AĞ EV
Mətbuat Katibliyi
________________________________________________________________
Dərhal dərc üçün
14 iyul, 2015
ABŞ PREZİDENTİNİN İRANA DAİR ETDİYİ ÇIXIŞI
Prezident: Bu gün iki il davam edən danışıqlardan sonra, Birləşmiş Ştatlar öz beynəlxalq
tərəfdaşları ilə birgə işləyərək, onilliklərlə davam edən zorakılığın əldə edə bilmədiyi bir
nailiyyəti -- İranın nüvə silahını əldə etməsinin qarşısını alan geniş və uzun müddətli razılığı əldə
edə bilmişdir.
Sözü gedən razılıq Amerika diplomatiyasının həqiqi və məna kəsb edən bir dəyişikliyi əldə
etmək bacarığını nümayiş etdirir – həmin o dəyişikliyi ki, bizim dövlətimizin, və bütün dünyanın
təhlükəsizliyini təmin edir. Əlli il öncə, Prezident Kennedi üzünü Amerika xalqına tutaraq
demişdir: “Gəlin heç zaman qorxuya görə danışıqlara başlamayaq və heç bir vaxt danışıqlardan
qorxmayaq. “ Prezident o zaman Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında olan danışıqlar
barədə bu sözləri demişdir, və bu danışıqlar nüvə silahının yayılmasının məhdudlanması ilə
nəticələnmişdir.
O zaman iki super dövlət arasında dəhşətli nüvə müharibəsinin riski mövcud idi. İndiki zamanda
isə nüvə silahının xüsusilə dünyanın ən qeyri-sabit bölgələrindən olan Yaxın Şərq bölgəsi də
daxil olmaqla daha çox dövlətlərə yayılması riski var.
Bu gün, Amerika danışıqlarda göstərdiyi güc və prinsiplər mövqeyinə görə, biz sözügedən
bölgədə nüvə silahlarının yayılmasının qarşısını ala bildik. Əldə olunan sazişin sayəsində
beynəlxalq ictimaiyyət İran İslam Respublikasının nüvə silahını əldə edə bilməyəcəyinə əmin
oldu.
Bu saziş bu yaz əldə etdiyimiz danışıqlar çərçivəsinə daxil olan bütün tələblərə uyğundur və
nüvə silahının əldə edilməsinin bütün yollarının qarşısını alır. Həmçinin əldə olunası məqsədin
təminatı üçün təftiş və şəffaflıq üçün şərait yaradılacaq. Sözügedən sazişin sayəsində İran nüvə
silahlarının istehsalı üçün xammal olan zənginləşdirilmiş uranı və plutoniumu istehsal
etməyəcək.
Sözügedən sazişə əsasən İran zənginləşdirilmiş uranın istehsalı üçün istifadə olunan
sentrifuqaların üçdə ikisini qeyri-işlək vəziyyətə gətirəcək və onlar daimi beynəlxalq
ictimaiyyətin nəzarəti altında olacaqlar. İran gələcək on il ərzində özünün sentrifuqalarını uranın
zənginləşdirilməsi üçün istifadə etməyəcək. İran həmçinin öz zənginləşdirilmiş uran
ehtiyyatlarının 98 faizini ləğv edəcək.
Sadəcə təsəvvür yaratmaq üçün deyim ki, İranın hazırki ehtiyyatları sayəsində 10 nüvə silahı
yaratmaq olar, halbuki, sazişin şərtlərinə görə İranın ehtiyyatları bir silahın yaradılması
səviyyəsinə qədər azaldılacaq. Ehtiyyatların üzərinə qoyulan məhdudiyyət 15 il davam edəcək.
Sazişin şərtlərinə görə İran Arakda yerləşən reaktorunda müvafiq dəyişikliklər tətbiq edəcək ki,
reaktorda nüvə silahı üçün istifadə olunan plutonium istehsal olunmasın. Həmçinin razılıq əldə
olunmuşdur ki, reaktorda istifadə olunan yanacaq İrandan kənara çıxarılacaq və İran gələcək 15
il ərzində heç bir ağır su reaktoru inşa etməyəcək.
Məhz bu sazişə görə biz ilk dəfə olaraq bütün məsələyə aidiyyəti olan öhdəlikləri təmin edə və
nəzarət altında saxlaya biləcəyik. Bu o deməkdir ki, bizim sazişimiz etimad deyil, nəzarət
zəminində qərarlaşır, nəzarətçilər isə İranın istənilən əsas nüvə obyektinə istənilən zaman baş
çəkə biləcəklər.
Sazişin şərtlərinə görə müfəttişlər istənilən şübhə yaradan obyekti nəzərdən keçirə biləcəklər.
Sadə dildə desək, nəzarətçi təşkilat – Beynəlxalq Atom Enerji Agentliyi – lazım olan vaxt, lazım
ola yerə getmək imkanına malik olacaqdır. Beynəlxalq Atom Enerji Agentliyi həmçinin İranın
keçmiş nüvə fəaliyyətinə dair araşdırmasının bitməsi üçün İranla razılıq əldə etmişdir.
Son olaraq, İran Nüvə Silahlarının Yayılmamasına dair Razılığa əsasən, daimi olaraq nüvə
silahını əldə etmək hüququndan məhrum edilmişdir.
İran sazişdə göstərilən şərtləri yerinə yetirərkən, ona qarşı həm ABŞ, həm də BMT-in
Təhlükəsizlik Şurası tərəfindən tətbiq olunan sanksiyalar tədricən götürüləcək. Sanksiyaların
aradan qaldırılması mərhələli şəkildə həyata keçiriləcək, yəni İran müəyyən şərtləri yerinə
yetirməlidir ki, növbəti sanksiyalar üzərindən götürülsün. Növbəti on il ərzində İran sazişdə
göstərilən bütün şərtlərə əməl etməlidir ki, ona qarşı olan əlavə sanksiyalar da aradan qaldırılsın.
Buraya isə silahlara dair beş illik məhdudiyyətlər və ballistik silahlara dair səkkiz illik
məhdudiyyətlər də daxildir.
Bütün bunlar BMT-in Təhlükəsizlik Şurasının yeni qətnaməsində öz əksini tapacaq və İran
sazişin şərtlərini pozduğu halda sanksiyalar yenidən qüvvəyə minəcək. Gördüyümüz kimi,
sazişin şərtlərinə əməl etməsi İran üçün yaxşı stimul olmaqla bərabər, şərtlərin pozulduğdu
təqdirdə real fəsadların olması da mövcuddur.
Bu əldə olunmuş və beynəlxalq ictimaiyyətin tam dəstəyini almış sazişdir. Konqres sazişin
detallarını nəzərdən keçirmək imkanı alacaq. Eyni zamanda mənim administrasiyam sazişin
icrası barədə ətraflı məlumat verməyə hazırdır.
Amerika xalqı və Konqres sazişi nəzərdən keçirdiyi bir vaxtda vacib olardı ki, digər bir alternativ
ssenarini göz önünə gətirək. Təsəvvür edin ki, belə bir saziş yoxdur. Bu saziş olmasa idi, dünya
ictimaiyyəti bizə qoşulub İrana qarşı sanksiyalar yeritməzdi və İran bu təzyiq qarşısında
kapitulasiya etməzdi. Biz sanksiyaları məhz diplomatik həllin əldə olunması üçün tətbiq etdik və
nəticəni əldə edə bildik.
Sözügedən saziş olmasa idi, İranın nüvə proqramına dair heç bir məhdudiyyət olmazdı və İran
daha çox sentrifuqaları istehsal edərək sınaqdan çıxarardı. İran nüvə silahı üçün yararlı
plutoniumu istehsal edən reaktoru işlədə bilərdi və heç bir nəzarətçi missiyası onun gizli nüvə
proqramını müəyyən edə bilməzdi. Başqa sözlə, sazişin olmaması İranın nüvə proqramının
məhdudiyyətinin olmaması deməkdir.
Bu isə o vəziyyətə gətirə bilərdi ki, qeyri sabit bölgədə yerləşən digər dövlətlər nüvə silahı
yarışmasına başlayaraq öz silahlarının yaratmaq cəhdləri göstərərdirlər və bu halda, ABŞ İranın
nüvə silahı proqramının qarşısının alınmasında daha çox çətinliklər yaşayardı.
Mən altı ildən artıqdır ki, Prezident və Ali Baş Komandan olmuşam. Dəfələrlə hərbi gücün
istifadə edib etməməsinə dair seçim qarşısında qalmışam. Bu kimi seçim istənilən Prezidentin
etdiyi seçimlərdən ən çətinidir. Çox vaxt müxtəlif dövlətlərdə hərbi gücün istifadəsi qərarını
vermişəm və milli təhlükəsizliyimizin risk altında olduğu halda belə qərar qəbul etməkdən
çəkinməyəcəm. Mən inanıram ki, bizim təhlükəsizliyimiz məhz İranın nüvə silahını əldə
etməsinin qarşısını almaqdan asılıdır. Bu istiqamətdə diplomatik bir razılıq olmasaydı, mən və ya
ABŞ-ın gələcək Prezidenti ya İrana nüvə silahı əldə etməsinə mane olmayacaq və ya bunun
qarşısını almaq üçün gücdən istifadə etmək qərarını seçməli olacaqdır.
İrana dair saziş olmasaydı Yaxın Şərqdə müharibə etimalı daha yüksək olardı. Biz bu problemin
dinc yolla həll edilməsinin mümkünlüyünü yoxlayaraq heç bir şey itirmirik. Ən pis halda İran
sazişin şərtlərini pozsa, mənim sərəncamımda olan imkanlar gələcək ABŞ Prezidentinin əli
altında olacaq və şübhəsiz ki, on və ya on beş ildən sonra ABŞ Prezidenti olan şəxs İrana dair
daha güclü mövqeyə malik olacaq. O vaxt üçün İran nüvə silahının yaradılmasından daha uzaq
olacaq və bizim nəzarətçilər İranın nüvə proqramı barədə ətraflı məlumat toplayacaq.
Bu səbəbdən düşünürəm ki, sözügedən sazişdən uzaqlaşmaq məsuliyyətsizlik olardı. Məsələnin
çox önəmli olduğunu anlayaraq Amerikalılara və onların Konqresdəki nümayəndələrinə sazişi
tam nəzərdən keçirmək imkanı vermək lazımdır. Bilirik ki, detallar əhəmiyyət kəsb edir. Bizim
tərəfdən dünyanın nüvə sahəsində olan ən yaxşı mütəxəssisləri sazişin detallarını nəzərdən
keçirirlər. Başa düşürük ki, Amerikanın 35 il ərzində rəqibi olan İranla iş görürük və məhz buna
görə sözügedən məsələyə dair Konqresdəki müzakirələri, həmdə bütün detalların sıx şəkildə
nəzarətdən keçirilməsini alqışlayıram.
Lakin mən Konqresə onu da xatırladacam ki, bu kimi sazişlər dostlarla bağlanmır. Biz Sovet
İttifaqı ilə silahların nəzarətinə dair sazişi müzakirə edəndə onlar bizim dövləti dağıtmaq
istəyirdilər. O vaxt bağladığımız saziş bizim təhlükəsizliyimizi təmin etmişdir.
Mən əminəm ki, sözügedən saziş Birləşmiş Ştatların və bizim tərəfdaşlarımızın təhlükəsizlik
maraqlarını təmin edəcək. Sazişin uğurlu icrasına mane olan istənilən qanuvericilik aktının
qarşısını alacam. Düşünürəm ki, biz münaqişəli bir vəziyyətə cəlb olunmağı qəbul etməliyik və
Vaşinqtondan olan sərt sözlər problemi həll edə bilməz. Real tərzdə göstərilən diplomatiya və
dünyanın əsas qüvvələrini cəmləşdirə bilən rəhbərlik İranın nüvə silahının əldə edə bilməməsini
təmin etmişdir.
Lakin nəzərə alaq ki, bu saziş bizim İranla olan bütün məsələlərimizi həll etmir. İsrail və Fars
Körfəzi dövlətləri də daxil olmaqla, Yaxın Şərqdəki dostlarımız İranın terrorizmə göstərdiyi
dəstək və bölgədə qeyri-sabitlik yaratmaq cəhdlərinə dair narahatlıqlarını bildirmişlər. Biz
onların narahatlığını anlayırıq. Məhz elə buna görə biz nüvə sazişinə belə önəm veririk. Nüvə
silahına malik olan İran bizim dostlarımız və dünya üçün daha təhlükəli, daha çox qeyri sabitliyə
səbəb ola bilərdi.
Biz eyni zamanda İrana qarşı terrorizmi dəstəklədiyinə, onun ballistik raket proqramına,
həmçinin insan haqlarını pozduğuna görə tətbiq olunan sanksiyaları qüvvədə saxlayacayıq. Biz
İsrailin təhlükəsizliyinin təminatı istiqamətində göstərdiyimiz səyləri davam etdirəcəyik və bu
səylər istənilən ABŞ Administrasiyasının göstərdiyi səylərdən çox olacaq. Həmçinin Kemp
Deviddə Körfəz dövlətlərinin İrandan və İŞİD-dən gələn təhlükələrlə mübarizə aparmaq üçün
bağladığımız tərəfdaşlığı da gücləndirəcəyik.
Lakin, onu da deyim ki, bu qədər əziyyət və qan görmüş bu regionun digər bir istiqamətdə də
irəliləyə bilməsini müəyyən etməliyik. Dəfələrlə mən İran xalqına bizim qarşılıqlı hörmət və
maraqlar zəminində işləyə biləcəyimizi demişəm. Dövlətlərimiz arasında olan müxtəlifliklər və
ziddiyyətli tarix unudula bilməz, lakin biz onları dəyişə bilərik. Qonşu dövlətlərə, xüsusilə İsrailə
qarşı hücumlara əsaslanan zorakılıq və sərt idealogiya yolu uğursuzdur. Digər bir yol –
tolerantlıq və münaqişələrin sülh yolu ilə həll olunması yolu – İran xalqına qlobal iqtisadiyyata
və beynəlxalq icmaya daha yaxşı cəlb olunmağa, daha firavan yaşamağına imkan verəcək. Bizim
sazişimiz yeni bir istiqamətdə irəliləməyə imkan yaradır və biz bu imkandan istifadə etməliyik.
Uzun illər boyu bu imkana doğru gedirdik – illərlə davam edən İranın nüvə proqramı, tətbiq
olunan davamlı sanksiyalar və aylarla davam edən intensiv danışıqları xatırlayırıq. Bu gün mən
hər iki partiyanı təmsil edən Konqres üzvlərinə və digər dövlətlərə bizə səmərəli olan
sanksiyaların tətbiqində yardım göstərdikləri üçün təşəkkür edirəm.
Bizimlə danışıqlarda iştirak edən dövlətlərə -- Birləşmiş Krallığa, Fransaya, Almaniyaya,
Rusiyaya, Çinə, və həmçinin Avropa Birliyinə təşəkkür edirəm. Bizim göstərdiyimiz həmrəylik
onu göstərdi ki, münaqişələrin sülh yolu ilə həll olunması istiqamətində işlədiyimiz zaman
mühüm nailiyyətlər əldə edə bilərik.
Son olaraq, Amerikanın danışıqlarda iştirak edən heyətinə təşəkkür edirəm. Dövlət
Departamentinin Enerji məsələləri üzrə Katibi Erni Moniz də daxil olmaqla bizim expertlər
komandasına təşəkkür edirəm. Xüsusilə bizim Dövlət Katibimiz Con Kerriyə minnətdarlıq
bildirirəm. O, qırx il bundan öncə hərbi forma geyinib müharibəyə yollanandan bəri Amerika
dövlətinə xidmətlər göstərmişdir. İndi isə o, Amerika diplomatiyası sahəsində iradə göstərərək
bizim dövlətimizin təhlükəsizliyinin təminatı uğrunda çalışmaqda davam edir. Tarix də onu
göstərirki ki, Amerika yalnız öz gücü sayəsində deyil, həmçinin özünün prinsipləri zəminində
aparıcı rol oynamaqdadır. Biz görürük ki, dünya ictimaiyyətini bir araya gətirəndə daha güclü
oluruq və mənim bugünki çıxışım dünyanının daha təhlükəsiz olmasının təminatı istiqamətində
atılan daha bir addımdır.
Çox sağ olun. Tanrı sizi qorusun. Tanrı Amerikanı qorusun.
Dostları ilə paylaş: |