“525-ci qəzet”. 2014. 7fevral.№22. S əli bəy Hüseynzadə: Türkçülüyün atası və böyük maarifçi



Yüklə 104,42 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü104,42 Kb.
#50324


“525-ci qəzet”.-2014.-7fevral.-№ 22.-S.7. 

 

Əli bəy Hüseynzadə: Türkçülüyün atası və böyük maarifçi 

 

Bu  il  fevralın  24-də  XX  əsr  Azərbaycan  ictimai  fikrinin  görkəmli  nümayəndəsi,  türkçülük 

məfkurəsinin  böyük  carçısı,  tanınmış  ədib,  publisist,  maarifçi,  rəssam  və  təbabət  alimi  Əli  bəy 

Hüseynzadənin (1864-1940) anadan olmasının 150 illiyi tamam olur. Böyük Azərbaycan ziyalısı Əli bəy 

Hüseynzadənin yubileyinin ölkə miqyasında dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Əli bəy Hüseynzadənin 150 illik 

yubileyinin keçirilməsi haqqında" 21 yanvar 2014-cü il tarixli Sərəncam imzalanmış, bu tarixi yubileyin 

keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verilmişdir. Sərəncamda deyildiyi kimi, türk 

xalqlarının  mədəni  inteqrasiyasının  məfkurə  kimi  təşəkkül  tapmasında  mühüm  rol  oynayan,  müasir 

cəmiyyət  quruculuğunda  demokratik  prinsiplərin  ənənəvi  dəyərlər  zəminində  bərqərar  olmasının 

vacibliyini  irəli  sürən  və  müstəqil    dövlətçiliyin  nəzəri  əsaslarının    işlənib  hazırlanmasında  yaxından 

iştirak edən Əli bəy Hüseynzadə çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-

elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə də  qiymətli töhfələr vermişdir. 

Hesab  edirəm  ki,  klassik  mədəni  irsə,  milli-mənəvi  dəyərlərə  dövlətin  və  dövlət  başçısının  daimi 

diqqət  və  qayğısının  parlaq  təzahürü  olan  bu  tarixi  Sərəncamın  Əli  bəy  Hüseynzadənin  Azərbaycanın 

məktəb  və  pedaqoji  fikir  tarixinin  öyrənilməsində,  xalqımızın  milli  oyanışı,  özünüdərki  və  dirçəlişində, 

milli  məfkurənin yaranmasında, milli  maarifçilik hərəkatının inkişafında, mətbuat və mədəniyyətimizin 

tərəqqisində  yolunda,  milli  dövlətçiliyimizin  formalaşmasında  təmənnasız  xidmətlərinin  müstəqil 

dövlətçilik təfəkkürü konteksində yenidən dəyərləndirilməsində, onun zəngin irsinin dərindən tədqiqi və 

təbliğində müstəsna rolu vardır. 

Müasirləri  böyük  Azərbaycan  mütəfəkkiri,  milli  ideologiya  səviyyəsində  türkçülüyün  "Ana  Yasası" 

kimi  dəyərləndirilən  "türkləşmək,  islamlaşmaq,  avropalaşmaq  (müasirləşmək)"  triadasının  yaradıcısı  və 

ilk  carçısı,  milli  bayrağımızdakı  rənglər  simvolikasının  müəllifi,  türk  dünyasında  milli  özünüdərkin  və 

milli  istiqlal  düşüncəsinin  mücahidi,  XX  əsr  Azərbaycan  ədəbiyyatında  "Füyuzat"  ədəbi  məktəbinin 

banisi,  ensiklopedik  şəxsiyyət,  böyük  maarifçi-pedaqoq  Əli  bəy  Hüseynzadənin  (1864-1940)  türklük, 

islamlıq,  millət  və  Vətən  qarşısındakı  xidmətlərini  yüksək  qiymətləndirərək,  onu  "Qafqaz  

müsəlmanlarının  atası",  "Qafqazdakı  türk  balalarına  türklüyünü  bildirən,  həsəb-nəsəbini  (soykökünü) 

öyrədən",  "rəsuli-  həqq"  ("haqq  elçisi"),  "irqin  (türklərin)  ən  mükəmməl  öndəri",  "külli-müsəlman 

aləminin  iftixarı",  "türk  xalqlarına  kimliyini  bildirən  dahi",  "bütün  türk  dünyasında  peyğəmbər  kimi 

üfüqlər  açan",  "ilk  turançı",  "dahi  mütəfəkkir",  "fövqəlbəşər",  "quzey  günəşi",  "bütün  türk  dünyasının 

mücahidi", "türkçülüyün babası (atası), "milliyyətçi və mütəfəkkir", "imanlı türkçü", "yazı ustadı" və s. 

bu  kimi yüksək epitetlərlə öyür, təqdir edirdilər. Sözsüz, bütün bunlar səbəbsiz deyildi.  Çünki bu böyük 

İNSAN,  dahi  fikir  və  söz  adamı  76  illik  şərəfli  ziyalı  ömrünün  yarım  əsrdən  çoxunu  yorulmadan, 

usanmadan  bütövlükdə  türklüyün  inkişafına,  o  cümlədən  Azərbaycan  xalqının  milli  oyanış  və 

özünüdərkinə,  maarif  və  mədəniyyətinin  yüksəlişinə,  milli  istiqlal  mücadiləsinə,  milli  dövlətçiliyin 

formalaşdırılmasına  həsr etmişdi... 

XIX  əsrin  sonu  -XX  əsrin  əvvəllərində  Azərbaycan  xalqının  milli  oyanışında,  əsası  Mirzə  Fətəli 

Axundzadə və Həsən bəy Zərdabi tərəfindən qoyulan milli maarifçilik hərəkatının, islamçılıq və qərbçilik 

(avropaçılıq)  ideyalarının  davam  və  inkişaf  etdirilməsində  müstəsna  rol  oynamış,  millətimizin    islam 

ümmətçiliyindən  islam  milliyyətçiliyinə  və  oradan  türk  milliyyətçiliyinə  keçidinin  əsas  ideya  və  əməl 

rəhbərlərindən  (Əlimərdan  bəy  Topçubaşov  və  Əhməd  bəy  Ağayevlə  birgə)    biri  olan  Əli  bəy 

Hüseynzadə özünün irəli sürüb əsaslandırdığı "türkləşmək, islamlaşmaq, avropalaşmaq" milli dirçəliş və 

milli  istiqlal  formulu  (düsturu)  ilə  türkçülüyün  siyasi  məramnaməsini  və  elmi-nəzəri  əsaslarını, 

müasirlərinin  dediyi  kimi,  milli  istiqlal  mücadiləsinin  "Ana  Yasası"nı  verməklə  milli  tariximizə 

"türkçülüyün atası" kimi öz əbədi imzasını atmış oldu.  Az sonra Azərbaycan Xalq Cümhuriyyətinin milli 

dövlətçilik  ideologiyasına  çevrilən  bu  triada  ("üçlü  məram")  milli  bayrağımızdakı  rənglər  palitrası 

vasitəsilə əbədiləşdi və sonsuzluğa qədər Azərbaycan xalqının qan yaddaşına daxil oldu.  Bu mənada bu 

gün də başlarımız üzərində əzəmətlə dalğalanan milli bayrağımızdakı üç rəngin bildirdiyi simvolik məna 

Əli bəy Hüseynzadənin müəllifi olduğu "türkləşmək, islamlaşmaq, müasirləşmək" formulunun rənglərlə 

ifadəsindən  ibarətdir.  Əli  bəy  Hüseynzadə  belə  hesab  edirdi  ki,  azərbaycanlıların  millət  məfkurəsi 

türkləşmək,  dini  məfkurəsi  islamlaşmaqdırsa,  iqtisadi,  mədəni,  sosial-siyasi  məfkurəsi  avropalaşmaq 

(müasirləşmək)  olmalıdır.  Türkiyədə  türkçülüyün  böyük  ideoloqu  kimi  tanınan  Ziya  Göyalp  Əli  bəyi 

özünün  ustadı  sayaraq  sonralar  həmin  üçlü  qayənin  sosioloji  baxımdan  "millətini  tanı,  ümmətini  tanı, 



mədəniyyətini  tanı!"  anlamını  verən  "türk  millətindənəm,  islam  ümmətindənəm,  Batı  (qərb,  Avropa) 

mədəniyyətindənəm " şəklində formula etmişdir. 

Əli  bəy  Hüseynzadə  milli  mədəniyyət  və  ictimai-siyasi  fikir  tariximizdə  təkcə  dahi  mütəfəkkir 

şəxsiyyət kimi deyil, eyni zamanda  böyük maarifçi  - pedaqoq - ziyalı,  məşhur həkim-tibb professoru, 

rəssam, musiqişünas kimi də tanınmaqdadır. Bu mənada Əli bəyin müasiri olmuş, görkəmli tarixçi Yusif 

Akçuraoğlu    haqlı  olaraq  yazırdı  ki,  əfsanəvi  Əli  bəy  dünyanın  bütün  dillərini,  elm  və  fənlərin  hər 

növünü,  ədəbiyyat  və  incəsənətin  hər  şöbəsini  tamamən  əhatə  etmiş  və  tətbiqə  müvəffəq  olmuş 

fövqəlbəşər idi. 

Azərbaycanın milli təhsil və pedaqoji fikir tarixinə də dəyərli töhfələr vermiş bu böyük mütəfəkkirin 

maarifçilik  görüşlərində  millətin  tərəqqi  və  oyanışında,  mədəni  yüksəlişində  maarifin,  təhsilin,  elm  və 

mədəniyyətin müstəsna roluna, milli istiqlala aparan yolun məhz xalqın maariflənməsindən  keçməsinə və 

bu yolda ana dilində tədrisin təməl prinsip olmasına, ümumbəşəri dəyərlərdən milli təkamül və inkişafda 

istifadənin əsas şərtlərinə dair müdrik fikirlərindən bir neçəsini xatırlatmaq yerinə düşərdi. 

l  "Türk  xalqları  birinci  dövrdə  qılıncla  (Hun  imperatorluğu  dövrü  nəzərdə  tutulur  -  Ə.Q.),  ikinci 

dövrdə  dinlə  (Osmanlı  imperatorluğu  dövrü  -  Ə.Q.)  parlamışdırsa,  indi  isə,  yəni  üçüncü  dövrdə  (XX 

əsrdə)  elm və biliklə parlamalıdırlar...",  "Bizə qılınc deyil, əhli-maarif lazımdır..."; 

l "Maarif, ittihad (milli birlik ), hürriyyət (azadlıq) ! Nə qədər gözəl nemətlər! Bunları unutmayalım! 

Çünki əsl nicat bu  üç qüvvətdədir... "; 

l  "Bizim  özümüzə  məxsus  daha  layiq,  daha  şanlı  bir  vəzifeyi-mücahidəmiz  vardır  ki,  o  vəzifə  də 

zülməti-qəflətdə bulunan külliyyəti-avam arasında nuri-maarifi əkməkdir..."; 

l "Bilgi... və elm lisan (dil ) ilə olur. Bir əcnəbi lisanında dəxi elm təhsil oluna bilər. Fəqət bu surətlə 

təhsil olunan elm məhdud fərdlərin beynində qalır. Millətin əksəriyyəti arasında yayılmır. Elm və maarif 

əksəriyyət  beynində  inkişaf  etmək  üçün  lazımdır  ki,  millətin  öz  ana  dili    maarif  təhsilinə  alət  (vasitə) 

olsun..."; 

l  "Avropa  elminə,  maarifinə,  ədəbiyyatına,  sənət  və  sənayesinə  bələd  olmağa  (öyrənməyə)  və 

millətimiz beynində yaymağa  çalışmalıyız... "; 

l  "Biz  avropalıların  ədəbiyyatlarına,  sənayelərinə,  elm  və  maariflərinə,  kəşfiyyat  və  ixtiralarına 

müraciət  etmək  istəyirik,,  özlərinə  deyil!  Biz  istəyirik    ki,  islam  ölkəsinə  onların  beyinləri  girsin, 

boğazları,  mədələri  girməsin.  Biz  istərik  ki,  ölkəmiz  onların  beyinlərini  həzm  etsin,  yoxsa  mədələrində 

həzm olunmasın ... " və s. 

Hörmətli    oxucu!  Diqqətlə  fikir  verdinizsə,  Əli  bəyin  100  il  bundan  qabaq  böyük  uzaqgörənliklə 

söylədiyi  bu  müdrik  kəlamlardakı  işıqlı,  nurlu  ideyalar    nəinki  köhnəlməyib,  əksinə    bu  günümüzlə  də 

həmahəng səslənir. Böyük maarifçi XX əsrin böyük kəşflər, yeni texnologiyalar əsri olacağını irəlicədən 

görür və türk xalqlarını, o cümlədən, Azərbaycan xalqını şanlı keçmişi ilə öyünməyi bir tərəfə atıb, elm, 

maarif və mədəniyyət əsrində dünya xalqları içərisində özünə layiq yer tutmağa səsləyirdi. 

Diqqət edin, BMT XXI əsri ötən əsrin sonlarında "Təhsil əsri " - "İntellekt əsri" elan edib. Əli bəy bir 

əsr bundan qabaq XX əsri "elm və bilik əsri" (əslində "təhsil") hesab edir, millətimizin elmlə, maariflə, 

təhsillə inkişaf edəcəyinə (parlayacağına ) inanırdı. O inanırdı ki, milli istiqlala gedən yol öz başlanğıcını 

maarifdən, elmdən, təhsildən götürür. 

Xalqın  maariflənməsinin  təməl  yolunun  ana  dilinin  əsas  tədris  dilinə-təhsil,  təlim  vasitəsinə  

çevrilməsi haqda Əli bəyin müdrik fikri bu gün də aktual səslənir. Azərbaycanda bu böyük maarifçinin 

nurlu ideyasının təməli ilk dəfə Xalq Cümhuriyyəti (1918-1920-ci illər) illərində qoyuldu. Nə xoşbəxtik 

ki, bu gün müstəqil Azərbaycanda milli təhsilimizin əsas təlim - tədris dili dövlət dili olan Azərbaycan 

dilindədir. 

Nəhayət,  Əli  bəyin  millətin  tərəqqisi  naminə  Avropa  elm,  təhsil  və  mədəniyyətinin  əsas 

nailiyyətlərinin,  ümumbəşəri  dəyərlərinin  öyrənilməsi,  bu  zaman  xalqımızın  "onların  beyinlərini  həzm 

etməsi,  fəqət  mədələrində  həzm  olunmaması"  barədə  peyğəmbərcəsinə  söylədiyi  işıqlı  ideyalar  bu  gün 

Avropa  təhsil  məkanına  inteqrasiya  yolunu  tutmuş  Azərbaycan  təhsilinin  prioritet        istiqamətlərindən 

biridir. 

Əli  bəy Hüseynzadə  fenomenal fikir adamı, tarixdə böyük izlər qoymuş nurlu şəxsiyyət, böyük ziyalı 

idi. Lakin təəssüf ki, Azərbaycanın ictimai-siyasi və mədəni fikir tarixinin, bütövlükdə türk dünyasının bu 

böyük  şəxsiyyəti  sağlığında  müasirləri  tərəfindən  yüksək  qiymətləndirilsə  də,  Azərbaycanda  28  Aprel 

çevrilişi nəticəsində meydana çıxan sovet rejimində kommunist ideologiyası digər milli-mənəvi dəyərlər 

kimi, Əli bəy Hüseynzadə fenomenini də unutdurmaq, onun böyük əməllərini xalqın yaddaşından silmək, 

tarixi    xidmətlərini  saxtalaşdırmaq  yolunu  tutdu.  Bu  böyük  insan  haqqında  böhtan  və  iftiralara  geniş 

meydan verildi, adına cürbəcür "yarlıqlar" ("burjua millətçisi", "pantürkist" və s.) yapışdırıldı, qohumları 

"qırmızı terrora" məruz qaldı, əsərlərinin nəşrinə qadağalar qoyuldu. 



Görkəmli  ədəbiyyatşünas  alim,  mərhum  Yaşar  Qarayevin  sözləri  ilə  desək,    Azərbaycan  sovet 

ədəbiyyatşünaslığında (1920-1991-ci illər) və siyasi-ictimai fikrində Əli bəy Hüseynzadəyə və "Füyuzat" 

ədəbi  məktəbinə  qarşı  yağdırılmış  iftira  və  böhtan  fəvvarəsi  ilə  müqayisədə  hətta  üzdəniraq  "erməni 

mənbələri" və "əlyazmaları" da  "toya getməli" görünürdü. 

Lakin sovet rejiminin bütün basqı və qadağalarına baxmayaraq, Əli bəy Hüseynzadənin böyük adı və 

əməllərini xalqın yaddaşından silmək, tarixin səhifələrindən çıxarmaq mümkün olmadı. XX əsrin sonunda 

Azərbaycanın  ikinci  dəfə    dövlət  müstəqilliyinə  qovuşması  Əli  bəy  Hüseynzadə  fenomenini  yenidən 

millətimizə,  mədəniyyətimizə,  ədəbiyyatımıza,  bütövlükdə  ictimai-siyasi  fikir  tariximizə  qaytardı.  Bu, 

əslində Əli bəy Hüseynzadənin doğulduğu, lakin çox az müddət yaşadığı doğma Vətəninə bir növ mənəvi 

qayıdışı idi ki, bu missiyanın önündə ömrünü bu böyük mütəfəkkirin əsərlərinin toplanmasına, tədqiqinə, 

nəşrinə  və  təbliğinə    həsr  etmiş  görkəmli  mətnşünas  alim  mərhum  Ofelya  xanım  Bayramlı  gəlir.  Onun  

tərtibçiliyi  ilə  Əli  bəy  Hüseynzadənin  kamil  2  cildlik  seçilmiş  əsərləri,  "Füyuzat"  jurnalının  tam 

komplekti  latın  əlifbasında  nəşr  edildi.  "Azərbaycan  dilində  latın  qrafikası    ilə  kütləvi  nəşrlərin  həyata 

keçirilməsi  haqqında"  12  yanvar  2004-cü  il  tarixli  Prezident  Sərəncamına  uyğun  olaraq  onun  bircildlik 

seçilmiş  əsərləri  kütləvi  tirajla  çap  olunaraq  ölkənin  bütün  kitabxanalarına  hədiyyə  edildi.  Əli  bəy 

Hüseynzadənin  son  illərdə  ictimai-siyasi,  ədəbi  fəaliyyətinə  dair  xeyli araşdırmalar  aparılmış,  haqqında 

Rəfiq  Zəka,  Azər  Turan,  Şamil  Vəliyevin  (Körpülünün)  dəyərli  monoqrafiyaları  nəşr  edilmiş,  çoxsaylı 

elmi, elmi-kütləvi məqalələr çap olunmuşdur. 

Etiraf  etməliyik  ki,  bu  dahi  söz  və  fikir  adamının    çoxcəhətli  fəaliyyəti  xalqa  hələlik  gərəyincə  və 

yetərincə  çatdırılmayıb.  Onun  zəngin  bioqrafiyasında  öyrənilməli  və  faydalanmalı  məqamlar  kifayət 

qədər çoxdur... 

Əziz oxucu! Böyük ömrün tarixi məqamlarını gəlin birlikdə vərəqləyək... 

Əli bəy Hüseyn bəy oğlu Hüseynzadə 24 fevral 1864-cü ildə Azərbaycanın qədim   şəhərlərindən olan 

Salyanda  ruhani  müəllim  ailəsində  doğulub.  Balaca  Əli  bəy  ibtidai  təhsilini  atası  Molla  Hüseynin  də  

müəllim işlədiyi Tiflis Müsəlman Məktəbində alıb. Çox erkən yaşlarında valideynlərini  itirən Əli bəy ana 

babası-böyük  maarifpərvər,  müasirləri  tərəfindən  "Qafqazın  birinci  adamı"  adlandırılan  Qafqaz 

Şeyxülislamı Axund Əhməd Səlyaninin (1812-1884) himayəsində qalıb. Altısinifli müsəlman məktəbini 

uğurla başa vuran Əli bəy babası Axund Əhmədin tövsiyəsi və "Rusiyada iki böyük türkçüdən biri" (Ziya 

Göyalp) sayılan Mirzə Fətəli Axundzadənin (1812-1978) köməkliyi ilə 1875-1885-ci illərdə Tiflis  şəhər 

1-ci  kişi  gimnaziyasında  mükəmməl  tam  orta  təhsil  alıb.  1885-ci  ildə  Sankt-Peterburq  Universitetinin 

fizika - riyaziyyat fakultəsinə daxil olmuş, oranı 1889-cu ildə fərqlənmə diplomu ilə bitirmişdi. Tələbəlik 

illərində o, həm də Sankt-Peterburq Rəssamlıq Akademiyasının məşğələlərində azad dinləyici kimi iştirak 

etmiş, rəssamlıq sahəsində istedad və  bacarığını  təkmilləşdirməyi də unutmamışdı... 

Sankt-Peterburqda  universitet  təhsili  alan  Əli  bəy  bununla  kifayətlənməmiş,  Türkiyəyə  gedərək 

İstanbul Universitetinin əsgəri-tibb  fakültəsində (1890- 95) ali tibb təhsili də almışdı. 

Əvvəllər bir müddət həkim - dermatoloq, sonralar  isə  İstanbul Universitetində professor köməkçisi 

işləyən  Əli  bəy  Hüseynzadə  siyasi  fəaliyyətə  qoşulur.  Buna  görə  də  Sultan  II  Əbdülhəmidin    onun 

haqqındakı həbs qərarı ilə bağlı təqiblərdən qorunmaq məqsədilə 1903-cü ildə köhnə tanışı olan bir hindli 

tacirin gəmisində gizli şəkildə Hindistana, oradan Çinə, nəhayət, Bakıya gəlib çıxır. 

Əli  bəy  Hüseynzadənin  həyatında  Bakı  dövrü  (1903-1910-cu  illər)  yeni  mərhələnin  başlanğıcı  olur. 

Rusiyadan  kənarda  təhsil  aldığı  üçün  Bakıda  həkimlik  işinə  qəbul  edilməyən  Əli  bəy  publisistik 

fəaliyyətlə  məşğul  olmağa  başlayır.  Bu  illərdə  Bakıda  yaşayıb  -  yaradan  Əlimərdan  bəy  Topçubaşov, 

Əhməd  bəy  Ağayev  kimi  tanınmış  ziyalılarla  sıx  təmaslar  qurur,  böyük  mesenat,  maarifçi-xeyriyyəçi 

Hacı  Zeynalabdin Tağıyevin  maliyyə  dəstəyi ilə  millətin  oyanışında,  insan  hüquqlarının  qorunmasında, 

xalqın maariflənməsində əvəzsiz vasitə olan mətbuat vasitəsilə milli mücadiləyə başlayır. Çünki o dövrun 

ziyalıları  hesab  edirdilər  ki,  "mətbuat  bir  millətin  lisanı  (dili),  samiəsi  (qulağı),  nəzəri  (gözü),  beyni 

deməkdir. Mətbuatsız millət söyləyəməz, eşidəməz, görəməz... ("Füyuzat" 1907, №29). 

Bu  illərdə    Rusiyada    baş  verən  siyasi  proseslər  çar  hökumətini  müəyyən  islahatlar  aparmaq 

məcburiyyətinə qoyur. Bu tarixi şəraitdən yararlanmaq istəyən Azərbaycan ziyalıları 1905-ci il martın 15-

də  Hacı  Zeynalabdin  Tağıyevin  mülkündə  yığıncaq  keçirərək  yerli  azərbaycanlılara  da  mədəni,  sosial-

iqtisadi,  siyasi  hüquq  və  azadlıqların,  o  cümlədən  ana  dilində  ümumi  təhsilin  verilməsinə,  mətbuat  və 

kitabların nəşr edilməsinə  dair Rusiya hökumətinə təqdim etmək üçün ərizə (petisiya) hazırlayırlar. Bu 

sənədin  hazırlanmasında  Əlimərdan  bəy  Topçubaşov  (Topçubaşi),  Əhməd  bəy  Ağayev  (Ağaoğlu), 

Əsədulla bəy Muradxanov, Fərrux bəy Vəzirov, Adilxan  Ziyadxanov, Mirzə Əsədullayev, Mustafa ağa 

Vəkilov və başqaları ilə yanaşı, Əli bəy  Hüseynzadə də fəal iştirak edir.  Azərbaycan türklərinin bu istək 

və  tələblərini  Qafqaza  yeni  canişin  təyin  olunmuş  Vorontsov-Daşkova  çatdırmaq  üçün  Hacının  maliyyə 

yardımı  ilə  Əli  bəy  Hüseynzadə,  Əlimərdan  bəy  Topçubaşov  və  Əhməd  bəy  Ağayevdən  ibarət 



nümayəndə  heyəti  Sankt-Peterburqa  göndərilir.  Həmin  il  aprelin  21-də  canişinlə  görüşən  Azərbaycan 

ziyalıları digər tələblərlə yanaşı, ana dilində "Həyat" qəzetinin nəşrinə icazə istədiklərini ona çatdırırlar. 

Çox çətinliklə qəzetin nəşrinə razılıq verilir. 

"Həyat"  qəzetinin  sahibi-imtiyazı  mərhəmətli  Hacı  Zeynalabdin  Tağıyev,  naşiri  Əlimərdan  bəy 

Topçubaşov,  redaktorları  Əli  bəy  Hüseynzadə  və    Əhməd  bəy  Ağayev  idi.  Azərbaycanın  bu  üç  böyük 

fikir nəhəngi və söz adamının rəhbərliyi ilə nəşrə başlayan "Həyat " o dövrdə Azərbaycanda nəşr olunan 

yeganə  ana  dilli  qəzet  idi.  Azərbaycan  xalqının  milli  dirçəlişində,  türkçülük  ideyalarının  yayılmasında 

müstəsna  rol  oynamış  bu  qəzet  qısa  ömürlü  (07.06.1905-04.09.1906)  olsa  da,  milli  mətbuat,  eləcə  də 

ictimai-siyasi fikir tarixində dərin izlər qoymuşdu. Bu işdə Əli bəyin xüsusi xidmətləri olmuşdu. Qəzet ilk 

nömrəsindən  bağlanana  kimi  türkçülüyün,  islamçılığın  və  qərbçiliyin  (müasirliyin)  siyasi  tribunasına 

çevrilmişdi ki, bunun da mərkəzində Əli bəyin işıqlı ideyaları dururdu. 

XIX əsrin ikinci yarısında rus çarizmi digər milli-mənəvi dəyərlər kimi xalqımızın adına da "təcavüz" 

etmiş,  onun  əsl  "türk"  adını  qadağan  etməyə,  uydurma  "tatar"  ,"müsəlman"  adları  ilə  soykökünü 

unutdurmağa qismən "nail olmuşdu". İş o həddə çatmışdı ki, xalqımızın nümayəndələrindən milliyyətini 

soruşduqda "müsəlmanam", - deyə cavab verir, öz soykökünü deməkdən belə çəkinirdi. Bu acı həqiqəti  

görən görkəmli ədib Ömər Faiq Nemanzadə "Mən kiməm? " adlı yazısında ürək ağrısı ilə yazırdı: "Hə ey 

türk! İstər darıx, istər karıx, yaxandan əl çəkəcək deyiləm. Sən hər şeyi  öyrənmək istədiyin halda bircə 

zadı-yəni    özünü  bilmək  istəmirsən,  niyə  öz  soy  və  nəslindən    xəbərin  yox?  Niyə  sənə  "Kimsən?" 

dedikləri  vaxt  həqiqi  cavabında  aciz  qalırsan?  Niyə  sadəcə  deyə  bilmirsən  ki,  mən  türkəm.  Niyə    deyə 

bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən  türk idin. İndi də türksən və bundan sonra da 

türk qalacaqsan." 

Bəli,  belə  bir  tarixi  şəraitdə,  yəni  "türk"  kəlməsinin  hətta  dilə  belə  gətirilmədiyi,    "Mən  türkəm" 

söyləməyə  imkan  verilmədiyi  bir  tarixi  məqamda  Əli  bəy  Hüseynzadə  "Həyat  "qəzetinin  səhifələrində 

çap  etdirdiyi  "Türklər  kimdir  və  kimlərdən  ibarətdir  ?"  adlı  əsəri  ilə  türk  xalqlarına,  o  cümlədən 

Azərbaycan  türklərinə  üz  tutaraq  "Biz  tatar  deyilik,  biz  türkük",-  deyə  hayqırdı,  xalqa  öz  adıyla  "türk" 

dedi  və  bunu  başqalarına  da  dedirtdi,  türklərin  kimliyini  onlara  anlatdı.  Bu  mənada  Azərbaycanda 

türkçülük hərəkatının həqiqi tarixi Əli bəyin redaktoru olduğu "Həyat" qəzeti ilə başlayır. Təsadüfi deyil 

ki,  görkəmli  çağdaş  Amerika  tarixçisi  Tadeuş  Svyatoçovski  doğru  olaraq,  "XX  əsrin  əvvəllərində  türk 

xalqlarına kimliyini bildirən bir  nəfər var idi. O da Əli bəy Hüseynzadə idi ", - deyirdi . 

Lakin  Əli  bəyin  qəzetdəki  türkçülük,  islamçılıq  və  qərbçilik  ideyaları  türkün  əbədi  düşmənləri, 

xüsusən  də  rusların  əlində türklərə  qarşı      hər  zaman  bir  alət    rolunu  oynayan erməniləri ciddi  narahat 

edirdi. 


Erməni  xəfiyyələrinin  "Həyat"  qəzeti  barədə  donoslarının  birinin  üstündə  Qafqaz  canişininin 

dərkənarında  təcili  olaraq  "Həyat"ın  sərlövhəsindəki  "türk"  sözünün  silinməsi,  əvəzinə  "tatar"  sözünün 

yazılması"  əmr edilirdi. Lakin Əli bəy nəinki "türk" sözünü "tatar"la əvəzlədi,  əksinə, "bu məsələ qayət 

mühümdür",- deyərək "Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi və ulusuyuq", -deyə türklüyü 

təqdir etməkdə davam etdi. Buna görə də türkün düşmənlərinin təzyiqi ilə "Həyat" qapandı. 

Çox keçmədi ki, böyük maarifçi, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı və Əli bəy 

Hüseynzadənin  redaktorluğu  ilə    "Füyuzat"  dərgisi  (1906-  1907)  nəşrə  başladı.  Əli  bəy  "Həyat"  da 

başladığı  türkçülük  ideyalarını    "Füyuzat"da  da  davam  etdirərək,  türkçülüyün  siyasi  proqramı  olan 

"türkləşmək, islamlaşmaq, avropalaşmaq" formulunu bitkin bir sistem halına gətirdi:  "Füyuzat"ın tutduğu 

yol türklük, müsəlmanlıq və avropalılıqdır" ("Füyuzat", 1907, №23), - deyə öz ideyasına sadiqliyini bir 

daha təsdiqlədi... Yeri gəlmişkən,  deyək ki, müəllifi  Əli bəy  Hüseynzadə olan bu üçlü məramın müasir 

tarixşünasliqda  ilk  dəfə  düzgün,  ətraflı  elmi  şərhinin    bu  sətirlərin  müəllifinin  "Azərbaycan 

Respublikasının  dövlət  rəmzləri  "  kitabında  (Bakı  2001,  s.  38-89)  verildiyi  elmi  ədəbiyyatda  da    etiraf 

olunmuşdur (Bax : "Füyuzat" . Bakı,  2006, "Ön söz, "s. XIII; "Respublika" qəz. 12, 15 may 2002 -ci il). 

Əli bəy Hüseynzadənin bu dərgisi Azərbaycan ədəbiyyatında yeni bir  istiqamətin - "Füyuzat" ədəbi 

məktəbinin  (Hüseyn  Cavid,  Məhəmməd  Hadi,  Abbas  Səhhət,  Abdulla  Şaiq  və  başqalarının  təmsil 

olunduğu  romantik  ədəbiyyat)  yaranmasına  gətirib  çıxardı.  Lakin  onun  da  ömrü  qısa  oldu  və  qəfildən 

bağlandı. 

Bu  qapanmanın  maraqlı  tarixçəsi  vardır.  O  dövrün  mətbuat  səhifələrindən  öyrənirik  ki,  Türkiyə 

Sultanı II Əbdülhəmidin taxta çıxmasının 32-ci ildönümü münasibəti ilə məcmuənin sahibi-imtiyazı Hacı 

Zeynalabdin  Tağıyev  görkəmli  din  xadimi    Məhəmməd  Kərim  Ağanın  Azərbaycan  türkcəsinə  tərcümə 

etdiyi "Qurani-Kərim"i altun cild, qiymətli daş və almazlarla bəzədərək görkəmli maarifçi və din xadimi 

Axund Yusif  Talıbzadənin (1877 - 1922) vasitəsilə Sultan II Əbdülhəmidə hədiyyə göndərir. Hədiyyəni 

qəbul edən Sultan Axund Yusifə müraciətlə: "Bir şeyi anlamıram. Hacı Zeynalabdin bəy dərgisində məni 

həcv edir, sonra da mənə hədiyyə göndərir", - deyə narazılığını bildirir. Axund Yusif Bakıya dönən kimi 



Sultanın iradını Hacıya çatdırır. O da dərhal məcmuənin bağlanmasına qərar verir. Müasirləri tərəfindən 

"Azərbaycan  türklərinin  milli  haqlarının  aynası"  (A.Şaiq)  hesab  edilən    "Füyuzat"  dərgisi  1907-ci  il 

noyabrın  1-də  beləcə  qapanır...  Onu  da  deyək  ki,  bu  illərdə  Əli  bəy  Hüseynzadə  Rusiya  I  Dövlət 

Dumasının  buraxılmasına etiraz  əlaməti  olaraq  "Vıborq  bəyannaməsi"ni imzaladığına  görə  həbs  olunan 

Əlimərdan  bəy  Topçubaşovun  əvəzinə,  müvəqqəti  olaraq  rusca  "Kaspi"  qəzetinə  də  baş  mühərrirlik 

(redaktorluq) (1907) etmişdi. 

Əli  bəy  Hüseynzadə  publisistik    fəaliyyətlə  yanaşı,  ziyalı-müəllim  ailəsində  doğulan,  xarizmatik  bir 

ziyalı  kimi  pedaqoji  sahəyə  də  xüsusi  diqqət  ayırmağı  unutmamışdı.  1907-ci  ilin  avqustun  25-dən 

sentyabrın 4-dək  Bakıda keçirilmiş Azərbaycan  müəllimlərinin II qurultayının təşkili və keçirilməsində 

müstəsna  rol  oynamışdı.  Qurultayda  "Füyuzat"  məcmuəsi  və  "Kaspi"  qəzetinin  müdiri  kimi  Əli  bəy 

Hüseynzadə  sədr,  görkəmli  pedaqoq  Mahmud  bəy  Mahmudbəyov  və  müəllim  Süleyman  bəy  (Sani) 

Axundov  sədr  müavinləri,  müəllimlər:  Üzeyir  bəy  Hacıbəyov,  Mirzə  Abdulla  Talıbzadə  (A.  Şaiq)  və 

Fərhad bəy Ağazadə  katib seçilmişdilər. Qurultayda Azərbaycanda  məktəb  təhsilinin  vacib  məsələləri 

müzakirə  edilmiş, dəyərli  qərarlar qəbul  edilmişdi.  Qurultayın  gedişi haqqında "Füyuzat" jurnalında 

(27-31-ci  nömrələrdə)  ətraflı  stenoqrafik  məlumat  verilmişdi  ki,  bu  məlumatlar  bu  gün  həmin  qurultay 

haqqında ən etibarli və dəyərli mənbə sayılır. 

"Füyuzat" məcmuəsi bağlandıqdan sonra Əli bəy fəaliyyətini  pedaqoji  sahədə davam etdirmiş, 1908-

1910-cu illərdə "Səadət" Ruhani Xeyriyyə Cəmiyyətinin  Bakıda təsis etdiyi (1908)  "Səadət" məktəbində 

əvvəlcə türk dili və ədəbiyyatı  müəllimi, məktəbin müdiri, əslən iranlı olan Mirzə Ələkbər Xan Bəhmən 

diplomatik  fəaliyyətə keçdikdən  sonra, həmin məktəbin müdiri olmuşdu. Əli bəy Hüseynzadənin  müdir 

olduğu dövrdə müəllimlər işə müsabiqə yolu ilə seçilib qəbul edilirdi. Belə müəllimlərdən biri də məşhur  

Üzeyir  bəy  Hacıbəyli  idi.  Böyük  Üzeyir  bəy  o  zaman  həmin  məktəbə  rus  dili  və  hesab  müəllimi  kimi 

qəbul edilmişdi. Təkcə bu fakt Əli bəy Hüseynzadənin parlaq  pedaqoji fəaliyyətinin bir örnəyi kimi onun 

maarifə, məktəbə, müəllimə hansı yüksək meyarlarla yanaşdığını aydın şəkildə göstərməkdədir. 

Əli bəyin Üzeyir bəylə əməkdaşlığı təkcə məktəb həyatı, mətbuatla  yekunlaşmamışdı. Belə ki, türk - 

islam  dünyasında  ilk  opera  sayılan  Üzeyir  bəy  Hacıbəylinin  "Leyli  və  Məcnun"  operasının  Hacı 

Zeynalabdin  Tağıyevin  teatrında  baş  tutan  ilk  tamaşasının  (1908)  bədii    tərtibatçısı-  rəssamı  Əli  bəy 

Hüseynzadə olduğu  barədə  tarixi faktlar  da  mövcuddur... 

Əli bəy  Hüseynzadə  "Səadət"  məktəbində  çalışdığı  illərdə ümumi  təhsilin  məzmunu, dərsliklərin 

dili və  tərtibi prinsipləri,  ədəbi dil və əlifba  məsələlərinə  dair qiymətli  məqalələrlə  mətbuatda  çıxış 

etmiş,  bu problemlərə dair  onun mülahizələri uzun müddət  mətbuatın  gündəmindən  düşməmiş,  geniş 

müzakirə və diskussiyalara yol açmışdı... Ən maraqlısı bu idi ki, Əli bəy türk xalqları üçün  ümumi ədəbi 

dil  yaradılmasının  tərəfdarı  idi.  Bu  ideya  o  zaman  qəbul  edilməsə  də,  bu  gün  yenə  də  aktuallığını 

itirməyib. Bu böyük maarifçinin ədəbi dil konsepsiyasında əlifba məsələsi də xüsusi yer tuturdu. O, ərəb 

əlifbasının  dəyişdirilməsinin  qəti    əleyhdarı  idi,  hətta  M.F.Axundovu  bu  məsələyə  görə  kəskin  tənqid 

edirdi.  Ərəb    əlifbasının  dəyişdirilməsi  ideyasının  türk  xalqlarının    mədəni  inkişafına  zərbə  olacağı 

qənaətində  idi.  Bu  ideyanın  ortaya  atılmasında  rus  "barmağı"  olduğu  inancında  idi.  XX  əsrdə 

Azərbaycanda aparılan əlifba  "islahatları" bu böyük maarifçinin nə qədər  haqlı  olduğunu təsdiqlədi... 

Türkiyədə Sultan II Əbdülhəmidin taxtdan salınmasından artıq 2 il keçmişdi. Keçmiş inqilabçı dostları 

olan  gənc  türklərin  dəvətilə    Əli  bəy    1910-cu  ilin    sonunda  yenidən  Türkiyəyə  köçmək  qərarına  gəlir. 

Çox maraqlıdır ki, bu dahi fikir  adamının Bakıdan getməsi qərarı dövrün tanınmış ziyalıları tərəfindən 

milli faciə kimi qarşılanmışdı. Müasirlərindən olan Əlabbas Müznib görkəmli fikir və söz adamı Əli bəyi 

"bir  bölük  maarif    yetimi  olan  Qafqaz    müsəlmanlarının  atası"  adlandırır,  onu "dilsizlərin  dili,  karların 

qulağı,  korların    görən    gözü"  hesab  edir,  onun    gedişiylə      "Qafqaz    əhalisinin    başsız,  böyüksüz" 

qalacağını  ürək  ağrısı ilə dilə  gətirirdi... 

Məhz bu münasibətlə yerli  ziyalılar  "Səadət" məktəbində  Əli bəyin gedişi  şərəfinə  böyük ziyafət 

məclisi  də  təşkil   etmişdilər.  Böyük  maarifçi  Bakıdan  ayrılarkən  bütün  ev  əşyalarını  və  kitablarını  üç il  

işlədiyi    "Səadət"  məktəbinə  bağışlamağı  da        unutmamışdı...  Sözsüz,  bu  addım  onun  böyük  ziyalı 

təbiətindən irəli gəlmişdi... 

Burada mədəniyyət tariximiz üçün çox maraqlı bir məqama da toxunmaq yerinə düşərdi. Belə ki, Əli 

bəy  İstanbula  köç  ərəfəsində  özünün    yağlı  boya  ilə  1905-  1906-cı    illərdə    çəkdiyi    "Bibiheybət 

məscidinin    görünüşü"  adlı  məşhur  rəsm  əsərini  satış    salonuna  qoydurmuşdu.  Salona    gələn    Bakıdakı 

ingilis    konsulu  Mak  Donnelin    həmin    əsərdən    xoşu  gəlmiş  və  rəsmi  almaq  üçün    sifariş    vermişdi... 

"Orucov qardaşları" mətbəəsinin  sahiblərindən biri bu xəbəri böyük mesenat Hacı  Zeynalabdin Tağıyevə 

çatdırmışdı. Hacı demişdi: 

- Görünür, Əli bəyin  əli aşağıdır. Ona  görə bu  məşhur rəsm əsərini satmaq  qərarına gəlib... 




Hacı 500 manat verib deyir ki, həmin tablonu göndər bizə. Ancaq bu  haqda  Əli bəy heç nə bilməsin, 

məndən pul götürməz. Bibiheybət məscidinin şəkli  qoy Bakıda qalsın, gedib Londona  düşməsin... 

Belə də edirlər. Bu  böyük  mesenatın  milli qeyrəti və təəssübkeşliyi sayəsində Azərbaycan  xalqının  

milli  sərvəti olan bu  gözəl  sənət  əsəri  Əli bəyin öz vətənində qalır. Həmin əsər hazırda Azərbaycan 

Dövlət İncəsənət  Muzeyində saxlanılır... 

Yeri  gəlmişkən  deyək  ki,  Dövlət  İncəsənət   Muzeyində  qorunan  Əli  bəyin    Sankt-Peterburqda təhsil 

alarkən  Tiflisdə  çəkdiyi  "Şeyxülislamın    portreti"  əsəri  (1888)  də  1903-cü  ildə  Əli  bəy  tərəfindən 

Vətənimizə  gətirilib  və  qardaşı  İsmayıl  bəyə  bağışlanıb.  Muzeyə  isə  Bəhmən  Hüseynzadə  və  həyat 

yoldaşı görkəmli tarixçi, mərhum professor Sara xanım Aşurbəyli tərəfindən  bağışlanıb. Portret öz ana 

babası Şeyxülislam Axund Əhməd  Səlyaniyə həsr  edilib... 

Nəhayət,  Əli  bəy  Hüseynzadə  Bakını  1910-cu  il  dekabrın  4-də  tərk  edərək  Bakı  -  Tiflis  -  İstanbul 

marşrutu ilə 1911-ci il yanvarın 5-də İstanbula çatıb. Səfər  zamanı Tiflisdə  dəmiryol  vağzalında  böyük 

ədib Cəlil Məmmədquluzadə ilə təsadüfən görüşüb, aralarında çox səmimi  söhbət olub... 

İstanbulda  həkimlik  sənətini  davam  etdirən  Əli  bəy  Hüseynzadə  İstanbul  Universitetinin    Tibb 

fakültəsində  dəri-zöhrəbi  xəstəlikləri  üzrə  professor  köməkçisi,  sonralar  professoru  seçilir.  Bu  vəzifədə 

1933-cü ilə, yəni universitet bağlanana qədər pedaqoji fəaliyyətlə məşğul olur. 

1918-ci  il  mayın  28-də  Tiflisdə  qurulan  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  müvəqqəti  olaraq  

Gəncədə    fəaliyyət  göstərdiyi  dövrdə  (16  iyun  1918  -  17  sentyabr  1918)  Osmanlı  dövlətindən  hərbi 

yardım    istəmiş  və  Nuru  Paşanın  rəhbərliyi  altında    türk  ordusu  Azərbaycana  -  Gəncəyə  gəlmişdi.  Bu  

dövrdə  Əhməd    bəy  Ağayev  (Ağaoğlu),  Axund  Yusif  Talıbzadə  ilə  yanaşı,  Əli  bəy  Hüseynzadə  də 

Türkiyədən Azərbaycana göndərilmiş, dövlət  quruculuğu məsələlərini Azərbaycanın siyasi  və hökumət 

rəhbərləri  ilə  müzakirə  etmiş,  müəyyən  məsləhətlər  vermişdi.  Əli  bəy    Gəncə  səfərindən  qayıtdıqdan 

sonra    qələmə  aldığı  və    "Qızıl  ay"  qəzetinin  24  iyul  1918-ci  il  tarixli    nömrəsində    çap  etdirdiyi  

"Azərbaycanda  düşündüklərim"  məqaləsindən  öyrənirik  ki,  o  Gəncəni  iyulun    ortalarında  tərk  edərək, 

Qafqaz  məsələsini  müzakirə  etmək  məqsədilə    Məhəmməd  Əmin    Rəsulzadə  ilə  birlikdə  İstanbula 

qayıdıb. 

Əli  bəy  Hüseynzadə  Azərbaycan  sovet  hökumətinin  xüsusi  dəvəti  ilə  bir  də  1926-cı  ildə  Vətənə 

dönüb,  Bakıda  keçirilən  I  Beynəlxalq  Türkoloji  qurultayda  iştirak  edib.  Qurultaya  məruzə  adı  ilə  

gətirdiyi,  əslində isə Xalq Cümhuriyyətinin  süqutu və  Sovet Rusiyası tərəfindən  Azərbaycanın  işğalı 

məsələlərinə    həsr  olunmuş  "Qərbin  iki  dastanında  türk"  əsərinin  Bakıda  nəşrinə  nail  olub.  Onun  

beynəlxalq  miqyaslı    belə  bir  qurultaya  dəvət  olunması  əslində  Sovetlər  Birliyində  də  böyük  türkoloq 

kimi  tanınması kimi dəyərləndirilməlidir. 

Türkoloji  qurultay  başa  çatdıqdan  sonra  1926-cı  il  martın  25-də  doğma    Vətənindən  sonuncu  dəfə  

ayrılan  Əli  bəy  Hüseynzadə  bir  müddət  Atatürkə  sui-qəsddə  iştirak  gərəkçəsi  ilə  Ankarada  İstiqlal 

Məhkəməsi qarşısında dayanmalı olmuş, az sonra bu işdə günahsızlığı sübut edilərək sərbəst buraxılsa da, 

fəaliyyətində bir durğunluq mərhələsi başlanmışdı. Bu hadisədən sonra sakit həyat tərzi keçirən Əli bəy 

1940-cı  il  martın  17-də    İstanbulda  dünyasını  dəyişib  və  şəhərin  Qaracaəhməd    məzarlığında  torpağa 

tapşırılıb. 

Əli  bəy  Hüseynzadə  özündən  sonra    zəngin  elmi,  bədii,  publisistik  irs  qoyub  getmişdir.  Onun  elmi, 

ədəbi-bədii  irsi  içərisində  Bakıda  işlədiyi  illərdə  yazdığı  və  mütəxəssislər  tərəfindən  şah  əsəri  hesab 

edilən  "Siyasəti-  Fürusət"  (  "At  minmək  siyasəti"),  eləcə  də,    "Füyuzat"  məcmuəsi  xüsusi  yer  tutur. 

Müasiri  Yusif  Akçura  yazırdı  ki,  Əli  bəyin    siyasi,  fəlsəfi  və  ədəbi  düşüncələrini  anlamaq  üçün  ən 

qiymətli mənbə "Füyuzat" kolleksionudur ( Bax: Y. Akçura. Türkçülüyün tarixi. Bakı 2006 ). 

Şükürlər olsun ki, bu qiymətli mənbə mərhum mətnşünas alim Ofelya Bayramlının fədakar əməyi ilə 

latın qrafikasına transliterasiya olunaraq tanınmış ziyalı  Etibar Yolçuyevin şəxsi vəsaiti ilə məhdud tirajla 

müasir Azərbaycan  oxucusuna çatdırılmışdır. Çox istərdik ki, həmin toplu  kütləvi tirajla çap edilərək, 

geniş elmi ictimaiyyətin  istifadəsinə veriləydi. 

Bir neçə kəlmə də bu böyük insanın  ailə  həyatından söz açmaq  istərdik.  Əli bəy  nisbətən  gec, yəni 

48  yaşında  1912-ci  ildə  İstanbulda    əslən  çərkəz  olan    süvari  zabiti  Şəmsəddin  bəyin    qızı  Ədhiyyə 

xanımla  (1890-1944) evlənmiş, bu izdivacdan üç övladı - Səlim  Turan adlı oğlu, Saidə və  Feyzavər adlı 

iki qızı dünyaya gəlmişdi. Yüksək  təhsil almış övladlarının heç birinin uşağı olmayıb. Böyük qızı Saidə 

bəyim    (1914-2002)    2002-ci  ildə    rəhmətə  gedib.  Oğlu  Səlim  Turan  (1915-1994)  məşhur  rəssam  idi. 

Parisdə  yaşayıb,  1994-cü  ildə    orada  dünyasını  dəyişib.  Üçüncü  övladı  1920-ci  ildə doğulmuş  Feyzavər 

bəyim bu yaxınlarda İstanbulda haqq dünyasına qovuşub. Əli bəyin  nəsli bu övladlarla bitir. 

Əli bəy Hüseynzadə XIX  əsrin sonu  - XX əsrin   əvvəllərində türk-islam dünyasının  yetirdiyi nadir  

şəxsiyyət,  dahi  mütəfəkkir,  bənzərsiz    fikir  adamı,  böyük  maarifçi  və  ictimai  xadim  idi...  Onun  haqq 

dünyasına  qovuşmasından  74  il    ötsə  də,  o,  əsərlərində,  əməllərində,  parlaq  ideyalarında  bu  gün  də 



yaşayır.  Bu  böyük  İnsanın  adının  əbədiləşdirilməsi  istiqamətində  müstəqil  Azərbaycanda  dövlət 

tərəfindən    müəyyən    addımlar  atılıb,  doğulduğu  Salyan  şəhərində  şərəfinə  heykəli  ucaldılıb,  küçələrə, 

məktəblərə adı verilib. Əsərləri çap edilib,  haqqında  araşdırmalar aparılıb. Ən  başlıcası təmiz  adı özünə 

qaytarılıb,  böyük  ideyaları  həyata  keçirilib.  Hesab  edirik  ki,    necə  ki,  müstəqil Azərbaycanın    üçrəngli  

bayrağı var, həmin  bayrağın rənglər simvolikasının  müəllifi Əli bəy  Hüseynzadə  də var olacaqdır. 

Düşünürəm  ki,  müstəqil  Azərbaycanın  görkəmli  elm  və  mədəniyyət  xadimləri  maarif  və 

mədəniyyətimizin  bu  böyük  korifeyinin  üçrəngli  bayrağımızda  əbədiləşən  milli  ideyaların  müəllifi  Əli 

bəy  Hüseynzadənin  150  illik  yubileyinin  keçirilməsi  haqqında  ölkə  Prezidentinin  məlum  Sərəncamının 

yüksək  səviyyədə  icrası  üçün  əllərindən  gələni  əsirgəməyəcək,  bu  böyük  ziyalının  zəngin  irsinin 

xalqımıza,  xüsusən  də  müasir  Azərbaycan  gəncliyinə  gərəyincə  və  yetərincə  çatdırılmasına  öz  layiqli 

töhfələrini verəcəklər. 

Əsgər Quliyev 

 

Təhsil Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin müdir müavini, 



filologiya üzrə fəlsəfə doktoru, dosent, 

Əməkdar müəllim 

 

Yüklə 104,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə