A ğ saqqals ö z ü



Yüklə 185,49 Kb.
səhifə1/3
tarix26.09.2017
ölçüsü185,49 Kb.
#2094
  1   2   3


A Ğ S A Q Q A L S Ö Z Ü
Həyat bir pianinodur. Ağ dilləri sevinc, xoşbəxtlik, qara dilləri isə qəm, kədərdir. Amma gözəl musiqi çalmaq üçün hər iki dilə toxunmalısan.
Qış fəsli olduğundan təbiət ağ libasını geyib, ağ örpəyə bürünmüşdü. Dağlardan süzülüb gələn dumduru sular burula-burula, yuxuya getmiş bərəkətli torpaqlara layla çala-çala Araza doğru üz tutmuşdu. Təbiətin füsünkarlığına , gözəlliyinə vurulan , bu yurddan ayrılmaq istəməyən su damlaları donub dərənin kənarlarında, gölməçələrdə qalmışdı, ulduzları birləşməkdə olan gənclərin ilk görüşündəki lal səhnə kimi. Yayın istisindən dodaqları partlamış , dili cadar-cadar olmuş torpaq sakitlik tapmışdı . Kollar qardan yorğan örtüb mışıl-mışıl yatmışdı . Yamaclara dirsəklənən təpələr boylanıb mışıl-mışıl yatan bəyənmədikləri dağ üçün gərəkli olan zirvələrə baxırdı . Başı çalmalı, sinəsi yaralı, bağrı paralı dağlar maddım-maddım uzanıb gedən dərələrə baxır , haramlıq etmək istəyənlərə hərdən bir qaya parçası atırdı. Güneylərdəki sıldırımlı qayalar günəş şüaları altında par-par parıldayırdı.

Tanrının yaratdığı əzəmətli qayaların dibindən səslənən xınalı kəkliklərin qaqqıltısı , bir də güneylərə dovşan ovuna çıxan ovçuların tüfəng səsləri sakitliyi arabir pozurdu.Tarixlərin yaddaşı olan nəhəng ağacların budaqları aşağı əyilərək işvələnərək mürgüləyən torpağı sığallamaq , onu qucaqlayıb öpmək , əzizləmək istəyirdi .

Evlərin bacalarından burula-burula göylərə üz tutan tüstü sanki kənddə baş verən hadisələri , söz-söhbətləri tez-tələsik , isti-isti göylərə çatdırmaq istəyirdi . Dünyanın dərd-qəmindən uzaq olan buludlar göydə xalı toxumuşdu . Evlərin damlarına yığılmış meyvələrin , xüsusən alma və heyvaların ətri aralığa çıxan adamları məst edirdi .

Belə hava uşaqların da ən sevimli vaxtları idi . Yalzəmidən Su dərəsinə , Ağ yoxuşun başından Haçı Musa dərəsinə kimi xizək sürən oğlanlar özlərini dünyanın ən xoşbəxt , ən qayğısız insanları hesab edirdilər , hətta yıxılıb əzilsələr də. Uşaqlar , qız-gəlinlər navalçalardan sallanan buz parçalarını qoparıb xarta-xartla yeməklə sanki yarışa çıxırdılar.

Evlərin eyvanlarında hanalar qurulmuş , nənələr də vaxtlarını boş keçirməyib, qız-gəlinləri başlarına yığıb, cehizlik üçün xalça, kilim , palaz toxuyurdular.

Dədə-babalar isə ”Süsən “ meşəsindən gətirdikləri ağacları kərki ilə yonub , ev əşyaları düzəldirdilər.

Bəli, Zəngəzurun mərd insanlara və füsünkar təbiətə, şərəfli tarixi keçmişə, malik haram tikədən uzaq olan Yuxarı Yeməzli kəndinin növbəti ən sakit və ən xoşbəxt günləri - Yerlə Göyün sevdalanan çağlarından idi .

Kənd ağsaqqallarından xeyirxah, mərhəmətli , gözü – könlü tox, nurlu insan Molla Hacı oğlu Abdun da işlərin azlığından istifadə edib, gözlərini müalicə etdirmək məqsədi ilə Bakıya səfərə hazırlaşırdı.

Həyat yoldaşı Teliş nənə şəhərdə yaşayan övladları üçün müxtəlif nemətlərin ən yaxşısından pay tutmuş , nəvələrinə toxuduğu yun əlcək və corabları da unutmamışdı. Bəslənmiş erkəklər Xəlil oğlu İsa tərəfindən Allahu Əkbər deyilərək kəsilmiş, təmiz cunaya bükülüb, bağlamalarda yerləşdirilmişdir.

Çoxlarının həsədlə baxdığı həyətdəki dümağ qardan seçilməyən QAZ-24 şux qamətli , ortaboylu, qarabəniz sürücünün əmrini gözləyirdi.

Orta boylu , başdan ayağa qədər qara rəngdə paltar geyinmiş, buxarı papaqlı, nurani ev sahibi ətrafa diqqətlə baxıb; Allah, Məhəmməd ya Əli,- deyib volqanın qabaq oturacağında əyləşdi.

QAZ-24 ailə üzvlərinin , qonşuların xeyir-duası ilə torpağı yalayaraq kəndin kələ-kötür yollarından canını qutarmağa, asvalt yola çıxmağa tələsirdi . Qarla örtülmüş əkin sahələri , üzümlüklər , yol kənarında qarın ağırlığına tab gətirməyib baş əyən kollar , “Xivelin yalı”, ”Dağdağanlar“, ”Süsən“, əkin sahələrindən maşına əl edən qocaman ağaclar arxada qaldı.

Maşının arxasınca mis ləyəndən su atan Telış nənənin gözləri hələ də Bakıya uzanıb gedən yollara dikilmışdı. Ətrafındakılardan abır-həya edib, dilinə gətirməsə də, ürəyində bir bayatı da səsləndirdi :

Qol sarı , qolbaq sarı ,

Səfərə saldım yarı .

Ya rıbbim , sən kömək ol ,

Salamat yetir yarı.

Doğma yurda, kənd işlərinə ürəkdən bağlı olan, haram buyrulan əməlləri yaxınına buraxmayan Abdun baba sağlamlığına çox da fikir verməzdi. Müalicə ilə bağlı söhbət düşən kimi deyərdi ki , ən yaxşı müalicə fiziki işdir, zəhmətə qatlaşmaqdır ...

Filman “maşının anasını ağladaraq” 4 saata Əhmədliyə - qardaşı Babanın həyətinə çatdı . Adəti üzrə tez maşından düşüb ətrafa boylandı, dəlisi tutmuş külək yenə Bakıda at oynadırdı , sağ tərəfə keçib qapını açdı , atası volqadan düşdü . Yavaş-yavaş bloka doğru addımladı . Özü də bağlamalardan götürərək dördüncü mərtəbəyə qalxdı.

Gözəl insan , ömründə çiy söz danışmayan , xanım-xatın hərəkətləri ilə hamının hörmətini və rəğbətini qazanan, yaraşıqlı görkəmə , qəddü-qamətə,enli sifətinə yaraşıq verən qapqara çatma qaşlara, gülər üzə malik Tamella xanımın xoş təbəssümü ilə qarşılaşıb içəri keçdilər . Hal-əhval tutub , çay süfrəsi arxasına əyləşdilər.

Baba əminin bu evində kimlər qonaq olmayıb...bilən bilir , bilməyənlərin də ...

Balaca Hüsnüyyə babasından əl çəkmir , sevindiyindən bilmirdi nə etsin , hətta zəng edib atasından muştuluq da almışdı.

Abdun baba bir tikə çörək yeyəndən sonra dəstəmazını alıb , zöhr namazını qıldı . Buxarı papağını yüngül bir papaqla əvəz etdı . Rahatlıq tapıb divanın üstündə əyləşdi . Başı açıq oturmağı sevməzdi, deyərdi ki , kişinin başında papaq olar .

Hay-küylə otağa daxil olan İsmayılla İslam babaları ilə görüşüb söhbətləşdilər. Baba nəvələrinə can sağlığı , uzun ömür arzulayaraq gözdən , nəfsdən uzaq olmalarını, gözəl təhsil almalarını dilədi . Nənələrinin, qohumların salam-duasını çatdırdı .

Gəlin özünə xas bir əda ilə: “Dədə , bizim uşaqlara göz dəyməz , narahat olma, -dedi ,- bunların Sizin kimi Allahını sevən babaları var.”

Qızım , bədnəzərdən qorunun , atalar deyib ki , gözə gələndə insan qəbrə , dəvə təndirə . Kənddəkilər kimi on-on iki züryətiniz yoxdur ha , üççə övladınız var , muğayat olun uşaqlardan .

Gəlin gülümsəyərək uşaqlara göz basıb, dedi ki , bundan sonra bunlara üzərlik yox e, lap belə atıl-batıl da yandıraram. Xeyli söhbətdən sonra uşaqlar gündəlik qrafiklərinə uyğun olaraq yan otağa keçib dincəlməyə , dərslərini hazırlamağa başladılar.

Abdun kişi kənd həyatına öyrəşdiyindən otaqda çox otura bilmir , tez-tez balkona çıxıb avrorasını tüstülədirdi.

Tamella xanımın özünəməxsus ahəngdar səsi fasilə edə-edə sükutu pozurdu. Dədə , meyvə yeyin , çayınızı için , uzanıb bir az dincəlin .

Ancaq dünya malına gözünün ucu ilə də baxmayan Abdun baba nə meyvə yeyir , nə də cay içirdi, çox yeməklə arası yox idi . Hüsnüyyənin təkidi ilə bir dilim alma yeyən babası bir qədər fikrə getdikdən sonra nəvəsinə:

-Ay anamın əvəzi, çanında ağrın varsa, mənə gəlsin. Qardaşlarına da de, yanıma gəlin!

Uşaqlar bu cağırışa bənd kimi tez babalarının yanına gəldilər .

Abdun baba aramla söhbətə başladı.

Mənim dövlətim-varım, sizsiniz. Əvvəla, dilinizi bismillah sözünə öyrədin , şükranlı olun , sağlamlığınıza fikir verin, sağlam qidalanın , acmayınca süfrə başında oturmayın , iştahanız küsməmiş yeməkdən əl çəkin, yemək yeyəndə tələsiməyin, həll ceynəyin.

Mövsümə uyğun geyinin, geyiminizə fikir verin, həmişə ayağınızı isti saxlayın, başınızı sərin , sintetik paltarlar geyinməyin. İnsan saçsız , xüsusən qadın, heyvan buynuzsuz, ağac yarpaqsız gözəl olmaz , yaraşığını itirər. İnsana yaraşıq verın başının tükü, heyvana yaraşıq verən, xüsusən öküzə, erkəyə buynuzu, ağaca yaraşıq verən budaqları, yarpaqları olar . Mənim soyadımı daşıyan qız-gəlinlərin hamısı saç saxlayır, gözəl sac ilahi örtükdür, buna görə də o gözəl saçlarınızı qiymətləndirin, qədrini bilin. Hüsnüyyə, sən də onlar kimi ol , Allahın cızığından çıxanlara qoşulmayın, gülər üzlü, açıq qəlbli, şirin dilli olun.

Yatan zaman çox vaxt arxası üstə yatın, mədənizdəkilər tez həzm olunsun deyə sol böyrü üstə, ürəyinizə güc düşməsin deyə bəzən də sağ böyrü üstə yatın, üzüquylu yatmayın , şeytanlar elə yatar.

Allahdan qeyrisinə arxalanmayın, səbirli olun. Əxlaqınızı gözəl edin ki, Allah-taala da sizin hesabınızı yüngül etsin. Üç şey insanın böyüklüyünün göstəricisidir: güzəl əxlaq , qəzəbini udmaq , gözü saxlamaq. Böyüklük, könüllü olaraq yaxşılıq etməkdir.

Ağıllı olun. Ağıl, meyvəsi bağışlamaq və həya olan bir ağacdır. Ağılın meyvəsi isə dözümlülük və haqqa sadiq qalmaqdır. Ağıl sahibləri ilə oturub – durun, ağıl sahiblərinə qulaq asmayanların ağlı olmaz.

Bir suala cavab verərkən fikirləşib cavab verin, çünki cavab verməkdə tələsən şəxs, doğru cavab tapa bilməz. Səbirli olun, hövsələsizlik etməkdən cəkinin ki, o, ümidi kəsər, əməli zəiflədər, qəm gətirər.Qəm-kədər isə qocalığın yarısıdır. Qəmli olan adamın bədəni xəstə olar. Xəstəliklər bədənin naxoşluğu olduğu kimi, qəm-qüssə də qəlbin naxoşluğudur. Qəmdən azad olmaq üçün üzüm yeyin, başınızı yuyun.

Dünya malına aldanmayın, dünya bir bostandır, sovulub gedər. Dünyapərəstlərlə yoldaşlıq etməkdən çəkinin.Vəfalı, abır-həyalı, xoş xasiyyətli, azadə olun ki, eviniz xeyir-bərəkətli olsun. Seyraqıb adama , bivəfaya, tamahkara yaxın durmayın. Təkəbbürlü olmayın , özünüzü heç vaxt tərifləməyin, qoy sizi ətrafdakılar tərifləsinlər. Bir işi başlayanda dərin düşünün, elə iş görün ki, qonşular, qohumlar sizi məzəmmət etməsinlər. Yalandan and içməyin, yalandan and icənin evi sakinsiz qalar.

Tanrı israfcılığı sevməz, az olan şeylərə qənaət edin. Yuxu ölümün qardaşıdır, gözlərinizi çox yatmağa öyrətməyin, cünki gözlər bədənin ən naşükür üzvüdür.

Səhər tezdən duran kimi doyunca yeyib, sonra da şükranlıq etmədən oturduğu ocağı qarğıyan, kəndin bir ucundan vurvub, o biri ucundan çıxan , şayiə gəzdirən insanlardan uzaq olun.

Sonra çox yeməyin fəsadlarından söhbət eləməyə başladı , nəhayət, söhbətin nəticəsi bu oldu ki , rejiminizə fikir verin, yemək zamanı qoyun ətini mal ətinə , meyvəyə qatışdırmayın , çalışın heç vaxt mədəniz doymasın, ağartı məhsullarından çox istifadə edin . Qoyun və mal ətindən az istifadə edin , balıq və quş ətinə üstünlük verin . Az yeyənin azarı da az olar . Qorxu və stresdən uzaq olun , o zaman Tanrının sizə bəxş etdiyi ömrü rahat , xəstələnmədən yaşayarsınız.

Ocağımızın isti nəfəsləri, sizə möhkəm can sağlığı, təhlükəsiz həyat, bol-bol ruzi , ağıllı həmdəm və asayiş arzulayıram.

Hüsnüyyə də öz növbəsində babasına çoxlu suallar verib , cavab alırdı. Baba nəvəsinin suallarından təngə gələrək , arabir “deh-deh” , “Allahu-əkbər , Allahu-əkbər”,”La ilahə illəllah”,- deyərək söhbətdən yayınmaq istəyirdi...

Ailə üzvləri səbirsizliklə saat iyirmini gözləyirdilər , axı Baba əmi adəti üzrə hər gün bu vaxtlarda evə gələrdi. Tamella xanımın bişirdiyi ədviyyatlı , dadlı-ləzzətli yeməklərdən yedikdən sonra mavi ekranın qabağına keçər , dünyada baş verən hadısələrlə tanış olardı.

Bu gün fərqli bir gün olduğundan sanki ssenari dəyişmişdi.

Baba əmi sevinə-sevinə içəri girib atası ilə hal-əhval tutdu , sonra süfrə arxasına keçdilər.Yeməklərini yeyib , şükranlıqlarını bildirdilər . Gecə yarını keçsə də , ata-balanın şirin sohbəti hələ də tükənməmişdi...

Səhəri gün Baba əmi atası ilə göz xəstəxanasında həkimlərin məsləhətlərini eşidir , müalicə üçün düşünürdü.

...Artıq hər bir əməliyyat müvəffəqiyyətlə başa çatmışdır.Abdun babanın gözlərinə Tanrının köməkliyi ilə nur gəlmişdi , yaxın-uzaq , hər şeyi aydın görürdü.

Tamella xanım hər gün qaynatasına xüsusi qayğı və qulluq göstərir , bir an gözündən qoymurdu.

Canında təpər, qanında qeyrət, baxışında nur olan Abdun baba isə şəhər mühitindən darıxır , oğlundan tələb edirdi ki , onu kəndə yola salsın. Baba əmi atasının ürəyindən keçənləri yaxşı bilirdi , ancaq Tanrıya hədsiz inamı və inancı olan , çox gözəl “Quran” avazı olan atasını səs yazma studiyasına aparıb səsini yazdırıb , gələcəyə ərmağan etmək istəyirdi. Bu məqsədlə də şənbə gününü gözləyirdi.

Şənbə günüdür , yenə də hər şey öz qaydası ilə davam edir. Gələcəyə böyük ümidlə baxan bacarıqlı neft mühəndisi , sədaqətli, səxavətli , böyük ürəyə malik , istəkli oğul Baba Babayev səsyazma studiyasında dədəsinin-el ağsaqqalının ”Quran”dan oxuduğu surələri lentə yazdırır.Və hər kasetin üstünə ad və soyad yazır:

Babayev Baba Abdun oğluna

Babayeva Güldənə Abdun qızına

Babayev Teymur Abdun oğluna

Babayev Nəriman Abdun oğluna

Babayeva Gülarə Abdun qızına

Babayev Filman Abdun oğluna

Babayev İlmam Abdun oğluna

Ata-bala işlərini mehribancasına yekunlaşdırdıqdan sonra müqəddəs ocaqları, Fəxri xiyabanı ziyarət edib, Bulvara , Dağüstü parka və digər mənzərəli yerlərə baş çəkdikdən sonra evə qayıtdılar.

İslam babasının qabağına qaçaraq dərslərindən əla aldığını bəyan edir.”A,N,T,D” və başqa hərfləri öyrəndiyini bildirir.

Bayaqdan nəvəsini təmkinlə dinləyən baba özünəməxsuz şəkildə gülümsəyərək :

Bir-iki hərf qalıb , onları da öyrənsəniz , işiniz düzələcək , bala,-deyə nəvəsini əzizləyir.

Abdun babanın şəhərə gəlməyi qohumların və dost-tanışların Əhmədliyə- Baba əminin evinə yaman axın yaratmışdı .

Növbəti qapı zəngi səslənir , Tamella xanım yırğalana-yırğalana qapıya yaxınlaşıb dilləndi:

-Kimdir?

-Mənəm , Rəşid.

Tamella xanım qapını açaraq;

- Xoş gəlmisiniz! Həmişə siz gələsiz. Buyurun , buyurun,-dedi .

- Salam , Tamella xanım,- deyə Rəşid kişi içəri daxil olub , sarı kağız torbadakı sovqatı dəhlizdəki stolun üstunə qoyub , böyük otağa keçmək istədi . Abdun kişinin namaz qıldığını görüb , Allah qəbul eləyər,-deyib qapını sakitcə çəkib, yan otağa keçdi . Üşaqlarla görüşüb hal-əhval tutdu. Bir azdan İsmayıl babasına Rəşid babanın onlara qonaq gəldiyini xəbər verdi . Qohumlar görüşüb , çay süfrəsinin arxasına keçdilər. Şirin söhbət başladı.

Rəşid qohumunun səhhəti ilə maraqlanıb , hal-əhval tutdu . Kəndin ümumi vəziyyəti ilə maraqlanandan sonra iş yoldaşı haqqında “körpü” saldı .

-Abdun qağa , Allah qorusun , Baba ağıllı oğlandır , dəyərli kadrdır , onun parlaq gələcəyi var . Kollektivi başına and içir , dəfələrlə neft işi ilə əqaqədar xaricdə: Səudiyyə Ərəbistanında , Əlcəzairdə , Misirdə olub. Nəzəri biliyinə, təcrubəsinə söz ola bilməz , indi Xəzərdən neft çıxarmaq üçün Baba kimi oğlanlara ehdiyacımız var. Bir də ki, balıq dəryada böyüyər, özün bilirsən də , mən nə deyim.

-Rəşid , bu dediklərin öz yerində , ancaq şəhərdə yaşamağın xeyirli tərəfi ilə yanaşı ziyanı da var . Şəhər insanları bir-birindən soyudur , el-obanı unutdurur. Birdən Allah elə bir iş gördü ki , gələcəkdə torpaqlar sahibinə qaytarıldı , əkin yerlərimizi , ata-babamdan qalan torpaqlarımızı Babanın uşaqları tanıyıb , sahib ola biləcəklərmi?!

Axı o torpaqları babalarımız alınlarının təri ilə sulayıblar. Bəs deyirsən o yerlər elə öz-özünə arat olub , əmələ gəlib? O cür ağaclar böyüdüblər. Rəhmətlik dədəm deyirdi ki , Quzey zəmi , Mərəkboynu, Pəyədərə, İncirli , Əmirxan yeri , Fındıqlı , Şeyidməmməd , Seyidimli , Qırındılıq, Hacıvəli , Qılınc yerindəki əkin yerlərində kölgəlik saxladıqları alma, armud, palıd, qaragilə ağaclarını böyütmək üçün yay aylarında qatırlarla su daşıyıb, ağacları sulayıblar, yaşadıblar. Biçinçilər saxsı qablarda götürdükləri suları bəzən özləri içməyib , ağacların dibinə töküblər.

Ata-babalarımızın ağır zəhmət hesabına böyütdükləri kölgəli ağacları , üzüm bağları salanda qədirbilməz , şəcərəsindən xəbəri olmayan rəhbərlər dibindən çıxarıb , odun eləyib satdılar . Dəfələrlə sovxoz direktoruna , kənd sovetinin sədrinə müraciət etsəm də , iradıma məhəl qoyan olmadı . Bu sapı özümüzdən olan baltalar babalarımızın yadigarlarını bir-bir qırıb məhv etdilər. Kənd adamları hər ağacdan ildə ən azı 250-300 kq meyvə götürürdülər.

Əlişin armudu , Salmanın armudu, Əbülhəsənin armudu , Babanın armudu , Məmmədin armudu, Pirişin armudu , Xalıqverdinin armudu , Həsənin almaları, Allahqulunun palıdı, bizim boz armudlar , qoşa palıdlar hansını deyim?

O ağacların hər birinə Allah-talanın canlı varlığı kimi baxıram . Əlimdə əlac olsa , o ağacların hər birinin yerində yenilərini əkərdim. Eybi yoxdur. Allah hər şeyi görür və bilir . Allah qoysa, haqq dünyasında cavab verərlər .

Su dərəsindəki dağdağan yadındamı ?

Əlbəttə!

O böyüklükdə , əzəmətdə , gözəl formada, qol-budaqlı ağaca rast gəlmisən?

Yox, görməmişəm.

Heç görməyəcəksən də. Şükürlər olsun ki, kölgəsi qalındır , inşallah kölgəsi əbədi olar. Yaxşı deyiblər ki , ağac yarpağı ilə , adam paltarı ilə yaraşıqlı olar . Yarpaqlı olanda dağdağan daha yaraşıqlı olur.

- Deyirlər dağdağan həm də göz qaytarır .

- Düz eşitmisən , bir dəfə dağa köç aparırdıq , yurd yerlərinə az qalmışdı , birdən Mədəd üzünü Orucun öküzünə tutub dedi ki , pay atonnan, zalım oğlunun öküzü necə də usta gedir e .

Öküz 5-6 addım atmışdı ki , büdrəyib dizlərini qoydu yerə . Oruc “ıhı” eləyən kimi öküz gücünü toplayıb qalxdı, ayaqlarını aralı qoyub, dərindən nəfəs aldı . Boynunu geri döndərib arxasında dayanan öküzlərə və adamlara baxdı, elə bil burnunun körüklərindən od püskürürdü.

Öküz sanki dilə gəlib demək istəyirdi ki, ey insanlar, niyə imkan vermirsiniz yükümüzü mənzil başına çatdıraq. Axı bizim sizə yaxşılıqdan başqa bir pisliyimiz dəyməyib.

Mədəd qayıtdı ki , deyəsən , gözümün təsiri azalıb .

Oruc yanını qaşıyaraq sakit-sakit dilləndi :

-Gözün çıxsın , hələ ki gözün yerindədir. Bildim ki , bizə yoldaşsan, öküzün örkənini dağdağandan etdim.

Dağdağanın müalicəvi əhəmiyyəti də böyükdür , mədə-bağırsaq xəstəliklərinin , böyrək daşlarının salınmasında və digər xəstəliklərin müalicəsində istifadə edilir .

Dağdağanı kəsməzlər, onu kəsən ziyan çəkər.

Müharibə zamanı , açlıq dövrlərdə meyvəsini üyüdüb, una qatıb yeyirdik . Qışda daş-dübəkdə döyüb , xaşıla qatıb yeyirdilər.

- Ay qağa , bayaq rəhbərlərdən gileyləndin , rəhbərlərin də yaxşısı-pisi , yerində olan-olmayanı var. İnsanın gərək zatı-kökü olsun.

- Düz deyirsən , həyat bir rəngdə deyil ha , rəngbərəngdir , insanlar da elədir. Yazda, ya da payızda gəlib cıxasan “Xivelin yalı”na, oradan göz işlədikcə baxasan kəfşənə, xüsusən “Çırçır “və “Səngər “ tərəfə, o zaman təbiətin min bir rəngə boyandığının şahidi olarsan.

Bəli, təbiətdə hər rəngin öz gözəlliyi olduğu kimi, cəmiyyətdə də insanların mövqeyi müxtəlifdir. Yadıma bir əhvalat düşdü .

İsti yay günlərindən biri idi . Bostanın çox gözəl vaxtı idi. Günorta namazını bitirib ayağa dururdum ki, gördüm bir dörd qapılı vilis palıdın kölgəsində dayandı. Raykom Nazir Kərimov, bilirsən nə oğlandır, çox müdrik, ağıllı insandır, millətini, Allahını sevən adamdır , kəvşəni bizdən yaxşı tanıyır, torpağın dilini çox gözəl bilir, hər bir insanla başa düşdüyü tərzdə danışmağı bacarır, bir nəfər gözəl boy-buxuna malik, şux geyimli cavan oğlanla maşından düşüb , əllərini arxın dumduru , buz kimi suyunda yuyub , belə cənnət yerdə yaşamaq heyf deyil,- deyə bir-birinə el-obalarımızı tərifləməyə başladılar.

Mənə yaxınlaşıb ədəb-ərkanla görüşdülər , hal-əhval tutdular , təsərrüfatla maraqlandılar. Xeyli sohbət etdik , məhsullarımızın dadına baxıb, çox razı qaldılar. Mən də dilləndim ki , oğul , el arı ilə , bağ barı ilə tanınar. Evimizin bərəkəti, süfrəmizin çörəyi, tarlamızın dəni, bostanımızın məhsulu, bəhəri şükürlər olsun ki, əksik olmayıb.

Nazirlə gələn qonağın məndən xoşu gəldi , dedi ki , əmi , bizdən nə xahiş edərdin , sizə nə koməklik etsək , Allaha xoş olar.

Sakitcə dedim ki , oğul, biz nəyə nail olmuşuqsa , zəhmətimiz , alın tərimiz sayəsində olub. Həyatda heç kəsə yük olmamışıq. Kimsənin də çörəyində gözümüz olmayıb.

Bu gördüyün əkin sahələrinin böyük bir hissəsi babalarımın olub. Kalxoz qurulanda camaat 1 öküz qoyubsa , biz 12 öküz qoymuşuq , neçə xış , necə cüt vəl , torpaqlarımızın hamısını kalxoza vermişik. Kalxoz qurulandan sonra da başımı aşağı salıb , təsərrufat ışləri ilə məşğul oluram, rəncbərlik etmişəm, toxum səpmişəm, kol qırmışam, öküz saxlamışam, xırman işləri görmüşəm, bosdançı olmuşam, kolxozda o iş qalmayıb ki, görməyim . Bu sinnimdə də nə iş buyursalar, etiraz etmirəm.

Ancaq elə insanlar var ki, örüş yerlərimizin adını belə bilmir. Nurəlı bir dəfə dəyirmana gedəndə üç gün yatıb dincəlirdi, Yunus uzandığı yerdən durub tut yemirdi , xahiş edirdi, uşaqlar budağı əyirdilər , çəliyi budağa ilişdirib , tut yeyirdi . İndi onlar da 12 manat təqaüd alır , mən də. Leninin goru haqqı bu bölgü duz deyil. Xahiş edirəm, bu haqda yuxarıdakılara çatdırasınız , işləyən ilə işləməyənə təqaüdə çıxanda fərq qoysunlar.

İkinci təklifim , oğul , gördüyün bu kəvşənin hamısını , bir bıçaq arxası yer qalmazdı , biz xışla , cütlə əkib –becərərdik . İndi bu qədər texnika var, ancaq əkin yerləri istifadə olunmur. Ona görə də əkin yerlərimizin böyük bir hisəsini kol-kos basıb, o gördüyün keçmiış əkin yeri olmuş yamacların hamısı bizdən küsüb, torpaqlarımızı bizdən küsdürməyin. Belə getsə , əkin sahələrimizin çoxu 3-4 ilə meşəyə çevriləcək. Allaha şükür, bərəkətli torpaqlardır, MTS-dəki ES-100–lərdən birini verin bizim kolxoza karçovqa eləsin . Hektara 30-35 sentner taxıl götürməsəniz, onda deyərsiniz ki, Abdun əkincilikdən heç nə bilmir. Bizim əkin sahələrimiz münbit və bərəkətlidir. Məhsullarımız həmişə sərgilərə göndərilir .

Axırınçı təklifim, görürsən ki, sərhəd kəndiyik, rayon mərkəzindən də, deyilənə görə, 21 km aralıyıq. Bilirəm ki, gələndə də nə əziyyət cəkmisiniz. Asvalta gücünüz çatmasa da ,Yol idarəsinə tapşırıq verəsiniz “Ağalarbəylinin dərəsi”nin qumundan daşıyıb tökələr yollara, qarda, yağışda camaat yazıqdı, yollarda qalmasın.Təvəqqə edirəm, yol düzələndən sonra avtobus marşurutu da açasınız.

Sağ olsun , o da söz verdi . Doğrudan da, bir neçə vaxtdan sonra təqaüdüm artırıldı , kəndimizin köhnə əkin yerlərindən 100 hektar da karçovqa edildi . Allahverən Həsənovu da sağ olsun, yaxşı yol çəkdi.

Şeyidməmmədi karçovka edəndə saxsı küpələrdə çoxlu pullar, bəzək əşyaları çıxdı. Bakıdan alimlər gəldi, axtarış aparıldı. Ağamalı adlı biri lap savadlı idi . O deyirdi ki, əmi bu pulların hamısı yunan pullarıdır.Tapılan pulları və bəzək əşyaların gətirib qoydular Bakıda muzeyə.

Şeydməmmədin yal aşağı Qırındılığa kimi karçovqa edilən yerə birinci il qarğıdalı səpdik, inan, sütül var idi ki, uzunluğu yarim metr idi. Həmən ili məhsulu yığıb – yığışdırmaq olmadı . Kolxoza da xeyir oldu , camaata da. Qarğıdalı cadı yeməkdən yanaqlarımız qıpqırmızı olmuşdu.

Sağ olsunlar , əkin yerlərimizi arat eləməkdə bizim Teymurla Humay oğlu İsa yaxşı iş gördülər .

Abdun qağa , bağ-bostandan danışdın , xəyalım o dərələrə ucdu. Uşaqlığım , gəncliyim gözlərim önünə gəldi. Özün bilirsən , mən də uşaqlıqdan yetım qaldım , əzab- əziyyətlə böyüdüm , həyat məni nehrə kimi çox çaxladı.Uşaq ikən dərd ömrümə qalay çəkdi. Gəncliyim salxaq ələkdə, köhnə xəlbirdə ələndi. Rahat həyat məndən qurd görən qoyin qurddan təzən kimi təzib getdi. Gəncliyim bahar görməmiş, qışa keçdi. Qohumlarımızdan da yarımadıq, pay gözləməkdən gözümüz dörd oldu. Bəxtim üzümə gülmədi. Bir qarnı ac, bir qarnı tox böyüdük.Cırılan paltarımıza yamaqlıq tapanda sevinərdik, gön tapmazdıq çarıq tikdirək, rezindən çarıq tikdirib geyərdik. Zəmanə fağır – füqarəyə, yoxsula düşmən çıxdı. Rəhmətlik Həmid dayım deməli at tapanda meydan tapmadım , meydan tapanda at . Bu günə şükür , rəhmətlik nənəmin bizə ağır günlərdə dediyi nəsihətlər yadıma düşəndə bir az toxdayıram .

Həyatın çətinliyinə dözümümüz çatmayanda rəhmətlik deyərdi ki, məyus olmayın , qara buludlardan inci kimi yağış yağar , ağlayan bir gün gülər, qara qoyun əmcəyindən körpə quzu ağ süd əmər, dünyanın qızılı rənginə aldanmayın, Allaha edin ibadət , bəlkə eyləyə sizə mərhəmət , haqdan yanan ocaq heç vaxt qaralmaz , aclıq bir il gedər, töhmət min il, qazanc var-dövlət , insaf şan-şöhrət gətirər , var yığanda ar olmaz, harda nə gəldi danışmayın, atalar deyib ki, hürüşünü bilməyən it örüşünə qurd gətirər, mənim ağıllı balalarım, ağıllı adamlar başı ağardar, siz təkcə başınızı yox, həm də yaşınızı ağardın. Rəhmətliyin bu tipli öyüd-nəsihətləri bizi yaşatdı. Şükür Allahın birliyinə. Bu günümüzə şükür.


Yüklə 185,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə