1 FƏLSƏFİ FİKRİMİZİN ÜmumbəŞƏRİ qayəSİ VƏ İdeoloci baryeri keçMƏk cəhdləRİ



Yüklə 189,55 Kb.
tarix25.06.2018
ölçüsü189,55 Kb.
#51064



1-5. FƏLSƏFİ FİKRİMİZİN ÜMUMBƏŞƏRİ QAYƏSİ

VƏ İDEOLOCİ BARYERİ KEÇMƏK CƏHDLƏRİ

Sənət adamları və riyaziyyatçılar şöhrət çələngini tez geyi­nirlər. Müdriklik isə adətən ömrün yetkin çağında gəldiyindən fəl­səfədə gənc yaşlarından uğur qazanan insanları barmaqla saymaq olar. 31 yaşından (1939-cu il) başlayaraq Azərbaycanda fəlsəfə və ictimai-siyasi elmlərə rəhbərlik edən, 37 yaşında (1945-ci il) akademik olan, Azərbaycan Elmlər Akademiyasının əsasını qoyan və onun ilk vitse-prezidenti seçilən Heydər Hüseynovun hikmət çırağı, nə yaxşı ki, tez şölələndi və xalqımızın milli ideya tarixinin ən çətin bir dövrünə işıq saldı. Repressiyalardan sarsılmış Azərbaycan mlli məfkurəsinin yeni dövrün nəbzini tuta bilən yeni dühalara ehtiyacı var idi. Belə çətin bir məqamda milli şüurun tarım çəkilmiş və incəlmiş varislik körpüsünü dağılmaqdan xilas etmək üçün tale Azərbaycana Heydər Hüseynov şəxsiyyətini bəxş etdi.
Dövrün faciəsi
XX əsr Azərbaycanın dövlətçilik tarixində ən mürəkkəb, çətin və eyni zamanda ən şərəfli dövrlərdən biridir. Bu dövrdə si­ya­si həyatın təbəddülatları ictimai-siyasi fikrin də oyanışı, böhranı və sıçrayışlı inkişaf məqamları ilə zəngin olmasını şərtləndirmişdir. Milli fikrin oyanışı ilə siyasi repressiyalar və ideoloji məhdud­laş­dır­ma­lar eyni dövrə təsadüf etdiyindən siyasi, ictimai və fərdi şüur­dakı ziddiyyətlər bir çox fərdi faciələrin də səbəbinə çevril­mişdir.

Böyük şəxsiyyətlərin faciəsi də böyük olur. Ötən əsrin əvvəl­lərində Azərbaycanda gedən milli oyanış və milli-siyasi özü­nü­dərk prosesləri ictimai şüurda böyük iz qoymuş və iki illik de­mo­kratik cümhuriyyət müddətində inkişaf tapmış milli dövlətçilik şüuru ilə birləşərək milli-siyasi şüurun formalaşması üçün əlverişli zəmin hazırlamışdı. İyirminci illərdə ədəbi-bədii yaradıcılığın və milli məfkurənin oyanış və inkişaf dağaları öz siyasi hakimiyyətini və ideologiyasını ictimai həyatın bütün sahələrinə transformasiya etməyə çalışan bolşevizm ilə üzləşməli oldu. Otuzuncu illərdəki siyasi repressiyaların Azərbaycanda həm də bütövlükdə ziyalılara qarşı bir irtica səciyyəsi daşıması bu amil ilə bağlı idi. Belə ki, məhz Bakı hələ çar Rusiyası dövründən yeni iqtisadi münasibət­lərə keçid və milli burjuaziyanın yaranması, milli fikrin oyanışı sahəsində digər bölgələrdən kəskin şəkildə seçilirdi və buradakı repressiyalar da SSRİ-nin başqa ərazilərindəkindən fərqli olaraq, siyasi ideoloji mülahizələrdən başqa, həm də milli-siyasi və mədəni-mənəvi məzmun daşıyırdı.

Otuzuncu illərdə ictimai-siyasi həyata təzəcə qədəm basan gənclər isə kommunist ideologiyasının açdığı yolla irəlilədiyindən təhlükəli görünmürdülər. Lakin uşaqlıq illərində formalaşmış milli qürur, dövlətçilik və xalqına sədaqətli xidmət hissiyyatı o dövrdə yetişən gənclərin bir qisminin zehnində, təhtəlşüur qatında hələ qalmaqda idi.

Sosialist quruluşunun yaratdığı bütün imkanlardan istifadə edərək xalqına xidmət göstərmək, milli-fəlsəfi fikir tarixini, ədəbi-bədii və milli-mənəvi dəyərləri öyrənməklə xalqın genetik yadda­şını bərpa etmək, siyasi-ideoloji müstəvidə qadağan olunmuş milli dövlətçilik məfkurəsini, heç olmazsa, bədii ədəbiyyat, mənəvi mə­də­niy­yət prizmasından keçirərək yaşatmaq – bütün bu istəklər ötən əsrin iyirminci-otuzuncu illərindəki elitar gəncliyin zehninə və qəl­binə hopmuşdu. Səməd Vurğun, Rəsul Rza, Heydər Hüseynov, Mir­zə İbrahimov kimi gənclər ictimai-siyasi və milli-mənəvi həyata artıq sosializm cəmiyyətində qədəm qoyduqlarından və bu cəmiy­yətin tələblərini mənimsəmiş olduqlarından daxili aləm­lərindəki ziddiyyətləri mümkün qədər büruzə vermədən fəaliyyət göstərmək məcburiyyətində idilər. Babaların gen yaddaşını qırmızı bolşevik dəbilqəsində yaşatmaq və yeni nəsillərə təqdim etmək kimi çətin bir vəzifəni icra etməli olan bu şəxsiyyətlərin faciəsi – dövrün faciəsi idi. Hələ əsrin əvvəllərində özünü təsdiq etmiş, yaradıcılıq istiqaməti və üslubu formalaşmış Mirzə Cəlil kimi, Hüseyn Cavid kimi şəxsiyyətlər yeni dövrə uyğunlaşa bilməyərək, onunla üz-üzə dayanmaq məcburiyyətində idilər. Daha doğrusu, dövr, ictimai-siyasi mühit özü onlarla üz-üzə dayanmışdı.

Nisbətən sonrakı nəsl üçün isə başqa bir aqibət hazırlanmışdı. Bu aqibəti yaşamaq məcburiyyətində olanlardan biri də Heydər Hüseynov idi. Yeni cəmiyyətin «yetişdirməsi» olan, kommunist ideologiyasının, marksist-leninçi fəlsəfənin mərkəzində dayanan, lakin milli varlığına bağlılığı qəlbindən çıxarıb ata bilmə­yən, sosialist cəmiyyətinin verdiyi bütün imkanlardan məhz millət üçün, xalq üçün istifadə etməyə çalışan, milli mənəviy­ya­tımız, mədəni-mənəvi dəyərlərimiz, əbədi-bədii və fəlsəfi abidələrimiz kommunist ideologiyasının labirintlərindən keçirib yaşatmaq uğrunda çalışan və bu sahədə böyük uğurlar qazanan Heydər Hüseynovun daxili ziddiyyəti, görünüşü ilə mahiyyəti arasındakı fərq günlərin bu günü bolşeviklərin diqqətini cəlb etsə də, artıq o öz işini görmüşdü. Milli məfkurənin estafeti yeni nəslə ötürülmüş­dü. Əlbəttə, əslində çox gənc olan, yaradıcılıq enerjisi aşıb-daşan 42 yaşlı akademik millət üçün hələ çox işlər görə bilər­di. Lakin onun cismani həyatı dayandırıldıqda əsas missiya artıq yerinə yetirilmişdi. Milli mənəviyyatın, ictimai fikir tarixinin, döv­lət­çilik şüurunun, ədəbi-bədii və fəlsəfi dəyərlərin qırmızı ter­ror baryerin­dən keçirilərək yeni nəslə ötürülməsi ilə mənəvi tarixin kəsilməzliyi təmin olunmuşdu. Bu proseslərin ictimai təşki­latlanması da artıq başa çatmışdı: kafedralar, fakültələr, elmi-tədqiqat institutları ya­ra­dılmış, Akademiyanın ictimai və humani­tar elmlər bölməsi­nin fəaliyyəti mütəşəkkil və müntəzəm xarakter almışdı BDU-nun nəzdindəki fəlsəfə fakültəsinin ilk mə­zun­ları ilk milli kadrlar olaraq təkcə marksist-leninçi fəlsəfənin deyil, həm də Azərbayca­nın fəlsəfi və ictimai-siyasi fikir tarixinin tədqiqinə cəlb etmişdi.

Bununla belə, şəxsiyyətin yoxluğu sonrakı daha böyük vəzifələrin həyata keçirilməsinə imkan vermədi…



Millətin faciəsi


Millət özünüdərk səviyyəsinə qalxa bilmədikdə, milli hissi­y­yat rasional düşüncəyə və oradan ictimai-praktik fəaliyyətə yö­nəldilə bilmədikdə, ancaq ayrı-ayrı böyük şəxsiyyətlərin məfku­rə­sində yaşayan milli ruhun geniş ictimai təbəqələrə ötürülməsi və ictimai şüurun strukturunda qərarlaşması mümkün olmadıqda millə­tin faciəsi qaçılmazdır.

İctimai şüurla, kütlənin hissiyatı ilə istədiyi kimi manipul­ya­si­ya edə bilmək üçün milli ruhun təklənmiş daşıyıcılarına qarşı repressiya imperiya siyasətinin ayrılmaz tərkib hissəsidir. Lakin bu repressiya çox vaxt Mərkəzin əli ilə deyil, milli ruhdan məhrum edilmiş, manqurtlaşmış, «milli» kadrların öz əli ilə həyata keçirilir.

Otuzuncu illərin repressiyası zamanı Kremlin, Mircəfər Bağırovun, yoxsa yerli ermənilərin daha fəal rol oynaması barədə bəzən mübahisələr gedir. Lakin əslində, bu tərəflər bütöv bir prosesin iclasında müxtəlif funksiyaları yerinə yetirməklə bir-birini tamamlayırdılar. Proseslərin ümumi prinsipləri «yuxarıdan» veri­lir, yerli rəhbərlik tərəfindən icra olunurdu. Ermənilərin işti­rakı isə bu aksiyanın daha «effektli» həyata keçməsi, say-seçmə insanlara, «ideoloji düşmənlərdən» daha çox, məhz milli ruhun daşıyıcılarına yönəldilməsinə xidmət edirdi.

Heydər Hüseynova qarşı repressiyanın əsas ilhamçısı və subyekti isə bilavasitə Mircəfər Bağırovun özü idi. Ona görə də, bir sıra tədqiqatçılar bu hadisəni imperiya siyasəti kontekstindən və deməli, mahiyyətdən ayıraraq hadisələr kontekstində təqdim edirlər. Və bu zaman manqurtlaşmış «milli» kadrların «mənəm»­liyi, şəxsi maraqları və siyasi qısqanclıq hissləri ön plana çəkilir. Professor Eldar İsmayılovun həmin dövrün tarixinə həsr olunmuş kitabında da Heydər Hüseynovun intiharında Mircəfər Bağırovun mövqeyi və şəxsi fəallığı əsas arqument kimi götürülür.1 Müəllif Heydər Hüseynovun ikinci dəfə Stalin müka­fa­tına təqdim olunarkən Mircəfər Bağırovun iradəsindən asılı olmayaraq, bilavasitə Moskvanın himayəsinə istinad etməsi faktını faciənin əsas səbəbi kimi göstərir. Kimin isə Moskva ilə birbaşa əlaqədə olması və müstəqil addımlar atması o vaxt Azərbaycanda şəriksiz lider olan Mircəfər Bağırovun xoşuna gələ bilməzdi. Ona görə xaraktercə despot olan Mircəfər Bağırov Heydər Hüseynova qarşı kompromat axtarır və bu məsələdə akademikin axırıncı kitabında Şeyx Şamilə simpatiyasından istifadə edir. Bunun üçün Şamil hərəkatına və müridizmə münasibətin dəyişdirilməsinə nail olur və bu yeni platformadan çıxış edərək Heydər Hüseynovun əvvəlcədən yazıb çap etdirdiyi kitabına qarşı hücumlar edir. Bu vaxt Heydər Hüseynovun nüfuzu bütün İttifaq miqyasında o dərəcədə böyük idi ki, bunun üçün əvvəlcə ÜKP (b) MK-nın katibi Q.Malenkova məktub yazır, sonra isə şəxsən Stalinin razılığını alır.1

Hadisələrin görünən tərəfi belə idi. Moskva dura-dura Azərbaycanın öz rəhbərliyi repressiya təşəbbüsü ilə çıxış edirdi. Bu faktdır və millətin faciəsidir. Bu faciə Hüseyn Cavidin «Topal Teymur» əsərinin finalında, Yusif Səmədoğlunun «Qətl günü» romanında şairin hökmdara müraciətində, Bəxtiyar Vahabzadənin «Özümüzü kəsən qılınc» əsərinin sərlövhəyə çıxarılmış mənasında və onlarca bu cür əsərlərdə böyük sənətkarlıqla qələmə alınmışdır. «Sapı özümüzdən olan baltalar», «ağacı içindən yeyən qurdlar» haqqındakı fikirlər atalar sözlərinə, zərb-məsəllərə çevrilmişdir.

Lakin bu heç də bəzilərinin düşündüyü kimi bir milli xüsusiyyət, milli mentalitet faktı deyildir. Məqsəd bu hadisələrin arxasında milləti məqsədyönlü surətdə bu faciəyə sürükləyən, qılıncı qılınca kəsdirən, manqurtlaşdıran və ananı oğlun əli ilə öldürən incə və məharətli imperiya siyasətinin köklərini açmaqdır. Millətin anti-millimündəricədən xilas ola bilməməsinin səbəbləri onun öz daxilində deyil, daha böyük miqyaslı proseslərin yönəldici qüvvəsində axtarılmalıdır.

Düzdür, bu gün biz imperiya buxovlarından azad ikən mil­li­­li­yimizi bərpa olunmuş zənn edirik. Lakin qlobal siyasətlər cildini də­­yişir və hər zaman yeni formalarda ortaya çıxır. İmperi­ya­dan xi­­las olub qloballaşma dalğalarının qoynuna atılan millətlər özü­nü­dərk yolunda hələ çox faciələr yaşamalı olacaqlar. Lakin faciəni hə­lə faciə kimi qavramaq qabiliyyəti itməyibsə, buna şükür etmək la­zımdır. O gündən qorxmaq lazımdır ki, millət öz düşdüyü və­ziy­yə­ti dəyərləndirə bilməsin, ondan feyziyab olsun və hər şeyi qırmızı rəng­də təsvir etsin. Milli daltoniklərin müalicəsi isə təəssüf ki, hələ tapılmayıb.

Çingiz Aytmatov manqurtlaşmanın səbəbini kənar qüvvə­də, iş­ğalçıların məqsədyönlü fəaliyyətində axtarmaqla bu məsələyə mü­nasibətdə daha dərinə getmiş, oğulları anaya, Vətənə qarşı yö­nəl­­dən, beyinləri millilikdən və övladlıqdan «təmizləmə» İmpe­ri­ya siyasətinin iç üzünü göstərməyə çalışmışdır. Bəli, Heydər Hüsey­no­vun intiharında daha qabarıq şəkildə üzə çıxan, əslində isə hə­min dövrdə yaşayan milli ruhlu bütün şəxsiyyətlərə qarşı yö­nəl­dil­miş mənəvi repressiyanın kökləri daha dərindir. Heydər Hü­sey­no­vun faciəsi də, bizcə, hadisələr səviyyəsində deyil, ümumi siyasətin təkcə təzahürü kimi təqdim olunmalıdır.



Fəlsəfə, ideologiya və milli ruh

Bəziləri əsl fəlsəfi tədqiqat dedikdə Aristoteldən, Kantdan və s. klassiklərdən iqtibaslar gətirməklə və bir qədər də Moskvada çıxan yeni nəşrlərə əsaslanmaqla yazılan Qərbyönümlü və müasir görüntülü məqalələri, «monoqrafiyaları» nəzərdə tuturlar. Və Heydər Hüseynov elmi irsinə nəzər salarkən söhbətin daha çox öz yazıçılarımızdan getdiyini, tədqiqat obyekti kimi Nizaminin, M.F.Axundovun, Mirzə Kazım bəyin, Səməd Vurğunun əsər­lərinin seçildiyini görərkən bunları öz «elmi-tədqiqat» stan­dart­larına uyğunlaşdıra bilmirlər. Lakin əsil fəlsəfə bu «stan­dart­lardan» çox yüksəkdə durur. Heydər Hüseynov yeri gələndə dia­lektikadan, idrak nəzəriyyəsindən yazmasına, yeri gələndə Mos­kva­dakı diskussiyalarda iştirakına, o cümlədən A.A.Jdanovun sədrliyi ilə keçirilən məşhur bir ideoloji məclisdə – Q.F.Alek­sandrovun «Qərbi Avropa fəlsəfəsi tarixi» kitabının müzakirəsində çıxış etməsinə və «Voprosı filasofii» curnalının ilk nömrəsində çap olunmasına baxmayaraq, daha çox dərəcədə milli-fəlsəfi fikrin qaynaqlarını araşdırmağa üstünlük verirdi.

Məsələ burasındadır ki, biz ancaq başqa millətlərin ictimai-siyasi fikrini və yabançı məfkurələri öyrənməklə və ya ancaq marksizm-leninizm fəlsəfəsindən çıxış etməklə heç vaxt milli özünüdərk səviyyəsinə yüksələ bilməzdik. Qərb fəlsəfəsini və ya rus və sovet fəlsəfi fikrini bilmək, öyrənmək, əlbəttə, lazım idi. Lakin bu sahədəki nəzəri irsi mənimsəmək, ümumiləşdirmək və gələcək nəsillərə çatdırmaq vəzifəsinin milli-mənəvi məsuliyyəti daha çox dərəcədə bir ingilisin, almanın, ya da bir rus-sovet tədqiqatçısının üzərinə düşürdü. Təbii ki, bu istiqamətdə təd­qiqatçılar aparmaq və bu elmi-nəzəri irsi inkişaf etdirmək sahə­sində Qərb filosoflarının şansı daha çox idi. Marksizm fəlsəfəsi də əslində klassik Qərb fəlsəfi fikrinin üzərində qurul­muşdu və bir sovet filosofu kimi Heydər Hüseynovun qarşısında hər hansı bir başqa nəzəriyyəni deyil, məhz marksizmi və onun ideya-nəzəri qaynaqlarını tədqiq etmək vəzifəsi qoyulmuşdu. Lakin bu sahədə Moskvadakı həmkarlarından səviyyəcə geri qalmadığını dəfələrlə sübut edən Heydər Hüseynov həm də bir azərbaycanlı olduğunu və bu baxımdan qarşısında duran mənəvi məsuliyyəti də unuda bilmirdi. Ona görə də, öz sələflərimizin dünyagörüşünü, fəlsəfi və ictimai-siyasi irsini öyrənmək və yeni nəslə çatdırmaq, bu irsi ümumbəşəri fəlsəfi fikir kontekstində nəzərdən keçirməklə söz sahibi olduğumuz məqamları üzə çı­xarmaq missiyasını da öz üzərinə götürmüşdü. Heydər Hüseynov dünyaya milli və ümum­bəşəri fikrin vəhdəti prizmasından baxırdı. Və nə qədər təəccüblü olsa da, görünür özündən asılı olmayaraq, daxildən gələn bir hökmlə millilik kompanenti üstünlük təşkil edirdi.

Burada başqa bir məqama da diqqət yetirmək yerinə dü­şər­di. Milli-fəlsəfi fikrin spesifikası çox vaxt düzgün anlaşılma­dı­ğın­dan bəzilərinə Şərq-İslam fəlsəfi fikrinin, o cümlədən orta əsr Azər­baycan filosoflarının əsərlərinin ərəbcədən tərcüməsi və şərhi daha önəmli və daha elmi görünür. Düzdür, o dövrün fəlsəfi trak­tat­ları əsasən antik fəlsəfədən qaynaqlandığından, fəlsəfi ter­mi­no­lo­giya baxımından daha mükəmməl səciyyə daşıyır. Lakin ya is­lam fəlsəfəsini, ya da Aristotelə əsaslanan peripatetiklərin yaz­dıq­la­­rı­nı rəhbər tutan orta əsr filosoflarımız millilikdən daha çox ümum­­bəşərilik mövqeyindən çıxış edirdilər. Həqiqi milli fikir isə da­ha çox şifahi xalq ədəbiyyatında, ədəbi-bədii əsərlərdə öz əksini tapırdı. Buna görə də Heydər Hüseynov, bir tərəfdən, qədim dövr­lərdən üzü bəri peşəkar Azərbaycan filosoflarının elmi-nəzəri irsinin, ölkəmizdə yayılmış və ictimai şüurda geniş iz buraxmış fəl­səfi cərəyanların üzə çıxarılması, tədqiq edilməsi və yeni nəslə çat­dı­rılması istiqamətində görülən işlərinə əsasını qoyur və bu işləri təşkilatlandırırdısa, digər tərəfdən, böyük şairlərimizin, yazı­çı­larımızın əsərlərini fəlsəfi fikir prizmasından keçirərək dəyər­lən­dir­mək, tarixçi, dilçi və ədəbiyyatşünas alimlərimizin, dövlət qullu­ğun­­da çalışan ziyalılarımızın fikirlərinin əsas fəlsəfi qayəsini və ideya yönümünü açmaq və bütün bu istiqamətlərdə hərtərəfli və sis­temli tədqiqatlar aparılması üçün zəmin hazırlamaq missiyasını öz üzərinə götürmüşdü. Sonrakı dövrlərdə məhz Heydər Hüsey­no­vun bu missiyasının davamı olaraq Nizaminin, Füzulinin, A.Bakı­xa­novun, M.F.Axundovun, Həsən bəy Zərdabinin və s. görkəmli Azər­baycan mütəfəkkirlərinin yaradıcılığı fəlsəfi müstəvidə tədqiq edilmiş, bu mövzularda çoxlu dissertasiya işləri, məqalələr və mo­noq­rafiyalar yazılmışdır. Lakin hər bir işin əsasını qoymaq və yol göstərmək daha çətin və daha şərəflidir. Bütün bu şərəf çələngləri Hey­dər Hüseynova qismət olmuş, onun acı taleyini zinətlən­dir­mişdir.

Belə bir fikir geniş yayılmışdır ki, guya Heydər Hüseyno­vun bolşevik repressiyasına məruz qalmasına səbəb onun «Azər­bay­canda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən» adlı son əsərində fəsillərin birinə Şeyx Şamil haqqında deyilmiş bir fikri iqtibas seçməsi və ümumiyyətlə, Şeyx Şamil hərəkatına və onun ideyalarına müsbət münasibət bəsləməsi olmuşdur. Həqiqətən də, Mircəfər Bağırovun və onun təsiri ilə digər tənqidçilərin kitaba hücumları aşkar şəkildə məhz bu məsələ ilə əlaqələndirilmişdir. Lakin doğrudanmı təzyiqlərin əsl səbəbi məhz bu aşkar ifadə olunan «şamilpərəstlik» günahından ibarət idi?

Heydər Hüseynovun geniş və hərtərəfli ictimai-siyasi və maa­rifçilik fəaliyyətini diqqətlə izləyərək belə qənaətə gəlmək müm­kündür ki, Stalin mükafatına layiq görülmüş və guya Mosk­va­nın dəstəyini qazanmış və yalnız yerli hakimiyyət və yerli ictimai fikir tərəfindən Azərbaycana bilavasitə dəxli olmayan, Heydər Hü­sey­novun fəaliyyət sferası ilə əlaqəsi bir olmayan bir ideya, özü də hələ yüz ilə əvvəl Mirzə Kazım bəy tərəfindən söylənərək Rusiya mətbuatında çap olunmuş bir ideya səbəb yox, ancaq bəhanə ola bilərdi. Və bu bəhanə məhz Moskvanın xoşuna gəlməyən həqiqi səbəblərdən yayındırmaq vasitəsi idi.

SSRİ dağıldıqdan sonra, bolşevizm ideologiyasının və ideya-siyasi repressiyaların həqiqi mahiyyəti və səbəbləri daha çox dərəcədə aydınlaşdıqdan sonra tam qətiyyətlə demək mümkündür ki, Heydər Hüseynovun nəinki bir cümləsi və ya Şeyx Şamilə münasibəti, hətta onun bütövlükdə bu son monoqrafiyası və bütövlükdə ictimai-siyasi fəaliyyəti Moskvanın xoşuna gəlməmişdi və heç vaxt gələ bilməzdi.

Məsələ burasındadır ki, Heydər Hüseynov sadəcə bir təd­qi­qat­çı deyildi. O, Azərbaycanda ümumən ictimai və humanitar elm­lə­rin başında duran və onlara tematik, ideoloji və metodoloji yön ve­rən bir şəxsiyyət idi. Azərbaycanda gələcək tədqiqatların isti­qa­mə­ti və dərsliklərin məzmunu onun dünyagörüşündən, onun möv­qe­yindən çox asılı idi. Və bu mövqe Moskva üçün təhlükəli həddə gə­lib çatmışdı. Heydər Hüseynov müttəfiq respublikalara verilmiş şər­ti, nisbi müstəqillik hüdudları çoxdan keçmiş və marksist ideo­lo­giyasının pozitiv məqamlarına istinad etməklə milli şüurun və mil­li mədəniyyətin inkişafı naminə imperiyanın yol verə biləcə­yin­dən qat-qat çox işlər görmüşdü. Doğrudan da, 40-cı illərdə res­pub­li­kamızda ictimai elmlərin, ictimai-siyasi fikrin, humanitar dü­şün­cənin inkişaf tempi və vüsəti heyrətamiz dərəcədə yüksək idi ki, bu da repressiya dönəmi üçün bir paradoksallıq və metamarfoza sayıla bilərdi.

Heydər Hüseynovun bütövlükdə və tamamilə xalqa məhəb­bətdən və xalqa xidmətdən ibarət olan fəaliyyətini izlədikcə onun təkcə əsərlərinin yox, həm də əməli işlərinin qayəsini və ana xəttini təşkil edən milli mündəricəni, milli məfkurəni, həm də sadəcə şüarçılıq kimi deyil, çeşidli əməli fəaliyyətdə ifadəsini tapan və artıq bar verən bir məfkurəni necə sezməmək olardı? Təkcə elə axırıncı monoqrafiyaya salsaq buna neçə-neçə sitat tapmaq olar. «XIX əsrdə Azərbaycanda sosial-iqtisadi vəziyyət» adlanan birinci fəsildə Heydər Hüseynov Azərbaycanın bölünməsi məsələsinə öz münasibətini bildirir. Stalindən və M.Bağırovdan sonrakı, nisbə­tən rahat dövrlərdə Azərbaycan tarixçilərinin yazdıqlarından fərqli olaraq Heydər Hüseynov repressiyanın bu ağır illərində belə Şima­li Azərbaycanın Rusiyaya birləşdirilməsini bir xoşbəxtlik kimi de­yil, nisbətən «az ziyan» kimi təqdim edir, hadisəyə Rusiyanın müs­təm­ləkəçilik siyasəti kontekstində yanaşır. Heydər Hüseynov ya­zır­dı: «Şimali Azərbaycan çarizmin müstəmləkəsinə çevrildi. Azər­baycanın zəhmətkeş kütlələri ikiqat zülmə məruz qaldılar; bir tə­rəfdən yerli feodallar, digər tərəfdən çar hökuməti tərəfindən is­tis­mar olundular. Çarizm Azərbaycana özününmüstəmləkəsi kimi bax­maqla, onu inkişaf edən Rus kapitalist sənayesinin aqrar əla­və­si­nə çevirdi. Bundan əlavə, Rus çarizmi Azərbaycanda xalqın milli mə­dəniyyətinin inkişafına çəpər çəkməyə başlayırdı».1

Şərhə ehtiyac yoxdur. Sonrakı rahat dövrlərdə bu mövzuya toxunub Azərbaycanın ikiyə bölünməsindən, Rusiyanın müstəmlə­kə­çilik siyasətindən danışanlar, hətta sənətçilər və şairlər belə, di­si­dent hesab olunur və az qala qəhrəmanlaşdırılırdılarsa, Stalinin sağlığında bunu rəsmi dairələrdə deməyə cəsarət tapan, yazıb Mosk­vaya göndərən bir dövlət adamı, marksist-leninçi ideolo­gi­ya­nın rəsmi təmsilçisi necə bir cəsarət sahibi, necə bir qəhrəman ol­ma­lı idi? Bir daha təkrar edirik ki, Heydər Hüseynov bu mövzuda sa­dəcə esse yazmır, deklomasiya demir, rəsmi ideologiyanın özü­nü, bütövlükdə rəsmi ictimai şüuru bu səmtə yönəltməyə çalışır və bu sahədə əməli iş görürdü. Çarizmin imkan vermədiyi milli mədə­niy­yətin inkişafına Sovet imperiyası dövründə nail olmağa çalışırdı.



Heydər Hüseynovun nə kimi bir əqidə sahibi olduğunu dərk etmək üçün onun Mirzə Kazım bəydən iqtibas gətirdiyi və epiqraf verdiyi bir fikrə nəzər salaq: «Qərb öz siyasəti ilə Asiyada maarifi bərqərar edə bilməz… Ölkəni dəyişdirənlər həmin ölkədə doğulmuşlar sırasından çıxmalıdır».2 – Bu günün özü üçün nə dərəcədə aktualdır! Yaxud Mirzə Kazım bəydən başqa bir iqtibas (Heydər Hüseynova basqılar üçün «səbəb» olmuş həmin başı bəlalı fikir): «Şamilin adında tarixlik və vətənpərvərlik siqlətli fi­kir­lər gizlənir. O qəhrəmandır – qəhrəmanlar yetişdirən bir qəh­rə­man!».3 Mirzə Kazım bəyin yaradıcılığını və ideya dünyasını araş­dı­ran Heydər Hüseynov onun məhz milli vətənpərvərliklə, milli azad­lıq hərəkatı ilə bağlı fikirlərini ön plana çəkir, bununla da, böyük şərqşünas alim və mütəfəkkir Mirzə Kazım bəyin xris­tian­lı­ğı qəbul edərək çar Rusiyasına xidmət etmiş kosmopolit obrazına yeni bucaq altında, başqa rakursda nəzər salır və görüntünün ar­xa­sında əsl mahiyyəti üzə çıxarır. Mirzə Kazım bəy öz milli hissiyyatını Şeyx Şamil haqqında yazdığı əsərində, Şamilə və onun rəhbərliyi ilə həyata keçirilən milli azadlıq hərəkatına münasi­bə­tin­də biruzə verdiyi kimi, Heydər Hüseynov da özünün aşkar şəkildə deyə bilmədiklərini Mirzə Kazım bəyin yazdıqlarına münasibətdə büruzə verir. Burada Mirzə Kazım bəy və Heydər Hüseynovun taleləri arasındakı oxşarlıq da diqqəti cəlb edir. Sinəsinə xaç asmış Mirzə Kazım bəy çar Rusiyasında imperiya siyasəti və senzurası baryerini keçdiyi kimi, döş cibində partbilet gəzdirən Heydər Hü­sey­nov da kommunist ideologiyasının və Rus şovinizminin qoy­du­ğu məhdudiyyətlərə rəğmən qəlbinin dərinliyində olanları giz­lət­mir. Əslində Heydər Hüseynov öz əsərində tərənnüm etdiyi Ab­bas­qulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov ki­mi görkəmli şəxsiyyətlərin Rusiya dövlətinə rəsmi xidmətdə olmaq və burada yüksək rütbələr daşımaqla yanaşı, iki daşın arasında mil­lətinə xidmət etmək təcrübəsini öz həyat yolu üçün də nümunə seçir. Azərbaycan KP MK-nın Partiya Tarixi İnstitutunun direk­to­ru ola-ola daha çox dərəcədə Bəhmənyardan, Nizamidən, Şəbüs­tə­ri­dən, Füzulidən, Mirzə Şəfi Vazehdən yazır, milli-fəlsəfi fikrin və mil­li ədəbiyyatın inkişafı naminə titanik əmək sərf edir. Azər­bay­can SSR Elmlər Akademiyasında ictimai elmlərə marksizm-leni­nizm təliminin bir nümuyəndəsi olaraq rəhbər təyin edildiyi halda, Akademiya üçün açılmış imkanlar çərçivəsində milli tariximizin, ədəbiyyatımızın, dilçiliyin və nəhayət, milli-ictimai fikrin və fəlsəfi fikir tarixinin tədqiqi və təbliği sahəsində misilsiz xidmətlər gös­tərir. Belə geniş profilli fəaliyyət üçün inzibati və ideoloji səla­hiy­yət qazanmaq naminə bir tərəfdən marksizm-leninizm klassik­lərinin əsərlərinin tərcümə və nəşrində fəal iştirak edən, dialetik və tarixi materializmdən, faşizmin mahiyyətindən, rus inqilabi-demokratik fikrindən, rus dilindən və mədəniyyətindən əsərlər yazan Heydər Hüseynov, digər tərəfdən Azərbaycanda milli özü­nüdərkin, fəlsəfi və ədəbi-bədii dəyərlər sisteminin inkişafı naminə geniş və hərtərəfli tədqiqatçılıq və maarifçilik fəaliyyəti göstərirdi. Kosmopolit kommunist ideologiyasının bütün möh­təşəm makina­sın­dan, həm də milli məfkurəyə xidmət üçün istifadə olunurdu. Lakin zaman başqa zaman idi. Çar Rusiyası dövründə keçilə bilən sədlər Qırmızı İmperiyanın daha mütəşəkkil qadağa sərhədlərini keçə bilməzdi. Heydər Hüseynovun fəaliyyəti isə Mərkəzin verdiyi nisbi müstəqillik hədlərini çoxdan aşıb keçmişdi. O, təkcə kom­mu­nist ideologiyasına deyil, həm də İmperiyanın, Rus şoviniz­minin maraqlarına xidmət etməli olan elmi-tədqiqat və təbliğat insti­tutlarını, o cümlədən Elmlər Akademiyasını və ali məktəblər­dəki ictimai və humanitar fənn kafedralarını milli maraqlara xidmət istiqamətində yönəldə bilmişdir.

Sokrat aqibəti

Bəli, Heydər Hüseynov intihar məcburiyyətində qaldı. La­kin onun hərəkətə saldığı humanitar makina fəaliyyətini dayan­dırmadı. Düzdür, şəxsiyyət yoxluğu sonrakı illərdə bu makinanın işini tədricən cırlaşdırdı, bu odlu-alovlu vətəndaş alimin yerini tu­tanların bəziləri bu kursu davam etdirmək əzmində olmadı, lakin Elmlər Akademiyasında Yusif Məmmədəliyev, Səməd Vurğun kimi şəxsiyyətlərin varlığı bu alovun sönməsinə imkan vermədi. Şəxsiyyətlərin təqib olunmağı isə davam edirdi. Fiziki repres­si­yaların yerini zahirən daha yumşaq ideoloji repressiyalar tuturdu. Ta yeni şəxsiyyətlər yeni statusda zühur edənə yeni Heydərlər ye­ti­şənə qədər.

Yaradıcılığının ən gur və səmərəli dövrünü yaşayan 42 yaşlı akademikin cismani intiharından yarım əsr keçdikdən sonra, artıq müstəqil Azərbaycanın milli özünüdərk axtarışlarında, hər hansı bir buxovdan azad şəkildə öz milli-fəlsəfi fikrinə yeni nəfəs vermək səylərində biz Heydər Hüseynov ruhunun oyanışını görürük.

Əllinci il otuz yeddinci il deyildi. Və Heydər Hüseynov öz «səhvlərini» etiraf etsəydi və sonrakı fəaliyyətini milli məzmundan azad edilmiş ideoloji fəaliyyətə, marksizm-leninizm təliminə həsr etsəydi, o, əlbəttə, yaşaya bilərdi. Lakin Heydər Hüseynovun filosofluğu da elə ondadır ki, o, cismani varlığının deyil, ruhani varlığının, əqidə və amalının yaşamasına üstünlük verdi. Elmi-fəlsəfi fəaliyyəti ilə, böyük yaradıcılıq əzmi ilə, millətə təmənnasız xidməti ilə əsl qəhrəmanlıq göstərmiş olan Heydər Hüseynov «şərəfli ölüm» və «şərəfsiz həyat» seçimində də böyük Sokratların tutduğu yolu davam etdirməklə qəhrəmanlığın daha bir nümu­nəsini gələcək nəsillərə ərməğan etdi.



1 Эльдар Исмаилов, Власть и народ. Послевоенный сталинизм в Азербайджане: 1945-1953 гг. Баку, 2003.

1 Göstərilən əsər, səh. 251-258.

1 Гейдар Гусейнов. Из истории общественной и философской мысли в Азербайджане ХIХ века. Б., 1949, стр.34.

2 Göstərilən əsər, səh.182.

3 Göstərilən əsər, səh.230.



Yüklə 189,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə