1
FEVRAL 2017
AZƏRBAYCAN
İQTİSADİ
İSLAHATLAR
İCMALI
Baş redaktor
Dr. Vüsal Musayev
İqtisad Elmləri Doktoru
London Universiteti
www.vusalmusayev.com
dr.vusal.musayev@ereforms.org
2
VERGİLƏR MƏCƏLLƏSİNƏ ƏLAVƏ
VƏ DƏYİŞİKLİKLƏR
Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq
islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi
haqqında” 4 avqust 2016-cı il tarixli 2257 nömrəli Sərəncamının icrası ilə
bağlı Vergilər Nazirliyi tərəfindən Qanun layihəsi hazırlanmışdır. “Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”
Qanun layihəsi 115 yeni maddəni, 83 maddəyə dəyişiklik edilməsini, 3
maddənin isə ləğv olunmasını ehtiva etməklə 201 dəyişiklikdən ibarətdir.
3
A
zərbaycan iqtisadiyyatı üzrə aparılan
çoxşaxəli islahatlar bütövlükdə səmərəli
vergi siyasətinin, təkmil vergi qanunvericiliyinin
və əlverişli vergi mühitinin formalaşdırılmasını
özündə ehtiva etməkdədir. Belə ki, ötən dövr
ərzində irimiqyaslı konsepsiyalar, strategiya
və proqramların qəbul edilməsi, beynəlxalq
əməkdaşlıq
çərçivəsində
ən
qabaqcıl
beynəlxalq təcrübələr öyrənilərək milli vergi
sistemində səmərəli tətbiq edilməsi, institusional
potensialın gücləndirilməsi, vergi qanunvericiliyi
və inzibatçılığının təkmilləşdirilməsi sahəsində
mühüm nailiyyətlər əldə edilmişdir.
Ölkədə aparılan iqtisadi islahatların tərkib
hissəsi və vergi sahəsində aparılan islahatların
davamı kimi Azərbaycan Respublikası
Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-
cı ildə vergi sahəsində aparılacaq islahatların
istiqamətləri”nin və vergi inzibatçılığının
təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə
“2016-cı ildə vergi sahəsində aparılacaq
islahatların istiqamətləri” təsdiq edilmiş və
Vergilər Nazirliyinə vergi qanunvericiliyinin və
inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı bir
sıra tapşırıqlar verilmişdir.
Bu tapşırıqların icrası çərçivəsində Nazirliyin
Kollegiya Qərarı ilə 7 qayda və 4 inzibati
reqlament təsdiq edilmiş və həmin normativ
sənədlər Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrində qeydiyyatdan
keçirilmişdir. Eyni zmanda qabaqcıl beynəlxalq
təcrübə
araşdırılmaqla
və
beynəlxalq
ekspertlərin rəyləri nəzərə alınmaqla bir sıra
qanun layihələri hazırlanmışdır.
Təqdim olunan qanun layihələri çərçivəsində
həyata keçirilən islahatlar əsasən ölkədə
nağd
hesablaşmaların həcminin azaldılması,
elektron ticarətin vergiyə cəlb edilməsi,
transfer qiymətqoyma, uçot siyasətinin
təkmilləşdirilməsi və şəffaflaşdırılması, vergi
yükünün azaldılması, vergi inzibatçılığının
sadələşdirilməsi,
vergi
ödəyicilərinin
hüquqlarının
genişləndirilməsi,
vergi
qanunvericiliyinə əməl edən intizamlı
vergi ödəyicilərinə münasibətdə vergi
orqanları tərəfindən göstərilən xidmətlərin
səviyyəsinin daha da artırılması kimi
mühüm məsələləri əhatə etməkdədir. Məlumat
xarakterli olaraq onu da qeyd etmək yerinə
düşər ki, artıq vergi ödəyicilərinə göstərilən
xidmətlərin səviyyəsinin artırılması məqsədilə
intizamlı vergi ödəyicilərinə xidmətin
“Yaşıl
dəhliz” prinsipi əsasında həyata keçirilməsinə
başlanılmışdır. Qanun layihələrinə uyğun
olaraq şəffaf şəkildə uçot aparan digər vergi
ödəyicilərinə də münasibətdə “Yaşıl dəhliz”
prinsipi əsasında xidmətlərin göstərilməsi
nəzərdə tutulan tədbirlər sırasında öz yerini
tapmaqdadır.
Ümumi şəkildə qruplaşdırsaq, təqdim edilən
normativ sənədlər toplusu Vergi Məcəlləsinə,
Mülki Prosessual Məcəlləyə, İnzibati Xətalar
Məcəlləsinə və Cinayət Məcəlləsinə, habelə
“Elektron ticarət haqqında”, “Dövlət rüsumu
haqqında”, “İcra haqqında” qanunlara
dəyişiklikləri nəzərdə tutan qanun layihələrindən
və “Nağdsız hesablaşmalar haqqında” qanun
layihəsindən ibarətdir.
“Azərbaycan
Respublikasının
Vergi
Məcəlləsində dəyişikliklər edilməsi haqqında”
Qanun layihəsi 115 yeni maddəni, 83
maddəyə dəyişiklik edilməsini, 3 maddənin
isə ləğv olunmasını ehtiva etməklə 201
dəyişiklikdən ibarətdir. Bu dəyişikliklərin 123
maddəsi vergi inzibatçılığının təkmilləşdirilməsi,
uçot siyasətinin şəffaflaşdırılması ilə, 34
maddəsi vergi ödəyicilərinin hüquqlarının
4
genişləndirilməsi ilə, 8 maddəsi isə vergi
yükünün azaldılması, o cümlədən vergi güzəşt
və azadolmaları ilə bağlıdır.
Müzakirənizə təqdim edilən Qanun layihələri
əsasən aşağıdakı istiqamətləri əhatə edir:
1. Vergi yükünün azaldılması və pərakəndə
ticarət fəaliyyətində ƏDV-nin ticarət
əlavəsindən hesablanması
Məlum olduğu kimi, kənd təsərrüfatı
məhsullarının istehsalçıları 1999-cu ildən
torpaq vergisi istisna olmaqla, Vergi
Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin
ödənilməsindən azad edilmişdir. Həmin
məhsullar ticarət şəbəkələri tərəfindən
pərakəndə qaydada satılarkən digər məhsulların
satışı kimi bu məhsulların da tam dəyəri
ümumi qaydada ƏDV-yə cəlb edilir. Qüvvədə
olan qanunvericiliyə uyğun olaraq ƏDV
tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin
müştəridən və ya hər hansı digər şəxsdən
aldığı, yaxud almağa hüququ olduğu haqqın
ƏDV nəzərə alınmadan məbləği əsasında
müəyyən edilir. Vergi Məcəlləsində ƏDV tutulan
əməliyyatın dəyərinin müəyyən edilməsinin
başqa qaydası nəzərdə tutulmadığından ticarət
şəbəkələri satış üzrə ümumi dövriyyədən ƏDV
hesablamalı olurlar ki, bu da pərakəndə satış
qiymətində bahalaşmaya səbəb olur.
Qeyd edilənlər nəzərə alınaraq, kiçik və orta
sahibkarlığı
stimullaşdırmaq,
pərakəndə
ticarətdə rəqabət mühitini təmin etmək və
vergi yükünü optimallaşdırmaq məqsədilə
pərakəndə ticarət fəaliyyəti ilə məşğul
olan sahibkarlar tərəfindən Azərbaycan
Respublikasında istehsal edilmiş kənd
təsərrüfatı məhsullarının satışı zamanı
ƏDV-nin həmin məhsulların satış qiyməti ilə
onların alış qiyməti arasındakı fərqdən, yəni
ticarət əlavəsindən hesablanması ilə bağlı
müddəalar Layihəyə daxil edilmişdir.
Eyni zamanda, layihə ilə ödəmə qabiliyyətini
itirmiş
bankların
restrukturizasiya
və
sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-
işlək (toksik) aktivlərinin təqdim edilməsinin
2017-ci il yanvarın 1-dən 3 il müddətinə
ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Azərbaycan Respublikasının
Prezidentinin Fərman və Sərəncamları ilə
yaradılan icbari tibbi sığorta və səhiyyə (tibb)
xidmətləri göstərən qurumların gəlirlərinin
mənfəət vergisindən müddətsiz, buğdanın
idxalının və satışının, buğda ununun və çörəyin
istehsalının və satışının, quş ətinin satışının isə
3 il müddətində ƏDV-dən azad edilməsi ilə
bağlı müddəalar Layihəyə daxil edilmişdir.
Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə
ödənilən illik faiz gəlirlərinin, habelə emitent
tərəfindən investisiya qiymətli kağızları üzrə
ödənilən dividendin, diskont (istiqrazların
nominalından aşağı yerləşdirilməsi nəticəsində
yaranmış fərq) və faiz gəlirlərinin gəlir
vergisindən azad edilməsi müddəti 5
ilə qədər, yəni 2021-ci ilin fevral ayınadək
artırılmışdır.
Sahibkarların vergi yükünün azaldılması ilə
yanaşı onların dövriyyə vəsaitlərinə qənaət
edilməsi, habelə ixracı stimullaşdırmaq
məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan
şəxslərin apardıqları əməliyyatlardan yaranan
ƏDV üzrə artıq ödənilmiş vergilərin onların
müraciətindən sonra qaytarılması müddətinin
45 gündən 20 günə endirilməsini əks etdirən
düzəlişlər, habelə ƏDV tutulan əməliyyatlar
aparan digər şəxslər üzrə yaranmış artıq
ödəmələr digər vergi öhdəlikləri ilə 3 ay
müddətində əvəzləndikdən sonra qalan
5
məbləğin 20 gün müddətində qaytarılmasına
dair müddəalar da layihəyə daxil edilmişdir.
Qeyd olunan dəyişikliklər vergi ödəyicilərinin
vergi yükünün azaldılmasına, onların dövriyyə
vəsaitlərindən səmərəli istifadə etmələrinə
şərait yaradacaqdır.
2. Topdan və pərakəndə ticarətlə məşğul olan
vergi ödəyicilərini fərqləndirən meyarların
müəyyən edilməsi
Sərəncamla verilmiş pərakəndə ticarət
sahəsində ƏDV-nin ticarət əlavəsindən
hesablanması, elektron qaimə-fakturanın tətbiqi
kimi tapşırıqlar topdan və pərakəndə ticarət
fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin
dairəsinin müəyyənləşdirilməsini özündə ehtiva
etməkdədir.
Burada onu qeyd etmək yerinə düşər ki, mövcud
vəziyyət üzrə hal-hazırda topdansatış fəaliyyəti
ilə məşğul olan şəxslər tərəfindən malların
təqdim edilməsi zamanı əksər hallarda ciddi
hesabat blanklarından istifadə edilməməkdədir.
Bu da həmin vergi ödəyicilərinin və onların
qarşılıqlı təsərrüfat əqdləri bağladıqları digər
şəxslər tərəfindən uçotun düzgün aparılmasında
müəyyən çətinliklər yaradır. Bu səbəbdən,
topdan və pərakəndə ticarət fəaliyyəti ilə
məşğul olan vergi ödəyicilərini fərqləndirən
meyarları nəzərdə tutan anlayışların layihəyə
daxil edilməsi aparılmış islahat tədbirləri
çərçivəsində öz əksini tapmışdır. Layihəyə
əsasən, topdansatış malların alıcıya onun
sahibkarlıq fəaliyyəti məqsədləri üçün
və qaimə-faktura tətbiq edilməklə həyata
keçirdiyi ticarət fəaliyyətidir. Pərakəndə satış
isə malların alıcıya
son istehlak məqsədilə və
yalnız qəbz və ya nəzarət-kassa aparatının
çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən
hüquqi və fiziki şəxslərə onların tələbi ilə
qaimə-faktura və ya elektron-qaimə faktura
və ya elektron vergi hesab-fakturası) təqdim
edilməklə satışının həyata keçirildiyi ticarət
fəaliyyətidir.
Bu dəyişikliklər vergi ödəyiciləri ilə vergi
orqanları arasında yarana biləcək fikir
ayrılıqlarının qarşısının alınmasına və onların
maliyyə sanksiyalara məruz qalmamalarına
şərait yaradacaq.
3. Elektron qaimə-fakturanın tətbiqi
Ölkəmizdə mal, iş və xidmətlər üzrə
əməliyyatların rəsmiləşdirilməsi sahəsində
mövcud vəziyyətin təhlili göstərir ki, qaimə-
fakturaların kağız formasında tətbiqi bir sıra
problemlərə və nəticə etibarı ilə vergidən
yayınma hallarına şərait yaradır.
Bunun qarşısının alınması məqsədilə layihəyə
sahibkarlıq fəaliyyəti subyektləri arasında
malların, işlərin və xidmətlərin təqdim edilməsi
ilə bağlı elektron qaimə-fakturanın təqdim
olunması barədə müddəalar daxil edilmişdir.
Eyni zamanda malların alışını təsdiq edən
qaimə-faktura, elektron qaimə-faktura və ya
elektron vergi hesab-fakturası olmadıqda
alıcıya təqvim ili ərzində belə hala birinci dəfə
yol verdiyinə görə alınmış malların 10 faizi,
ikinci dəfə yol verdiyinə görə 20 faizi, üç
və daha çox dəfə yol verdiyinə görə 40
faizi miqdarında maliyyə sanksiyasının
tətbiq olunmasını nəzərdə tutan maddə əlavə
edilmişdir.
Qanun layihəsinə ƏDV-nin məqsədləri
üçün qeydiyyata alınmış və vergi tutulan
əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün
istənilən ayında (aylarında) 200.000 manatdan
artıq olan ticarət və (və ya) ictimai iaşə
fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən
6
sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim
edilmiş (yola salınmış) mallara, görülmüş işlərə
və göstərilmiş xidmətlərə görə 1 aprel 2017-ci il
tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən
isə 1 yanvar 2018-ci il tarixdən malların, işlərin
və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və
fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin
sifarişçisinə) elektron qaimə-faktura təqdim
edilməsi ilə bağlı keçid müddəa daxil edilmişdir.
Bu dəyişiklik sahibkarlar arasında aparılan
əməliyyatların rəsmiləşməsi prosedurunun
sadələşməsinə,
operativliyinin
təmin
edilməsinə,
inzibatçılıq
xərclərinin
azaldılmasına, sahibkarların xərclərini təsdiq
edən sənədlərə malik olmaqla gələcək vergi
nəzarəti tədbirləri zamanı vergi orqanları ilə
fikir ayrılıqlarının qarşısının alınmasına və
şəffaflığın təmin edilməsinə xidmət edir.
4. Vergi öhdəliklərinin əvvəlcədən müəyyən
edilməsi
Sahibkarlar tərəfindən vergi öhdəliklərinin
hər hansı səbəbdən düzgün müəyyən
edilməməsi vergi ödəyicilərinin əlavə maliyyə
sanksiyalarına məruz qalması ilə nəticələnir.
Belə halların qarşısının alınması məqsədi
ilə vergi ödəyiciləri tərəfindən aparılması
planlaşdırılan əməliyyatlar üzrə yaranacaq
vergi öhdəliklərinin əvvəlcədən müəyyən
edilməsi mexanizminin hazırlanması vacibdir.
Bu mexanizm əsasən
iri məbləğli müqavilələr
üzrə yaranacaq vergi öhdəliklərinin həmin
müqavilədə nəzərdə tutulmuş əməliyyatlar
aparılanadək müəyyən edilməsini özündə
ehtiva edir. Bu da həmin vergi ödəyicilərinə
sonradan əlavə vergilərin hesablanmaması
və maliyyə sanksiyalarının tətbiq edilməməsi
ilə nəticələnəcəkdir.
Bu məqsədlə, vergi öhdəliklərinin hüquqi
nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə
razılaşdırılması qaydasının müəyyən edilməsi
ilə bağlı Layihəyə müvafiq müddəalar daxil
edilmişdir. Hər bir belə əməliyyatın dəyəri 10
milyon manatdan az olmamalıdır və bununla
bağlı qərarın qəbul edilməsi üçün dövlət
rüsumu ödənilməlidir. Bu məsələ ilə əlaqədar
olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununun layihəsi hazırlanmışdır.
Vergi
öhdəliyinin
əvvəlcədən
müəyyənləşdirilməsi barədə qərarın qəbul
edilməsinə görə 500 manat məbləğində
dövlət rüsumu müəyyən edilməsi nəzərdə
tutulur.
Məlumat üçün qey etmək yerinə düşər ki, bu
mexanizm Avstriya, Belçika, Kanada, Çexiya
Respublikası, Danimarka, Estoniya, Finlandiya,
Fransa, Almaniya, Macarıstan, İsrail, İtaliya,
Yaponiya, Niderland, İspaniya, Türkiyə, Böyük
Britaniya, ABŞ və s. ölkələrin qanunvericiliyində
də təsbit edilməkdədir.
5. Kameral vergi yoxlamalarının 30 gün
müddətində başa çatdırılması
Qüvvədə olan qanunvericiliyə görə kameral
vergi yoxlaması vergi ödəyicisi tərəfindən
verginin hesablanması və ödənilməsi üçün
əsas olan sənədlərin vergi orqanına təqdim
edildiyi gündən 30 gün müddətində keçirilir.
Vergi ödəyiciləri tərəfindən müvafiq sənədlərin
vaxtında təqdim edilməməsi və ya ümumiyyətlə
sənədləşmənin aparılmaması bəzən kameral
qaydada keçirilən vergi yoxlamalarının
müddətinin uzadılması ilə nəticələnir. Belə
halların aradan qaldırılması məqsədilə kameral
vergi yoxlamalarının konkret olaraq verilmiş
bəyannamələr əsasında 30 gün ərzində başa
7
çatdırılması qarşıya qoyulan məqsəd xarateri
daşımaqdadır.
Bu məqsədlə, kameral vergi yoxlamasının
vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan
30 iş günü müddətində həyata keçirilməsini
və bu müddət başa çatdıqdan sonra həmin
bəyannamə üzrə yenidən kameral vergi
yoxlamasının keçirilməsini qadağan edən
müddəalar Layihəyə daxil edilmişdir.
Məlumat üçün qeyd etmək yerinə düşər ki,
Sərəncamın icrasından irəli gələrək vergi
orqanlarında risklərin avtomatlaşdırılmış
qaydada emalı sisteminin tətbiqinə
başlanılmışdır ki, bu da bəyannamələrin 30 gün
müddətində kameral qaydada yoxlanılmasına
imkan verəcəkdir.
Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim
edildiyi tarixdən 30 gün sonra vergi orqanları
tərəfindən aşkar olunmuş hər hansı uyğunsuzluq
barədə vergi ödəyicisində kameral yoxlama
keçirilmədən ona həmin uyğunsuzluq barədə 5
iş günü ərzində bildirişin göndərilməsi də vergi
ödəyicilərinin hüquqlarının qorunmasına
xidmət edir.
6. Könüllü vergi açıqlaması sisteminin tətbiqi
Məlum olduğu kimi, vergi ödəyicilərində
aparılan səyyar vergi yoxlamalarının başa
çatmasına baxmayaraq vergi orqanının əldə
etdiyi mənbəyi bəlli olan hər hansı məlumat
əsasında vergi ödəyicisinin gəlirlərinin və
ya vergitutma obyektinin gizlədilməsinin
(azaldılmasının) əlamətləri müəyyən edildikdə
vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş
hallarda növbədənkənar vergi yoxlaması
keçirilə bilər. Bu zaman keçirilən vergi yoxlaması
ilə büdcədən yayındırılmış vergi məbləğləri
dövlət büdcəsinə bərpa edilməklə, həmin
yayındırılmış məbləğə 50 faiz miqdarında
maliyyə sanksiyası tətbiq edilir. Məcəlləyə
təklif edilən könüllü vergi açıqlaması ilə
bağlı müddəaların tətbiqi vergi ödəyicilərini
belə sanksiyalardan azad edəcəkdir.
Könüllü vergi açıqlaması vergi orqanı tərəfindən
keçirilən səyyar vergi yoxlaması başa çatdıqdan
sonra yoxlama ilə aşkar olunmamış səhvlərin,
o cümlədən vergi məbləğlərinin düzgün
hesablanmaması hallarının vergi ödəyicisi
tərəfindən könüllü olaraq bəyan edilməsini
nəzərdə tutur. Bununla bağlı Vergi Məcəlləsinə
müvafiq dəyişikliklər təklif edilir ki, bu da vergi
ödəyicisinə könüllü vergi açıqlaması barədə
səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlərə
görə bəyannamə verilməsi hüququnu verir.
Həmin bəyannamə ilə könüllü açıqlanmış vergi
məbləğlərinə görə vergi ödəyicisinə faiz
hesablanmır və maliyyə sanksiyası tə tbiq
edilmir.
Məlumat üçün qeyd etmək lazımdır ki, analoji
müddəalar ABŞ, əksər avropa ölkələrinin,
qardaş Türkiyənin qanunvericiliyində öz əksini
tapmaqdadır.
7. Nağdsız hesablaşmalar haqqında
Sərəncama uyğun olaraqç eyni zamanda
“Nağdsız
hesablaşmalar
haqqında”
Azərbaycan Respublikasının Qanununun
layihəsi hazırlanmışdır. Həmin Qanunla
nağdsız hesablaşmaların anlayışı verilmiş,
ƏDV məqsədləri üçün qeydiyyata alınmış və
vergi tutulan əməliyyatlarının həcmi ardıcıl
12 aylıq dövrün istənilən ayında 200 min
manatdan artıq olan ticarət və ictimai iaşə
fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən
hesablaşmaların nağd qaydada aparılması
ay ərzində
30 min manatadək, digər vergi
ödəyiciləri tərəfindən isə ay ərzində
15 min
8
manatadək məhdudlaşdırılmışdır.
Bunlarla
yanaşı,
inzibati
cərimələrin,
maliyyə sanksiyalarının, vergilərin, gömrük
rüsumlarının, yığımların, faizlərin, lizinq
əməliyyatları üzrə borcların ödənilməsi və
kreditlərin verilməsi, sığorta ödənişlərinin,
dövlət orqanlarına, dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə məxsus olan hüquqi şəxslərə,
büdcə təşkilatlarına və publik hüquqi şəxslərə
ödənilən xidmət haqlarının və digər yığımların,
pensiya, təqaüd, maddi yardım, müavinətlərin,
kompensasiyaların və təzminatların, stasionar
telefon xidmətləri və kommunal xərclərin, vergi
ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər
ayırmaların ödənilməsi və qaytarılması, dövlət
satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin
istifadəsinin, təhsil haqlarının ödənilməsinin və
turagentlərə ödənişlərin aparılmasının nağdsız
qaydada həyata keçirilməsinə dair tələblər
müəyyən edilmişdir.
Eyni zamanda əməliyyatlarının həcmi ardıcıl
12 aylıq dövrün istənilən ayında (aylarında)
200 min manatadək olan pərakəndə ticarət,
iaşə və xidmət sahəsində fəaliyyət göstərən
şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən
ödənilən əmək haqlarının da nağdsız qaydada
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Həmin Qanunun tələblərinin pozulmasına görə
təqvim ili ərzində belə hala birinci dəfə yol
verdikdə aparılan əməliyyatların 10 faizi,
ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha
çox dəfə yol verdikdə 40 faizi miqdarında
maliyyə sanksiyasının tətbiq edilməsi ilə
bağlı Vergi Məcəlləsinə müvafiq maddə daxil
edilmişdir.
Qeyd edilənlərlə yanaşı banklardan nağd pul
vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması
məqsədilə Vergi Məcəlləsinin layihəsinə hüquqi
şəxslər və fərdi sahibkarlar tərəfindən pul
vəsaitlərinin nağd qaydada bank hesablarından
çıxarılmasına görə banklar və poçt rabitəsinin
milli operatorları tərəfindən 1 faiz dərəcəsi
ilə sadələşdirilmiş verginin tutulmasına dair
müddəa da daxil edilmişdir.
Nağd
ödənişlərin
məhdudlaşdırılması
dünyanın əksər ölkələrinin, o cümlədən
Fransa, İtaliya, İspaniya, Belçika, Çexiya,
Slovakiya, Qazaxıstan və sair dövlətlərin
qanunvericiliyində nəzərdə tutulmuşdur.
Bu dəyişikliklər bütövlükdə ölkədə nağdsız
əməliyyatların həcminin artmasına, bankların
maliyyə
vəziyyətinin
yaxşılaşmasına,
onların likvidliyinin təmin edilməsinə, pul
dövriyyəsinin tənzimlənməsinə, büdcə
vəsaitlərinin xərclənməsində şəffaflığın
təmin edilməsinə, əmək haqqlarının və digər
ödənişlərin leqallaşmasına və nəticədə
ölkənin beynəlxalq reytinqinin daha da
artırılmasına şərait yaradacaqdır.
8. Xərclərin süni şəkildə artırılması
(transfer qiymətləndirmə) hallarının aradan
qaldırılması
Vergi Məcəlləsinin 14-cü maddəsi vergitutma
məqsədləri üçün tərəflər arasında aparılan
əməliyyatda malların (işlərin, xidmətlərin) bazar
qiymətinin müəyyən edilməsini tənzimləyir.
Bu maddənin mövcud redaksiyası rezident
vergi ödəyicisinin ölkə hüdudlarından kənarda
təsis edilmiş vergi ödəyiciləri ilə apardıqları
əməliyyatlarda gəlir və xərclərinin düzgün
bölüşdürülməsinə nəzarət etməyə imkan vermir.
Belə halların qarşısının alınması məqsədilə
ölkə hüdudlarından kənarda, o cümlədən vergi
sığınacağı (ofşor) hesab edilən dövlətlərdə və
ya ərazilərdə, təsis edilmiş şəxslərlə həyata
9
keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin
transfer qiymətləri tətbiq edilməklə vergiyə cəlb
edilməsi üçün Layihəyə müvafiq maddələr daxil
edilmişdir.
Layihədə transfer qiymətlərinin təqvim ili
ərzində yuxarıda qeyd edilən hər bir şəxs
üzrə ümumi dəyəri 500.000 manatdan artıq
olan əməliyyatlara tətbiq edilməsi nəzərdə
tutulmuşdur.
Qanun layihəsinə bu istiqamətdə dəyişiklik
hazırlanarkən, İqtisadi Əməkdaşlıq və
İnkişaf təşkilatının (OECD-nin) tövsiyyələri
öyrənilmiş, beynəlxalq ekspertlərin rəyləri
nəzərə alınmışdır. Transfer qiymətqoyma
Avropa İttifaqına daxil olan ölkələrdə, Amerika
Birləşmiş Ştatlarında və s. dövlətlərdə tətbiq
olunur.
9. Fiziki şəxslərin vergi öhdəliklərinin aylıq
sabit vergi şəklində müəyyən edilməsi
Bu dəyişikliyə əsasən bəzi fəaliyyət növləri
ilə məşğul olan fiziki şəxslər tərəfindən vergi
öhdəliklərinin sabit məbləğdə sadələşdirilmiş
qaydada vergi ödəməklə yerinə yetirilməsi
qaydası müəyyən edilmişdir. Sadələşdirilmiş
vergi üzrə sabit məbləğin ödənilməsi haqqında
qəbz alınmaqla fəaliyyət göstərilməsi vergi
ödəyicilərinin vəzifələrinə aid edilmişdir və
Məcəlləyə həmin fəaliyyət növlərinin siyahısı
və verginin dərəcəsi daxil edilmişdir.
Belə fəaliyyət növlərinə toylarda, şənliklərdə
və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq,
rəqqaslıq, aşıqlıq, fərdi foto, audio-video
xidmətləri, məişət cihazlarının təmiri, dayə,
fərdi sürücülük, ev təsərrüfatında təmizlik,
bağban və s. fərdi xidmətlər aid edilmişdir.
Dəyişikliklərə əsasən vergi öhdəliklərini
sadələşdirilmiş vergi üzrə sabit məbləğin
ödənilməsi haqqında qəbz alınmaqla yerinə
yetirən şəxslər vergi orqanına bəyannamə
təqdim etmirlər.
Bu dəyişikliklər fərdi qaydada fəaliyyət göstərən
aşağı gəlirli fiziki şəxslərin vergi və inzibati
yükünün azaldılmasına xidmət edir.
10. Rəqəmsal iqtisadiyyatın (e-ticarət)
vergiyə cəlb edilməsi
Sərəncamın icrası ilə bağlı hazırlanan qanun
layihələrinədən biri də “Elektron ticarət
haqqında”
Azərbaycan
Respublikasının
Qanununda dəyişikliklərin edilməsi haqqındadır.
Həmin Qanun layihəsi elektron ticarətin
əhatə
dairəsinin
genişləndirilməsini,
elektron ticarətin əsas iştirakçılarından olan
kart təşkilatının, təcrübədə geniş tətbiq edilən
pul kisəsi anlayışını, habelə elektron ticarətin
iştirakçısı olan satıcıya dair tələbləri müəyyən
edən normaları özündə ehtiva edir.
Vergi Məcəlləsinə də rəqəmsal iqtisadiyyat
çərçivəsində aparılan əməliyyatların vergiyə
cəlb edilməsinin işlək mexanizmini müəyyən
edən müddəaların əlavə edilməsi nəzərdə
tutulur.
Layihəyə elektron ticarət qaydasında işlərin və
xidmətlərin təqdim edilməsinə, habelə elektron
qaydada təşkil olunan lotereyaların, digər
yarışların və müsabiqələrin keçirilməsinə
görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə
cəlb edilməsi ilə bağlı müddəa da daxil
edilmişdir.
Həmin müddəalara əsasən vergi orqanlarında
uçotda olmayan şəxslər tərəfindən ödənişlər
aparılarkən yerli bank, xarici bankın
Azərbaycan Respublikasındakı filialları və
10
ya poçt rabitəsinin milli operatoru tərəfindən
qeyri-rezidentə ödənilməli olan məbləğə
ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına
tutulmalı və büdcəyə ödənilməlidir.
Beləliklə qeyd edilən dəyişikliklə elektron
ticarət aparan vergi ödəyicilərinə şəffaf vergi
nəzarətinin təmin edilməsinə, rezident və qeyri-
rezident elektron ticarət iştirakçıları arasında
diskriminasiyanın aradan qaldırılmasına nail
olunacaqdır.
11. Kənd təsərrüfatı məhsullarının istehsalı
və emalı üzrə sərhədlərin müəyyən edilməsi
Məlum olduğu kimi, kənd təsərrüfatı
məhsullarının istehsalçıları 1999-cu ildən
torpaq vergisi istisna olmaqla, Vergi
Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin
ödənilməsindən azad edilmişdir. Qeyd etmək
lazımdır ki, bu güzəştlər kənd təsərrüfatı
məhsullarının birbaşa istehsalı ilə məşğul
olan şəxslərə tətbiq edilir. Bu sahələrdə
yaranan fikir ayrılığı və mübahisələrin
aradan qaldırılması üçün kənd təsərrüfatı
məhsullarının istehsalçılarına tətbiq edilən
vergi güzəştlərinin əhatə dairəsini dəqiq
müəyyənləşdirmək
məqsədilə
kənd
təsərrüfatı məhsullarının istehsalı və emalı
üzrə sərhədlərin müəyyən edilməsinə zərurət
yarandığından kənd təsərrüfatı məhsullarının
istehsalının və satışının anlayışı Layihəyə daxil
edilmişdir.
Sənaye üsulu (o cümlədən xüsusi broyler
təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri
və digər yerlər) da daxil olmaqla, heyvanların
və quşların yetişdirilməsi, bəslənməsi, diri
şəkildə olarkən onlardan məhsulların (ilkin
formada, yarımfabrikat kimi istifadə olunaraq
yeni məhsula çevrilmədən, kimyəvi tərkibi
dəyişdirilmədən, konservləşdirilmədən) əldə
edilməsi, bitkiçilik məhsullarının becərilməsi
kənd təsərrüfatı məhsullarının istehsalı
anlayışına aid edilmişdir.
İstehsal olunan (o cümlədən sənaye
üsulu ilə, xüsusi broyler təsərrüfatlarında,
avtomatlaşdırılmış tövlə sistemlərində və
digər yerlərdə) canlıların diri şəkildə, habelə
onlardan diri şəkildə olarkən əldə edilmiş
məhsulların ilkin formada, heç bir kimyəvi
təsirə məruz qalmadan təqdim edilməsi və
bitkiçilik məhsullarının və digər kənd təsərrüfatı
məhsullarının təqdim edilərkən təbiətdə olduğu
ilkin formasını saxlaması, kimyəvi tərkibinin
dəyişdirilməməsi,
konservləşdirilməməsi
kənd təsərrüfatı məhsullarının satışına aid
edilmişdir.
12. Vergi qanunvericiliyində hüquqlardan
sui-istifadə
əleyhinə
müddəaların
beynəlxalq təcrübəyə uyğunlaşdırılması
Bəzi vergi ödəyiciləri vergi qanunvericiliyi
ilə verilmiş hüquqlardan sui-istifadə edərək
müxtəlif sxemlər tətbiq etməklə vergidən
yayınırlar.
Çoxpilləli müqavilələr bağlamaqla xərclərin bir
vergi ödəyicisindən digərinə ötürülməsi yolu ilə
şişirdilərək vergi öhdəliklərinin azaldılmasını
belə sxemlərə nümunə kimi göstərmək olar.
Beynəlxalq təcrübə nəzərə alınmaqla belə vergi
ödəyicilərinin vergitutma obyektlərini şəffaf
şəkildə vergiyə cəlb etmək və vergitutma
bazasının gizlədilməsinin qarşısını almaq
məqsədilə hüquqlardan sui-istifadə əleyhinə
müddəaların vergi qanunvericiliyinə daxil
edilməsi nəzərdə tutulur. Bu təcrübə Fransa,
Almaniya, Hollandiya, Belçika və digər
ölkələrdə tətbiq olunur. Bu məqsədlə vergi
orqanı tərəfindən vergidən yayınma sxeminin
11
tətbiqi halları aşkar edildikdə, onlara faktiki
iqtisadi mahiyyət üzrə qanunla müəyyən edilmiş
qaydada vergiləri hesablamaq hüququnu
özündə əks etdirən müddəalar Layihəyə daxil
edilmişdir.
13. Güzəştli vergitutulan ölkələrdə aparılan
əməliyyatlara vergi nəzarəti mexanizminin
qurulması
Sərəncama uyğun olaraq, Azərbaycan
Respublikası rezidentlərinin güzəştli vergi tutulan
ölkələrdə və ya ərazilərdə (ofşor zonalarda)
yaradılmış müəssisələrlə əməliyyatlarına
səmərəli nəzarət mexanizmlərinin qurulması
da islahat tədbirləri arasında öz əksini
tapmışdır. Bu mexanizmlərin tətbiqində
məqsəd ofşorlarda yaradılmış müəssisələr
vasitəsilə müxtəlif sxemlərdən istifadə
edərək gəlir və mənfəətlərini Azərbaycan
Respublikasında vergidən yayındıran şəxslərin
müəyyənləşdirilməsi və həmin əməliyyatların
qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb
edilməsini təmin etməkdən ibarətdir.
Bu məqsədlə Layihəyə güzəştli vergi tutulan
ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş)
subyektlərə rezidentlər və qeyri-rezidentlərin
Azərbaycan
Respublikasındakı
daimi
nümayəndəlikləri tərəfindən birbaşa və ya
dolayısı ilə edilən ödənişlərin Azərbaycan
mənbəyindən gəlirlərə aid edilməsini və
həmin ödənişlərdən ödəmə mənbəyində 10
faiz dərəcə ilə verginin tutulmasını nəzərdə
tutan müddəalar daxil edilmişdir.
Bu dəyişiklik beynəlxalq təcrübədə tətbiq
olunan, vergi sığınacaqlarına köçürülərək
vergidən yayındırılan gəlirlərlə mübarizə
sahəsində atılan addımlardan biridir. Analoji
müddəalar Latviya, Estoniya, Qazaxıstan
və Gürcüstan kimi öklərin qanunvericiliyində
nəzərdə tutulmuşdur.
14. Elektron auditin tətbiqi dairəsinin
genişləndirilməsi
Məlum olduğu kimi, dövlət vergi siyasətinin
əsas hədəflərindən biri sahibkarlarla vergi
orqanı arasında birbaşa təmasın minimuma
endirilməsi və əlaqələrin elektron qaydada
həyata keçirilməsindən ibarətdir.
Bununla əlaqədar Vergi Məcəlləsinə elektron
auditin vergi ödəyicisinin elektron formatda
saxlanılan maliyyə (mühasibat) məlumatlarına
xüsusi proqram təminatı vasitəsilə birbaşa
və ya məsafədən çıxış imkanı yaradılmaqla
həyata keçirilən vergi yoxlaması olması barədə
anlayış və elektron auditin vergi orqanının
qərarına əsasən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada aparılması
ilə bağlı müddəalar daxil edilmişdir.
15. Vergi sahəsində şəffaflıq və məlumat
mübadiləsi üzrə yüksək beynəlxalq
reytinq əldə etmək və bu reytinqin daima
saxlanılması
Məlum olduğu kimi, Azərbaycan Respublikası
2003-cü il tarixdən “Vergi məsələləri üzrə
qarşılıqlı inzibati yardım haqqında” Konvensiya
qoşulmuşdur. Həmin Konvensiya ölkələrə vergi
sahəsində yardımın, habelə vergi ödəyicilərinin
gəlirləri barədə avtomatik məlumat mübadiləsini
nəzərdə tutur.
Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının
Hökuməti ilə Azərbaycan Respublikası
Hökuməti arasında vergi tələblərinin yerinə
yetirilməsi barədə müvafiq Saziş imzalanmışdır.
Qeyd olunan Sazişə əsasən tərəflərin vergi
ödəyicilərinin bank hesablarının, həmin
hesablardakı əməliyyatlar barədə məlumatların
12
mübadiləsi həyata keçirilir.
Beynəlxalq sazişlərdən irəli gələn tələblərin
yerinə
yetirilməsi
məqsədilə
maliyyə
institutlarının, o cümlədən bankların hüquq
və vəzifələrini və onların bu məsələlərlə
bağlı məsuliyyətini nəzərdə tutan müddəalar
Vergi Məcəlləsinə daxil edilmişdir.
Məlumat üçün qeyd etmək yerinə düşər ki,
cari ilin sentyabr ayında Qlobal Forumun
Qiymətləndirmə Qrupunun Paris şəhərində
keçirilən iclası zamanı Azərbaycan üzrə
ölkə
hesabatı
müzakirəyə
çıxarılmış
və Qiymətləndirmə Qrupunun qərarı ilə
təsdiqlənərək,
Azərbaycan
Respublikası
“əsasən uyğun” (largely compliant) reytinq balı
ilə qiymətləndirilmişdir. Bu reytinq 28 oktyabr
2016-cı il tarixində
Qlobal Forum tərəfindən
təsdiqlənərək, Qlobal Forumun və OECD-nin
rəsmi veb-saytlarında dərc edilmişdir.
16.Torpaq sahələrinin satışı əməliyyatlarının
rəsmiləşdirilməsi zamanı bu əməliyyatdan
yaranan vergi öhdəliyinin notarius tərəfindən
ödəmə mənbəyində sadələşdirilmiş vergiyə
cəlb edilməsi:
Məlum olduğu kimi, qüvvədə olan
qanunvericiliyə əsasən torpaq sahələrinin satışı
ümumi qaydada mənfəət və gəlir vergisinə
cəlb edilir. Bu əməliyyatların rəsmiləşdirilməsi
zamanı qiymətlərin düzgün göstərilməməsi,
alış və xərc sənədlərinin olmaması bu torpaqları
təqdim edən şəxsin vergi öhdəliyinin dəqiq
müəyyən edilməsində çətinliklər yaradır. Bu
məqsədlə, torpaq sahələrinin sadələşdirilmiş
qaydada vergiyə cəlb edilməsini nəzərdə
tutan müddəalar Layihəyə daxil edilmişdir.
17. Vergi borcunun alınması sahəsində
qanunvericiliyin təkmilləşdirilməsi:
“İcra
haqqında”
Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsinə dair qanun
layihəsi üzrə icra
məmurları tərəfindən icraata qəbul edilən
vergi borclarının, habelə geri qaytarılan icra
sənədlərinin daima nəzarətdə saxlanılması,
icra məmurlarına vergi borclarının alınması
ilə bağlı mümkün köməkliyin edilməsi,
habelə bu sahədə düzgün uçotun qurulması
məqsədilə vergi borcunun alınması (vergilərin
ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə
minmiş məhkəmə qərarlarına münasibətdə
icra məmurlarının icraata başlamaq haqqında
qərarın surətinin və icra edilməsi mümkün
olmadığı üçün geri qaytarılan icra sənədləri
barədə məlumatların rəsmi şəkildə aidiyyəti
vergi orqanına təqdim etmələri ilə bağlı
müddəalar nəzərdə tutulmuşdur. Həmin qanun
layihəsinə, icra məmurları tərəfindən dəyəri
5000 manatadək olan əmlakların ticarət
şəbəkələrində, o cümlədən elektron ticarət
şəbəkələrində satışına dair müddəalar da
əlavə edilmişdir.
“İcra haqqında” Azərbaycan Respublikasının
Qanununda qeyd edilən istiqamətdə müvafiq
dəyişikliklər edildiyi təqdirdə qanuni qüvvəyə
minmiş məhkəmə aktlarının icrasının tez bir
zamanda təmin edilməsi, habelə Azərbaycan
Respublikası Vergilər Nazirliyi tərəfindən
vergilərin vaxtında və tam məbləğdə yığılması
və dövlət büdcəsinə ödənilməsinin təmin
edilməsi üçün daha əlverişli şərait yaranacaqdır.
Mülki-Prosessual Məcəlləyə təklif olunan
dəyişiklik isə Azərbaycan Respublikasının
Vergi Məcəlləsinə uyğunlaşma xarakteri
daşıyır. Məhkəmə Vergi Məcəlləsinin 90.1-
ci maddəsində göstərilən vergi orqanının
müraciətinə Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində müəyyən edilmiş
13
qaydada baxır.
Vergi borclarının dövlət büdcəsinə alınmasının
tam həcmdə və operativ təmin edilməsi məqsədilə
Vergi Məcəlləsinə dəyişiklik layihəsində bir sıra
yeniliklər nəzərdə tutulmuşdur. Bu dəyişikliklər
məhkəmə qərarlarının icrası prosesinin daha
sadə və operativ şəkildə həyata keçirilməsini
təmin edəcəkdir.
18. Vergitutma bazasının genişləndirilməsi
ilə bağlı müddəalar:
Məlumat üçün onu da qeyd etmək yerinə düşər
ki, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi
haqqında Qanunun Layihəsinə vergitutma
bazasının genişləndirilməsi ilə bağlı bir sıra
müddəalar daxil edilmişdir.
Bu dəyişikliklər əsasən:
- idxal edilən istirahət və ya idman üçün
yaxtalara və bu məqsədlər üçün nəzərdə
tutulan digər üzən vasitələrə, mühərrikinin
həcmi 2000 kub santimetrdən yuxarı olan
minik avtomobillərinə, platinin və qızılın hər
qramına, almazın 1 karatına tətbiq edilən aksiz
dərəcələrinin təqribən 2 -3 dəfə artırılmasını;
- idxal edilən xəz-dəri mallarının aksizli mallara
aid edilməklə 10 faiz dərəcə ilə aksizə cəlb
edilməsini;
- sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi
şəxslərin əmlak vergisinə cəlb edilməsini;
- maşınlar və avadanlıq üzrə amortizasiya
normasının 25 faizdən 20 faizədək
azaldılmasını;
- dövlət büdcəsinin investisiya xərcləri
hesabına alınan aktivlərə hesablanmış
amortizasiyanın gəlirdən çıxılmasının 40
faizədək məhdudlaşdırılmasını nəzərdə tutur.
Vergi Məcəlləsinə təklif edilən yuxarıda
sadalanan dəyişikliklər ölkədə aparılan
iqtisadi islahatların tərkib hissəsi kimi həyata
keçirilməsi nəzərdə tutulmaqdadır.
14
Dostları ilə paylaş: |