Амеа фолклор институту



Yüklə 1,41 Mb.
səhifə1/9
tarix05.02.2018
ölçüsü1,41 Mb.
#24531
  1   2   3   4   5   6   7   8   9




MOLLA NƏFƏS

BU MƏKANA

GƏLMİŞƏM
BAKI - 2010


TürkSOY kitabxanası seriyası - 3
Тərtib edən:

Annaqurban AŞIROV
Türkməncədən uyğunlaşdıran

ön sözün müəllifi

Ramiz ƏSKƏR
Redaktoru: Əli ŞAMİL
Naşiri: Rafiq BABAYEV
Molla Nəfəs. Bu məkana gəlmişəm. Bakı, MBM, 2010, 196 s.
Kitabda bu il anadan olmasının 200 illiyi tamam olan klassik türk­mən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Molla Nəfə­sin əsərlərindən nümunələr toplanmışdır. Kitab 31 mart - 4 aprel 2009-cu il­də İstanbulda TÜRKSOY tərəfindən təşkil olunan “Türk Ləhcələri Ara­sında Uyğunlaşdırma Çalışmalarının Bugünkü Durumu və Qarşı­la­şı­lan Problemlər” mövzusunda Beynəlxalq simpoziumun tövsiyələrinə və ye­kun bəyannaməsinə uyğun olaraq nəşr edilir.

İSBN: 978-9952-29-041-3

Ó MBM

Ó Ramiz Əskər


BÖYÜK TÜRKMƏN ŞAİRİ

MOLLA NƏFƏS
...Nurmühammet Andalıb, Dövletməmmet Azady, Magtymguly Pyragy, Məmmetveli Kemine, Mollanəfəs yaly yüzlerçe alymla­ry­myz, akyldarlarymyz, şahyrlarymyz, sungat ussatlarymyz öçme­jek yz galdırdylar, ylym ve döredijilik dünyəsinde uly meşhurlyga eye boldular.

...Kalbymyyzda, anymyzda «Yşk mülkünin şasy» hökmünde ba­ky orun alan Mollanəfəs adamzat duygularynyn hakyky vəsf­çysy­dır, ynsan kalbyna, ynsan yüregine ruhy melhem beriji şahyrdır.
Gurbanguly Berdimuhamedov,

Türkmenistanyn Prezidenti
...Nurmühəmməd Əndəlib, Dövlətməmməd Azadi, Məxdimqulu Fəraqi, Məmmədvəli Kəminə, Molla Nəfəs kimi yüzlərcə alimləri­miz, müdriklərimiz, şairlərimiz, sənət ustadlarımız sönməz iz qoy­du­lar, elm və yaradıcılıq dünyasında böyük məşhurluğa sahib oldular.

...Qəlbimizdə, yaddaşımızda «Eşq mülkünün şahı» hökmündə baqi yer tutan Molla Nəfəs bəşər duyğularının həqiqi tərənnüm­çü­südür, insan qəlbinə, insan ürəyinə ruhi məlhəm verən şairdir.
Qurbanqulu Berdimühəmmədov,

Türkmənistan Prezidenti

Türkmən ədəbiyyatının görkəmli nümayəndələrindən Ən­də­lib, Aza­­di, Məx­dimqulu, Məğribi, Kə­minə, Talıbi, Katibi, Se­yidi, Zəlili ki­mi bö­yük söz us­taları ilə bir cərgədə dayanan Molla Nəfəs XIX əsr türkmən po­e­­ziyası ta­rixinə parlaq istedad sahibi kimi daxil olmuş­dur. Onun bir-bi­rindən gö­zəl gəraylı, qoşma və müxəm­məsləri, ictimai-siyasi məzmun­lu şeirləri, qoşduğu dastanlar on­illiklərdən bəri türkmən xalqının zövqü­nü oxşayır, ona milli şüur aşılayır, gənc nəsil­ləri milli ruhda tərbi­yə edir.

Molla Nəfəsin həyatı haqqında məlumat olduqca azdır. Şairin 1810-cu ildə Marıda (Mərv) təkə türkmənlərinin yazı, başqa bir mə­lu­ma­ta gö­rə, toxtamış tayfasına mənsub Qədirverdi adlı bir sərracın ailəsində dün­yaya gəldiyi təxmin edi­lir. Dövrünün savadlı adamla­rından olan Qədir­verdi eyni zamanda həm də mollalıqla məşğul ol­muş, uşaqlara dərs de­mişdir. Onun Ağacıq bəxşi, Ödək­verdi, Haqver­di ve Molla Nəfəs adlı dörd oğlu olmuşdur. Mütə­­xəs­sislərin fikrincə, Molla Nəfəs şairin lə­qə­bidir, onun gerçək adı Tanrıver­di imiş. Çünkü Xivədə təhsil adlığı za­man müəl­lim­lərinin onu bu adla ça­ğır­dığı ba­rədə vaxtilə şairin oz nəvəsi mə­lumat vermiş­dir. Molla Nəfəsin böyük qardaşı Ağacıq bəxşi də sa­za-sözə bağ­lanmış, döv­rü­nün tanınmış sənətkarlarından ol­muş­dur.

Molla Nəfəs ilk təhsilini evdə atasından, daha sonra Mərvin məş­hur pedaqoqlarından olan Molla Məmmədsalihdən almışdır. Təbii ki, molla­xana təhsili onu qane etməmişdir. Böyük fitri istedada və dərin zəkaya sa­hib olan Molla Nəfəs mükəmməl mədrəsə təhsili almaq arzusunu ata­sı­na bildirmişdir. Oğlunun parlaq yetənəyini və oxu­ma­ğa olan sonsuz ma­rağını görən Molla Qə­dir­verdi onu Buxaraya göndər­mişdir. Gənc şair bu şə­hər­dəki mədrəsədə tanın­mış alimlərdən dərs almış, türk (çağatay), ərəb və fars dil­ləri ilə yanaşı hə­min dövrdə tədris olu­­nan elmləri, o cümlədən ila­hiyyat (Quran, fiqh, təfsir), ri­yaziyyat, hesab, həndəsə, nücum, kimya, dil, ədədbiyyat, tarix, coğrafi­ya sahə­sində dərin bilik əldə etmişdir. Molla Nəfəs daha sonra müəllimlərinin tövsiyəsi ilə həmin dövrün ən iri mədə­niyyət və elm mərkəzlərindən biri, Xarəzm xanlığını paytaxtı Xivə şəhə­ri­nə gedərək oradakı mədrəsəyə daxil olmuşdur.

Ədəbiyyata xüsusi maraq duyan Molla Nəfəs Buxarada və Xivə­də klassik Şərq po­e­ziyasının Xoca Əhməd Yəsəvi, Füzuli, Nəsimi, Nəvai, Yunus İmrə, Nizami, Sədi, Ha­­­fiz, Cami kimi nümayəndə­lə­ri­nin əsərlə­ri­ni, türkmən şa­irlərindən Əndəlibin, Azadinin və Məxdumqulunun şeirlə­ri­ni, ­habelə şi­fahi xalq ədə­biy­yatını, dastan və nağılları diqqətlə öyrən­miş, ədə­biy­yat nə­­zəriy­yəsini, bə­dii ifa­də va­sitələ­ri­ni, ədəbi janrların növ­lərini, bir sözlə, Şərq po­etik sis­temini mükəm­məl şəkildə mənim­səmiş, ilk əsərlərini də elə bu­rada yazmağa baş­la­mış­dır.

Təhsilini başa vuran Molla Nəfəs oz doğma yurduna qayıtmış, bu­ra­da ailə qurmuşdur. Şeirlərindən anlaşıldığına görə, o, Durduxal adlı bir qı­­­za aşiq olmuş, lakin ona qovuşmamışdır. Şair ilk sevgisini ömrü bo­yu unut­mamış, onu daim xatırlamış, bəzi şe­ir­lərində isə adı­nı çəkmişdir:


Nəfəs deyər, yara belim bağlaram,

Gecə-gündüz dərya kimi çağlaram,

Ta ölüncə Durduxal der ağlaram,

Gözlərimdən axar iki çay indi.


Şairin Molla Rəsul və Molla Rəhim adlı iki oğlu olmuşdur. Molla Nəfəsin nəsli­nin davamını kişi xəttilə 1940-cı illərin sonuna qədər iz­lə­mək mümkün olsa da, ikinci dünya müharibəsi dövründə baş verən aclıq və qıtlıq, həmin illərdə bölgədə tüğyan edən qa­rın yatalağı epidemiyası nə­­ticəsində tükən­diyi təxmin edilir.

Sənətkarın özünün ölüm ili də dəqiq bilinmir. Bu barədə bir-bi­rin­­dən kəskin şəkildə fərqlənən fikirlər var. Bəzi tədqiqatçılar onun 1860-cı illərin ortalarında, bəziləri isə 1872-ci ildə vəfat etdiyini ya­­zırlar. Şair oz şeirlərinin birində sinninin 60-ı haxladığını qeyd edir:


Yaşın altmışa yetibdir, novca çağlardan keçib,

Şər işə baş qoyarsan, kari-rəhmətdən qaçıb,

Qəhri-həqdən qorxuban, hər gündə göz yaşın saçıb,

Hər səhərlər «hu» deyib, vəhdət şərabından içib,

Məşrəbü Mənsur kimi məstanə olsan vəqtidir.
Böyük söz ustasının təvəllüd və vəfat tarixləri barədə mübahisə­lər bu­gün də davam edir. Rəsmi ədəbiyyatşünaslıqda Molla Nə­fəsin doğum ta­­rixi olaraq 1810-cu il, ölüm tarixi olaraq 1862-ci il qəbul edilmişdir.

Molla Nəfəs tanınmış aşıq və şair kimi bütün Orta Asiyanı və Qaf­­qa­zı gə­zərək toylar və məclislər keçirmişdir. Onun şeir­lə­rində Çər­cov, Sə­raxs, Murqala, Mürqab, Marı-Şahi-cahan, Ür­gənc, Sə­mər­­qənd, Bu­xa­ra, Əndi­can, Xa­rə­zm, Qən­də­har, Kabil, Herat, Asta­rabad, Həmədan, İs­fa­han, Xo­ra­­san, Teh­ran, Qəzvin, Şam, Bağdad şəhərləri­nin, hətta Misir, İraq, Rum, Firəng ölkələrinin adı çəkilir. Təbii ki, bu coğrafi məkanların bir qis­minin adı poetik ehtiyaca görə zikr edilmiş­dir. Lakin onun Azər­bay­canda olduğu heç bir şüb­hə doğurmur. Şair bir şeirində belə ya­zır:


Təvriz diyarında olmuşam səyyad,

Həzirbaycan şəhrin gəzdim adbaad.


Deməli, ulu türkmən şairi Odlar yurdunu da gəzmiş, bura­dakı şair və sənətkarlarla görüşmüş, Azərbaycan ədəbiyyatı haqqında əlavə mə­lu­mat­lar almışdır.

Maraqlıdır ki, Molla Nəfəslə onun dahi sələfi Məxdumqulu Fə­raqi­nin ədəbi ta­leyi arasında böyük bənzərlik vardır. Onların hər ikisi əvvəlcə ev­də öz ata­la­­rından dərs almış, sonra mollaxanada, daha sonra isə Buxara və Xi­və­ məd­rəsələrində oxumuşlar. Zaman etibarilə ara­larındakı yetmiş il­lik fər­qə bax­mayaraq təxminən eyni proqram üzrə təhsil almış, eyni el­mi və ədəbi məktəblərdə, eyni mə­nə­vi iqlimdə və mühitdə nəşvi-nüma tap­­mışlar. Bu oxşarlıq onların yaradıcılığında da özünü biruzə verir. Xü­susilə üç möv­zu hər iki sənətkara çox doğma və əzizdir: türkmən birliyi, dini-ruhani şeirlər və lirika. Onu da vurğulamaq lazımdır ki, Molla Nəfəs məhz Məxdumqulunun davamçısıdır. Mövzu və janr baxımından Mə­x­dumqulu daha geniş və əhatəli olduğu halda, Molla Nəfəsin yaradıcılı­ğın­da lirika üstünlük təşkil edir. Onun məhəbbət şeir­ləri saf və göz yaşı kimi dumduru bir çeşməni andırır. Bu əsərlər sadə, incə, hə­zin və səmi­midir, mayasını və qidasını xalq yaradıcılığından, doğma türkmən folk­lo­rundan alır. Şairin gəraylı, qoşma, qəzəl, müxəmməs, müsəddəs janrla­rında qə­ləmə aldığı əsərlər, xüsusilə türkmən qızının fiziki və mənəvi gö­zəlliyini, saf eşqi, məhəbbəti vəsf edən «Dəlbəra», «Nazənin», «Göz­lə­rin», «Ay­rıldım», «Ola, ya olmaya», «İs­tə­yib gözəl yarı», «Gözəl», «Kiç­ginə», «Tapılmaz», «Dilbər», «Qız», «Dedim-dedi» və digər şeirləri öz ül­viliyi ilə seçilir.

Şərq poezi­ya­sı­na xas olan epitet və bən­­zət­mə­lər, mə­cazlar sistemi ümumən on­lara ha­kim olsa da, şairin deyim tərzi bir çox hallarda ol­duqca ori­jinal və yeni­dir. Xüsusilə onun gəraylı, qoş­ma və müxəm­məs­ləri öz lirizmi ilə adamı heyrətə salır. Mə­sələn:
Dilbər, yazım vəsfini,

Yandım ki fərağından.

Mən təşnəni yandırma,

Busə ver dodağından.


Yar qaməti ərərdir,

Rüxsarı onun zərdir,

Aləm ki münəvvərdir

Köksündəki ağından.


Və yaxud bu bəndin poetik mükəmməlliyinə, gözəlliyinə diqqət ye­tirək:
Tiği-peykanından bağrım dəlindi,

Razıyam, öldürüb canım al indi,

Qara zülfün üzdə yüz-yüz bölündü,

Hər zülfün üzündə yüz para könlüm.


Şairin qismən irihəcmli məhəbbət şeirləri də həm məz­mununa, həm də formasına görə fərqlənir. Onun «Bu məkana gəlmişəm» ad­lı po­eması isə öz orijinallığına görə dünya poeziyasında misli-bəra­bəri ol­ma­yan bir şedevrdir. Bu əsərdə eşq ən yüksək poetik səviyyədə ülvi­ləş­di­rilmiş, hətta ila­hiləş­di­rilmişdir. Bu­nu başqa heç bir şairin yara­dıcılı­ğın­da görə bil­mi­rik. Molla Nəfəs lirikasının zirvəsi olan bu əsər üzərində bir qədər geniş dayanmağa ehtiyac var. Müsəddəs janrında aaaaba, ccccda, ssssta sxemi üzrə yazılan poema altı misralıq 34 bənddən iba­rətdir. Sər­bəst olan hər beşinci misra iki yerə bölünərək öz arasında qa­fiyələnir ki, bu da gözəl bir şeiriyyət yaradır. Məhəbbət himni adlandırılan bu poema­nın aşağıdakı xüsusiyyətlərini qeyd etmək mümkündür:

1. Poema qəhrəmanlarının böyük əksəriyyəti dini obrazlardır. Onla­rın arasında Allahı (əsərdə həm də başqa adları ilə – Mövlam, Rəhman, Mür­təza pirim adları ilə yad edilir), mələkləri (Cəbrayıl və Əzrayıl), pey­ğəmbərləri (İbrahim, Xıdır, İlyas, Davud, İsa, Yəqub, Əyyub, Loğman, Yu­sif, Süleyman, sahib-axır-əz-zaman Mehdi), fəriştələri (adbaad gös­tə­rilməsə də) görürük;

2. Poemanın bəzi personajları islam dininə mənsub tarixi şəx­siyyət­lərdir. Burada Məhəmməd peyğəmbəri (əsərdə Əmin adı ilə veri­lir), onun dörd əshabəsindən üçü (Ömər, Osman, Əli) və ardıcılı Veysəl Qərani, bö­yük mütəsəvvif şair Xoca Əhməd Yəsəvi iştirak edirlər;

3. Bunlardan başqa, poemada bəzi mifik, əfsanəvi və tarixi şəxsiy­yətlərin, o cümlədən dində böyük yeri olan 360 ərənin, Sü­leymanın ar­va­dı Bilqeysin, Yusifin sev­gilisi Züleyxanın, Məcnunun və Fərhadın, Ha­runun və Hatəm Tainin adları çəkilir.

Poemanın süjeti olduqca sadədir. Onun mərkəzində şairin sevgi­li­sı dayanır. Bu qənirsiz dünya gözəlini görən bütün mələklər və peyğəm­bər­lər ona vurulurlar. Yer üzündə bir qarışıqlıq olduğunu görən Allah qə­zəb­lənərək Əzrayılı onun canını almağa göndərir. Lakin ölüm mələyi hə­min qı­zı görüncə «Can verməyə gəlmişəm» deyir və verilən əmri unudur. Ya­qub Yusifi, Yusif Züleyxanı, Sü­leyman Bilqeysi yaddan çıxarır. Əlinin Zülfüqarı əlindən yerə düşür. Bütün dərdlərin dərmanı Loğman o qızdan dərman almaq üçün yalvarır. Allah bu dəfə Cəbrayılı göndərir. O da gör­düyü mənzərə qarşısında heyrətə gəlir və aşiqlər cərgəsinə qoşulur:

Cəbrail nəzər salar, qafil oturmuş Osman,

Bihuş, yerdə təprənər Xıdır, İlyas, Süleyman.

Yusif, Əyyub, ərənlər, Yəqub, Davud, həm Loğman,

Veys, Əhməd Yəsəvi, İbrahim çəkib ərman,

İsa özün unudub,

Bir dilbəri yad edib,

Derlər: «Eşq yandırdı, həqq, lərzana gəlmişəm».


Axırda Allah özü vəziyyəti yerində tədqiq etmək üçün laməkandan yer üzünə gəlir və qızı görərək özündən gedir. Qız bildirir ki, o, Molla Nə­fəsin yarıdır. Əsərin son parçasında şair yazır:
Çəkdi sünbül saçların nazlı dilbər üzündən,

Gün tutulub, bu aləm şölə aldı gözündən,

Mövlam taqət gətirməz, getdi şol dəm özündən,

Dedi yarım: «Həqq aşiq dönə bilməz sözündən,

Hökmü rəvan Birivar,

Mən Nəfəsə xiridar,

Bir şol deyib əzəldən, bu məkana gəlmişəm».
Çıxdı suyi-asmana gecələr çıxan ahım,

Aşna oldu canana, nəzər qılsın xudahım,

Vallah, həqqin alnında olmaz mənim günahım,

Məşuq varın saxlayır, eşq müqəddəs pənahım,

İnsan Nəfəsin yarı,

Külli aləm qərarı,

Mən əndəlib xoşbəxt, nov reyhana gəlmişəm.
Molla Nəfəsin vətəndaşlıq, vətənpərvərlik şeirləri də öz milli ru­hu­na görə diqqəti cəlb edir. Həmin dövrdə Türkmənistanı, eləcə də bütün Tür­küs­tanı is­ti­la etməyə çalışan çar Rusi­yasına, ara-sıra baş verən İran hü­cumla­rına qarşı mübarizədə öz sazı-sö­zü, hətta silahıyla iştirak edən Molla Nə­fəsin belə vuruş­maların birində yaralanaraq şə­hid olduğu barə­də rə­vayət­lər də vardır. O, ana vətəni, yurdu igid­liklə qoruyan türkmən sər­kərdələ­ri­­nin, xan­ları­nın, bəylərinin rə­şadətini tərən­nüm etmiş, döyüş­çü­­lə­ri qə­lə­bəyə ruhlan­dır­mışdır. Şairin Qara­oğlan, Qa­carbay, Övəzmura­d xan, Mir Məmməd xan və digər adlı-sanlı rəhbərlərin şə­ninə həsr etdiyi 20-dən ar­tıq şeir, milləti birliyə səsləyən qoşmalar buna parlaq nümunə­dir. Bun­ların arasında «Yetişsin», «Sərdarı», «Bərqərar olsun», «Qara­oğlan», «Gə­­lən Qaraoğlan», «Gəldi», «Bəylər», «Deyim», «Sutnanıdır» şeirləri öz mübariz ruhu ilə fərqlənir. Türk-islam birliyindən çıxış edən Molla Nəfəs «Cahana gəldi» şeirində qonşu Xarəzmdən səksən minlik bir ordu­nun türkmən qoşununa köməyə gəldiyini sevinclə xəbər verirdi:
Xarəzm şəhrindən səksən min ləşkər,

Məmmədəmin xandan nişana gəldi.


Şairin ictimai-siyasi məzmunlu şeirləri sayca çox olmasa da, məz­munca dərin və dəyərlidir. Bu əsərlərdə haqsızlığa, ədalətsizliyə qarşı eti­raz, dünyanın gərdişindən şikayət motivləri güclüdür. Mərdliyə, kişiliyə, insanlığa böyük qiymət verən şairin həyat kredosu belədir: «Qırx ol ma­ya kimi gəzməkdənsə, bir il nər kimi gəzmək yaxşıdır». Onun «Nər kimi gəz», «Ayrıldım», «Gəlmişəm», «Xəbər ver», «Var ikən», «Olar», «Baş olar», «Vəqtidir» adlı şeirlərində sosial motivlər güclüdür.

Molla Nəfəsin yaradıcılığında dini şeirlər də mühüm yer tutur. Şa­irin Allaha, Məhəmməd peyğəmbərə həsr olunmuş «Edən cəlil», «Gör­düm», «Məhəmməd», «Fəda eylədi» kimi şeirləri diqqəti cəlb edir.

Təəssüf ki, Molla Nəfəsin şeirlərinin böyük əksəriyyəti bizə gəlib çatmamışdır. Xüsusilə ötən əsrin 20-30-cu illərində keçmiş Sovet İtti­fa­qında türk xalqlarının ziyalılarına qarşı yürüdülən qanlı repres­siya­lar, türk tarixinə, mədəni irsə vurulan ağır yaralar bir sıra sənət­kar­la­rı­mız ki­mi Molla Nə­fəsin də sovet-bolşevik ideologoyası ilə ziddiyyət təş­kil edən bir çox əsər­lə­ri­nin nəşr edilməməsi, gizlədilməsi, üzə çı­xarıl­ma­ma­sı, hət­ta yan­dı­rılması ilə nə­ti­cələn­miş­dir. Puşkinin «Qaf­qaz, təs­­lim ol, üs­tü­nə Yer­molov gəlir» mis­rası bol­şe­vik qılığına girən veli­ko­­­rus şo­viniz­minə nə qə­dər xoş gəl­mişsə, Mol­­la Nəfəsin, Çolpa­nın, El­bə­kin, Batunun, Mağ­ca­nın, Al­mas İldırı­mın, Əh­məd Cavadın mil­li şeir­lə­ri onu o qə­dər qı­­­­cıq­lan­dırmış, təşvişə salmışdır. Elə bu sə­bə­bə gö­rə də Molla Nəfəsin ic­­­ti­mai-si­ya­si lirikasının, mil­­li azad­lıq və və­tən­­pərvərlik möv­zusunda yaz­­­­dığı əsər­lə­rinin üs­tün­dən sovet döv­rün­də sü­kut­la keçil­mişdir. Onun di­ni-didaktik məzmunlu şeirləri də eyni aqibə­tə uğ­ramışdır.

Bundan başqa, Molla Nəfəsin bəzi şeirləri başqa şairlərin, xüsu­silə Sayadi, Miskin Nəfəs, Məxdimqulu, Kəminə, Talıbi, Molla Murad, Kati­bi və başqala­rı­nın adı­­na çı­xıl­mışdır. Təbii ki, sırf ədə­biyyatşünaslığa aid olan bu mə­sə­lələr ya­vaş-yavaş öz həllini tapır. Lakin də­qiq olan bir mə­sələ var­dır. Sovet döv­ründə Molla Nəfəsin yaradıcılığı öz həqiqi qiymə­tini al­ma­mışdır. Onun ilk şeirlər kitabı yalnız 1940-cı ildə (cəmisi 27 şeir) nəşr edilmişdir. 1947-ci ildə çapdan çıxan kitabında 75 şeir, 1955-ci il­­də bu­ra­xılan kita­binda isə vur-tut 70 şeir veril­mişdir. 1961, 1962, 1963 və 1973-cü illərdə də nəşr olu­nan kitablara şai­rin ədəbi irsinin so­vet ide­o­logiyası ilə «səs­ləşən» kiçik bir qismi d­a­xil edilmişdir. Ötən il Türk­mə­nistanın «Mi­ras» Milli Mə­dəniyyət Mər­kəzi şairin həcmcə ən iri, ən mü­kəm­məl şeir­lər toplusunu (ça­pa ha­zırla­yan An­­naqurban Aşı­­­rov) oxu­cu­lara təqdim et­mişdir.

Molla Nəfəsin zəngin irsində «Zöhrə-Ta­hir» das­tanı xüsusi yer tu­tur. Xalq arasında təxminən X-XII əsrlərdən bəri yayılmağa başlayan, eş­qin-məhəb­bətin və humanizmin əbədi və ədəbi abidəsi olan bu əsər Mol­la Nəfəs tərəfindən ta­mamilə yenidən işlənərək orijinal bir hala gəti­ril­miş, türkmən həyatının, ruhunun, mədəniy­yətinin və etnoqrafiyasının en­siklo­pediyası səviyyəsinə çatdırıl­mışdır. Molla Nəfəs dastanı tam bir zər­gər də­­qiqliyi ilə cilalamış, onun süjetini, qəhrəmanlarının xarakterini tək­mil­­ləşdirmiş, şeirlə­ri­ni yenidən yazmışdır. Buna görə də Molla Nəfəs de­dik­də ilk növbədə «Zöhrə-Ta­hir» das­­tanı, «Zöhrə-Ta­hir» das­tanı dedikdə isə Molla Nə­fəs yada düşür. 2009-cu ildə Türk­mənistanın «Mi­ras» Milli Mə­dəniyyət Mər­kəzi şairin «Zöhrə-Ta­hir» das­tanını (nəşrə ha­zırlayan Rəh­manverdi Qo­da­rov) nəfis şəkildə nəşr etmişdir.

Qardaş türkmən xalqı öz böyük övladının 200 illik yubileyinə cid­di şə­kildə hazırlaşır. Müstəqil Türkmənistanda bu tipli yubileylər keçirmək xoş bir ənənə halını almışdır. İlboyu ölkədə Molla Nəfəsin anadan olma­sının 200 illiyi münasibətilə bir-birin­dən maraqlı tədbir­lər təşkil edilməsi planlaşdırılır. Bu münasibətlə Türkmənistan Prezidenti Q.M.Ber­di­mü­həmmədov tərəfindən imza­lanan 6 noyabr 2009-cu il tarixli fərmana uy­ğun olaraq Türkmə­nistan Elmlər Akademiyası Marı vila­yətinin icra ha­ki­miyyəti ilə birlikdə 7-10 aprel 2010-cu ildə Marı şə­hərində «Molla Nəfəs və XIX əsr­də tükmənlərin həyatı» mövzusunda beynəlxalq elmi kon­frans keçirə­cək. Bu elmi məclisdə şairin həyatı və dövrü, onun liri­ka­sı və Şərq ədə­biy­yatının problemləri, «Zöhrə-Tahir» dastanı və Molla Nəfəsin po­etik şəx­siyyəti, sənətkarın ədəbi irsi və xalq yaradıcılığı ki­mi möv­zular mü­zakirə ediləcək. Bir şairin yubileyinə bundan gözəl töh­fə ola bil­məz.

Məmnuniyyətlə qeyd et­mək lazımdır ki, Türkmənistanda hər il müx­təlif mövzu­lar­da bir-bi­rindən maraqlı simpozium və konfranslar ke­çi­rilir. Məsələn, son illər­də dahi ensik­lopedist və dil­çi Mahmud Kaşğari­nin, böyük mütəfəkkir Zə­məx­şərinin və baş­qa ko­rifeylərin yubiley­lərinə, Səlcuq dövrünün mə­də­niyyətinə və ədə­biy­­yatına, türkmən xalçasına, türk­­mən atına həsr olu­nan beynəlxalq elmi tədbirlər xarici mütəxəssislər, o cümlədən Azər­baycan alimləri tə­­rə­findən razılıqla qarşılanmışdır. Şüb­hə yox ki, Molla Nə­fəsin yu­bileyi ilə bağ­lı təşkil olunacaq beynəlxalq el­mi konfrans da həm şai­rin, dolayısı ilə türkmən mədəniyyətinin və ədə­biy­yatının ta­nı­dıl­masın­da, həm də müstəqil Türkmənistanın beynəlxalq imi­ci­nin yük­­səlmə­sin­də mühüm mər­hə­­­lə kimi yadda qalacaq.

Azərbaycanlılar və türkmənlər daima bir-birinə qarşılıqlı şəkildə də­­­rin məhəbbət bəsləmiş, soyu, qanı, canı, ruhu bir olan iki qardaş xalq ki­­mi mədəniyyət, xü­susilə də ədə­biyyat, musiqi, teatr, kino sahəsin­də hə­mi­şə bir-birindən öyrən­miş, faydalanmışlar. Bu mənada Molla Nəfəsin anadan olmasının 200 illiyi Azərbaycanın da bayramıdır. Biz də Azər­bay­can ziyalıları ola­raq böyük türkmən şairi, ümum­türk ədəbiyyatının görkəmli nümayən­dəsi Molla Nə­fəsin yubi­leyinə kiçik bir qardaşlıq töh­fəsi vermək istə­dik və bu kitabı ha­zırladıq. Zənnimizcə, bu kitab şairin sə­nətinə sonsuz rəğ­bət bəsləyən Azərbaycan oxucularına gözəl hədiyyə olacaq, xalq­la­rı­mız və ədəbiy­yat­larımız ara­sındakı əlaqələrin inkişa­fı­na təkan ve­rəcək. Onu da qeyd et­mək lazımdır ki, əvvəllər ölkəmiz­də şairin bəzi şeirləri çap edilsə də, bu, Molla Nəfəsin Azərbaycanda nəşr olunan ilk ki­ta­bıdır.

Biz bu kitabı TÜRKSOY kitabxanası seriyası silsiləsindən yu­­bi­ley ilində nəşr etməklə Türk Dünyasının UNESCO-su olan TÜRKSOY-un türk xalqlarının bir-birinə yaxınlaşması, ümumi in­kişafı və qarşılıqlı zənginləşməsi uğrunda apardığı coşğun fəaliy­yətə də dəstək hesab edi­rik. Molla Nəfəsin «Bu məkana gəlmişəm» kitabı 31 mart–4 ap­rel 2009-cu il­də İstanbulda TÜRKSOY tərə­fin­dən təşkil olu­nan «Türk Ləh­cələri Ara­sın­da Uyğunlaşdırma Ça­lış­malarının Bu­günkü Durumu və Qar­şı­la­şı­lan Problemlər» mövzu­sunda Beynəlxalq simpozi­umun tövsiyə­lərinə və ye­kun bəyanna­məsinə uyğun olaraq nəşr edilir. Gələcəkdə türk xalqları ədəbiy­yatlarından ayrı-ayrı şairlə­rin əsərlərini, habelə poeziya və hekayə antologiyalarını nəşr et­mək­ sahəsində işi davam etdirəcəyik.

Burada bir məsələni də vurğulamaq istəyirik: bu layihə bütün­lüklə kö­nüllülük əsasında və təmənnasız olaraq həyata keçiril­mişdir. Molla Nəfəsin 200 illik yubileyi ərəfəsində biz, bir qrup Azərbaycan ziyalısı, şa­irin şeirlərini ayrıca kitab halında ana dili­mizdə nəşr etmək qərarına gəl­dik. Bu məqsədlə Türkmənistanın «Mi­ras» Milli Mədə­niy­yət Mərkə­zinə müraciət edərək bizə kömək göstərməyi xahiş et­dik. Aşqabaddan bizə Molla Nəfəsin çapdan yeni çıxmış şe­ir­lər kita­bı­nın elektron variantı göndərildi və biz qısa müd­dət ər­zində bi işi ba­şa çatdırdıq. Bu layihə­yə qa­tılan hər kəs, o cümlədən tərtibçi möh­tə­rəm Prof. Dr. Anna­qur­ban Aşı­rov, kitabı türkməncə­dən ana dilimizə uyğunlaşdıran və ön sözün mü­əl­lifi bən­dəniz Ramiz Əskər, redak­toru hörmətli Əli Şamil bu işi türk­lüyə bir xidmət ol­sun deyə heç bir mə­vacib və ho­norar almadan tə­mən­nasız ye­ri­nə ye­tir­mişlər. Min Bir Mah­nı nəşriy­yatının sahibi əziz dostu­muz Ra­fiq Baba­yev isə kitabı pulsuz çap etmişdir.

Türklüyə xeyirli-uğurlu olsun!
Ramiz ƏSKƏR

Bakı, 10 yanvar 2010-cu il


NƏR KİMİ GƏZ
Könlüm, sənə nəsihət: gəzsən sərbəsər gəz sən,

Tanı dostu, düşməni, öylə baxəbər gəz sən,

Yağı ilə yol getsən, daim səfərbər gəz sən,

Gəzsən dünya üzündə, müdam təzə-tər gəz sən.

Qırx il maya tək gəzmə, bir il nər kimi gəz sən.
İki adam vuruşsa, çalış buna yol vermə,

Birisinə gap verib, o birnə al vermə,

Əvvəl adamdan qaçma, qaçsan əsla əl vermə,

«Can ağa, özün bil» de, hər nakəsə yalvarma,

Qırx il maya tək gəzmə, bir il nər kimi gəz sən.
Nəfəs deyər kəm durma tay-tuşundan, dost-yardan,

Pul tapmasan, borc alma nakəsdən, sələmxordan,

Hər dinəndə, qəm basar, könlün dolar qubardan,

Doğmaz doxsan dörd ildə, boğaz olsa ər ərdən,

Qırx il maya tək gəzmə, bir il nər kimi gəz sən.


DUYSA
Əgər hind ovçusu çıxsa şikara,

Özgə ov isləməz, fil səsi duysa.

Saray məkan olsa bülbülü-zara,

Saraya od salar, gül səsi duysa.


Gündüzə gün zinət, gecəyə məhtab,

Gümüş zərə möhtac, altına simab,

Dərya görkü balıq, həm dürri-nayab,

Bulur, rövşən tapar, kül səsi duysa.


Yaxşı qız dilavər, olsa sipayi,

Üzü məhtab kimi, on dördü ayın,

Qaçar bəd adamdan, olmaz hərcayi,

Çıraq tez gizlənər, yel səsi duysa.


Pis qadın yaşamaz bir kişi ilə,

Yaşayar öz əski vərdişi ilə,

Görüşər, buluşar oynaşı ilə,

Tez qaçar onunla, «gəl» səsi duysa.


Acgöz adam sevər sərvəti, malı,

Bir gün bitab olub, getsə məcalı,

Dönüb-təprənməyə olmasa halı,

Qalxar dirsək üstə, pul səsi duysa.


Ceyran balasına baxsan, becərsən,

Su yerinə şəkər-şərbətlər versən,

Gül ilə bəsləsən, bir gün görərsən,

Yanından qaçacaq, çöl səsi duysa.


Qula dövlət gəlsə, saymaz ağasın,

Məsəldir: xər doysa, təpər yiyəsin,

Tutsan qırx ipəyə donuz balasın,

Yenə qaçıb gedər cul səsi duysa.


Namərdlər şad olar əgər şər desən,

Getməz, hətta cahad üçün get desən,


Xəsislərin canı çıxar, ver desən,

Təzədən can gələr, «al» səsi duysa.


Harunun mülkünü alsa bir kişi,

«Pulum az» söyləmək olacaq işi,

Nuhun öz yaşına yetişsə yaşı,

Almaz qulağına, «öl» səsi duysa.


Adət etsən səhər tezdən durmağa,

Niyyət etsən haq yolunda getməyə,

Şeytan hazır olar könül vurmağa,

Quldur üz gizlədər, yol səsi duysa.


Nəfəs, sən sözləgil ulus-ellərə,

Bülbülü-şeydasan təzə güllərə,

Şirin bal qat dastan içrə dillərə,

Arı hücüm eylər, bal səsi duysa.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə