Ağababa İbrahimov sağlıq məcunları: hansı suyu içməli? rahat yuxu orqanizmi parazitlərdən necə təmizləyək?



Yüklə 0,67 Mb.
səhifə1/11
tarix15.04.2018
ölçüsü0,67 Mb.
#38699
  1   2   3   4   5   6   7   8   9   10   11



Ağababa İBRAHİMOV
Sağlıq məcunları:

hansı suyu içməli?
rahat yuxu
orqanizmi parazitlərdən necə təmizləyək?
daxili orqanların bitkilərlə müalicəsi

III kitab

«Nasir» nəşriyyatı

Bakı – 2013
Kitabdakı müalicə üsullarından

həkiminizin məsləhəti ilə

istifadə etmək lazımdır
Rəyçilər: Əli Əliyev, biologiya elmləri doktoru, professor,

Qafil Qurbanov, dosent, tibb elmləri namizədi,



Elmira İsayeva, biologiya elmləri namizədi,

Lalə Dadaşova, biologiya üzrə fəlsəfə doktoru.
İbrahimov A.B. “Sağlıq məcunları: hansı suyu içməli?; rahat yuxu.; orqanizmi parazitlərdən necə təmizləyək?; daxili orqanların bitkilərlə müalicəsi”.

III kitab. Bakı: “Nasir” nəşriyyatı, 2013, ?? səh.


Sayca üçüncü olan bu kitaba suyun təmizlənməsi yolları, rahat yuxunun orqanizmə xeyri və yuxunun bitkilərlə bərpası, gözün müalicəsində bitkilərin yeri, xalq təbabətində bitkilərin köməyi ilə orqanizmdən müxtəlif qurdların təmizlənməsi, qurdlar tərəfindən orqanizmin toksiki zəhərlənməsinin qarşısının alınması, qaraciyərin, ağciyərin, mədənin fəaliyyətlərinin yaxşılaşdırılması üçün çox qiymətli reseptlər daxil edilmişdir və onlardan istifadə qaydaları göstərilmişdir.

Təqdim olunan müalicə üsullarının bir qismi müəllif tərəfindən praktikada sınaqdan çıxarılmışdır.

Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.

© Ağababa İbrahimov

© “Nasir” nəşriyyatı, 2013

İçki heç vaxt dərman olmayıb,



həmişə dərd-bəla olub.”

Məhəmməd Peyğəmbər

HƏYATDAN ZÖVQ ALMAĞI BACARAQ...
Mənim “Sağlıq məcunları: təbii alma sirkəsi, zəncirotu, pıtraq”, I kitabımın əsas fəlsəfəsi sağlamlığı qorumağı, kimyəvi dərmanlardan az istifadə etməyi təbliğ edir. I kitabıma daxil etdiyim üç bitki təsadüfi seçim deyil – digər faydaları ilə yanaşı təbii alma sirkəsi ümumi sağlamlaş­dırıcı, zəncirotu baş beyin damarlarını qidalandıran uni­versal dərman bitkisi, pıtraq isə bədənin yoda ehtiyacını təmin edən bitki olaraq seçilmişdir. Kitabda ürəyin, qaraciyərin və digər orqanların müalicəsi üçün çox qiymətli reseptlər verilmişdir.

“Sağlıq məcunları: ürəyi qoruyan bitkilər, ərzaqlar və qidalar, möcüzəli giləmeyvələr, günəbaxan - kökü də, gövdəsi də dərmandır” II kitabıma uzun illər ərzində ürək haqqında topladığım bilgiləri, eləcə də, giləmeyvələr və günəbaxandan hazırlanan müalicə vasitələrini daxil etməyi üstün saydım. Ürək fəslinə sonuncu daxil etdiyim məlumat silisiumla bağlıdır. Silisium haqqında qismən də olsa təsəvvür yaratmağa çalışmışam.

Sağlamlığı qorumaq çox sadədir: gigiyenanı gözləmək, keyfiyyətli su içmək, qidalanmanı tənzimləmək, vaxtında yatıb-durmaq (axşam saat 9-11 arası yatmaq, səhər Allahın köməyi ilə saat 5-7 arası durmaq).

Yuxunu qaydaya salmaq da əsas şərtdir. Çünki melatonin hormonu yalnız gecə saat 12-02 arası şirin (rahat) yuxuda, insan bədəni tam meditasiyada olduqda istehsal olunur. Gümrahlıq maddəsi adlanan bu hormon uşağın böyüməsini tənzimləyir, insanın əqli və fiziki iş qabiliyyətini yaxşılaşdırır, endokrin və immun sistemini qaydaya salır. Meditasiya beyinin şüur üstü hissəsi yatdıqda, alt şüurun fəaliyyəti deməkdir. Biz şirin yuxuda olarkən alt şüur fəallaşır.

Dindar insanların adi insanlara nisbətən az xəstələnməsi və 2-3 dəfə tez sağalması elmə məlumdur. Onlar səhər saat 5-7 arası yuxudan oyanır, dəstəmaz alır, yalnız müəyyən vaxtlarda yemək yeyir, oruc tuturlar...

Sağlamlığa ən böyük təhlükə, güclü dağıdıcı qüvvə mənfi düşüncələr, qorxu və onu yaradan amillər, müxtəlif səbəblərdən yaranan narahatçılıq, paxıllıq, qısqanclıq, hiddət, düşmənçilik, küskünlük, özünə və başqalarına qarşı yazıqlıq, xoşagəlməz öncədən hissetmələrdir. Yalnız müsbət düşüncələr, əməlisalehlik insanın mənəviyyatını yüksəldir, müxtəlif xəstəliklərdən qoruyur, bir çox xəstəliklərin müalicəsinə yaxşı təsir edir.

Hər üç kitabda təqdim etdiyimiz müalicə üsullarında adı çəkilən bitkilərin rəngli şəkillərini www.bitki-health.net web səhifəsinə yerləşdirmişik ki, onları daha asan müəyyən edə biləsiniz. Hər bitki üçün 1-2 şəkil seçmişik. Lakin bitkilərin forma, boy və çiçəklərinin rənginə, eləcə də yayılma sahələrinə görə fərqlənən çox saylı növləri vardır.

Bitkilərin yığılma vaxtı, qurudulması, onlardan çay dəmləmə texnologiyası fərqlidir. Bu haqda adı çəkilən web-səhifədə kifayət qədər geniş məlumat verilməsinə baxmayaraq həmin məlumatları zaman-zaman yeniləş­diririk.

Çox arzulardım ki, xalq təbabətinin biliciləri bildiklərini nəsildən-nəslə ötürsünlər. Bunlar əcdadları­mızın bu günə gəlib çatan gen yaddaşıdır. Bu bilgilər zaman-zaman itməsin deyə onların toplanmasına çox böyük ehtiyac vardır...

Söz vermişdim ki, 3-cü kitabımda bitkilərlə müalicə ilə yanaşı kosmik enerji, çaxmaq daşı və digər bu kimi gözə görünməz, adi görünən, lakin həm sağlamlığımıza, həm də ümumi halımıza müsbət təsir edən, ilk baxışdan sadə, lakin dahiyanə gözəl olan, əcdadlarımızın vaxtilə istifadə etdiklərindən danışacağıq.

Söz yerindədir. Kitaba su, gözün müalicəsi, görməni yaxşılaşdıran bitkilər, yuxusuzluqla mübarizə, saça qulluq, parazitlərlə (qurdlarla) mübarizə, orqanizmin bitkilərlə təmizlənməsi yolları haqqında maraqlı reseptlər, məlumat­lar daxil etmişik. Burda deyə bilmədiklərimi Tanrının köməyi ilə inşallah növbəti kitabıma daxil edəcəyəm.

Kosmik enerji insanın psixikasına və ümumilikdə orqanizmə müsbət təsir göstərir. Ən zəif energetika dördbucaqlı quruluşdadır. Bunu bilə-bilə evləri əsasən dördbucaqlı formada tikirik. Nədən? Otaqları beşbucaqlı, altıbucaqlı,... da etmək olar. Sadəcə olaraq, heç olmasa divarın künclərində bucaqların sayını artırmaq, yaxud oval formada tikmək lazımdır ki, binanın aurası müsbətə dəyişsin...

Bütün dinlərdə, o cümlədən islam dinində insan əllərini səmaya – tanrıya doğru uzadır. Əslində əlləri başdan yuxarı qaldırmaqla kosmik enerjini daha yaxşı qəbul etmiş oluruq... Sübut olunub ki, insan bədənində toplanan mənfi enerji qollar və barmaqların ucu ilə bədəndən xaric olunur...

Bir məsələni də qeyd etməyi vacib bilirəm. İlk baxışdan bəlkə də, bizim kitaba elə bir aidiyyəti yoxdur. Lakin gündəlik həyatımızda – ailədə, işdə, xeyir-şərdə ağzından xoşagəlməz və dözülməz iy gələn insanlarla təmas zamanı özümüzü çox pis hiss edirik. Ələlxüsus belə insanlar vəzifə sahibi olduqda...

Ağızı təmiz saxlamaq, xarab dişləri vaxtında müalicə etdirmək, qulaq, göz və ya burunda müəyyən xəstəliklər varsa onu vaxtında müalicə etmək normal insani keyfiyyətlərdir və şəxsin özünə daha vacibdir. Düşünürəm ki, ağızdan xoşagəlməz qoxu gələn insanlara ətrafındakılar vəziyyəti başa salmalıdır. Hər dəfə belə insanları görəndə beynimdən bir fikir keçir: “Vay onun ailəsinin halına”. Düşünməyə dəyər.

Kitaba müsbət rəy verdiklərinə görə Bakı Dövlət Universitetinin professoru biologiya elmləri doktoru Əli Əliyevə, biologiya elmləri namizədi Elmira İsayevaya, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Qafil Qurbanova, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları – direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Lalə Dadaşovaya, kitabın tərtibatında mənə yaxından köməyinə görə bioloq Fərqanə Muradovaya, eləcə də hər işdə mənə dəstək olan ailəmə xüsusi minnətdarlığımı bildirirəm.


Müəllif

RƏY
İnsan yaranandan bu günə qədər təbiətlə üz-üzə qalmışdır. Hər bir hadisəyə, fəlakətə sinə gərərək yaşamaq üçün daim mübarizə aparmışdır. Emprik, Teorgik dövrdə və daha sonralar insanlar bütün hadisələrin və xəstəliklərin müalicəsini təbiətdə axtarmalı olmuşdur. Nəsildən-nəslə şifahi ötürülən, insanların yaddaşına həkk olunan bir çox müalicə üsulları, ilkin olaraq Misirdə, Hindistanda sonralar Çində və nəhayət Avropa ölkələrində yayılmışdır. Dərmanşünaslıq adlanan bu elm sonralar daha da inkişaf etmiş və XVIII əsrin ortalarında farmakologiya elmi deyilən yeni bir sahə əmələ gəlmiş və dərmanların alınması ilə deyil, onların orqanizmə təsirini öyrənməklə məşğul olmuşdur.

Bütün əsrlər boyu dərman vasitəsi kimi əsasən bitkilər, heyvani və mineral mənşəli maddələrdən istifadə olunmuşdur.

Ən qədim insana yuxu xaş-xaşı deyilən bitkidə tiryək olması məlum deyildisə, onun ağrıkəsici, yuxugətirici təsiri məlum idi. Ürək qlükozidlərindən alınan Qalen preparatlarından ürəyin xroniki çatışmazlıqlarında istifadə olunduğu məlum idi (cövhər, dəmləmə və s.), lakin bunun təsirinin mexanizmi hələ bilinmirdi. Bütün bu mexanizmləri öyrənməyi qarşısına məqsəd qoyan farmakologiya elmi dərmanşünaslığın da inkişafına təkan vermişdir.

Hazırki dövrümüzdə 24 minə yaxın dərman preparatları müalicə və profilaktika məqsədilə tibbi praktikada istifadə olunur. Buna baxmayaraq, xəstəliklər var və onların sayı daim artmaqdadır.

Sintez üsulları ilə alınan dərman maddələri nə qədər çox olsa da, onların təsirindən əmələ gələn arzuolunmayan effektlər yenə də üstünlük təşkil edir. Təbii dərman bitkilərinə ehtiyac olması özlüyündə, onların zərərsiz olmalarından irəli gəlir. Coğrafi şəraiti, iqlimi, flora və faunası ilə fərqlənən Azərbaycan Respublikasında hər rayona və ya kəndə məxsus olan çoxlu sayda xalq arasında istifadə olunan elə dərman bitkiləri, heyvani və mineral mənşəli maddələr var ki, onlar hazır dərman preparatlarından daha yaxşı və ziyansız təsir göstərirlər.

Beləliklə xalq təbabətinin, məişət təbabətinin insanlar arasında geniş yayılması, hər şeydən əvvəl onların profilaktik olaraq öz bədənlərinin sağlam olması üçün necə qidalanmaları, təbii suyun düzgün qəbulu, dərman bitkilərinin hansının hansı hallarda müsbət təsirini bilmələrindən xeyli asılıdır. Yuxarıda göstərilənlərə əlavə olaraq Ağababa İbrahimovun qələmə aldığı “Sağlıq məcunları” kitabı da dərmanşünaslığın bir hissəsi olub, yenə də insanların sağlamlığı keşiyində durmağı qarşısına məqsəd qoymuşdur. Kitab ilk olaraq “Hansı suyu içməli” məsləhəti ilə başlayıb. Məşhur Nizami demişkən:

Zərif bir şəffaflıq varsa da suda,

Çox içildikdə dərd verir o da.

Ağababa İbrahimov əslində suyun orqanizmdə mühüm rolunu görür və onun nə qədər lazımlı olduğunu bildiyi üçün öz kitabını hansı suyu içməli sualı ilə başlayıb. Məlum olduğu kimi orqanizmin 75-80%-ə qədəri, beynin isə 95%-i sudan ibarətdir. “Su həyatdır” deyənlər elə buna görə də onun düzgün qəbul olunmasının da əhəmiyyətini insanlara başa salır. Müəllif daha irəli gedərək suyun insan orqanizmindəki roluna da toxunur və onun nə qədər lazımlı olduğu haqda insanları məlumatlandırır. Mən ilk dəfə olaraq dərmanşünaslıq sahəsində su haqda belə geniş məlumatlı bir kitaba rast gəldiyim üçün çox məmnun qaldım. Bir sözlə, müəllif uzun müddətli müşahidələrinə və topladığı zəngin materiallara əsaslanaraq, suyun lazım olan miqdarda içilməsi haqda öz fikrini insanlara çatdırmağa çalışır. Əksər xəstəliklərin baş verməsində suyun düzgün içilməməsini ön plana çəkir və öz dəyərli tövsiyələrini qələmə alır. Bütün deyilənlər o qədər düzgün və elm tərəfindən təsdiq olunandır ki, heç bir şübhəyə ehtiyac duyulmur.

Müəllifin məsləhəti ilə yanaşsaq, ən yaxşı ekoloji təmiz su meyvə şirələri və bitki tərkibli qidalarda olan sudur. Bununla yanaşı, ən pis suyun xlorlu su olmasını da qeyd edir. Bəzən insanlar xlorlu suyu qaynadıb içməyə üstünlük verirlər. Lakin Ağababa müəllim qaynadılmış xlorlu suyun ən pis su olduğunu qeyd edir. Kitabda xlorlu suyun istifadəsi qaydasını və qayalar arasında olan suyun təmizlənməsini də açıqlayır.

Buzun əriməsi nəticəsində alınan suyu da müəllif ən yaxşı su adlandırır. Məlum olduğu kimi hüceyrə xaricində yerləşən su 0.9%-li fizioloji məhluldur. Belə olduğu üçün orqanizm tərəfindən tez mənimsənilir. 0.9%-dən az olduqda hüceyrələrə tez nüfuz edir və buna görə də az mənimsənilir. 0.9%-dən çox olduqda isə hüceyrə mayesini özünə çəkir, bu isə müvafiq olaraq hipertonik məhlul adlanır və irinli yaraların, iltihabi proseslərin müalicəsində işlədilir. Məhz duzun gün ərzində 4-6 q istifadəsi də buna əsaslanmışdır.

Suyun təmizlənməsi üçün müəllif çaxmaq daşının əhəmiyyətini də qeyd edir. Doğrudan da silisiumdan ibarət olan çaxmaq daşı həqiqətən də suyun təmizlənməsində mühüm rol oynayır. İnsanlara çaxmaq daşından istifadə etməyin əhəmiyyətini izah edir.

Kitabın mühüm hissələrindən biri də parazitlərə qarşı mübarizənin aparılması yollarına həsr edilmişdir. Müəllif tərəfindən verilən rəqəmlər düzgündür və Ümumidünya Səhiyyə Təşkilatının məlumatlarında öz əksini tapmışdır.

“Parazitlərdən təmizlənmək və sonra müalicə olunmaq lazımdır” deyən müəllif bunun səbəblərini də kitabda açıqlayıb.

Qəbzliyi olanlar bağırsaqlarını yumalıdır. Avropada yaşayan insanlar, xüsusən almanlar ayda bir dəfə bağırsaqlarını yuyurlar, deməli bu nöqteyi nəzərdən də müəllifin təklifi çox əhəmiyyətlidir.

Parazitlərdən insanların özlərini necə qorumalı sualına da kitabda düzgün və ətraflı məlumatlar verilmişdir. Bütün hallarda həkimlə məsləhətləşmək və analiz verməyin əhəmiyyətini müəllif qeyd edir. Turşuluğu və qələviliyi artırmaq haqda yenə də mühüm tövsiyələr verilir. Helmitləri, yumru qurdları, xırda parazitləri, lentşəkilli qurdları, lyamblozu məhv etmək üçün nə etmək lazım gəldiyi haqda geniş məlumatlar verilmişdir.

Bir çox xəstəliklər və eləcə də xəstəliklərin anti­biotiklərlə müalicəsi zamanı meydana çıxan disbakterioza qarşı müalicənin yolları da ətraflı izah olunur və insanlara lazımi məsləhətlər verilir.

Müəllif ətraflı öyrəndiyi sahələrdən biri də ev şəraitində, həkimsiz, hər kəsin öz bədəninə necə qulluq etməsini insanlara başa salmasıdır.

Gün ərzində əllərin əməyini qiymətləndirən Ağababa müəllim, ona mükəmməl qulluğun da olmasını tövsiyə edir. Üzə qulluq (xüsusən onun səpkiləri olduqda) verilən məsləhət elmi cəhətdən əsaslandırılmışdır və başa düşü­ləndir. Üzün əvvəlcə isti su ilə, sonra soyuq su ilə yuyul­ması məsləhətdir. Dəridə arzu olunmayan tüklərin təmiz­lənməsi üçün də dəyərli və elmə söykənən məsləhətlər verilir. Çox tərləməyə, xüsusən ayaq tərləyəndə nə etməyin lazım gəldiyi kitabda düzgün şərh edilmişdir. Çivzə və çibanların, seborey (baş dərisi xəstəliyi), dəriyə paslı sim, mıx batdıqda, yara yeri irinlədikdə, həkimə getməzdən əvvəl hansı tədbirlərin yerinə yetirilməsi də müəllif tərəfindən məsləhət görülür. Kitab həkimə qədər görüləcək tədbirlərin sistemləşməsi istiqamətində dəyərli məsləhət­lərlə yanaşı, müalicənin tam aparılmasının yollarından da söhbət açaraq, bu kitabın xalq təbabətindən də yüksəkdə olmasını təsdiqləyir.

İnsanların vaxtından əvvəl baş tüklərinin tökülməsi bütün dünyada problem olaraq bu gün də qalmaqdadır. Bu nöqteyi nəzərdən müəllifin saça qulluq məsləhətləri ön plana çəkilməli və qiymətləndirilməlidir.

Saçın möhkəmləndirilməsi, saçın kəpəkdən təmizlən­məsi, kəpəyə və qaşınmaya qarşı tövsiyələri elmi cəhətdən əsaslandırılmış təkliflərdir.

Ağababa müəllimin rahat yuxu və yuxusuzluqla müba­rizə istiqamətində apardığı müşahidələr də öz nəticəsini vermişdir. İnsan yatmazdan əvvəl nə etməli, hansı yataq dəstlərindən istifadə etməli, otağın kifayət qədər qaranlıq olması, otağın havasının təmizlənməsi və bu zaman hansı yuxugətirici təsirə malik olan bitki mənşəli cövhərlərin və dəmləmələrin qəbulu haqda dəyərli məlumatlar verir.

Mədə-bağırsaq sistemi də insanları çox narahat edən sahələrdən biridir. Bu istiqamətdə də müəllifin özünə məxsus tövsiyələri çox dəyərlidir. Mədədə turşuluq “0” olduqda və onun nəticəsində əmələ gəlmiş qastrit zamanı nə etməli sualları da kitabda öz əksini tapmışdır. Ümumiyyətlə bütün mədə-bağırsaq xəstəliklərində - qida borusunun iltihabı və ağrıları, mədənin qızartıları, mədə və onikibarmaq bağırsaq xoralarında, pankreatitdə hansı tədbirlərin ev şəraitində həkimsiz mümkün olması haqda dəyərli məsləhətlər elmə əsaslandığından heç bir şübhəyə ehtiyac yeri qoymur.

Müəllifin öd və qaraciyər, onların iltihabı, öd ifrazının pozulması zamanı meydana çıxan ağrı və sancıların aradan qaldırılması və sair narahatlıqlar da onun düşüncələrindən kənarda qalmamış və bu istiqamətdə də dəyərli məsləhət­lərini vermişdir.

Böyrək xəstəlikləri, sidiyi saxlaya bilmədikdə, sidik kisəsinin iltihabı, sistitin müalicəsi, prostat vəzinin kəskin iltihabında, enurezdə və sair bu kimi xəstəliklərdə nə etmək lazım gəldiyi haqda verilən məsləhət və tövsiyələr, bəzən həkim məsləhətlərindən də irəli durur.

Tənəffüs yolları xəstəlikləri zamanı xüsusən anginada, təngnəfəslikdə, boğaz ağrılarında, soyuqdəymə ilə əlaqədar xəstəliklərdə, quru öskürəkdə, boğucu öskürəkdə, bəlğəm­gətirici, tərlədici bitkilər haqda, viruslu xəstəliklərdə, zökəmin müalicəsində, bronxitlərdə, pnevmaniyalarda, və­rəm xəstəliklərində nələrin edilməsi haqda geniş məlu­matlar verilmişdir.

Bir sözlə, kitabda öz əksini tapmış bir çox dəyərli məsləhətlər, insanların mütəmadi qəbul etdiyi meyvə və tərəvəzlər haqda ensiklopedik məlumatların verilməsi də müəllifin bu istiqamətdə yüksək savada və bacarığa malik olmasını bir daha təsdiqləyir. Kitabın qrammatik yazılışı və stili də təqdirəlayiqdir.

Riyaziyyat elmində özünə məxsus bilik və bacarığa malik olan belə bir insanın, əsl ziyalılıq göstərərək insanları narahat edən xəstəlik və patologiyalar sahəsində də bacarığını səfərbər edərək belə bir qiymətli əsəri yaratması onun vətəndaşlıq hissinin yüksək olmasından xəbər verir.

Ağababa müəllimin geniş düşüncəyə əsaslanan məsləhətləri, bəzən hətta insanlardan tələb etməsi, onun sağlam cana və ruha malik olmasından irəli gəlir.

Tibb aləminin əsas sahələrinə fikir verərək qələmə aldığı bu qiymətli yaradıcılıq sənəti, təbabətdə yerinə yetirilməsi lazım olacaq elmi-tədqiqat işlərinin prespektiv planlarının tərtibində də mütəxəssislərin nəzərindən kənarda qalma­malıdır.


Qafil Qurbanov,

tibb elmləri namizədi,

Azərbaycan Tibb Universitetinin

Farmakologiya kafedrasının dosenti.

RƏY
Məlum olduğu kimi susuzluq orqanizmdə əmələ gələn ümumi hisslərə mənsubdur. Onun reseptorlarına əsasən vena damarlarında olan və ağız boşluğunun selikli qişasında olan baroreseptorlar, hipotalamusdakı osmoresep­torlar aiddir. Su - duz balansını tənzim edən sinir hücey­rələri hipotalamusda və ona yaxın olan sahələrdə yerləş­mişdir. Məhz hipotalamusun ön nüvələrinin neyronlarında çoxlu osmoreseptorlar vardır. Hipotalamus neyronları osmoreseptorlardan siqnalları mərkəzi sinir sisteminin digər şöbələrinə nəql etməklə çox mühüm rol oynayır. Hüceyrəxarici mühitdə suyun azalmasına reaksiya verən rinin-angiotensin hormonal sistemin də fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Böyrəklərdən keçən qanın həcmi və ya təzyiqi azaldıqda onlarda renin hormonunun ifrazı artır, bu isə dövr edən qanda angiotenzin II hormonunun artmasına, o isə beynin III mədəciyinin divarında yerləşən reseptor üzvün qıcıqlandırılması nəticəsində hipotalamusun susuzluq mərkəzinin oyanmasına səbəb olur. Onu da qeyd etmək yerinə düşər ki, orqanizmdə kimyəvi təmiz su olmur. Bədənimizdə 3 cür su var:

  • Üzvi və qeyri-üzvi maddələrin həlledicisi olan sərbəst su;

  • Kalloidlərin işlənməsinə səbəb olan birləşmiş su;

  • Zülalların, yağların, karbohidratların oksidləşməsi zamanı xaric olan molekuldaxili su.

Yaşlı adamlarda suya gündəlik təlabat 2.2-2.8 litr olur. Lakin hipotalamusun pozulmasından sonra susuzluq hissinin yox olması su dövranının tənzimində mərkəz rolunun hipotalamusa məxsus olduğunu göstərir. Beləliklə, “Sağlıq məcunları” (III kitab) kitabını oxuduqda bizə məlum olur ki, müəllif Hippokrat dövründən başlayaraq emprik xalq təbabətinə aid olan reseptlərdən istifadə etmişdir. A. İbrahimov bu günə qədər insanların sağlamlığı üçün çox böyük zəhmət çəkmişdir. Onları yığcam şəkildə geniş oxucu kütləsinin ixtiyarına təqdim etmək üçün hazırlamışdır. Müəllifin uzaqgörənliyi də ondan ibarətdir ki, həmin reseptləri orqanizmə və ya orqanlar sisteminə uyğun olaraq toplayaraq təqdim etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, A. İbrahimovun “Sağlıq məcunları” (III kitab) kitabının nəşr olunmasını məsləhət görürük.

Bu sahədə müəllifə yeni yaradıcılıq uğurları arzu­layırıq.



Əli Əliyev,

biologiya elmləri doktoru, professor,

Bakı Dövlət Universitetinin

İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri;


Elmira İsayeva,

biologiya elmləri namizədi,

Biostimulyatorlar” elmi-texniki



laboratoriyasının əməkdaşı.

Nəfsini qoru”


Hansı suyu içməli?
Babalarımız belə deyiblər, nənələrimiz, ağıllılarımız belə deyiblər. Nuş olsun! Su içəni rahatsız etməyin! Su həyatdır. Hansı su, nədən? Bu suallara cavab tapaq.

Su hüceyrələr üçün qidalandırıcı mühitdir. Orqanizmin susuzluğu zamanı ilk olaraq hüceyrədaxili mayenin, sonra hüceyrəxarici mayenin, daha sonra qan mənbələrindəki suyun həcmi azalır. Belə azalmanın səbəbi baş beyni su ilə təmin etməkdir. Çünki baş beynin hətta 1% su itirməsi bərpa olunmayan mənfi nəticələrə səbəb ola bilər. Qeyd edək ki, orqanizmdə hüceyrədaxili maye 66%, hüceyrə­xarici maye 26%, qan mənbələrində 8% təşkil edir.

Beyin kapillyarlarının digər kapillyarlardan fərqli xüsusiyyəti odur ki, onlar həm də beynə arzuolunmaz maddələrin daxil olmasının qarşısını alan filtr rolunu oynayır.

Susuzlaşma orqanizmdə bütün həzm prosesini, maddələr mübadiləsini pozur. Quru dəri, qırışlar və digər xarici təzahürlər qocalıq əlamətləri deyil, hüceyrələrdə suyun çatışmazlığıdır. Buna görə də su içmək üçün susamağınızı gözləmək lazım deyil, orqanizmi su ilə doydurmaq lazımdır.

Bilin ki, çay, kofe, pivə, spirtli içkilər, süni içkilər, tərkibində kofein olan içkilər qəbul etdikdə orqanizmdən xaric olan mayenin miqdarı qəbul edildiyindən daha çox olur.

Yüksək temperatur və soyuqdəymə zamanı həkimlər tərəfindən məsləhət görülən qaynar çayın qəbulu nəticəsində tərləmə hesabına orqanizm çoxlu su itirir. Orqanizmi normal vəziyyətə gətirmək üçün çayı da bir çimdik duz əlavə olunmuş su ilə dəmləmək lazımdır.

Depressiya, xroniki yorğunluq sindromu, baş ağrıları və bütün fizioloji və patoloji dəyişikliklər su çatışmazlığı nəticəsində yaranır.

1 nəfərin günlük su sərfi – 35-40 mq 1 kq çəkiyə. Məsələn, 65 kq çəkisi olan adam gün ərzində 65 x 35 = 2275 və ya 65 x 40 = 2400 ml, təxminən 2,3 - 2,4 l su qəbul etməlidir. Nəzərə alsaq ki, xörək və meyvələr vasitəsilə də maye qəbul edirik, onda gündəlik ehtiyac təxminən 1,5 l olar. Sağlam olmaq üçün gün ərzində azı 1 l çiy su içmək lazımdır.

İnsan orqanizmində su balansının pozulması nəticəsində nələr baş verir?



  1. Baş ağrıları, başgicəllənmə;

  2. Qıcıqlanma, depressiya, yüksək halsızlıq, yuxusuzluq;

  3. Gözaltı şişkinlik, üzün şişməsi, dərinin həddən artıq yağlanması və ya quruması;

  4. Ürək-damar, böyrək çatışmazlığı;

  5. Sinir sistemi ilə bağlı olan müxtəlif xəstəliklər (dağınıq skleroz, Parkinson və Alsqeymer xəstəlikləri, ensefalopatiya və s);

  6. Göz, qulaq və burun-boğaz orqanları xəstəlikləri;

  7. Bronxial astma;

  8. Kolit, qəbzlik;

  9. Ayaqların şişməsi, əzələlərin qıcolması, trofik xora, tromboflebit, artroz, artrit;

  10. Diabet, hipertoniya, hipotoniya;

  11. Dəridə yaranan müxtəlif səpmələr: ekzema, psoriaz, sklerodermiya, miasteniya və s.;

Xəstələnməmək üçün su içmək lazımdır. Əgər xəstəlik yaranıbsa (xarakterindən asılı olmayaraq) duzlu su qəbul etmək lazımdir. Orqanizmdə duz-su balansını qaydaya salmaq üçün 2 litr suya ½ ç/q duz əlavə edib gün ərzində içilməlidir.

Hansı suyu içməli?

Orqanizm üçün ekoloji təmiz və ən yaxşı maye (su) meyvə şirələri və bitki tərkibli qidalardır.

İkinci yerdə buzu əritməklə alınan sudur.

Üçüncü yerdə ozonlaşdırılmış sudur. Sonra bulaq suyu, quyu suyu, nohur suyu.

Ən pisi xlorlu sudur. Xlorlu suyu qaynatdıqda o daha çox ziyanlı olur.

Haşiyə.


- Dağlarda qayalar arasındakı gölməçələrdən su içmək üçün süddüyanın şirəsindən suya damcıladardıq və sonra sudan içərdik.

- Yataqxanada qalanda xlorlu suyu bir neçə saat ağzı açıq qabda saxlayar, sonra xörək, çay hazırlayardıq;



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə