Aqil abbas



Yüklə 0,61 Mb.
səhifə1/8
tarix20.10.2017
ölçüsü0,61 Mb.
#6097
növüYazı
  1   2   3   4   5   6   7   8


© Aqil ABBAS

Müəllif hüquqları qorunur

DOLU


Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına!

I FƏSİL



Xahiş edirəm, bu əsərdə

kim isə nə isə axtarmasın, bu yazıçı təxəyyülündən başqa bir şey deyil.

A.Abbas

***


... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Azacıq meh yarada bilən çinarlar da çırpınıb-çırpınıb süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən ulduzları da yorulub day sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan şəhər özünü atdı bayıra...

... Dolu yağanda bu şəhərdə zurna-qavallı bir toy-bayram olardı, təbii ki, zurna-qavalı da dolunun özü gətirərdi. Baxmayaraq ki, dolu bağ-bağata da, avtomobillərə də, pəncərə şüşələrinə də, kasıb evlərinin kasıb damlarına da, çölü-biyabanda yaxaladığı adamlara da çox böyük zərər vururdu - dəxli yox idi, camaat uşaq kimi sevinərdi. Bu dolu çəkərdi beş dəqiqə, on dəqiqə, amma bu beş-on dəqiqənin dadı-ləzzəti damaqlardan uzun müddət getməzdi.

Elə ki dolu başladı, camaat həsrətlə gözlədiyi dolunun gətirdiyi zurna-qavalın səsini eşitdi, sevinclə tökülərdi bayıra. Və çölə tökülən bu camaat dolunun tutmadığı bir yanda daldalanır, dolunun gətirdiyi qeyri-adi, soyulmuş baldırğan qoxusuna bənzər bir qoxunu ləzzətlə ciyərlərinə çəkib xoşallanar, əllərini dolunun altına tutub göylərə - buludların arasından süzülən Tanrı işığına tamaşa eləyə-eləyə bu dolunun damları, torpağı, ağacları, pəncərələri döyəcləməsindən yaranan Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi bir musiqiyə qulaq kəsilirdilər.

Balacalar isə böyüklərin əsəbləşmələrinə, çığırıb-bağırmalarına baxmazdılar, dolunun altında sevinclə atılıb-düşər, yerdən ovuclayıb yığdıqları buz parçalarıyla bir-birini daşlar, arabir də ağızlarına atıb konfet kimi sümürər, dolunun kefini çıxarardılar. Gecə də anaları yanlarını şapalaqlaya-şapalaqlaya bellərini küpələyərdi...

... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Azacıq meh yaradan çinarlar da çırpınıb-çırpınıb süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən yorulub day ulduzları da sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan şəhər özünü atdı bayıra.

... Amma Dolunun sevincini yaşamağa, gətirdiyi soyulmuş baldırğan qoxusunu ciyərlərinə çəkməyə, Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi musiqisinə qulaq asmağa yox. Uşaqlar bu Dolu ilə oynaya bilmirdilər, ağızlarına atıb konfet kimi sümürə bilmirdilər. Bu Dolunun musiqisindən ləzzət almaq olmurdu, bu Dolunun musiqisi insanların beyninə bir dolu kimi dəyib ruhunu əzirdi. Göydən dolu yağmırdı, Əzrayıl yağırdı. Kimi harda yaxalayırdısa, elə orda da cənginə alıb çeynəyirdi.

Sambist Eldarı gecə növbəsindən qayıdanda Lenin bağının başında yaxalamışdı, səhər batalyonun uşaqları yanğınsöndürən maşının köməyi ilə qoca palıdın başından parçalarını zorla yığa bilmişdilər. Xanəndə Baratın xanımını evin içində, yuxunun ən şirin yerində cənginə almışdı, başlarını itirdiklərindən yalnız Ağcabədidə xəstəxanaya çatdıranda bilmişdilər ki, sağ qolu qalıb evdə. Əlinə düşəndən babat vurub çarpayıya daş kimi düşmüş Kefli Çapay səhər ayılanda evin ortasında parçalanmamış bütöv bir Dolunun sancıldığını görüb demişdi:

- Bunu kim göndərdi, ə?!

Hərə başını götürüb bu Doludan hara gəldi qaça bildikcə qaçmaq istəyirdi. Maşınlılar colum-cocuğunu maşınına doldurub şəhərdən çıxarır, kəndə-kəsəyə üz tuturdu. Kənddə-kəsəkdə doğması olmayanlar isə şəhərin kənarında Dolu tutmayan bir yerdə ya maşında, ya ağacların altında gecələyirdilər. Maşınsızlar isə colum-cocuğunu evin dərin yerinə çəkir, əlacsızlığın ağırlığı altında balalarının qorxudan bərəlmiş gözlərinə baxmağa da utanırdılar. Bu colum-cocuğun baxışları onları dışardakı Doludan da bərk döyürdü.

Və bu Dolu şəhəri qəfil it kimi həmişə gecədən bir az keçmiş,yuxunun ən şirin yerində tuturdu. Gecənin qaranlığından, Dolunun insanların beynini bir dolu kimi döyüb ruhunu əzən şaqqıltısından çaşmış adamlar fırtınanın sahilə atdığı balıqlara oxşayırdılar.


Yenə gecə yarıdan keçmişdi... Və şəhəri Dolu necə vururdusa... Maşını olanlar yenə colum-cocuğunu maşına doldurub şəhərdən çıxarmağa çalışırdı. Maşını olmayanlar isə yenə colum-cocuğunu evin dərin yerinə çəkib ümidlərini onları çoxdan yaddan çıxarmış Tanrıya bağlayaraq xəcalətlərindən domuşmuş balalarının qorxudan bərəlmiş gözlərinə də baxmağa ürək eləmirdilər...

... Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladları önü düşmən, arxası isə heç nəyə söykənməyən səngərin içində silahlarını əzizləri kimi bağırlarına basıb ürəkləri qan ağlaya-ağlaya şəhərə yağan Doluya ağrı ilə tamaşa edirdilər.

- Allah, sən özün kömək ol!

- Allah, sən saxla...

Yaratdığı dünyanı onun iradəsi əleyhinə məhvərindən çıxarmış insanlara qəzəblənmiş Tanrı yorulmuşdu. Müharibədə qırılan bu günahsız cavanlar kimi o da vaxtından əvvəl qocalmışdı. Qibləsini azmış insanların üzünü yenidən qibləyə çevirmək üçün bir peyğəmbərə ehtiyac olduğunu görüb mələkləri yer üzünə göndərmişdi ki, bu peyğəmbəri tapsınlar. Mələklər də yer üzünün altını üstünə çevirsələr də Tanrının istədiyini tapa bilməmişdilər. Axırda Tanrının yanına əliboş qayıtmaqdan qorxan mələklər təsadüfən göy üzü kimi təmiz, Zəmzəm bulağı kimi saf, göz yaşı kimi dupduru bir səs eşitmişdilər. Tökülmüşdülər səs sahibinin üstünə, qanından, ruhundan bu qeyri-adi səsi soymuşdular və Tanrıya hədiyyə aparmışdılar.

Və artıq öz yaratdıqları ilə bacara bilməyən Tanrı qəzəbini soyutmaq, bir az yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı. Bu səs onu qoymurdu ki, insanları məhşərə çəkib qiyami -qiyamət gününü qursun, şeytan bayram eləsin. Və indi Qədir Rüstəmovun səsi ruhuna necə işləmişdisə Yiyəsiz Övladların yalvarışlarını eşitmirdi. Və bu Yiyəsiz Övladlar özlərinə şah damarlarına yaxın bildikləri Tanrıya yalvara-yalvara şəhərə yağan Dolunun haranı vurduğunu dəqiqləşdirməyə çalışırdılar.

Pələng:

- Deyəsən, İmarəti vurur.



Evləri İmarətin böyründəydi.

Qeyrət Dağarcığı:

- Ə, yox, görmürsən mərkəzə düşür.

Drakon:


- Onda bizim evləri döyür ki!

Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladları yalnız səhər açılandan sonra biləcəkdilər ki, bu Dolu onların hansının anasını döyüb, hansının balasını, hansının bütün ailəsini. Hər şeydən, yalvarıb-yalvarıb bir şey çıxmadıqlarını gördüklərindən hətta Tanrıdan da ümidləri kəsilmiş bu Yiyəsiz Övladlar hirslərindən-hikkələrindən əllərini, dodaqlarını gəmirirdilər. Elələri olurdu bəzən dözə bilmirdi, səngərdən sıçrayıb çıxır, bağıra-bağıra irəli atılırdı və qarşıdan bağırtısız-filansız ona atılan səliqəli-sahmanlı güllələrdən birinə qurban olurdu...

***

... Düşmənə dörd-beş güllə vurandan sonra az-çox ürəyi soyusa da, indi sandıqdakı otuziki güllənin otuzikisini də qarşısında dayanmış bu At Belində Olan Adamın qarnına doldurardı, uf da deməzdi, bu adamın qarnı ölürdü otuziki güllədən ötrü. Düşmən düşmən olanda nə olar, onun da öz bir gözəlliyi vardı, heç olmasa bilirdin ki, qarşındakı düşməndi, sənin qanını içməkdən sərxoş olan bir düşmən. İndi bu qarşısındakında o gözəllik də yox idi. Bu düşməndən də daha dəhşətliydi. Bu insanın məcburən öz içində gəzdirdiyi, müalicəsi olmayan xəstəlik kimi bir şey idi. Bu xəstəliklə birgə yaşamaq zorundaydılar. Eyni göyü, eyni torpağı, eyni qanı, eyni şəhəri paylaşırdılar. Amma eyni göyü, eyni torpağı, eyni qanı bərabər paylaşsalar da, amma bu eyni şəhəri eyni paylaşmamışdılar.



Birinin payına Dünyanın Ən Varlı Şəhərinin bazarında balaca bir ət dükanı düşmüşdü. Amma bu qarşısındakı At Belində Olan Adamın payına bu şəhərin az qala yarısı düşmüşdü, dədəsindən, babasından qalmış miras kimi. Katiblərin, rəislərin, day hansı kərtənkələlərin quşunu götürə-götürə özü də çoxlarına quş götürdə bilmişdi. Atını sağa da səyritmişdi, sola da. Həmişə at belində olmuşdu. İndi də at belindəydi, amma atını day əvvəlki kimi səyridə bilmirdi. Təkcə o yox, hətta onun quşunu götürdüyü katiblər də, rəislər də day atlarını istədikləri kimi səyridə bilmirdilər.

Dünya öz məhvərindən çıxmışdı, baş alıb gedirdi. Hara gedirdi, heç kim, hətta öz yaratdıqlarının məhvərindən çıxartdıqları bu Dünyanın hara getdiyini Tanrının özü də bilmirdi. Və indi onu məhvərindən çıxaran insanlardan qurtulmaq üçün başını götürüb hara gəldi qaçan bu Dünyada insanlar elə bir duruma düşmüşdülər ki, içlərində nifrətdən başqa heç nə qalmamışdı. Bu nifrət vurub çıxmışdı sir-sifətlərinə və sir-sifətlərindən zəhər-zəhrimar yağırdı. Bu məhvərindən çıxmış və həm Tanrıdan, həm də özündən baş götürüb qaçan Dünyada həm bu şəhər, həm də bu şəhərin adamları qəflətən elə qocalmışdılar ki, elə bil vurğun vurmuşdu. Və bu vurğun da ən çox cavanları vurmuşdu. Dünənədək müharibəni kinolarda görən bu vurğun vurmuş cavanlar qəflətən bir müharibə Kinosunun düz ortasına düşmüşdülər. Özü də öz xoşlarına yox, onları bu müharibə Kinosunun içinə zorla itələyib salmışdılar.

Bu dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin Böyük Saraylarında yazmışdılar. Çəkilişini də Tarkovskinin də, Tofiq Tağızadənin də həsəd aparacaqları rejissorlara tapşırmışdılar. Və həmin rejissorları da Böyük Dövlətlərin Böyük Saraylarında oturub çəkməkdə olduqları kinonun gündəlik kadrlarına ləzzətlə tamaşa edirdilər. Bu Kinonun iştirakçılarının isə nə ssenaridən, nə də rejissor işindən xəbərləri yox idi. Və bu Kino əvvəllər gördükləri kinodan təkcə onunla fərqlənirdi ki, burda partlayan bombalar həqiqi bombalar idi, insanlar doğrudan güllələnir, uşaqların başı doğrudan kəsilir, qadınlar doğrudan zorlanırdı. Bu kino əvvəllər gördükləri kinodan bir də onunla fərqlənirdi ki, bu Kino sona çatmırdı və bu Kinonun sonu heç üfüqdə də görünmürdü.

Fazil Müəllimin Kinoteatrında baxdıqları bütün kinolarda bizimkilərin atdığı (onda ruslar da bizimkilər idi, xaxollar da, latışlar da, elə ermənilərin özləri də) hər gülləyə bir alman qarnını tuturdusa, bədbəxt almanların güllələri həmişə boşa çıxırdı. Ona görə yox ki, almanlar güllə atmağı bacarmırdılar, ona görə ki, ssenarini yazanlar da, rejissorlar da bizimkilərin qohum-əqrəbalarıydı. Bu Kinoda isə bizimkilər, ruslar, xaxollar, latışlar, ermənilər deyil, bizimkilər elə bizimkilər idi. “Hollivud”un və “Mosfilm”in birgə istehsalı olan bu Kinoda ssenariçilər də, rejissorla da ermənilərin qohum-əqrəbalarıydı. Və keçmiş bizimkilər ermənilərə dünyanın ən bahalı, ən müasir silahlarını versələr də, indi bizim bizimkiləri özününkülərinin qarşısında əliyalın buraxmışdılar. Və bu Kinoda atılan bombalar bizim başımıza tökülürdü, yandırılan evlər bizim evləriydi, başı kəsilən uşaqlar bizim uşaqlarıydı, zorlanan qadınlar bizim qadınlarıydı. Bu Kinoda nemes biziydik.

Döyüşlərin birində əllərinə bir erməni qızı düşmüşdü. İntiqam eşqindən gözlərini qan tutmuş uşaqlar qızı zorlamaq istəmişdilər. Amma tir-tir titrəyən qızın insanın iliyinə işləyən yalvarışlı baxışları hələ insanlığını tam itirmədiyindən onun qanını dondurmuşdu. Yaralı ac qurdların əlinə düşmüş çarəsiz, ümidi Tanrıdan üzülmüş bu qızın zorlanmasına biganə qala bilməmişdi. Dəxli yox idi ki, bəlkə də günün birində bu qız onu vuracaqdı, amma indi onun qarşısında sabah onu vuracaq bir düşməni görmürdü, Tanrının ondan imdad diləyən yaratdığı bir varlığı görürdü. Bəlkə də uşaqlar bu qızı güllələsəydilər fərqinə varmazdı, amma zorlanmasını qəbul edə bilməmişdi. Və qızcığazı kolluğa basmaq istəyən uşaqları saxlamışdı:

- Dəyməyin!

Araya mübahisə düşmüşdü.

- Bəs onlar bizimkiləri zorlaya bilər?!

- Biz erməni deyilik!

Onu yaxşı tanımayanlardan biri:

- Ə, nə lotuluq eləyirsən?- deyib qızın üstünə yeriyəndə o, gülləni lüləyə verib bağırmışdı:

- Kimin kişiliyi çatır, buyursun! Cırıq-cırıq eləyərəm! Dedim ki, biz erməni deyilik.

Onun hədəqəsindən çıxmış gözlərindən qorxub geri çəkilmişdilər. Sonra qızın əynindən çıxarılmış pal-paltarı avtomatın lüləsi ilə yerdən qaldırıb atmışdı üstünə.

- Geyin! Sürük burdan!

Soyulmuş kənd yumurtası kimi qəşəng və yeməli olan qızcığac bayaqdan ayıb yerlərini örtmək istədiyi əlləri əsə-əsə paltarlarını götürüb tələm-tələsik geyinmişdi, amma sonra yerindən tərpənməmişdi.

- Sürük dedim sənə!

Qulaqlarına inanmayan qız ehmal-ehmal geri çəkilməyə başlamışdı və qorxa-qorxa soruşmuşdu:

- Qardaş, adın nədi?

- Sənin qardaşıyın... Sürük dedim.

- Sən Həzrət Abbas, adın nədi?

Qarabağ erməniləri bizimkilərə and verəndə Həzrəti-Abbasa and verərdilər. Və onlar da çox yaxşı bilirdilər ki, qarabağlılar Tanrıdan çox Həzrəti-Abbasdan qorxurlar.

Qızın belə bir ağır and verməsi onu əsəbləşdirmişdi:

- Səni zorlayıb güllələmədiyimə görə adım eşşək oğlu eşşəkdi! Sürük dedim, qəhbə!

Qız daha heç nə soruşmamışdı, çevrilib üzü erməni kəndinə doğru qaçmağa başlamışdı, heç dala da baxmamışdı.

Axşam Komandir erməni qızını burax

dığına görə onu danlayanda demişdi:

- Komandir, mən arvad davası eləmirəm, torpaq davası eliyirəm.

İndi O və onlar torpaq davası eləyəndə bu qarşısındakı At belində Olan Adam heç nə olmamış kimi öz kefindəydi. Və onun vecinə deyildi ki, torpaq davası eləyən və torpaq davasında qırılan bu cavanlar hər şeylərini, hətta nişan üzüklərini belə satıb onun da evini-eşiyini, yurdunu-yuvasını, ailəsini, namusunu qoruyurlar. Və indi əyinlərinə əsgər paltarı deyil kəfən geyinmiş bu vurğun vurmuş cavanlar döyüş dostları Musanın Bakıda qılçaları kəsilmiş anasının həkiminə verməyə min manat pul tapa bilmirlər.

At Belində Olan Adam bu cavanlara həmişə yuxarıdan-aşağı baxmışdı, heç onları adam yerinə qoymamışdı. Salamlarını hərdən ağızucu alsa da, çoxuna özü salam verməmişdi. Bazar uşağı kimi, küçə uşağı kimi baxmışdı onlara. Tək o yox, at belində olanların hamısı günlərini pavilyonlarda, ya da Xankəndində erməni qızlarının qucağında keçirən, “sən niyə mənə belə baxdın” deyə heç nəyin üstündə dava-dalaş salan, kinoteatrın arxasındakı bulvarı qladiator meydanına çevirən bu cavanların bu dünyadan nə istədiklərini başa düşə bilmirdilər. Əslində elə cavanlar özləri də bu dünyadan nə istədiklərini bilmirdilər. Bu dünya çox böyük idi və bu böyük dünyada bilmədikləri çox şeylər vardı. Və bu böyük dünyada bilmədikləri o çox şeyləri öyrənmək həvəsində olmadıqlarından öz bildikləri kimi yaşayırdılar. Cəmiyyət onlara necə baxırdı - veclərinə deyildi. Çünki onlar çoxdan tüpürmüşdülər bu cəmiyyətə də, onun qanunlarına da! Hərdən o tüpürdükləri qanunların cənginə keçib gəzdikləri həbsxanalar da onların gözünü qıra bilməmişdi. Onlar qorxularını analarının bətnində qoyub çıxmışdılar. Çoxunun da iki adı vardı: biri atalarının qoyduğu, sənəddə yazılan ad, birinin də Dədə Qorqudsuz-filansız özləri qazanmışdılar - xarakterləriylə, yumruqlarıyla, dünyaya baxışlarıyla, özlərini müharibəli kinolardakı qəhrəmanlara bənzətməklə.

Və Şeytanın Övladları dünyanı öz məhvərindən çıxaranda, Böyük Dövlətlərin ssenariçiləri, rejissorları onları zorla itələyib müharibəli Kinonun tən ortasına atanda, onlara yuxarıdan-aşağı baxanlar və Dünyanın Ən Varlı Şəhərinin kefini görənlər bu Kinoda heç epizodik rollarda da görsənmədilər, çıxdılar aradan. Amma onlar özləri kimilərini başlarına yığıb bəlkə də hər şeydən daha çox, qazandıqları adlarının şərəfinə, bazarında atom bombası satılması ilə öyündükləri Dünyanın Ən Varlı Şəhərlərinin şərəfinə atıldılar ölümün ağzına. Və heç kəs - nəinki at belində olan özümüzünkülər, hətta bu Kinonun Böyük Dövlətlərin Böyük Saraylarında oturan ssenariçiləri də, rejissorları da bunu gözləmirdilər. Və ağıllarına belə gəlməzdi ki, onların həyatın dibində saydıqları bu ipə-sapa yatmazlar əliyalın topun-tüfəngin qarşısına çıxacaqlar, yazılan ssenarini pozacaq, rejissorları pis vəziyyətdə qoyacaq və bu Kinonu tezliklə başa çatdırmağa imkan verməyəcəklər.

İndi At Belində Olan Adam at belində olmayan, Böyük Dövlətlərin Böyük Saraylarında yazılan Kinonun ssenarisini pozan, rejissorlarını çıxılmaz vəziyyətdə qoyan bu cavanların qarşısında sarısını udub dayanmışdı. Həmişəki ədasından əsər-əlamət qalmamışdı, udquna-udquna heç vaxt adam yerinə qoymadığı cavanlara baxırdı. Baxırdı ki, bəlkə indi adam yerinə qoymağa məcbur olduğu bu cavanlardan hansısa araya girəyə, onu düşdüyü bu ağır vəziyyətdən xilas eləyə.

Baxdı, baxdı, hiss elədi ki, bu cavanlardan heç biri ona kömək əli uzatmaq fikrində deyil, onların da sir-sifətlərindən zəhər-zəhrimar yağırdı. At Belində Olan Adam hardan biləydi ki, onlar müharibənin içində deyil, müharibə onların içində yaşayır. Və artıq onların damarlarından qızıl qırmızı qan yerinə qapqara bir nifrət axır. Özü də bu nifrət təkcə düşmənə deyildi, onlardan olmayanların hamısınaydı, hətta bu adam qardaşları olsa belə.

Gördü cır alça yemiş adamlar kimi üz-gözlərini turşudub maraqla hadisənin sonunu gözləyən bu cavanlardan kömək ummağa dəyməz, özünü ələ almağa çalışdı:

- Ay qardaşlar, mənə elə baxırsınız, elə bil erməniyəm.

Drakon:

- Sən ermənidən də pissən, dəyyus oğlu dəyyus!



At Belində Olan Adam içində nə qədər qorxu olsa da bir belə adamın arasında mənliyinə sığışdırıb söyüşü yeyə bilmədi:

- Əlindəki avtomata görə yekə-yekə danışma.

Drakon avtomatı atdı uşaqların birinə və ona yaxınlaşıb necə vurdusa, At Belində Olan Adam aşdı və başladı yerdə qıvrılmağa.

Drakon qayıdıb avtomatını götürdü:

- Qalx ayağa!

Gördülər qalxa bilmir, qolundan tutub qaldırdılar. Cavanlığında o da qabağından yeyən olmamışdı, heç indi də pis deyildi. Bəlkə də təkbətək savaşda bu cavanların çoxuna can verməzdi, elə Drakonun özünə də. Amma indi müharibənin adamyeyənə çevirdiyi bu cavanlara cavab verməyə qurd ürəyi lazımıydı, o qurd ürəyi də onda yoxuydu. Üst-başının tozunu çırpa-çırpa yavaşca dedi:

- Qalsın qulluğunda!

Drakon avtomatı dirədi onun otuziki güllədən ötrü ölən qarnına:

- Çıxart şalvarını!

At Belində Olan Adamı elə bil ildırım vurdu, səksəndi:

- Nə deyirsən?

- Deyirəm, çıxart şalvarını!

- Yekə kişisən, ə! Lap ağ elədin ki!

- Çıxart şalvarını, dedim! Ya burdan tumanpaça gedəcəksən, ya da səni şadaraya çevirəcəm.

At Belində Olan Adam kipriklərini qırpmadan maddım-maddım yenə ətrafdakılara baxdı. Amma yenə heç kim onun baxışlarına cavab vermədi.

Kimsə istehza ilə dedi:

- İndiyədək o qədər adamı şalvarsız qoymusan! İndi də növbə sənindi!

Gördü yox, vəziyyət çox ağırdı, canavar sürüsünün arasına düşüb, bunlar onun şalvarını çıxaracaqlar, ondan sonra gərək gedib özünü asa, başladı yalvarmağa:

-Ə, nə danışırsınız? Mən ağsaqqal adamam, hamımız qohum-əqrəbayıq. Çoxunuzun dədəsiylə çörək kəsmişəm.

Drakon sözündən dönənə oxşamırdı:

- Bizim qohum-əqrəbalarımız səninkilər kimi Bakıda kef eləmirlər, səngərlərdə qırılırlar. Çıxart şalvarını!

- Ə, məni də, özünüzü də biabır eləməyin! Ayıbdı! Camaatı üstümüzə güldürməyin! Puldan ötrü adam belə şeylər eləməz. Mən bilməmişəm pulu sən istəyirsən, nə qədər lazımdı uşaq göndərim, gedib gətirsin.

Drakon az qaldı avtomatın lüləsi ilə onun qarnını deşə:

- Çıxart!

-Ə, qeyrətin olsun! Məni dalıağaclı eləmə! Bu şəhərə qan salma!

Drakon:


- Qeyrətsiz sənin nəslindi! - dedi və avtomatın qundağıyla onun sinəsindən vurdu.

At Belində Olan Adam səndərlədi, amma bu dəfə yıxılmadı, özünü tarazlaya bildi:

- Başından yekə qələt eləyirsən, Drakon! Mənim şalvarımı çıxaran hələ anasından olmayıb.

Bu vaxt Drakon onun başının üstündən bir qatar güllə buraxdı.

At Belində Olan Adam elə bildi güllələr ona dəydi. Və güllə dəymiş kimi də geri sıçrayıb yıxıldı.

Drakon avtomatı dirədi onun qarnına və bağırdı:

- Çıxart şalvarını!- sifətində bircə qıça da qan qalmamışdı.

Artıq ölümünü gözünün altına alan

At Belində Olan Adam yapışdı avtomatın lüləsindən:

- At, oğraş! Nəslini şalvarsız qoymasam atama lənət!

Drakon uşaqlara əmr elədi:

- Ə, çıxardın bunun şalvarını!

Uşaqlar düşdülər At Belində Olan Adamın üstünə.

Bayaqdan bir kənarda dayanıb hadisələri izləyən Pələng gördü ki, uşaqlar zorla At Belində Olan Adamın şalvarını çıxarırlar, özünü saxlaya bilmədi. Yeridi irəli, qarğa-quzğuna dönmüş uşaqların hərəsini bir tərəfə itələdi:

- Ə, ayıbdı! Onsuz da ona olan oldu - dedi və yaxınlaşdı Drakona; - Bu, sənin kimi oğula yaraşmaz! Vur öldür, amma camaatı biabır eləmə!

Drakon Pələngi bir kənara itələdi:

- Sən nə deyirsən, ə?!

- Deyirəm bəsdi, burax getsin. Kişi kişinin şalvarını çıxarmaz!

Drakon:

- Sən qarışma!- sonra yenə uşaqlara əmr elədi, - İşinizdə olun!



Amma Pələng geri çəkilmədi, yenidən uşaqların qabağını kəsdi. Pələngin onun önündə meydan oxuduğunu görən Drakon bu dəfə özündən çıxdı, onun qolundan yapışıb fırladıb atdı kənara:

- Demədim sən qarışma?

Pələng yıxıldığı yerdən qalxdı, hirsindən dodağını necə dişlədisə qan çənəsi aşağı axdı, dodağının qanını sümürüb tüpürdü yerə, əlinin dalı ilə ağzını sildi və yenidən girdi araya:

- Drakon, dedim burax getsin! Mən sənə əl qaldırmaq istəmirəm.

- Ə, küçük, sən də kişi olmusan?

-Böyüksən, qardaşımsan, cavab qaytarmıram, yoxsa...

Uşaqlar At Belində Olan Adamı unudub girdilər onların arasın:

- Ə, yekə kişisiz,bir oğraşa görə dalaşıb camaatı üstümüzə güldürməyin!

Drakonun başı çönmüşdü, heç nə eşitmək istəmirdi:

- Yaxın duranın anasını ağladaram!- dedi və Pələngi boğazladı, - Yoxsa, nə...

Boğazını Drakonun möhkəm əllərindən qurtarmağa çalışan Pələng day dözmədi:

- Yoxsa mən sənin şalvarını...

- Ə, mənim?!

Drakon Pələngin boğazını buraxdı, istədi onu vura, amma Pələng ondan cəld tərpəndi. Və Drakon həyatında ilk dəfə birinci vuruldu. Gözlənilməz zərbədən özünü itirdi, bir anlıq əli ilə üzünü tutub başını silkələdi və canavar ovunun üstünə atılan kimi atıldı Pələngin üstünə.

Bir az əvvəl az qala şalvarsız qalacaq At Belində Olan Adam artıq özünə gəlmişdi və istehza ilə hər gün səngərdə kürək-kürəyə yatan bu oğulların onun üstündə bir-birlərini necə vəhşicəsinə yumruqlamalarına tamaşa edirdi.

Bütün söyüşlərə baxmayaraq, uşaqlar yenidən onları aralamağa çalışdılar və Drakonun yenidən yeddimərtəbəli söyüşlərini eşitdilər, kimsə dedi:

- Ə, buraxın qırsınlar bir-birlərini.

Üz-gözləri al qanın içindəydi, heç kim can vermək istəmirdi, amma Drakon Pələngi üstələmişdi.

Bu vaxt batalyonun həyətinə bir “UAZ” girdi, gəlib saxladı mərəkənin yanında. Bir nəfər cəld maşından düşdü və düşən kimi də bağırdı:

- Ə, nə durub baxırsınız?! Aralayın!

- Komandir! Aralayana ana-bacı söyüşü söyüblər.

- Aralayın, dedim sizə!- dedi Komandir və özü girdi savaşanların arasına.

Komandirin özünün araya girdiyini görən uşaqlar da tökülüb onları birtəhər ayıra bildilər. Amma aralanan kimi də hər ikisi özünü atdı silahlarının üstünə və qaldırdılar bir-birlərinə. Komandir girdi ikisinin də arasına:

- Salın silahları, axmaqlar! Salın, dedim!

Drakon:

- Çəkil, Komandir! Bu küçüyü deşik-deşik edəcəm.



Pələng bağırdı:

- Küçüyün səsi gəlir!

Komandir yapışdı hər ikisinin silahının lüləsindən, dirədi öz böyrünə:

- Onda mənə atın! Atın dana, it uşağı! Atın ürəyiniz soyusun! Niyə atmırsız?!

Drakon:

- Çəkil, Komandir, vallah, ataram!



- At dana, nə durmusan?! At, qoy ermənilər bayram eləsin!

Drakon silahı saldı aşağı və hayqırdı:

- Pələng, ananı ağlar qoymasam qəhbənin oğluyam.

Pələng:


- Baxarıq, kimin anası ağlar qalacaq. Sonacan getməyən elə qəhbənin oğludu.

Komandir:

- Kəsin səsinizi! - sonra uşaqlara əmr elədi;- Alın bunların silahlarını!

Heç kim bu əmri yerinə yetirməyə ürək eləmədi, Drakonun canını almaq olardı, amma silahını yox. O boyda Sovet hökumətinin asıb-kəsən vaxtı Drakon bu şəhərdə açıq-açığına silahla gəzmişdi, heç kəs də ona gözün üstə qaşın var deyə bilməmişdi.

Komandir:


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə