Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi



Yüklə 52,01 Kb.
tarix29.01.2018
ölçüsü52,01 Kb.
#22912

Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi


Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

http://kepezbelediyyesi.org/photos/ganja/nizami_ganjavi/nizami.jpg

NİZAMİ GƏNCƏVİ - 875

( Metodik tövsiyələr)

Zərdab-2016

Nizami Gəncəvi

( 1141 – 1209 )

HƏYATI

Azərbaycan və yaxın Şərq ədəbiyyatının iftixarı İlyas Yusif oğlu Nizami 1141 ci ildə  Azərbaycanın qədim  şəhərlərindən biri olan Gəncə  şəhərində  sənətkar ailəsində  anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış  və  1209cu ildə Gəncədə də vəfat etmişdir.   

Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə orta əsrin elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və  fars dillərini də  mükəmməl bilən  şairin Yunan dili ilə  də  tanış  olduğu, həmçinin qədim yunan tarix və  fəlsəfəsini, astronomiya, tib və həndəsə

elmlərini yaxşı mənimsədiyi  əsərlərindən aydın görünür. Ömrü boyu Gəncədə  yaşamış, saray  şairi olmaqdan qətiyyətlə  imtina etmiş, halal zəhməti ilə  dolanmışdır. Təqribən 1169/1170ci ildə  Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə  göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə  evlənmiş, 1174cü ildə oğlu Məhəmməd anadan olmuşdur. Azərbaycan xalqının dünya  şöhrətli dahi  şairi Nizami Gəncəvinin Gəncədə  dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi ucaldılmışdır.       

Y a r a d ı c ı l ı ğ ı

Nizami Gəncəvi yaradıcılığa lirik  şeirlərlə  başlamışdır.  Əsərlərindən məlum olur ki,  şair böyük divan yaratmış, qəzəl və  qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin  Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik  şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimaifəlsəfi fikirlərini ilk dəfə  həmin şerlərində  ifadə  etmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə  seçilir.        Lakin Nizami Gəncəvi dünya  ədəbiyyatı tarixinə  məsnəvi formasında yazdığı 5 poemadan ibarət ʺXəmsəʺ (ʺBeşlikʺ) müəllifi kimi daxil olmuşdur.  

1177ci ildə  bitirdiyi    “Sirlər xəzinəsiʺ  adlı ilk poeması şairə  böyük  şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə  qələmə  aldığı «Xosrov və  Şirin» poemasını 1180cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında  şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş,  şairə  Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188ci ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır.   1196cı ildə  Əlaəddin Körpə  Arslanın adına «Yeddi gözəl»  əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün  ədəbiestetik, ictimaifəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır. Nizami Gəncəvinin ilkin  Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün  ən humanist, ümümbəşəri ictimaisiyasi, sosial və  mənəviəxlaqi idealları parlaq bədii əksini tapmışdır.      Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrıseçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist  şair müxtəlif dinlərə  mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə  qarşı çıxmır. Onun qəhrəmanları  ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. 

İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.        Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla  əlaqələndirməyə, vətənin keçmiş  günlərini tərənnüm etməyə  çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.   Nizami Gəncəvinin yaradıcılığı Zaqafqaziya, Yaxın  Şərq xalqları (fars, tacik, hind,  əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və  s.)  ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.   Nizaminin yaradıcılığı  Şərq incəsənətinin, xüsusilə  miniatür sənətinin inkişafında mühüm rol oynamışdır.      Nizami Gəncəvinin  əsərləri dünyanın bir çox xalqlarının dilinə  tərcümə  olunmuşdur.  Əsərlərinin nadir  əlyazma nüsxələri bir çox  şəhərlərin (Moskva, SanktPeterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.   Nizami Gəncəvinin yaradıcılığı hələ  sağlığında Azərbaycan, eləcə  də  Yaxın Şərq ədəbiyyatı və elmi fikri üçün nümunə olmuş ,məhəbbətlə izlənilmişdir.

    Şairin mövzularında  əsər yazmaq, onun “Xəmsə”sinə  cavab vermək  Şərq poeziyasında ənənəvi şairlik imtahanı sayılmışdır. XIII əsrdən başlayaraq, onun poemalarına 40dan çox nəzirə  yazılmışdır.  Əişir Nəvai,  Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami kimi böyük sənətkarlar Nizamini böyük ustad adlandırmışlar.

Şairin yaradıçılığı Qərbi Avropa ədəbiyyatına da təsir etmişdir.  Nzami Gəncəvinin neçə əsr əvvəl qələmə aldığı sənət əsərləri, müdrik fikirlər zaman keçdikcə nəinki öz dəyərini itirmir, xalqımızın söz xəzinəsinin ən qiymətli incilərinə çevrilir və daha da maraqla oxunur.  Bu il xalqımız  qürur hissi ilə ölməz söz ustadının 875 illiyini təntənəli şəkildə  qeyd etməyə hazırlaşır.  

GÖRKƏMLİ ŞƏXSLƏRİN NİZAMİ GƏNCƏVİ HAQQINDA FİKİRLƏRİ

Nizami Gəncəvinin əsərləri təkcə ədəbi cəhətdən deyil , fəlsəfi baxımdan da əvəzsizdir.

Ümummilli lider Heydər Əliyev.

Biz Nizamidən , Füzulidən danışarkən onları təkcə şair kimi deyil , böyük filosoflar kimi, dünyaya , dünya mədəniyyətinə , elminə böyük töhfələr vermiş mütəfəkkir kimi tanıtmalıyıq.

Ümummilli lider Heydər Əliyev.

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmış yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “ Xəmsəsi “ insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq , dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi - əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir.

İlham Əliyev ,

Azərbaycan Respublikasının Prezidenti.

Yunanlar dünyaya Homeri , farslar Firdovsini, italyanlar Vergilini vermişlərsə, biz də Nizamini vermişik “ deyə öyünən azərbaycanlılar haqlıdırlar “.



Məmməd Əmin Rəsulzadə.

Nizami yaradıcılığı həqiqi , böyük sənətin gözəl bir nümunəsidir. Onun qüdrətli qələmi ilə yaranmış insan səciyyələri əsrlərin boranlı və tufanlı yollarından keçərək , bu günə qədər gəlmiş, bu uzun və məşəqqətli yollarda təravətini, rəngini , hərarətini hifz etmişdir.

Rəsul Rza , Xalq şairi.

Nizami Azərbaycan şairidir. Azərbaycan qanuni olaraq onunla fəxr edə bilər. O, həm də dünya ədəbiyyatının iftixarı və bəzəyidir.

A .Krımski , rus şərqşünası

NİZAMİ ƏDƏBİ İRSİNİN KİTABXANALARDA TƏBLİĞİ

Bu il Azərbaycan xalqının böyük oğlu, dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 875 illiyi tamam olur.

Yubiley ilində kitabxanalar fəal iştirak etməli, dahi sənətkarın zəngin yaradıcılığını geniş oxucu kütlələri arasında təbliğ olunmasına çalışmalıdırlar. Bu məqsədlə bütün kitabxanalarda geniş tədbirlər planı işlənib hazırlanıb həyata keçirilməlidir.

Yubileylə əlaqədar kitabxanalar N. Gəncəvinin ədəbi yaradıcılığını və onun haqqında çap olunmuş ədəbiyyatları oxuculara çatdırmaq üçün əyani və şifahi təbliğatın bütün formalarından; kitab sərgiləri , kitabxana plakatı, stend, oxucu konfransı, ədəbi- bədii gecə , kitab müzakirəsi, dəyirmi masa, məlumat həftəsi , məruzə və mühazirə , söhbət, ucadan oxu və s. formalarından geniş istifadə edilməlidir. Tədbirləri təxminən aşağıdakı başlıqlar altında keçirmək olar:

Nizaminin söz sənəti “, “ Nizami - nurlu səhər “, “ Böyük ideyalar şairi “, “ Nizami Gəncəvi- 875“, “ N. Gəncəvini həyat və yaradıcılığı “, “ Şairin söz çələngi “, “ Nizaminin lirikası “, “ Nizami dühasının işığında “, “ Bəşəri ideyalar carçısı “,“ Şeirimizin şərəf və iftixarı”, “Dahi Azərbaycan şairi və mütəfəkkiri”, “ Nizami yaradıcılığında vətənpərvərlik ideyalarının təsviri “ və sair.



Yubiley ərəfəsində N. Gəncəvinin zəngin ədəbi irsini təbliğ etmək üçün ədəbi- bədii gecələrin , poeziya günlərinin keçirilməsinin rolu böyükdür . Bu tədbirləri “ Bəşəri ideyalar carçısı “, “ Nizami poeziyasına səyahət “, “ Nizami – nurlu səhər “, “ Nizami poeziya günləri “ və sair başlıqlar altında keçirmək olar. Tədbirin maraqlı və keyfiyyətli alınması üçün onun keçirilməsinə hazırlıq işlərinə 1,5- 2 ay əvvəlcədən başlamaq tövsiyə olunur.

Adından məlumdur ki, ədəbi- bədii gecə iki hissəyə bölünür. Birinci hissədə şairin həyat və yaradıcılığı haqqında məruzə və çıxışlar olmalı, məlumatlar verilməlidir.

Tədbirin ikinci hissəsində isə mövzuya uyğun olaraq şairin şeirlərindən və poemalarından parçalar söylənilməli, şeirlərinə bəstələnmiş mahnılar səslənməli, yeri gəldikcə səhnəciklər göstərilməlidir. Burada Nizaminin əsərləri əsasında yazılmış operadan (Leyli və Məcnun) səhnələr göstərmək daha yaxşı olardı.

Dahi şairin yubileyi ilə əlaqədar kitabxanalarda əyani təbliğat formalarına da diqqət yetirilməlidir. Çünki əyani təbliğat daha geniş oxucu kütləsini əhatə edə bilir və onların mütaliəsinə müsbət təsir göstərir. Əyani təbliğat bilavasitə görmə prinsipinə əsaslanır. Yeri gəlmişkən qeyd edək ki, bilavasitə gözlə görüb qavramanın daha təsirli iş metodu olduğu artıq kitabxanaların psixoloji və praktiki iş təcrübələri təsdiqlənmişdir. Odur ki, yubileylə əlaqədar ilk öncə əyani təbliğat vasitəsi olan kitab sərgilərinin təşkili vacibdir. Ümumiyyətlə hər hansı tədbir keçirdikdə hökmən kitab sərgisi təşkil edilməlidir. Çünki sərgilər bir qayda olaraq tədbiri tamamlayır. Kitab sərgilərini “ Nizami Gəncəvi- 875“, “ Nizaminin söz sənəti “, “ N. Gəncəvi yaradıcılığına səyahət “ və s. başlıqlar altında təşkil etmək olar. Sərgi zövqlə tərtib edilməli ,kitablar xüsusi bir sistemlə düzülməlidir. Sərgilərin təşkilində görkəmli şəxslərin şair haqqında dedikləri sitatlardan və dövri mətbuat materiallarından da istifadə etmək olar. Belə sərgilər oxucuları keçiriləcək tədbirlər çağırır, onlara mütaliə mədəniyyəti aşılayır və eyni zamanda kitabxananın fondunu oxucular qarşısında açmaqda mühüm rol oynayır. Aşağıda təxminən belə bir sərginin nümunəsini təqdim edirik.



_____1_____

______2_______

_________3______________

___________4_______

_____ 5 ___ ______ 6 _______ _____ 7 _____

_______8_______ _______9_____

____________10_______

______11-______ ________12______



  1. Başlıq: Nizami Gəncəvi – 875

  2. N. Gəncəvinin şəkli

  3. Sitat: İnsana arxadır onun kamalı,

Ağıldır insanın dövləti, malı.

Kim ki yetişmədi ağıldan bara,

Oxşar insan sifət əjdahalara

Zirək adam, insan mələkdir, mələk.

Zirəklik gözəldir, əcəbdir, gerçək.

N. Gəncəvi.

4. Sitat: Nizami Gəncəvinin əsərləri təkcə ədəbi cəhətdən deyil, fəlsəfi

baxımdan da əvəzsizdir.

Ümummilli lider Heydər Əliyev.

5 . N. Gəncəvi . Sirlər Xəzinəsi.-Bakı:“ Lider nəşriyyatı “, 2004.-264 s.

6. N. Gəncəvi . Xosrov və Şirin .- Bakı : “ Lider nəşriyyatı “, 2004.- 392 s.

7. N. Gəncəvi . Leyli və Məcnun.- Bakı: “ Lider nəşriyyatı “, 2004.- 288 s.

8. N.Gəncəvi . Yeddi Gözəl. – Bakı :“ Lider nəşriyyatı “, 2004 .- 336 s.

9. N. Gəncəvi. İsgəndərnamə . Şərəfnamə.- Bakı: “ Lider nəşriyyatı “,

2004.-432 s.

10. N. Gəncəvi. Qəzəlləri .-Bakı : Azərbaycanın Dostluq Cəmiyyəti,1991.-

109 s.

11. Rəsulzadə M. Ə. Azərbaycan şairi Nizami.- Bakı : Azərnəşr,1991.- 227s.

12.Rza R. Yüksək eşqin böyük heykəli // Seçilmiş əsərləri . V cilddə. V cild.-

Bakı : “ Öndər “, 2005.- s .118-122.

Bu kitabları oxuyun.

Qeyd etmək lazımdır ki , Nizami yaradıcılığının mövzu dairəsi genişdir. Buna görə də kitabxanalarda şairin yubileyi ilə əlaqədar oxucu konfransının keçirilməsi məqsədəuyğundur. Oxucu konfransını müxtəlif başlıqlar altında keçirmək olar. Məsələn :“ Nizaminin dünya və Şərq ədəbiyyatında rolu “, “ Nizami dühasının işığında ”, “ Bəşəri İdeyalar carçısı “, “ Şərq poeziyasının ulduzu “ və s. Tədbirlə əlaqədar əvvəlcədən ayrıca proqram tərtib edilməlidir. Proqramda tədbirin adı, giriş sözü və eləcədə çıxış edəcək başqa şəxslərin adları göstərilməlidir. Bütün bunlarla yanaşı, tədbirin harada , nə vaxt keçiriləcəyi qeyd edilməlidir. Konfransa iki ay hazırlıq işləri görülməlidir. Konfransın mövzusu üzrə fondda olan kitablar seçilib ayrılmalı və onlar məruzəçiyə və konfransda çıxış edəcək oxuculara hazırlaşmaq üçün tövsiyə olunmalıdır. Kitabxanaçı konfransa hazırlaşan oxucularla əlaqəyə girib onların çıxışlarının nə vaxt hazır olduqlarını da müəyyənləşdirməlidir. Yalnız bundan sonra konfransı keçirmək üçün vaxtı təyin edib, elan yazmaq olar. Kitabxanaçı oxucu konfransının maraqlı və səmərəli keçməsi üçün məruzə və çıxışlara rayon və kənd rəhbərliyini , ziyalıları cəlb etməlidir. Bu işdə müəllimlərin və fəal oxucuların gücündən geniş istifadə etmək lazımdır. Bununla bərabər , kitabxanaçı təşkil etdiyi hər bir tədbirdə özü də çıxış etməlidir. O , tədbirin mövzusu üzrə kitabxana tərəfindən həyata keçirilmiş məsələlərdən danışmalıdır. N. Gəncəvi ədəbi irsinin təbliği üçün keçirilən oxucu konfransında müzakirə olunan əsərlərin nə dərəcədə əhəmiyyətli və təsirli olması , bu günün tələbləri ilə necə səslənməsi əsas götürülür.

Yubiley ərəfəsində Nizami yaradıcılığını təbliğ etmək üçün sual –cavab gecələri, fərdi söhbət, ucadan oxu, məlumat günləri kimi kütləvi tədbir formalarından da istfadə etmək yaxşı nəticə verər.

Sual- cavab gecələri ən canlı və maraqlı kütləvi tədbir formasıdır. Mövzusundan asılı olmayaraq sual- cavab gecələri canlı söhbət və müsahibə şəklində keçirilir, dinləyiciləri maraqlandıran sualların aydınlaşdırılmasına xidmət edir. Suallar elə tərtib edilməlidir ki, müəllifin həyat və yaradıcılığı haqqında oxuculara düzgün və geniş təsəvvür yaransın. Nümunə olaraq sualları təxminən aşağıdakı şəkildə tərtib etmək olar :

* N. Gəncəvinin həyat və yaradıcılığı barədə nəyi bilirsiniz ?

* N. Gəncəvi əsərlərini hansı dildə yazıb yaratmışdır?

* N. Gəncəvinin ilk əsəri necə adlanır və əsər neçənci ildə yazılmışdır?

* N. Gəncəvinin əsərləri birlikdə necə adlanır? Mənası nədir

* Nizami yaradıcılığında halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir:

Xəzinə yığmıram ki, məsxərəyə qoyulum,

Əlimin zəhmətilə dolanıram , ay oğlum!

Çörək qazanıram mən , götürmə babalımı,

Min harama dəyişməm birgünlük halalımı.

Alovlandı gözəl gənc qocanın sözlərindən,

Gedəndə gildir- gildir yaş axdı gözlərindən. Bu misralar şairin hansı əsərindəndir

* Nizami ənənələrinin ilk davamçılarından kimləri tanıyırsınız ?



* Dahi Nizamiyə həsr olunmuş hansı bədii əsərlərlə tanışsınız və bu əsərlərdən hansını mütaliə etmisiniz ?

* N. Gəncəvi nakam bir eşq macərasını nəzmə çəkərək insan və zaman haqqında bədii- fəlsəfi bir əsər yaratmışdır . Şairin bu əsəri əsasında dahi bəstəkar Ü. Hacıbəyli opera yazmışdır . Əsər necə adlanır və neçənci ildə yazılmışdır ? və. s.



Qeyd etmək lazımdır ki , kitabxanalarda ədəbiyyatın təbliğinin forma və metodları müxtəlifdir. Kitabxana işçiləri bu metodlardan istifadə edərək dahi Nizaminin yubileyini layiqincə qeyd etməlidirlər. Tədbirlərin keçirilməsinə kömək məqsədilə vəsaitin sonuna ədəbiyyat siyahısı əlavə edirik.

ƏDƏBİYYAT

  • Gəncəvi , N. Sirlər xəzinəsi.- Bakı , “ Lider nəşriyyatı “, 2004.- 264 s.

  • Gəncəvi, N. Xosrov və Şirin .- Bakı , “ Lider nəşriyyatı “, 2004.-392 s.

  • Gəncəvi , N. Leyli və Məcnun.- Bakı , “ Lider nəşriyyatı “, 2004.- 288 s.

  • Gəncəvi, N. Yeddi gözəl.- Bakı , “ Lider Nəşriyyatı “, 2004.- 336 s.

  • Gəncəvi , N. İsgəndərnamə. Şərəfnamə .- Bakı , “ Lider nəşriyyatı “, 2004.- 432 s.

  • Gəncəvi N. İsgəndərnamə. İqbalnamə.-Bakı, “ Lider nəşriyyatı “, 2004.- 256 s.

  • Gəncəvi N . Lirika .-Bakı, “ Lider nəşriyyatı “, 2004.- 160 s.

HAQQINDA

  • Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami.- Bakı, Azərnəşr, 1991.-232 s.

  • Əlibəyzadə E. Nizami və tariximiz.-Bakı ,2004.-186 s.

  • Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ,23 dekabr 2011-ci il // Azərbaycan.- 2011.-24 dekabr.- s. 7.

Tərtib etdi : Metodika biblioqrafiya şöbəsinin müdiri- G. Qasımova.

Redaktor : Metodika biblioqrafiya şöbəsinin böyük metodisti- M. Əhmədova.
Yüklə 52,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə