1
Asif Ata
ELMİN HÜDUDLARI VƏ ZAMANIN ÜFÜQLƏRİ
Son vaxtlar mətbuatımızda elmi-texniki tərəqqi problemi ətrafında geniş və ciddi söhbət
gedir. Ümumən səmərəli olan bu söhbətdə başlıca bir nöqsan nəzərə çarpmaqdadır. Bəzi
çıxışlarda elmi-texniki inqilabın cəmiyyətdə və incəsənətdə rolu mütləqləşdirilir; elmi-texniki
tərəqqi zamanın sinoniminə çevrilir, xüsusi bir hadisə süni surətdə ümuminin əvəzi kimi
səciyyələndirilir.
Biz heç də elmi-texniki inqilabın möhtəşəm uğurlarını inkar etmək fikrində deyilik. Lakin bu
da bizim üçün aydındır ki, elmi inqilab olsa-olsa geniş zaman strukturasının bir hissəsidir.
Zaman axarı yalnız elmi-texniki inqilabla yox, bir çox iqtisadi, siyasi-ictimai, etik və estetik
amillərlə müəyyən olunur.
Bəzi müəlliflər dialektikanın əksi olaraq, bir cəhəti zəngin əlaqələr sistemindən təcrid edir,
onu prosesin yeganə xüsusiyyəti kimi qiymətləndirilər. Belə çxır ki, hər şey elmi-texniki
inqilabla başlayır və qurtarır.
Bu, bəzilərində təlaş hissi oyadır. Onların təxəyyülündə dəhşətli bir səhnə yaranır, guya elmi-
texniki inqilab tufanı hər şeyi dəyişdirir – adi həyat tərzindən bədii həqiqətin meyarına qədər
həmin qorxu və təlaş hissi hörmətli həmkarım Boris Runinin “Model ciddiliyi və metafora
sevinci” məqaləsinin (“Literaturnaya qazeta N 1, 1972-ci il) demək olar ki, hər sətrində duyulur.
Məqalədə bütöv bir zaman konsepsiyası irəli sürülür. Lakin bu konsepsiya yalnız bir, xüsusi
amil əsasında – elmi-texniki inqilab əsasında qurulmuşdur. Onun birtərəfliliyi və sxematikliyi elə
bundadır. Runinə görə, elmi-texniki inqilab nələr etmir, özü ilə nələr gətirmir... “Həyat sürətinin
heyrətamiz artması”, “nəsillər arasında psixoloji fərqlərin kəskinləşməsi, elmi rasionalizmin
həyatın bütün tərəflərinə müdaxilə etməsi”, “həyatın sönükləşməsi”, “hiss aləminin bəsitləşməsi”
və s. və i.a. bu səbəbdən də sənətin vəzifəsi, “əqli həyatımızda mücərrədliyi əvəz etməkdən, elmi
insanın (biz yəqin bu şəklə düşmüşük, yaxud düşməkdəyik – A.Ə.) öz bütövlüyünü saxlamasına
kömək etməkdən ibarətdir”.
Açıq deməliyəm ki, həmkarlarımın həyəcanlı düşüncələri mənə çox sadəlövh görünür. Burada
zahiri, keçici cəhətlər əsasında zaman konsepsiyası yaradılır. Ona görə də zaman dayaz, fəlsəfi
dillə desək, qeyri-substansial məna kəsb edir.
B.Runinin konsepsiyasında və zamanın üfüqləri əsassız surətdə eyniləşdirilir. B.Runinin
kədərli hekayəti həyatın keçici cəhətlərini əhatə eləyir və problemin əsil mahiyyətindən uzaqdır.
Elmi-texniki inqilab çox şeyə qadirdir. Lakin varlığın mahiyyətini, insani əlaqələrin əsasını
dəyişdirməyə qadir deyil. Onun özü zamanın, cəmiyyətin məhsuludur.
Elmi rasionalizmin “rasional insan yaradıcılığına, kibernetik maşınların cəmiyyətdə kibernetik
şüur bərqərar edəcəyinə” “dinamik zaman axarının ildırım sürətli hisslər axını törədəcəyinə
inam” – sadəlövhlükdür.
Mürəkkəb məsələlərin həllində bəsit şüurun məntiqindən çıxış etmək olmaz.
Bəsit şüur adətən bu və ya başqa hadisəni sezir, duyur, sevinir, yaxud kədərlənir, heyrət edir,
yaxud qeyzlənir və tələm-tələsik ümumiləşdirir. Ona dünya gah sonsuz dərəcədə sabit, gah
hədsiz dərəcədə dinamik görünür.
2
Cəmiyyətin həyatında müəyyən bir tendensiya, inkişaf meyli, amili yaranan kimi dünya
haqqında yeni bir konsepsiya icad olunur.
Gözümüzün qabağında nə qədər “konsepsiyalar” doğdu və öldü. Urbanist konsepsiya, kənd
konsepsiyası, yenilikçilik kultu, ənənə kultu. Bəsit şüura gah elə gəlirdi ki, texnikanın inkişafı
sənətin tam yenilənməsini tələb edir, gah da o, hər cür yenilikdən qaçmağa çağırırdı. Həmişə
tələsən və sensasiya əsiri olan bəsit şüur yeni hadisələri ildırım sürəti ilə ümumiləşdirməyə cəhd
etdi və məğlub oldu.
İndi bizə yeni bir konsepsiya – “əvəzetmə” konsepsiyası təqdim edirlər. Sabah başqasını
təqdim edəcəklər və s. və i.a.
Yaddan çıxarırlar ki, dəyişkənlik mütləq səciyyə daşımır. Əks təqdirdə bəşəriyyət çoxdan bir
varlıq kimi yoxa çıxmışdı.
Bu baxımdan ədəbiyyatda istehsalat mövzusu haqqında Y.Yanovun fikirləri bizdə ciddi etiraz
oyadır. (Bax: “Voprosı literaturı”, N8, 1972-ci il). İstehsalat janrına bəraət qazandırmağa çalışan
müəllif bir sıra müddəalar irəli sürür ki, onlarla heç cür razılaşmaq olmaz.
Əvvəldən onu deməliyəm ki, Yanov stereotipik hücumdan nahaq qorxur, stereotip onun
konsepsiyasını gözü üstündə saxlayacaqdır (yeni tipli, hay-küylü elmi-texniki stereotip). Ömrünü
çoxdan başa vurmuş, “istehsalat janrı” anlayışını biz nə üçün diriltməliyik? Nə baş vermişdir?
Müəllifi dinləyək: “Məgər insan ictimai ümumilik, kollektiv vasitəsiylə öz dövrünə doğma,
yaxud yad olmurmu?
Məgər kollektiv (qoy o, ailə, yaxud vzvod, zavod sexi, yaxud institut olsun) dövrün bütün
yaralarını, şəxsiyyət və cəmiyyət, qəhrəman və şərait arasındakı dramatik kolliziyaları özündə
cəmləşdirmirmi?”
Bütün bunlar doğrudur. Lakin istehsalat janrına bu mülahizələrin nə dəxli var?
Müəllifin məntiqinə görə, biz nəsə bir “kollektiv janr”a gəlib çıxmalıyıq.
Sonrakı sətirlər hər şeyi aydınlaşdırır. Müəllifin məqsədini başa düşürsən. Anlayırsan ki,
oxucunun başına, bir-birinin ardınca ritorik suallar niyə yağdırılır. B.Yanovun sübut etmək
istədiyi fikir budur: “madam ki, biz hamımız istehsalçıyıq (kollektivçiyik), deməli, müasir
qəhrəmanın əsas bədii təsvir meydançası istehsalat romanı olmalıdır.
Burada ailə də rədd olunur (konsepsiyanın ardıcıllığını pozmaq üçün).
Müəllif yazır: “Köhnə əsrin ədəbiyyatında insan talelərinin uzlaşdığı, birləşdiyi başlıca
kollektiv bütün konfliktlərin cəmləşdiyi əsas nöqtə, ailə idi.
Biz isə – müasir ədəbiyyatın potensial qəhrəmanları – hamımız qulluqçuyuq.
Son siyahıyaalma göstərdi ki, ölkəmizdə yaşlı əhalinin 92 faizi, yəni əslində hamısı istehsalat
kollektivlərində yaşayır və işləyir. Biz əslində kollektivsiz mövcud deyilik”.
V.Yanov bu mülahizələrini istehsalat janrının xeyrinə çox ciddi dəlil hesab edir. Əslində
müəllif burada iki müxtəlif məzmunlu anlayışları qarışdırır: istehsalat kollektivi və istehsalat.
Bunlar eyni anlayışlar deyildir.
Biz istehsalat kollektivində yaşayırıq, lakin istehsalatda itmirik. İstehsalat romanlarında canlı
fərdlərin məcmuu olan kollektivlərdən daha çox, istehsalat, texnika təsvir olunurdu.
İstehsalat romanı xüsusi meyar tələb edirdi. Bu vasitəylə o, öz bədii zəifliyinə, psixoloji
bəsitliyinə bəraət qazandırmağa çalışırdı. Ya müəllif həmin janrı təzədən diriltmək istəyir, ya da
o dolaşmışdır: kollektiv haqqında köhnə həqiqətləri sadalamaqla ölü janrı diriltmək olmaz.
Vəziyyəti V.Yanovun “pis istehsalat romanları” haqqında mülahizələri də dəyişdirmir.
İstehsalat romanı pis roman olduğu üçün süquta uğradı. Əsil sənətkarın bu terminə heç bir
3
ehtiyacı yoxdur. Çünki o heç bir spesifik xüsusiyyəti, adi romanlardan fərqli cəhətləri ifadə
etmir, janrın ümumi meyarını dəyişdirmir.
Bir anlığa eyni meyarla roman və şeir janrına yanaşın. Təbiidir ki, sizi bu işdə tam uğursuzluq
gözləyir. Lakin istehsalat romanları üçün xüsusi bir meyar axtarsanız, onun bədii ibtidailiyinə
bəraət qazandırmaqdan başqa əlinizdən heç nə gəlməz.
Əslində, məsələ heç də bədnam istehsalat romanında deyil. Məsələ adi bir həqiqətin
unudulma-sındadır. Yoldaşlar yaddan çıxarırlar ki, sənət nədən, kimdən danışırsa-danışsın,
zamandan danışır.
Zaman isə öz məzmunu və istiqaməti etibarilə elmi-texniki inqilabdan çox genişdir.
Zaman deyərkən biz ictimai-siyasi dəyişikliklərin dərin mənasını, tarixlə müasirliyin
əlaqəsini, ülviliyin şeiriyyətini və bəsitliyin qəbahətini, fədakarlığın böyüklyünü və dar, fərdi
mənfəətpə-rəstliyin bayağılığını, əsil insani mövcudluğu və heyvani həyat tərzini nəzərdə
tuturuq.
Bütün bunları təkcə elmi-texniki inqilabla izah etmək olmaz. Əsrimiz əzəmətlidir, gözəldir,
əvəz edilməzdir. Lakin XX əsr ilə bütün bəşər tarixi arasında “Çin Səddi” çəkmək – yanlış
meyildir.
Düşünmək olmaz ki, elmin və texnikanın inkişafı az qala sənətin məqsədini, mahiyyətini
dəyişdirir.
Sənət – gözəlliyi, ülviliyi, yüksək etik və estetik sərvətləri təsdiq etmək, eybəcərliyi,
bayağılığı, antihumanizmi inkar etmək üçün yaranmışdır.
Onun misilsizliyi elə bundadır.
Bu səbəbdən də müasir qəhrəmanın mütləq fizik, kosmonavt, yaxud mühəndis olmaları
haqqında imperativ hökmlər bizə çox sxolastik görünür. Bəlkə o, Tolstoyun gözəl Nataşasına
bənzəyən adi bir qız olacaq. Bəlkə o, mühəndis yox... yeni Faust olacaq?
Yoxsa elmi-texniki inqilab dövründə o qədər dəyişmişik ki, elə qəhrəmanlara tam yad
olmuşuq?
Deyəsən, zarafat edirsiniz, dostlar! Çox köhnə nəğmələr oxuyursunuz.
İndi rasionallığa, soyuq, kasıb dəmir-beton sxematizminə, loqarifmik mücərrədliyə doğru
yox, bütövlüyə, ahəngdar inkişafa, kamilliyə doğru gedirik.
Dövrümüzün insani mahiyyəti elə bundadır. Elmi tərəqqi bu prosesə mane olmur, əksinə, ona
yeni təkan verir.
Ona görə də elmi-texniki inqilabın mənfi tərəflərindən daha çox, müsbət tərəflərindən
danışmaq lazımdır. Tərəqqinin bəzi kölgəli tərəflərindən qorxuya düşmək və bu qorxu
nəticəsində yanlış konsepsiyalar icad etmək zərərli meyildir.
Bəzən deyirlər ki, bizim dövrümüzdə şeir daha ağıllı, daha fəlsəfi olur, yaxud olacaqdır.
Eduardas Mejelaytis yazır ki, “hiss poeziyası öz yerini fikir poeziyasına verir”.
Ağıla və fəlsəfəyə heç bir iradımız yoxdur.
Lakin gəlin məsələyə doğrudan da fəlsəfi baxımdan yanaşaq. Filosoflar çoxdan iki cür
təfəkkür növü tanıyırlar: dialektik idrak və bəsit ağıl.
Birinci – gerçəkliyin mahiyyətini hərtərəfli açmağa qadir olan zəngin şüur, insan
mənəviyyatının bütün qüvvələrini səfərbərliyə alan dinamik proses, qanadlı, narahat xəyal
deməkdir.
Bir sözlə, dialektik idrak – coşğun hisslə aşılanmış təfəkkürdür.
4
Bəsit ağıl – soyuq, qapalı, donuq, cılız, biganə fikirdir. Ona görə də yalnız ağıllı poeziya – əsil
poeziya deyil. Bəsit ağıl səviyyəsində böyük poeziya olmamışdır. Yalnız fikir söyləyən poeziya
– surroqatdır. Əsil poeziya təkcə ağıllı deyil, o, idrakidir.
Şeir – coşğun hissə çevrilmiş fikir, dərin poetik fikrə çevrilmiş hissdir.
Poeziyanı ağıl və hiss növlərinə bölmək – onu şaqqalamaq deməkdir.
Hiss poeziyasından ayrılmış ağıl poeziyası ürəkdən ayrılmış baş kimidir.
“Xalis” fikir poeziyası, yaxud xalis “hiss” poeziyası yoxdur. Onların vəhdətindən yaranmış
əsil poeziya var. Yalnız ağıllı poeziya – ilhamdan məhrum olan quru sillogizmlər yığnağı, zəngin
bədii yaradıcılığın sxematik əqliyyətçiliklə əvəz olunmasından başqa bir şey deyildir. Bu
cürpoeziyanı təbliğ etmək yox, ondan yaxa qurtarmaq gərəkdir.
Əsil poeziya nə qədər fəlsəfi və idrakidirsə, bir o qədər hissi-emosionaldır.
Eduardas Mejelaytisin özünün ən yaxşı əsərləri məhz bu fəlsəfi və hiss birliyinin məhsuludur.
Bu gün “fikir poeziyası” termini yalnız bayağı “sevgi radiuslarına”, kosmos, ritm, temp,
infarkt, sürət, radi kimi müasir səslənən detalların boş və mənasız sadalanmasına böyük adların
nadancasına və naşıcasına təkrarlanmasına (Eynşteyn, Siolkovski, Kurçatov və s.) bəraət
qazandırmağa xidmət edir. Sensasiyaçılıq – şirindir. O cümlədən bəsit şüur sensasiyaçılığı.
Bəziləri bu sensasiyaçılığı “fikir poeziyası” libasına bürüyür və görkəmli sənətkarların, o
cümlədən E.Mejelaytisin nüfuzuna sığınırlar.
Elmi-texniki inqilab incəsənətin inkişafına təsir göstərirmi? Bəli.
Lakin mütləq mənada yox və həmişə açıq şəkildə yox. Onun təsiri öz məzmunu və siqləti
etibarilə zamanın təsirindən azdır.
Dövrümüz özü inqilabi səciyyə daşıyır.
İnqilabi-texniki tərəqqi sənətin inkişafına, yuxarıda qeyd etdiyimiz kimi, öz mənfi cəhətləri ilə
yox, müsbət tərəfləri ilə təsir göstərir.
O, gözəlliyin sərhədlərini genişləndirir, insanın qüdrətini sonsuz dərəcədə artırır, bəşərin əqli
və mənəvi böyüklüyünü təsdiq edir.
Sənət üçün başlıca təsir bundan ibarətdir.
Çünki onun ümdə məqsədi İsanı ən yüksək estetik sərvət kimi tərənnüm etməkdir.
Elmi-texniki inqilab incəsənətə öz nailiyyətlərinin fəlsəfi nəticələri ilə, həyata inam
konsepsiyasının təsdiqi ilə təsir göstərir.
Həm də bu təsir yalnız dəqiq elmlərin və texnikanın inkişafı ilə məhdudlaşmır. Cəmiyyət
haqqında elmlərin, biologiya elmlərinin təsirini nəzərdən qaçırmaq olmaz. (Məsələn,
bəşəriyyətin inkişafında və dinamikliyin dialektikasını öyrənmək baxımından genetikanın
əhəmiyyəti çox böyükdür).
Elmi-texniki inqilab sənətə təsir göstərir. Lakin onun təbiətini, məqsədini, mahiyyətini
dəyişdirmir.
Elm və texnikanın inkişaf imkanları hüdudsuzdur. Lakin cəmiyyətə də incəsənətin təsiri
sonsuz deyil. Bu nöqteyi-nəzərdən elmin hüdudlarını və zamanın sonsuz üfüqlərini
fərqləndirmək zəruridir.
Dostları ilə paylaş: |