«amea naxçıvan bölməsi. Xəbərlər. İctimai və humanitar elmlər seriyası»



Yüklə 244,05 Kb.
Pdf görüntüsü
tarix15.08.2018
ölçüsü244,05 Kb.
#62832


«AMEA  Naxçıvan  bölməsi.  Xəbərlər.  İctimai  və  humanitar  elmlər  seriyası».-2010.-№3.-Cild

6.-S.13-26.



AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ NAXÇIVAN

İSMAYIL HACIYEV

AMEA Naxçıvan Bölməsi Email: 

ismayil_haciyev@yahoo.com

1918-ci  ilin  mayında  müsəlman  şərqində  ilk  dəfə  yaradılmış  yeni  suveren  dövlət  -  Azərbaycan  Xalq

Cümhuriyyəti  çətin  və  mürəkkəb  şəraitdə  23  ay  yaşayıb  fəaliyyət  göstərdi.  Bu  Cümhuriyyət  Rusiya  ilə  yanaşı

dünyanın  böyük  dövlətlərinin  - ABŞ, İngiltərə  və  Fransanın  siyasi,  iqtisadi  siyasətlərinin  məngənəsində  mübarizə

aparmalı  oldu,  öz  suverenliyini  qoruyub  saxlamaq  üçün  bütün  vasitələrə  əl  atdı,  bu  yolda  çox  mürəkkəb

problemlərlə üzləşdi. Bu dövlətlərin təzyiqi altında  1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası Azərbaycan -

Ermənistan  arasındakı sərhəd  problemini  müzakirə  edərkən  öz  suverenliyini  qoruyub  saxlamaq  naminə  İrəvanın

ermənilərə verilməsi qərarını çıxarmağa məcbur oldu və bu qərarı ürək ağrısı ilə "tarixi zərurət", "labüd bəla" hesab

etdi (2, v. 51).

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  qonşu  ölkələr  Azərbaycana  qarşı  bir  sıra  ərazi  iddiaları  irəli

sürürdü.  Bu  zaman  onun  ərazisi  113.895,  97  kv.  km  idi.  Onun  97.296,67  kv.km  mübahisəsiz,  16.598,30  kb  km-i

mübahisəli zonaları əhatə edirdi (3, s. 161).

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin

şəraitdə mübarizə aparır, bütün imkanlardan istifadə edir, taleyüklü məsələlərin həllinə çalışırdı.

Azərbaycan tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinin daxili ilə xarici siyasəti, Antanta ölkələri ilə

 əlaqələri,  qonşu  ölkələrlə  münasibətləri,  daxili  regionlarla  əlaqələrin  inkişaf  etdirilməsi  kimi  məsələlər  bir  sıra

tarixçilər tərəfindən öyrənilmişdir.

Bu  sahədə  T. Svyatoçovski,  O. Alştadt,  C. Həsənli,  N. Nəsibzadə,  İ. Musayev,  A. Hacıyev,  B. Nəcəfov,

A. Balayev və başqa alimlərin tədqiqatları diqqəti xüsusilə cəlb edir.

Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  Naxçıvanın əlaqələrindən  tədqiqat  əsərlərində  bəhs  edilsə  də  problemin

bütün  məsələləri  öyrənilməmişdir.  Hətta  bu  problemlə  bağlı  müxtəlif  fikirlər  mövcuddur.  Azərbaycan  sovet

tarixşünaslığında  belə  bir  fikri  əsaslandırmağa  çalışmışlar  ki,  guya  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti

ayrı-ayrı bölgələrin  ərazi  toxunulmazlığını və  onların  əhalisinin  təhlükəsizliyini  nəinki  təmin  edə  bilməmiş,  hətta

buna  cəhdlər  belə  göstərməmişdir.  Lakin  arxiv  sənədləri,  obyektiv  araşdırmalar  bu  mövqeyin  həqiqətə  uyğun

olmadığını  göstərir.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  "rəhbərliyi  və  yerli  hakimiyyət  orqanları  imkanları

daxilində  bu  problemlərə  diqqət  yetirmiş,  torpaqlarımızın  bütövlüyü  və  suverenlik  məsələlərində  daxili-xarici

düşmən  qüvvələrə  qarşı barışmaz mövqe  tutmuşlar" (12,  s.  142).  Azərbaycan  Xalq  Cümhuriyyətinin  hökuməti  və

parlamenti  öz  fəaliyyətində,  daxili  və  xarici  siyasətində  Naxçıvanla  bağlı  bir  sıra  məsələlərə  diqqət  yetirmiş,

bölgənin  ermənilər  tərəfindən  tutulmasına  imkan  verməmiş  və  ona  siyasi,  hərbi,  maddi  və  mənəvi  köməkliyini

göstərmişdir.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradılması ilə  əlaqədar  Naxçıvan  ətrafında  yeni  konkret  tarixi  şəraitdə

sosial  və  ictimai-siyasi  qüvvələrin  yeni  nisbəti  yaranmışdı.  Cümhuriyyətin  fəaliyyət  göstərdiyi  dövrdə  baş  vermiş

sosial və siyasi proseslər bir-biri ilə çox sıx əlaqəli inkişaf edirdi. Bu proseslər daxili və xarici amillərin mürəkkəb

qarşılıqlı təsirini əks etdirən bir mənzərə yaratmışdı.

RSFSR çar Rusiyasından miras qalmış millətçilik ideologiyasını hər vəchlə müdafiə və inkişaf  etdirərək çox

mürəkkəb  şəraitdə  müsəlman  aləmini  parçalamaq,  bu  regionda  ona  arxa  ola  biləcək  xristian  dövləti  -  Ermənistan

Respublikası  yaratmaq  məqsədi  ilə  cəhdlərini  daha  da  genişləndirirdi.  Rusiya-Türkmənçay  müqaviləsi  əsasında

Azərbaycandan  qoparıb  imperiyaya  birləşdirilmiş  ölkəmizin  tarixi  torpaqlarının  -  İrəvan  quberniyasının,  həmin

əraziyə  tabe  edilmiş  Naxçıvan  diyarının,  Şərur-Dərələyəz  və  Ordubad  qəzalarının  süni  surətdə  yaradılmış

Ermənistana birləşdirilməsini elan etdi.

Həmin illərdə Naxçıvan məsələsi həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif mənafelərin toqquşduğu,

ziddiyyətlərin  kəsişdiyi  düyün  nöqtələrindən  birinə  çevrildi.  Bu  dövr  Naxçıvanda  hakimiyyətsizlik,  hakimiyyətin

tez-tez  dəyişilməsi  illəri  olmuşdur.  Bu  müddətdə  Ermənistan  Respublikası,  Xüsusi  Zaqafqaziya  Komitəsi,

müsavatçılardan  və  daşnaklardan  ibarət  yaradılmış  Milli  Komitələr,  ABŞ,  İngiltərə,  Türkiyə  arasında  Naxçıvana

yiyələnmək uğrunda ardı-arası kəsilməz mübarizə meydanı olmuşdur.

Ermənistan Respublikasının Naxçıvana hücumları, hakimiyyət çəkişmələri bu ölkəni daha çıxılmaz vəziyyətə

salmışdı. Əhalinin xeyli hissəsi qaçqına çevrilmişdi, aclıq hökm sürürdü.

Naxçıvan diyarına 1828-30-cu  illərdə  köçürülmüş  və  orada  məskunlaşmış  erməni  əhalisi  diyarda  vəziyyətin

daha da mürəkkəbləşməsinə kömək edirdi. Naxçıvandakı ermənilərə, xarici silahlı qüvvələrə arxalanan Ermənistan

Respublikası Naxçıvan diyarına yiyələnmək üçün öz fəaliyyətlərini daha da genişləndirirdi. ABŞ, İngiltərə, Fransa,

Rusiya  dövlətləri  Ermənistan  Respublikasına  hərtərəfli  yardım  göstərirdilər.  Naxçıvan  erməniləri  diyarın

təkləndiyindən  və  daxildəki  ziddiyyətlər,  habelə  hakimiyyətsizlik  məngənəsində  boğulduğundan  istifadə  edərək

Naxçıvanın  ən  yaxın  vaxtlarda  Ermənistana  birləşdiriləcəyi  barədə  şayiələr  yayır,  bu  yerlərin  Ermənistanın  bir



hissəsi  olduğunu  iddia  edirdilər.  Erməni  qüvvələri  vəziyyətin  mürəkkəbliyindən,  qarışıqlıqdan  istifadə  edərək

"Böyük  Ermənistan"  yaratmaq  üçün  ərazi  iddiaları  irəli  sürürdü.  Ermənilər  torpaq  iddialan  ilə  bağlı  layihə

hazırlamış  və  bunu  Ənvər  paşaya  təqdim  etmişdilər.  Bu  layihəyə  görə  Naxçıvan  və  Ordubadla  birlikdə  Sürməli,

Axalkələk,  Eçmiədzin,  İrəvan  (qəzası),  Borçalı,  Qazax,  Şərur-Dərələyəz,  Qarabağ  və  Zəngəzur  qəzaları

Ermənistana  verilməli  idi  (10,  s.  116).  Ermənilər  bu  tələblərini  onunla  əsaslandırırdılar  ki,  guya  bu  qəzaların

əhalisinin  70  faizi  ermənilərdir  (1,  v.  4).  Əslində  isə  Şərur-Dərələyəz  qəzasında  əhalinin  72,3  faizini,  Naxçıvan

qəzasında  62,5  faizini,  İrəvan  qəzasında  60,2  faizini,  Sürməlidə  70  faizini,  Qara-yazıda  89  faizini  azərbaycanlılar

təşkil edirdi (10, s. 366).

Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandığı  gündən  Naxçıvan  diyarının  əhalisi  bu  respublika  ilə  birləşməyə

hazır  olduğunu  bildirsə  də  mövcud  siyasi  və  beynəlxalq  vəziyyət  Naxçıvan  əhalisinin  arzusunu  həyata  keçirməyə

imkan vermirdi. Naxçıvanı Azərbaycandan ayırmaq meyilləri getdikcə güclənirdi.

1918-ci  ilin  yayında  Naxçıvan  ikitərəfli  təhlükə  ilə  rastlaşdı.  Bir  tərəfdən  Naxçıvana  köçürülən  və  burada

yaşayan  erməni  əhalisi  bu  diyarın  Ermənistana  birləşdiriləcəyi  barədə  yayılan  şayiələrdən  ruhlanaraq  Naxçıvana

Ermənistanın bir hissəsi kimi baxır və diyarın müxtəlif yerlərində hər cür fitnəkarlıq törədirdilər. Digər tərəfdən isə

daşnakların ingilislərdən geniş yardım alaraq Culfanı özəlinə keçirmiş qaniçən Andranik Ozanyan Naxçıvanın şəhər

və kəndlərini talan edir, dinc əhalini kütləvi surətdə qırırdı: Yaycı, Dizə, Düylün, Süst, Çeşmə-basar, Tumbul və b.

kəndlər  tamamilə  dağıdılmışdı.  Lakin  bu  azğınlıqlara  baxmayaraq  müttəfiq  dövlətlər  -  İngiltərə  və  Fransa

daşnakların hərbi əməliyyatlarına yardım göstərdiklərini bildirməkdə davam edirdilər.

Belə  ağır  vəziyyətdə  Naxçıvan Milli  Komitəsi  haqlı olaraq  türklərlə  əlaqəni  daha  da  genişləndirməyi  lazım

bildi. Həmin vaxtda türklər Şərur-Dərərləyəz və İrəvan-Culfa dəmir yolunu öz əllərinə keçirərək Naxçıvana doğru

irəliləyirdilər.  Kazım Qarabəkir  paşanın  komandanlığı altında  olan  türk  diviziyası Şərur  qəzasına  daxil  olduqdan

sonra  hücumu  müvəqqəti  dayandırmış  və  beləliklə  Andranikin  Naxçıvanı  ələ  keçirməsi  üçün  əlverişli  imkan

yaranmışdı. Belə bir şəraitdə Naxçıvan Milli Komitəsi daşnakların sayca üstün qüvvələri ilə döyüşə girmədən geri

çəkilməyi məqsədəuyğun sayırdı.  Bununla belə bütün xalq öz torpaqlarının müdafiəsi üçün ayağa  qalxdı.  Nehrəm

kəndində qonşu kəndlərin nümayəndələrinin fəal iştirakı ilə xalq qoşun dəstələri yaradıldı.  Xalq qoşunu 1918-ci il

iyunun  axırlarında  Nehrəm  kəndi  yaxınlığında  Andranikin  quldur  dəstəsi  ilə  qarşılaşaraq  onu  əzdi.  Andranik

rüsvayçılıqla  Qarabağ  dağlarına  qaçmağa  məcbur  oldu.  Bu  hadisələrdən  sonra,  yeni  daşnak  talanlarına  yol

verməmək məqsədilə türk qoşunları Naxçıvana, Ordubada və Culfaya daxil olmuşdular. Türklərin daşnaklara qarşı

döyüşdə  kifayət  qədər  qətiyyətli  olmaması  Naxçıvan  Milli  Komitəsi  ilə  onların  arasında  soyuqluq  yaratmışdı.

Türklər Naxçıvana daxil olan vaxt ilk siyasi tədbir kimi Naxçıvan Milli Komitəsini və milli hissələri buraxmışdılar.

Xəlil  bəy  isə  Naxçıvanın general-qubernatoru  təyin  olunmuşdu  (5,  s.  36).  Lakin  vəziyyət  uzun  sürmədi.  Tezliklə

Naxçıvan  Milli  Komitəsinin  və  onun  silahlı  dəstələrinin  fəaliyyəti  bərpa  edildi.  1918-ci  ilin  ikinci  yarısında

müharibə  cəbhələrində  Türkiyənin  vəziyyəti  çətinləşdikcə  o,  Naxçıvanda  daha  güclü  və  sabit  yerli  hakimiyyətin

yaradılmasına  meyl  göstərirdi.  Elə  yerli  hakimiyyət  ki,  daşnakların  hücumuna  davam  gətirsin  və  diyarı heç  vaxt

onların  tapdağı altına  qoymasın.  Türkiyə  Mudros  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  qoşunlarını Naxçıvandan

çıxarmağa məcbur oldu.

1918-ci ilin noyabrında yerli əhali Qafqazda altıncı olan Araz Respublikasının müvəqqəti müstəqilliyini elan

etdi. Bu respublika bir tərəfdən erməni iddialarmı dəf etməyə, digər tərəfdən isə respublikanın bütün əhalisinin həm

din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd edirdi (9, s. 47).

Araz-Türk Respublikasının əhalisi 1 milyon nəfər, ərazisi 8696 kv.km olmaqla (8, s. 33) tərkibinə Naxçıvan

və  Şərur-Dərələyəz  qəzaları,  Sərdarabad,  Uluxanlı,  Vedibasar,  Kəmərli,  Mehri  və  s.  bölgələr  daxil  idi  (2,  v.  9-9

arx.). Respublikanın paytaxtı Naxçıvan şəhəri, hökumətin sədri isə Əmir bəy Əkbərzadə olmuşdur (1, iş 178, v. 7).

Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın

daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı.

Araz-Türk  Respublikasının  yaradılması  ilə  türklərin  Naxçıvan  diyarı  ilə  əlaqələri  tamam  kəsilmirdi.  Türk

ordusunun  polkovniki  Xəlil  bəy Araz-Türk  Respublikasında  səlahiyyətli  nümayəndəliyin  başçısı təyin  olunmuşdu

(14, s. 91). Bundan başqa, türklərin Naxçıvanda 5 zabit və 300 əsgəri qalırdı.  Araz-Türk Respublikası qısa müddət

fəaliyyət  göstərməsinə  (1918  noyabr  -  1919  mart)  baxmayaraq  "bölgənin  azərbaycanlı  əhalisinin  qüvvələrinin

düşmənlərə  qarşı  mübarizə  üçün  birləşdirilməsinə  və  bölgənin  ermənilərə  keçməsinə  imkan  verməməklə  onun

toxunulmazlığını və bununla da ADR-in ərazi bütövlüyünü təmin etdi" (12, s. 76).

Naxçıvan  əhalisi  bölgənin  Azərbaycanın  tərkib  hissəsi  kimi  qorunub  saxlanılması  üçün  inadla  mübarizə

aparırdı.  Onlar  1919-cu  il  yanvarın  4-də  ;  Azərbaycan  Xalq  Cümhuriyyəti  Nazirlər  Şurasının  sədri  Fətəli  xan

Xoyskiyə  ünvanlanmış  müraciətdə  Naxçıvan,  Şərur  və  Ordubad  qəzalarında  ermənilərin  I  törətdikləri  vəhşiliklər

haqqında  geniş  məlumat verilirdi. Müraciətdə deyilirdi: "1917-ci ilin dekabr ayından  başlayaraq 1918-ci  ilin  iyun

ayına  qədər  erməni  hərbi  hissələri  tərəfindən  İrəvan  quberniyasında  200-dən  artıq  müsəlman  kəndi;  yandırılmış,

əhalinin  böyük  əksəriyyəti  öldürülmüş,  bir  hissəsi  isə  dağlara  qaçaraq  aclıqdan  və  soyuqdan  məhv  olmuşdur.

Müsəlmanların  kütləvi  şəkildə  yaşadıqları  İrəvan  quberniyasının  Sürməli,  Eçmiədzin,  Şərur  qəzaları  erməni

qoşunları  tərəfindən  tutulmağa  başladığı  vaxt  dinc  müsəlman  əhalisinin  bir  hissəsi  öldürülür,  bir  hissəsi  də  öz

yaşayış  yerlərini  tərk  edərək  dağlara  çəkilib  İran  sərhədlərinə  keçməyə  məcbur  olmuşdular  ki,  burada  onları hər

dəqiqə  ölüm  gözləyir.  Məcburi  təmizlənmiş  yerlərə,  "Türkiyə  Ermənistanından"  qaçmış  erməniləri  yerləşdirirlər"




(1, iş 37, v. 9).

1918-ci  il  noyabrın  4-də  İrəvan  müsəlmanları,  dekabrın  22-də  Ordubad  şəhərinin  və  ətraf  ərazinin

müsəlmanları,  yanvarın  4-də  Ordubad  qəzasının  sakinləri,  yanvarın  2-də  İrəvan  quberniyasının  ictimai  xadimləri

yaranmış ağır  vəziyyətlə  bağlı Azərbaycan  hökumətinə  müraciət  etmiş  və  tədbirlər  görülməsini  xahiş  etmişlər  (4,

1919, 4 noyabr, 50-31 yanvar).

1919-cu  il  yanvarın  7-də  Azərbaycan  hökuməti  Ermənistan  hökumətinə  nota  göndərməyə  məcbur  oldu.

Notada Azərbaycan xalqına qarşı zorakılığa son qoyulması tələb olunurdu (4, 1919, 7 yanvar).

Yanvarın 8-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti vəziyyəti müzakirə etdi, qəbul olunmuş qətnamədə

hökumətə ciddi tədbirlər görməyi tapşırdı.

Yanvarın  25-də  Parlament  "İrəvan  quberniyasındakı  hadisələrə  dair"  məsələni  yenidən  müzakirə  etdi.

M.Ə. Rəsulzadə  bəyanatla  çıxış  edərək  bildirdi  ki,  Naxçıvan  qəzasında  ermənilər  günahsız  müsəlmanların  qanını

tökür. O, hökuməti bir daha kəskin tədbirlər görməyə çağırdı (4, 1919, 31 yanvar).

Azərbaycan  Xalq  Cümhuriyyətinin  hökuməti  ermənilərin  Naxçıvandakı  vəhşiliklərinə  son  qoymaq  üçün

Müttəfiqlərin Qafqazdakı Ali Komissarına müraciət etdi.

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  ilə  Naxçıvan  bölgəsinin  əla-qəbrinin  yaradılmasında  və  əhalinin

problemlərinin  həllində  İrəvan  quberniyasından olan  ictimai  xadimlərin,  onların yaratdıqları müxtəlif  təşkilatların

mühüm  rolu  olmuşdur.  1919-cu  ilin  yanvarın 2-də  İrəvan  quberniyası ictimai  xadimlərinin  müşavirəsi  keçirilmiş,

burada  Araz-Türk  Respublikasının  yaranması,  bölgədəki  vəziyyət  haqqında  məlumat  verilmiş  və  çıxış  yollan

göstərilmişdir. Yanvarın 5-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlı nümayəndələrin fövqəladə iclası

keçirilmiş  və quberniya müsəlmanlarının həmyerlilər cəmiyyəti  yaradılmışdı (1, siy. 2, iş  94, v.  2).  Bir  gün  sonra

həmyerlilər cəmiyyətinin idarə heyəti seçildi: T. Makinski, H. Qasımov, R. İsmayılov. M.Ə. Sidqi, A. Makinski.

Həmyerlilər  cəmiyyəti  öz  nümayəndəsi  kimi  Mirabbas  Mirbağırovu  İrəvan  quberniyasına  göndərdi.  Burada

əsas  məqsəd  yerlərdə  vəziyyətlə  tanış  olmaq  və  müəyyən  tövsiyələr  hazırlamaq  idi.  İrəvan  quberniyasından  olan

qaçqınlar üçün vəsait ayrıldı. Azərbaycan hökumətinin Naxçıvan üçün ayırdığı 900 min manatı P. Bayrambəyov və

Y. Qazıyevə vermişdi (12, s. 92; 9. s. 54). AXC hökumətinin razılığı ilə M. Mirbağırov Gəncəyə gəlmiş, burada ona

12  nəfər  Azərbaycan  zabiti  qoşulmuş  və  onlar  Ordubadda  əhali  ilə  görüşdükdən  sonra  1919-cu  il  fevralın  19-da

Naxçıvana çatmışlar (1, siy. 2, iş 94, v. 2).

M. Mirbağırov  və  onunla  gələn  heyət  yerli  hökumətin  rəhbərləri,  ingilis  general-qubernatoru  və  xalqın

nümayəndələri  ilə  görüşləri  oldu.  Fevralın  23-də  keçirilən  yığıncaqda  xalq  yekdilliklə  Azərbaycana  birləşmək

arzusunda  olduqlarını  bildirdilər.  Nümayəndələr  Azərbaycanın  təmsilçiləri  kimi  mövcud  yerli  hökuməti

tanıdıqlarını  bildirdilər.  M. Mirbağırov  könüllü  surətdə  Azərbaycana  birləşmək  barədə  rəsmi  akt  tərtib  etməyi

məsləhət  gördü.  Siyasi,  iqtisadi,  hərbi,  mülki  və  mədəniyyət  məsələlərinə  dair  maddələrdən  ibarət  olan  akt

hökumətin,  Milli  Şuranın  və  əhalinin  nümayəndələri  tərəfindən  imzalandı  (12,  s.  94).  Mirabbas  Mirbağırov

(Mirbağırzadə)  1919-cu  ildə  Naxçıvanın  Azərbaycana  birləş-məsi  haqqında  akt  qəbul  etdirmiş  "Mirbağırzadə

missiyası"nın  başçısı  kimi  xatırlanır.  M.Mirbağırov  Naxçıvanda  olduğu  müddətdə  bölgədəki  və  ətraf  yerlərdəki

siyasi-hərbi  vəziyyətlə  tanış  oldu,  əhalinin  və  ictimai  qüvvələrin  mövqelərini  öyrəndi.  Bütün  bunlardan  sonra

Azərbaycan  hökumətinə  aşağıdakı  təkliflərini  verdi:  "1.  Bu  mahalı  idarə  etmək  üçün  müttəfiqlərin,  İran  və

Ermənistanın  təsirinə  qarşı mübarizə  aparmağa  qabil  olan,  özgə  təsiri  altına  düşməyən  və  müəyyən  məqsədyönlü

siyasəti  inadla  və  ardıcıllıqla  həyata  keçirən,  habelə  iradəli,  cəsur,  qətiyyətli,  rüşvətə  meyl  etməyən  azərbaycanlı

general-qubernator  təyin  olunmalıdır.  2.  Bölgəyə  Hərbi  nazirliyin  yuxanda  sadalanan  keyfiyyətlərə  malik  olan

nümayəndəsi  də  göndərilməlidir.  3.  Mülki  və  məhkəmə  idarələrinin  rəhbərliyinə  baş  məmurlar  mütləq

azərbaycanlılar  təyin  edilməlidirlər.  4.  Yerli  hərbi  işi təşkil  etmək  üçün  göndərilən  zabitlər  kifayət  etmədiyindən

əlavə  zabitlər  dəstəsini  bölgəyə  yollamaq  lazımdır.  5.  Azərbaycanın  uzaq  ucqarları,  məhsuldar  torpağı,  çoxlu

məhsulu,  duzu  və  digər  faydalı mineralları olan  və  müttəfiqlərin,  fars-erməni  diplomatiyasının  məkrli  siyasəti  ilə

üzləşən Naxçıvan və Şərur Azərbaycan Respublikası tərəfindən səxavətlə təchiz olunmalıdırlar" (12, s. 95).

M. Mirbağırovun  Naxçıvana  səfəri,  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  Naxçıvanın  əlaqələrinin  artırılması

sahəsindəki  təkliflərinin  çox  böyük  əhəmiyyəti  oldu.  Azərbaycan  hökuməti  Naxçıvanın problemləri  ilə  sistematik

məşğul olmağa  başladı.  Azərbaycan  hökuməti  Naxçıvana  kömək  göstərilməsində  bir  sıra  addımlar  atdı.  Regional

əlaqələri  yaxşılaşdırmaq  üçün  Ağdam-Karyagin-Naxçıvan  poçt-teleqraf  xəttinin  qaydaya  salınması  və  mühafizə

edilməsinə  diqqət  artırıldı  (7,  s.  61).  Ticarət  və  sənaye  naziri  M. Əsədullayev  AXC  Nazirlər  Şurasına  məktubla

müraciət  edərək  Naxçıvan  bölgəsinin  neft  məhsulları  ilə  təmin  edilməsini  əsaslandırdı.  Azərbaycan  hökuməti

M. Mirbağırovun və Naxçıvanın Müvəqqəti hökumətinin işlər müdiri B. Naxçıvanskinin təklifləri əsasında 1919-cu

il  fevralın  28-də  Naxçıvan  general-qubernatorluğu  yaratdı  (1,  siy.  2,  iş  102,  v.  2).  Bəhram  xan  Naxçıvanski

general-qubernator,  Kərim  xan  İrəvanski  və  Hacı  Mehdi  Bağırov  onun  köməkçiləri  təyin  olundular.

General-qubernatorluğun nəzdində Şura yaradıldı. Yerli hakimiyyətin təşkili və qoşun hissələrinin saxlanması üçün

500 min manat pul ayrıldı (12, s. 96). Bir qədər sonra - 1919-cu il 30 mart tarixli sərəncamla daha 1 milyon manat

bölgədə idarəçiliyin təşkilinə ayrıldı (1, siy. 2, iş 102, v. 3).

1919-cu  il  martın  8-də  Araz-Türk  Respublikasının  xüsusi  missiyası  Bakıya  gəldi.  Nümayəndə  heyətinin

qaldırdığı məsələlər Azərbaycan Parlamentinin 1919-cu il 10 mart tarixli iclasında müzakirə olundu.

1919-cu  ilin  əvvəlində  ingilislər  Naxçıvanı  tutaraq  Araz-Türk  Respublikasını,  Naxçıvan  Milli  Komitəsini




ləğv  etdilər.  İngilislər  Naxçıvanı Ermənistanın  tərkibinə  daxil  etmək  üçün  hər  cür  üsul  və  vasitələrə  əl  atır,  fəal

danışıqlar aparırdılar. Hələ 1919-cu il yanvarın əvvəllərində Böyük Britaniya ordusunun mayoru Hibbon Naxçıvana

gəlmişdi. Onun gəlişinin əsl məqsədi diyarın iqtisadi və siyasi vəziyyəti ilə tanış olmaq, Araz Respublikası silahlı

qüvvələrinin vəziyyətini, bu dövlətin siyasətinə türklərin təsir dərəcəsini öyrənmək olmuşdu (13, s. 56).

1919-cu  ilin  fevralında  digər  bir  ingilis  komissarı  kapitan  Lautenin  başçılıq  etdiyi  nümayəndə  heyəti  də

Naxçıvana  gəlmişdi  (15,  v.  24).  O,  Britaniya  qoşun  hissəsinin  Dəvəlidə,  Naxçıvanda,  Culfada  və  Şahtaxtıda

yerləşdirilməsi,  bu  yerlərdə  bütün  məsələlərin  ingilis  hakimiyyət  orqanları  tərəfindən  həll  ediləcəyi  barədə

danışıqlar aparmışdı. Naxçıvan rəhbərləri yerli muxtariyyəti saxlamaq şərtilə ingilislərin təkliflərini qəbul etmiş və

hətta  bir  neçə  ingilispərəst  yerli  hakimi  öz  hökumətlərinin  tərkibinə  daxil  etmişdilər  (15,  v.  26).  Əlbəttə,

Azərbaycan  Xalq  Cümhuriyyətinin  beynəlxalq  mövqelərinin  kifayət  qədər  aydınlaşmadığı  bir  şəraitdə  məqbul

sayılan  bu  güzəştlər  ingilislərə  münasibətdə  məqsədəuyğun  addımlar  idi.  Bu  güzəştlər  başqa  çıxış  yolunun

olmamasından və növbəti daşnak təhlükəsinin yaxınlaşmasından irəli gəlirdi.

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  Naxçıvan  bölgəsinə  dair  suveren  hüquqlarının  bərqərar

edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi ingilislər tərəfindən müdafiə olunmur və  müxtəlif  maneələrlə

qarşılaşırdı (12, s. 129). Ümumiyyətlə, Böyük Britaniya  komandanlığının  Naxçıvana  münasibətdə  ikiüzlü,  riyakar

siyasəti  həmişə  müşahidə  olunmuşdur.  Məsələn,  M. Mirbağırovun  başçılığı  ilə  Naxçıvana  gələn  nümayəndə

heyətinə  ingilis  valisi  "Bakının  buraya  hərbi  işin  təşkili  üçün  zabitlər  göndərməyə  haqqının  olmadığını" bildirib,

onlara eşitdirdi ki, "bu ərazi hələlik Azərbaycanın tərkib hissəsi deyil və məlum deyil ki, kimə çatacaq; indi burada

ingilis  general-qubernatorluğudur...  Mən  sizə  qonaq  kimi  baxıram,  necə  ki,  qonaq  kimi  gəlmisiniz,  elə  də  qonaq

kimi gedə bilərsiniz" (1, iş 76, v. 3).

Başqa  bir  fakt:  1919-cu  il  martın  10-da  Ermənistanla  Naxçıvan  şəhərindəki  daşnak  hərbi  hissələrindən

Ermənistanın daxili işlər nazirinin adına gön-dərilən məlumatda deyilirdi ki, ingilis komandanlığı daşnakların Şərur

qəzasının bir sıra kəndlərini tutmasına etiraz etmir. Elə bu siyasətin nəticəsi olaraq 1919-cu il iyulunda daşnak hərbi

dəstələri ingilislərin köməyi ilə Şərur mahalın tutsalar da yerli hərbi qüvvələr daşnakların hərbi hissələrini buradan

qovdu (14, s. 91-92).

Yenə  başqa  bir  misal:  1919-cu  il  mayın  4-5-də  ingilis  generalı  Devi  Naxçıvana  gələrək  bildirmişdir  ki,

Naxçıvan  və  Şərur  qəzası  Ermənistan  Respublikası  ərazisində  yerləşdiyinə  görə  Ermənistan  hökumətinə  tabe

olmalıdır  (15,  iş  71,  v.  17).  Lakin  həmin  təklif  müsəlmanların  yığıncağında  müzakirə  olunarkən  bildirildi  ki,

ermənilərin tutmuş olduqları ərazilər tarixən Azərbaycan torpaqları olduğundan və müsəlmanlar yaşadıqlarına görə

Devinin təklifi məqbul sayıla bilməz. Naxçıvan və Şərur qəzalarının müsəlmanları özlərinin və yaşadıqları ərazinin

Azərbaycan  Respublikasına  tabe  olduğunu  təsdiq  edir  və  erməni  silahlı  hissələrini  deyilən  qəzaların  ərazisinə

buraxmamağı  qərara  alırlar  (6,  1919,  16  may)  Lakin  ingilis  komandanlığı  xalqın  bu  haqlı  tələbinə  də  məhəl

qoymadı.  Daşnaklar  ingilis  zabitlərinin  bilavasitə  köməyi  və  iştirakı  ilə  1919-cu  ilin  iyununda  Naxçıvanın  bir

hissəsini  tutsalar  da,  Naxçıvan  Milli  Komitəsinin  hərbi  hissələri  daşnakların  nizami  qoşununu  əzərək  Naxçıvan

ərazisindən kənara atdı (2, iş 42, v. 3-4).

İngilislərin Naxçıvan bölgəsində olduqları müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi bu əraziyə

dair öz suveren hüquqlarını müdafiə etmək, oranın təhlükəsizliyinin təminatına  yardım göstərmək və azərbaycanlı

əhalisinə  qarşı ermənilərin  törətdikləri  vəhşiliklərin  qarşısını almaq,  ən  başlıcası isə,  mahalı Quzey  Azərbaycanın

digər torpaqlan ilə birləşdirmək sahəsində müəyyən tədbirləri həyata keçirmək istəyirdi. Bir sıra hallarda ingilislər

bunlara  mane  olurdular.  İrəvan  quberniyası müsəlman  əhalisinə  1  mln.  manat  vəsait  çatdırılması üçün  F. Xoyski

1919-cu  il  aprelin  3-də  məktubla  Tomsona  müraciət  etdi.  Həm  də  hökumət  komissiyasının  Naxçıvan, Şərur  və  s.

rayonlara getməsinə şərait yaradılmasını da xahiş etdi. Lakin hər iki xahişə mənfi cavab verildi.

İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, maliyyə və silah vəd edir, digər

tərəfdən isə Naxçıvanın daşnak Ermənistanın hakimiyyətinə verilməsi təklifini irəli sürürdülər (13, s. 59).

Azərbaycan  Xalq  Cümhuriyyəti  rəhbərliyi  Naxçıvanla bağlı hərbi  səciyyəli  müəyyən  işləri  görə  bilməsə  də

bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. Bu sahədə Azərbaycan hökumətinin İrəvan və Tiflisdəki diplomatik

nümayəndələri  səmərəli  və işgüzar fəaliyyət  göstərir,  Azərbaycan  rəhbərliyini  və  Xarici  İşlər  Nazirliyini  obyektiv

məlumatlarla təmin edir, bir sıra hallarda təkliflərini də çatdırırdılar. M. Təkinski Naxçıvanla bağlı AXC hökuməti

sədrinə  yazırdı  ki,  əgər  Ermənistan  Qarabağın  Azərbaycana  keçməsinə  razılaşarsa,  ingilislər  Şərur-Naxçıvan

rayonunu ona verəcəklər (2, iş 54, v.18). Onun fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şərur və

Naxçıvanı ermənilərə vermək olmazdı.  Naxçıvan bölgəsində ermənilərin özbaşınalıqlarının qarşısının alınmasında

da M. Təkinskinin böyük əməyi olmuşdur. O, bu məsələlərlə əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə

göndərirdi.

Bununla  əlaqədar  F. Xoyski  Azərbaycan  hökumətinin  məlum  mövqeyini  Tomsona  bildirmişdi.  Yəni,

Naxçıvan rayonunun idarəsi müvəqqəti olaraq Ermənistana verilərsə, onlar bu aktla heç vəchlə razılaşmayacaqlarını

çatdırmışdı.

Naxçıvan bölgəsinin  müsəlmanları özlərini  Azərbaycanın ayrılmaz hissəsi  sayır  və  hökumətdən  silah-sursat

alacaqlarına  ümid  edirdilər.  Bu  dövrdə  Şərur-Naxçıvan  hissəsində  süvari  dəstə  və  top,  pulemyotlarla  birlikdə  6

minədək qoşun hissələri olmuşdur (12, s. 143). Bunlar öz döyüş keyfiyyətlərinə görə ermənilərinkindən heç də geri

qalmırdı.  Naxçıvanlılar Baş nazirdən buraya zabit kadrları göndərməyi və 100 min manat pul buraxılmasını xahiş




edirdilər (2, iş 54, v. 30). Azərbaycan hökuməti Naxçıvan, Şərur, Ordubad rayonları üçün Naxçıvan Milli Şurasına

400 min manat göndərmişdi və 300 min manat göndərilməsi nəzərdə tutulmuşdu.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  Baş  nazirləri  olmuş  F. Xoyski  və  N. Yusifbəyli  imkanları  daxilində

Naxçıvana  köməklik  edir,  onun  Azərbaycan  ərazisi  kimi  qorunub  saxlanılması üçün  siyasi,  diplomatik,  maddi  və

mənəvi  vasitələrdən  istifadə  edir  və  qəhrəman  naxçıvanlıların  fəaliyyətlərini  də  yüksək  qiymətləndirirdilər.

F. Xoyski parlamentin  iclasında  Naxçıvan bölgəsinin  qəhrəman  əhalisinin  Vətənə  qovuşmaq  üçün  öz  həyatları və

ailələri ilə risq edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. N. Yusifbəyli 1919-cu il avqustun 18-də

parlamentdəki  çıxışında  bu  bölgə  ilə  bağlı  qeyd  etmişdir  ki,  Naxçıvan  öz  qüvvələri  ilə  istilaçıları  devirərək

Azərbaycanla birləşməyə hazır olduğunu bildirmişdi 6, 1919, 10 sentyabr). 1919-cu il dekabrın 22-də N. Yusifbəyli

parlamentdəki  çıxışında  yenidən  bu  məsələyə  qayıdaraq  demişdir: "İgid naxçıvanlılar,  şərurlular  və  vedibasarlılar

bu  məsələni  özləri  həll  ediblər;  onlar  həyatlarını,  ailələrinin  şərəfini  və  var  dövlətlərini  risqə  qoyaraq  doğma

torpağa-vətənə  qovuşmaq  üçün  ayağa  qalxıb  azad  oldular  və  bununla  da  hökumətin  işini  asanlaşdırdılar.  Güman

edirəm ki,  haqq  və  ədalət  tərəfdarları bu  qətiyyəti,  fəda-karlığı və  vətənpərvərliyi  görəndən  sonra  onların  qanuni

hüquqlarını danmayacaqlar..."(l, iş 37, v. 4-5).

Həqiqətən  də,  Naxçıvan  əhalisi  ciddi  cəhdlə  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  sıx  əlaqələr  yaratmağa

çalışmış, onunla birləşmək üçün müxtəlif yol və vasitələr aramışdı. Bütün bunlar isə AXC tərəfindən razılıqla qəbul

olunmuş, müəyyən tədbirlər görülmüşdü.

Qeyd  etməliyik  ki,  Azərbaycan  Xalq  Cümhuriyyəti  Naxçıvanla  əlaqələrin  çətinliyini  nəzərə  alaraq

Azərbaycan  Respublikasının  nümayəndəsi  Qarabağ  general-qubernatorunun  Naxçıvan  bölgəsinin  idarəsi  üzrə

köməkçisi fəaliyyət göstərmişdir. Bir qədər sonra isə Qarabağ general-qubernatorluğu nəzdində Naxçıvan bölgəsinə

dair xüsusi tapşırıqlar üzrə müvəkkillik vəzifəsi yaradıldı. Səməd bəy Cəmillinski Naxçıvanın general-qubernatoru

təyin edildi. S.Cəmillinskinin qərargahı əvvəlcə Ordubadda yerləşmiş, sonra isə Naxçıvana köçmüşdü. Naxçıvan və

Ordubadda  yerli  hakimiyyətin  və  silahlı  qüvvələrin  təşkili  üçün  1919-cu  ilin  avqustunda  S.Cəmillinskinin

sərəncamına 1 mln. manat vəsait ayrıldı.

1919-cu ilin ikinci yarısında Zaqafqaziya məsələləri üzrə Paris sülh konfransı adından çıxış edən ABŞ-ın rolu

kəskin  surətdə  artdı.  Hələ  1919-cu  ilin  əvvəllərindən  Azərbaycanla  ciddi  maraqlanan  ABŞ  nümayəndələri  tez-tez

Bakıda görünməyə başlamışdılar. Şübhəsiz onların Azərbaycana dair planlarında mühüm strateji mövqedə yerləşən

Naxçıvan diyarı da öz əksini tapmışdı. Lakin ilk vaxtlar amerikalıların siyasəti də ermənipərəstliyi ilə ingilislərdən

az fərqlənirdi. 1919-cu ilin yayında Naxçıvana gəlmiş  ABŞ polkovniki Rey  eyni  vaxtda  həm müsavatçılarla, həm

daşnaklarla, həm də türk zabiti Xəlil bəylə danışıqlar aparmışdı (15, iş  71, v. 71). O, Naxçıvan Milli Komitəsinin

başçısı  Cəfərqulu  xanla  apardığı  danışıqlarda  Naxçıvanda  ABŞ-ın  general-qubernatorluğunu  yaratmaq  ideyasını

irəli sürmüşdü (11, s. 29-30).

1919-cu il avqustun axırlarında Amerika polkovniki Paris sülh konfransı və Antantanın ittifaq şurası adından

AXC  hökumətinə  bildirmişdi ki,  Naxçıvan və  Şərur-Dərələyəz  qəzaları xüsusi  zona  təşkil edir  və  həmin  yerlərdə

bütün idarəçilik işlərinə cavab verə biləcək Amerika general-qubernatorluğu təşkil olunacaqdır (13, s. 65).

1919-cu il sentyabrın 1-də  Haskelin  Paris  sülh  konfransı adından  Azərbaycan  və  Ermənistan  hökumətlərinə

göndərdiyi "Naxçıvan və Şərur-Dərələyəz qəzaları haqqında əsasnamə"də həmin fikirlər bir daha nəzərə çatdırıldı

(15, iş 73, v. 135). Əsasnaməyə görə, Naxçıvan və Şərur-Dərələyəz qəzalarını əhatə edən rayonlar bitərəf zona elan

edilir  və  burada  bütün  idarəçilik  işləri  Amerika  general-qubernatorluğuna  tapşırılırdı (7,  s.  300-301).  Bütün  hərbi

qüvvələr, poçt, teleqraf onun tabeliyinə verilir, yerli vəzifəli şəxsləri general-qubernator təyin edirdi. Lakin ABŞ-ın

həmin  mövqeyi  AXC  hökuməti  və  Naxçıvan  Milli  Komitəsi  tərəfindən  qəbul  edilmədi.  Çünki  20  bənddən  ibarət

Haskel  layihəsinin  məzmunundan  görünürdü  ki,  belə  bir  layihə  amerikanlar  tərəfindən  hazırlana  bilməzdi.  Bu

müttəfiqlərin  Ali  Komissarı  Vilyam  Haskelin  adı  ilə  elan  edilmiş  erməni  layihəsi  idi.  Bu  layihə  Azərbaycan

hökuməti  tərəfindən  qəbul  edilmədiyi  üçün  sentyabrın  27-də  V. Haskel  birincidən  o  qədər  də  fərqlənməyən  12

bənddən  ibarət  ikinci  layihəni  Azərbaycan  hökumətinə  göndərdi.  Azərbaycan  xarici  işlər  naziri  sentyabr  ayının

29-da  Haskelə  yazırdı  ki,  onun  hökuməti  şərtlərin  bir  qisminə  etiraz  edir.  Bununla  belə  hökumət  Naxçıvan  və

Şərur-Dərələyəz  qəzalarında  xüsusi  general-qubernatorluğun  yaradılmasının  əleyhinə  deyildir.  Azərbaycan

hökuməti  12  bənddən  ibarət  layihə  hazırladı  və  sentyabr  ayından  polkovnik  Haskelə  göndərdi.  Layihədə

göstərilirdi:  "Naxçıvan  və  Şərur-Dərələyəz  qəzalarında  müvəqqəti  olaraq,  xüsusi  general-qubernatorluq  yaradılır;

general-qubernatoru  Amerika  vətəndaşları  içərisindən  polkovnik  Haskel  təyin  edir;  bu  qəzalar  ümumi,  birbaşa,

bərabər  və  gizli  səsvermə  yolu  ilə  seçilən  yerli  Şuralar  tərəfindən  idarə  edilir;  vilayətlərdə  bütün

hakimiyyətinzi-bati,  məhkəmə,  dəmir  və  şose  yollan,  poçt-teleqraf,  xalq  maarifi  və  sair  Şuranın  müstəsna

səlahiyyətinə  daxil  edilir  və  bu  işi general-qubernator  tənzim  edir;  Şura  tərəfindən  təyin  edilən  icra  hakimiyyəti

çoxluq  təşkil  edən  millətin  nümayəndəsindən  olmalıdır;  bütün  general-qubernatorluqda  mətbuat,  vicdan,  söz

azadlığı,  şəxsiyyətin  və  əmlakın  toxunulmazlığı elan  edilməlidir;  general-qubernatorluğun  büdcəsinə  Azərbaycan

parlamentində  baxılmalı,  çatışmayan  məbləğ  Azərbaycan  xəzinəsindən  əlavə  edilməlidir;  Azərbaycan  pulu  rəsmi

pul vahidi kimi qəbul edilməlidir; seçkilər keçirilənə qədər general-qubernator Azərbaycandan iki məsləhətçi dəvət

edib onların köməyi ilə qayda-qanun yaratmalıdır; neytral zonadan Bakı-Culfa dəmir yolunun keçdiyi xüsusi zolaq

ayrılıb,  Azərbaycan  hökumətinə  verilməlidir;  general-qubernatorluğun  əhalisi  tərkisilah  edilməməlidir;

general-qubernatorluğun bütün ərazisində amnistiya keçirilməlidir"(16,1919, 23 oktyabr).




V. Haskel  Azərbaycan  tərəfindən  təqdim  edilən  layihəni  qəbul  etmədi.  Sentyabr  ayının  ortalarında  Haskel

Naxçıvan,  Şərur  və  Ordubad  nümayəndələri  Əli  Səbri  Qasımovu  və  K.M. Əsgərovu  qəbul  edərək  bildirdi  ki,

Birləşmiş  Ştatların  ordu  mühəndisi  polkovnik  Edmund  Deli  Naxçıvana  qubernator  təyin  edilmişdir  və  bir  aydan

sonra  öz  vəzifəsinə  başlayacaqdır.  Nümayəndələr  adından  Əli  Səbri  Qasımov  Naxçıvan  əhalisinin  10  bənddən

ibarət olan tələblərini V.Haskelə təqdim etdi. Burada Naxçıvan əhalisinin bu rayona erməni qoşunu yeridil-məsinə

razı  olmayacağı,  bu  qəzaların  əhalisinin  Ermənistan  hökumətinə  tabe  olmayacağı  və  lazım  gələrsə,  azərbaycanlı

əhalinin öz istiqlaliyyətini silahlı yolla qoruyacağı göstərilirdi (6, 1919, 23 oktyabr).

1919-cu  il  oktyabrın 23-də  Müttəfiqlərin  Ali  Komissarlığından  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinə

ünvanlanmış  aşağıdakı  məlumat  alınmışdı:  "Naxçıvan  və  Şərur  rayonlarında  əminamanlıq  yaratmaq  məqsədilə

Azərbaycan və Ermənistan hökumətləri razılığa gəldilər ki, bu iki rayon bundan sonra da ittifaq səviyyəsində idarə

edilən zonada Amerika qubernatorluğunun inzibati hakimiyyəti altında qalacaqdır" (4, 1919, 23 oktyabr).

1919-cu  il  oktyabrın  22-də  Bakıda  AXC-in  rəsmi  orqanı  olan  "Azərbaycan"  qəzetində  Naxçıvanda  ABŞ

polkovniki  Edmund  Delli  başda  olmaqla  Amerika  general-qubernatorluğunun  təşkil  olunması haqqında  əsasnamə

dərc edildi (4, 1919, 22 oktyabr). Bu isə çıxılmaz vəziyyətdə qalmış AXC rəhbərliyinin həmin məsələyə qeyri-rəsmi

qaydada razılığı kimi qəbul edilə bilərdi. Bununla belə, Azərbaycan hökuməti elə Naxçıvan Milli Komitəsi arasında

qardaşlıq  münasibətləri  əvvəlki  kimi  saxlanılırdı.  Əldə  olunmuş  razılığa  əsasən,  AXC  hökuməti  altı min  nəfərlik

qoşun hissələrini silahlandırmağı Naxçıvan Milli Komitəsinə vəd vermişdi (6, 1919, 22 oktyabr).

Oktyabr  ayının  24-də  Ceymis  S. Rey  Naxçıvana  gəldi  və  müsəlman  Milli  Şurası  qarşısında  neytral  zona

yaratmaq barədə V. Haskelin bəyanatını elan etdi. Bəyanatda deyilirdi ki, Şərur və Naxçıvan dairəsində, Amerika

qubernatorunun  rəhbərliyi  altında  müttəfiq  idarəçilik  zonasının  yaradıldığını...  polkovnik  Edmund  L. Dellinin  bu

zonaya qubernator təyin edildiyini bildirirəm (10, s. 374-375). Ceymis Rey sərəncamla bəyanatda qeyd olunanları

rəsmiləşdirdi. Lakin Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə polkovnik Delli Naxçıvanda

general-qubernator  kimi  deyil,  Amerika  Ali  Komissarın  nümayəndəsi  kimi  qaldı.  Milli  Şura  C. Reyə  məlumat

verdilər  ki,  "xalq  azərbaycanlı  general-qubernatordan  başqa  heç  kimi  tanımaq  istəmir".  C. Rey  başa  düşürdü  ki,

neytral zona üçün nəzərdə tutulan ərazini Azərbaycandan ayırmaq qeyri-mümkündür.

Noyabr  ayında  C. Rey  və  E. Delli  cəhd  göstərsələr  də  general-qubernatorluq  yarada  bilmədilər,  onların

missiyası süquta uğradı və Naxçıvanda möhkəmlənmək cəhdi baş tutmadı.

Bunu görən ermənilər 1919-cu ilin sonlarında Naxçıvana yenidən hücum etdilər. Ermənistanın nizami qoşun

hissələri  ilə  Naxçıvan  Milli  Komitəsinin  hərbi  dəstələri  arasında  qanlı  toqquşmalar  başlandı.  Bu  qanlı  döyüşlər

amerikalıların  ümidlərini  doğrultmadı.  Döyüş  qabiliyyətini  itirmiş  Ermənistan  ordusu  heç  bir  əhəmiyyətli

müvəffəqiyyət  qazanmadı.  Amerikalıların  gözlədiklərinin  əksinə  olaraq  hərbi  toqquşmalar,  azərbaycanlı  əhaliyə

qarşı  törədilən  qanlı  cinayətlər  Naxçıvan  Milli  Komitəsinin,  müsavatçı  Kəlbalı  xanın  hərbi,  inzibati  və  siyasi

hakimiyyətini  daha  da  möhkəmləndirdi.  O,  həmçinin,  xəzinəyə,  dəmir  yoluna,  poçt-teleqrafa  və  vergilərin

qoyulmasına nəzarəti ələ keçirdi.

Belə uğurlu vəziyyətə baxmayaraq  amerikalılardan  yardım alan  daşnak Ermənistanı 1920-ci  ilin  yanvarında

Naxçıvanı  işğal  etmək  üçün  yeni  cəhd  göstərdikdə,  diyarın  müdafiəçilərinin  vəziyyəti  xeyli  mürəkkəbləşdi.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  özündə  siyasi  böhranın  dərinləşməsi  Naxçıvana  hərbi  yardım  göstərilməsini

çətinləşdirdi.  Düşmənin  üstün  qüvvələri  qarşısında  tək  və  zəif  qalmış  Naxçıvan  rəhbərliyi  kömək  üçün  türklərə

müraciət  etməli  oldu.  Belə  cəhd  öz  növbəsində  Naxçıvanda  Azərbaycanın  mövqelərini  xeyli  zəiflətdi.  Təsadüfi

deyil ki, 1920-ci ilin fevralında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nümayəndələri Naxçıvanı tərk etməyə

məcbur oldular. Naxçıvanda hərbi-siyasi  vəziyyət  xeyli  mürəkkəbləşdi.  Naxçıvan əhalisinin  misilsiz  qəhrəmanlığı

sayəsində  Şərur,  Ordubad,  Naxçıvan  torpaqlan  1920-ci  ilin  ortalarına  doğru  tamamilə  erməni  daşnaklarından

təmizləndi.

Kəlbalı  xan  və  onun  tərəfdarlarının  səyləri  nəticəsində  Naxçıvandakı  general-qubernatorluq  1920-ci  ilin

martında  faktiki  olaraq  ləğv  edilmiş  və  Naxçıvan  yenidən  dövlət  müstəqilliyi  qazanmışdı.  Təsadüfi  deyildir  ki,  o

günlərdə  Naxçıvan, Şərur,  Ordubad  və  Vedibasar  rayonu  nümayəndələrinin  iclası "qəti  olaraq  AXC-ə  birləşmək"

cəhdini ifadə edirdi (9, s. 116).

Naxçıvan  diyarının  əhalisini  erməni  qırğınından  xilas  etmək  üçün  türklərin  köməyinə  ehtiyac  duyulurdu.

Yerli əhali nümayəndələrinin türk qoşunlarını Naxçıvana dəvət etmək barədə mətbuatda dərc olunmuş  müraciətdə

də  həmin  reallıq  öz  ifadəsini  tapmışdı.  Elə  bunun  nəticəsi  idi  ki,  1920-ci  ilin  martında  Əli  Teymur  bəy  başda

olmaqla  yeni  türk  qoşun  hissəsinin  Naxçıvana  gəlməsi  əhali  tərəfindən  böyük  şadlıqla  qarşılandı.  Hadisələrin

sonrakı gedişi bir  daha  təsdiq  etdi  ki,  bu  tədbir  Naxçıvan əhalisinin  yeni  qırğının qarşısını almış, diyarın  gələcək

siyasi  taleyinin  həllində,  onun  məhz  Azərbaycan  dövlətinin  tərkibində  muxtariyyət  əldə  etməsində  əhəmiyyətli,

bəlkə də müəyyənedici rol oynamışdır.

Beləliklə,  aydın  olur  ki,  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  və  parlamenti  hərbi-siyasi  vasitələrdən

istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış, Naxçıvanın itirilməsinə və ermənilər tərəfindən işğal

edilməsinə yol verməmiş və bu istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparmış, eyni zamanda

Naxçıvana hərbi və maddi köməkliklər göstərmiş, lakin bütün bunlarla yanaşı, özlərinin çətin ictimai-siyasi və hərbi

vəziyyətlə qarşılaşdıqlarından bir sıra  hallarda məqsədlərinə tam nail ola bilməmişlər. Bölgə əhalisinin igidliyi və

qəhrəmanlığı sayəsində Naxçıvan ərazisi Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmış və nəhayət 1921-ci




ilin martında Azərbaycanın tərkibində ona muxtariyyət statusu verilmişdir.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 894, siy. 10, iş 31.

2. ARDA: f. 970, siy. l,iş 1.

3. Azərbaycan tarixi. 7 cilddə, V c. (1900-1920-ci illər), Bakı: Elm, 2008, 696 s.

4. "Azərbaycan" qəz., 1918-1920-ci illər.

5. Atnur İ.E. Osmanlı yönetiminden Sovyet yönetimine kadar Nahçivan (1918-1921). Doktora tezi, Erzurum,

1996, 606 s.

6. "Азербайджан" qəz.

7. Азербайджанская Республика. Документы и материалы. 1918-1920 гг. Баку: Элм, 1998, 616 с.

8. "525-ci" qəz., 2005, 19 fevral.

9. Hacıyev A. Qars və Araz-Türk respublikalarının tarixindən. Bakı: Azərnəşr, 1994, 124 s.

10.  Həsənli  C.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  xarici  siyasəti  (1918-1920).  Bakı: Garısma  MMC,  2009,

576 s.


11. Quliyev C, Mədətov Q., Nadirov A. Sovet Naxçıvanı, Bakı: Azərnəşr, 1984, 136 s.

12. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti

(1917-1921-ci illər). Bakı Universiteti nəşriyyatı, 1996, 328 s.

13.  Мадатов  Г.  Победа  Советской  власти  в  Нахичеване  и  образование  Нахичеванской  АССР.  Баку,

1968, 188 с.

14. Naxçıvan Muxtar Respublikası. Bakı: Elm, 2001, 223 s.

15. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi (NMR DA), f. 314, siy. 5, iş 67.

Исмаил Гаджиев

АЗЕРБАЙДЖАНСКАЯ НАРОДНАЯ РЕСПУБЛИКА И НАХЧЫВАН

В  статье  исследована  общественно-политическая  ситуация  в  пе риод  создания  Азербайджанской

Народной  Республики,  создание  АНР  и  внимание  оказанное  регионам  с  её  стороны.  На  основе

размышлений  в  первичных  источниках  и  исследовательских  трудах  изучены  и  даны  вы воды  вопросам

внешней  и  внутренней  политики  Азербайджанской  Народ ной  Республики,  в  отношении  Нахчывана.

Становится ясно, что АНР в труд ные периоды своего существования оказывал материальную, моральную и

военную  помощь  Нахчывани,  использовал  все  свои  возможности  для  того,  чтобы  Нахчыван  не  попал  во

вражеские  руки.  В  результате  упорного  соп ротивления  населения  Нахчывана  и  помощи  АНР

Нахчыванский край до сих пор является неотъемлемой частью Азербайджанской Республики.

Ismail Hajiyev

THE AZERBAIJAN NATIONAL REPUBLIC AND NAKHCHIVAN

The  social  and  political  situation  in  the  period  of  establishment  of  the  Azerbaijan  National  Republic,  the

establishment  of  the  ANR  and  attention  paid  to  the  regions  have  been  searched  in  the  paper.  On  basis  of  the

thoughts in pri mary sources and research works the matters on foreign and home policy of the Azerbaijan National

Republic concerning Nakhchivan have been investigated and come to conclusion. It is getting clear that in the hard

period  of  its  existence  ANR  have  provided  Nakhchivan  with  material,  moral  and  military  aid  and  used  all  its

possibilities in order that Nakhchivan did not fall into enemies' hands. As a consequence of insistent resistance of

Nakhchivan  inhabitants  and  the  help  of  the  ANR  Nakhchivan  region  is  still  the  integral  part  of  the  Azerbaijan



Republic.

Yüklə 244,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə