Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı



Yüklə 176,58 Kb.
səhifə1/3
tarix08.12.2017
ölçüsü176,58 Kb.
#14620
  1   2   3

Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

 

1. "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə).



2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı" təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Ali təhsil müəssisələrinin Əsasnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının

Baş naziri A.Rasi-zadə.

Bakı şəhəri,  21 yanvar 2011-ci il.

9


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 21 yanvar tarixli 9 nömrəli


qərarı ilə təsdiq edilmişdir

1 nömrəli əlavə



Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi

 

1. Ümumi müddəalar

 

1.1. Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyir.



1.2. Ali təhsil müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur.

1.3. Bu Nümunəvi Nizamnamə hər bir ali təhsil müəssisəsi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.

1.4. Ali təhsil müəssisəsi müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir. Ali təhsil müəssisələrinin hüquqi ünvanı onların hər birinin nizamnaməsində göstərilir.

1.5. Ali təhsil müəssisələri üçün maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

1.6. Ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.7. Ali təhsil müəssisələri işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, ali təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, ali təhsilin növbəti səviyyəsində təhsillərini davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradırlar.

1.8. Ali təhsil müəssisələrində təhsilalanların geyim forması hər bir təhsil müəssisəsinin öz nizamnaməsi ilə müəyyən olunur.

1.9. Ali təhsil müəssisəsinin təşkilati-hüquqi forması, mülkiyyət növü və statusu müvafiq qanunvericiliyə və bu Nümunəvi Nizamnaməyə uyğun müəyyən edilir.

Təhsil qanunvericiliyinə əsasən ali təhsil müəssisələrinin aşağıdakı növləri müəyyən edilir:

- universitetlər;

- akademiyalar;

- konservatoriyalar;

- institutlar və s.

Universitet - ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən fundamental və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir.

Akademiya - müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.

İnstitut (ali məktəb) - müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.

Konservatoriya - musiqi sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir.       

1.10. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir.

1.11. Dövlət ali təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına uyğun olaraq həyata keçirilir.

Bələdiyyə və özəl ali təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr və təsisçilər tərəfindən həyata keçirilir.

1.12. Ali təhsil müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin elmi şurası tərəfindən qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir. Bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi əsasında təsisçilər tərəfindən təsdiq edilir.

1.13. Dövlət ali təhsil müəssisəsinə qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyət növlərini həyata keçirməkdə sərbəstdir.

1.14. Ali təhsil müəssisəsinin adı həmin müəssisənin yaradıldığı zaman müəyyənləşdirilir və onun yenidən təşkil olunduğu halda dəyişdirilə bilər. Ali təhsil müəssisəsinin statusu (növü) dəyişərsə, onun adında da müvafiq dəyişikliklər aparılmalıdır. Ali təhsil müəssisəsinin adının dəyişdirilməsi "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına uyğun olaraq, tabeliyində ali təhsil müəssisələri olan müvafiq dövlət idarəetmə orqanlarının vəsatəti (Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra) əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

1.15. Ali təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılığın verilməsi (lisenziyalaşdırılması) və akkreditasiyası qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

1.16. Azərbaycan Respublikasında hər bir ali təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət ali təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl ali təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir.

1.17. Ali təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, elmi fəaliyyətinin, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərtilə) uzadılması üçün hüquqi təminat yaradır.

Ali təhsil müəssisəsinin akkreditasiyası "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Həmin prosedurdan keçmiş ali təhsil müəssisəsi akkreditasiya haqqında sertifikat alır.

1.18. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir.

1.19. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş ali təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.

1.20. Respublikada fəaliyyət göstərən ali təhsil müəssisəsinin bazasında özündə müxtəlif tipli təhsil müəssisələrini birləşdirən komplekslər (kampuslar) yaradıla bilər. Onların yaradılması, yenidən təşkili və ləğvi təsisçilərin vəsatəti əsasında "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına uyğun olaraq həyata keçirilir.

1.21. Ali təhsil müəssisələri ali təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə öz aralarında sazişlər bağlamaq, elm, istehsal və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək, tədris elmi-istehsal birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris istehsal birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər.

1.22. Ali təhsil müəssisələrinin filialları, fakültələri, kafedraları, tədris şöbələri, kitabxanaları, elmi tədqiqat və sınaq laboratoriyaları, doktorantura, rezidentura və əlavə təhsil üçün müvafiq bölmələr, qeydiyyat ofisləri, tədris-təcrübə təsərrüfatları, idman bazaları, tədris teatr və studiyaları, konsert zalları, sərgi salonları, iaşə müəssisələri və digər struktur bölmələri fəaliyyət göstərə bilər. Ali təhsil müəssisəsinin strukturunda onun profilinə uyğun istehsal, klinika, elmi tədqiqat, yaradıcılıq, müəssisə və təşkilatları yaradıla bilər.

Ali təhsil müəssisəsinin strukturu onun elmi şurası tərəfindən müəyyənləşdirilir (filiallar istisna olmaqla) və təhsil müəssisəsinin rəhbəri (rektoru) tərəfindən təsdiq edilir. Ali təhsil müəssisəsinin struktur bölmələrinin fəaliyyət dairəsi və funksiyaları ali təhsil müəssisəsinin nizamnaməsində öz əksini tapır.

Ali təhsil müəssisəsinin struktur bölmələri tədris prosesi və elmi tədqiqat işlərinin təşkilində, onun həyata keçirilməsində bilavasitə iştirak edir, ali təhsil müəssisəsinin elmi şurasının qərarlarını, rektorun əmr və sərəncamlarını yerinə yetirirlər.

Struktur bölmələrinin rəhbərləri (filiallar istisna olmaqla) ali təhsil müəssisəsinin rektoru tərəfindən təyin olunurlar.

1.23. Ali təhsil müəssisələrinin bəzi struktur bölmələri hüquqi şəxs statusuna malik ola bilərlər.

1.24. Dövlət təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, ölkənin və xarici dövlətlərin ərazisində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında) filiallar açmaq hüququna malikdir.

Ali təhsil müəssisəsinin filialları öz funksiyalarını müstəqil olaraq həyata keçirirlər. Filialın fəaliyyətinin idarə edilməsi ali təhsil müəssisəsinin və filialın nizamnamələrinə uyğun həyata keçirilir.

Filialın yaradılması, ləğv edilməsi, adının dəyişdirilməsi və onun yerləşdiyi ünvan barədə rekvizitlər ali təhsil müəssisəsinin nizamnaməsində öz əksini tapır.

Filialın rəhbəri (direktoru) ali təhsil müəssisəsinin vəsatəti əsasında təsisçi tərəfindən təyin edilir.

1.25. Ali təhsil müəssisələrində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrində təhsil dövlət hesabına həyata keçirilir.

1.26. Ali təhsil müəssisəsi təhsil, tərbiyə və elm mərkəzi kimi, nizamnaməsinə uyğun aşağıdakı vəzifələri yerinə yetirir:

- hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, ali təhsilalma tələblərinin ödənilməsi;

- təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;

- elmi araşdırmaların aparılması;

- yüksəkixtisaslı elmi-pedaqoji, elmi kadrların hazırlanması;

- ixtisasartırma və kadrların yenidən hazırlanmasının təmin edilməsi;

- qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil, mədəni-maarif, nəşriyyat, müalicə-diaqnostika, maliyyə-iqtisad, təsərrüfat, elmi-istehsalat sahələri üzrə kommersiya fəaliyyəti ilə məşğul olunması;

- beynəlxalq fəaliyyətin və xarici əlaqələrin təmin edilməsi.

Həmin vəzifələri yerinə yetirmək üçün ali təhsil müəssisəsi:

- dövlət təhsil standartlarına və ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər sənədləri səlahiyyətləri çərçivəsində müstəqil hazırlayır;

- tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir;

- təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edir;

- elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil edir və həyata keçirir;

- profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirir və elmi-metodik sənədlər hazırlayır;

- elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar, müsabiqələr, sərgilər və s. təşkil edir və həyata keçirir;

- elmi əlaqələr yaradır, təhsil və elmi-texniki əməkdaşlıq haqqında saziş və müqavilələr bağlayır, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak edir;

- təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və elmi-metodik təminatını, ali təhsil müəssisəsinin xüsusi veb-portalını, qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaradır;

- elmi əsərləri, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatları hazırlayır və nəşr edir;

- tələbələrə və professor-müəllim heyətinə idman, sağlamlıq, iaşə və məişət xidmətləri təşkil edir və göstərir;

- təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir;

- maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görür;

- müəllim-tələbə mübadiləsini və onların xaricdə təcrübə keçmələri üçün beynəlxalq əlaqələr yaradır.

1.27. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir:

- bakalavriat (tibb təhsili istisna olmaqla);

- magistratura (tibb təhsili istisna olmaqla);

- doktorantura.

Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:

- əyani;


- qiyabi;

- distant (məsafədən);

- sərbəst (eksternat).

1.28. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli, ali təhsilli mütəxəssislər hazırlanır.

Bakalavriat təhsili başa çatmış ali təhsildir.

Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.

Bakalavriatı bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir.

Bakalavriat təhsili almış məzun, elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər.

Bakalavriat təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na uyğun olaraq müəyyən edilir.

1.29. Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla, ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur.

Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır.Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir.

Magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. Magistraturanı bitirmiş şəxslərə peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verilir.Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.

Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"na əsasən müəyyən edilir.

Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir.Bu ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

1.30. Tibb təhsili əsas təhsilə və rezidenturaya ayrılır.

Tibb təhsili təhsil proqramları üzrə ali təhsili başa vuranlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir.

Tibb təhsili üzrə əsas təhsil proqramlarının təhsil müddəti 5-6, rezidenturada isə 2-5 ildir.Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə müəyyənləşdirilir. Rezidentura təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən müəyyən edilir.

1.31. Ali təhsilin üçüncü səviyyəsi doktoranturadır. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturada) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.

Azərbaycan Respublikasında fəlsəfə doktoru (elm sahələri göstərilməklə) və elmlər doktoru (elm sahələri göstərilməklə) elmi dərəcələri müəyyən edilir.

Doktoranturaların yaradılması və doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na əsasən həyata keçirilir.

1.32. Ali təhsil müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına və elmi tədqiqat müəssisələrinə dissertantların təhkim olunması və elmi dərəcələrin verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:

- dosent;

- professor.

Dosent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin fəxri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

1.33. Ali təhsil müəssisəsi öz imkanları daxilində nizamnaməsinə uyğun olaraq ali təhsilin müvafiq səviyyəsini bitirmək haqqında dövlət sənədi olan vətəndaşların əlavə təhsil almasını təşkil edə bilər. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. Əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

- ixtisasartırma;

- kadrların yenidən hazırlanması;

- stajkeçmə və kadrların təkmilləşdirilməsi;

- təkrar ali təhsil;

- dərəcələrin yüksəldilməsi;

- yaşlıların təhsili.

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarına əsasən müəyyənləşdirilir və bu təhsil ödənişli əsaslarla həyata keçirilir.

1.34. Ali təhsil müəssisələrində tədris ali təhsilin ayrı-ayrı səviyyələri üzrə təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edən təhsil proqramları (kurikulumları) üzrə həyata keçirilir.

 

2. Ali təhsil müəssisələrinə tələbə qəbulu

 

2.1. Ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər, magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər ixtisasın və təhsil müəssisəsinin sərbəst seçimi əsasında, müsabiqə yolu ilə, müəyyən olunmuş qaydada qəbul oluna bilərlər.



Azərbaycan Respublikasında tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

2.2. Ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

2.3. Ali təhsil müəssisələrinə tələbə qəbulu planı müvafiq dövlət, həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişi əsasında, ali təhsil müəssisəsinin imkanları nəzərə alınmaqla, ali təhsil müəssisələrinin və tabeliyində ali təhsil müəssisələri olan nazirlik, komitə və təşkilatların təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

2.4. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali təhsil müəssisələrində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:

- təhsil müəssisəsinin nizamnaməsi;

- təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya);

- təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.

2.5. Təkrar ali təhsil, ixtisasartırma və yenidənhazırlanma, stajkeçmə, rezidentura və peşə hazırlığı kurslarına qəbul Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisəsinin təsisçiləri tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.



Yüklə 176,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə