126
türklərə potensial nifrət edən ermənilər çar məmurlarının dəstəyi ilə
qanlı qırğınlara başlayırlar.
1918- ci il hadisələrində Andronik bir neçə minlik ordu ilə
Zabux kəndini keçərək Laçın istiqamətində irəliləyir. Bu məsələdən
əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri,
Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı
Sultan bəy, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə
pusqu quraraq Andronikin qoşununu mühasirəyə salır.
Burada təqribən bir günlük qanlı döyüşlər olur. Bu döyüşlər
zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir
neçə nəfərlə güclə qaçır. Dərə bu döyüşdən sonra xalq arasında
"Qanlı dərə" adlandırıldı.
Mənbələrdə Sultan bəy haqqında xeyli məlumatlar var,
Onların bir çoxu həm də onun xarakterinə ayna tutur.
Bir dəfə qubernatora Əlipaşa bəyin adından Sultan bəyin
əleyhinə şikayət ərizəsi yazırlar. Quberniya idarəsindən məmurlar
gəlirlər. Yoxlama aparılır. Faktlar tutuşdurulur, sənədlər üzləşdirilir.
Yazılanlardan heç biri sübuta yetmir. Axırda Sultan bəyin fikrini
soruşlar.
Ancaq nə qədər qəribə olsa da Sultan bəy yazılanların
hamısını təsdiqləyir. Yoxlayanlar çaşbaş qalırlar:
- Bəy, onda gərək sən tutulasan, bu necə etirafdı belə?! Sultan
bəy yarıciddi-yarızarafat deyir:- Siz də bilirsiniz, mən də bilirəm ki,
bunları mənim atam yazmayıb. Hansı namərdsə onun adından
yazıb. Bununla belə, orda atamın adı var, onun diliylə deyilən
sözləri mən yalan kimi qələmə verə bilmərəm. Bir də yoxlayın,
bəlkə düzdü elə bu yazılanlar?
Gələni-gedəni çox olarmış Sultan bəyin. Xahişə gələn,
şikayətini bildirən, kömək istəyən və s. Tapşırarmış ki, onu soruşan
olanda, evdə olmasa da, heç vaxt deməsinlər ki, Sultan bəy evdə
yoxdur. Desinlər ki, buralardadır, gələcək indi. Bu minvalla
gələnləri yerbəyer eləsinlər, onlara çay-çörək versinlər. Əgər evdə
yoxsa, yoxluğunu bundan sonra bildirsinlər. "Bura dağ yeridir, uzaq
yoldan gələn olar, bilməzsiniz, ac qayıdar.
Sonra mənəm, sizsiniz".