ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə36/50
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73531
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

___________________Milli Kitabxana__________________
Yerə tapın, göyə bağlan
dağa-daşa vurul, gedək,
İçərini bulandırma,
çeşmə kimi durul, gedək.
Xəyanətə arxa çevir,
məhəbbətə vurul, gedək,
Sazdı, sözdü, şeriyyətdi,
bu yol Zəlimxan yoludur.
Almaniya, Berlin, 11 noyabr 2004,
GET
Burda durma, durmaq ölüm,
səfərlərə doğru get.
Ululara, ustadlara,
saf ərlərə doğru get.
Hər addımı qaranlıqdı,
çəkər səni zülmətə,
Gecələrə ümid olma,
səhərlərə doğru get.
Dilim, dinim, milliyətim
sənə dayaq olmasa,
Onda məndən üz əlini,
kafərlərə doğru get.
Almaniya, Bilefeld, 8 noyabr 2004
GÖRƏ BİLİRSƏNSƏ
Varlığa yox demə, yoxda varı gör,
Çeşmə var, çəmən var, gül var, çiçək var.
Görə bilirsənsə, gül ləçəyində
An var, nəğmə var, bal var, pətək var.


___________________Milli Kitabxana__________________
Bürünüb yaşıla, bələnib zərə,
Gözəllik gəlməsin gözə, nəzərə.
Bir dağ duruşunda min-bir mənzərə,
Zirvə var, dərə var, əl var, ətək var.
Nur kimi gözlərə doldu neməti,
Dünəndən sabaha yoldu neməti.
Ulu Yaradanın boldu neməti,
Səni yaşatmağa duz var, çörək var.
Taleyin nədirsə, alnına yazır,
Yuvadı yaradır, məzardı qazır.
Körpə gəlişinə hər şeyi hazır,
Beşik var, layla var, süd var, bələk var.
Oxu var, kamana mindirmək üçün,
Teli var, dil verib dindirmək üçün.
Allahı insana endirmək üçün,
Peyğəmbər yanına enən mələk var.
Alar bürkü səni, sərt ayaz səni,
Qışda qış oxşayar, yazda yaz səni.
Təbiət heç yerdə unutmaz səni,
Torpaq var, qəbir var, bel var, kürək var.
İnsanın həmişə işi iş olub,
Görən göz, ötən dil, yeyən diş olub.
Babamız adında bir keçmiş olub,
Nəvəmiz adında bir gələcək var.
Berlin, 13 noyabr 2004


___________________Milli Kitabxana__________________
MƏN ZAMANI ZAMANINDA
YAŞADIM
Mənim ömrüm təbiətin ömrüdü,
Damlasında, ümmanında yaşadım.
Zirvələrin çiskinində, çənində,
Yağışında, dumanında yaşadım.
Sular kimi hey töküldüm çarxa mən,
Boş gəlmədim otuza mən, qırxa mən.
Əlli yaşda oldum elə arxa mən,
Ümidində, gümanında yaşadım.
Dərd ürəkdə, əsrin yükü çiyində,
Ağrı başda, qasırğalar beyində.
Aha döndüm ürəklərin neyində,
Kədər oldum, kamanında yaşadım.
Ürəyində buz yaşamaq - faciə,
Yarasında duz yaşamaq - faciə.
Gec yaşamaq, tez yaşamaq - faciə,
Mən zamanı zamanında yaşadım.
10 fevral 2005
GÖLLƏR BƏXTƏVƏR OLUB
Yarımçıq nə verirsə, Allah verməsin mənə,
Verdiyi hər nə varsa, versin könül dolusu.
Çiçəyin ətri basıb, göllər bəxtəvər olub,
Şehə bax, dodaqlanıb sayrışır gül dolusu.
Duruluq nəğməsini damarda qan oxuyur,
Yerlə göy bir-birinə can deyib, can oxuyur.
Gözəllik yerə sığmır, göyə meydan oxuyur,
Zirvələr qar dolusu, ətəklər tül dolusu.


___________________Milli Kitabxana__________________
Dünyanın qaydasıdı lap belə dib dəhnədən,
Dünəndən bu gün doğur, təzə çıxır köhnədən.
Heç kəsin qismətini, Tanrım, kəsmə təknədən,
Qoy olsun təknə çörək, zəmi sünbül dolusu.
13 fevral 2005
YOXDU BU
DƏRDİN DƏRMANI
Buz içində dondurdular,
Od vurdular, yandırdılar.
Dönə-dönə sındırdılar,
Dəmir neyləsin, neyləsin?
Kim itirən, kimi tapan,
Yola gəlmir yoldan sapan.
Küt elədi kündə yapan,
Xəmir neyləsin, neyləsin?
Axan gözlərin yaşıdı,
Ağrı başların daşıdı.
Kababı çəkən naşıdı,
Kömür neyləsin, neyləsin?
Dağla düzün arasında,
Qaşla gözün arasında,
Birlə yüzün arasında,
Ömür neyləsin, neyləsin?
Yelə sovrulub xırmanı,
Yoxdu bu dərdin dərmanı.
Şah yüz də versin fərmanı,
Əmr neyləsin, neyləsin?
1 mart 2003


___________________Milli Kitabxana__________________
MƏLƏKLƏR BELƏ YAŞAYIR
Bir qızılgül bağçasıydı,
Ömrü gül kimi yaşadı.
İpək kimi incələndi,
Zərif tül kimi yaşadı.
Zili vardı, pəsi vardı,
Qəlbə yatan səsi vardı.
Həzin bir nəğməsi vardı,
Sazda tel ömrü yaşadı.
Baxış doğma, nəfəs tərdi,
Dodaq büllur, yanaq zərdi.
Baxsan, dibi görünərdi,
Duru göl kimi yaşadı.
Çiçəklər belə yaşayır,
Diləklər belə yaşayır,
Mələklər belə yaşayır,
Haqqa yol ömrü yaşadı.
7 fevral 2005
YALAN ŞEYDİR ƏBƏDİYYƏT
Bir tərəfi sel uçurur,
bir tərəfi yel dağıdır,
İnsanlığın üzü gülməz,
tufan adlı zülm varsa.
Yazda açan çiçəklərə
qəmli payız qənim olar,
Bağlar yüz də üzə gülsün,
solacaqdır gülüm varsa.


___________________Milli Kitabxana__________________
Hər aşın bir ağısı var,
hər canın bir yağısı var,
Qarğalardan nələr çəkib,
qan ağlar bülbülüm varsa.
Ölməzlik boş təsəllidir,
kimsə atıb ortalığa.
Yalan şeydir əbədiyyət,
insan üçün ölüm varsa...
ÖLÜM MƏNDƏN VAZ KEÇDİ
Zaman axdı aramsız,
Bahar gəldi, yaz keçdi.
Töküldü gözlərimdən
Kür gəldi, Araz keçdi.
İli uzun, ayı bol,
Göz yaşımın çayı bol.
Yaman günün sayı bol,
Yaxşı günüm az keçdi.
Şumladılar, şum oldu,
Sovurdular, qum oldu.
Yumşaltdılar, mum oldu,
Ömür nataraz keçdi.
"Yum", - deyir, - "gözləri yum",
Əcəl - ömrə son hücum.
Batil oldu orucum,
Qıldığım namaz keçdi.
Haqdan xeyir... yazıram,
Tanrı deyir, yazıram.
Gördü şeir yazıram,
Ölüm məndən vaz keçdi.
20 noyabr 2004


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə