ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə60/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   52   53   54   55   56   57   58   59   60

 
189
gedən mübarizədə illərin sınağından çıxmış, kifayət qədər tə-
sirli və orijinal vasitə hesab oluna bilər. 
Danışa-danışa bir də gördüm ki, konduktor çəkiliş qru-
punun arxa tərəfində dayanıb, bəri baxır. Bu adam mənə hör-
mət eləyib: bir qəpik də  xərcləmədən televiziyaya çəkilmək, 
müsahibə vermək imkanı yaradıb. 
− Bu yaxşılığın əvəzi çıxıl-
malıdı:  
– Biz sərnişinlər hamımız konduktorların və onları mü-
şayət eləyən polislərin işindən çox razıyıq. Bu adamlar bizim 
rahatlığımız üçün əllərindən gələni  əsirgəmirlər, hər birimizin 
qayğısına qalır, hörmətlə yanaşırlar. Çox sağ olsunlar. 
− Cüm-
ləni bitirib, konduktora və onu müşayət edən polisə baxdım. 
İkisi də gülümsəyirdi, yəni ki, halal olsun, yaxşı dedin. 
Sonra keçdim nöqsanlara:  
– Vaqonlar çox köhnədi, bunlarin ən azı 60-70 yaşı var. 
Bu ölkənin var-dövləti aşıb-daşır, dörd-beş vaqon almaq eləmi 
çətin işdi? Təzəsi yoxdu, heç olmasa köhnələrə əl gəzdirib, sı-
nan yerlərini düzəltmək, rəngləmək, yuyub təmizləmək, vaxta-
şırı dezinfeksiya eləmək olmazmı?  Əslində, bu vaqonlardan 
istifadə eləmək düz deyil, ən azı ona görə ki, bunlar hörümçək, 
bit-birə, taxtabiti yuvasıdı, infeksiya mənbəyidi. Bir az ləngiyə 
bilsəydiniz, taxtabitilərin mini yubka geymiş qızları necə dişlə-
diyini və onların da qıçlarını qaşıya-qaşıya necə qışqırdığını öz 
gözlərinizlə görərdiniz. Mən çox danışa bilərəm, amma uzun-
çuluq nəyə lazımdı? Vaqonlarda istilik sistemi yoxdu. Mənim 
deməyim artıqdı, gəlmişkən özünüz o qapı-pəncərəyə baxın, 
görün nə gündədi. Qış vaxtı burda yel vurub, yengələr oynayır. 
O qədər nöqsan var ki, heç bilmirəm hansını deyim...”                                   
Nöqsanlar barədə kifayət qədər danışıb, çıxışımı ta-
mamladım. Çəkiliş qrupu mənə təşəkkür eləyib, qonşu vaqona 
keçdi. 
Evə  gələndə dedim ki, gözdə-qulaqda olun, məni tele-
vizorda göstərəcəklər. Düz bir həftə ərzində “Lider” televiziya-
sının verilişlərini nəzarətə götürdük.Amma məni göstərmədilər. 
Əlimi üzdüm. “Boş şeydi, indiki zamanda kim kimi televizorda 


 
190
pulsuz göstərər?  Əlbəttə, heç kim. Allah bilir, nə  məqsədləsə 
çəkiliş aparırmışlar, təsadüfən məni də çəkdilər. Sonra görüblər 
ki, çıxışımda tənqidi məqamlar var, ona görə  də göstərməyi 
lazım bilməyiblər. Cəhənnəm olsun, çox elə lazımdı  mənə...” 
öz-özümə dedim. 
Aradan on gün keçəndən sonra iş yoldaşlarımdan biri 
mənə dedi ki, iki-üç gün bundan əvvəl səni televizorda gördüm. 
−  Nə danışırsan?! 
−    Hə, gözündə qara eynək, elektrik qatarında oturub 
danışırdın. 
− Nə deyirdim?  
− Tərifləyirdin: elektrik qatarı ekoloji cəhətdən təmizdi, 
rahatdı, ucuz və sərfəli nəqliyyat növüdür. Camaata göstərilən 
yüksəkkeyfiyyətli xidmətə görə razılığını bildirdin. 
− Vəssalam? 
− Vəssalam. Daha nə olmalıydı ki? 
− Bəs axı mən nöqsanlar barədə də danışmışam, o yeri 
vermədilər? 
−Yox.  Əvvəldən axıracan diqqətlə qulaq asmışam, 
nöqsanlar barədə bir kəlmə də danışmadın.  
− Ay dad, ona bax! Əclaflar o yeri kəsib atıblar. Heyf! − 
dedim. 
Əvvəlcə elə bildim ki, materialı bir dəfə efirə verdilər 
və bununla da iş bitdi. Amma maraqlıydı, elə tanışım vardı ki, 
deyirdi: “Bu yay səni üç-dörd dəfə televizorda görmüşəm.” 
Arada məzuniyyətə getdim. Qayıdanda isə tanıdığım 
adamların əksəriyyətindən eyni sözləri eşidirdim:  
– Son vaxtlar səni yaman tez-tez televizorda göstərirlər. 
Xeyir ola? 
Beləliklə, o yay mən televizorda vurçatdasın elektrik 
qatarlarını  tərifləmişdim.  Əslində isə, həmin dövrdə elektrik 
qatarlarının işi iflic olmuşdu: körpü tikintisiylə əlaqədar olaraq, 
qrafik dəyişmişdi, adi qələmlə tələm-tələsik yazılıb, stansiyala-
rın pəncərə və divarlarına yapışdırılmış müvəqqəti qrafiklərdə 
göstərilən vaxtda isə qatar gəlmirdi. 


 
191
Yayın cırhacır istisində Bakı kəndlərinin camaatı, bağ-
lara və dənizə istirahətə gedən şəhər sakinləri saatlarla gözləyə-
gözləyə qalmışdı, gic qoyun kimi, ora-bura vurnuxa-vurnuxa 
bilmirdilər neyləsinlər. Bir adam da çıxıb, adam balası kimi, 
mərd-mərdanə demirdi ki, ay camaat, elektrik qatarı işləmir və 
işləməyəcək, gedin başınıza çarə  qılın. Stansiya işçiləri məlu-
matsızlıqdanmı, ya da, bəlkə, bilərəkdən məsələni bir az da qə-
lizləşdirir, camaatı aldadıb, yalandan:  
– Gözləyin, qatar indilərdə  gəlməlidi, 
− deyirdilər. 
Qatar isə gəlmirdi.  
Yollarda gözləməkdən gözünün kökü saralmış camaatın 
necə zülüm çəkdiyini görəndə adamın yazığı gəlirdi. Hirsindən 
dişi bağırsağını  kəsən kişilər ilan kimi fısıldayır, söyüb-
söylənirdilər, qadınların gücü qarğışa çatırdı:  
– Bizi bu yollarda əsir-yesir eləyənlərin cəzasını Allah 
özü versin! Bizim onlara gücümüz çatmır, amma Allahın gücü 
çatar. İnşallah, çatar. Yığdıqlarını heç sağ-salamat yeyə bilmə-
sinlər, hamısı dava-dərmana getsin, irin-qan olub burunlarından 
gəlsin! 
Bütün bunları mən görür, xəcalət çəkir, utanıb yerə gi-
rirdim. Çünki artıq bilirdim ki, hadisələrin bu fonunda hər həftə 
çıxışımı efirə verir, mənim dilimlə camaata yalan deyirlər. 
− 
Özümü hansısa ağır cinayətin iştirakçısı kimi hiss eləyirdim. 
Tanışlarım isə məni görəndə gülümsəyib:  
– Balam, son vaxtlar səni televizorda yaman tez-tez 
göstərirlər. Gözündə qara eynək, elektrik qatarında oturub, bir 
danışırsan ki, elə hey tərifləyirsən: “bağ belə, bostan belə” 
deyirsən. 
Bakı
−Yalama qatarında soyuqdan qırılırdıq. Bizdən iki 
oturacaq qabaqda, üzü o tərəfə oturmuş kişi dedi: “Rusiyada 
elektrik qatarları elə    yaxşıdı ki, otuz dərəcə soyuqda da ha-
mam  kimi isti olur. Orda belə vaqona it də minməz.” 
Yol yoldaşlarıma dedim: 


 
192
− O kişi düz deyir. Mən indi Rusiyaya gedib-gəlmirəm, 
amma sovet vaxtı çox getmişəm. Bir dəfə qış vaxtı Pyatiqorsk-
dayam, iyirmi beş dərəcə şaxta var. Elektrik qatarına mindim. 
Bəh, o nə idi, İlahi! Vaqona girirsən, adamın ürəyi açılır: çiçək 
kimi tərtəmiz, oturacaqlar yupyumuşaq; elə də istidi, elə bil ha-
mamdı... 
Sonra mən dedim ki, qış vaxtı bu vaqonlarda yol get-
mək üçün gərək özünlə bir butulka araq götürəsən, üşüdükcə 
yüz-yüz vurasan. 
Yol yoldaşlarım mənimlə razılaşdılar. Sol tərəfimdə 
oturan kişi dedi: 
− Mən bu yolu tez-tez gedib-gələn adamam, qış vaxtı da 
elə siz deyən kimi eləyirəm. Amma bu dəfə  səhlənkarlıq 
elədim, gərək axşamdan araq alıb qoyaydım evə. Səhər də tez 
çıxdım, dükanlar açılmamışdı. Axşam bu qatarla qayıtmalıyam. 
Xaçmazda bir butulka araq alıb, özümlə götürəcəm. Başqa cür 
mümkün deyil, adam soyuqdan ölə bilər. 
− Eh, − dedim, − tutaq ki, biz kişilər araq içib donmadıq. 
Bəs qocalar neyləsin, xəstələr neyləsin, qadınlar neyləsin? Bəs 
o uşaq neyləsin? 
− deyib, bayaqdan bəri soyuqdan ağlayıb, sa-
kit ola bilməyən və artıq yorulub əldən düşərək, atasının yanın-
da sakitcə dayanıb, burnunu çəkən üç-dörd yaşlı uşağı göstər-
dim. Uşağın atası bu sözü eşidib, mən tərəfə baxdı, dinmədi, 
amma onun üzündə bir işıq göründü. Mən bilmirəm o işığın nə 
demək olduğunu sözlə necə ifadə eləmək olar? 
−  Nəqliyyat 
nazirinin villalarından birini, artıq lazım deyil, tək bircəciyini 
satsan, təptəzə bir elektrik qatarı alıb, Bakı
−Yalama marşrutuna 
buraxmaq olar və camaat da bu zilləti çəkməz. Bilmirəm hansı 
günahın yiyəsiyik ki, bizi belə  təhqir eləyirlər? Heyvan hey-
vandı, qış vaxtı onun da yiyəsi narahat olub, əl-ayağa düşür, 
pəyənin dəlmə-deşiyini tutur, külfəyə bir yabaağzı ot-əncər ba-
sıb bağlayır ki, mal-qoyunu soyuqdan donub tələf olmasın. O 
körpə  uşağın günahı  nədi ki, ona bu cür zülm eləyirlər? Ba-


 
193
yaqdan bəri fikir verirəm, yazıq uşaq sakit olub, özünə yer tapa 
bilmir. Ona bax, ağlamaqdan heyi də qalmayıb. 
− Belə deyəndə 
uşağın atası yenə də mən tərəfə baxdı. Amma onun üzündə işıq 
yox idi artıq, kölgə var idi-qorxu kölgəsi. İşığı sözlə ifadə eləyə 
bilməsəm də, kölgəni dərhal oxudum: “Qardaş, Allah xatirinə, 
durduğumuz yerdə heç nədən özünü də, bizi də  işə salarsan. 
Uşaqdı, üşüyüb, eybi yoxdu, narahat olmağa dəyməz. Biz kənd 
adamıyıq, canımız bərkdi, çətinliyə öyrəşmişik. Sən elə şeylərə 
fikir vermə”, 
− yazılmışdı o kişinin üzündə. Deməzdim ki, qor-
xu məni qorxutdu, amma tutulan kimi olub, üzümü çevirdim və 
yol yoldaşlarıma,  əsasən də, üzbəüz oturacaqda oturan sərni-
şinlərə baxa-baxa sözümə davam elədim: – Dinəndə elə danı-
şırlar, bağ belə, bostan belə. Amma yekə-yekə danışmaqla de-
yil, hər  şey göz qabağındadı. Budur, həqiqət, 
− deyib, çirkin 
içində itib-batan, buz kimi soyuq və üfunətli vaqonu göstərdim. 
− Qorxmalı bir şey də yoxdu, − bu sözü soyuqdan donan uşa-
ğın atasına ünvanladım. Yəni ki, başa düşmürəm, sənə nə olub, 
nədən qorxursan? Amma o tərəfə baxmadım: kişinin üzündəki 
qorxu məni çaşdıra bilərdi. 
−  Bəlkə, düz demirik? Kim inan-
mırsa, buyursun, gəlsin, öz gözüylə görsün. Necə deyərlər, bu 
meydan, bu da şeytan. 
Başımı qaldırıb, adamlara baxdım. Səsimi eşidənlərin 
demək olar ki, hamısı dinməzcə  mənə baxırdı. Mənim isə sö-
züm yox idi artıq. 
Bir pauza oldu. 
Elə bu vaxt növbəti stansiyaya yaxınlaşan qatar fısıl-
dayıb silkələndi və dayandı. Sərnişinlər hərəkətə gəldi, 
− deyə-
sən, burda çox adam düşəcək. Bu tərəflərə yaxşı bələd deyiləm, 
pəncərədən boylandım ki, görüm hansı stansiyadı. 
 
 
                                                                            2008-ci il     
 
    


 
194
SAHİLDƏKİ  QADIN 
 
Yayın axırlarıydı. Baxdım ki, camaat dənizdə çimir. 
“Bunlar ağıllı adamlardı, belə hava, bəlkə, bir də ələ düşmədi,”  
öz-özümə dedim və soyunub, mən də suya girdim.  
Şərq tərəfə üzürdüm. Sahildə bir qadın oturmuşdu, bil-
mirəm mənə əl elədi, yoxsa çağırdı, hər nəydisə ona tərəf üz-
düm. Qadın paltarını soyunmamışdı, amma çömbəltmə otur-
muşdu deyə, yubkası dartılıb dizindən yuxarı qalxmışdı. Mən 
sağ əlimi və ayaqlarımı yüngülcə tərpətməklə əsla çətinlik çək-
mədən özümü suyun üzündə saxlayaraq, qadınla söhbət eləyir-
dim, sol əlim onun sağ qılçının dizinə toxunurdu. Ağbəniz qa-
dındı, çoxdanın tanışları kimi danışsaq da, mən bunun heç 
adını da bilmirəm, çünki birinci dəfədi görürəm.  
Sahildən aralanıb, yenə suya baş vurdum və yenə şərqə 
tərəf üzdüm. Üzə-üzə də o qadın barədə fikirləşirdim – xoşuma 
gəlirdi. Mənimlə danışarkən gülümsəyəndə  ağzının  ətrafında 
sağ  tərəfdən  əmələ  gələn qırışlar göstərirdi ki, yaşı  qırxı ke-
çibdi.  
Bir də gördüm ki, dəniz suyunun səviyyəsi düşür. Tez 
bir zamanda dəniz elə dayazlaşdı ki, mən artıq üzə bilmədim və 
ayağa durub, sahildən sürətlə uzaqlaşmaqda olan sulara baxma-
ğa başladım. Dayandığım yer sıldırım yamac idi, amma suyun 
altında qalmasına baxmayaraq, adi dağ yamacı kimi, topuqdan 
yuxarı qalxan sarı otlarla örtülmüşdü. Lap aşağıda – suyun 
altından təzəcə  çıxmış otluqda bir qalaq ağappaq kubik daşı 
görüb öz-özümə dedim: “Bunlar burda nə tikir?” 
Suyun çəkildiyini görən kimi dənizdə çimənlərin hamısı 
tez-tələsik qaçıb, geyinməyə başladı. Mən yerimdən tərpənmə-
dən, uzaqlaşan sahil xəttinə baxırdım və  dəqiq bilirdim ki, su 
hansı sürətlə çəkilirsə, o sürətlə də geri qayıdacaq. Sakitcə göz-
ləyirdim, amma tələsik qaçıb geyinənlərə heç nə demədim: 
uşaq-muşaq öyrətməyə vaxtım yoxdu, onlar nə bilir dəniz nədi. 


 
195
Bir də gördüm ki, doğrudan da, dənizin səviyyəsi qal-
xır. Yamacı bir andaca su basdı və belimdən yuxarı qalxan ki-
mi suya baş vurub geriyə – günbatan tərəfə üzdüm. 
Qadın elə  həmin yerdə oturmuşdu. Mən sudan çıxıb, 
ona tərəf gedəndə ayağa durdu. İndi onun üzünü yaxından gö-
rürdüm və deməliyəm ki, təəccüblənmişdim: lap cavan adamdı, 
yaşı otuzdan çox olmaz. İlk baxış, doğrudan da, aldadıcı olur, – 
gənc və gözəl qadındı. Bir əlimlə onun belindən yapışıb, üzünə 
baxa-baxa: “Sən nə gözəlsən!” dedim. Biz azərbaycan dilində 
danışırdıq, amma bilmirəm nəyə görəsə bu sözü mən rus 
dilində dedim: “ Kakaə tı prelestc! ” Qadın özü haqda məlumat 
verib dedi ki, bədən tərbiyəsi institutunu bitirib, sonra da 
təhsilini universitetin filologiya fakultəsində davam elətdirib. 
− Oh, − dedim, − biz kolleqayıq. 
Gülümsədi, amma heç nə demədi və mənə elə gəldi ki, 
mənim kimliyimi o artıq bilir. Ondan soruşmadım ki, idmanın 
hansı növüylə məşğul olur və bədən tərbiyəsi institutunun hansı 
fakultəsini bitirib. 
Paltarımı büküb qoltuğuma vurdum və vur-tut yarımca 
addım məndən qabaqda quş kimi səkə-səkə yeriyən qadınla 
söhbət eləyə-eləyə, qarşı  tərəfdə görünən ağ  əhənglə  rənglən-
miş  məhəccərə  tərəf getdim. Məhəccərin o başındakı keçidə 
çatmamış, yaxındakı dar keçiddən sivişib meydançaya çıxdıq, 
elə həmin o anda gördüm ki, əsas keçidin pilləkəniylə iki kişi 
danışa-danışa aşağı düşür. Onlar biz tərəfə heç baxmadılar, am-
ma nəyə görəsə diqqətimi cəlb elədilər: biri enlikürək, orta-
boyluydu, o biri hündürboy, arğaz kişiydi, özü də siqaret çə-
kirdi. Kişilər sahil boyu baş alıb, bayaq qadının oturduğu yerə 
tərəf getdilər, adamlara qarışıb gözdən itdilər. 
Dar keçiddən sivişib meydançaya çıxdığımız yerdəcə 
dayanıb söhbət eləyirdik. Nə barədə danışdığımız yadımda de-
yil, amma, məncə, bunun elə bir əhəmiyyəti də yoxdur. Çünki 
nə desək, nə barədə danışsaq da fərqi yox idi: hər  şey ürəyi-


 
196
mizcəydi və neçə illərdi biri-birini tanıyan istəklilər kimi, şirin 
söhbətdəydik. 
Söhbətin lap şirin yerində qadın məhəccərin üstündən 
əyilib, dəniz tərəfə boylandı  və  mən soruşmağa macal tapma-
mış da niyə belə elədiyini izah elədi: 
− Bilmirəm bayaq pilləkənlə  aşağı düşən kişilərə fikir 
verdinizmi? Onlardan biri mənim  ərimdi; ortaboy, enlikürək 
yox, o biri. 
Qadın belə deyəndə  mən tutuldum: bunun gözünü qan 
örtüb nədi,  ərinin gözü qabağında nə hoqqa çıxardır? – Bir 
andaca kefim pozuldu, amma üzə vurmadım. 
− Fikir verdim, − dedim. − Bildim kimi deyirsiniz: hün-
dürboy, arğaz adamdı, pilləkənlə düşəndə də siqaret çəkirdi. 
−  Hə, bax o mənim  ərimdi.  İndi baxıram  görüm  hara        
getdilər. Deyirəm, nə desən olar, gedib, oralarda uşaq-muşağı 
öyrədib üstümüzə göndərərlər. 
Bəli də, işə düşmüşük. İndi də bir o qalıb ki, bunun əri 
gedib, o tərəfdə dörd-beş  məhlə  uşağı tapıb üstümə göndərə. 
Qəribə adamlar var dünyada: əri burda dost-tanışıyla gəzib do-
lanır, bu da məni şirnikdirib yanına salıb gəzdirir.  
Əlbəttə, mən onun xətrinə dəyə biləcək hansısa bir sözü 
dilimə  də  gətirə bilməzdim. Amma, hər halda, olduqca ehti-
yatla, çox yumşaq formada soruşmaq lazımdır ki, bu nə işdi be-
lə? Tələsmək lazım deyil, gözləyək görək özü nə deyir, neylə-
mək fikrindədir. 
Yuxudan ayıldım. “Gecənin nə vaxtıdı, görəsən, saat 
neçədi?” öz-özümə dedim, işığı yandırıb, saata baxdım: gecə 
saat üç idi. İşığı söndürüb, yatmağa çalışsam da, bacarmadım: 
həyəcanlandım, ürəyim  şiddətlə döyünürdü. Səhər tezdən işə 
getməliyəm, əgər gördüyüm yuxunun təsirindən xilas olub yata 
bilməsəm, işdə bütün günü başım ağrıyacaq, özümü pis hiss 
eləyəcəm. Yatmaq üçün gözümü yuman kimi də yuxuda gör-
düyüm qadın sanki real həyatdaymış kimi, xəyalımda cilvələ-


 
197
nirdi: ağ bənizi, üzünün zərif dərisi, şirin danışıb-gülməyi hələ 
də  məni həyəcanlandırırdı. Eyni zamanda da rus dilində ona 
dediyim söz beynimdə səslənirdi: “Kakaə tı prelestğ!” 
Yuxum ərşə çəkilmişdi, yerin içində o üzə-bu üzə çev-
rilirdim. Özümü sakitləşdirib, qadının fikrini beynimdən çıxara 
bilmirdim.
− Yox, belə getsə, yata bilməyəcəm. Nə var, nə var 
yuxuda bir qadın görmüşəm. Adam yuxuda çox şey görə bilər.  
Birdən hiss elədim ki, qəlbimdə  qəribə bir istək baş 
qaldırıb: yatıb, yuxuda o qadını bir də görmək istəyirdim. Mən 
uşaq deyiləm, minlərlə, onminlərlə yuxu görmüşəm və  dəqiq 
bilirəm ki, yuxunun davamı olmur. Bilmirəm sentimentallıqmı 
deyim, yoxsa sadəlövhlükmü, ya da, bəlkə, yuxulu beyinin 
mənasız düşüncələrimi deyim, amma, hər halda, o gecə mən o 
qəribə arzunun reallaşacağı ümidiylə də yuxuya getmişdim. 
Stolüstü saatın zəngi vuranda da mən yuxu görürdüm. 
Saatın düyməsini basıb, zəng səsini kəsdim və dərhal da durub 
geyinməyə başladım, 
− vaxt itirmək olmaz, işə gecikərəm. Qat-
ma-qarışıq yuxular görmüşdüm, ona görə  də yaxşı yatıb din-
cələ bilməmişdim, başım ağrıyırdı. Yuxuda gördüyüm qadın 
düşdü yadıma, dərhal da yaddaşımı  ələk-vələk elədim ki, gö-
rüm onunla bağlı nə görmüşəm.  
Nə  qədər çalışsam da, bir şey çıxmadı, gecəki qatma-
qarışıq yuxulardan yalnız birini - lap axırıncını xatırlayırdım. 
...Hansısa qəzetin, ya da, deyəsən, jurnalın redaksiya-
sındaydım. Orada işləyən tanışlarımdan biri redaksiyanın digər 
əməkdaşlarına sezdirmədən him-cimlə, pıçıltıyla dedi ki, bir 
yaxşı şer yazmışam. “Nə danışırsan?!” dedim. Dostum sağ əlini 
üzünə vurdu və həmin əlinin baş barmağını yuxarı qaldırdı, yə-
ni ki, canım üçün, düz deyirəm, əla şerdi. “Ver baxım”, dedim. 
Dostum:  
– Burda yoxdu, 
− deyib, təəssüflə çiynini çəkdi. Sonra 
da yadına nəsə düşübmüş kimi: 
− Bir dəqiqə gözlə, − dedi və 


 
198
oturub, nəsə yazmağa başladı. O saat bildim ki, həmin o əla 
şeri yazır.  
Vur-tut ikicə barmaq enində olan əzik-üzük vərəqə qara 
mürəkkəblə yazılmış  cızma-qaranı oxuya bilmədim, başımı 
qaldırdım ki, deyəm: “Bu nədi belə? Elə yazmısan ki, oxuya 
bilmirəm”. Nəzərlərimiz toqquşdu. Dostum dərhal da əlinin 
işarəsiylə soruşdu: “Necədi?” 
Əslində, bu heç şair deyil, tənqidçidi, şer yazmağa təzə-
likcə başlayıb. Ümid dolu gözləriylə elə baxırdı... Onun qəlbini 
qırmaq insafsızlıq olardı  və  mən sağ  əlimin baş barmağını 
yuxarı qaldırdım, yəni ki, əladır.  
– Doğrudan?! 
− dostum dedi, gözləri sevinclə parladı. 
Üzümə ciddi bir ifadə verib, “düz sözümdü, yaxşı yazmısan, 
halal olsun,” 
− dedim. Sözümü tamamlayan kimi də saat zən-
ginin səsi məni yuxudan oyatdı. 
Qatma-qarışıq yuxulardan yadımda qalan ancaq bu olub. 
− Bütün gecəni yatıb, səhərəcən yüz yuxu görsəm də, oyananda 
ancaq birini: lap axırıncını xatırlayıram. Amma, buna baxma-
yaraq, yaddaşımı ələk-fələk eləyib, redaksiyada şer oxuduğum 
yuxudan əvvəlkiləri yadıma salmaq istəyirdim. Bilmirəm nəyə 
görəsə, məndə belə bir inam vardı ki, o qadınla bağlı yuxunun 
davamını görmüşəm.  
Səhər idmanı elədim, üzümü qırxdım, dişlərimi  şotka-
ladım, çay içdim, səhər yeməyi yedim. 
− Yuxuda gördüyüm 
qadının fikri beynimdən çıxmırdı.  
İşdə  də bütün günü o qadın barədə düşündüm. Amma 
yuxunun davamı yadıma düşmədi. 
 
2008-ci il 
 
            


 
199
MÜNDƏRİCAT 
 
MÜƏLLİFDƏN ............................................................................................  3 
 
AQONİYA (roman).......................................................................................5 
 
ZÜLMƏT  GECƏLƏRDƏ (povest)...........................................................105 
 
HEKAYƏLƏR...........................................................................................149 
 
BİR  TERMOS  ÇAY ............................................................................... 150 
ÖZÜNƏBƏRAƏT ....................................................................................  155 
ODUN ....................................................................................................... 159 
AXŞAMBAZARI .....................................................................................  162 
BİR  YAY  GÜNÜ ................................................................................... 169 
BAĞLARIN   URA  VAXTI .................................................................... 174 
QIRXYARPAQ  GÜLÜ ........................................................................... 178 
MÜSAHİBƏ .............................................................................................  185 
SAHİLDƏKİ  QADIN .............................................................................. 194 


 
200
 
 
 
«Nərgiz-R» Nəşriyyat-Poliqrafiya firması. 
Baş direktor: Hidayət Musabəyli 
 
 
«Nərgiz» nəşriyyatı. 
Teхniki redaktor: Kəmalə Məmmədova 
Korrektor: Yasəmən İsmayılova 
Dizayn: Yeganə İmanova 
 
 
Mətbəə müdiri: Akif Musayev 
 
Çapa imzalanmışdır: 30.04.2008. 
Kağız formatı: 60х84  1/16. 
Həcmi: 12,5 çap vərəqi. 
Tiraj: 250 nüsхə; Sifariş: 632. 
 
 
 
- ÍßØÐÈÉÉÀÒÛ
ÿðýèç 
 
 
 
Azərbaycan Respublikası Mətbuat və İnformasiya 
Nazirliyi tərəfindən 1998-ci ildə qeydə alınmışdır.  
Şəhadətnamə № 45. 
Ünvan: 8-ci km qəsəbəsi R.Rüstəmov küç. 36 
Əlaqə telefonları: 423-69-53; 
                                     050-738-37-22. 
 

Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə