Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   35


 

 



 

Aqil ABBAS 

DOLU 

Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına! 

 

I FƏSİL 



 

Xahiş edirəm, bu əsərdə 

 kim isə nə isə axtarmasın, bu yazıçı təxəyyülündən başqa bir şey deyil. 

A.Abbas 

 

 



*** 

... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər 

bərk  tıncıxırdı.  Bir  yarpaq  belə  qımıldamırdı.  Azacıq  meh  yarada  bilən  çinarlar  da  çırpınıb-

çırpınıb süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın,  bürküdən ulduzları  da  yorulub day 

sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan 

şəhər özünü atdı bayıra... 

... Dolu yağanda bu şəhərdə zurna-qavallı bir toy-bayram olardı, təbii ki, zurna-qavalı da 

dolunun özü gətirərdi. Baxmayaraq ki, dolu bağ-bağata da, avtomobillərə də, pəncərə şüşələrinə 

də, kasıb evlərinin kasıb damlarına da, çölü-biyabanda yaxaladığı adamlara da çox böyük zərər 

vururdu  -  dəxli  yox  idi,  camaat  uşaq  kimi  sevinərdi.  Bu  dolu  çəkərdi  beş  dəqiqə,  on  dəqiqə, 

amma bu beş-on dəqiqənin dadı-ləzzəti damaqlardan uzun müddət getməzdi. 

Elə  ki  dolu  başladı,  camaat  həsrətlə  gözlədiyi  dolunun  gətirdiyi  zurna-qavalın  səsini 

eşitdi,  sevinclə  tökülərdi  bayıra.  Və  çölə  tökülən  bu  camaat  dolunun  tutmadığı  bir  yanda 

daldalanır, dolunun gətirdiyi qeyri-adi, soyulmuş baldırğan qoxusuna bənzər bir qoxunu ləzzətlə 

ciyərlərinə çəkib xoşallanar, əllərini dolunun altına tutub göylərə - buludların arasından süzülən 

Tanrı  işığına  tamaşa  eləyə-eləyə  bu  dolunun  damları,  torpağı,  ağacları,  pəncərələri 

döyəcləməsindən  yaranan  Tanrıdan  başqa  heç  bir  bəstəkarın  bəstələyə  bilmədiyi  qeyri-adi  bir 

musiqiyə qulaq kəsilirdilər. 

Balacalar  isə  böyüklərin  əsəbləşmələrinə,  çığırıb-bağırmalarına  baxmazdılar,  dolunun 

altında sevinclə atılıb-düşər, yerdən ovuclayıb yığdıqları buz parçalarıyla bir-birini daşlar, arabir 

də  ağızlarına  atıb  konfet  kimi  sümürər,  dolunun  kefini  çıxarardılar.  Gecə  də  anaları  yanlarını 

şapalaqlaya-şapalaqlaya bellərini küpələyərdi... 

... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər 

bərk tıncıxırdı. Bir  yarpaq belə qımıldamırdı. Azacıq meh  yaradan çinarlar da çırpınıb-çırpınıb 

süst  düşmüşdülər.  Qəflətən  bu  buludsuz,  bu  aydın,  bürküdən  yorulub  day  ulduzları  da 

sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan 

şəhər özünü atdı bayıra. 

...  Amma  Dolunun  sevincini  yaşamağa,  gətirdiyi  soyulmuş  baldırğan  qoxusunu 

ciyərlərinə çəkməyə, Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi musiqisinə 

qulaq asmağa  yox. Uşaqlar bu Dolu ilə oynaya  bilmirdilər, ağızlarına atıb konfet  kimi  sümürə 

bilmirdilər.  Bu  Dolunun  musiqisindən  ləzzət  almaq  olmurdu,  bu  Dolunun  musiqisi  insanların 

beyninə bir dolu kimi dəyib ruhunu əzirdi. Göydən dolu yağmırdı, Əzrayıl yağırdı. Kimi harda 

yaxalayırdısa, elə orda da cənginə alıb çeynəyirdi. 

Sambist  Eldarı  gecə  növbəsindən  qayıdanda  Lenin  bağının  başında  yaxalamışdı,  səhər 

batalyonun uşaqları yanğınsöndürən maşının köməyi ilə qoca palıdın başından parçalarını zorla 

yığa  bilmişdilər.  Xanəndə  Baratın  xanımını  evin  içində,  yuxunun  ən  şirin  yerində  cənginə 

almışdı,  başlarını  itirdiklərindən  yalnız  Ağcabədidə  xəstəxanaya  çatdıranda  bilmişdilər  ki,  sağ 



Lit.az 

 

 



qolu  qalıb  evdə.  Əlinə  düşəndən  babat  vurub  çarpayıya  daş  kimi  düşmüş  Kefli  Çapay  səhər 

ayılanda evin ortasında parçalanmamış bütöv bir Dolunun sancıldığını görüb demişdi: 

- Bunu kim göndərdi, ə?! 

Hərə  başını  götürüb  bu  Doludan  hara  gəldi  qaça  bildikcə  qaçmaq  istəyirdi.  Maşınlılar 

colum-cocuğunu maşınına doldurub şəhərdən çıxarır, kəndə-kəsəyə üz tuturdu. Kənddə-kəsəkdə 

doğması  olmayanlar  isə  şəhərin  kənarında  Dolu  tutmayan  bir  yerdə  ya  maşında,  ya  ağacların 

altında  gecələyirdilər.  Maşınsızlar  isə  colum-cocuğunu  evin  dərin  yerinə  çəkir,  əlacsızlığın 

ağırlığı  altında  balalarının  qorxudan  bərəlmiş  gözlərinə  baxmağa  da  utanırdılar.  Bu  colum-

cocuğun baxışları onları dışardakı Doludan da bərk döyürdü. 

Və bu Dolu şəhəri qəfil it kimi həmişə gecədən bir az keçmiş,yuxunun ən şirin  yerində 

tuturdu.  Gecənin  qaranlığından,  Dolunun  insanların  beynini  bir  dolu  kimi  döyüb  ruhunu  əzən 

şaqqıltısından çaşmış adamlar fırtınanın sahilə atdığı balıqlara oxşayırdılar. 

 

Yenə  gecə  yarıdan  keçmişdi...  Və  şəhəri  Dolu  necə  vururdusa...  Maşını  olanlar  yenə 



colum-cocuğunu  maşına  doldurub  şəhərdən  çıxarmağa  çalışırdı.  Maşını  olmayanlar  isə  yenə 

colum-cocuğunu  evin  dərin  yerinə  çəkib  ümidlərini  onları  çoxdan  yaddan  çıxarmış  Tanrıya 

bağlayaraq xəcalətlərindən domuşmuş balalarının qorxudan bərəlmiş gözlərinə də baxmağa ürək 

eləmirdilər... 

...  Bu  Yiyəsiz  Dövlətin  bu  Yiyəsiz  Övladları  önü  düşmən,  arxası  isə  heç  nəyə 

söykənməyən  səngərin  içində  silahlarını  əzizləri  kimi  bağırlarına  basıb  ürəkləri  qan  ağlaya-

ağlaya şəhərə yağan Doluya ağrı ilə tamaşa edirdilər. 

- Allah, sən özün kömək ol! 

- Allah, sən saxla... 

Yaratdığı  dünyanı  onun  iradəsi  əleyhinə  məhvərindən  çıxarmış  insanlara  qəzəblənmiş 

Tanrı  yorulmuşdu.  Müharibədə  qırılan  bu  günahsız  cavanlar  kimi  o  da  vaxtından  əvvəl 

qocalmışdı.  Qibləsini  azmış  insanların  üzünü  yenidən  qibləyə  çevirmək  üçün  bir  peyğəmbərə 

ehtiyac olduğunu görüb mələkləri yer üzünə göndərmişdi ki, bu peyğəmbəri tapsınlar. Mələklər 

də yer üzünün altını üstünə çevirsələr də Tanrının istədiyini tapa bilməmişdilər. Axırda Tanrının 

yanına əliboş qayıtmaqdan qorxan mələklər təsadüfən göy üzü kimi təmiz, Zəmzəm bulağı kimi 

saf, göz  yaşı  kimi  dupduru bir  səs eşitmişdilər. Tökülmüşdülər səs sahibinin  üstünə, qanından, 

ruhundan bu qeyri-adi səsi soymuşdular və Tanrıya hədiyyə aparmışdılar. 

Və  artıq  öz  yaratdıqları  ilə  bacara  bilməyən  Tanrı  qəzəbini  soyutmaq,  bir  az 

yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı. Bu səs onu qoymurdu 

ki, insanları məhşərə çəkib qiyami -qiyamət gününü qursun, şeytan bayram eləsin. Və indi Qədir 

Rüstəmovun  səsi  ruhuna  necə  işləmişdisə  Yiyəsiz  Övladların  yalvarışlarını  eşitmirdi.  Və  bu 

Yiyəsiz Övladlar özlərinə şah damarlarına yaxın bildikləri Tanrıya yalvara-yalvara şəhərə yağan 

Dolunun haranı vurduğunu dəqiqləşdirməyə çalışırdılar. 

Pələng: 


- Deyəsən, İmarəti vurur. 

Evləri İmarətin böyründəydi. 

Qeyrət Dağarcığı: 

- Ə, yox, görmürsən mərkəzə düşür. 

Drakon: 

- Onda bizim evləri döyür ki! 

Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladları yalnız səhər açılandan sonra biləcəkdilər ki, bu 

Dolu  onların  hansının  anasını  döyüb,  hansının  balasını,  hansının  bütün  ailəsini.  Hər  şeydən, 

yalvarıb-yalvarıb bir şey çıxmadıqlarını gördüklərindən hətta Tanrıdan da ümidləri kəsilmiş bu 

Yiyəsiz  Övladlar  hirslərindən-hikkələrindən  əllərini,  dodaqlarını  gəmirirdilər.  Elələri  olurdu 

bəzən dözə bilmirdi, səngərdən sıçrayıb  çıxır, bağıra-bağıra irəli  atılırdı və qarşıdan bağırtısız-

filansız ona atılan səliqəli-sahmanlı güllələrdən birinə qurban olurdu... 

*** 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə