu məlumatı götürdüm ki, lazım olar. Burada “Nyu-York Tayms” qəzetində çap olunmuş məqalənin tərcüməsi verilib. “Ayda skelet” adlanır. Əgər etirazınız yoxdursa, onu sizin üçün oxuyardım.

Zalda “Buyurun”, “Oxuyun” səsləri eşidildi. Nərgiz xanım oxumağa başladı:

  • Çinin aparıcı astrofiziklərindən doktor Mao Kan belə bir sensasiyalı məlumatla çıxış etmişdir. Bu o adamdır ki, 1988-ci ilin qışında Pekində keçirilmiş mətbuat konfransında jurnalistlərə Ay səthində yalın insan ayağı izinin fotoşəklini təqdim etmişdi.

Alim iddia etmişdir ki, bu şəkilləri “ABŞ-dakı etibarlı mənbədən” almışdır. İnsan skeletinin şəkli elə həmin mənbədən alınmış Fotoşəkil və sənədlərin ikinci qismində idi.

Doktor Mao Kan bunları söyləmişdir: “Amerikalılar qlobal, ola da bilsin cinayət xarakterli sirrin üstünü açımışlar. Onlar Ayda insanın ayağının izlərini ictimaiyyətdən 20 il ərzində, insan skeletinin şəklini isə daha çox müddətdir gizlədirlər. Ayda tapılanlar sarsıdıcı amillərdir”.

Bəyanat ABŞ-ın kosmik və kəşfiyyat xidmətləri ekspertlərini şok vəziyyətinə salmışdır. Onlardan biri qırsaqqız reportyorlar tərəfindən Vaşinqton restoranlarından birində mühasirəyə alındıqdan sonra, hətta gizlənməyə başlamışdır. Ay səthində yalın insan ayağı izlərini və skeletin NASA tərəfindən çəkilmiş 1000-dən artıq fotoşəklinin surətinin Çin aliminin əlinə düşməsi barədə məlumat yayıldıqdan sonra ABŞ-ın digər mənbələri də həmin hadisəni şərh etməkdən imtina etmişlər.

Daha müəmmalı cəhət budur ki, şəkildə skeleti təsvir olunmuş adam nə zamansa cins geyinirmiş. Sümüklərinin düzümünə görə həmin adamın bədəninin bəzi hissələri çatışmır, ölümü isə zorakılıqla olmuşdur. Habelə tamamilə mümkündür ki, skelet Aya həmin adamın ölümündən xeyli sonra gətirilmişdir. Ayın havasız səthində bədənin toxumaları və sümüklərin çürüməsi qeyri-mümkün olardı və cəsəd skeletə çevrilməzdi.

“Məndə onu sübut edən məktublar və sənədlər var ki, Ay səthindəki insan izləri təzədir və skelet şübhəsiz adama məxsusdur. İnsan izi və insan skeletinin hansı yolla Aya gedib çıxmasına gəldikdə isə, bu, ola bilsin, yerdənkənar canlı varlıqların işi kimi izah edilə bilər, lakin əgər amerikalılar onlarda olan bütün məxfi informasiyaları ictimaiyyətə açıqlamasalar, yəqin ki, biz bunu heç vaxt öyrənə bilməyəcəyik”, - deyə doktor Kan söyləmişdir.

Doktor Kanın təqdim etdiyi sənədlər “tamamilə məxfidir” qrifi altındadır və üstündə 3 avqust 1969-cu il tarixi vardır. Bu o deməkdir ki, onlar “astronavtlar – Neyl Armstronq və Baz Oldrin, ayaqlarında çəkmə 1969-ci il iyul ayının 20-də Ay səthində ilk addımlarını atdıqdan iki həftə sonra hazırlanmışdır. Sənədlərin surətində iri tikələr yoxdur. Lakin mətndən Amerika ekspertlərinin belə bir nəticəyə gəldikləri aydın olur ki, yerdənkənar sivilin həm ayaq izlərinə, həm də skeletə dəxli vardır.

ABŞ hökumətindən cavab almaq üçün göstərilən çoxlu səylər nəticəsiz qalmışdır.

Nərgiz xanım məqaləni oxuyub qurtarmışdı. Lakin yığıncaq iştirakçıları məqalənin sehrindən çıxmamışdılar. Sükutu ata pozdu:



  • Nərgiz xanım! Məqalə haqqında sizin öz rəyinizi bilmək istəyirik.

  • Bu məqaləni sizin qrupa kömək üçün oxudum. Hadisənin həqiqətlə bağlı olub-olmaması barəsində mənim öz fikrimi bilmək istəyirsinizsə, deyə bilərəm ki, mən belə sensasiyalı məqalələrə o qədər də inanmıram.

  • Mənim də ayaq izləri barəsində bir neçə sözüm var, - deyə Şahid müəllim əlini qaldırdı.

  • Buyurun! – deyə Nərgiz xanım masanın arxasından durub, zala – öz yerinə keçdi.

Şahid müəllim qabağa gəlib, yazı taxtasının önündə dayandı. Əlindəki jurnaldan kəsilmiş şəkli yuxarı qaldırıb, zala göstərdi və dedi:

  • Bu şəkil məni məcbur edib ki, bu gün sizin yığıncağınızda iştirak edim. Bu foto-şəkildə təqribən 3,6 milyon il bundan əvvəl yerimiş məxluqun vulkan külü üzərindəki izləri çəkilmişduir. Mən özüm də insanın kosmosdan gələnlərlə qohum olduqları fikrini müdafiə etmirdim. Amma bu şəklə baxanda, əvvəlcə mənə elə gəldi ki, bir neçə gün bundan əvvəl palçıqlı yolla hərəkət edən iki adamın izləridir. Məqaləni oxuyanda heyrətə gəldim ki, izlərin 3,6 milyon yaşı var.

  • Burada sizi heyrətləndirən izlərin yaşıdırsa, - deyə İzzət müəllim yerindən qalxıb qabağa keçdi və şəkli alıb baxdı, sonra gözlüyünü taxıb bir daha diqqətlə baxıb davam etdi, - əgər sizi izlərin yaşı maraqlandırırsa, bunlar 3,6 milyon il əvvəl yaşamış Afarların ayaq izləri ola bilər. Məncə burada elə bir anlaşılmaz şey yoxdur!

  • Anlaşılmaz odur ki, Şərqi Afrikanın Serenketi platosunun Letolil (uroçişe) düzündə aparılan tədqiqat işləri zamanı tovuz quşunun, dovşan və fillərin əcdadlarının və s. izləri tapılıb. Amma ya insanın, ya da onun əcdadlarının heç bir qalığını tapmayıblar! Maraqlı deyilmi? Bundan başqa ayaq izlərinə görə müəyyən edilib ki, bunlardan birinin boyu 140 sm, o birininki isə 120 sm olub, ayaq üstə sərbəst hərəkət etmək qabiliyyətinə görə indiki insanlardan geri qalmayıblar. Yəni elə bil biz yerimişik...

  • İndi sizin öz rəyiniz necədir? – deyə ata Şahid müəllimə sual verdi.

  • Mənə elə gəlir ki, indi Nərgiz xanımın oxuduğu məqalə haqqında yazılmış olan Aydakı ayaq izləri ilə Letolildəki ayaq izləri arasında oxşarlıq var.

Ata:

  • Demək istəyirsən ki...

  • Bəli! Demək istəyirəm ki, o vaxt Letolildə də və indi Ayda da “gəzənlər” başqa planetlərin sakinləridir!

  • Belə olan halda, - deyə İzzət müəllim yenə ayağa qalxdı.

  • Aydakı ayaq izlərinin də yaşı 3,6 milyon ildən az olmaz. Çünki əgər orada iz varsa, havanın, küləyin, yağışın və s. olmadığından, düşən izlər uzun müddət qala bilər.

  • İzzət müəllimin izahından belə məlum olur ki, o da artıq bizim tərəfimizə keçib, - deyə Şahid müəllim İzzət müəllimə baxdı və əlavə etdi: - Bu şəkli sizin qrupun muzeyinə verirəm!

  • Çox sağ ol!- deyə ata ona minnətdarlıq etdi və Şahid müəllim yerinə qayıdandan sonra sözünə davam etdi: Yettinin dediyinə görə insan “inşa” edilərkən onların xarici mühitin təsirinə uyuşa bilməsi məsələsi də nəzərə alınıb. Hər bir mühitin özünə uyğun olaraq dərinin rəngi, saçının, gözün forması və s. düzəldilib. Ancaq bütün insanlar üçün əsas əlamətlər olan fəqərə sütunu oynaqların sayı, beyin şırımlarının və boğaz borusunun quruluşu eyni saxlanılıb. Yəni kosmosdan gətirilmiş modelə idintik qurulub.

Yer planetində yaşayan, xarici görünüşcə müxtəlif növ insanların – irqlərin bir-birindən fərqli daxili deyil – zahiridir...

Nərgiz xanım yerindən:



  • Sizin dediklərinizi fransız antropotoloqu və anatomu Anri Valua insanları, onlara xas olan əlmətlərinə görə, iki qrupa ayırarkən söyləyib, -dedi.

  • Yettinin sözünə görə, onlar Yer palneti haqqında, insanlar və onların cəmiyyətlərinin inkişafı haqqındakı bilikləri elə insanların özlərindən öyrənirlər. Onun Yerə gəlişinin də məqsədi budur. O ki qaldı irqlərin yaranması, mənim fikrimcə, irqlərin yaranmasında yerdənkənar sivilin təsiri var.

Yerdən soruşdular:

  • Bəs etnosların əmələ gəlməsi ilə onların əlaqəsi varmı?

  • Gəlin Vaqif müəllimdən xahiş edək etnos haqqında bizə məlumat versin. Sonra yada salaq, görək Yetti etnos haqqında bir şey deyib, ya yox?

Ata Vaqif müəllimə müraciətlə:

  • Etiraz etmirsiniz?- dedi.

Vaqif müəllim durub irəliyə gəldi və xitabət kersüsünə keçdi.

  • Burada ki, söhbət etnosdan düşdü, mən sizə böyük tarixçi Lev Nikolayeviç Qumilyev haqqında məlumat verməliyəm. Çünki onun ömrünün son illərində formalaşdırdığı etnogeniz haqqında nəzəriyyəsi Qumilyevə dünya şöhrəti və milyonlarla oxucu məhəbbəti qazandırıb.

Lev Qumilyev XX əsrin iki qüdrətli şairi Nikolay Qumilyevin və Anna Axmatovanın oğludur. Nikolay Qumilyevin özünün yazdığı kimi, əcdadları hundur, Anna Axmatovanın da türk-tatar mənşəli olması məlumdur. Bunun nəticəsində də Lev Nikolayeviç hədsiz təqib və sürgünlərə baxmayaraq, özünü kommunist rejiminin xoşlamadığı bir elmə - türkologiyaya həsr etmişdir. O bu cəhətdən də valideynlərinin taleyini təkrar etmişdir. Məlumdur ki, atası antibolşevik kimi güllələnmiş, anası isə ömrü boyu təqib olunmuşdur. Lev Nikilayeviç də qırx il sürgün işgəncəsi çəkmişdir.

Məlumdur ki, etnosların – millət və xalqların əmələ gəlməsi, formalaşması, inkişafı və ölümü faktdır. Qədim dünyanın əksər xalqları – konkret desək, 5 min il bundan əvvəl mövcud olmuş bütün xalqlar yer üzündən silinmişdir. Bəzilərinin hətta adları da qalmayıb. Bu proses – yəni xalqların yaranışı və ölümünün baş verməsi səbəbin nədən ibarət olması əsrlər boyu alim və tarixçiləri düşündürmüşdür. Nəhayət, etnos yaranışına qida verən, ölümünə səbəb olan mexanizm Lev Qumilyev tərəfindən açıqlanmışdır. O, bazisində yeni elmi mülahizələr dayanan nəzəriyyəni – “rasionarlıq” nəzəriyyəsini vermişdir. Etnosun, yəni millət və xalqların yaranması, təşəkkülü və tənəzzülü haqqında məlumat almaq istəyən hər kəs Lev Qumilyevin aydın, parlaq, obrazlı dili, fantastik erudisiyası, qədim və yeni dillərə, qaynaqlara bələdliyi və nəhayət, gözəl, ehtiraslı forma və üslub ilə işlədiyi “Hunlar”, “Hunlar Çində”, “İtmiş çarlığın sorağında”, “Qədim türklər” kimi kitablarına müraciət edə bilərlər.



Vaqif müəllim dayandı. Yığıncaq iştirakçıları sakitcə ona qulaq asırdılar. Tərxana da elə gəlirdi ki, natiq hələ nə isə deyəcək...

  • Mən bu qədər! –deyə Vaqif müəllim yerinə qayıtmaq istəyəndə ata dedi:

  • Vaqif müəllim! Lev Nikolayeviç Qumilyevin haqqında verdiyiniz çox qiymətli məlumatlara görə sizə minnətdarlığımızı bildiririk. Amma hələ bizə məlum olmadı ki, irq ilə etnos arasındakı fərqi necə izah edək?! Sadəcə Yettinin - daha doğrusu, Yerdənkənar sivilin irqəmi, yoxsa etnosamı təsiri daha çox olar?

  • Mən bir onu deyə bilərəm ki, Lev Qumilyev passionarlığın mahiyyətini aydınlaşdıran zaman məşhur biokimyaçı alim, akademik Vernadskinin biosferin təbiətinə aid nəzəriyyəsinə əsaslanıb. Yerdənkənar sivil ilə əlaqə haqqında şəxsən mənim heç bir məlumatın yoxdur.

  • Daha heç nə demək istəmirsiniz? – deyə ata elə bil imtahana çəkirmiş kimi Vaqif müəllimi danışdırmaq istəyirdi.

  • Sual verin! Gücüm çatan kimi cavab verim!

  • Siz etnos haqqında fikirlərinizi yekinlaşdırmadınız... – deyə Nərgiz xanım Vaqif müəllimə müraciət etdi. – Bizim üçün çox maraqlıdır!..

  • Qumilyov deyir ki, - deyə Vaqif müəllim davam etdi – hər etnosun öz daxili, bənzərsiz strukturu, ritmi, vərdiş və adətləri var. İcazə verin Qumilyevin fiirlərini qısa da olsa çox gözəl şərh etmiş Əlisa Nicata müraciət edək. Əlisa Nicat Qumilyevin dilindən yazır ki, etnoslararası strukturlar o deməkdir ki, orada individiumla kollektiv və individiumla individium arasında ciddi, müəyyən olunmuş münasibətlərin ölçüləri və normativləri var. Bu ölçülər bütün zamanlarda və dövrlərdə yeganə məqbul birgəyaşayış vasitəsi və etalonudur...

  • Bu etalonu kim verib?! – deyə ata Vaqif müəllimin sözünü kəsərək yerindən qalxdı və zala müraciətlə:

  • Onlar! – dedi və barmağı ilə yuxarını göstərdi.

  • Sən lap hövsələsiz olmusan! – deyə Şahid müəllim atanın qolundan tutub yerində oturtdu. – Qoy görək kişi nə deyir?!

  • Həmin norma və ölçülərin təsiri istinasız olaraq hamı üçün hissolunmaz və əziyyətsizdir. Bu ölçülər – “ənənə” adlanır və onlarsız heç bir etnos mövcud ola bilməz. Olsa, qonşular içində tezliklə əriyib gedər. Qumilyevə görə, hər etnosun həyatında üç faza mövcuddur: formalaşma, inkişaf və nəhayıt relikt (yəni bir vəziyyətdə donuq və təcrid olmaq) və ya süqut fazaları. İndiyə qədər mövcud olmuş bütün etnoslar – şumerlər, misirlilər, hetlər, etrusklar, qədim romalılar, bizanslılar, hunlar və göy türklər bu üç fazanı keçmişlər.

Vaqif müəllim yenə dayandı. Nərgiz xanımın sualları isə qurtarmırdı:

  • Sizcə etnosun süqutunu Lev Qumilyev necə izah edib?

  • Bu lap imtahan oldu ki! – deyə ata öz etirazını bildirdi.

  • Narahat olmayın, - deyə Vaqif müəllim atanı sakitləşdirdi və sualla cavab verdi:

  • Etnosun süqutu və ya qürubu iki cür olur, ya etnos dəyişib parçalanır və içindən yeni etnos əmələ gəlir, ya da qonşular və ya işğalçılar içində əriyib gedir (bəzən də məhv edilir). Bəs yeni etnos necə yaranır? Bu suala da Lev Qumilyev belə cavab verir ki, - deyə Vaqif müəllim özü sual verib, özü də cavab verdi. – Etnosun içində bir dəstə adam qarşısı alınmaz, çalğın və məqsədyönlü fəaliyyətə başlayır və bu fəaliyyət çox vaxt onların özlərinin həyatları hesabına başa gəlir. Bu, əlbəttə, özünüqoruma instinktinə uyğun gəlmir, daha doğrusu, daxili impuls həmin instinktə uyğun gəlir. Bu impulsu Qumilyev “Passionallıq” adlandırır...

Artıq Tərxan üçün maraqsız keçirdi. O Vaqif müəllimə qulaq asa bilmir və əsnəməyə başlamışdı. Bu hal İzzət müəllimin gözündən qaçmadı. Qalxıb atanın yanına getdi, əyilib qulağına nə isə pıçıldadı və gəlib Tərxanın qolundan tutub:

  • Tərxan, dur düşək həyətə! – dedi.

Tərxan heç nə demədən İzzət müəllim ilə həyətə düşdü. Nə qədər gözlədisə, Yettinin sakit, inandırıcı səsi qulaqlarında eşidilmədi. Tərxan Yettinin yoxluğuna inana bilmirdi. İzzət müəllim isə ona bağdakı ağacları göstərir və adlarını soruşur, deyəsən darıxmasın deyə onun başını qarışdırmaq istəyirdi. Tərxan sanki onun eşitmir, yığıncağın tez qurtarmasını və tezliklə evə qayıtmasını arzulayırdı.

SON


ÇOXDAN TANIDIĞIM FİZİK

Mən onu 70-ci illərdən – Moskva, İ.V. Kurçatov adına Atom Enerjisi İnstitutunda diplom işi üzərində çalışdığı illərdən tanıyıram. Lap elə o vaxtlardan şirin ləhcəsi, baməzə söhbətləri ilə könül oxşayan Yusif Şükürlü fizikdən daha çox nasir təsiri bağışlayırdı və mən dəfələrlə bunu ona xatırlatmışdım.

Çox şükür ki, zaman mənim müşahidələrimi doğrultdu. M.Ə.Rəsulzadə adına BDU-nun Şəki filialının dosenti, Şəki REM-in “Biofizika” laboratoriyasının rəhbəri Yusif Şükürlü “Yetti” adlı elmi-fantastik bir əsər yazdı. Bu povestdə onun elmi-fantastik fikirləri məhz ədəbi düşüncə tərzi ilə öz ifadəsini tapdı. Bunun yeganə səbəbi ondan ibarətdir ki, bədii təfəkkür həmişə elmi təfəkkürdən qabağa gedir.

Yer planeti, onun qalaktikamızda yeri, digər qalaktikalarla əlaqəsi problemi fizikin nasiranə baxışından doğulan “Yetti” povestində elmi-bədii şəkildə qoyulur. Fikrin, xəyalın sürəti iti, təsəvvürün meydanı geniş olduğundan, çox təbii ki, bir çox elmi düşüncələr bədii dilin gücü ilə deyilə bilər.

Yer üzərində mövcud olan sivilizasiyanın öz-özünə yaranmadığını güman edən fizikə elə gəlir ki, haradasa daha yüksək sivilizasiyalar vardır və onlar zaman-zaman Yer sivilizasiyasına öz təsirini göstərir. Çünki müəllifə görə onlar öz səviyyəsi baxımından daha yüksəkdir və insanın ən yüksək sivilizasiyaların yaradıcıları ilə qohumluğu vardır. Yer üzərində yaşayan insanlar təklənməmişlər və atalar demişkən: - Dünya sınaq meydanıdır. Bu sınaq meydanına atılan insan cismi ilə torpağa, ruhu ilə göylərə bağlıdır.

Yusif Şükürlünün “Yetti” povesti elmi-fantastik janrda yazılmış bir əsərdir və bu mövzuya həsr edilmişdir. Hadisələr dialoqlar şəklində, təhkiyə üsulu ilə açılır. Burada hadisələrin dinamik açılışı bədii axarda deyil, informativ tərzdə öz ifadəsini tapır ki, bəlkə də bu problemin elmi şəkildə qoyulması ilə bağlıdır.

Hər halda, fantaziya elmin qanadlarıdır və gələcəkdə daha yüksəklərə uçmaq imkanı verir. Jül Vern, Aleksandr Belyayevin ədəbi xidmətlərinin elmə verdiyi töhfələr göz qabağındadır. Bugünkü Azərbaycan ədəbiyyatında fantastik janrın inkişafı xüsusi əhəmiyyət daşıyır, müstəqil bir dövlətin alimi və yazıçısı müstəqil düşünmək, yaratmaq imkanı əldə edir. Bu mənada “Yetti” əsəri müasirdir. Müəllif elm üçün mübahisəli olan bir çox problemləri fantaziya işığında göstərməyə çalışır ki, bu da gələcəkdə elm adamlarının nəzər-diqqətini cəlb edə bilər.

Alim mülahizəsi və nasir qələminin birgə ittifaqında, yəqin ki, sensasiya deyil, oxucuları düşündürən əsərlər meydana çıxacaq, müasir ədəbiyyatımızda yeni-yeni fantastik əsərlər yaranacaqdır.

Əlbəttə, fantastik əsərlərdə qarşıya qoyulmuş problemlərə birbaşa cavab vermək mümkün deyildir, lakin bu əsərlər həmişə oxucuların xəyalını qanadlandırır. Xəyalın qanadlanması isə gələcəyə uçuşdur.
Vaqif ASLAN (şair)

R E D A K T O R D A N

Başlanğıcı ilə sonu arasındakı kəskin təzada görə keçən əsrlərdən heç biri XX əsrlə müqayisə edilə bilməz

Yola saldığımız əsrin gətirdiyi elmi-texniki nailiyyətlərin bəlkə də ən inqilabisi “süni şüur” – kompüterdir. Təbiətin yaratdığı (təbiətinmi?) şüurlu məxluğun –homo sapiensin – mənşəyi dəqiqləşdirilməmiş “süni şüur” yaradılır.

Doğrudanmı insan meymundan əmələ gəlib, ilahi qüvvəmi yaradıb, yoxsa yerə kənardan gətirilib? İnsan yerə gətirilibsə, deməli Yerdənkənar sivil Yerə gəlib. Bir çox məşhur fantastların əsərlərinin sujeti olan bu problemə ilk dəfə M.M.Aqrest elmi nöqteyi-nəzərdən yanaşıb. Aqrestə görə, İncildə təsvir edilən bir sıra təəccüblü hadisələr bu təşrifin nəticəsidir. Karl Saqan isə Yerdənkənar sivilin təşrifinin sədasını şumerlərin eposunda axtarır.

Hal-hazırda Yer planetində insanın təşəkkül tapmasına dair müxtəlif fərziyyələr söylənilir. Bunlardan biri də kosmopoleokontakt nəzəriyyəsi tərəfdarlarının fikridir. Onlar təkid edirlər ki, insanın təşəkkül tapmasında əsas rolu daha yüksək elm və texnikaya malik olan Yerdənkənar sivil oynayıb. Müəllifin təqdim etdiyi povest də bu problemə həsr olunub və oxucu cəlbedici üslubda, asta-asta, səmimiyyətlə təəccüblənməyə dəvət edilir. Əsərin qəhrəmanları söhbəti yarı fantastik, yarı mümkün olan mülahizələrlə aparır, oxucuya “mən kiməm, necə yaranmışam?” suallarına cavab axtartdırır.

Müəllif sensasiya hay-küyünə uymur, faktları təmkinli, inandırıcı üslubda oxucuya çatdırır və hiss olunur ki, qədim çinlilərin “dostunu böyük intizarla gözləyirsənsə, öz ürəyinin döyüntüsünü onun atının ayaq səsləri kimi qəbul etmə” – məsələsindən xəbərdardır.

Demək olarmı ki, müəllif qarşıya qoyulmuş suallar sualına konkret cavab verir? Əlbəttə yox! Əslində müasir məlumatlar əsasında bu mümkün də deyil. lakin müəllif tərəfindən maraqlı və vacib addım atılıb. Bu problemə aid əksər modellər texniki, coğrafi və tarixi cəhətdən araşdırılaraq, başa düşülən tərzdə oxucuya çatdırılır. Bu kifayətdir ki, əsər geniş oxucu auditoriyasına məsləhət görülsün.


Bəhram BASQALLI
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə