Aparteid cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında



Yüklə 41,85 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü41,85 Kb.
#8032


Aparteid cinayətinin qarşısının alınması və ona görə 

cəzalandırma haqqında 

Beynəlxalq Konvensiya 

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər, 

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına müvafiq olaraq bütün üzv 

dövlətlərin, irqinə, cinsinə, dilinə və ya dininə görə fərq qoyulmadan bütün insanların 

hüquqlarına və əsas azadlıqlarına hamılıqla hörmət edilməsinə və onlara riayət 

olunmasına nail olmaq üçün Təşkilatla əməkdaşlıq şəraitində birgə və müstəqil fəaliyyət 

göstərməyi öhdələrinə götürdüklərini xatırladaraq, 

bütün insanların ləyaqətcə və hüquqca bərabər doğulduğunu və bütün insanların heç bir 

fərq, o cümlədən irqinə, dərisinin rənginə, yaxud milli mənsubiyyətinə görə fərq 

qoyulmadan öz mətnində elan etdiyi bütün hüquq və azadlıqlara malik olmasının

 

vacibliyini bildirən İnsan hüquqları haqqında Ümumi Bəyannaməni nəzərə alaraq, 



Baş Məclisin Müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında 

Bəyannamədə azadlıq hərəkatının qarşısını almaq, yaxud onu geri döndərməyin mümkün 

olmadığını və insan ləyaqəti, tərəqqi və ədalət naminə müstəmləkəçiliyə və onunla bağlı 

hər cür seqreqasiya və ayrı-seçkilik praktikasına son qoyulmasının zəruriliyini bəyan 

etməsini nəzərə alaraq, 

İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya 

müvafiq olaraq dövlətlərin seqreqasiya və aparteidi xüsusilə pislədiklərini və onların 

yurisdiksiyasındakı ərazilərdə hər cür belə praktikanın qarşısını almağı, qadağan etməyi 

və kökünü kəsməyi öhdələrinə götürdüklərini qeyd edərək

Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında 

Konvensiyada aparteid kimi qiymətləndirilə bilən bir sıra hərəkətlərin də beynəlxalq 

hüquqa görə cinayət olduğunu qeyd edərək, 

Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə görə cinayət məsuliyyətinə cəlbetmə 

müddətinin tətbiq edilməməsi haqqında Konvensiyada «aparteid siyasətinin nəticəsi olan 

insanlıqdan kənar əməllərin» bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirildiyini qeyd 

edərək, 


Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin aparteid siyasətini və praktikasını 

bəşəriyyətə qarşı cinayət kimi pisləyən bir sıra qətnamə qəbul etdiyini qeyd edərək, 

Təhlükəsizlik Şurasının aparteidin və onun güclənməkdə və genişlənməkdə davam 

etməsinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi maneə və təhdid olduğunu nəzərə 

çarpdırdığını qeyd edərək, 

Aparteid cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında Beynəlxalq 

Konvensiyanın aparteid cinayətinin qarşısını almaq və ona görə cəzalandırmaq məqsədilə 

beynəlxalq və milli səviyyələrdə yeni, daha təsirli tədbirlərin görülməsinə imkan 

verəcəyinə əmin olaraq, 

aşağıdakılar barədə razılığa gəldilər: 




Maddə 1 

1. Bu Konvensiyanın iştirakçısı olan dövlətlər bəyan edirlər ki, aparteid bəşəriyyətə qarşı 

cinayətdir və bu Konvensiyanın 2-ci maddəsində müəyyən edilən aparteid siyasəti və 

praktikasının və ona oxşar irqi seqreqasiya və ayrı-seçkilik siyasəti və praktikasının 

nəticəsi olan insanlıqdankənar hərəkətlər beynəlxalq hüquq prinsiplərini, o cümlədən 

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsiplərini pozan və 

beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid doğuran cinayətlərdir. 

2. Bu Konvensiyanın iştirakçısı olan dövlətlər aparteid cinayəti törədən təşkilatları, 

təsisatları və ayrı-ayrı şəxsləri cinayətkar elan edirlər. 

Maddə 2 

Bu Konvensiyanın məqsədləri üçün «aparteid cinayəti» termini Afrikanın cənub 

hissəsində tətbiq edildiyi şəkildə aparılan ona oxşar irqi seqreqasiya və ayrı-seçkilik 

siyasətini və praktikasını ehtiva edir və bir irqə mənsub insan qrupunun hər hansı digər 

irqə mənsub insan qrupu üzərində ağalığını və onu müntəzəm istismar etməsini bərqərar 

və müdafiə etmək məqsədilə törədilən aşağıdakı insanlıqdankənar cinayətləri bildirir: 

a) irqi qrupp, yaxud qrupların üzvünü və ya üzvlərini yaşamaq və şəxsiyyət 

azadlığı hüququndan məhrum etmək: 

i) irqi qrup, yaxud qrupların üzvlərini öldürməklə; 

ii) irqi qrup yaxud qrupların üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli 

pozğunluq yetirmək və onlara qarşı işgəncə, yaxud qəddar, 

insanlıqdankənar və insanın ləyaqətini alçaldan davranış və cəza tətbiq 

etmək nəticəsində onların azadlığına və ləyaqətinə qəsd etməklə; 

iii) irqi qrup, yaxud qrupların üzvlərini özbaşına həbs etmək və qanunsuz 

olaraq həbsxanalarda saxlamaqla; 

b) irqi qrup, yaxud qruplar üçün qəsdən onun və ya onların bütünlüklə və ya bir 

hissəsinin fiziki məhvinə hesablanmış həyat şəraiti yaratmaq; 

c) irqi qrup, yaxud qrupların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında 

iştirakına yol verilməməsini nəzərdə tutan hər cür qanunvericilik xarakterli və 

digər tədbirlər görmək və belə qrup, yaxud qrupların tam inkişafına qəsdən mane 

olan şərait yaratmaq, məsələn, irqi qrup, yaxud qrupların üzvlərini əmək hüququ, 

rəsmən tanınmış həmkarlar ittifaqları yaratmaq hüququ, təhsil hüququ, öz ölkəsini 

tərk etmək və oraya qayıtmaq hüququ, vətəndaşlıq hüququ, sərbəst yerdəyişmə və 

yaşayış yeri seçmək hüququ, əqidə və onu sərbəst şəkildə ifadə etmək hüququ və 

dinc yığıncaqlar keçirmək və assosiasiyalar yaratmaq hüququ daxil olmaqla, əsas 

insan hüquq və azadlıqlarından məhrum etmək; 

d) irqi qrup, yaxud qrupların üzvləri üçün təcrid olunmuş rezervasiya və gettolar 

yaratmaqla əhalini irqi əlamətinə görə ayırmağa yönəldilmiş hər cür, o cümlədən 

qanunvericilik xarakterli tədbirlər, müxtəlif irqi qrupların üzvləri arasında qarışıq 

nikahlar bağlanmasının qadağan olunması, irqi qrupa, qruplara, yaxud onların ailə 

üzvlərinə məxsus torpaq mülkiyyətinin ekspropriasiyası; 



e) irqi qrup, yaxud qrupların üzvlərinin əməyinin istismar edilməsi, məsələn, 

onların məcburi əməyindən istifadə; 

f) təşkilat və şəxslərin aparteidə qarşı çıxdıqlarına görə əsas hüquq və 

azadlıqlardan məhrum edilməklə təqib olunması. 



Maddə 3 

Belə hərəkətlərin törədildiyi dövlətin ərazisində, eləcə də hər hansı digər dövlətdə 

yaşayaraq: 

a) bu Konvensiyanın 2-ci maddəsində göstərilən hərəkətləri törədən, 

törədilməsində iştirak edən, onlara bilavasitə təhrikçilik edən, yaxud onları 

törətmək məqsədilə gizli sövdələşən; 

b) aparteid cinayətinin törədilməsində bilavasitə iştirak edən, onu təşviq edən, 

yaxud onun törədilməsində əməkdaşlıq edən şəxslər, təşkilat və təsisat üzvləri

səbəbindən asılı olmayaraq, beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməlidirlər. 

Maddə 4 

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər öhdələrinə götürürlər: 

a) aparteid cinayətinin kökünü kəsmək, eləcə də aparteid cinayətinin və ona oxşar 

seqreqasiya siyasətinin, yaxud onun təzahürlərinin hər cür təşviq edilməsinin 

qarşısını almaq və bu cinayətdə günahkar olanları cəzalandırmaq üçün hər cür 

qanunvericilik aktları və digər aktlar qəbul etməyi; 

b) bu Konvensiyanın 2-ci maddəsində müəyyən edilmiş hərəkətlərini 

törədilməsinə görə məsuliyyət daşıyan, yaxud onların törədilməsində 

təqsirləndirilən şəxsləri, onların bu hərəkətlərin törədildiyi dövlətin ərazisində 

olub-olmamasından, həmin dövlətin, yaxud hər hansı digər dövlətin vətəndaşı 

olmasından, yaxud vətəndaşlığı olmayan şəxslər olmasından asılı olmayaraq öz 

yurisdiksiyalarına uyğun olaraq təqib etmək, məhkəməyə cəlb etmək və 

cəzalandırmaq üçün qanunvericilik, məhkəmə və inzibati tədbirlər görməyi. 

Maddə 5 

Bu Konvensiyanın 2-ci maddəsində sadalanan hərəkətlərin törədilməsində ittiham olunan 

şəxslər onların şəxsiyyəti üzərində yurisdiksiya əldə edə bilən hər hansı iştirakçı dövlətin 

səlahiyyətli məhkəməsində, yaxud iştirakçı dövlətlərin razılığı ilə, onların 

yurisdiksiyasına münasibətdə sərəncam verə bilən beynəlxalq cinayət tribunalında 

mühakimə edilə bilərlər. 



Maddə 6 

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə 

müvafiq olaraq Təhlükəsizlik Şurasının aparteid cinayətinin qarşısını almağa kökünü 

kəsməyə və ona görə cəzalandırmağa yönəldilmiş qərarlarını qəbul etməyi və onları 

yerinə yetirməyi və Birləşmiş Millətlər Təşkilatının digər səlahiyyətli orqanlarının bu 

Konvensiyanın məqsədlərinə nail olmaq üçün qəbul etdikləri qərarların həyata 

keçirilməsinə yardım göstərməyi öhdələrinə götürürlər. 



Maddə 7 

1. Bu Konvensiyanın iştirakçısı olan dövlətlər 9-cu maddəyə müvafiq olaraq təsis edilmiş 

qrupa özlərinin bu Konvensiyanın müddəalarını yerinə yetirmək üçün gördükləri 

qanunvericilik, məhkəmə və inzibati, yaxud digər tədbirlər haqqında vaxtaşırı məruzələr 

təqdim etməyi öhdələrinə götürürlər. 

2. Bu məruzələrin surətləri Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə Aparteid 

üzrə Xüsusi Komitəyə göndərilir. 

Maddə 8 

Bu Konvensiyanın iştirakçısı olan hər bir dövlət Birləşmiş Millətlər Təşkilatının hər hansı 

səlahiyyətli orqanına, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına 

müvafiq olaraq, aparteid cinayətinin qarşısını almaq və kökünü kəsmək üçün, onun 

fikrincə, zəruri olan bütün tədbirləri görmək tələbi ilə müraciət edə bilər. 

Maddə 9 

1. İnsan hüquqları Komissiyasının sədri iştirakçı dövlətlərin 7-ci maddəyə müvafiq olaraq 

təqdim etdikləri məruzələrə baxmaq üçün İnsan hüquqları Komissiyasının, eləcə də bu 

Konvensiyanın iştirakçı dövlətlərinin nümayəndələri olan üç üzvündən ibarət qrup təyin 

edir. 

2. İnsan hüquqları Komissiyasının üzvləri arasında bu Konvensiyanın iştirakçı 



dövlətlərinin nümayəndələri olmadıqda, yaxud onlar üç nəfərdən az olduqda, Birləşmiş 

Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın iştirakçısı olan bütün dövlətlərlə 

məsləhətləşdikdən sonra İnsan hüquqları Komissiyasının üzvü olmayan iştirakçı dövlətin 

nümayəndəsini, yaxud iştirakçı dövlətlərin nümayəndələrini, Konvensiyanın iştirakçısı 

olan dövlətlərin nümayəndələri İnsan hüquqları Komissiyasının tərkibinə seçilənədək bu 

maddənin yuxarıda göstərilən birinci bəndinə müvafiq olaraq təsis edilən qrupda 

işləməyə təyin edir. 

3. Qrup 7-ci maddəyə müvafiq olaraq təqdim edilən məruzələrə baxmaq üçün, İnsan 

hüquqları Komissiyasının sessiyasının başlanmasından əvvəl, yaxud qurtarmasından 

sonra beş gündən artıq olmayan müddətə yığışa bilər. 



Maddə 10 

1. Bu Konvensiyanın iştirakçısı olan dövlətlər İnsan hüquqları Komissiyasına aşağıdakı 

səlahiyyətləri verir: 

a)

 



Birləşmiş Millətlər Təşkilatı orqanları İrqi ayrı-seçkiliyin bütün formalarının 

ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın 15-ci maddəsinə müvafiq 

olaraq şikayətlərin surətlərini göndərərkən, bu Konvensiyanın 2-ci maddəsində 

sadalanan hərəkətlərə dair şikayətlərə diqqət yetirməsini ondan xahiş etmək; 

b) Birləşmiş Millətlər Təşkilatının səlahiyyətli orqanlarından alınan məruzələr və 

bu Konvensiyanın iştirakçısı olan dövlətlərin vaxtaşırı təqdim etdiyi məruzələr 

əsasında bu Konvensiyanın 2-ci maddəsində sadalanan cinayətlərə görə 

məsuliyyət daşıdığı güman edilən şəxslərin, təşkilatların, təsisatların və dövlət 




nümayəndələrinin, habelə bu Konvensiyanın iştirakçısı olan dövlətlərdə haqqında 

məhkəmə təhqiqatları aparılanların siyahısını hazırlamaq; 

c) Birləşmiş Millətlər Təşkilatının səlahiyyətli orqanlarından qəyyumluq altında 

olan, özləri tərəfindən idarə edilməyən ərazilərin və Baş Məclisin 1960-cı il 14 

dekabr tarixli 1514 (XV) nömrəli qətnaməsinin aid olduğu bütün digər ərazilərin 

idarə olunması üçün məsuliyyət daşıyan hakimiyyət orqanlarının bu 

Konvensiyanın 2-ci maddəsinə müvafiq olaraq cinayət məsuliyyəti daşıdıqları 

güman edilən və onların ərazi və inzibati yurisdiksiyası hüdudlarında olduqları 

ehtimal edilən şəxslər barəsində gördükləri tədbirlərə dair məlumat istəmək. 

2. Baş Məclisin müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında 

1514 (XV) nömrəli qətnaməsində əks olunmuş məqsədlərə nail olunana qədər bu 

Konvensiyanın müddəaları digər beynəlxalq sənədlərin, yaxud Birləşmiş Millətlər 

Təşkilatının və onun ixtisaslaşdırılmış qurumlarının həmin xalqlara verdiyi şikayət 

hüququnu qətiyyən məhdudlaşdırmır. 



Maddə 11 

1. Bu Konvensiyanın 2-ci maddəsində sadalanan hərəkətlər təhvil vermə məsələsində 

siyasi cinayətlər sayılmır. 

2. Belə hallarda bu Konvensiyanın iştirakçısı olan dövlətlər öz qanunvericiliyi və 

qüvvədə olan müqavilələrinə müvafiq olaraq ekstradisiya həyata keçirməyi öhdələrinə 

götürürlər. 



Maddə 12 

1. Bu Konvensiyanın təfsiri, tətbiqi, yaxud yerinə yetirilməsi ilə bağlı iştirakçı dövlətlər 

arasında olan və danışıqlar vasitəsilə həll edilməyən mübahisələr, mübahisə edən tərəflər 

onun başqa üsulla tənzimlənməsində razılığa gəlmədikdə, mübahisə edən iştirakçı 

dövlətlərin xahişi ilə baxılmaq üçün Beynəlxalq Məhkəməyə verilir. 

Maddə 13 

Bu Konvensiya bütün dövlətlərin imzalaması üçün açıqdır. Konvensiya qüvvəyə minənə 

qədər onu imzalamamış hər bir dövlət ona qoşula bilər. 

Maddə 14 

1. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqnamələr saxlanılmaq üçün Birləşmiş 

Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. 

2. Qoşulma bu haqda aktın saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş 

katibinə təqdim edilməsi ilə həyata keçirilir. 

Maddə 15 

1. Bu Konvensiya iyirminci təsdiqnamə, yaxud qoşulma aktı saxlanılmaq üçün Birləşmiş 

Millətlər Təşkilatının Baş katibinə təhvil veriləndən sonra otuzuncu gün qüvvəyə minir. 



2. Bu Konvensiyanı iyirminci təsdiqnamə, yaxud qoşulma aktı saxlanılmağa verildikdən 

sonra təsdiq edən, yaxud ona qoşulan dövlət üçün bu Konvensiya həmin dövlətin öz 

təsdiqnaməsini, yaxud qoşulma aktını saxlanılmağa verməsindən sonrakı otuzuncu gün 

qüvvəyə minir. 



Maddə 16 

Hər bir iştirakçı dövlət bu Konvensiyanı Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına 

yazılı bildiriş göndərməklə denonsasiya edə bilər. Denonsasiya, Baş katib bu barədə 

bildiriş alan gündən bir il sonra qüvvəyə minir. 



Maddə 17 

1. Hər bir iştirakçı dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına 

yazılı bildiriş göndərməklə bu Konvensiyaya yenidən baxılmasını xahiş edə bilər. 

2 Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi, lazım gəldikdə, belə xahişlə əlaqədar 

tədbirlər görülməsinə dair qərar çıxarır. 

Maddə 18 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi bütün dövlətlərə aşağıdakılar haqqında 

məlumatları çatdırır: 

a) 13 və 14-cü maddələrə müvafiq olaraq imzalama, təsdiqetmə və qoşulma 

haqqında; 

b) 15-ci maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə minmə tarixi 

haqqında; 

c) 16-cı maddəyə müvafiq olaraq, denonsasiyalar haqqında; 

d) 17-ci maddəyə müvafiq olaraq, bildirişlər haqqında. 

Maddə 19 

1. Çin, fransız, ingilis, ispan və rus dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu 

Konvensiya Birləşmiş Millətlər Təşkilatının arxivində saxlanılır. 

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın təsdiq olunmuş 



surətlərini bütün dövlətlərə göndərir. 

Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 96-IQ nömrəli Qanunu ilə bu Konvensiyaya 

qoşulmuşdur («VES Consultancy» LLC). 

Yüklə 41,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə