Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil


Üçüncü fəsil: İslamın və Qərbin ailəyə baxışı



Yüklə 388,63 Kb.
səhifə3/5
tarix17.09.2017
ölçüsü388,63 Kb.
1   2   3   4   5

Üçüncü fəsil: İslamın və Qərbin ailəyə baxışı



58. Qərbdə ailəyə qarşı rəğbətsizliyin ən mühüm amili: Pozğunluq

İnsanı, qadın və kişini ailəyə bağlayan amillərdən biri budur ki, onların cinsi ehtiyacları və insani hisslərdən olan ehtirasları ailədə təmin olunur. Əgər qadın və kişi ailədən başqa bir mühitdə, cəmiyyətdə, təhsil aldığı, yaxud işlədiyi yerdə və ya hər hansı bir qanunsuz məkanda cinsi ehtiyaclarını təmin edə bilsə, bundan törəyəcək ən ağır nəticə odur ki, ailənin qadın və kişi arasında yaratdığı bağlılıq məhv olacaqdır. Ailə, öz həyat yoldaşından başqa bir xanımı tanımayan kişi və öz ərindən başqa bir kişini tanımayan iffətli və ismətli qadın üçün olduqca əhəmiyyətli və gözəldir. Ehtirasını bayırda təmin edən kişi və qadın üçün isə belə deyil. Məhz buna görə, cəmiyyətdə fəsad yayıldıqda, cinsi pozğunluq baş aldıqda, kişi və qadın ailə qurmağa rəğbət göstərməz, cavanın ailə qurmağa meyli sönər, qız və oğlanın evlənməyə marağı qalmaz.

Bildiyiniz kimi, bugünkü dünyada və Qərb mədəniyyətində vəziyyət belədir. Əlbəttə, Qərb mədəniyyəti Qərb kapitalizminin mənfur üslublarından qaynaqlanır. Lakin təəssüf ki, bütün dünyaya, hətta qeyri-kapitalist ölkələrə və üçüncü dünyaya da keçmişdir. Oralarda da bir mədəniyyət kimi formalaşmışdır və bildiyiniz kimi, oğlan və qızlar çoxdandır ki, ailə qurmağa meyl göstərmirlər. Nikah yaşı çox yuxarıdır. Halbuki İslam dinində bu yaş daha tez göstərilir. Əgər cəmiyyətdə fəsad yaransa, ailənin təməlləri zəifləyər, amma ailə məsələsinə əhəmiyyət verilsə, o cəmiyyətdə fəsadın inkişafına şərait yaranmaz. Bu, cəmiyyətdə cinsi pozğunluğun yaranmaması və ehtirasların qeyd-şərtsiz, tam sərbəst təmin olunmaması üçün İslam dinində bəyan olunan ən əhəmiyyətli məsələlərdən, ailəni qorumaq üçün mühüm məqamdır. Ailə hər bir kişi və qadının hüzur və dinclik ocağı olmalıdır.64
59. Qərb ailələrində yalançı eşq

Elm və sivilizasiya inkişafının çox sürətli olduğu bəzi ölkələrdə ailə üzvlərinin bir-biri ilə əlaqəsi yoxdur. Ata bir yerdə işləyir, ana bir yerdə. Nə bir-birini görürlər, nə bir-biri üçün xörək bişirirlər, nə məhəbbət göstərirlər, nə hallarını soruşurlar və nə də başqa bir işləri var. Yalnız uşaq psixoloqlarının tövsiyəsinə əməl etmək məqsədilə müəyyən bir saatda evdə toplaşır və ailə mühiti yaradırlar. Onlar bu toplantını təbii və sağlam ailə kimi yarada bilmədiklərindən, onu formal surətdə yaradırlar. Bu zaman da xanım və ya cənab tez-tez saatına baxır ki, görsün bu bir saat nə zaman bitəcək. Çünki bir saat sonra başqa bir yerdə işi var. Bu işlərlə ailə qurulmur və uşaqlar rahatlıq hiss etmirlər.65

Orada ailələr istiqanlı deyillər. Onları ümumiyyətlə, ailə adlandırmaq düzgün deyil. Kişi və qadın bir yerdə yaşayırlar, amma bir-birindən aralıdırlar. Orada ailəvi yığıncaqlar, ailə məhəbbətləri, ailə üzvləri arasında ünsiyyət yoxdur, kişi özünü qadına və qadın özünü kişiyə ehtiyaclı bilmir. Sadəcə olaraq, iki nəfər razılaşma yolu ilə bir evdə yaşayırlar. Adı da budur ki, guya həyatlarını eşqlə başlayırlar.66
60. Qərbdə cinsi azadlıq və ailənin sarsılması

Qərb dünyasında, xüsusən də ABŞ-da və bəzi şimali Avropa ölkələrində ailənin təməlləri tez sarsılır. Niyə? Səbəb budur ki, orada cinsi azadlıq və cinsi pozğunluq olduqca çoxdur. İffətsizlik yayıldıqda, yəni kişi və qadın öz ehtiyaclarını ailədən digər bir yerdə təmin etdikdə ailə mənasız bir şeyə çevrilir, yalnız formal xarakter alır. Ər-arvad duyğusal cəhətdən bir-birindən ayrılırlar; yəni zahiri baxımdan ayrı deyillər, amma bir-birlərinə məhəbbət və bağlılıqları olmur. Əgər insanlar, cinsi ehtiyaclarını istədikləri kimi doyurmaqda azad olsalar, ailə ya qurulmaz, ya da süst, zəif və hər an dağılmağa hazır olan bir şey alınar, hər bir xəfif meh onu dağıda bilər. Buna görə də, dünyanın harasında cinsi azadlıq görsəniz, oradakı ailələrin bir o qədər zəif olduğunu bilin. Çünki kişi və qadının uyğun ehtiyaclarını doyurmaq üçün belə bir ocağa ehtiyacları qalmır. Amma dinin hakim olduğu və cinsi azadlıqların mövcud olmadığı yerlərdə kişi və qadın üçün hər bir şey var. Çünki ailə ocağı qorunur.67


61. Qərbdə ailənin dağılması və soyu bilinməyən nəsillər

Bu gün Qərb ölkələrində soyu bilinməyən nəsillər, baxımsız uşaqlar, illərlə övladlarından xəbəri olmayan ata-analar var. Ata-ana eyni şəhərdə yaşayanda vəziyyət belədir, ayrı-ayrı şəhərlərdə olanda isə vəziyyəti özünüz təsəvvür edin: dağılmış ailələr, yalqız insanlar...68

Avropa və Amerika ölkələrində ərsiz qadınların və qadınsız kişilərin statistikası olduqca yuxarıdır. Təbii ki, ata-anasız, avara və cinayətkar uşaqlar da məhz bunun nəticəsidir. Orada mühit cinayətə tam yararlıdır. Xəbərlərdə eşidirsiniz ki, bir uşaq qəfildən bir məktəbdə, küçədə, qatarda qətl törədir, bir dəstə insanı öldürür. Belə hal bir dəfə-iki dəfə baş verməyib, nümunələri çoxdur. Beləcə cinayətkarların yaş baxımından səviyyəsi get-gedə aşağı enir. Əvvəllər 20 yaşlı cavanlar idilər, sonra 16-17 yaşlı yeniyetmələr oldular, indi isə Amerikada 13-14 yaşlı uşaqlar cinayət törədirlər, çox asanlıqla adam öldürürlər. Cəmiyyət bu həddə çatdıqda, artıq demək olar ki, nəzarəti mümkün olmayan bir vəziyyət yaranmışdır.69
62. Qərb mədəniyyətinin ən mühüm nufuz yolu: Ailə təməllərinin sarsılması

Bir ölkəni və ya cəmiyyəti ələ almaq, ona öz mədəniyyətlərini sırımaq istəyənlər, adətən, ailə təməllərini sarsıtmağa çalışırlar. Təəssüf ki, bir çox ölkələrdə bu işi görmüş, kişiləri məsuliyyətsiz, qadınları isə əxlaqsız etmişlər.70

Mədəniyyət və sivilizasiyaların əsas prinsiplərinin qorunması və sonrakı nəsillərə ötürülməsi ailə vasitəsi ilə mümkündür. Ailə olmasaydı, hər bir şey məhv olardı. Qərblilərin Şərqdə, müsəlman və Asiya ölkələri daxilində bu qədər ehtiras və fəsad yaymaq cəhdlərinin səbəbi nədir? Bunun səbəblərindən biri odur ki, onlar ailələri dağıtmaq və nəticədə onların mədəniyyətlərini zəiflətmək istəyirlər. Çünki bir xalqın mədəniyyəti zəifləmədən heç kim onu istismar edə bilməz, ağzını buxovlayıb çiyninə minə bilməz. Xalqları müdafiəsiz qoyub əcnəbilərin qarşısında əsir edən amil onların mədəni kimliyinin əldən getməsidir. Bu iş də cəmiyyətdə ailələrin təməlini dağıtmaqla asanlaşır. İslam bunu qorumaq, ailəni saxlamaq istəyir. Çünki İslamda bu məqsədlərə çatmaq üçün lazım olan ən mühüm işlərdən biri ailə qurmaq və sonra onu qorumaqdır.71
63. Ailənin məhv edilməsi - Qərb mədəniyyətinə axırıncı zərbə

Baxın, bu gün ABŞ və İngiltərədə homoseksualizm rəsmiləşmiş, qanuniləşmişdir. Onlar bundan xəcalət çəkmirlər, bizim danışmağa utandığımız işləri görürlər. Bizim xalqımız bilsin: iki həmcinsin evlənməsinin qanunla mümkun olduğu bir ölkədə ailə təməli qalarmı?! Bu gün hakimiyyətdə olanları və onların təbliğatçılarını çıxmaq şərti ilə, ABŞ və Avropanın xalqları ailə təməllərinin sarsılmasından narahatdırlar. Qadın və kişilər ailə institutunun məhv olmasından eyni dərəcədə əziyyət çəkirlər. Bu, günü-gündən artır və əlbəttə, son zərbədir.

Ailə insanın rahatlıq yeridir. Rahat və dinc ailə olmadan heç bir insan həyatın əsl ləzzətini dada bilməz. Onlar bu təməlləri dağıdıb məhv edirlər. Qərb mədəniyyəti belədir. Belə azadlığın, pozğunluq və çılpaqlıq mədəniyyətinin, qadın-kişi qarışmasının nəticəsi məhz budur.72
64. Qadın və kişidə olan insani dəyərlər

İmandan, İslamdan, dözümlülükdən, sədaqətdən, insani, İslami və mənəvi dəyərləri əldə etməyə çalışmaqdan söz düşdükdə, Quran buyurur: “...Müsəlman kişilər və qadınlar, mö’min kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar, dözümlü kişilər və qadınlar...” Bu ayədə mənəvi dəyərlər üçün on məsələ qeyd olunur: İslam, iman, qünut (mütilik), sədaqət, dözümlülük, Allahdan qorxmaq və s. Qadın və kişi bu sahədə çiyin-çiyinə hərəkət edib irəliləyirlər. Quran hər ikisini deyir. İslam bu ayələrdə daim cahiliyyət dövrünün kişiləri və hətta qadınları tərəfindən sitayiş olunan kişi dominantlığı sindromunu sındırır, ictimai və siyasi məsələlərdə qadının beyətini vacib və aktul bir məsələ kimi önə çəkir.73


65. Ailədə əsas amil

Siz əgər tibdə və ya hər hansı bir sahədə böyük mütəxəssis olsanız, amma ev xanımı ola bilməsəniz, bu, böyük nöqsandır. Siz ev xanımı da ola bilərsiniz. Əsas məsələ budur. Bu barədə nöqsanlı bir bənzətmə kimi kraliça bal arısını misal çəkə bilərik. Ailə elə bir yerdir ki, orada duyğu və hisslər inkişaf etməli, uşaqlar məhəbbət və nəvaziş görməlidirlər. Ər kişi olduğundan, xüsusi bir sahədə qadına nisbətən xarakteri daha xam və zəif olur. Onun yarasının məlhəmi yalnız və yalnız həyat yoldaşının nəvazişidir. Həyat yoldaşı böyük bir kişi üçün, ananın öz kiçik uşağına gördüyü işi görür. Diqqətli xanımlar bunu bilirlər. Bu hiss və duyğuların evin əsas mərkəzinə, yəni xanımına ehtiyacı var. O olmasa, ailə mənasız bir şeyə çevrilər.74


66. Qadın - ailənin əsas adamı

Qadına uca bir insan gözü ilə, uca insanlar yetişdirməklə cəmiyyəti islah edən amil kimi baxsaq, onun hüququnun nə və azadlığının necə olduğunu bilərik. Qadına ailənin əsas amili kimi baxın. Ailə kişi və qadından təşkil olunur, onu qurmaqda hər ikisi təsirlidir, lakin ailə mühitinin asayişi və evdə olan dinclik, rahatlıq qadına və qadınlıq xarakterinə görədir. Qadına bu gözlə baxın. Bu zaman onun necə təkamülə çatdığı və hüququnun nə olduğu məlum olar.75


67. Ailə məsələsi qadın üçün ən önəmli məsələdir!

Ev və ailə məsələsi olduqca əsas, çox mühüm və həyati əhəmiyyət daşıyan məsələrdəndir. Bizim bütün layihələrimizdə ailə əsas olmalıdır. Siz əgər tibdə və ya hər hansı bir sahədə böyük mütəxəssis olsanız, amma ev xanımı ola bilməsəniz, bu, böyük nöqsandır. Siz ev xanımı da ola bilərsiniz. Əsas məsələ budur. Bu barədə nöqsanlı bir bənzətmə kimi kraliça bal arısını misal çəkə bilərik. Ailə elə bir yerdir ki, orada duyğu və hisslər inkişaf etməli, uşaqlar məhəbbət və nəvaziş görməlidirlər. Ər kişi olduğundan, xüsusi bir sahədə qadına nisbətən xarakteri daha xam və zəif olur. Onun yarasının məlhəmi yalnız və yalnız həyat yoldaşının nəvazişidir. Həyat yoldaşı böyük bir kişi üçün, ananın öz kiçik uşağına gördüyü işi görür. Diqqətli xanımlar bunu bilirlər. Bu hiss və duyğuların evin əsas mərkəzinə, yəni xanımına ehtiyacı var. O olmasa, ailə mənasız bir şeyə çevrilər.76


68. Qadının əsas peşəsi

Qadının əsas peşəsi həyat yoldaşı və ana olmasıdır. Bəziləri bunu qadına təhqir kimi başa düşürlər. Qadının görəcəyi ən mühüm iş analıq işidir. Əlbəttə, bəzən qadınların ictimai işləri şəriət baxımından vacib də ola bilər. Amma istənilən halda, qadınlar analıq vəzifələrini qorumaqla ictimai fəaliyyətə qoşulmalıdırlar və bu sahədə onların örnəyi həzrət Fatimei-Zəhra (s) olmalıdır.77


69. Qadının ən böyük dəyəri və fəxri ailəni canlı saxlamaqdır!

Qadın səmimi ailənin məsuliyyətini daşıyan ən böyük və ən birinci şəxsdir. Bu, kişinin öhdəsinə düşmür. Kişi bunu ümumiyyətlə, bacarmaz. Biz inanırıq ki, qadının yaradılış forması ona belə bir məsuliyyəti daşımağa kömək edir. Bizcə, qadının nazir və ya Baş nazir olması onun üçün fəxr deyil. Fəxr budur ki, o, öz ailəsini gözəl şəkildə idarə etsin. Əlbəttə, bu zaman o, nazir və ya Baş nazir də olsa, heç bir eybi yoxdur və bu onun dəyərini daha da artırar. Biz heç vaxt qadını ərə getməyə, uşaqlarını idarə etməyə və ailə qurmağa məcbur etmirik. Əgər qadının özü ailə qurmaq istəməsə, ailəni idarə etməsə, yaxud uşaqlarını dayəyə, ya uşaq baxçasına tapşırsa, ərinə restorandan yemək gətirməsini əmr etsə və özü gedib hansısa idarənin müdiri və ya nazir olsa, yaxud ölkədə hər hansı bir vəzifəni icra etsə, İslam Respublikası ona “sənin bu işə haqqın çatmır!” - deyə bilməz. Onun buna haqqı var. Lakin İslam Respublikasının dəyərlər sistemində bir dəyər kimi qadının əsas vəzifəsinə - yəni ailəni qorumağa və onu canlı saxlamağa üstünlük veririk. Bizcə, bunun dəyəri daha böyükdür.78


70. Ailədə kişinin qadınla rəftarı belə olmalıdır!

İslama görə, ailə daxilində kişi qadını gül kimi saxlamağa borcludur. Buyurur: “Qadın güldür”. Bu, ictimai və siyasi sahələrə, təhsilə və müxtəlif mübarizə zamanlarına aid deyil. Bu, ailənin daxilinə aiddir. “Qadın güldür, fəhləbaşı deyil!” Peyğəmbər, qadını evin içində xidmət göstərməyə vəzifəli bilən yanlış təfəkkür tərzini bununla rədd edir. Qadın gül kimidir, ona qulluq göstərmək lazımdır. Psixoloji və fiziki incəliklərə malik olan qadına bu gözlə baxmaq lazımdır.79


71. Kişilər xanımlarına və övladlarına düzgün məlumat verməyə çalışmalıdırlar!

Əgər övladlarınız haqqında düzgün düşünə, əməl edə bilməsəniz, problem yaranacaq. Demək istədiyim budur ki, övladlarınıza və xanımlarınıza düzgün məlumat verin, onların ayıq olmasına əhəmiyyətli yanaşın. İş-gücə o qədər qərq olmayın ki, xanımınız və uşağınız üçün vaxt qalmasın. Mən dəfələrlə dostlarıma tövsiyə etmişəm, sizə də tövsiyə edirəm: Övladlarınıza vaxt ayırın və bilin ki, cavanların ürəklərində səfa və səmimiyyət var, onlar sizin sözünüzü qəbul edəcəklər. Sizin övladınıza demək üçün iki kəlmə məqbul və məntiqli sözünüz olmalıdır. Mühüm saydığınız hər bir məsələ haqqında, din, inqilab, imam, şah rejimi və günbəgün meydana çıxan müxtəlif məsələlər haqqında sözünüz olmalıdır. Quran buyurur: “Özünüzü və ailələrinizi qoruyun!” Bu, çox əhəmiyyətlidir. Özünüzün və onların ayıq olması üçün şərait yaradın. Mən dəfələrlə xütbədə və başqa yerlərdə demişəm ki, həzrət Əli (ə) Siffeyn döyüşündəki məlum hadisələr zamanı belə buyurdu: “Bilin ki, bu elmə yalnız bəsirət (ayıqlıq) və dözüm sahibləri yiyələnə bilər”. “Bəsər” və “səbr” sözləri həzrət Əmirəlmömininin nitqinə xas incəliklərdəndir. Onların hər ikisinin hərfləri eynidir. Bəsər (bəsirət) - yəni ayıqlıq, səbr - yəni dözümlülük. Bunların hər ikisi lazımdır.80


72. Qadın evin gülüdür, fəhləbaşı deyil!

Əgər İslamın ifadələrinə diqqət yetirsəniz, görərsiniz ki, qadın haqqında ən düzgün ifadələr buradadır: “Qadın güldür”. “Reyhanə” gül deməkdir. İnsan güllə nə edir? Güllə necə rəftar olunur? Güllə kobud rəftar olunsa, parça-parça olar. Əgər gülü tanısalar və onunla gül kimi rəftar etsələr, yaraşıq verər, ətir saçar, parlayar. Hədisdə gəlmiş “qəhrəmanə” sözü qəhrəman demək deyil. Bu söz fars dilindən götürülsə də, ərəb dilində başqa mənada işlədilir. “Qəhrəmanə” - xülasə desək, fəhləbaşı deməkdir. Yəni siz qadını öz evinizi idarə edən xidmətçi saymayın. Elə bilməyin ki, siz rəissiniz, evin və uşaqların işləri də onun üzərinə düşür.81


73. Qadının təbii və sentimental ehtiyacı: dinc ailə mühiti

Bəziləri elə bilirlər ki, böyük peşəsinin olmaması qadına nöqsandır. Amma qadının problemi bu deyil. Hətta böyük vəzifəsi olan bir qadın da ailənin dinc mühitinə, mehriban və məhəbbət göstərən bir ərə, psixoloji və sentimental baxımdan söykənəcəyi bir həyat yoldaşına ehtiyaclıdır. Qadının xarakteri, duyğuları belədir. Bu ehtiyac təmin olunmalıdır.82


74. İslama və digər dinlərə görə, nikahda ən mühüm məqsəd ailə qurmaqdır.

İslama, bütün dinlərə və bəşəriyyətdə mövcud adət-ənənələrə görə, nikahda əsas məqsəd ailə qurmaqdır. İslama görə, ailə möhkəm bir bünövrədir. Əgər o, sağlam və düzgün tərbiyəli olsa, cəmiyyətin İslamın istədiyi formada inkişafında böyük təsir göstərəcək. İslam ailə mühitinin yaranmasını istəyir.

Dinlərin və xüsusən də İslam dininin üstünlüyü bundadır ki, insanın cinsi ehtiyaclarını və bundan əlavə, həyat yoldaşına qarşı psixoloji ehtiyacını ailə qurmaqla təmin etmiş olur. Bu dinlərə görə, ailə sözügedən ehtiyacları təmin etməklə yaranır və yaşayır. Bəzilərinin xüsusi yaşlarda cinsi ehtiyacları olmaya da bilər. Amma onların həyat yoldaşına ehtiyacları var. Onların qarşı cinsdən bir yoldaşları olmalıdır. Bu işdə qadın və kişi arasında fərq yoxdur. Dinlər və ən çox da İslam bunları ailə qurmağın səbəbi bilir.

Əgər insanlar, cinsi ehtiyaclarını istədikləri kimi doyurmaqda azad olsalar, ailə ya qurulmaz, ya da süst, zəif və hər an dağılmağa hazır olan bir şey alınar, hər bir xəfif meh onu dağıda bilər. Buna görə də, dünyanın harasında cinsi azadlıq görsəniz, oradakı ailələrin bir o qədər zəif olduğunu bilin. Çünki kişi və qadının uyğun ehtiyaclarını doyurmaq üçün belə bir ocağa ehtiyacları qalmır. Amma dinin hakim olduğu və cinsi azadlıqların mövcud olmadığı yerlərdə kişi və qadın üçün hər bir şey var. Çünki ailə ocağı qorunur.

Məsələnin məğzi budur ki, gərək ailə qurulsun. İslam bunu istəyir. Siz qız və oğlanlar hərəniz bir yerdən gəlir, bir-birinizlə tanış olur, bir-birinizə qovuşur, bir ailə qurursunuz. Bu ailə çoxlu xeyir və faydalar mənbəyidir. Ölkənin və bəşəriyyətin idarəsində bu ailənin üzərinə böyük vəzifələr düşür. Bu, çox əhəmiyyətli bir məsələdir. Siz bunu qorumalısınız!83
75. Nikah alış-veriş deyil, bir insani məsələdir!

Nikahda əsas məsələ bir insani məsələdir, maddi yox. İslam mehr müəyyənləşdirib, amma onu alış-veriş formasında göstərməyib. Burada alış-veriş yoxdur. Burada hər iki tərəf müştərək bir sərmayə qoyur. Belə deyil ki, alış-verişdə olduğu kimi, siz bir şey verib, başqa bir şey alasınız. Xeyr, burada alıb-vermək yoxdur. Burada hər iki nəfər öz sərvətini müştərək kassaya qoyur və hər ikisi ondan istifadə edir. Nikahda məsələ bundan ibarətdir. Buna görə də, burada maddiyyatın rolu çox zəif olmalıdır. Biz, “mehrləri ağır etməyin” - dedikdə bunu nəzərdə tuturuq. Biz mehrin filan miqdardan artıq olmamasını dedikdə, mənası bu deyil ki, o miqdardan artıq olsa, əqd batildir və ya haramdır. Xeyr, əqd düzgündür, amma iş yanlışdır. Bəziləri bir neçə milyon tümən mehr qoyurlar. Yəni insani bir məsələ olan nikahı alverə, bazarlığa çevirirlər. Bu, insana və qanuna qarşı həqarətdir. Bu, yanlış bir işdir.84


76. Qız və oğlanın yola getməsi nikahın əsasıdır!

Nikahın əsası qız və oğlanın yola getməsidir. Gərək bir-biri ilə razılaşsınlar. Bu, “yola getsinlər” sözünün çox dərin mənası var. Mən bir dəfə imamın yanına getdim. O, əqd xütbəsi oxumaq istəyirdi. Məni gördükdə dedi ki, gəl birinin vəkili sən ol. O, nikah əqdi oxuyanda bizim kimi uzun-uzadı danışmırdı. Əvvəl əqdi oxuyurdu, sonra iki-üç qısa cümlə deyirdi. O, əqdi oxuyandan sonra üzünü qız və oğlana tutub dedi: “Bir-birinizlə yola gedin”. Mən fikirləşib gördüm ki, biz bu qədər danışırıq, amma imamın sözü “bir-birinizlə yola gedin” cümləsidir. İndi mən də demək istəyirəm ki, siz qız və oğlanlar bir-birinizlə yola gedin. Yola getmək və razılıq əsas məsələdir. Bəy və gəlinin, qız və oğlanın, ər və arvadın yola getməsinə qarşı olan hər bir şey yad və özgə sayılmalıdır. Bu qaydanı unutmayın! İnşallah, Allah-Taala öz xeyir-bərəkətlərini sizə nazil edər.85


77. Nikahda yanlış meyarlar

Mənim təsəvvürümdə olan meyarlar bizim dindar təbəqə arasında yayılmış meyarlardan çox da fərqli deyil. Mən bəzi meyarların inkarı üzərində dayanmaq istəyirəm. Yəni mənim təkid göstərdiyim məsələlər bir meyar çərçivəsi təqdim etmək üçün deyil. Bildiyiniz kimi, İslam dini əli açıq qoyub. Bu din birinci dərəcəli dəyərlər göstərsə də, xalqı həmin çərçivəyə girməyə məcbur etmir. Buna görə də, mən meyar təyin etmək yox, bəzi meyarları rədd etmək istəmirəm.

Mənim qətiyyətlə rədd etmək istədiyim məsələrdən biri var-dövlət məsələsidir. Yəni istər oğlan, istərsə də qız evlənmək istədikdə yoldaşının və ya elçisinin var-dövlətinə diqqət yetirməməlidir. Məncə, bu, azdırıcı bir məsələdir, real üstünlük deyil və nəzərə alınmamalıdır. Bu, bizim özümüz haqda da belə olub. Mənim iki övladım ailə qurduqda, bu məsələ ümumiyyətlə, diqqət mərkəzində olmayıb.

Başqa bir vacib məsələ ictimai şəxsiyyət məsələsidir. Bu da meyar deyil. Mənim qulağıma çatır ki, bəziləri öz qızları üçün elə oğlan, yaxud oğlanları üçün elə qız axtarırlar ki, tanınmış bir şəxsiyyətə, yaxud tanınmış vəzifəyə bağlı olsunlar. Xoşbəxtlikdən, bu məsələ oğlan və qızların özündə çox da görünmür, əsasən, ata-analar belə düşünürlər. Məncə, bu da yanlış meyardır.

Bəzi məsələlər zahiri cəhətdən cavanların diqqətini cəlb edir. Amma məncə, bunlar da nikah zamanı meyar seçilməməlidir. Məsələn, oğlan və qızlar çalışırlar ki, gözləri tutanı və onları cəlb edəni seçsinlər və bununla kifayətlənsinlər. Bu da bizim qəti çəkindirmək istədiyimiz məsələlərdəndir. Biz istəyirik ki, oğlan və qızlar belə tələlərə düşməsinlər. Bunlardan əlavə, mümkündür bir qız və ya oğlan öz gələcək yoldaşının ali təhsilli olmasını istəsin, amma başqa birisi buna əhəmiyyət verməsin. Mən müsbət meyarların məhdud olmadığından bir misal çəkdim. Yaxud məsələn, biri ölkənin filan bölgəsindəndir, həyat yoldaşının da mütləq o bölgədən olmasını istəyir. Yəni yol açıqdır. Bəzilərinin ürəyi istəyir ki, yoldaşları mütləq Allah yolunda fədakarlıq etmiş, zəhmət çəkmiş insanlardan, müharibə əlillərinin, yaxud şəhidlərin ailələrindən olsun və s.

Bəziləri bunu öz meyarları bilmirlər. Mən ona görə müsbət meyar göstərmək istəmirəm ki, bu, onun məhdud olması kimi başa düşülməsin. Yalnız mənfi sərhədləri göstərmək istədim. Biz əlbəttə, öz övladlarımızda daha çox bu məsələlərə diqqət yetirmişik.86



78. Ey atalar, ey analar! Cavanları evləndirməyə tələsin, şah dövrünün meyarlarından çəkinin!

Ola bilsin, deyəsiniz ki, indi məhərrəm ayıdır. Amma təmtəraqdan, israfçılıqdan və digər yanlış amillərdən uzaq olan İslam nikahı məhərrəm və qeyri-məhərrəm tanımır. Belə nikah həmişə mübarəkdir.

Ey cavanlar, ailə qurmağa tələsin. Ey ata və analar, ailə qurmağa hazır olan oğul və qızlarınızı evləndirin. Bu qədər çətin şərtlər qoymayın. Ey qız ataları, qızlarınızı pullu, kübar, vəzifəli və adlı-sanlı kürəkənlər üçün saxlamayın. Əgər bir cavan mömin, müsəlmandırsa, oğlan və qız hər ikisi müsəlman, eyni səviyyəlidirlərsə və nikah işləri hazırdırsa, onları evləndirin. Onların nikahı qarşısında bu qədər maneələr yaratmayın. Ey oğul ataları, xüsusən də oğul anaları və ey kürəkən olmaq istəyən oğlanlar, nikah zamanı İslam meyarlarına diqqət yetirin, həmişə gözəllik arxasınca getməyin. Nə qədər gözəl olmayan çöhrələr var ki, gözəl ürəklər üzərindədirlər. Gözəl olmadıqları üçün evdə qalmağa məhkum olan qızların nə günahı var?! Niyə bəziləri bu qədər zülm edirlər?! Niyə İslam dəyərlərini görməzliyə vururlar?! Nə üçün yaş və görkəm onlar üçün bu qədər həlledicidir?! Niyə bir qədər yaşlı olan, yaxud çox da gözəl olmayan mömin qızlar nikah nemətindən, ailə və uşaq tərbiyə etməkdən məhrum olmalıdırlar?! Belə pak qadınlardan tərbiyə alan övladın xoş halına! Xoş o kişinin halına ki, evində belə bir pak və müqəddəs xanımı var! Şah dövrünün meyarlarını özünüzdən kənarlaşdırın. Atalar, analar, nikah məsələsində Allahdan qorxun. Quran və İslam bizə bu qədər deyir ki, mehri ağırlaşdırmayın, ağır cehizlər dalınca getməyin, ad-san və vəzifə dalınca qaçmayın. Müsəlman oğlanın və müsəlman qızın hər ikisi dini görüşə sahib, hər ikisində mömin ürəyi... Bunlar bir-biri ilə eynidirlər. Qoyun müştərək həyatlarına başlasınlar! Bu məsələ haqqında mənə nə qədər müraciətlər olur! Cavanlar, oğlan və qızlar şikayət edib yola gəlməyən ailələrinin əlindən gileylənirlər; xüsusən də, bəzi qızlar ata-analarından. Mən bu müqəddəs zamanda, bu müqəddəs mövzu barəsində, bu böyük izdiham qarşısında, cümə namazı xütbəsində xahiş edirəm ki, Allahın hökmünə qayıdın, Allahın sözünə dəyər verin.87
79. Nə üçün ağır mehrlər?

Biz öz ləyaqətimizi sübut etməliyik. Məgər demirikmi Fatimeyi-Zəhranın (s) cehizi elə sadə idi ki, insan onları eşidəndə gözü yaşarır?! Məgər demirikmi o böyük xanım, dünya və dünyanın bərbəzəyi üçün heç bir dəyər tanımırdı?! Məgər günbəgün təmtərağı, zadəganlığı, bərbəzəyi və həyatın puç ünsürlərini artırmalı və qızlarımızın mehrini çoxaltmalıyıq?! Qabaqlar bəziləri nikah mehrini artırdıqda biz zarafatla deyirdik ki, bu qədər mehr təyin etmək istəyirsənsə, birdəfəlik de 72 qızıl. Amma indi görürük ki, 72 nədir, çox yüksək mehrlər gerçəyə çevrilmişdir. Doğrudan, nə olub?! Siz qız atası iddia edə bilərsinizmi ki, Fatimənin (s) atasının ardıcılısınız?! Belə olmaz! Biz bu vəziyyətimiz haqda düşünməliyik.88



Əlavə 1: Amerikada uşaqlara qarşı qayğısızlığın günbəgün artması

Karneqi Korporasiyası89

Biz bu gün bütün Amerikada sakit bir böhranın əlamətlərini müşahidə etməkdəyik. Üç yaşına qədər uşaqlar və onların ailələri çoxlu problemlərlə qarşı-qarşıyadırlar və bu acı durum günbəgün ağırlaşır. Bu şəraitdə uşaqların ah-naləsini eşitməkdən əlavə, övladlarının tibbi və ictimai qayğıları üçün lazımi şəraiti təmin etməkdə valideynlərin acizliyini və mövcüd durumdan davamlı şikayətlərini də müşahidə edirik. Əlbəttə, azyaşlı uşaqlar müqəssir deyillər, onlar cinayət törətməmiş, uyuşdurucu maddələrdən istifadə etməmiş və məktəbdən ixrac olunmamışlar.

Biz bu gün cəmiyyətimizdə uşaqların münasib inkişafına, onların valideynlərinin tərbiyəvi və iqtisadi ehtiyaclarına və həyata keçməyən istəklərinə diqqət yetirmirik. Siyasətçilərmiz çox nadir hallarda bu sahədə hansısa addım atırlar və beləliklə, azyaşlı uşaqlara və onların valideynlərinə aid problemlər cəmiyyətdə sakit böhran şəklində davam edir.

Azyaşlı uşaqların və onların ailələrinin vəziyyətini yenidən yada salın. 1993-cü ildə Amerikanın təhsil üzrə milli işçi qrupu rəsmi hesabatında yaydı ki, Birləşmiş Ştatların körpə və azyaşlı uşaqlarının təxminən yarısı öz həyatlarını yeni bir problemlə başlayırlar və böyüyüb inkişaf etmək üçün lazımi qayğı görmürlər. Ümumilikdə, bizim cəmiyyətmizin üç yaşa qədərki uşaqlarının çoxu aşağıdakı təhlükəli amillərin biri və yaxud bir neçəsi ilə üz-üzədirlər:

1. Valideyn tərəfdən yetərli qayğının olmaması;

Əksəriyyəti yeniyetmə olan amerikalı hamilə qadınların təqribən dörddə biri qayğısızlıqdan, yaxud qayğının azlığından əziyyət çəkirlər. Bu hamiləliklərin çoxu istənilmədən baş verir. Dünyanın sənaye ölkələri arasında Birləşmiş Ştatlar istənilməyən hamiləliklərə görə ilk yerlərdən birini tutur. Hamiləlik qabaqcadan planlaşdırılmış şəkildə olmasa, yaxud ana və övlad lazımi qayğı görməsələr, körpənin az çəki, əqli, fiziki və rəftar problemləri ilə doğulmaq riski olduqca yüksək olacaqdır.

2. Bir-birindən ayrı yaşayan valideynlər;

Talağın çoxluğu, ailələrin təkvalideynli olması, ailənin və cəmiyyətin qayğılarının azlığı övlad tərbiyəsi zamanı valideyni tənhalıq hissi ilə qarşı-qarşıya qoymuşdur.

3. Uşaqlara göstərilən qayğının azlığı;

Amerikalı anaların yarıdan çoxu öz uşağının birinci doğum ilində iş yerlərinə qayıdırlar. Belə anaların azyaşlı uşaqlarının əksəriyyəti hər həftənin ən azı otuz beş saatını uşaq saxlamaq üçün kifayət qədər imkanlara malik olmayan mərkəzlərdə və uşaq bağçalarında keçirirlər.

4. Kasıblıq;

Üç yaşına çatmayan uşaqlı ailələrin dörddə biri kasıb şəraitdə yaşayırlar. Bu ailələrin əksəriyyəti təkvalideynli olub, adətən, ananın himayəsində yaşayırlar. Yenə də onların əksəriyyəti təhlükəsizlik baxımından münasib olmayan mənzil və mərkəzlərdə, tibbi müəssisələrdən və ailələrə xidmətlə məşğul olan mərkəzlərdən uzaqda yaşayırlar.

5. Övladlara qarşı diqqətsizlik.

Amerikalı körpə və uşaqların yalnız yarısı mütəmadi olaraq valideynlərinin nağıl danışmasını eşidirlər. Valideynlərin çoxu övladlarının zehni inkişafına yetərincə diqqət ayırmırlar. Müəllimlərin bildirdiyinə görə, uşaq bağçasına gələn hər üç uşaqdan biri qavrayış cəhətindən lazımi səviyyədə olmur. Bütün bunlar övladların sağlam böyüməsindən əlavə, xalqımızın sərvətlərini də təhdid edən böhrana çevrilmişdir.


: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri
doc -> Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Dostları ilə paylaş:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə