№3 2013 KƏmalə HÜseynova



Yüklə 296,03 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü296,03 Kb.
#54688


Yeni dövr                                                                         

57

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

 

KƏMALƏ HÜSEYNOVA 



AMEA A.A.Bakixanov adına Tarix İnstitutu 

“Azərbaycanin Yeni Tarixi” şöbəsinin dissertanti 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

AĞABALA QULİYEVİN BAKI ŞƏHƏRİNİN 

İCTİMAİ HƏYATINDA ROLUNA DAİR 

 

Açar sözlər: sahibkar, cəmiyyət, xeyriyyəçilik, tədbir, fəaliyyət 

Ключевое словабладелец, общество, благотворительность, измерение,действие 

Key words: Businessman (owner), society, charity, measure (ceremony), activities 

 

Məqalədə azərbaycanlı dəyirman sahibkarı Ağabala Quliyevin XIX əsrin sonları və XX 



əsrin əvvəllərində Bakı şəhərinin ictimai həyatındakı mövqeyindən bəhs olunur. Bəhs olunan 

dövrdə  Azərbaycan  milli  burjuaziyasının  digər  nümayəndələri  kimi,  Ağabala  Quliyev  də  ça-

rizmin  mənafeyini  müdafiə  etmişdir  ki,  bu  da  onların  öz  sahibkarlıq  fəaliyyətlərini  genişlən-

dirmək və iqtisadi maraqlarını güdməkdən irəli gəlmişdir. Lakin buna baxmaraq, azərbaycanlı 

sahibkarlar,  eləcə  də  Ağabala  Quliyev  öz  sahibkarlıq  fəaliyyətlərindən  əldə  olunan  gəlirləri 

xalqın rifahı üçün də sərf etmiş, xeyriyyəçilik tədbirləri həyata keçirmişdilər. 

Qılman İlkin öz əsərində Ağabala Quliyevin 1862-ci ildə Bakının Keşlə kəndində ana-

dan olduğunu göstərsə də, digər bir sənəddə bu rəqəmin 1879-cu il olduğunu qeyd edir. Ağa-

bala  Quliyev  dəyirmançılıqda  fəhlə  vəzifəsində  işləyərək  sex  müdiri  vəzifəsinə  yüksəlmiş  və 

xeyli kapital toplayaraq dəyirman sahibkarına çevrilmişdir [1,s.6]. 

Ağabala  Quliyevin  dəyirman  işindən  başqa,  Bakı  şəhərinin  ictimai  həyatında  da  xid-

mətləri olmuşdur. XIX əsrin sonları – XX əsrin əvvəlləri Bakısında elə bir hadisə olmazdı ki, 

Ağabala  Quliyev  ona  öz  maddi  və  mənəvi  köməyini  göstərməsin.  Ölkənin  dövlət  quruculu-

ğunda, ictimai və mədəni tədbirlərində, xalq təsərrüfatının bir sıra sahələrində onun xidmətləri 

olmuşdur [2, s.249-250]. 

1861-ci ildə Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonar imperiya  ərazisindəki 

şəhərlər  inkişaf  etməyə  başladı.  Şəhərlərdə  olan  köhnə  idarəedicilik  sistemi  artıq  öz  gücünü 

itirirdi. Şəhərlərin idarə olunması sistemində yeni islahatın həyata keçirilməsi zəruriliyi yaran-

mışdı. Bu islahatın həyata keçirilməsinə hazırlıq işləri üçün 8 il vaxt sərf olundu [2,s.159] və 

nəhayət  imperatorun  1870-ci  il  16  iyun  fərmanına  müvafiq  olaraq  Rusiyanın  bütün  iri 

şəhərlərində bələdiyyə idarələri təşkil olundu və dumaların yaradılması seçkilərinə başlanıldı. 

Bakıda isə bu fərman yalnız 8 ildən sonra qüvvəyə mindi. Buna da onu bəhanə gətirirdilər ki, 

guya qeyri-millətllər hələ özlərini idarə etməyə qadir deyillər [3,s.68]. 

İmperatorun fərmanında göstərilirdi ki, başqa şəhərlərdə yerli xristian olmayan millət-

lərin sayı xristian olanlara nisbətən əksəriyyət təşkil edərsə, o zaman həm xristianlardan, həm 

də qeyri-xristianlardan Dumaya bərabər sayda qlasnı nümayəndə seçilməlidir [2,s.250]. Buna 

görə də 1878-ci ildə Bakıda Dumaya seçkilər başlanarkən, ilk Dumaya seçilən 72 nəfərin 36 

nəfərini  müsəlman  qlasnıları  təşkil  edirdilər.  Onların  arasında  H.Z.Tağıyev,  Şəmsi  Əsədulla-

yev, Musa Nağıyev, Əjdər bəy Aşurbəyov, İsa bəy Hacınski və digər məşhur adamlarla yanaşı 

Ağabala Quliyev də yer almışdı. Ağabala Quliyev Dumanın iclaslarında müzakirə olunan xü-

susilə ərzaqla əlaqədar olan məsələlərdə həmişə xalqın mənafeyi baxımından çıxış edərdi [4]. 

Bundan  başqa  o,  şəhərin  abadlaşdırılması,  təzə  məktəblərin  tikilməsi  işləri  ilə  də  xüsusilə 




58                                                                                   Yeni dövr 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

maraqlanardı. Bələdiyyə idarəsinin komissiyalarında da təxirəsalınmaz məsələlərlə bağlı vacib 

çıxışlar edərdi [1,s.12]. Ümumiyyətlə, Bakı varlılarından H.Z.Tağıyev, Musa Nağıyev, Şəmsi 

Əsədullayev,  Əjdər  bəy  Aşurbəyov,  Ağabala  Quliyev  və  başqalarıDumanın  mövcud  olduğu 

bütün zamanlarda həmişə qlasnı seçilirdilər [3,s.70]. 

1896-cı  ildən  etibarən  Bakının  kəndlərində  rus-Azərbaycan  məktəbləri  açılmağa  baş-

ladı. Buzovnada açılan məktəbin nəfinə H.Z.Tağıyev  və A.Məlikov ilə yanaşı Ağabala Quli-

yev də ianə vermişdi. Bundan başqa, 1913-cü ildə Armavirdə tikilən məktəb binası üçün ianə 

göndərən Bakı sənayeçiləri arasında H.Z.Tağıyev, Ağabala Quliyev, A.Aşurbəyov və A.Dada-

şovun da adları var idi [5,s.15,18]. 

XIX  əsrin  sonları  –  XX  əsrin  əvvəllərində  Azərbaycan  burjuaziyasının  yuxarı  təbəqə-

sini neft, pambıq parça, unüyüdən və çəltiktəmizləyən, ipək emalı sənayesinin, dəniz nəqliy-

yatının,  ticarətin  iri  müəssisələrinin  sahibkarları  təşkil  edirdilər.  Həmin  sahibkarlar  arasında 

H.Z.Tağıyevin, M.Nağıyevin, Ş.Əsədullayevin, M.Muxtarovun, A.Dadaşovun, M.Manafovun, 

M.Rəsulovun,  A.Q.Məmmədovun,  A.Əliyevin,  eləcə  də  Ağabala  Quliyevin  adları  çəkilir  [6, 

s.36-37]. 

Ağabala  Quliyev  şəhərdə  hündür  binalar  tikdirməyin  o  qədər  də  pərəstişkarı  deyildi. 

Lakin Bakının Poluxin küçəsində tikdirdiyi yaşayış binası şəhərin ən möhtəşəm binalarından 

biri  idi.  Binaya  həm  xaricdən,  həm  də  içəridən  arxitektura  elementləri  ilə  bəzəklər 

vurulmuşdu. Binanın memarı o zaman şəhərdə bir çox əzəmətli binaların layihəsini işləyib ha-

zırlamış  E.Y.Skibinski  idi.  Binanın  içəri  tərəfini  bəzəmək  üçüm  rəssam  Malov  dəvət  olun-

muşdu. Malovun otaqlardakı yağlı boya ilə çəkdiyi şəkillər icəri girənləri cəlb edirdi [4]. Bu-

radan  məlum  olur  ki,  Ağabala  Quliyevin  Bakı  şəhərinin  memarlıq  üslubunun  zənginləş-

məsində qismən də olsa xidmətləri olmuşdur. 

Hələ  XIX  əsrin  60-cı  illərindən  başlayaraq  Azərbaycnda  yaşayan  qeyri-millətlər  ara-

sında xeyriyyə cəmiyyətləri yaradılmışdı. Milli Azərbaycan burjuaziyası da dəfələrlə belə bir 

cəmiyyətin  yaradılmasına  səy  göstərmiş,  lakin  vəsait  toplanarkən  H.Z.Tağıyevdən  başqa  heç 

kim pul verməmişdi [7, s.168-169]. S.Süleymanova öz əsərində bəzi tədqiqatçıların Həsən bəy 

Zərdabinin  1872-ci  ildə  təsis  etdiyi  müsəlman  şagirdlərinə  yardım  cəmiyyətini  ilk  xeyriyyə 

cəmiyyəti  hesab  etdiklərini  qeyd  edir  [7,  s.169].  Cəmiyyətin  yaradılmasında  məqsəd  yoxsul 

uşaqların məktəblərə qəbul edilərək, onlara pulsuz təhsil və tərbiyə verilməsi idi. Lakin son-

radan cəmiyyətə göndərilən üzvlük haqlarının xeyli azalması səbəbindən Həsən bəy cəmiyyəti 

bağlamağa məcbur oldu [2, s.213]. 

Həsən bəy Zərdabi ruhdan düşməyərək sonralar da xeyriyyə cəmiyyətini yaratmaq uğ-

runda  mübarizəsini  davam  etdirmiş,  XX  əsrin  əvvəllərində  yenidən  bu  məsələyə  qayıdaraq, 

“Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin nizamnaməsini yazıb, təsdiq olunmaq üçün Qafqaz 

Canişinliyi idarəsinə təqdim etmişdir. Nizamnamə 1905-ci il oktyabrın 10-da Tiflisdə Qafqaz 

canişini  Vorontsov-Daşkov  tərəfindən  təsdiq  olunmuşdur  [8,  s.28-29].  Bu  işdə  H.Z.Tağıyev 

təşkilatçı rolunu oynayaraq, yeni yaranan “Müsəlman xeyriyyə cəmiyətinin sədri, Əhməd bəy 

Ağayev  isə  katibi  seçilmişdir.  Ümumiyyətlə,  o  zaman  xeyriyyəçilik  məqsədilə  yaradılan  cə-

miyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməkliyi sayəsində 

təsis olunurdu. “Müsəlman xeyriyyə cəmiyyəti” əsasən Bakı varlılarının  və varlı ziyalılarının 

cəmiyyəti  idi.  Onun  tərkibinə  Bakı  varlılarından  H.Z.Tağıyev,  Mirzə  Əsədullayev,  Ağabala 

Quliyev, İsabəy Hacınski, Kamil bəy Səfərəliyev, İsrafil Hacıyev ilə yanaşı Əhməd bəy Ağsa-

yev, Əli bəy Hüseynzadə, Həsən bəy Ağayev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov 

kimi ziyalılar da daxil idilər [9, s.16].“Müsəlman xeyriyyə cəmiyyəti”nin məqsədi yoxsul mü-

səlmanları  himayə  etmək,  yoxsul  uşaqlarını  sənət  məktəblərində  pulsuz  oxutmaq  və  sairədən 



Yeni dövr                                                                         

59

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

ibarət  idi  [10,  s.47].S.Süleymanova  öz  əsərində  arxiv  sənədinə  istinad  edərək  cəmiyyətin 

yaranmağının məqsədini 1905-1906-cı illərdə bütün Qafqazı bürüyən millətlərarası münaqişə-

dən zərər çəkən azərbaycanlılara kömək etmək zəruriliyi ilə bağlayır [7, s.171]. 

Birinci dünya müharibəsi illərində “Müsəlman xeyriyyə cəmiyyəti”nin fəaliyyəti daha 

da  genişlənmiş,  qaçqınları  ərzaq  və  müxtəlif  ləvazimatlarla  təchiz  etmək  sahəsində  onun 

böyük xidmətləri olmuşdur. 1917-ci ilin aprel-may aylarında Bakıya Türkiyədən, Rum elindən 

çoxlu qaçqınlar gəlmişdi. Bakı varlıları arasında Ağabala Quliyev də qaçqınlara öz köməyini 

göstərərək  onları  ərzaq,  un  və  düyü  ilə  təmin  edirdi.  SonralarQafqaz  cəbhəsindən  gətirilən 

çoxlu sayda türk və alman əsirlərinə də cəmiyyət öz qayğısını göstərirdi [4]. 

XIX əsrin sonlarında İranla Bakı arasında ticarətin artması ilə əlaqədar olaraq Bakı var-

lıları qazanc əldə etmək məqsədilə gəmiçiliklə məşğul olmağa başlayırdılar. O zaman ən gör-

kəmli gəmi sahibləri olan Yusif Dadaşov, İsrafil Hacıyev, Əliabbas Dadaşov, Rəsulov qardaş-

ları, Musa Nağıyev, Aşurov qardaşları, Məmmədəli Yusifov, Şəmsi Əsədullayev, Məmmədba-

ğır Hüseynov, H.Z.Tağıyev, Ramazanov, Əliyev qardaşları, H.B.Qafarov, Məmməd Cavadov 

və onun şirkəti ilə yanaşı olaraq Ağabala Quliyevin də adı çəkilir [3, s.22-23]. 

1905-ci  ilin  sentyabrında  Bakı  şəhərinin  Petrovsk  meydanında  milliyyətindən  asılı 

olmayaraq aclıqdan əziyyət çəkənlərə çörəyin paylanılması tədbirində Əsədullayev, Tağıyev, 

Həsənağa Həsənov ilə yanaşı olaraq Ağabala Quliyev də iştirak etmişdir [11]. Bu bir daha onu 

göstərir  ki,  Bakı  şəhərindəkixeyriyyəçilik  tədbirlərində  Ağabala  Quliyevin  fəaliyyəti  özünün 

çoxşaxəliliyi ilə seçilmişdir. 

Təəssüflər  olsun  ki,  1905-ci  il  rus  inqilabından  sonra  Ağabala  Quliyev  qatı  mürtəce 

olan Hacı Aslan Aşurbəyovun təsiri altına düşmüş və onun siyasi görüşlərində qaragüruhçula-

ra meyl yaranmışdır [2, s.251]. O, 1905-ci ilin noyabrında Bakıda təsis olunan “Yakor” təşki-

latına daxil olmuşdur. Bu, Rusiyada yaranmış “Rus xalqının ittifaqı” adlı  qaragüruhçu təşki-

latın bir qolu idi [4]. 

1905-ci ilin iyununda yaranan  “Əhalinin asayişinin qorunmasına dair”  komitənin üzv-

lüyünə  seçilən  namizədlər  arasında  M.Muxtarov,  N.Əmiraslanov  ilə  bərabər  olaraq  Ağabala 

Quliyev də var idi. Fəhlə çıxışlarının qarşısını almaq üçün milli burjuaziya nümayəndələrinin 

birləşməsi zəruriliyi bu komitənin təsis olunmasına gətirib çıxarmışdı. Komitə Bakı şəhər Du-

ması tərəfindən seçilən komissiya tərəfindən təşkil olunmuşdu. Komissiyanın tərkibinə Azər-

baycan  burjuaziyası  nümayəndələrindən  K.Səfərəliyev,  M.Q.Hacınski  və  Ə.Ağayev  daxil 

olmuşdular [6, s.85-86]. 

Ümumiyyətlə,  əhalinin  asayişinin  qorunması  komitəsinə  azərbaycanlı  kapitalistlərdən 

İ.Hacıyev,  H.A.Aşurov,  H.B.Aşurov,  İ.Hacınski,  K.A.Zərbəliyev,  İ.Səfərəliyev,  A.Səlimxa-

nov, M.Əsədullayev, burjua publisistlərindən A.M.Topçubaşov və yuxarıda adını çəkdiyimiz 

Ə.Ağayev daxil idilər. Beləliklə, H.Z.Tağıyev və digər bəzi şəxslər istisna olmaqla komitənin 

tərkibinə Bakı ticarət və sənaye burjuaziyasının yuxarı təbəqələrini təmsil edən nümayəndələr 

daxil olmuşdular. Komitənin Gəncə şəhərində də bölməsi fəaliyyət göstərirdi [6, s.86]. 

Azərbaycan burjuaziyasının müxtəlif qrupları və təbəqələri, eləcə də ziyalıları arasında 

siyasi  görüşlərinə  görə  tutduqları  mövqelər  müxtəlif  olmuşdur.  Bu  özünü  Bakıda  1905-ci  il 

noyabrın ortalarında keçirilən mitinqlərdə də biruzə verirdi [6, s.119]. 1905-ci il noyabrın 18-

də Bakı şəhər Dumasının zalında müsəlmanların ilk mitinqi keçirildi. Mitinqdə Rusiya impe-

riyasının siyasi vəziyyətinə, xüsusilə kəndli hərəkatına dair çıxışlar oldu. Həmin tədbirdə mi-

tinqlərin  vaxtaşırı  təşkil  olunması  üzrə  komissiyanın  seçilməsinə  qərar  verildi.  Komissiyanın 

tərkibinə  Ə.Ağayev,  həkim  Həsənbəy  Ağayev,  Nəcəfbəy  Vəzirov,  Məmmədhəsənbəy  Hacın-

ski, həkim Qarabəy Qarabəyovla yanaşı olaraq Ağabala Quliyev də daxil oldular [12]. 



60                                                                                   Yeni dövr 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Mitinqdə  çıxış  edən  Ağabala  Quliyev  bildirirdi  ki,  özünün  Qərbi  Avropa  ölkələrinə 

səfəri  zamanı  oradakı  həyat  şəraitinin  buradan  üstün  olmasına  əmin  olmuşdur.  O,  əsas  etiba-

rilə, Qərbdə bütün millətlərə və dinlərə  münasibətin normal olduğunu misal çəkirdi.  Ağabala 

Quliyev Rusiya imperiyasında həyata keçirilən islahatların mahiyyətini çar hökumətinin xalq-

lara azadlıq verməsi ideyası ilə bağlayırdı [13]. O, müsəlmanları çara səcdə etməyə çağıraraq, 

nədənsə bu barədə müqəddəs kitab olan Qurana istinad edirdi [6,s.120]. Bu zaman Nəcəfbəy 

Vəzirov,  Ə.Ağayev  və  digərləri  Ağabala  Quliyevə  etiraz  edərək,  müqəddəs  kitaba  istinad  et-

məyin  mənəvi  cəhətdən  düzgün  olmadığını  bildirdilər.  Onlar  bunu  belə  bir  fikirlə  izah  edir-

dilər ki, Quranda xalq tərəfindən seçilən xalq hakimiyətinə hörmətlə yanaşılır, yalnız belə bir 

hakimiyyət ölkənin sakitliyini təmin edir və xalqın maraqlarına cavab verən tədbirlərin həyata 

keçirilməsini tənzimləyir. Daha sonra Əhmədbəy Ağayev öz çıxışında bildirdi ki, müsəlman-

lar  öz  ehtiyaclarının  təmin  olunmasını  yalnız xalq  hakimiyyətindən  gözləyə  bilərlər.  Hal-ha-

zırda mövcud olan hakimiyyət isə xalqın tələbatlarının ödənilməsinə cavab vermir [13].  

Azərbaycanın  demokratik  ruhlu  ziyalılarından  və  zəhmətkeşlərindən  əks  münasibət 

görən,  çarizm  siyasətini  açıqdan-açığa  mədh  edən  tərəfdarlar,  o  cümlədən,  Ağabala  Quliyev 

1905-ci  il  noyabrın  27-də  daha  geniş  surətdə  təşkil  olunan  mitinqdə  iştirak  etməkdən  ehtiyat 

etdilər [6, s.121]. Ümumiyyətlə, H.Z.Tağıyev, Ş.Əsədullayev, Ağabala Quliyev, M.Muxtarov, 

H.Aşurov, K.Sadıxov kimi burjua nümayəndələri siyasi tədbirlərdə Bakı şəhər Duması, “Mü-

səlman xeyriyyə cəmiyyəti” və “Nəşri maarif” cəmiyyətinin nümayəndələri kimi çıxış edir və 

çarizmi  müdafiə edirdilər. Onlar hətta  konstitusiyalı monarxiya quruluşunun bərqərar olması 

tələbini  də  irəli  sürmüşdülər.  Mahmud  İsmayılov  öz  əsərində  göstərir  ki,  1905-ci  ildə  nəşr 

olunan  “Həyat”  qəzeti  onların  mövqeyini  aşağıdakı  kimi  əks  etdirmişdir:  “Biz  indiki  höku-

mətə qarşı mübarizə aparmamalıyıq, yeni quruluş xalqımız üçün daha təhlükəlidir” [14, s.286-

287]. 

Göründüyü  kimi,  azərbaycanlı  sahibkarlardan  fərqli  olaraq,  azərbaycanlı  ziyalılar  çar 



hökuməti qarşısında xalqın mənafeyini qorumaq baxımından çıxış edir, monarxiya quruluşu-

nun  demokratik  respublika  quruluşu  ilə  əvəz  olunması  uğrunda  mübarizə  aparırdılar.  Bunun 

səbəbi o idi ki, azərbaycanlı sahibkarlar hər hansı bir ticarət fəaliyyətləri zamanı öz tədbirlə-

rini həyata keçirərkən hökumətdən xüsusi olaraq razılıq almalı idilər. Yəni onların sahibkarlıq 

fəaliyyətlərinin genişləndirilməsi işi qanunvericilik baxımından çar hökumətindən asılı idi. 

1905-ci  ildə  Bakıda  baş  verən  erməni-müsəlman  qırğınlarından  sonra  ermənilərin 

barışmaq təklifinə dair  keçirilən  müşavirədə  “Müsəlman Xeyriyyə Cəmiyyəti” tərəfindən se-

çilən nümayəndə heyətinin tərkibinə Hacı Aslan Aşurov, İsmayılbəy Səfərəliyev, Əlimərdan-

bəy Topçubaşov, Əhmədbəy Ağayev, İsabəy Hacınski, Məmməd Həsən Hacımnski, Əsədulla 

Əhmədov,  Kərbəla  Abdulla  Zərbəliyev,  Həsənağa  Həsənov,  Mirzə  Əsədullayev,  Hacıbaba 

Aşurov ilə yanaşı olaraq Ağabala Quliyev də daxil olmuşdur [15]. 

1916-cı  ildə  Bakıda  baş  verən  aclıqla  əlaqədar  olaraq  Şimali  Qafqaz  yolunun  bağlan-

ması nəticəsində Bakı dəyirmanları bir sıra çətinliklərlə üzləşdilər. Taxılın daşınmaması nəti-

cəsində bir neçə dəyirman öz işini dayandırsa da, bu, Ağabala Quliyevin dəyirmanına bir o qə-

dər təsir etmədi. Digər tərəfdən isə o, Rusiyanın taxıl istehsal edən rayonları ilə daima əlaqədə 

olduğuna görə, taxılın dəniz vasitəsilə daşınmasına nail olmuşdur [4]. 

Yuxarıda göstərilən aclıqla bağlı olaraq 1916-cı il fevralın 14-də Bakıda məşhur  “Ba-

bıy bunt” qiyamı ilə tanınan qadınların güclü çıxışı baş verdi. Bu, Cənubi Qafqazda qadınların 

ilk çıxışı idi. İslam dini müsəlman qadınlarını bayıra çıxmağı qadağan etdiyinə görə, onlar bu 

iğtişaşda iştirak etmirdilər. Üç gün davam edən və bütün şəhəri bürüyən bu iğtişaş zamanı qa-




Yeni dövr                                                                         

61

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

dınlar  böyük  un,  düyü  və  qənd  mağazalarını,  Skoblevin,  Ağabala  Quliyevin  və  Qlazovun 

nəhəng dəyirmanlarını, un anbarlarını və digər yerləri talan etdilər [16, s.209-210]. 

1917-ci  ilin  fevral  inqilabı  nəticəsində  II  Nikolayın  taxtdan  salınmasından  sonra  çara 

səcdə  edən  bir  qrup  Bakı  qaragüruhçusu  keşiş  Ekzar  Qruzi,  maarif  inspektoru  Saxnovski, 

milyonçu Ağabala Quliyev, qoluzorba Hacı Aslan Aşurov, Bakı texniki məktəbinin direktoru 

Bajenov  Aleksandro-Nevski  katedral  “Qızıllı”  kilsənin  həyətinə  yığışıb  matəm  mərasimi  ke-

çirdilər.  Lakin  bu  matəm  mərasimi  rəsmi  xarakter  daşımadığına  görə,  bir  qədər  qeyri-ciddi 

matəm mərasimini xatırladırdı [17, s.200]. 

Ağabala Quliyev 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılandan sonra 

da  qaragüruhçuların  təsiri  altından  çıxa  bilməmişdir.  Qılman  İlkin  öz  əsərində  1919-cu  ildə 

nəşr  olunan  “Azərbaycan”  qəzetinə  istinad  edərək  yazır:  “Ağabala  Quliyev  demokratik  res-

publikanın əleyhinə danışdığına və Denikinin ordusunun tərəfdarı kimi özünü göstərdiyinə gö-

rə, camaat tərəfindən təhqir olunmuş və polis tərəfindən həbs olunaraq hətta bir-neçə ay qaza-

matda da qalmışdır. Onun belə hərəkəti camaatın böyük nifrətinə səbəb olmuşdur” [1, s.14]. 

Beləliklə,  nəticə  etibarilə  göstərmək  lazımdır  ki,  azərbaycanlı  dəyirman  sahibkarı 

Ağabala Quliyevin Bakı şəhərinin ictimai həyatındakı fəaliyyəti özünün çoxşaxəliliyi ilə seçil-

mişdir.  Ağabala  Quliyev  öz  siyasi  görüşlərində  çarizmin  mənafeyini  müdafiə  etsə  də,  dəyir-

man işindən əldə etdiyi gəlirlərin hesabına xalqın maariflənməsi, aclıqdan əziyyət çəkən əhali-

nin çörəklə təmin olunması və digər bu kimi xeyriyyəçilik tədbirlərində fəal surətdə iştirak et-

mişdir. Onun çar hökumətinə meylli olmasının səbəbinə gəldikdə isə bu onunla izah olunma-

lıdır ki, o, öz dəyirman işinin genişləndirilməsi üçün müvafiq orqanların xüsusi razılığını al-

malı idi. Yəni digər sahibkarlar kimi Ağabala Quliyevin sahibkarlıq fəaliyyəti də iqtisadi qa-

nunvericilik baxımından çar hökumətindən asılı olmuşdur.  

 

Istifadə olunmuş ədəbiyyat: 

 

1.Qılman İlkin. Dəyirmanlar kralı Ağabala Quliyev. Bakı: 1995, 16 s. 



2.Qılman İlkin. Bakı və bakılılar. Bakı: “Zaman” nəşriyyatı, 1998, 384 s. 

3.Qılman İlkin. Köhnə Bakını tanıyırsanmı. 2-ci nəşri. Bakı: Şirvannəşr, 2004, 116 s. 

4.“Dəyirmanlar kralı” Ağabala Quliyev // “Azadlıq” qəzeti, 24 avqust, 2012-ci il, №196. 

5.Əhmədov H. Azərbaycanda xeyriyyə cəmiyyətlərinin maarifçilik fəaliyyəti. Bakı: 

“Mütərcim”, 1997, 56 s.  

6.Сеидзаде Д.Б. Из истории Азербайджанской буржуазии в начале XX века. Баку: 

Издательство, «Элм», 1978, 148 c.  

7.Süleymanova  S.  Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu  – XX yüzilliyin 

əvvəlləri). Bakı: Azərbaycan Dövlət Kitab Palatası, 1999, 422 s. 

8.Cavadov  C.  Azərbaycanda  xeyriyyəçilik  hərəkatı  (XIX  əsrin  sonu  və  XX  əsrdə).  Bakı: 

“Elm” nəşriyyatı, 1999, 256 s.  

9.Qılman İlkin. Hacı Zeynalabdin Tağıyev. Fotoalbom. Bakı: İşıq, 1997, 196 s. 

10.M.İsmayıl., M.İbrahimov. El atası. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1994, 120 s.  

11.«Баку», газета, 4-го сентября, 1905 года, №113. 

12.«Баку», газета, 19-го ноября, 1905 года, №166. 

13.«Баку», газета, 20-го ноября, 1905 года, №167. 

14.Mahmud İsmayıl. Azərbaycan tarixi. Bakı: “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-

Poliqrafiya Birliyi, 1997, 320 s. 

15.«Баку», газета, 13-го сентября, 1905 года, №119. 



62                                                                                   Yeni dövr 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

16.Süleymanov M. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı: Azərbaycan Dövlət 

Nəşriyyatı, 1989, 376 s. 

17.Сулейманов М. Дни минувшие. Баку: Азербайджанское Государственное 

Издательство, 1990, 344 c. 

 

К.О.ГУСЕЙНОВА 



 

К РОЛИ АГАБАЛЫ ГУЛИЕВА В ОБЩЕСТВЕННОЙ ЖИЗНИ Г.БАКУ 

 

В  настоящей  статье  рассматривается  о  роли  Агабалы  Гулиева  в  общественной 

жизни г. Баку в конце XIX и начале XX вв. Хотя и А.Гулиев шелв фарвамере царского 

правительства,  он  последовательно  участвовал  в  различных  широкомасштабных 

благотворительных  мероприятиях,  направленных  улучшению  благосостоянии  родного 

народа.  А  проправительственная  позиция  его  было  связана  с  его  экономическими  и 

финансовыми интересами промышленника. 

K.O.HUSEYNOVA 

 

HIS ROLE IN THE SOCIAL LIFE OF THE CITY 

 

The mill owner of the article late nineteenth century and the twentieth century and the 



beginning  of  His  public  life,  the  activity  is  about  Baku.  Aghabala  chair  meetings  of  their 

political  leanings  Czarism,  though,  for  the  improvement  of  the  welfare  of  the  people 

participated  in  various  charity  events  on  a  regular  basis.  To  defend  the  interests  of  its  tsarist 

expand its business activities and the economic factor of interest is connected with shadow. 



 

Rəyçilər: t.ü.f.d. E.Əliyev, t.e.d.Q.Ə.Əliyev 

AMEA A.A.Bakıxanov adınaTarix İnstitutu “Azərbaycanın yeni tarixi” şöbəsinin 14 

iyun 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür(pr.№14). 

Yüklə 296,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə