Андлы ижласчылар институтунун мцсбят вя мянфи жящятляринин тящлили



Yüklə 301,4 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü301,4 Kb.
#65363


JOURNAL OF AZERBAIJANI STUDIES

  

35 



AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏ SİSTEMİNDƏ 

ANDLI İCLASÇILAR İNSTİTUTUNUN YERİ 

 

Cabir XƏLİLOV 

(Xəzər Universitəsi, Bakı, Azərbaycan) 

 

 

Ənənəvi  olaraq,  andlılar  məhkəməsinin  vətəni  orta  əsrlərin 

Böyük Britaniyası sayılır. Belə məhkəmənin ilk dəfə yığıldığı dəqiq 

tarix bizə gəlib çatmasa da, İngilis kralı II Henrixin 1166-ci il tarixli 

assizlərindən  –  fərmanlarından  birində  iri  yaşayış  məntəqələrinin 

sakinləri  olan  hər  100  təbəədən  12-ni  və  hər  kənddən  4-nü  andlılar 

kimi seçməyi tövsiyə edən bir müddəaya rast gəlinir. 

Beləliklə, andlı iclasçılar institutu ilk dəfə Ingiltərədə meydana 

gəlmişdir  (Hərgah,  bir  çoxlarında  andlı  iclasçılar  dedikdə  Amerika 

məhkəmələri ilə assosiasiya yaranır, görünür bu artıq Hollivud kino-

sunun  uğurlu  fəaliyyətinin  nəticəsidir).  Və  məhz  burada  andlıların 

cinayət  prosesində  iştirakının  əsas  prinsipləri  işlənib  hazırlanmışdır. 

Ümumilikdə  götürsək,  günümüzdə  də  bu  institut  məhz  həmin  əsas-

larla fəaliyyət göstərmək-dədir.  

Dünya  praktikasında  andlı  iclasçılar  məhkəməsinin  2  əsas  mo-

deli tanınır: anqlo-amerikan (klassik) və kontinental. Klassik model-

də  ayrıca  andlılar  kollegiyasının  mövcudluğu  nəzərdə  tutulur  və 

müxtəlif  ölkələrdə  müxtəlif  cür  adlanır:  jüri,  palata,  andlı  iclasçılar 

skamyası  və  s.  Bunlar  cinayət  mühakimə  icraatında  fakt  məsələsini 

həll edir. Kontinental model isə peşəkar hakimlərin andlı iclasçılarla 

birgə  kollegiyasını  nəzərdə  tutur.  Almaniyada  «şeffen»,  Fransada  – 

«assiz» adlanan bu heyətlər işə müştərək baxır və verdikti də müştə-

rək çıxarırlar. 

Klassik  formada  olan  andlılar  məhkəməsi  Ingiltərədə  yayıldıq-

dan  sonra  Avropada  tətbiq  edilmiş,  sonra  da  Rusiyaya  keçmişdir. 

Rusiya  imperiyasının  tərkib  hissəsi  olan  ölkəmizdə  bu  məhkəmə  ilə 

tanışlıq 19-cu əsrin axırlarına təsadüf edir.  

O  zamanlar  andlılar  məhkəməsinin  klassik  modelinin  müha-

kimə  icraratında  tətbiqi  xüsusilə  mütərəqqi  bir  addım  idi.  Belə  ki, 

əhalinin  məhkəmələrə  çıxışı  əmələ  gəldi  və  ən  başlıcası  isə,  formal 




36 

Cabir XƏLİLOV 

 

 

sübutlar  nəzəriyyəsinə  əsaslanan  inkvizisiya  məhkəmə  icraatı  dağı-



dıldı.  Belə  ki,  bu  nəzəriyyəni  rəhbər  tutaraq  cinayət  mühakimə  ic-

raatında  təqsirin  etirafına  əsas  yer  verilirdi  və  başlıca  sübut  sayılan 

etirafı  əldə  etmək  üçün  işgəncələr  də  geniş  yayılmışdı.  Məşhur  rus 

hüquqşünası  Koninin  təbirincə  desək,  formal  sübut  nəzəriyyəsinin 

mahiyyəti  təkcə  məhkəmənin  üzərinə  qoyulan  təqsirləndirilən  şəxsi 

«etirafa»  yönəltmək  vəzifəsində  ifadə  olunmurdu.  Reallıqda  bu  nə-

zəriyyədən  doğan  belə  bir  fenomen  meydana  gəlmişdi:  fərdi  görüş-

lərinə çalın-çarpaz xətt çəkilmiş hakim, ruhsuz formalizmlə səciyyə-

lənən bir fəaliyyətlə məşğul olurdu, bunun nəticəsi olaraq çox zaman 

əsl günahkarı cəzalandırmağa taqəti, həvəsi belə qalmırdı. Yəni məh-

kəmə sistemi bütövlükdə öz funksiyasının tam əksini yerinə yetirirdi. 

Andlılar  məhkəməsi  dedikdə,  adət  üzrə  cinayət  mühakimə  ic-

raatı nəzərdə tutulur. Cinayət mühakimə icraatı hər bir cəmiyyətə su 

və  hava  kimi  lazımdır. Çünki,  bu  –  ictimai  qayda-qanunun  mühafi-

zəsinə zəmanət verir, cəmiyyəti cinayətkar qəsdlərdən qoruyur. Am-

ma  onu  da  nəzərə  almaq  lazımdır  ki,  cinayət  məhkəmə  icraatı  müs-

təbidlik  üçün  də  əlverişli  şərait  yarada  bilir.  Belə  ki,  əgər  dövlətin 

zorun tətbiqi üzərində inhisarı vardırsa, kim zəmanət verə bilər ki, o, 

bunu təyinatından kənar tətbiq etməyəcək? Təəssüflər olsun ki, tarix 

belə nümunələrlə doludur. Lakin normal cəmiyyətdə cinayət məhkə-

mə icraatı cəmiyyətin sakit şəkildə inkişafını dəstəkləmək və cəmiy-

yəti  müdafiə  etmək  funksiyalarını  həyata  keçirir.  Andlılar  məhkə-

məsi də bu funksiyanın həyata keçməsinə zəmin yaradan və uğurunu 

labüd edən mexanizmlərdən biridir. 

Andlılar  məhkəməsinin  əsas  mahiyyəti  ondadır  ki,  ittihamın 

əsaslılığı sadə məntiq, normal düşüncə prizmasından qiymətləndirilir 

və bu səbəbdən də andlı iclasçıların hansısa  xüsusi hüquqi biliklərə 

malik  olması  tələb  olunmur.  Burada  işə  yanaşmanın  əsas  mahiyyəti 

sezilir: əgər ittiham tərəfi məhkəməyə o dərəcədə inandırıcı və əsaslı 

dəlillər  təqdim  edib  ki,  hətta  adi  insan  belə  onları  kafi  hesab  edir, 

deməli, onda ittiham bütövlükdə əsaslıdır. Andlı iclasçılar «fakt mə-

sələsi»ni  həll  edirlər.  Sonra,  andlı  iclasçıların  qərarı  əsasında  (buna 

«verdikt»  deyilir),  hakim  «hüquqi  məsələ»ni  həll  edir,  yəni  təqsir-

ləndirilən şəxsin təqsirlilik dərəcəsini müəyyən edir, cəza təyin edir.  




AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏ SİSTEMİNDƏ ANDLI...                  

37 


 

 

Andlı  iclasçılar  məhkəmədə  cinayət  işinə  baxmaq  üçün  dəvət 



edilən  adi  vətəndaşlardır.  Məhkəmə  iclasında  iştirak  etmə  mərhələ-

sindən öncə, andlı iclasçıların seçilməsi məsələsi durur.  

Tərəflər  andlı  iclasçı  ola  biləcək  şəxslərə  suallar  verir,  onların 

münasibətlərini müəyyən edir və bu və ya digər səbəbə əsasən nami-

zədə etiraz edir. Bu etiraz işdən kənarlaşdırmaq deməkdir. Qaydaya 

görə,  müəyyən  sayda  namizədə  şərtsiz,  dəlilsiz,  yəni  heç  bir  səbəb 

göstərmədən etiraz etmək olar. 

Heyət seçiləndən sonra, proses başlayır və burada hakimin rolu 

bir  növ  aparıcı,  moderator  funksiyalarından  ibarət  olur.  Tərəflərin 

nümayəndələri və qarşılarında çıxış etdikləri andlı iclasçılar prosesin 

başlıca  iştirakçısına  çevrilirlər.  Tərəflərdən  hər  biri  andlı  iclasçıları 

öz doğruluğuna inandırmağa çalışır. Hakim isə hər bir şeyin düzgün 

və  dürüst  keçməsinə  nəzarət  edir.  Hakim  təqdim  edilən  sübutların 

mümkünlüyünə nəzarət edir, habelə andlı iclasçılara izah edir ki, qa-

nunun hansı normalarının baxılan cari işə aidiyyəti vardır.  

Hakimlərlə  birgə  andlı  iclasçılar  işin  tədqiqində  iştirak  edirlər, 

sübutları  tədqiq  edirlər,  şahidlərin,  təqsirləndirilən  şəxsin  ifadələrini 

dinləyirlər,  ekspertizanın  nəticələri  ilə  tanış  olurlar  və  s.  Sübutların 

qiymətləndirilməsi  və  şəxsin  təqsirli  olub-olmaması  məsələsi  andlı 

iclasçıların müstəsna səlahiyyətlərinə aiddir. 

Bundan  sonra,  andlı  iclasçılar  müşavirə  otağına  keçirlər  və 

«fakt  məsələsi»ni  həll  edirlər.  Yəni,  öz  rəylərini  bildirirlər  ki,  təq-

sirləndirilən şəxsin təqsirli hesab edilə bilməyi üçün məhkəməyə ki-

fayət qədər sübutlar təqdim edilib, yoxsa yox. Andlı iclasçılar müza-

kirəni hakimlərdən ayrı keçirirlər – bu onların fəaliyyətinin ana xət-

tidir.  Hakim  hər  bir  halda  qərar  qəbuletmə  prosesinə  müdaxilə  et-

məməlidir və edə bilməz. 

Nəzərdə tutulur ki, andlı iclasçılar heyəti tamamilə təəssübsüz, 

qərəzsiz və obyektivdir. 

Andlı iclasçılar bütün proses boyu ictimai təsirə məruz qalma-

malıdırlar. Onlar cəmiyyətlə və KIV-lə ünsiyyətdən təcrid olunurlar, 

kənarda heç bir məlumat toplaya bilməzlər. Bir çox hallarda onların 

yaxınlarına belə onlarla proses barədə, habelə prosesə verilən ictimai 

qiymət  barədə  ünsiyyət  saxlamaq  qadağan  edilir.  Qərar  qəbul  etmə 




38 

Cabir XƏLİLOV 

 

 

zamanı isə onlar tamamilə heç kəslə ünsiyyət saxlaya bilməzlər, te-



lefon zənglərinə belə cavab verməməlidirlər. Qərar həmişə bağlı qapı 

arxasında qəbul edilir. Andlı iclasçıların bu qərara necə gəlmələri də 

bir  sirr  olaraq  qalır.  Proses  qurtardıqdan  sonra  da  andlı  iclasçıların 

jurnalistlərlə bu iş barədə ünsiyyətinə yol verilmir, bir sıra ölkələrdə 

isə bu hətta cinayət sayılır. Andlı iclasçılara təzyiq etmək cəhdi isə, 

birmənalı olaraq, cinayət tərkibi yaradır. 

Hüquqi  baxımdan  andlı  iclasçılar  kollegiyasının  hakimiyyət 

səlahiyyətləri aydındır. Əgər kollegiya hesab etsə ki, təqsirləndirilən 

şəxs təqsirsızdır, bu halda həmin şəxs dərhal azadlığa buraxılır. Əgər 

kollegiya şəxsi təqsirli bilsə, hakim cinayət  qanununu tətbiq edir və 

hökm çıxarır. Andlı iclasçıların qərarı hakimə və yaxud ictimaiyyətə 

nə  qədər  səhv  və  ya  qeyri-professional  görünə  bilsə  də  belə,  müza-

kirə edilmir, dərhal qüvvəyə minir və bundan apellyasiya şikayəti ve-

rilmir. 


Ümumilikdə  andlı  iclasçılar  institutunun  mahiyyəti  bundan 

ibarətdir.  

Andlı  iclasçılar  institutunun  lehinə  və  əleyhinə  olan  çıxışlara 

nəzər salsaq, görərik ki, çox vaxt rəylər diametral dərəcədə bir-birinə 

ziddir.  Tərəfdarları  ərz  edir  ki,  bu  –  ədalət  mühakiməsinin  və  de-

mokratiyanın  təntənəsidir,  əleyhdarları  isə  deyirlər  ki,  bu  təsisat  – 

getdikcə  daha  da  mütəşəkkiilləşən  cinayətkarlığa  qarşı  mübarizədə 

bir maneədir. 

Zəif  hesab  edilən  tərəflərinə  nəzər  salaq.  Rusiya  və  digər  nis-

bətən  gənc  olan,  demokratik  yolu  seçdiyini  bəyan  etmiş  dövlətlərin 

təcrübəsinə nəzər salsaq, zəif cəhətlər kimi aşağıdakı amilləri göstərə 

bilərik: burada, ilk növbədə qrup maraqlarına istiqamətlənmək, emo-

siyalara və ictimai təsirlərə məruz qalmaq, işə baxıldıqda andlı iclas-

çılarda  sübutların  tədqiqinin  aparılması  təcrübəsinin  olmaması  və 

məhkəmə  prosedurunun  özünün  baha  olması  –  andlıların  gəlməsi, 

qalma xərcləri və s. – bunların hamısını mənfi cəhətlər kimi qeyd et-

mək olar (3, 122).  

Yüz il bundan qabaq olduğu kimi, indi də andlı iclasçılara əsas 

irad kimi o tutulur ki, onlar həddən artıq çox bəraət verdiktləri çıxa-

rırlar və bu guya cinayətkarların əl-qolunu açır. 




AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏ SİSTEMİNDƏ ANDLI...                  

39 


 

 

Andlı iclasçılara  tutulan iradlardan biri də odur ki, onların  hü-



quqi  təhsili  yoxdur.  Guya  bu  da  andlı  iclasçıların  çıxardığı  qərarı 

qeyri-professional edir. Bu dəlili güclü hesab etmək olmaz. Real hə-

yatda  mühakiməni  həyata  keçirən  insanların,  həkim  və  minaaxtaran 

kimi, səhv etməyə ixtiyarı  yoxdur. Eyni zamanda onu da qeyd edək 

ki, ən təcrübəli hakimlər belə səhvdən sığortalanmayıblar. Məhkəmə 

praktikasında  nəinki  bəraətverici,  eyni  zammanda  bir  çox  ittiham-

edici  hökmlərin  də  səhv  olduğu  kifayət  qədər  çox  hala  rast  gəlinir. 

Məsələn,  ABŞ-da  Kelvin  Vaşinqton  adlı  bir  şəxsin  etmədiyi  qətlə 

görə 14 il günahsız yerə azadlıqdan məhrumetmə yerlərində qaldıq-

dan  sonra  azad  edilməsi  çoxlu  hay-küyə  səbəb  olmuşdu.  Keçmiş 

SSRi-də  Çikatilo  adlı  seriya  xarakterli  cinayət  törətmiş  manyakın 

törətdiyi  cinayətlərə  görə  bir  neçə  (!)  günahsız  adam  mühakimə 

edilmişdi. Ölkəmizdə də məhkəmə səhvləri nümunələrinə, təəssüf ki, 

az rast gəlinmir. 

Onu  qəbul  etmək  lazımdır  ki,  tarix  artıq  sübuta  yetirmişdir: 

andlı iclasçılar məhkəməsinin, digər məsələlərlə yanaşı, əhalinin bü-

tün təbəqələrinin qanun qarşısında bərabərliyinin müəyyən dərəcədə 

təminatı, hüquq və azadlıqların məhkəmə müdafiəsinin həyata keçi-

rilməsi məsələlələrində böyük rolu olmuşdur, müstəqil məhkəmə ha-

kimiyyətinin formalaşdırılmasına yardım etmişdir, məhkəmə sistemi-

nin  demokratikləşməsinə  və  humanizmləşməsinə  xidmət  etmişdir, 

müstəntiqlərin,  prokurorların,  vəkillərin  çəkişməli  məhkəmə  proses-

lərində  püxtələşməsini,  hakimlərin  obyektivliyinin  artmasını,  insan 

haqlarına daha hörmətlə yanaşılmasını inkişaf etdirmişdir. 

Müsbət  cəhətlər  çoxdur.  Ilk  növbədə  bu,  məhkəmənin  fəaliy-

yətinə real düşüncə mühitinin gəlişi deməkdir, həqiqət və ədalətin ic-

timai anlayışının, adi məntiqin, ağlabatan dəlillərə əsaslanan düşüncə 

tərzinin, həyat təcrübəsinin məhkəmə prosesinə qatılması deməkdir. 

Ictimaiyyətin  məhkəmələrə  etimadının  artması  deməkdir.  Diqqət 

etsək, görərik ki, bu ictimai nəzarətin bir formasıdır, bəzi hakimlərin 

qeyri-vicdanlı  və  qeyri-obyektiv  hərəkətlərinin  qarşısının  alınması 

vasitəsidir,  ədalət  mühakiməsinin  ittihamedici  yönümünün  dəyiş-

dirlməsidir, məhkəmə səhvlərinin azaldılmasıdır. 



40 

Cabir XƏLİLOV 

 

 

Cinayət  mühakəmə  icraatı  insan  taleyi  ilə  bağlı  məsələləri  həll 



edir. Ona görə də məhkəmə icraatının elə formalarını seçib tətbiq et-

mək  lazımdır  ki,  səhv  etmək  risqini  minimallaşdırmaq  mümkün  ol-

sun. Bütün sivil dövlətlər də məhz buna can atırlar. Sözügedən risqi 

də azaldan amillərdən ən başlıcası – çəkişmə əsasında aparılan pro-

sesdir. Və məhz andlı iclasçılar məhkəməsi bu prosesi sözün əsl mə-

nasında çəkişməli edir. Burada ittiham tərəfi passiv  mövqe tuta bil-

mir,  o,  məcburdur  ki,  özünün  doğru  olmasını  qanun  çərçivəsində 

daim  sübut  etsin.  Müdafiə  tərəfi  də  bu  sübutları  qanun  çərçivəsində 

inkar  edir.  Və  bu  mübahisədə  həqiqət  yaranır.  Bu  prosesdə  «təqsir-

lidir» verdikti o zaman səslənməlidir ki, sübutların məcmusu ilə şəx-

sin təqsirliliyi həqiqətən isbat edilsin və heç bir şəkk-şübhə qalmasın.  

Andlı  iclasçılar  məhkəməsinin  qeyri-obyektiv  olması  və  cina-

yətkarlığın əl-qolunu açması barədə fikirlər öz təsdiqini tapmır. Bun-

lar qeyri-elmi tezislərdir, subyektiv baxışların nəticəsidir. Müasir döv-

rümüzün  praktikasını  və  tarixi  təcrübəni  təhlil  etdikdə  belə  bir  nə-

ticəyə gəlirik ki, bu növ məhkəmə icraatı məqsədəuyğundur.  

Andlı  iclasçılar  kollegiyası  bir-birilə  tanış  olmayan  insanların 

sırasından süni surətdə, müvəqqəti olaraq yaradılmış bir heyətdir. Bu 

heyətin məqsədi – konkret cinayət işi üzrə ədalətli, mənəvi baxımdan 

tam  düzgün  bir  qərarın  qəbul  edilməsidir.  Qərarın  kollektiv  surətdə 

qəbul edilməsi isə yüksək mənəvi məsuliyyəti labüd edir. Əlbəttə ki, 

fərd kimi, hər bir andlı iclasçının psixoloji vəziyyəti, yaranmış şərait-

də müstəqil düşüncə qabilliyyətinin olması onların fəaliyyətinin mü-

hüm  şərtlərindəndir.  Bu  hər  kəsə  aydındır,  hətta  professional  hakim-

lər  belə  qərar  qəbul  edərkən  səhvlərdən  xali  deyillər.  Bir  də  ki,  mü-

rəkkəb görünə bilən bəzi problemlər asan həll oluna bilir. Andlı iclas-

çılar üçün müvafiq bilikləri verə bilən treninq proqramları həyata ke-

çirmək mümkündür. Bir çox təşkilatlar buna zəruri dəstəyi verərlər. 

Ənənəvi  mühakimə  formalarına  nisbətən  andlı  iclasçılar  məh-

kəməsinin  bir  sıra  üstünlükləri  vardır.  Bu  sıraya  daha  böyük  kolle-

giyallıq,  daha  çox  müstəqillik,  obyektivlik,  qərəzsizlik  və  prosesin 

daha güclü çəkişmə atmosferində keçirilməsini aid etmək olar.  Belə 

icraat hakimi müxtəlif orqan və şəxslərin təsirindən daha çox qoruya 

bilir,  daha  müstəqil  olmasına  zəmanət  verir,  insanların  məhkəməyə 




AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏ SİSTEMİNDƏ ANDLI...                  

41 


 

 

inamını  artırır,  məhkəmələrin  qərəzsizliyini  vurğulayır,  işin  halla-



rının daha dərin, daha köklü tədqiqini labüd edir. Tərəflərin bir növ 

yarışmasını  stimullaşdıraraq,  məhkəmə  qərarının  daha  obyektiv  ol-

masını təmin edir. Hüququn daha geniş ictimaiyyət tərəfindən qavra-

nılmasına gətirib çıxarır. 

Bundan  əlavə,  qərəzsizlik  amili  də  çox  önəmlidir.  Necə  olsa, 

reallığa nəzər salsaq, görərik ki, hakim daha çox ittihama meyllidir, 

ona prokuror təsir etməyə çalışır, bunların ümumi maraqları ola bilir. 

Amma andlı iclasçıları hesabatlar, rəqəmlər əsla maraqlandırmır, on-

ları yalnız təqsirləndirilən şəxsin taleyi düşündürür. Xalq təmsilçiləri 

məhkəmə yolu ilə həqiqətin axtarışı prosesinə öz gəlişlərilə nə az, nə 

çox – yeni, daha təravətli baxış gətirirlər, funksional mövqe tutmaq-

dan  irəli  gələn  yeknəsəkliyi  dağıdırlar.  Sözsüz  ki,  andlı  iclasçılar 

məhkəməsi  daha  müstəqildir,  əlbəttə  andlılara  da  təsir  etmək  olar, 

amma 12 nəfəri ələ almaq çox müşkül bir işdir. 

Qeyd  etdiyimiz  kimi,  andlı  iclasçıların  iştirakı  ilə  keçirilən 

məhkəmələr şərti olaraq 2 hissədən ibarətdir: bir tərəfdən professio-

nal  hakimlər,  digər  tərəfdən  qeyri-professionallardan  ibarət  heyət. 

Birincilər  hüquqa  aid,  əməlin  tövsifinə,  cəzaya  aid  məsələləri  həll 

edir, ikincilər isə «fakt məsələsini» - yəni, təqsirliyin sübuta yetirilib- 

yetirilməməsi məsələsini həll edir. Çox mühüm bir dəlildir ki, andlı 

iclasçılardan  yalnız  normal,  məntiqi  düşüncə  tərzinə  malik  ol-ma, 

nəticə etibarilə təqdim edilən sübutlar əsasında öz rəyini bildir-mək 

tələb olunur. 

Andlı  iclasçılar  məhkəməsinin  müsbət  cəhətləri  mənfilərindən 

çoxdur.  Bir  tərəfdən,  mühakiməni  təcrübəsiz  adamlar  həyata  keçirir 

– bu çatışmazlıqdır. Amma müsbət olan budur ki, onlar daha obyek-

tiv olacaqlar, və qanunun quru hərfindən çox, insani dəyərlərə əsas-

lanacaqlar.  Əlbəttə  ki,  Qərb  dövlətlərinin  müsbət  təcrübəsi  də  çox 

önəmli bir dəlildir. Andlı iclasçılar məhkəməsi cəmiyyətdə məhkəmə 

hakimiyyətinin  nüfuzunu  çox  artırır  –  axı  qərarı  dövlət  məmurları 

deyil, xalqın nümayəndələri, sadə vətəndaşlar çıxarır. 

Birisi deyə bilər ki, andlılar qeyri-professionaldır. Digəri deyə-

cək  ki,  bizə  hələ  tezdir,  biz  hələ  hazır  deyilik.  Amma  bu  məntiqlə 

getsək, onda bəlkə bizə məhkəmə, çəkişmə heç lazım da deyil?! Pro-




42 

Cabir XƏLİLOV 

 

 

kuror  ittihamı  təsdiqlədisə  demək  şəxs  təqsirlidir?!  Amma  bunu  bir 



dəfə artıq keçmişik, müdhiş «üçlüklər»in fəaliyyətinin acı yaddaşını 

tarix  bizə  çatdırmışdır.  Bizə  elə  gəlir  ki,  başlamaq  lazımdır,  onların 

fəaliyyətində  hansısa  düzəlişləri  etmək  zərurəti  yaranarsa,  həyat 

bunu  diktə  edəcəkdir.  Ələlxüsus  ona  görə  ki,  ölkə  məhkəmələrinin 

qeyri-obyektivliyi və qərəzliliyi barədə artıq hər səviyyədə danışılır. 

Artıq  hazırki  vəziyyətdən  daha  pis  vəziyyət  ola  bilməz.  Səhv  etmi-

rəmsə,  axır  onillikdə  bir  dənə  də  olsun  qüvvədə  saxlanılan  bəraət 

hökmü yoxdur – bu özlüyündə böyük bir dəlil deyilmi? 

Məhkəmə sistemində andlı iclasçılar icraatının olması dövlətin 

sivil  olmasının  və  demokratikliyinin  əlamətidir,  vətəndaşa,  cəmiy-

yətə müraciət etmək imkanı verən bir reallıqdır. Bu baxımdan andlı 

iclasçılar məhkəməsini vicdan və axırıncı ümid məhkəməsi də adlan-

dırmaq olar.  

Beləliklə, çox az bir iş qalıb – artıq mövcud olan bir mexanizmi 

işə salmaq gərəkdir. 

 

 



ƏDƏBİYYAT 

 

1.

 



Ларин А.М. Из истории суда присяжных в России. Москва .1995.  

2.

 



 Попова  А.  Суд  присяжных  -  шаг  в  будущее  или  назад  в  прош-

лое?, Наука и жизнь, №7 2004. 

3.

 

Карнозова Л.М. Возрожденный суд присяжных. Замысел и проб-



лемы становления. М.: NOTA BENE, 2000.  

4.

 



James Oldham, “Trial by jury: The Seventh Amendment and Anglo-

American Special Juries” (New York University Press, 2006) 

5.

 

Кони А.Ф. Судебная реформа и суд присяжных, Собрание сочи-



нений т.4, Юридическая литература, М., 1967 

 

 




AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏ SİSTEMİNDƏ ANDLI...                  

43 


 

 

S u m m a r y 



 

JURY INSTITUTE IN THE COURT SYSTEM OF AZERBAIJAN 

REPUBLIC 

 

Jabir KHALILOV 

(Khazar University, Baku, Azerbaijan) 

 

Jury system was first appeared in England and has undergone a long 



historical way of development and progress. 

Jurors are ordinary citizens who are convened to hear criminal cases 

in the court, participate in investigation along with judges, hear testimony 

of  witnesses  and  accused  person,  become  familiar  with  the  results  of 

examinations, etc. 

The  role  of  judge  in  these  trials  is  leading,  however  attorneys  and 

prosecutors that are presenting the case before jury play and active role in 

criminal  procedure.  The  judge  must  not  interfere  in  decision-making 

process  in  any  cases.  Jury  is  responsible  for  evaluating  the  evidence 

presented and deciding questions  of guilt.  In spite of its  ancient  age, jury 

system  is  a  new  tradition  for  the  Azerbaijan.  Although  a  number  of 

legislative acts were adopted jury system is not applicable in practice yet. 

The jury shall  consist  of twelve main  and two reserve jurors. (CPC 

of  the  Republic  of  Azerbaijan,  Art.79.2)  The  law  imposes  restrictions  to 

some category of citizens to participate as jurors.  

Citizens can perform responsibilities of jurymen once a  year within 

15 days. The law provides jurors with certain rights and duties. 

The law defines the procedure of jury selection in details in order to 

exclude any elements of subjectivity in decision making. 

Verdict is rendered in the separate room by jurors for the purpose to 

keep their deliberations in strict confidence. The jurors are not allowed to 

disclose any opinions expressed during the deliberations.  

No  complaint  or  appeal  against  the  judgment  of  the  court  of  first 

instance  based  on  the  verdict  reached  by  a  jury  may  be  lodged  with  the 

court  of  appeal.  The  judgment  enters  into  force  from  the  day  of  its 

proclamation. 

Jury trial has a number of advantages in comparison with traditional 

trials.  The  important  features  of  jury  trials  are  independence,  objectivity 

and impartiality of jurors as well as litigation process. 

We strongly believe that presence of jury trials in the legislation of the 



Republic of Azerbaijan is a big step for future.  

Yüklə 301,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə