AiLƏ ZİyarəTLƏRİNİn uşaqlarin təLİm-təRBİYƏSİNDƏ rolu səADƏt ağayarova bakı Sosial Pedaqoji Kollecinin müəllimi



Yüklə 58,9 Kb.
tarix04.11.2017
ölçüsü58,9 Kb.
#8321

AİLƏ ZİYARƏTLƏRİNİN UŞAQLARIN TƏLİM-TƏRBİYƏSİNDƏ ROLU

SƏADƏT AĞAYAROVA

Bakı Sosial Pedaqoji Kollecinin müəllimi

Məqalədə məktəb ilə ailənin əlaqəsi, uşaqların tərbiyəsində müəllimlərin valideynlərə yardımı, müəllim – valideyn münasibətlərinin uşaqların təlim – tərbiyəsində əhəmiyyəti məsələlərinə toxunulub.

Açar sözlər: valideynlər arasında maarifləndirici fəaliyyət, ailə, uşaq oyunları, tərbiyə, xalq ədəbiyyatı, bədii ədəbiyyat, peşə tərbiyəsi, dərslərdə iştirak və s.

This article touch upon issues about connection between school and family, teacher's helps to parents at education process, importance of teacher-parent relations to the children's education.

Key words: educational, activities among parents, family, kids game, upbringing, folk literature, feature literature, profession dressage, participation to the lessons.

В статье были затронуты вопросы отношений между школой и семьей, помощь учителей родителям в воспитании детей, значение учительско- родительских отношений в воспитании и обучении детей.

Ключевые слова: образовательная деятельность среди родителей, семья, воспитание, детские игры, народная литература, художественная литература, присутствие на уроках и т.д.

Hər bir şagirdin, tələbənin tərbiyəsi üçün cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Amma bu işdə ailə, məktəb və onların qarşılıqlı-birgə fəaliyyətinin uşaqların tərbiyəsində aparıcı rol oynadığı inkarolunmaz həqiqətdir və günün aktual məsələlərindəndir. Belə ki, müharibə şəraitində yaşayan və yenicə müstəqillik qazanmış bir ölkənin siyasi, iqtisadi, sosial çətinliklərinin doğurduğu problemlərdən biri olan ailənin maddi ehtiyaclarını təmin etmək qayğısı bir çox uşaqları uzun müddət valideyn diqqətindən kənarda qoymuşdur ki, bunun acı nəticələri indi cəmiyyətimizdə özünü müxtəlif formalarda (uşaqların fiziki və psixoloji cəhətdən qüsurlu olması hallarının artması, valideynlərdə müşahidə olunan əsəb gərginlikləri səbəbilə valideyn-uşaq münasibətlərindəki ziddiyyətlər, uşaqların “valideynlərə maddi kömək” adı altında təhsildən uzaqlaşması və s.) göstərir. Bəs uşaqların tərbiyəsində məktəb ailəyə necə kömək edə bilər?

Pedaqoji ictimaiyyətin ailələrə maarifləndirici yardımı günün vacib tələblərindəndir. Məкtəb tərbiyə işlərinin əsаs mərкəzidir. Müаsir dövrdə məкtəbin üzərinə daha böyük vəzifələr düşür. Belə ki, gənc nəslin tərbiyəsində, tərbiyə işlərinin vahid məcraya yönəldilməsində məktəb daha geniş əhatədə və daha geniş miqyasda fəaliyyət göstərməlidir.

Pedaqoji ədəbiyyatda məкtəb, аilə və ictimаiyyətin tərbiyə işlərinin əlаqələndirilməsinin bir çox üsul və yolları müəyyən edilmişdir. Bunlardan biri, bəlkə də ən birincisi, məktəbin valideynlər arasında maarifləndirici fəaliyyəti, pedaqoji təbliğatıdır. Məlumdur ki, valideynlərin böyük əksəriyyəti müxtəlif peşə sahibləri, bir qismi işsizlər, evdar qadınlar və ya məşğuliyyətsiz şəxslərdir. Gənc valideynlərin böyük əksəriyyəti, xüsusilə də ata-anadan ayrı yaşayan gənc ailələr uşaqların tərbiyəsində çətinlik çəkirlər. Məhz onların pedaqoji maariflənməsinə ehtiyacları vardır. Bəzi valideynlər uşaqların biliklərə yalnız məktəbdə yiyələnəciyini zənn edir, bəziləri uşaqlarının inkişaf və tərbiyəsini “televiziya və kompüterin” ümidinə buraxır, bəziləri öz sakitliyini təmin etmək üçün müxtəlif dayələrə müraciət edir ki, bunun da acı nəticəsi yeniyetməlik dövründə özünü göstərən problemlərlə üzə çıxır. Bu baxımdan gənc və təcrübəsiz valideynlərin pedaqoji biliklərə yiyələnməsində müəllimlərin, qrup rəhbərlərinin və psixoloqların məsləhətləri çox faydalıdır. Məktəb ilk növbədə uşaqların böyüyüb inkişaf etdiyi şəraitlə tanış olmalı, valideynlərə tərbiyə etmək yollarını öyrətməkdə yardımçı olmalı, ailənin uşaqların tərbiyəsindəki rolu haqqında danışmalı, onları valideyn - uşaq münasibətləri haqqında bilgilərlə məlumatlandırmalıdırlar.



  1. Ailə - ictimaiyyətin təməl daşı

Ailə tarixən ən mühüm tərbiyə ocağıdır. Ailə müxtəlif xarakterli insanların bir-birinə hörmət, ehtiram, nəzakət, sevgi ilə birgə yaşamalı olduğu kiçik bir dövlətdir. Uşaqlar həyata göz açdıqları andan mənsub olduqları ailənin ab-havasında böyüyür, görüb-götürür, tərbiyə alırlar. Valideynlər öz övladlarına mənəvi keyfiyyətləri öz səmimi münasibətləri, mehriban rəftarları ilə, isti nəfəsləri ilə ilk günlərdən aşılamalı və bunu daima davam etdirməlidirlər. Valideyn övladlarını xeyirxah, ədalətli, zəhmətkeş, qayğıkeş, namuslu insan kimi yetişdirməyə borcludur. Daha sonra ailədə başlanan tərbiyə işləri məktəbəqədər müəssisələrdə, məktəbdə və daha geniş çevrədə - uşaqların münasibətdə olduğu hər bir kəs (qohumlar, qonşular, tanışlar, yadlar,) tərəfindən davam etdirilir. Böyük pedaqoqlar demişlər ki, uşaqları hətta cisimlər də tərbiyə edir. Ona görə də çox həssas olan bu mövzuda - Uca Allahın bizə əmanəti olan uşaqların düzgün formalaşması üçün onların tərbiyəsində heç bir boşluğa yol verilməməlidir ki, qeyri-sağlam mühitə düşdükdə yad təsirlərə məruz qalmasınlar və özləri-özlərini müdafiə edə bilsinlər. Bunun üçün valideynlər öz uşaqlarına mümkün qədər daha çox vaxt ayırmalı, istirahət günlərini onlarla birgə keçirməli, kino-teatrlara, muzeylərə aparmalı, uşaqları ictimai yerlərdə davranış qaydaları ilə tanış etməlidirlər.

  1. Ailə ilk məktəbdir

Elm və texnikanın sürətli inkişafı hər birimizin həyatına daxil olaraq müxtəlif yaşda olan insanları kompüterdən asılı vəziyyətə salır. Bu, hər bir sahədə olduğu kimi, valideyn-uşaq münasibətlərinə də öz “gizli” təsirini göstərməkdədir. Belə ki, uşaqlarının inkişaf və tərbiyəsini “televiziya və kompüterin” ümidinə qoyan valideynlər bunun acı nəticələri ilə daha sonralar – uşaqlar yeniyetməlik və gənclik yaşına çatanda rastlaşırlar. İnternet və kompyüter faydalı məlumat mənbəyi olmasına baxmayaraq, ünsiyyətin azalmasına, sosial münasibətlərin zəifləməsinə səbəb olur. Öz maraqlarını yaxınları ilə paylaşa bilməyən uşaqlar psixoloji cəhətdən çətinliyə düşərək həyata alışa bilmirlər. Bu, bir qisim uşaqların hələ kiçik yaşlarından həm fiziki, həm də mənəvi cəhətdən “tək və yaxud öz-özünə” böyümələri ilə nəticələnir.

Məlumdur ki, kiçik yaşlı uşaqlar bütün günü yorulmaq bilmədən hərəkətdə olurlar. Böyüdükcə isə ətrafdakılar tərəfindən kifayət qədər diqqət görməyən uşaqlar televiziyada çizgi və bədii filmləri izləyir, kompüter qarşısında maraqla oyunlara dalırlar. Təəssüf ki, bir çox valideynlər öz rahatlıqlarını və sakitliyini təmin etmək üçün: “Qoy başı qarışsın, səsi çıxmasın…”- deyərək, uşaqların bu vərdişlərinə göz yumurlar. Beləliklə, onlar uşağın düzgün böyüyüb artmaqdan ötrü valideyn – övlad münasibətlərinin təsirini unudurlar.

Uşaq onu əhatə edən mühitlə tanış olmalıdır. Hələ kiçik yaşlarından uşaqlarla aparılan əyani, hərəkətli oyunlar zamanı onlar müxtəlif əşyaların (kağız, sap, taxta, noxud dənələri, plastilin, şüşə, rəngli boya, ağac qozaları, yarpaqlar, qum və s.) əsas xüsusiyyətlərini öyrənir, onlardan istifadə zamanı yaradıcılığa təşəbbüs göstərir, onların nitqi inkişaf edir və lüğət ehtiyatı zənginləşir, onların yaradıcılıq qabiliyyətləri artır. Uşaqların oyun və hərəkətləri, əlbəttə ki, təkilikdə olmamalıdır. Uşaqlarla aparılan müxtəlif oyunlar onları cəld, çevik, qüvvətli etməklə bərabər, əhvali-ruhiyyələrinə müsbət təsir edir, eyni zamanda valideyn-uşaq münasibətlərində səmimiyyətin, mehribanlığın, dostluğun yaranmasına səbəb olur. Daima hərəkət və fəaliyyətdə olan uşaqlar şən, qayğısız, mehriban, ünsiyyətcil olur, hərəkətsiz, diqqəti daima bir nöqtəyə, hadisə və əşyaya yönəlmiş uşaqlar isə qaradinməz, adamayovuşmaz, hirsli və inadkar olur, ətrafdakılarla çətin ünsiyyət qururlar. Bu işdə valideynlər səbrli olmalı, bu oyunlara sadəcə əyləncə kimi deyil, uşaqları formalaşdırma vasitəsi kimi baxmalıdırlar. Məsələn, uşaqlara sadəcə oyuncaqlardan düzgün istifadə etməsinin, oynayandan sonra onları öz yerlərinə yığmaq qaydalarının öyrədilməsi, onlarda səliqəli olmaq, nizam-intizam, şəfqət, ətrafdakılara laqeyd olmamaq, əməksevərlik də tərbiyə edir.

Uşaqları nəzarətdə saxlamaq sadəcə onların yanında olmaq, onların hər bir işinə müdaxilə etmək deyil. Valideynlər uşaqlarla səmərəli vaxt keçirməli, hər an onların öyrənməsinə yardımçı olmalı, maraqlarına cavab verən məşğələlərə cəlb etməli, suallarına cavab tapmaqda kömək etməlidirlər. Çünki daima diqqət mərkəzində olan uşaqlar ya ərköyün, dəcəl uşağa, ya da basqı altında olduqda əzgin, zəif uşağa cevrilirlər. Bu baxımdan həmyaşıdları ilə kollektiv oyunlar da uşaqları kollektiv həyata hazırlayır. Belə oyunlar uşaqlarda yoldaşlarının maraqlarına hörmət, onların rəyi ilə hesablaşmaq, onlarla mehriban və səmimi olmaq kimi vərdişlər yaradır. Kollektiv oyunlar uşaqlarda yardımlaşmağı, istək və arzularını ətrafdakıların faydalarına tabe etmək, daha çox səmərəli və əksəriyyət üçün əhəmiyyətli olanını etməyə alışdırır. Zaman-zaman bu oyunlar uşaqlarda əməksevərlik, humanizm, böyüklərə hörmət, kiçiklərə qayğı, yaşadığı çevrəsinə qarşı məsuliyyətli olmağı formalaşdırır, uşaqlar səbrli, təmizkar olmağı, israf etməməyi, bir-birlərinin haqlarına hörmətlə yanaşmağı öyrənirlər.

Bundan başqa gündəlik rejim qurmaq, istirahətin səmərəli təşkili, ev tapşırıqlarının birgə yerinə yetirilməsi, öz dərslərini rahat yerinə yetirmələri üçün uşaq iş yerinin hazırlanması, dərsə hazırlaşarkən valideynlərin gigiyenik tələblərə riayət etməli olduqları qaydalarla bağlı müəllimlər tərəfindən verilən tövsiyələr də valideynlərə çox kömək ola bilər.


  1. Zəngin” valideyn

Ailə yuvası təkcə bahalı çilçıraqlarla hərarət tapıb nurlanmır. Bu orada yaşayanların səmimiyyətinə və mehribanlığına bağlıdır. Maddi cəhətdən zəngin olan bir qisim valideynlərin məktəbə və müəllimlərə düzgün olmayan yanaşmalarının, müəllimlərə “fərqli” baxmalarının həm müəllim - şagird münasibətlərinə, həm valideyn – uşaq münasibətlərinə nə dərəcədə mənfi təsir etməsi heç kimə sirr deyil və bu ayrıca təhlil olunacaq bir mövzudur.

Ailədə maddiyyət ön plana keçirsə, hər kəs öz mənafeyi ilə yaşayırsa, problemlərinə etinasız münasibət göstərilirən uşaq və yeniyetmələr diqqət və qayğıdan kənarda qalırlarsa, valideynlərindən dəstək, qayğı görmürlərsə, özlərini psixoloji cəhətdən müdafiəsiz hiss edir, tədricən mənəvi baxımdan öz valideynlərindən uzaqlaşır, doğmalıq hissləri zəifləyir, onlara “qayğı” göstərənlərin yanında özlərinə “sığınacaq” tapır, sonra da tərbiyəvi təsirlərə müqavimət göstərərək özlərini “artıq böyük” hesab edir, tam sərbəst, öz bildikəri və düzgün hesab etdikləri kimi yaşamağa başlayırlar. Nəticədə yaranmış vəziyyət onları təhsildən yayındırır, zərərli vərdişlərə sürükləyir, hətta bəzən fəallığı artıran, müxtəlif zərərli maddələrdən istifadəyə, oğurluq və qarətlərə də yol açır.

Müqəddəs dinimiz olan İslam  uşaqların inkişafını, böyüyüb-başa çatmasını valideynlər qarşısında ən böyük vəzifələrdən biri kimi qoyur. Peyğəmbər əfəndimizin buyurduğu kimi, valideynin övladına verə biləcəyi ən böyük miras tərbiyədir. İslam dünyagörüşündə cəmiyyətin inkişafı yalnız elmlə, maddi zənginliklə yox, həm də mənəvi-əxlaqi dəyərlərlə bağlıdır. Əsrimiz yüksək texnologiyalar əsridir. Lakin bu sürətli inkişaf bizi o vaxt inkişafa apara bilər ki, o, yüksək mənəviyyata söykənsin. Mənəviyyata söykənməyən elm heç bir dövdə insanlığa xidmət etməyib və səmərə verməyib. İslam peyğəmbəri və onun ilk zövcəsi Hz. Xədicə anamızın birgə həyatı bütün dünyada xoşbəxt ailə və gözəl tərbiyənin ən ali nümunəsidir. Allah Rəsulu Hz. Xədicə ilə həyatını birləşdirdikdən sonra qurduqları yuvada onlar başqalarının da əlindən tutmuş, onları da həyata hazırlamışdılar. Ailə həyatı qurar-qurmaz Peyğəmbər (s.a.s) əfəndimiz Əbu Talibin övladı Hz. Əlini, qul bazarında satılan Zeyd ibn Harisəni, Xədicə anamızın əvvəlki həyat yoldaşından olan oğlu Hindini, atası vəfat etmiş Zübeyr Avvam oğluna da himayədarlıq etmişdir. Heç də zəngin olmayan bu geniş ailədə belə böyük xoşbəxtliyin, səadətin hökm sürməsi ailə üzvləri arasındakı qibtə ediləcək səmimiyyətlə, şərtsiz bir təslimiyyətlə, böyük bir etibar və yüksək mənəvi dəyərlərə söykənən münasibətlərlə bağlı olmuşdur.

Azərbaycanda mənəvi - əxlaqi dəyərlər daima yüksək qiymətləndirilmişdir. Sirr deyil ki, Azərbaycan ailələrində nənə-babaların nəvələrinə təsiri güclüdür. Amma bir çox gənc ailələrin ayrı yaşamaq istəyi nəvələrin nənə-babadan ayrı düşməsinin, onlar arasındakı soyuq münasibətlərin bir səbəbidir. Uşaqlar mənəvi-əxlaqi dəyərlər haqqında zəruri bilikləri həm də böyüklər vasitəsilə əldə edirlər. Ata – ananın böyüklərlə rəftarı, valideyn övlad münasibətləri, böyüklər, qohum-əqrəba, dost-tanış, qonşular arasındakı sağlam qarşılıqlı münasibətlər də uşaqların sağlam tərbiyəsinin əsasıdır. “Böyüklərin mühitində uşaqlar həm də şəxsiyyətlərarası əlaqələrin “dilini” öyrənirlər”.



  1. Nə oxuyuruq, niyə oxuyuruq...

Hər bir xalqın özünə xas olan yüksək mənəvi dəyərləri, adət-ənənələri mövcuddur. Bu adət-ənənələr özündə xalqın tarixini, dünyagörüşünü, min illərin sınağından çıxan və nəsillərdən-nəsillərə ötürülən zəngin mənəvi dəyərləri birləşdirir. Yaşadığımız zaman kəsiyində dünyaya inteqrasiya etdiyimiz bir dövrdə KİV və İT vasitəsilə əcnəbi mədəniyyət sürətlə həyatımıza daxil olur. Belə bir dövrdə uşaqların milli zəmində, milli adət-ənənələr ruhunda, xalq müdrikliyinə əsaslanan tərbiyəsi, bəlkə də, həmişəkindən daha vacib və aktual məsələdir. Bu baxımdan, xalq müdrikliyi ilə xalq bədii təfəkkürünün məhsulu olan folklor nümunələrimiz və bədii ədəbiyyatımız, onların mütaliəsi daha geniş şəkildə təbliğ olunmalıdır. Ədəbiyyatımız Vətənə, doğma yurda məhəbbət, humanizm, həmrəylik, əmksevərlik, xeyir və şər, dostluq və yoldaşlıq, sadəlik və təvazökarlıq, düzlük və doğruçuluq, ədalət, sədaqət, böyüklərə hörmət öyrədir, müsbət əxlaqi keyfiyyətlərin aşılanmasında əvəzsiz rol oynayır. Ədəbiyyat nümunələrimiz dilini, doğma elinin təbiətini, vətəninin hər qarışını, torpağını-daşını sevməyi təbliğ edir, uşaqlarda qəhrəmanlıq, xalqa sədaqət kimi keyfiyyətləri formalaşdırır, öz milli mənsubiyyəti ilə, tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə qürur duymağı, düşmənə qarşı amansız olmağı, qəhrəmanlığı, mübarizliyi tərbiyə edir. Ədəbiyyatımız uşaqlara qarşılıqlı yardım, bir-birinə dəstək olmaq, çətin anlarda köməyini əsirgəməmək, yol göstərmək, dostluq, yoldaşlıq, birlik, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tariximizi, mədəniyyətimizi və onları qoruyub hifz etməyi, ətrafa ədalətli, qayğıkeş və tolerant münasibət bəsləməyi öyrədir. Uşaqlara oxumaq üçün təqdim edilən bədii, elmi-kütləvi və məlumat xarakterli əsərlər həm də onların yaş səviyyəsinə uyğun olmalıdır.

  1. Peşəyönümlü tərbiyə

Əksər valideynlərin övladlarına “ali təhsil” vermək istəyi və ya şаgirdlərin pеşəyönümünə etinasızlığı dövrümüzün digər mühüm problemlərindəndir. Məsələ bundadır ki, bir çox valideynlər elmdən daha çox, müəyyən sənətə və peşəyə həvəsi olan uşaqların da istəyini düzgün qiymətləndirmir, onları “zorən təbib” prinsipi ilə ali təhsil almağa sövq edirlər. Gizli deyil ki, bir sıra orta məktəblərdə əmək, musiqi, fiziki tərbiyə dərslərinə ikinci dərəcəli fənlər kimi yanaşılır. Və ya müəllimlər “oxumayan” uşaqlara etinasız yanaşır, onların müxtəlif peşə və sənətlərə yiyələnməsinin vacibliyini diqqətə almırlar. Ona görədir ki, hal – hazırda ölkəmizin bugünkü durumunda bir çox sənət və peşə adamlarına tələbatın olduğu halda belə, peşə məktəblərində oxumaq, sənətə yiyələnmək istəyənlər çox azdır. Hesab edirəm ki, məktəb və müəllimlər bu işdə də valideynlərə yardımçı olmalı, uşaqların sevdikləri peşə və sənətlərə yiyələnmələrində valideyn dəstəyinin nə dərəcədə zəruri olduğunu onlara izah etməli, həm də bu işdə uşaqların güc və imkanlarını nəzərə almaq lazım olduğunu bildirməlidirlər. Şаgirdlərin pеşə məlumаtlаrını, pеşə mаrаqlаrını sinifdənкənаr tədbirlər vаsitəsilə də gеnişləndirmək olar. Amma bu işə hələ ibtidai siniflərdən başlanılmalıdır. Məsələn, uşaqlara müxtəlif əmək tapşırıqları vermək, onları dərnəklərə cəlb etmək, müxtəlif sərgilərdə, tədbirlərdə, yarış və olumpiadalarda iştiraklarını təmin etmək, valideynlərlə birgə əmək - yaradıcılıq müsabiqələri təşkil etmək və s. bu kimi işlərdəndir. Nəzərə almaq lazımdır ki, bu cür məktəbdənkənar işlər uşaqların estetik tərbiyəsi istiqamətində də mühüm rol oynayır.

Yuxarıda ailə ziyarətləri zamanı müəllimlərin valideynlərə verə biləcəkləri tövsiyələrin və aparılacaq fərdi söhbətlərin yalnız bir-neçəsinə toxunduq. Bundan başqa ziyarətlər zamanı sağlam həyat tərzi, zərərli vərdişlər, şagirlərin geyim mədəniyyəti və s. bu kimi mövzular da həlli vacib məsələlər kimi müzakirə oluna bilər. Bu işin uğurla yerinə yetirilməsi və nəticələnməsi üçün isə əsas məsələ məktəb - ailə əlaqələrinin davamlı, ardıcıl, məqsədyönlü, qarşılıqlı anlaşma, səmimiyyət, ən əsası isə təmənnasızlıq üzərində qurulmasıdıır. Əgər məktəblə ailə arasında uşağın tərbiyəsinə xidmət edən tələblər qarşılıqlı və davamlı şəkildə yerinə yetirilərsə, uşaqların təlim-tərbiyə prosesindəki problemlərin bir qismi öz həllini tapmış olar.

Şəxsi təcrübəmdən bir neçə misal çəkmək istərdim. Dərs dediyim qruplardan birində tələbələrimdən birinin valideyni 20 Yanvarda şəhid olmuşdu. Amma bu gənc qız, görünür ki, hələ də şəhidlik zirvəsinin necə yüksək bir zirvə olduğunu tam anlamır, özünü “atasız, natamam ailədə” böyüyən bir uşaq kimi aparır, hamıdan qaçırdı. Bu vəziyyət onu yalnız tələbə yoldaşlarından, müəllimlərdən ayırmır, həm də dərslərinə ciddi təsir edir, onu müxtəlif tədbirlərdə iştirak etməkdən uzqlaşdırırdı. Bu səbəbdən, keçirilən təşkilat saatlarında, tədbirlərdə daima “Şəhidlik” mövzusuna toxunur, onun həyata, hadisələrə münasibətini dəyişməyə çalışırdıq. Bu səylərimiz, təbii ki, nəticəsiz qalmadı. Zaman-zaman o, bizə: tələbələrə, müəllimlərə sadəcə bir valideynini itirmiş köməksiz, qayğısız bir tələbə kimi deyil, böyük şəhidlik zirvəsini qazanmış bir qəhrəmanın övladı kimi baxmağa başladı. Kollektivlə olan sıxıntılı vəziyyətin aradan qalxması, səmimi münasibətlərin yaranması bizə onunla bağlı digər problemlərin də həllində yaxından kömək etdi. O, sinfin fəallarından biri oldu, tədbirlərdə iştirak etdi, hətta bayramlarda ona təqdim edilən yardım və hədiyyələri də heç bir sıxıntı çəkmədən, yardımlaşmanın gözəl bir ənənə olduğunu bilərək, böyük məmnuniyyətlə qəbul etməyə başladı.

Başqa bir misal: Qrup rəhbəri olduğum bu qrupda yaraşıqlı, gündürboy, qarasaç, gözəl bir qız bütün müəllimlərin qınaq obyektinə çevrilmişdi. Həmin qrupda dərs deyən müəllimlərin hamısı saçlarını gözlərini örtəcək qədər üzünə tökən bu qızın ərköyünlüyündən, intizamsızlığından, dərsə laqeyd münasibətindən narazılıq edirdilər. Onunla yaxın olan rəfiqələri belə, bu şıltaqlığının səbəbini anlamaqda çətinlik çəkirdilər. Bu qəribə gözəllə elə-belə söhbətin bir əhəmiyyəti olmayacağını anlamışdım. Bir dəfə Bakı Ekspozisiya Mərkəzində keçiriləcək sərgiyə mənimlə getməsini təklif etdim. Heç bir etiraz etmədən razılıq verdi. Yol boyu rəsmi müəllim – tələbə münasibətlərindən uzaq, tam səmimi bir ana-bala münasibəti qurduq, sərgidə maraqlı eksponatlarla tanış olduq və tədricən bu gözəl, yaraşıqlı qızın “dili açıldı”. Siması böyük İlahi gözəlliklə çəkilən bu gənc qızın ram olunmaz xasiyyəti onun xəstəliyi ilə bağlı imiş: Talassemiya! Keçirdiyi əməliyyat səbəbilə və xəstəliyin əlaməti olaraq gözlərinin içindəki sarılığı və bulanıqlığı gizləmək üçün saçlarını gözlərinin üstünədək tökmək məcburiyyətində qalan bu kiçik yavrum bir saatlıq səmimi, isti, qayğıkeş münasibətin təsiri ilə sirrini mənə dedi...

Təbiidir ki, onun bu “sirri”ni açmadım. Bu dəfəki söhbətləri müəllim və tələbələrlə apardım. Ona qarşı dəyişən münasibət bu gözəl qızın da rəftarını dəyişdi. O, çox intizamlı tələbə oldu, hətta “Ana dili” tədbirimizin baş qəhrəmanı kimi onun tədbirdəki çıxışı saytlarda yerləşdirildi. Artıq o bizdən çəkinmir və ailə ziyarətlərinə də çox məmnuniyyətlə razılıq verirdi. Sonralar biz ona bir neçə dəfə qan yardımında kömək edə bildik.

Rastlaşdığım başqa bir vəziyyəti də misal çəkmək istərdim. Tələbələrimdən birinin vəziyyəti diqqətimi çəkmişdi. Birinci növbənin birinci saatında dərs dediyim həmin qrupda R. adlı tələbə əksər hallarda dərsdə halsız, yuxulu olur, səbəbini soruşduqda hər dəfə müxtəlif şəkildə özünə haqq qazandırmağa çalışırdı. Ya gecə futbol matçına baxdığını, ya toyda olduğunu, ya da başqa bir səbəbdən yuxusuz qaldığını bəhanə gətirirdi. Valideynlərindən birinin məktəbə gəlməsini tələb etdikdə, məlum oldu ki, valideynləri rayonda yaşayır, özü isə burada kirayə qalır. Biz məsələni aydınlaşdırmaq üçün mütləq valideynlərlə əlaqə saxlamağın vacibliyini anladıq. Valideynlər işə qarışdılar. Məlum oldu ki, həmin tələbə internet klubların birində gecə növbəsində işə düzəlibmiş. Buna səbəb heç də maddi durum deyilmiş. Valideynləri hər ay onun maddi ehtiyaclarını ödəyəcək qədər ona kömək edir və ondan yalnız dərslərinə yaxşı hazırlaşmağı və nizam-intizamlı olmağı tələb edirmişlər. Vəziyyətin aydınlaşdığını görən tələbə hər şeyi özü etiraf etdi. Valideynlərin və müəllimlərin, o cümlədən tələbə yoldaşlarının da ona diqqəti artırıldı. Nəticədə R. –in qiymət göstəriciləri artdı və dərsə davamiyyətində də heç bir qüsur olmadı.



Ailə və məktəb arasindaki davamlı əlaqələr, səmimi münasibətlər müəllim-şagird münasibətlərinə də mehribanlıq, səmimiyyət və məsuliyyət gətirir, öz vəzifələrini həvəslə yerinə yetirməyi öyrədir, uşaqları bir çox psixoloji qayğılardan, utanc, qorxu, inamsızlıq duyğularından azad edir, uşaqla valideyn, uşaqla müəllim arasında sağlam münasibətləri formalaşdırır. Dərslərində, səhhətlərində, hətta ailədə problemləri olan uşaqlar bunları həm valideynləri, həm də müəllimlərlə səmimiyyətlə paylaşa bilir. Ailə və məktəb usaqların yaşıdları ilə bağlı oyunlara, toplantılara cəlb etməli, sosiallaşma, cəmiyyətə qoşulma istəklərinə düzgün istiqamət verməli, bu işdə onlarla “həmyaşıd” olmalı, onların maraqlarını bölüşməlidirlər. Şəhərimizin görməli yerlərinə, muzeylərə səyahət və ekskursiya, teatr tamaşalarına birgə baxış ailə üzvləri arasında həmrəylik formalaşdırır, onların yenı biliklər əldə etməsinə, dünyagörüşünün, yaradıcılığın artmasına, müstəqil düşünə bilməsinə imkan yaradır.

Məktəb – ailə əlaqələrinin müxtəlif formaları mövcuddur: bu zaman valideynlər məktəbə gəlir, dərslərdə iştirak edir, evdə uşağının görmədiyi tərəflərini dərs prosesində və yoldaşları ilə ünsiyyətdə görür, müəllimlərdən məsləhətlər alır, rüb ərzində bir dəfə keçirilən valideyn iclaslarında iştirak etməklə sinfin ümumi vəziyyəti, müəllim-şagird münasibətləri ilə daha yaxından tanış olur və təlim-tərbiyə ilə bağlı digər məsələri də müzakirə edirlər. Bu işdə hər iki tərəf təlim-tərbiyə məsələlərində birlikdə, həvəslə və məqsədyönlü iştirak etməli, təcrübələrini birləşdirməlidirlər. Məktəblə ailə münasibətlərinin əlaqələndirilməsində aparılan işlər sırasında mühazirələr, açıq qapı günləri, disputlar və s. tədbirlər də mühüm rol oynayır. Valideynlər daima təlim-tərbiyə prosesində iştirak etməli, övladlarının parlaq gələcəyi naminə məktəblə əlaqə saxlamalıdırlar. Valideynlər məktəbin ictimai həyatında, məktəbin idarəsində iştirak etməklə problemlərlə yaxından tanış olur və bu problemlərin həllində maraqlı tərəf kimi iştirak etməyə çalışırlar.



Biz - bizdən əvvəlkilərin yetişdirdikləri və biçdikləriyik. Bizdən sonrakılar isə bizim səyimizin səmərəsi olacaqlar”. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizə laqeyd qalmayaq!

ƏDƏBIYYAT

  1. Azərbaycan Respublikasinda Ümumi Təhsilin Konsepsiyasi (Milli Kurikulumu) Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 30 Oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı.

  2. http://anl.az/el/a/am_pftmt.pdf

  3. http://www.azadinform.az/news/a-94165.html

  4. http://anl.az/el/h/hr_timp.pdf

  5. http://www.almazhasret.com/?p=4302#more-4302

  6. http://www.clb.az/html/tov7.pdf




Yüklə 58,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə