Abdulla Şaiq 135 Körpələrin böyük məhəbbəti



Yüklə 118,77 Kb.
tarix02.01.2018
ölçüsü118,77 Kb.
#19429
növüYazı


Abdulla Şaiq - 135





Körpələrin böyük məhəbbəti



(Metodiki Vəsait)

Daşkəsən rayon MKS

Metodika və biblioqrafiya şöbəsi

2016


TƏRTİBÇİDƏN

Azərbaycan ədəbiyyatı tarixində Abdulla Şaiq şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi məşhurdur. Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq yolu keçmişdir. Şair ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmış və bu əsərlər məktəblərdə indi də tədris edilir. Onun uşaq və gənclər üçün yazdığı əsərlər gözəl lirik şeirlərdən, mənzum və mənsur hekayələrdən, nağıllardan, təmsillərdən və kiçik pyeslərdən ibarətdir. Kiçikyaşlı uşaqlar üçün yazdığı “Quzu”, “Xoruz”, “Keçi”, “Uşaq və dovşan” və s. şeirləri bu gün də dillər əzbəridir. “Tıq-tıq xanım”, “Yaxşı arxa”, “Tülkü həccə gedir” kimi mənzum hekayə və nağılları milli uşaq ədəbiyyatımızın qızıl fonduna daxildir. Bu il Abdulla Şaiqin anadan olmasının 135 illiyi tamam olur və yubiley mərasimi respublikamızın bir çox mədəniyyət ocaqlarında, o cümlədən uşaq kitabxanalarında yüksək səviyyədə qeyd olunacaqdır. Yubiley münasibətilə tərtib etdiyimiz “Körpələrin böyük məhəbbəti”adlı metodik vəsaitdən hər bir kitabxanaçı faydalana, burda olan müxtəlif tədbirlərdən səmərəli istifadə etməklə yubilyarın həyat və yaradıcılığını, əsərlərini oxucularına daha da yaxşı tanıda bilər. Metodik vəsait iki hissədən ibarətdir. Birinci hissə “Həyat və yaradıcılığı.” adlanır. Bu hissədə Abdulla Şaiqin həyat və yaradıcılığından söhbət açılır. Vəsaitin “Yubiley tədbirlərinin keçirilməsi” adlı ikinci hissəsində kitabxanalarda mövzu ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilir.



Həyat və yaradıcılığı

XX əsr Azərbaycan ədəbiyyatının və maarifinin görkəmli nümayəndələrindən biri olan Abdulla Şaiq 1881ci-ildə Tiflisdə ruhani ailəsində dünyaya gəlib. 1888-ci ildə Abdulla Şaiq altısinifli şəhər müsəlman məktəbində ilk təhsilini alır. İlk təhsilini aldıqdan sonra Abdulla Talıbzadə 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gələrək orada dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirir. On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil alır, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, Rus ədəbiyyatını öyrənir. 1900-cü ildə o, Tiflisə qayıdaraq bir müddət orda qalır. 1901- ci ildə Bakıya gəlir. Görkəmli ictimai xadim Nəriman Nərimanov və Abbas bəy Minasazovun qayğısı və köməyi ilə 25 aprel 1902-ci ildə Bakıdakı Aleksandriyski gimnaziyada imtahan verərək müəllimlik şəhadətnaməsin alır. Bakıda 5-ci şəhər məktəbində pedoqoji fəaliyyətə başlayan Abdulla Şaiq 1903-cü ildən Sabunçudakı altısinifli məktəbdə ana dili və şəriətdən dərs deyir. Bu illərdə o, görkəmli ədib və maarif xadimi Ə.Haqverdiyev, H.Zərdabi, N.Vəzirov, S.S.Axundov, M.Ə.Sabir, M.Hadi, A.Səhhət və H.Cavid və başqaları ilə yaxından tanış olur və bu şəxsiyyətlər şairin milli-mənəvi inkişafında mühüm rol oynayır. 1906-cı ilin avqustunda Bakıda birinci müəllimlər qurultayı çağrılır. Qurultayın təşkilində Şaiqin böyük xidmətləri olur. Gənc müəllim ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edir. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçir və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırır. Birinci müəllimlər qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranır. “Əlifba”, “Uşaq çeşməyi” (1906), “Uşaq gözlüyü” (1909), “Gülzar” (1912) və s. bu kimi dərsliklərdə onun öz əsərləri və dünya ədəbiyyatından nümunələr çap olunur. On altı səhifəlik “Uşaq çeşməyi” kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanır. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca “Milli qiraət”, “Türk çələngi”, “Ədəbiyyat dərsləri” (1919), “Türk ədəbiyyatı” (1920) adlı dərsliklər və proqramlar hazırlayır. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən parçalar verilir. Keçən əsrin əvvələrindən Abdulla Şaiq ədəbi-pedaqoji mühitdə adlı-sanlı yazıçı, şair və pedaqoq kimi tanınır. Xalqın, vətənin gələcəyi naminə var-gücü ilə çalışır. Həm sənət aləmində, həm də maarif yönümündə ən qabaqcıl şəxsiyyət kimi ziyalılarla ön cərgədə gedir. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürür. Abdulla Şaiq eyni zamanda ədəbiyyatımızı həvəslə tədqiq və təbliğ edir. Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi sənətkarların yaradıcılıqlarının tədqiqində bir ədəbiyyatşünas alim kimi onun xidmətləri böyükdür. Abdulla Şaiq yaradıcılığında ilk mətbu əsər “Laylay” adlı uşaq şeiridir və o, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır. Onun bir sıra şeirləri “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görür. Bu illərdə o, “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilərək, ədəbi-bədii 4 problemlərlə, maarif və məktəb işləri ilə məşğul olur. Xalq ədəbiyyatının gözəl bilicisi olan, onu hələ uşaq ikən Sarvanda əmiləri Əlidən və Məmməddən öyrənən, sonralar toplayıb araşdıran Abdulla Şaiq bu nümunələr əsasında “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazır. Onun “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpolad” kimi poemalarında da milli folklorun təsiri görünür. Bütövlükdə Şaiqin poeziyasında romantik vüsətlə real həyat, xəyalla varlıq, keçmişlə gələcək, tarixlə müasirlik qovuşur. Onun poeziyası qəhrəmanlıq, xəlqilik, vətənpərvərlik və gözəllik poeziyasıdır, uşaq şeirləri elə o zamandan dərslik, proqram və oxu kitablarının bəzəyidir. Abdulla Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyur və Azərbaycan uşaq dramaturgiyasının banisi kimi tanınır. Romantik ruhlu şair inqilabi hadisələrdən coşur, “Hürriyyət pərisi”, “Niyə uçdu”, “Bir quş”, “XX əsrə xitab”, “Şikayətlərim”, “Zamanın inqilabçılarına” kimi şeirlər yazır. Nəsr yaradıcılığına 1905-ci ildə romantik “İki müztərib və ya əzab və vicdan" yarımçıq romanı ilə başlamış ədib sonralar “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin huzurunda”, “Dursun”, “Əsrimizin qəhrəmanlar”ı kimi bir çox dəyərli hekayə, povest və romanlar yazmışdır. O, bu əsərlərdə bacarıqlı sənət ustası kimi çıxış etmişdir. “Köç” və “Məktub yetişmədi” hekayələri və “Əsrimizin qəhrəmanları” romanı ilk milli nəsr nümunələri kimi dəyərləndirilir. “Həpimiz bir günəşin zərrəsiyiz” əsəri şairin o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən ən gözəl romantik şeirlərindəndir. Azərbaycan Demokratik Respublikasının yaranmasını böyük sevinclə qarşılayan Abdulla Şaiqi M.Ə.Rəsulzadə “milli istiqlalın sevincini ilk duyanlar" adlandırır. Azərbaycan Demokratik Respublikası dövründə Abdulla Şaiq poeziya yönümündə daha həvəslə çalışır, Əhməd Cavad, Əmin Abid, Ümgülsüm, Əli Yusif, Əli Şövqi kimi gənc istiqlal şairlərini də ruhlandırırdı. Onun bu illərdə qələmə aldığı “Yeni ay doğarkən”, “Türk ədəmi mərkəziyyət Müsavata ithaf”, “Arazdan Turana” kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya nümunələrindəndir. Onun “Vətənin yanıq səsi” şerində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusunun gücü, “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şeirində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkir. “Ülkərin nuru ilə ziyalanan”, “Uçan nəğməsi ilə havalanan”, “Xoş kölgəsində səfalanan” istiqlal şairinin cümhuriyyət sevinci ürəklərə sərinlik gətirir. Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırır, bir neçə məktəbi milliləşdirir, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradır. Dövlətin yaratdığı program və dərsliklər hazırlayan komissiyanın üzvü kimi çalışır. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı “Tələbə həyatı” pyesini yazır, yarımçıq “Əsrimizin qəhrəmanları” romanını tamamlayır. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə gətirir, milli dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkir. 1920-ci il aprelin 28-də rus ordusunun (XI Qızıl Ordu) Azərbaycana daxil olması, bolşeviklərin hakimiyyəti ələ almasına baxmayaraq, Abdulla Şaiq xalqın 5 gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O, pedaqoji kurslarda, texnikumlarda və başqa məktəblərdə dərs deyir, mədəni-maarif işlərinə yardım edir, bədii yaradıcılıqla məşğul olur. Çalışdığı gimnaziya ilk öncə “Nümunə məktəbi” adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan-Türk dilində aparılır. Təzə açılan siniflərdə əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və başqa ziyalılar olur. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşir. Nə dərslik, nə də proqram tapılır, müəllim kadrları çatışmır. Seçilmiş heyət Abdulla Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başlayır. 1923- cü ildə “Nümunə məktəbi”nin ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə davam etdirən məktəbi “Şaiq Nümunə məktəbi” adlandırmağı qərara alır. 1918-ci ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərmişdir. Bu illər ərzində təlim-tərbiyə işləri ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan Abdulla Şaiqin “Vəzifə”, “Özü bilsin, mənə nə?”, “Anabacı”, “Əsəbi adam” kimi silsilə hekayələri, “Araz"” inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqalələri, “Tənqid-Təbliğ” teatrı üçün yazdığı əsərlər ədəbi mühitdə maraqla qarşılanmışdır. Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi də birbaşa Abdulla Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazır. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət əsərləridir. Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edirdi. Onun “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”, “Qərənfil”, “Bülbül” kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. Alim, ədəbiyyatşünas, folklorçu kimi də tanınan Abdulla Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir. Şairin Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi cərəyan və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri də elə Abdulla Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları isə xüsusi maraq doğurur. Əsl beynəlmiləlçi və humanist bir sənətçi olan, həmişə “Həpimiz bir günəşin zərrəsiyiz” deyən Abdulla Şaiq bütün əsərlərində bəşəri problemlərə toxunur, xalqları dostluğa, əmin-amanlığa çağırır. O, türk, rus, fars, tatar, litva, özbək, gürcü, tacik və başqa millətlərin ziyalıları ilə dostluq edir, dünya xalqları ədəbiyyatınlarının incilərini, Firdovsinin “Şahnamə”sindən bir parça,Şekspirin “Maqbet”, C.Sviftin “Qulliverin səyahəti”, Puşkin, Lermontov, Krılov, Qorki, Nekrasov və başqa yazıçıların əsərlərini dilimizə çevirmişdir. Abdulla Şaiqin 20-30-cu illərdə dilimizin fonetika, morfologiya, sintaksis və üslubiyyat məsələlərinə dair yazdığı elmi məqalə və əsərlərin bir çoxu indi də öz əhəmiyyətini saxlayır. Şaiq elmi-pedaqoji fəaliyyəti ilə ədəbi yaradıcılığını paralel inkişaf etdirmişdir. Əslində, bu iki sahə onun fəaliyyətini tamamlamış, elmə, maarifə çağırış, gənc nəslin taleyi, tərbiyəsi, xalqın, vətənin gələcəyi kimi məsələlər onun bədii əsərlərinin əsas mövzusu olmuşdur. Müxtəlif illərdə yazdığı şeirlər, 6 hekayələr, povestlər, romanlar, dram əsərləri Şaiq cəsarətinin, Şaiq dünyagörüşündəki qabaqcıl meyllərin nümayişidir. Azərbaycan ədəbiyyatını görkəmli şəxsiyyəti, uşaq ədəbiyyatının yaradıcısı Abdulla Şaiq 1959-cu il iyulun 24-də Bakıda vəfat etmişdir.

Yubiley tədbirlərinin keçirilməsi

Bu il fevral ayının 24-də xalqımızın sevimlisi, körpələrin incə qəlblərinə yol tapan, uşaq və gənclərin onun şeirlərini sevə-sevə öyrəndikləri görkəmli şairdramaturq Abdulla Şaiqin anadan olmasının 135 illik yubileyidir. Bir çox təhsil ocaqlarında, eləcə də kitabxanalarda şairimizin şərəfinə təmtəraqlı yubiley gecəsi keçiriləcək. Yubileyə yaxın kitabxnalarda şairin kitablarından ibarət sərgi təşkil edə bilərik. Sərgini müxtəlif başlıqlarla adlandırmaq olar:



1. Körpələrin böyük məhəbbəti.

2. “Sən bu xalqın sevincisən...”

3. “Ey mehriban uşaqlar Siz yaşayın bəxtiyar!”

Sərgi və plakatların hazırlanmasına kömək məqsədilə Abdulla Şaiq haqqında deyilən aşağıdakı sitatlardan da istifadə etmək olar.

1. Abdulla Şaiq həqiqəti hər şeydən uca tutan, daima həqiqət axtaran, tərəqqi və yüksəliş yolunda fədakarcasına çalışan yazıçı olmuşdur.

Mirzə İbrahimov

Xalq yazıçısı

2. Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu çırağın işığında uşaqların da, böyüklərin də qəlbində yalnız xeyirxah duyğular, xehirxah arzular baş qaldırmışdır.



İlyas Əfəndiyev

Xalq yazıçısı

3. Xalqını nəcib bir oğul qəlbi ilə sevən sənətkar öz xalqının ürəyində əbədi yaşayacaqdır.



Süleyman Rüstəm

Xalq şairi

4. Abdulla Şaiq mənəviyyatı pak, daxili təmiz, rəftarı gözəl bir insan kimi xalqımızın qəlbində yaşayır, yaşayacaq da!



Əfrasiyab Bədəlbəyli

Bəstəkar, xalq artisti

Ucadan oxunun uşaqlar üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq yubiley münasibətilə şairin kiçik yaş qrup oxucular üçün yazılmış şeirlərin, hekayələrin ucadanoxusunu təşkil etmək olar. Çünki, ifadəli oxudan sonra adətən kitabxanaçı uşaqlarla sual-cavab keçirir və bu sual-cavab əsasında uşaqların nə dərəcədə diqqətcil olmaları,onların zehni, şeirləri qavrama qabiliyyətləri demək olar ki, müəyyənləşdirir. Məktəbəqədər yaşlı və kiçikyaşlı oxucularımız üçün Abdulla Şaiqin “Keçi”, “Xoruz”, “Bənövşə”, Təmizlik“, “Ana yurdum”, “Top oyunu” və s. şeirlərinin ucadan oxusunu təşkil etmək olar. Bu şeirlərin dili o qədər sadə, aydındır ki, uşaq bir dəfə oxuyan kimi yadında saxlayır. Ucadan oxudan sonra həmin bu şeirlərin səhərciyi təqdim olunsa daha maraqlı olar. Belə ki, “Uşaq və dovşan” şeirinə hazırlanmış səhərcikdə bir uşaq dovşanı, digəri isə uşağın sözünü deyir:



Uşaq: Dovşan, dovşan, ay dovşan,

Qaçma, dayan, ay dovşan.

Qaçma, səni sevərəm,

Can kimi bəsləyərəm.



Dovşan: Dayanmaram ay qardaş,

Yanında var alabaş.

Xəbərdaram işindən,

Qurtarmaram dişindən.

Və yaxud uşağın biri xoruz kimi banlayır, digəri onun səsinə hirslənərək deyir:

Ay pipiyi qan xoruz,

Gözləri mərcan xoruz.

Sən nə tezdən durursan,

Qışqırıb banlayırsan.

Qoymayırsan yatmağa,

Ay canı məstan xoruz.

Uşaq psixologiyasına bələd olan şair bu şeirlərlə həm uşaqlara heyvanlar haqqında ilk məlumat verir, həm də onların nitqini inkişaf etdirməyə çalışmışdır. Uşaqlarda təbiətə, heyvanlara maraq yaratmaq məqsədilə şairin “At” və “İt” şeiri əsasında da da səhərcik hazırlamaq uşaqlar üçün maraqlı və əhəmiyyətli olar. Səhərciyi təqdim edirik:

Oxucular təmsil etdiyi heyvanın simasında səhnədə görünür.

I Oxucu (İt): Haf, haf, haf!..

Bax, mən belə hürürəm.

Haf, haf, haf!..

Ev-eşiyi güdürəm.

Haf, haf, haf!..

Oğru görsəm: mır, mır...

Mırıldayıb uçaram.

Atılaram üstünə,

Bir qiyamət açaram.

Haf, haf, haf!..

Qaç oğru, gəlmə, gəlmə!

Bir şey duşməz əlinə.

Yırtaram üst-başını

Lüt gedərsən evinə.

Haf, haf, haf!..

II Oxucu (At): Qara xallı atım, qaç!

Üstü xallı atım, qaç!

Yorğala, uç quş kimi

Apar məni nənəmə.

Qaçın, qaçın!

Tez yol açın!

Tram... trım...

Uçur atım.

Uç nənəmin yanına,

Bir qol salım boynuna.

Alma versin o bizə,

Dönək yenə evimizə.

Gözün bənzər ceyrana,

Qulaqların dovşana.

Qoçaq atım, yorğala,

Arpa verəcəm sana.

Qaçın, qaçın!

Tez yol açın!

Tram... trım...

Uçur atım.

Səhərcikdən sonra kitabxanaçı ev heyvanları olan at və it haqqında onlara məlumat verməlidir. Hər iki heyvanın insanların həyatında mühüm rol oynadığı, insanlara etibarlı, sadiq olmaları haqqında danışmalıdır. Onlara tövsiyə etməlidir ki, uşaqlar bu heyvanları incitməməli, onları sevməlidir. Uşaqların şairin yaradıcılığı haqqında bilgilərini müəyyən etmək üçün onlar arasında kiçik bir test keçirmək də məqsədə müvafiq olar. Bu testi keçirməkdə məqsədimiz oxucularda şairin həyat və yaradıcılığı haqqında bilgilərini müəyyən etməkdir. Testi aşağıda təqdim edirik:


  1. Abdulla Şaiq neçənci ildə anadan olub?

A . 1922

B. 1901


C. 1891

D.1881*



  1. Abdulla Şaiq harada anadan olmuşdur?

A . Bakı

B. Şamaxı

C. Tiflis*

D. Qazax



  1. İlk kitabı neçənci ildə çapdan çıxıb?

A . 1910

B. 1911*

C. 1906

D. 1909



  1. Aşağıdakı hansı cizgi filmin müəllifi Abdulla Şaiq deyil?

A . “Pıspıa xanım və Siçan bəy”

B. “Tülkü həccə gedir”

C. “Cırtdanın yeni sərgüzəşti”*

D. Heç birinin



  1. Abdulla Şaiq hansı sənətin sahibidir?

A . Həkim

B. Ədəbi işçi

C. Mühəndis

D. Müəllim*



  1. Abdulla Şaiq hansı fəxri ada layiq görülüb?

A . Xalq şairi

B. Əməkdar mədəniyyət işçisi

C. Əməkdar incəsənət xadimi*

D. Fəxri adı yoxdur



  1. “...Qoymayırsan yatmağa....” misrasının davamı necədir?

A.Qaçma, dayan, a dovşan

B. Mən quş olub uçaram

C. Ay qoşa buynuz keçi

D. Ay canı məstan xoruz*



  1. Bakı şəhərində hansı teatr şairin adını daşıyır?

A . Akademik Dram teatrı

B. Kukla teatrı*

C. Gənc Tamaşaçılar teatrı

D. Musiqili Komediya teatrı



  1. Aşağıdakı hansı kitabın bu il yubileyi deyil?

A. Yaxşı arxa

B. Tülkü, qarğa, hacıleylək

C.Tıq-tıq xanım

D. Tülkü və xoruz F. Tülkü həccə gedir.*

10. Abdulla Şaiqin ilk şeiri hansıdır?

A. “Lay-lay” *

B. Bahar nəğməsi

C. Oyan, oğlum

D. Məktəbdə

Cavablar :

1. D 7. D 10. A

2. C 5. D 8. B

3.B


4. C 6. C 9. F

Ədəbi-bədii gecələr kitabxanalarda keçirilən əsas tədbirlərdən biridir. Şairin yubileyi münasibətilə hazırladığımız “Ey mehriban uşaqlar, siz yaşayın bəxtiyar!” adlı ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik. Tədbir keçirilən zalın divarları ədibin şəkilləri və onun yubileyinə həsr olunmuş sərgisi ilə bəzədilir.



I Aparıcı: Salam əziz uşaqlar, hörmətli qonaqlar. Hamınızı sevimli

şairimiz Abdulla Şaiqin 135 illik yubileyinə həsr olunmuş

tədbirdə xoş gördük.

II Aparıcı: Yenə təntənə var Azərbaycanda

Şaiq günləridir, Şaiq ilidir.

Şaiqi yaşadan ürəkdə, canda,

Bu xalqa, vətənə Şaiqliyidir.

Dağlara səs saldı “Dağlar soltanı”,

“Köç” də köç eylədi ağ günə sarı.

“Simurq quşu” etdi Şaiq babanı

Bizim “Əsrimizin qəhrəmanları”.

“Hürriyyət pərisi” açdı qol-qanad,

Sevindi “bir günəş zərrəsi kimi”.

Qovuşdu Eloğlu, Araz, Qoçpolad

Əbədi bir “Ana” körpəsi kimi.



I Aparıcı: Arzusu “Səadət”, sevgisi “Vətən”,

Niyyəti ən ülvi, böyük əməllər.

“Şaiq məktəbindən”, Şaiq irsindən

Dərs alıb yetişdi neçə nəsillər.

Dünyaya, insana məhəbbətilə

Könülə gün doğdu, ulduz parladı.

Böyük sənətilə, şəxsiyyətilə

Müəllimlər müəllimi çağrıldı adı.

Yenə təntənə var Azərbaycanda

Şaiq günləridir, Şaiq ilidir.

Şaiqi yaşadan ürəkdə, canda,

Bu xalqa, vətənə Şaiqliyidir.



II Aparıcı: Bəli, görkəmi şair, nasir, dramaturq, ədəbiyyatşünas alim

Abdulla Şaiqin bu gün ad günüdür. Abdulla Şaiq xalqa

canı, qanı, ruhu ilə bağlı olan və vətəninə sonsuz

məhəbbətinə görə xalq arasında böyük nüfuz qazanan söz ustalarından idi. O, uşaq yazıçısı kimi Azərbaycan ədəbiyyatında şərəfli yer tutur. 1906-cı ildən başlayaraq ömrünün son günlərinə qədər uşaqlar üçün bir-birindən

gözəl, yüksək tərbiyəvi əhəmiyyəti olan və heç bir zaman aktuallığını itirməyəcək əsərlər yaratmışdır. Onun əsərləri

hətta kiçik oxucularımız tərəfindən də maraqla oxunur.



I Aparıcı: Onun orta məktəb dərsliklərinə salınmış şeirləri, oxucular arasında geniş yayılmış hekayələri və digər əsərləri həmişə bizim dilimizin əzbəri olmuşdur. Biz Abdulla Şaiqi əvvəl

uşaq yazıçısı kimi tanımış, sonralar isə böyüdükcə onu gəncliyin ən sevimli sənətkarlarından biri kimi qəlbimizdə yaşatmışıq. “Keçi”, “Xoruz”, “Uşaq və dovşan” kimi

şeirləri, “Köç”, “Məktub yetişmədi”, “İldırım”, “Xasay”

əsərləri, o cümlədən “Araz” romanı yadımızdan çıxarmı?

Heç vaxt! Bu əsərlərin hər biri həmişə təravətli olmaqla

bərabər, gənc nəsildə xoş duyğular, mübarizlik hissi oyadır

və onun tərbiyəsinə xidmət edir.

II Aparıcı: Abdulla Şaiqin uşaq şeirləri uşaqların özü kimi

bapbalacadı. Uşaq dünyasına bələd olan şair otu, çiçəyi,

gülü, heyvanı danışdırır. Abdulla Şaiq uşaq şeirlərində

balacaların ürəyinə ilk poetik qığılcımlar səpməyə, təbiət

gözəlliklərini onlara sevdirməyə çalışır. Onun

təbiət təsvirlərinə, qışın, baharın, payızın təsvirinə həsr etdiyi

şeirlər maraq doğurur. Şair balacaları vətənə məhəbbət

ruhunda tərbiyə edir.

Kiçik yaşlı oxucunun ifasında “Ana yurdum” şeiri dinlənilir.

Aparıcı üzünü tədbirin balaca iştirakçılarına tutub deyir:

Mənim balaca dostlarım, yəqin ki, hamınız Abdula Şaiqin

əsərlərini oxumusunuz. Deyin görək onun “Qışın

nəğməsi”, “Yetim cücə”, “Oyan oğlum”, “Uşaq və

dovşan”, “Quzu” şeirlərini hamınız əzbər bilirsinizmi?



Uşaqlar xorla: Bəli.

Aparıcı: Onda mənə kömək edin. Mən sizə bir şeir oxumaq

istəyirəm. Yaxşıca qulaq asın, birdən şeiri səhv deyərəm

ha!

Ala-bula boz keçi,



Ay qoşa buynuz keçi.

Sən nə tezdən durursan,

Qışqırıb banlayırsan....

Uşaqlar yerdən qışqırırlar: Düz demirsiniz.



Aparıcı: Düz demirəm? Siz mənim yadıma sala bilərsiniz?

İştirakçılardan biri aparıcıya yaxınlaşıb şeiri deyir.

Ay pipiyi qan xoruz,

Gözləri mərcan xoruz.

Sən nə tezən durursan,

Qışqırıb banlayırsan.

Qoymayırsan yatmağa.

Ay canı məstan xoruz.



Aparıcı: Ay sağ olun. Bir şeiri də deməyə mənə kömək edin. Axı

mən keçi ilə xoruzu qarışdırmışam. “Keçi” şeirini kim

deyə bilər?

II iştirakçı “Keçi” şeirini əzbərdən deyir.



Aparıcı: Yaxşı uşaqlar. Deyin görüm bu şeirləri yazanı tanıyırsınız?

Əgər tanıyırsınızsa onun başqa şeirlərini deyə bilərsiniz?

Üç balaca oxucu səhnəyə daxil olur və A. Şaiqin müxtəlif şeirlərindən söyləyirlər.

I Oxucu: Səhər durunca,

Əlimdə fırça,

Sildim dişimi,

Bildim işimi.

İnanmırsan bax,

Dişim ağappaq.

Üzüm tərtəmiz,

Bax, beləyik biz.



II Oxucu: Hop, hop, hop,

Oynayaq top-top.

Quş tək qanad aç,

Topu atdım, qaç!

Əlin belində,

Güllər əlində,

Sağdan sola aş,

Qaç, durma, yoldaş!

Dik tut başını,

Vur yoldaşını.

Topu tut göydə,

Qaçın birlikdə.

Ura, irəli!

Dönməyin geri.



III Oxucu: Günəş doğdu, yayıldı,

Dağlar, daşlar ayıldı.

Sular, meşə, bayırlar,

Səhralar, həm çayırlar

Bir nur içində qaldı,

İşıq dünyanı aldı.

Üfüq alışdı, yandı,

Bütün quşlar oyandı.

Ötüşdü şad və xəndan

Səs ilə doldu orman.

Oxucunun ifasında “Qərənfil” mahnısı səslənir.

I Aparıcı: Şairin mənzum nağılları və poemaları da onun

yaradıcılığında xüsusi yer tutur. Abdulla Şaiq uşaqlara

hiyləgərliyi başa salmaq üçün “Tülkü həccə gedir”,

dostluğu öyrənmək və onu qiymətləndirmək üçün “Tıq-tıq

xanım” mənzum nağıllarını yazmışdır. Bu əsərlər geniş

şöhrət qazanmışdır. Təsadüfi deyil ki, bu əsərlərin

motivləri əsasında eyniadlı cizgi filmləri çəkilmişdir.

II Aparıcı: Hər iki əsərlərdə uşaq təfəkkürünə uyğun nağıl süjeti

vardır. Tülkünün hiyləgərlik edərək əlinə təsbeh alması,

guya elədiyi günah işlərdən peşiman olması. “Həccə

getməsi”, özünü əməli-saleh adam kimi göstərib toyuq

cücəyə kələk qurması, onları parçalayıb yeməsi maraqlı bir

dillə nəql edilir. Gəlin balaca oxucularımızın ifasında

“Tülkü həccə gedir” əsərindən səhnəciyə tamaşa edək.

Kiçik yaş qrup oxucuların ifasında “Tülkü həccə gedir” nağılından bir parça göstərilir.



I Aparıcı: Bildiyimiz kimi Abdulla Şaiq həm də roman, hekayə,

povest müəllifi kimi tanınır. O “Məktub yetişmədi”,

“Köç”, “Daşqın”, “Pirin kəraməti”, “İblisin hüzurunda”,

“Özü bilsin mənə nə”, “Baş üstdə” kimi hekayələrin,

“Xasay” povestinin, “Əsrimizin qəhrəmanları”, “Dursun”,

“Araz”, “İki müztərib yaxud əzab və vicdan” romanlarının

müəllifidir. Abdulla Şaiq dramaturgiya janrında da

qələmini sınamış, yazdığı mənzum pyeslər Kukla, Gənc

Tamaşaçılar teatrında müvəffəqiyyətlə səhnəyə

qoyulmuşdur. O, uşaqlar üçün yazdığı səhnə əsərlərində

nağıl süjetlərindən bacarıqla istifadə etmişdir.

II Aparıcı: Abdulla Şaiqin əsərləri hər dövrdə oxucuların diqqət

mərkəzində olmuşdur. Bu səbəbdən də onun əsərləri tez

tez nəşr olunur. Hətta şairin bəzi kitablarının bu il 100 yaşı

qeyd olunur. Belə ki, balaca oxucularımızın ən çox sevdiyi

“Yaxşı arxa”,“Tıq-tıq xanım”, “Tülkü və xoruz” kitabları

bu il düz 100 yaşını qeyd edir. Uşaqlar, həmin kitablar

sizinlə görüşə gəlib. Gəlin onları qarşılayaq.

(Səhnəyə 100 yaşı tamam olan “Yaxşı arxa. Tülkü, qarğa, hacıleylək”,“Tıq-tıq

xanım”, “Tülkü və xoruz” kitabları daxil olur. Onların yaxalarında kitabların üz qabığının şəkli əks olunmuşdur.)

Tıq-tıq xanım: Gəlin sizə uşaqlar,

Söyləyim bir hekayət.

Günlərin bir günündə,

100 il bundan qabağa

Mən gəlmişəm dünyaya.

Kitabıma baxanda,

Onu varaqlayanda,

Sürməli gözlərimi,

Uzun hörüklərimi,

Salarsınız tez yada.

Unutsanız siz məni,

Baxıb cizgi fiminə,

Orda görərsiz məni.

Kitabımla yanaşı

Maraqlı həyatımı,

Dostumu, sirdaşımı,

Sizlərə sevdirmişəm

Sizinlə sevilmişəm.

İndi deyirəm sizə

Daha dostu neylərəm?

Yanımdadır dostlarım

Tülkü, xoruz və qarğa

Hacıleylək “Yaxşı arxa”.

100 il bundan qabağa

100 il bundan sonra da.

Yeganə dostum mənim

Bax, bu kitablarımdır.

Birlikdə: Bizi də unutmayın,

Siz yaddan çıxartmayın.

Açın, oxuyun bizi,

Təmiz qoruyun bizi.

Sizə kömək olarıq,

Yaxşı arxa olarıq.

(Oxucunun ifasında “Bənövşə”mahnısı səslənir).

I Aparıcı: İllərin bir-birini əvəz etməsinə baxmayaraq Abdulla Şaiq

yaradıcılığı Azərbaycan ədəbiyyattında tutduğu mövqeyini heç

bir zaman itirmir və itirməyəcək. Onun əsərləri istər böyüklərin,

istərsə də azyaşlı oxucuların hər zaman ən çox müraciət etdiyi və

sevərək oxuduğu əsərlər olaraq qalacaq. Çünki şairin hər bir

əsərlərinin hər bir misrasında, sətrində səmimiyyət,

vətənpərvərlik, sadiqlik, dostluq kimi ülvi hisslər yatmaqdadır.

Məhz bu keyfiyyətlər də Azərbaycan oxucusu üçün ən böyük

mirasdır.

SON

Ədəbiyyat siyahısı.

İnternetdə:

www.google.az



Kitablar:

  1. Şaiq Abdulla. Seçilmiş əsərləri / Abbas Səhhət, Abdulla Şaiq. Seçilmiş əsərləri.-

B.: Çaşıoğlu, 2006.- 336s.

  1. Şaiq Abdulla. Seçilmiş əsərləri: Üç cilddə. I cild. Təkrar nəşr.- B.: Avrasiya Press

2005.- 496s.

  1. Şaiq Abdulla. Seçilmiş əsərləri: Üç cilddə II cild. Təkrar nəşr.- B.: Avrasiya

Press, 2005.- 568s.

  1. Şaiq Abdulla. Seçilmiş əsərləri: Üç cilddə. III cild. Təkrar nəşr.- B.: Avrasiya Press,

2005.- 536s.

  1. Şaiq, Abdulla. Ay pipiyi qan xoruz. - Hüseynov.- B.: Turan, 2002.- 14s.

  2. Şaiq Abdulla. Arazdan Turana.- B.: Nurlan, 2004.- 264 s.

  3. Şaiq Abdulla. İki qəhrəman.- B.: Araz, 2003.- 16 s.

  4. Şaiq Abdulla. Tıq-tıq xanım.- B.: CBS Polygraphic production, 2001.- 19 s.

  5. Şaiq Abdulla. Tülkü həccə gedir.- B.: CBS Polygraphic production, 2001.- 14 s.

Dövri mətbuatda və kitablarda:

  1. Şaiq Abdulla. Ana: şeir // Göy qurşağı.- 2009. - № 2.- S.3.

  2. Şaiq Abdulla. Cöyərçin: şeir // Göyərçin.- 2008.- № 1.- S.5.

  3. Şaiq Abdulla. Kiçik qəhrəman: hekayə // Savalan.- 2009.- 3-5 fevral.- S.3-8.

  4. Şaiq Abdulla. İntiqamçı xoruz // Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. C.1.- B.: Şərq-Qərb, 2007.- S.294-301.

  5. Şaiq Abdulla. Məktub yetişmədi ; Göbələk ; Pirin kəraməti : hekayələr //

Azərbaycan nəsri antologiyası. 5 cilddə. C.2.- B.: Şərq-Qərb, 2006.- S.220-223.

  1. Şaiq Abdulla. Möhtərəm müəllimimiz Həsən bəy Zərdabinin vəfatına // Füyuzat. 2009.- N 4(48).- S.5.

  2. Şaiq Abdulla. Murad ; Usta Bəxtiyar ; Oyunçu bağalar : hekayələr // Azərbaycan uşaq ədəbiyyatı antologiyası. 3 cilddə. C.3.- B.: Öndər, 2005.- S.73-99.

  3. Şaiq Abdulla. Sözün qiyməti // Savalan.- 2008.- 2-4 dekabr.- S.16.

  4. Şaiq Abdulla. Təbiət və biz : Ətraf mühiti qorumağın yolu çoxdur // Azərbaycan. 2009.- 18 noyabr.- N 258.- S.7.

  5. Şaiq Abdulla. Uşaq ; Dovşan ; Keçi və s.: şeirlər // Azərbaycan uşaq ədəbiyyatı antologiyası. 3 cilddə. C.2.- B.: Öndər, 2004.- S.69-91.

HAQQINDA

Kitablarda və dövri mətbuatda:

  1. Baharlı M. Yazıçının yetirmələrindən və tədqiqatçılarından eşitdiklərim : Abdulla

Şaiq - 125 / M. Baharlı // Azərbaycan müəllimi.- 2006.- 21 aprel.- S.7.

  1. Əlioğlu M. A.Şaiqin romantikası və romantik qəhrəmanları // Darıxan adamlar. 2

cilddə. I c.- B.: Təhsil, 2009.- S.170-184.

  1. Əsgərli Ə. Bir günəşin zərrəsi : Abdulla Şaiq haqqında / Ə. Əsgərli // Ədəbiyyat

qəzeti.- 2010.- 16 iyul.- N 33. - S.5.

  1. İsmayıloğlu A. Abdulla Şaiq və ədəbi mühit / A. İsmayıloğlu // Ədəbiyyat

qəzeti.- 2008.- 18 aprel.- S.2.

  1. Mirzə Nizami. O, xalqının maariflənməsi üçün çox iş görmüşdür : Xalq yazıçısı

Abdulla Şaiq haqqında nəvəsi Ülkərin xatirələri / N. Mirzə // Azərbaycan müəllimi.

- 2008.- 4 aprel.- S.6.

6. Mirzəliyev Canalı. Bizim Abdulla Şaiqimiz vardı... / C. Mirzəliyev //

Mədəniyyət.- 2008.- 14 avqust.- S.6.



Tərtib edən:

Metodika və biblioqrafiya şöbəsinin müdiri: Rəna Hüseynova.

Kompüter dizayneri:

Metodika və biblioqrafiya şöbəsinin metodisti: Aygün İbrahimova.



Yüklə 118,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə