Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil


Uşaqların ilk üçillik həyatının əhəmiyyəti



Yüklə 388,63 Kb.
səhifə4/5
tarix17.09.2017
ölçüsü388,63 Kb.
#569
1   2   3   4   5

Uşaqların ilk üçillik həyatının əhəmiyyəti

Uşaq həyatının ilk üç ili çox əhəmiyyətli başlanğıc hesab olunur. Bu dövrdə uşaqlar ailənin və valideynlərin xüsusi qayğısına ehtiyaclıdırlar. Valideyn və ekspertlər uzun illər öncə belə nəticəyə gəlmişlər ki, uşağın ilk üç ildə öyrəndikləri onun yeniyetməlik və hətta cavanlıq dövründəki müvəffəqiyyətinin təməli sayılır. Heç şübhəsiz, valideynlərin qayğısı altında və mühitin hərtərəfli nəzarəti ilə böyüyən uşaqlar, valideyn diqqətindən məhrum olub, qeyri-münasib mühitlərdə böyüyən uşaqlarla müqayisədə daha yaxşı qavrayış qabiliyyətinə malikdirlər. Son elmi nailiyyətlər bunları təsdiqləyir. Tədqiqatçılar yeni və güclü təhsil imkanlarından, xüsusən də uşaqların beyninin şəklinin çəkilməsindən istifadə edərək onların beyin inkişafını daha artıq diqqətlə öyrənə bilmişlər. Bu tədqiqatların səmərəsi olan beş önəmli məsələ uşaqların valideyninə öyrədilməli və bununla da onların sağlam həyata başlamaları üçün lazım olan mühitin yaradılmasına kömək göstərilməlidir:

1. Uşağın doğuşdan öncə və həyatının birinci ilindəki beyin inkişafı bizim əvvəllər bildiyimizdən daha sürətli və daha genişdir;

2. Uşaq beyninin inkişafı yaşadığı mühitin təsirlərinə sıx bağlıdır;

3. İlk mühitlərin təsiri uzun illər uşağın beyin inkişafına təsir buraxır;

4. Mühitin təsirləri təkcə beyin hüceyrələrinin və onların arasındakı əlaqələrin sayında yox, hətta bu əlaqələrin növündə də özünü göstərir;

5. Yeni tibbi dəlillərə görə, uşaq ömrünün əvəllərindəki stresslər onun beyin fəaliyyətlərinə mənfi təsir göstərir.

Bu risklər keçmişdəkindən daha aydın görünür. Münasib olmayan bir mühit uşaq beyninin funksiyasını və ümumi inkişafını təhlükə altına ala bilər. Nəticədə uşaq fiziki rəftar və düşüncə baxımından problemlər kütləsi qarşısında daha artıq təhlükəyə düşür. Bəzən onun təsirlərini aradan qaldırmaq mümkün olmur. Amma bunun müqabilində, uşağın düzgün inkişafı üçün yaranan şərait də çox önəmli ola bilər. Həyatın əvvəllərindəki yaxşı başlanğıc qavrayışın güclənməsinə və yuxarıda deyilən mənfi təsirlərin qarşısını almağa yardımçı olur. Əlbəttə, beyin inkişafı uşaqların inkişafına təsir göstərən və onların gələcəkdəki təhsil uğurlarına təminat verən amillərin yalnız biridir. Düzgün qidalanmaq, qayğıkeş ailə tərbiyəsi və sair bu kimi faktorlar kompleksi daha yaxşı nəticələr əldə etmək üçün kömək göstərir. Tədqiqatçılar bu faktorları aşağıdakı üç ümumi qrupa bölürlər:

1. Körpənin vəziyyətilə bağlı valideynə aid olan amillər, məsələn, doğuş zamanı körpənin münasib çəkidə olması və s.;

2. Övladın tərbiyəsində bir, yaxud iki etimadlı böyüyün iştirakı olan ailədəki düzgün nəzarət, uşağın inkişafına və tərbiyəsinə kömək göstərir;

3. İctimai dəstəklər, məsələn, təhlükəsiz və vətəndaş hüquqlarının riayət olunduğu bir cəmiyyətdə yaşamaq və s.

Bu amillər toplusu uşaqların inkişafının istiqamətləndirilməsində mühüm rol oynayır. Onlar ailənin iqtisadi səviyyəsi, ailədaxili münasibətlər, valideynin və uşağın düzgün qidalanması və sair bu kimi amillərlə birgə uşaqların düşüncə və fiziki inkişafına münasib şərait yaradır.


Amerika ailələrində ciddi dəyişikliklərin meydana gəlməsi

Son onilliklərdə Amerika ciddi dəyişiklikləri sınaqdan keçirib. Bunlar körpəli və uşaqlı ailələrdə sakit bir böhranın yaranmasına səbəb olub. Bu böhranı yaradan amillərdən söhbət edərkən adətən iki məsələ önə çəkilir: Dəyərlərin dəyişilməsi və günbəgün artan iqtisadi təzyiqlərin Amerika ailələrinə təsirləri. Valideynlər sürəkli olaraq işdən və ailə həyatından yaranan ikitərəfli təzyiqləri hiss edirlər. Amerika ailələrinin həyatındakı bu sıxıntıların yaranmasına aşağıdakı dörd açar amil bais olub:

1. İşləyən analar;

Valideynlər məişət xərclərini təmin etmək məqsədilə qazanc əldə etməyə daha artıq vaxt ayırmaq istəyirlər. Bu səbəbdən, özlərindən qabaqkı nəslin valideynləri ilə müqayisədə övladlarına daha az vaxt ayırırlar. Bu məsələ əsasən, anaların işləməsinə səbəb olan iqtisadi ehtiyaclardan doğur. Yetmişinci illərdə evdən bayırda işləyən analar az idi, amma indi onların yarısı işləyir. Valideynlərin çoxu etiraf edirlər ki, ailədə az olduqlarından, rahatlıq hiss etmirlər. Bu, onların valideynlik vəzifələrini düzgün yerinə yetirmək bacarığını itirmələrinə səbəb olur. Vaxtın azlığı analarda çoxlu stresslər yaradır, çünki onlar adətən, özlərinin ikinci iş növbələrində evdə olur və yalnız bu zaman ailə işlərini yerinə yetirir və övladlarına baxırlar.

Ailədən xəbərsiz halda iş yerlərində çalışan anaların çoxluğundan və onların uşaqlarını saxlayan mərkəzlərin keyfiyyətinin aşağı olmasından törəyən problemlər gərgin həddədir. İki geniş və çoxcəhətli araşdırma nəticəsində məlum oldu ki, Amerika evlərinin və uşaq bağçalarının çoxunda, uşaqların saxlanması və inkişafı vəziyyəti uşaq və körpələrin inkişafına mənfi təsir göstərəcək səviyyədə aşağıdır. Bu bağçalarda lazımi xidmətin göstərilməməsi təkcə uşaqların inkişafında yox, həm də valideynlərin, xüsusən də anaların iztiraba və təşvişə düşmələrində rol oynayır.

2. Təkvalideynli ailələrin artması;

Amerika ailələri üçün heç bir amil təkvalideynli ailələrin günbəgün artması qədər nigaranlıq doğurmur. 1950-ci ilə nisbətən belə ailələrdə böyüyən uşaqlar üç dəfə artmışdır. Bu artımın əsas səbəbi kimi iki məsələyə toxunmaq olar: Boşanmanın çoxalması və ailədən kənarda doğulan uşaqların sayının on dəfə artması.

Bu gün Birləşmiş Ştatlarda hər dörd uşaqdan biri təkvalideynli ailədə yaşayır. Təkvalideynli ailələrin çoxu yeniyetməlik dövründəki hamiləlikdən yaranmışdır. Amerikada hər il bir milyondan artıq yeniyetmə qız hamilə olur və bunların yarısı doğuşla nəticələnir.


Sakit böhran statistik rəqəmlərdə

Statistikalar göstərir ki, üç yaşına çatmayan 12 milyon amerikalı uşağın heyrətləndirici bir qismi özlərinin sağlamlığı və inkişafı yolunda bir və ya bir neçə problem səbəbindən əziyyət çəkirlər. İndi ailə sistemindəki statistikalara nəzər salaq:

1960-cı ildə Birləşmiş Ştatlarda doğuşun 5 faizi ailə qurmamış analara məxsus idi. 1988-ci ildə isə bu rəqəm 26 faizə çatdı;

Hər il bir milyon yeniyetmə qız hamilə olur;

Talaq göstəricisi günbəgün artmaqdadır. 1960-cı ildə hər il uşaqların 1 faizdən azı valideynlərinin ayrılmasını müşahidə edirdilər. 1986-cı ildə bu rəqəm iki dəfə artdı. 1993-cü ildə isə bütün uşaqların yarısı valideynlərinin boşanmasını görür və orta hesabla öz uşaqlıq və yeniyetməlik dövlərinin beş ilini təkvalideynli ailələrdə keçirirdilər;

Fiziki şiddətin hər üç qurbanından biri uşaqdır.


Uşaqlara qarşı diqqətsizlikdən doğan xərclər

Amerikada vergi verənlər hər il profilaktik tədbirlərə nisbətən müalicəyə daha çox pul xərcləyirlər. 1985-1990-cı illərdə Amerikanın yeniyetmə qızlarının hamiləliyinə 120 milyard dollar xərclənmişdir. Əgər bu qızlar 20 yaşdan sonra hamilə olsaydılar, 48 milyard dollar qənaət olunardı. Uşaqlı qızların 46 faizi 4 il dövlət yardımları ilə təmin olunurlar. Bu xidmət ailə qurmadan uşaq sahibi olan qızların 73 faizinə də göstərilir. 1991-ci ildə dövlət tərəfindən ailələrə götərilən yardımların federal xərcləri 20 milyard dollar, hamiləlik dövründəki spirtli içkilərin istifadəsindən doğan sindromların müalicəsi məqsədilə çəkilən xərclər isə təqribən 74,6 milyon dollar olmuşdur.



www.carnegie.org

Əlavə 2: Ailə böhran içində

Doktor Ceyms Dobsonla müsahibə

Uzun müddətdir ki, ənənəvi ailə institutu ciddi böhran qarşısındadır. Amerikada son siyahıyaalmadakı rəqəmlər ailələrnin vəziyyətinin nə qədər ağır olduğunu göstərdi. Həyəcan təbli çalan bu nəticələrə görə, nikah bağlamadan bir yerdə yaşayan kişi və qadınların qurduğu ailəyəbənzər mərkəzlər son 20 ildə 72 faiz artmışdır. Həmçinin təkcə ananın, yaxud atanın idarə etdiyi ailələrin sayı 25 və 62 faiz artımı göstərir. İlk dəfə olaraq ənənəvi ailələrin sayı bütün ailələrin 25 faizindən də azalmışdır. Bu gün körpələrin 33 faizi ailə qurmamış analara məxsusdur. Halbuki bu rəqəm 1940-cı ildə yalnız 3,8 faiz idi. Digər tədqiqatlar göstərir ki, 1960-1998-ci illər arasındakı 38 illik dövrdə rəsmi nikahı olmayan, lakin bir evdə yaşayan kişi və qadınlar 1000 faiz artmışdır.

Homoseksualların qurduğu ailələr dəhşətli dərəcədə çoxalıb, digər tərəfdən, biz həyatlarının üçüncü və dördüncü onilliyində ailə qurmayan qadınların sayının sürətli artımı ilə rastlaşırıq. Onlar tək halda övlad dünyaya gətirib böyütməyi arzulayırlar. Bu müsahibədə Doktor Ceyms Dobsonla belə yeni tendensiyalara qarşı seçməli olduğumuz mövqe və bu prosesin qarşısını almaq üçün vacib tədbirlər barədə söhbət açdıq.



-Sizcə, uşaqların dindar olmasında ailənin nə kimi rolu var?

-Klassik ailələr din təlimlərini yaymaqda indiyədək ən güclü amil olmuşlar. Möminlərin böyük əksəriyyəti uşaqlıqdan dindar olmuş və bu seçim onların valideynlərinin təsirindən meydana gəlmişdir. Hər hansı səbəb üzündən ailə ocağının məhv olması gələcək nəsillərin dinə olan iman və etiqadlarını da təhlükə altına salacaqdır. Bu gün Qərbi Avropada və digər dinsiz ölkələrdə bu hadisə baş tutub. İctimai fikir tədqiqatçılarından olan Corc Barna düşünür ki, əgər bir qız və ya oğlan on dörd yaşına qədər məsihilik dini ilə tanış olmasa, 14-18 yaşlarında onun məsihiliyə iman gətirməsi ehtmalı yalnız 4 faiz olacaq. Belə insanın qalan ömründə həzrət Məsihin dininə inanması ehtimalı isə yalnız 6 faizdir. Bu rəqəm inkaredilməz bir həqiqəti bəyan edir: Ailələr dinin yayılmasında həyati rol ifa edirlər.

Biz inkar edə bilmərik ki, ata və anaya sahib olan ənənəvi ailələr uşaqlar üçün ən sağlam mühitdir. Belə ailələr bizi birbaşa yenilməz cəmiyyətə sarı aparır.

-Əgər siz ailəyə ən çox zərər vuran bir amilin adını çəkmək istəsəniz, hansını seçərsiniz?

-Məncə, ən mühüm amil həyati sıxıntılardan və onun yorğunluqlarından yaranan qlobal şəraitdir: ailə üzvlərini yoran və bezdirən şərait. Bugünkü ailələrin uşaqlarından çoxunun evlənmək və ailə qurmaq üçün demək olar ki, heç bir pulları yoxdur.

Bizim hal-hazırkı cəmiyyətmizin oğlan və qızlarının 59 faizi hər gün axşam evlərinə qayıtdıqda, evdə heç kim olmur. Belə bir şəraitdə hər bir hadisə baş verə bilər. Bizim övladlarımızın çoxu davamlı olaraq onları sıxan pərişan bir dünya tələsinə düşmüşlər. Məncə, uşağın inkişaf dövründə valideynləri işləyən ailələrdə elə stress yaranır ki, bu, onların arasındakı münasibətlərin qırılmasına səbəb olur. Belə şəraitin nəticəsində uşaqların çoxu ömürlərinin qalan illərini məhrum vəziyyətdə keçirməli olurlar. Əgər belə yaşayış tərzindən çəkinmək üçün qlobal addımlar atılsa, bunun ailələrə boşanmanın azalması və ailədaxili münasibətlərin normallaşması kimi çox böyük müsbət təsirləri olacaq. Bu zaman uşaqların gözlədiyi vəziyyəti - daha artıq rifahı və onlarla digər müsbət təsiri də təsəvvür etmək olar.

Biz indiyədək bu məqsədə çatmaq üçün heç bir addım atmamışıq. Amma mən ümidvaram ki, xalqın böyük bir hissəsi qapıları möhkəm döymək kabusundan qurtulub desinlər: “Bizim indiki yaşayış tərzimiz axmaq tərzdir. Biz uşaqlarımızın tərbiyəsi üçün daha yaxşı yol seçməli və indiki həyat tərzimizi dəyişdirmək üçün bir qədər fədakarlıq etməliyik”.



www.fotf.ca/familyfacts

Əlavə 3: 1960-1970-ci illərdəki yeniliklərin ABŞ-da ailə strukturuna təsiri

Meqan Uilyamson90

1960-1970-ci illər Birləşmiş Ştatlarda ailə strukturunun əsaslı dəyişiklikləri ilə yadda qaldı. Bu zaman qadınlar günü-gündən özlərinin ailədəki ənənəvi evdar qadın rollarından imtina edib, iqtisadi zərurətlər olmadan muzdlu işçi qüvvəsinə çevrilməyə başladılar. Onlar əvvəllər yalnız kişilərə məxsus olan çoxlu işləri öz üzlərinə açıq görüb bu fürsətdən maksimum yararlandılar. İşçi qadınların artması ilə Birləşmiş Ştatlarda hamiləlik ciddi surətdə azaldı, boşanma artmağa başladı.

60-70-ci illərin bu özəl səciyyələri Birləşmiş Ştatların ailə strukturuna çoxlu təsir buraxdı. Ənənəvi olaraq qadınlar ailədə birinci tərbiyəçilər idilər və kişilər təkcə evdən bayırda işləyib yaşayış xərclərini təmin edirdilər. Sözügedən 20 ildə qadınların çoxunun işə başlaması ailə üzvlərinin funksiyasını çox dəhşətli dərəcədə dəyişdirdi. Ananın bütün günü, yaxud günün yarısını evdən bayırda keçirdiyindən, atalar və övladlar həftə boyu özlərinin ailədəki rollarını dəyişməyə məcbur olurdular.

Qadınların çoxunun iqtisadi zərurətlər olmadan işləməyə başlamasına rəğmən, bu ictimai dalğanın digər səbəbləri də vardı. Onun əsas səbəblərindən biri bu idi ki, qadınların ailədəki ənənəvi rolu heç kim, xüsusən də qadınlar tərəfindən müdafiə edilmirdi. Ananın işləməsinin uşaqlara və ana-uşaq münasibətlərinə zərərli olması inamının lazımi həddə müdafiə olunmaması səbəb oldu ki, uşaqları böyüdən yeganə insan kimi qadınların üzərinə düşən əziyyətlərin bir hissəsi götürülsün və qadınlar bayırda işləyə-işləyə də yaxşı ana ola bilmələrini güman etsinlər. Feminist görüşlərlə kəsişən bu dəyişikliklər Birləşmiş Ştatlar əhalisinin çoxlu qrupları arasında yayıldı və ailədə ciddi struktur dəyişikliklərinə səbəb oldu.
Uşaq tərbiyəsi sistemində dəyişikliklər

1980-ci illərdə təkvalideynli ailələrin artması ilə uşaq saxlamaq sahəsində əsaslı dəyişikliklər yarandı. Bu illər valideynlərin çox vaxt evdən bayırda olmağına və nəticədə uşaq bağçası sektorunun inkişafına şahiddir. Ailədəki bu dəyişikliklərin səbəbi ayrılmağın və boşanmanın çoxalması, anaların işləməsinin artması və hamiləliyin azalması idi. Bu üç amili nəzərə alaraq, valideynlərin çoxu üçün uşaqlarını saxlamağa münasib adam tapmaq böyük əhəmiyyət daşıyırdı. Bu adam onların görə bilmədikləri işi görməli idi. Buna iqtisadi imkanı çatmayan əksər valideynlər isə öz övladlarını uşaq evlərinə, yaxud gün boyu evdə olan xidmətçilərə tapşırırdılar. Hər halda, bütün valideynlərin buna imkanı çatmırdı, xüsusən də ailəni idarə etmək vəzifəsini daşıyan yalqız analar belə idilər. Bu anaların əksəriyyətinin uşaqları saxlayacaq qohum və tanışları da yox idi. Buna görə də, onlar ya uşaqlarını böyük övladlarına tapşırdılar, ya da evdə tək qoydular. Uşaqlar adətən, məktəb vaxtlarının bitməsindən analarının iş vaxtlarının bitməsinə qədər evdə tək olurdular. Belə uşaqları bu gün “kilidlənmiş qapıların uşaqları” adlandırırlar. Onlar hər gün bir neçə saat evdə tək qalırdılar, onlara nəzarət edəcək heç kəs yox idi.

Övlad tərbiyəsindəki bu dəyişikliklər gələcək nəslillərin tərbiyəsi fonunda Birləşmiş Ştatların gələcəyinə böyük ictimai təsirlər buraxır. Ən çox iqtisadi problemlərə və ya böyüklərin vaxtının azlığna görə uşaqlar ayrılarına tapşırılır: bəziləri məktəblərə, bəziləri də uşaq bağçalarına. Bu proses Birləşmiş Ştatlarda ictimai məsuliyyətin azalmasına və fərdiyyətçi meyllərinin artmasına səbəb olur.

www.lclak.edu



Əlavə 4: Sənaye ölkələrində nikahın azalması

Deyvid Olsonla91 müsahibə



-Sizcə, Amerikada nikahın vəziyyəti necədir?

-Məncə, Amerikada nikah məsələsi bir növ böhran yaşayır. Ər-arvadlar bir-birlərilə yaxşı münasibətdə olmaq istəyirlər, amma bunun yolunu bilmirlər. Dövrün “nikahsız birgəyaşayış” (vətəndaş nikahı) adlı yeni amilinə güvənərək, çoxları deyirlər ki, bizim evlənmək fikrimiz yoxdur, yaxud gec ailə quracağıq. Əgər ayrılmış olsalar, deyirlər çox güman ki, bir də ailə qurmayacağıq. Güman ki, insanlar bir-birləri ilə yaxın münasibətdə olmaq istəyirlər, amma özlərinə uyğun həyat yoldaşı seçməyi bacarmırlar. Digər tərəfdən, öz üzərlərinə heç bir məsuliyyət də götürmək istəmirlər.



-Yəqin ki, bu problem təkcə Birləşmiş Ştatlara aid deyil, dünyanın başqa ölkələrində də uyğun vəziyyət mövcuddurmu?

-Nümunələr göstərir ki, cəmiyyətlər nə qədər çox sənayeləşmiş, başqa sözlə desək, qərbləşmişsə, orada boşanma bir o qədər artmışdır. İyirmi il bundan öncə Yaponiyada boşanma çox az olurdu, amma bizim bugünkü cəmiyyətmizə oxşarlığı artdıqca, bunun statistikası da yüksəlmişdir. Beş il bundan əvvəl Çində boşanma hissolunmaz bir fenomen idi. Amma bu qısa müddət ərzində boşanmanın sayı və Pekində nikahsız birgəyaşayışlar ciddi surətdə artmışdır. Çünki Çin də Qərbin kapital mərkəzli sisteminə sarı hərəkət edir.



-İki dünya müharibəsi əsrin ən böyük hadisələrindən olmuşdur. Bu hadisələrin, müharibələrin nikahın zəifləməsinə və boşanmanın çoxalmasına özəl təsiri olubmu?

-Heç şübhəsiz. Məncə, boşanmanın ən böyük inkişafı İkinci dünya müharibəsindən sonra baş verdi. Qadınların çoxu müharibədən sonrakı yeni şəraitdə işləməyə başladılar. İş saatlarının bitməsindən və yoldaşlarının evə qayıtmasından sonra keçmiş münasibətlər öz yerini çox zəif əlaqələrə verdi. Belə bir şəraitdə qadınların başqa böyük bir qismi münasib həyat yoldaşı tapmaq üçün boşanmaya üz tutdular.

Bugünkü cəmiyyətdə o dövrdən fərqli bir şərait müşahidə edirik. Cəmiyyəti boşanmağa sövq edən ən böyük məsələ yeni həyatın stressləri və tələskənliyidir. Bu həyatda hər şey güclü surətdə sürətlənib. İşdə sürət cəmiyyət üzvlərinin hər birinin düçar olduğu zərurətə çevirilib. İnsanlar tənhalıq, başqa sözlə desək, başağrısı olmayan xəlvət bir yer tapana qədər bir-birləri ilə mübarizə aparırlar.

-Sizcə, ailə qurmaq ilahi bir adətdirmi?

-Müqəddəs kitaba müraciət etdikdə Adəm və Həvvanı ilk ər-arvad kimi görürük. Maraqlıdır ki, həyat yalnız bir cütlüklə başlayıb, məsələn, yeddi cütlüklə yox. Müqəddəs kitabın müxtəlif yerlərində ər-arvad barədə məsələlər bəyan olunmuşdur. Qadın və kişinin bir cütlük formasında olan yaşayışı tarix boyu mövcüd olmuşdur.



-Bu gün çoxları nikahsız yaşayışdan məmnundurlar. Siz nə üçün nikah üzərində bu qədər təkid göstərirsiniz? Sizcə, nikah ilə yaşayış belə yaşayış tərzindən üstündür?

-Bu məsələdə maraqlı bir məqam var. Uzun müddət belə yaşayış tərzini təcrübə edib və sonra bir-birilə nikahlı ailə quranların özləri də etiraf edirlər ki, onların nikahdan sonrakı münasibətləri qabaqkından fərqlənmişdir. Bəli, fərqlənmişdir, çünki ailə həyatında bir-birindən istədikləri və gözlədikləri başqa vəziyyətlərdə olduğundan fərqli olmuşdur.

Təəssüf ki, təqribən iyirmi il bundan qabaq ər-arvadlar valideynlərinin və cəmiyyətlərinin dəyər sisteminin əleyhinə geniş etirazlar göstərdilər. Amma nəticə nə oldu? Cəmiyyətdə “nikahsız birgəyaşayış” adlanan bu yaşayış tərzinə icazədən başqa bir şeyləmi nəticələndi? Bu gün modern cəmiyyətlərdə xalq daha ata və analarının həyatından, yaxud dinin rolundan heç bir əsər-əlamət görmürlər. Buna görə də müştərək həyatlarını davam etdirməyə ehtiyac duymurlar.

Nikah məsələsinin başqa bir cəhəti cinsi münasibətlərə qayıdır. Bugünkü şərait elədir ki, insanlar müştərək həyatdan belə bir şey ummurlar. Onlar cəmiyyətdə bu ehtiyaclarını asanlıqla təmin edə bilirlər. Bu səbəbdən, müştərək həyatdan xaric cinsi ehtiyaclarını doyurmaqla nikah məsələsinə dair məsuliyyət hiss etmirlər. Ümumiyyətlə, cinsi özbaşınalıq və nikahsız birgəyaşayışın adət halına çevrilməsi xalqı həddən artıq eqoist və ailəvi münasibətlərin dəyərlərinə laqeyd etmişdir.



-Belə bir vəziyyətin formalaşmasının ailələrə və övladların tərbiyəsinə nə kimi təsirləri vardır?

-Məncə, bu münasibətlər zəif olaraq qalacaqdır. Hətta əgər bir evdə yaşayan kişi və qadın övlad sahibi olsalar da, ciddi dəyişiklik baş verməyəcək. Normal nikahın ailələrə bəxş etdiyi, sıx münasibətlər və kişi və qadını hər bir halda bir-biri ilə yanaşı edən şövqdür. Bu növ nikahın başqa bir problemi budur ki, bu insanların bəziləri uzun illər ayrıları ilə də bir evdə yaşamışlar. Onlar öz-özlərinə deyirlər ki, əgər bu da yaxşı olmasa, başqa birisini seçəcəyəm. Bu, eynilə bir müştərinin bazardakı təsəvvürlərinə bənzəyir: əgər bu mal yaxşı olmasa, başqasını alacağam. Digər tərəfdən, bilmək lazımdır ki, övladlar hər bir ailədə dincliyə və asayişə ehtiyaclıdırlar. Lakin nikahlı ailələrin azalması ilə biz çoxlu ictimai problemlərin şahidi oluruq.



-Belə olan halda növbəti onillik üçün proqnozunuz nədir?

-Aydındır ki, bizim uşaqlarımız çoxlu problemlərlə rastlaşacaqlar və təbii ki, insanların çoxu nikahı gecikdirəcəklər. Çoxları deyəcəklər ki, biz öz valideynlərimiz, yaxud valideyn olan dost və qohumlarımız kimi boşanmağı təcrübə etmək istəmirik. Yaxşısı budur deyək ki, onlar nə edəcəklərini bilməyəcəklər. Çünki cəmiyyətdə onlara təqdim ediləcək münasib model qalmayacaq.



-Bəzi mütəxəssislər bu gün nikahın sonunu proqnoz edirlər. Siz bu nəzəriyyə ilə razısınızmı?

-Bu barədə kütləvi informasiya vasitələri və cəmiyyət tərəfindən çox güclü təzyiqlərlə rastlaşırıq. Ümidvaram ki, belə cəmiyyətlərdə nikah davam etsin. Baxmayaraq ki, mövcud vəziyyəti müşahidə edərkən buna da bədbin yanaşmamaq olmur. Biz, yəni Qərb adamları hər bir sahədə müştəriyə çevirilmişik, hər bir şeyə satlıq mal kimi baxırıq. Nikaha baxışımız da belədir.

www.visino.org

Əlavə 5: Qadınlar - media şiddətinin qurbanları

“Media Skop” qrupu

ABŞ Humanitar Xidmətlər İdarəsi şiddəti son on ildə qadınların ən əsas problemi kimi elan etmişdir. Yeni tədqiqatlar da uyğun böhranın artmasından xəbər verir. Aşağıda göstərilən statistikalar bu məsələnin müxtəlif cəhətlərini daha yaxşı göstərir:

1. ABŞ daxilində zorakılıq, amerikalı qadınlara zərbə vuran ən aydın və ən ümdə amildir. Kobud təcavüzlərin, cinayətkar zorakılıqlarının, qətl və qarətlərin günbəgün artması bunun nümunələrindəndir;

2. Hər yeddi amerikalı qadından biri həyatı boyu təcavüzə məruz qalır;

3. Hər iki dəqiqədə bir amerikalı qadına təcavüz olunur;

4. Hər doqquz saniyədə bir amerikalı qadın fiziki xəsarət alır;

5. Əldə olan məlumatlara əsasən, Amerika qadınlarının üçdə biri həyatının hansısa dönəmində həyat yoldaşı, yaxud oğlan dostu tərəfindən fiziki xəsarət alıb, yaxud cinsi cəhətdən sui-istifadə olunub;

6. Birləşmiş Ştatlarda qətlə yetirlən qadınların 30 faizi həyat yoldaşının, keçmiş həyat yoldaşının, yaxud oğlan dostunun əli ilə öldürülənlərdir.

Bəlkə də qadınlar əleyhinə zorakı cinayətləri sadə və aydın şəkildə sıralamaq mümkün deyil. Amma bu qədər məlumdur ki, bu sahədə həlledici amillərdən biri qadınların KİV-dəki təqdimatıdır. Qadınlar mediada çox vaxt şiddətin qurbanları və cinsi təcavüz obyekti kimi təqdim olunurlar. Tədqiqatçılar bu nəticəyə gəlmişlər ki, qadınların bu növ təsviri cəmiyyətin qadınlara qarşı düşüncə tərzində və rəftarında (mənfi) təsirlər buraxır. Filmlərin, televiziyanın, musiqinin və kompüter oyunlarının məzmunu qadınların, cinsi ehtiyacı təmin edən, zorakı səhnələri göstərən və zorla yanaşı olan cinsi münasibətləri təsvir edən bir alət olduğunu vurğulayır.

Qadınları aşağılayan belə görüntülər həmişə tənqid edilmişdir. Tədqiqatçıların qırx ildən artıq sürən elmi araşdırmaları göstərir ki, mediada göstərilən zorakılıqlar aqressiv rəftar və reaksiyaların formalaşmasında birbaşa təsirlidir.

Əldə olan çoxsaylı faktlara əsasən, media yayımlarında qadına mənfi baxış onların gündəlik həyatına təsir göstərir. Televiziya və kinoteatrlarda nümayiş etdirilən zor səhnələri üzərində aparılan tədqiqatlar göstərir ki, aqressiv məzmunlu və cinsi təhqirli iki filmə baxdıqdan sonra insanın sentimental duyğuları kor olur. Həmçinin araşdırmalar sübut edir ki, qadınlara qarşı cinsi təhqir və təcavüz səhnələrini müşahidə edən kişilər şiddətin bu qurbanlarına qarşı çox nadir hallarda öz duyğularını ifadə edirlər.



Əlavə 6: Ana olmaq şərəfi

Cesika Anderson92

Xanım Rozi cavan bir qadın simvoludur. Havard Miller tərəfindən çəkilmiş qolları çırmanmış rəsmində o, 1940-cı illərdə evlərinin ənənəvi prinsipini sındırmaq üçün çoxlu Amerika qadınlarının ilham mənbəyinə çevrilmişdi. Onlar əvvəllər kişilərə aid olan peşə və sənətləri öhdələrinə götürdülər. Bu kişilər İkinci dünya müharibəsində döyüşə cəlb edilmiş, yaxud könüllü surətdə müharibəyə yollanmışdılar.

Rozinin “Biz qadirik!” şüarı qadınların çoxunun ruhunu, canını və röyasını istismar etdi. Onlar iş bazarına daxil oldular və gözlənilmədən yaranmış geniş peşə imkanlarını sınaqdan keçirdilər. O zamandan indiyədək qadınlar həm təhsil, həm də sənət və peşə sahəsində iri addımlar atmışlar. İndi onların ixtiyarında olan fəaliyyət dairəsi sonsuzdur.

Bu gün qadınlar kişilərə nisbətən daha çox bakalavr və magistr dərəcələri alırlar. Doktorluq dərəcələrinin və iş yerlərinin təqribən yarısı onlara aiddir. Bundan hasil olan nəticələrin müsbət olmasına baxmayaraq, təəssüflü haldır ki, qadın gücünə və peşə sitayişi mədəniyyətinə təkid göstərmək bəzi yanlış təsəvvürlərin yaranmasına səbəb olmuşdur. Bu yanlış təsəvvürlər səbəbindən qadınların çoxu başqa rolu, yəni analığı qəbul etməyin dəyər və üstünlüklərinə diqqətsiz yanaşmışlar.


Yüklə 388,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə