Asif Ata İdealla söhbət (“Mütləqə İnam” Kutsal Bitiqdən)



Yüklə 213,42 Kb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü213,42 Kb.
#63589


 

Asif Ata 



 

 

İdealla söhbət 

 

(“Mütləqə İnam” Kutsal Bitiqdən) 

 

–  Niyə  Sən  əlçatmazsan:  məni  cəlb  edirsən,  cəzb  edirsən,  çağırırsan,  həm  də  daim  məndən 

uzaqlaşırsan? Niyə sən gerçəklikdə özün olmursan, özünə bənzəmirsən, öz əksinə çevrilirsən? 

– Çünki mən SƏNİN hüdudsuz arzularından doğuram. Arzuların sonsuzdur, kamildir, ülvidir, 

ancaq hissiyyatın, mənəviyyatın, idrakın hələ naqisdir, adidir, nöqsanlıdır. Sən qədim olsan da, 

özünü  tapmamısan,  özünə  çatmamısan,  özünün  ali  imkanlarından  uzaqsan.  Sənə  sığmazlıq, 

ruhanilik, müqəddəslik bəxş olunub, ancaq sən onları indiyə qədər tam aşkara çıxara bilməmisən. 

Bunun  səbəbi  odur  ki,  səndə  əsil  insani  ehtiraslarla,  düşüncələrlə,  meyillərlə  yanaşı,  naqis 

duyğular, fikirlər, əməllər də var. 

Sənə  sığmazlıq,  sonsuzluq,  ruhanilik  bəxş  olunub,  ancaq  sən  onları  tam  aşkara  çıxara 

bilmirsən. Sənin daxili aləmində kamillik, ülvilik, gözəlliklə bərabər, bəsitlik, eybəcərlik, hərca-

yilik də yaşayır. Sən mənəviyyatını, idrakını, hissiyyatını onlardan təmizləyə bilməmisən. 

İdrakının  gücü  möhtəşəmdir,  ancaq  onda  həqiqətə  atəşin  məhəbbətlə  yanaşı,  yanlışlığa, 

naşılığa, xülyaya meyil də var. Sən həyatda özündən kiçiksən. 

Sənə  ilahi  qüdrət  verilib,  ancaq  sən  həyatda  Allah  ola  bilməmisən.  Mən  sənin  ilahiliyinin 

ifadəsiyəm,  ancaq  gerçəklikdə  zəifliyinin,  keçiciliyinin,  adiliyinin,  natamlığının  təcəssümünə 

dönürəm, özümdən əl çəkirəm, özüm olmuram. Xəyalda, təsəvvürdə, niyyətdə mən sənin Mütləq 

mahiyyətini,  gerçəklikdə  nisbi,  adi  mənanı  əks  etdirirəm.  Mən  öz  ziddiyyətim,  mürəkkəbliyim, 

ikiliyimlə  sənin  ziddiyyətini,  mürəkkəbliyini,  ikiliyini  təsdiq  edirəm.  “Sən  busan!”  –  deyirəm: 

imkanda sonsuz, qeyri-adi, kamil, gerçəklikdə – keçici, adi, natam! 

Sənin  özündən  təcrid  olunmağının  ikinci  səbəbi  –  cəmiyyətdir.  Sən  indiyə  qədər  insani 

böyüklüyünü, aliliyini, ruhaniliyini təsdiq edən cəmiyyət yarada bilməmisən! Əksinə, yaratdığın 

cəmiyyətlərin hamısı səni özündən ayırıb, səndəki cılız duyğuları, çirkin ehtirasları alışdırıb, ali 

duyğuları söndürməyə çalışıb, səni əşyalaşdırıb, cansızlaşdırıb. Özünə layiq cəmiyyət yaratmağa 

idrakının, mənəviyyatının, hissiyyatının gücü çatmayıb. Daxilindəki natamlıqlar, naqisliklər belə 

cəmiyyəti  qurmağa  imkan  verməyiblər.  Yırtıcılığın,  xudpəsəndliyin,  hakimiyyət  ehtirasın, 

şöhrətpərəstliyin, paxıllığın səni soyuq, yad, qeyri-insani cəmiyyətdə yaşamağa vadar edib. 

– Bəs insandan kənarda olan ictimai, iqtisadi qanunlar? Onların mənim taleyimə təsirini inkar 

etmək olarmı? 

– Belə yanlış fikirlərə uyduğun üçün özünə qovuşa bilmirsən. İnsan taleyini ictimai qanunlar 

yox,  insan  özü  həll  edir.  Çünki  ictimai  münasibətlər  İnsanı  yaratmır,  əksinə,  insan  ictimai 

münasibətləri  yaradır.  İctimai  münasibətlərin  səviyyəsi  insan  mənəviyyatının,  hissiyyatının, 

idrakının səviyyəsiylə müəyyən olunur. Cəmiyyətdəki naqislik insani naqisliyin ifadəsidir. 

Yaxşı  cəmiyyət  qurmaq  üçün  yaxşı  insan  olmalısan.  Dünyanı  dəyişdirmək  üçün  özünü 



dəyişdirməlisən.  Dünya  sənin  ikinci  MƏNİNDİR.  Sən  –  İnsan  nəsənsə  –  Dünya  odur.  İctimai 

münasibətləri  dəyişdirmək  vasitəsiylə  İnsanı  dəyişdirmək  iddiası  yanlış  xülyadır.  İnsanı 

dəyişdirmədən, ondakı böyüklüyü, kamilliyi, ülviliyi təsdiq etmədən ali cəmiyyət qurmaq olmaz; 

həmin cəmiyyət tez bir zamanda öz əksinə çevrilər, köhnə vəziyyətinə qayıdar. 




 

İctimai  münasibətləri  kim  dəyişdirir:  kamil,  yaxud  qeyri-kamil  adam,  vicdanlı,  yoxsa 



vicdansız adam, ülviliyə tapınan, yaxud bəsitlikdə səadət tapan adam, insanı sevən, yaxud insana 

nifrət  bəsləyən  adam?!  Bütün  məsələ  bundadır.  Naqis  insanın  yaratdığı  dünya  mütləq  naqis 

olacaq. Kamil dünyanı yalnız kamil insanlar yarada bilərlər.  

– Eybəcər mühitdə, insana zidd şəraitdə İnsan özünü necə kamilləşdirə bilər? 



–  Sənin  səhvlərindən  biri  də  odur  ki,  şəraiti,  mühiti  insandan  güclü  sanırsan,  insanı 

mühitin, şəraitin məhdud çərçivəsində görürsən. Sənə elə gəlir ki,  mühit  insanı istədiyi  şəklə 

sala  bilər,  özünə  inanmırsan,  anlamırsan  ki,  öz  böyüklüyünlə,  aliliyinlə  mühitdən,  şəraitdən 

yüksəksən.  Dərk  etmirsən  ki,  sən  mühitin  qulu  deyilsən,  onunla  daim  gizli  və  aşkar  şəkildə 

döyüşürsən, heç vaxt ona sığmırsan. Ona görə də ən eybəcər mühitdə belə, insan olaraq qalmaq, 

özünü  mənən  kamilləşdirmək  imkanın  var  və  yalnız  özünə  yüksəlmək  yolunda  sən  əsil  insani 

cəmiyyət qura bilərsən. 



Cəmiyyətdə  İnsanlığını  saxlayırsan,  artırırsan,  öz  Ali  Mənəvi  səviyyənə  can  atırsan, 

yüksəlirsən  –  bununla  da  cəmiyyəti  dəyişdirirsən,  indiki  səviyyənə  uyğunlaşdırırsan. 

Tərəqqinin əsil yolu budur. 

–  Deməli,  mən  əvvəl  özümü  mənən  yüksəltməliyəm  və  yalnız  bundan  sonra  həyatı 

dəyişdirməliyəm? 

–  Sənin  özünə  yetməyin  və  dünyanı  dəyişdirməyin  vahid  hadisədir.  Sən  daxilən 



təmizlənirsən, böyüyürsən və eybəcər mühitdən mənən aralanırsan, ona qarşı nifrətin, etirazın 

artır,  onun  sənin  üzərində  hakimiyyətini  heçə  endirirsən,  onu  zəruriyyət  taxtından  salırsan, 

ona zidd olan yeni həyat arzusunu qəlbində və zəkanda yetirirsən və gerçəkliyə çevirirsən. 

Sənin  İnkarın  əsil,  dərin,  yetkin  İnkar  olur,  zahiri,  kal,  tələsik  İnkar  olmur.  Sən  arzunu 

daxilində bəsləyirsən, böyüdürsən və bu səbəbdən də o, uzun ömürlü, davamlı, təbii olur. Sənin 

yaratdığın  Sabah  Mənəvi  İntibahın  Bəhrəsi  kimi  meydana  gəlir,  İnsanın  yeniləşməsi, 

kamilləşməsi, böyüməsi, özünə qayıtmasıyla vəhdətdə yaranır. 

İnsan mənəvi böyüklüyünə yaxınlaşdıqca əsil insani cəmiyyətə yaxınlaşacaq. 

Bundan  kənarda  yaranan  yeniliyi  tərəqqi  saymıram.  Ədalətsizliyə  qarşı  vuruşurlar,  ədalətsiz 

ictimai quruluşu ləğv edirlər, yenisini yaradırlar, ancaq ədalətsizlik yenidən bərpa olunur.  

Anlamırlar  ki,  ədalətsizlik  –  insanın  hissiyyatında,  mənəviyyatında,  idrakındadır  və  onu 

insanın daxili dünyasından silmədən – cəmiyyətdən silmək olmaz. 

Bərabərlik axtarırlar, zorla fərdi mülkiyyəti ümumi mülkiyyətlə əvəz edirlər, lakin bərabərlik 

yaranmır.  Çünki  bərabərsizliyi  bir  mülkiyyətin  başqa  mülkiyyətlə  əvəz  edilməsiylə  aradan 

qaldırmaq  olmaz.  Əgər  insan  hissiyyatında,  mənəviyyatında,  idrakında  bərabərsizliyə  meyil 

məhv  olmayıbsa,  o,  cəmiyyətdə  də  məhv  olmayacaq,    mütləq  başqa  biçimdə  aşkara  çıxacaq. 

Çünki  ləğv  olunan  fərdi  mülkiyyət  insanın  mənəvi  səviyyəsindən  doğub,  həmin  səviyyədən 

yüksəyə qalxmamısansa, bərabərlik xülyan əbəsdir. 

Sənin ən böyük səhvin onda oldu ki, özündən kənar qüvvələrin gücünə uydun, onlarda nicat 

axtardın, özünü qiymətləndirmədin. 

O  dərəcədə  özünü  alçaltdın  ki,  səni  istehsal  əlaqələrinin  adi  ünsürü  səviyyəsinə  endirdilər. 

Unutdun  ki,  cəmiyyəti  də,  istehsal  münasibətlərini  də,  dövləti  də,  ictimai  quruluşu  da  yaradan 

sənsən,  onlar  sənin  mənəvi  halını  göstərən  güzgülərdir.  Yanlış  fikirlərinlə  özünü  dəhşətli 

dərəcədə  kölələşdirdin,  yaratdıqlarının  alətinə  çevrildin,  miskinləşdin,  səadətini  özündə  yox, 

ictimai, iqtisadi qanunlarda aradın. Azadlıq axtardın –   fikirlərində, təsəvvürlərində zəncirləndin, 

ona görə də azadlığa qovuşmadın. Həqiqət axtardın – ehkamla buxovlandın. Ağlının kəsiri səni 



 

naşılıq bataqlığına yuvarladı... Naşılığın sənə dedi ki, dünyanı yalnız zorla dəyişdirmək olar. Bu, 



daxilindəki  yırtıcılıq  hissini  alışdırdı.  Nifrət,  hiddət,  kin  odu  aləmi  yandırdı.  Ocaqlar  söndü, 

dünya  qan  dənizinə  çevrildi,  nifrətdən  nifrət  doğdu,  qan  qanı  çağırdı,  dünyanı  qəzəb  suyunda 

çimdirdilər, ancaq dünya təmizlənmədi, çünki insan məhv oldu. 

Müəssisələr  dəyişdi  –  insan  dəyişmədi,  mənəviyyat  söndü.  Zorla  yaranmış  yeni  həyat 

görünməmiş  zor  yetirdi,  zor  yalana  tapındı,  yalan  ürəklərə  çirkli  su  kimi  axdı,  mənəviyyatı 

bulandırdı. İnsan neçə əsr geri düşdü. Ağlının kəsiri səni inandırmışdı ki, bütün bəlaların səbəbi 

fərdi  mülkiyyətdir.  Onu  ümumi,  ictimai  mülkiyyətlə  əvəz  edən  kimi  bütün  fəlakətlərə, 

müsibətlərə  son  qoyulacaq,  insan  özünə  qayıdacaq.  Lakin  ümumi  mülkiyyət  insana  səadət 

vermədi, onu əşyalaşdırdı, cansızlaşdırdı, miskinləşdirdi. Məlum oldu ki, insan yenə də özündən 

Yerdən  Göyə  qədər  uzaqdır.  Fərdi  mülkiyyətin  ümumi  mülkiyyətlə  əvəz  olunması  –  insanı 

mülkiyyətin sahibi eləmədi, aləti elədi. 

Zorun  yaratdığı  dünyaya  İnsan  yox,  Zor  özü  sahib  oldu  və  Zor  insana  dedi  ki,  sən  ağ  günə 

çıxmısan, əgər bunu anlamırsansa, deməli, cinayətkarsan və səni məhv etmək gərəkdir. 



Zor QORXU yaratdı və qorxu ildırımı insanı vurdu. İnsana dedilər ki, arzuladığın səadət elə 

budur. O, sənin gözünə səadət yox, fəlakət kimi görünürsə, bu, gözün təqsiridir. 

Zor dedi  ki,  həyatın  əsasını maddi amillər təşkil edir, ancaq maddi amillərin mənəviyyatdan 

asılılığını unutdu və maddi rifah yaranmadı. Maddilik xurafatı ruhaniliyi inkar etdi. İnsanı maddi 

nemətlər istehsal edən alətə çevirdi, ancaq maddi güzəran yarada bilmədi. 

Son  nəticədə  insan  cəmiyyətdə  itdi.  “Yeni  həyat”  yarandı,  ancaq  orada  insana  yer 



tapılmadı. Çünki insan dərdin əlacını özündə yox, özündən xaricdə axtardı. 

Əgər müəssisələrdə döyüşə həsr elədiyin gücün cüzi bir hissəsini özünü kamilləşdirməyə həsr 

eləsəydin,  istədiyinə  çatardın.  Ancaq  sən  mənəviyyatını,  idrakını,  hissiyyatını  çirkabdan 

təmizləmədən dünyanı çirkabdan təmizləmək niyyətinə düşdün, maddini ruhanidən üstün tutdun 

və fəlakətli surətdə yanıldın. 

– Bəs nicatımı nədə görürsən? 

– Səndə Mütləq Mənəvi Qüdrət – Allah var. Onu özündə tap.  Onda ali dünyanı taparsan. 

 

 



Yüklə 213,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə