Asif Ata İnam və ŞÜBHƏ (Ədəbi-fəlsəfi esse)



Yüklə 190,6 Kb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü190,6 Kb.
#63584


Asif Ata 

 

İNAM VƏ ŞÜBHƏ 

(Ədəbi-fəlsəfi esse) 

 

I.

 

ƏDƏBİ MÜBAHİSƏ 

 

İki dünya, iki məna, iki qüvvə qarşı-qarşıya dayanmışdır. 

İnam  və  şübhə.  Faust  və  Mefistofel.  Biri  sonsuz,  mütləq  həqiqətə  can  atır,  ömrün  mənasını 

əbədi  yolçuluqda  görür,  bu  hikmətin  qüdrətinə  inamını  heç  vaxt  itirmir,  daim  axtarır  və 

kamilləşir. 

O  biri  şübhəçiliyə,  inamsızlığa,  şərə  xidmət  edir,  insana  inanmır,  ömrün  mənasını 

inamsızlığın təsdiqində görür. 

Bir həqiqətə qovuşmaq üçün həyatından keçir, əzab-işgəncələrə məruz qalır, lakin yolundan 

dönmür,  qarşısına  çıxan  cəlbedici  və  füsunkar,  qorxulu  və  amansız  maneələri  dəf  edir.  O  biri 

həyatını insanı alçaltmağa, yolundan azdırmağa həsr etmişdir. 

Biri  deyir  ki,  insan  hər  şeyə  qadirdir,  həqiqəti  dərk  etməyə  zəkası,  iradəsi  çatar,  yüksək 

arzuları naminə keçici hisslərini qurban verməyə qabildir. 

O biri deyir ki, insan bir heçdir, ani hisslərin əsiri olan, aciz, qorxaq, xəbis, idealı ilə həyatı, 

bir-birini ikar edən  çirkin bir məxluqdur. 

Həyat onları yol yoldaşı etmişdir. 

Mefistofel  yoldaşlarını  həqiqət  yollarından  uzaqlaşdırmağa,  ehtirasları  coşduran  və  əqli 

söndürən  nəşə  məskəninə  cəlb  etməyə  çalışır.  Arzusunun  həyata  keçməsinə  onda  sonsuz  inam 

var. Çünki insanın mənəvi qüdrətinə inanmır. 

...Faust gənclik illərini fəda etdiyi kitablar aləmindən ayrılmış, məhəbbət aləminə çəkilmişdir. 

Mefistofel şənlənir: 

“İnsan  belədir.  Qabağına  hissini  oxşayan  bir  şey  çıxdımı,  idealından,  yolundan  dönməyə 

hazırdır”. 

Lakin Mefistofelin sevinci tez də sönüb gedir. Faust sevdi, sevildi, lakin füsunkar məhəbbət 

ölkəsində  əbədi  qalmadı.  Həqiqəti  dərk  etməyə  olan  həvəsi  sönmədi.  O  Mefistofelə  “buradan 

gedək” dedi. 

...Mefistofel  Faustu  keyf-işrət  məclisinə  gətirdi.  Faustun  narahat  qəlbi  bir  anlıq  burada 

dincəldi. Lakin bu aləm də Faust aləminə çevrilmədi. Faust burada dayanmadı. 

Mefistofel Faustu antik dünyanın gözəllik guşəsinə aparır. 

Faust əfsanəvi Yelenanın məhəbbətini qazanır, onun əri olur, atalıq qismətinin şeiriyyətini və 

faciəsini duyur. Mefistofelin sevinci yerə-göyə sığmır. Lakin bu sevinc də qəmə çevrilir. 

Faust  yenə  də  Mefistofelə  “buradan  gedək”,  –  deyir.  Mefistofel  Faustu  haraya  aparırsa-

aparsın, Faust həqiqət yoluna qayıdır. 

Mefistofel Faustu həqiqət yolundan azdırmağa nə qədər çox səy edirsə, Faust həqiqətə bir o 

qədər yaxınlaşır. Nəhayət o, həqiqətini tapır. 

Daimi  qəhrəmanlıq,  daimi  fədakarlıq,  daimi  kamilləşmə,  daimi  fəaliyyət  –  budur  mütləq 

həqiqət. 

İnam ilə şübhə arasında gedən əbədi mübahisədə inam qələbə çalır. 

 

 



 


II. İNAM METAMORFOZALARI 

 

ŞEKSPİR İNAMI 

 

İnsan öz təbiəti etibarilə xeyrə, yoxsa şərə meyil edir? Naşı inam və süni həyat. İnamsız həyat 



və ölüm. 

Bu  məsələlər  Şekspiri  həmişə  düşündürmüşdür.  Şekspirə  görə  şər  fəaliyyət  insan  təbiətinə 

tamamilə yaddır. O, insanı özünə, öz təbii mahiyyətinə yad və düşmən qüvvəyə çevirir. 

Yazıq Maqbet, binəva Maqbet! O haradan biləydi ki, qəlbini bürüyən şöhrətpərəstlik hissi onu 

öz insani təbiətinin qəddar cəlladı edəcəkdir. 

Haradan  biləydi,  avam  Maqbet,  naşı  Maqbet  ki,  kral  Dunkanı  öldürməklə  özünün  qatilinə 

çevriləcəkdir. 

Bu acı həqiqəti o, gec, krallıq taxtına çıxandan sonra bildi. 

Elə buna görə də indi Dunkanın qanlı xəyalı Maqbetin gözü qarşısından çəkilmir. Ona göprə 

də  kral  olandan  sonra  Maqbet  adi  insani  sevincdən  məhrum  olmuşdur.  Maqbet  insan  idi.  Ona 

görə də cəllad ola bilməzdi. 

Onu  cəllad  olmağa  sövq  edənlər  də  insan  deyildilər,  ifritə  idilər.  Bu  hadisəni  ön  plana 

çəkməklə  Şekspir  “Maqbetin  gördüyü  iş  insan  işi  deyil,  şeytan  işidir”,  –  deyirdi.  Bu  səbəbdən 

döyüş qəhrəmanı Maqbet qətl qabağı dərin həyəcan keçirir, sanki qeyri-şüuri olaraq fəaliyyətinin 

qeyri-təbii mahiyyətini dərk edir. 

Nədən  biləydi  bədbəxt  ledi  Maqbet,  qatil  sərkərdənin  xəyalpərəst  qadını  ki,  ərini  Dunkanın 

otağına  göndərməklə  o,  qadınlıq,  insanlıq,  etibar  adlanan  təbii  və  müqəddəs  bir  həqiqətə  qarşı 

çıxmışdır. 

Bəli,  Maqbet  və  onun  qadını  çox  naşı  adam  imişlər.  Onlar  nə  həyatı,  nə  insanları,  nə  də 

özlərini dərk etmişlər. Onlar cəlladlığı asan iş bilmişlər. Buna görə də qan ləkəsi ledi Maqbetin 

gözü qarşısında həmişə dayanır, ağlını əlindən alır, məhv edir. 

Cəllad  haqqında  olan  əsərdə  Şekspir  insana  böyük  inam  təlqin  edir.  “Qatil,  cəllad  görəndə 

insanlıqdan  üz  döndərmə,  qatillik,  cəlladlıq  –  qeyri-insani,  qeyri-təbii  fəaliyyətdir,  süni 

mövcudluqdur”, – deyir. 

Eyni  zamanda dahi  dramaturq öz  əsərlərində süni  həyat  tərzinin  yaratdığı  inamın  da faciəvi 

mahiyyətini açıb göstərmişdir. 

Kral Lir özünə dünyalar qədər inanırdı. Elə hesab edirdi ki, şəninə deyilən təmtəraqlı təriflər 

qəlblərinin dərin guşəsindən gəlir. Lir haqqında adi tərzdə danışmaq qəbahətdir. Əgər kiçik qız 

Kordeliya atasını, bacıları kimi dünyanın ən böyük sərvəti adlandırmırsa, deməli, o, görünməmiş 

bir cinayət edir. 

Özünə  dünyalar  qədər  inanan  Lir  dünyanı  və  insanı  anlamaq  qabiliyyətindən  məhrum 

olmuşdur. O, mahiyyətdən çox zahiri əlamətə, hissdən çox sözə, adi həqiqətdən çox qeyri-təbii, 

parıltılı yalana inanır. 

Krallıq  səltənəti  Lirdə  naşı  bir  inam  yaratmışdır.  Onun  xəyalında  qeyri-adi  şahlıq  rütbəsi 

insani məziyyətləriylə eyniləşmişdir. 

Əgər  Lir  qeyri-adi  bir  rütbəyə  sahib  olmuşdursa,  deməli,  özü  də  qeyri-adi  bir  insandır. 

Ünvanına yağdırılan təriflər mütləq həqiqətdir. 

Kral Lirin qulağı süni sözlərə o qədər alışmışdır ki, səmimi sözlər onu adi halından çıxarır. 

Allaha  demək  olarmı  ki,  onu  adi  ata  kimi  sevirsən?!  Bütə  demək  olarmı  ki,  ərə  gedəndən 

sonra  ona  olan  məhəbbətin  bir  hissəsini  ərinə  bəxş  edəcəksən?!  Adi  ata  üçün  bunlar  kifayət 




olardı. Lakin Lir üçün bunlar az deyilmi? Adi ata bu sözlərdən ötəri övladını əzizlərdi. Lakin kral 

ata övladını cəzalandırmalı, lənətləndirməli, var-dövlətdən məhrum etməlidir. 

Kordeliya  –  ağıllıdır,  təmizdir;  Kral  Lir  üçün  bunlar  azdır,  Kordeliyada  ciddi  bir  cəhət  – 

sünilik  çatışmır.  Bu  isə  kral  aləmində  ən  çox  qiymətləndirilən  keyfiyyətdir.  Burada  həqiqətlə 

sünilik yerlərini dəyişmişlər. Burada sünilik inama çevrilmişdir. Kral Lir özünə o dərəcədə inanır 

ki, həqiqətə inanmağa ehtiyac duymur. Lakin zəmanə dəyişir və Kral Lirin qəlbində öz inamına 

şübhə yaranmağa başlayır. Zəmanə dəyişilir və Lirin naşı inamı məhv olur. 

Zəmanə dəyişilir, taxt-tac əldən gedir. Lir adiləşir, insanlaşır. Şahlıq da cəlladlıq kimi qeyri-

təbii fəaliyyətdir: cəlladlıq insanı cismani cəhətdən məhv edirsə, şahlıq insanı kor edir. Cəlladlıq 

– insana, məhəbbət hissinə yaddırsa, şahlıq – həqiqət hissinə yaddır. 

Cəlladlıq – insanı insanlıqdan ayırırsa, şahlıq onu həyatdan ayırır. 

Taxt-tac əldən getdikdən sonra Lir ayılır, qızı Kordeliyanın nəcibliyini dərk edir. Nanəcib ata 

haqqında  olan  əsərdə  şekspir  insan  nəcibliyini  təsdiq  etmişdir.  “Nanəcib  şahlara  rast  gələndə 

insanlıqdan üz döndərmə. Nanəciblərin səbəbi insan təbiəti deyil, şahlıqdır”, – deyir. 

İnsana  inam  mövcudluğun  ilkin  əlamətidir.  Genişürəkli,  möhtəşəm  mavr  Otello  insanlara 

inanır.  O  dərəcədə  inanır  ki,  insanların  arasında  Yaqoların  peyda  olduğunu  görmür,  yəni 

Yaqonun  Yaqoluğunu  hiss  etmir.  Yaqonun  böhtanlarına  inanır.  İnanır  və  dəhşətə  gəlir.  Onun 

dünyalar qədər sevdiyi, dünyalar qədər inandığı sevgilisi Dezdemona xəyanətkardır. 

Deməli, həyatda heç kimə, heç nəyə inanmaq olmaz. Lakin inamsız yaşamaq olarmı? İnamsız 

həyat  ölüm  deyilmi?  Belə  olduqda  inamı  bərpa  etmək,  xəyanətkarı  öldürmək  lazımdır. 

Xəyanətkar qeyri-təbii insandır. 

İnsanlıq,  insan  naminə  Dezdemona  məhv  edilməlidir.  Yaqo  Otellonun  çox  dərin  hisslərini 

təlatümə  gətirmişdir.  Otello  inamsız  yaşamaz.  Otello  Dezdemonanı  öldürəcək.  Otello  qatil 

olacaq. Bir də dünyada xəyanətkarlar olmasın deyə. Bir də insana inam sarsılmasın deyə. 

Dezdemonanın günahsızlığı sübut ediləndə Otello inamını bərpa edir. 

Xəyanət baş verməmişdir. İnam itməmişdir. Otello rahat ölə bilər. 

Soruşula  bilər:  necə  olmuşdur  ki,  Otello  kimi  bir  qüdrət  Yaqo  kimi  naqisə  inanmış,  onun 

kələyinə  uymuşdur?  Burada  təəccüblü  bir  şey  yoxdur.  Genişürəkli  insanların  inamı  da  sonsuz 

olur. Lakin Otello sadəlövhlüyü Yaqo fəhmindən müqayisə edilməz dərəcədə yüksəkdir. 

Çünki Otello sadəlövhlüyünün arxasında təbiilik, Yaqo fəhminin arxasında isə sünilik durur. 

Çünki  sadəlövh  Otello  insana  inam,  “fəhmli”  Yaqo  isə  insana  şübhə  fəlsəfəsini  təsdiq  edir. 

İkisi də məhv olur. Biri inam cəngavəri kimi, o biri isə fitnə təcəssümü kimi. 

...İnsan  öz  təbiəti  etibarilə  uca,  ülvi,  nəcib  bir  varlıqdır.  Əgər  o  alçalır,  eybəcərləşir,  məhv 

olursa,  bunun  səbəbini  zəmanədə,  qeyri-insani,  qeyri-təbii  qüvvələrin  fəaliyyətində  axtarmaq 

lazımdır. 

Şekspirin inam konsepsiyasının mənası bundan ibarətdir. 



 

 


DON KİXOT İNAMI 

 

Həyatda müxtəlif inam növləri vardir. Bunlardan biri də faciəvi komik inamdır. 

Faciəvi  komik  inam  insanın  həyat  haqqında  təsəvvürlərinin  həyata  uyğun  gəlməməsindən 

yaranır. 

Faciəvi-komik  ianm  məzmunsuz,  bəsit,  bayağı  həyatın  insan  xəyalında  gözəlləşdirilməsi, 

ilahiləşdirilməsi, ideallaşdırılması zamanı meydana çıxır. 

Faciəvi-komik inam insanın xeyirxah bir meylin əsirinə çevrildiyi zaman yaranır. 

Bir ideyaya vurğun olan insan ətrafda ondan başqa heç nə görmür, o hər şeyə həmin ideyanın 

gözüylə baxır. 

Nəhayət,  faciəvi-komik  inam  dövrün  ülvi  hisslərə,  nəcib  məqsədlərə  yad  olduğu  zaman 

yaranır. İlkin niyyətlərə gülməklə dövr özünə gülür. 

Don  Kixot  cəngavərlik  fikrinə  düşmüşdür.  Lakin  dövrdə  cəngavərlikdən,  ülviyyətdən  əsər-

əlamət belə qalmamışdır. 

Cəngavərlik rəngarəng, möhtəşəm, sirli, əsrarəngiz həyat tərziylə bağlı olur. Bunlar həyatdan 

silinmişdir.  Zəmanədə  cəngavər  arzularının  zirvəsi,  məhəbbət,  sədaqət  və  gözəllik  timsalı 

Dulsineya Tobosskalar yoxdur. Olsa-olsa, adi kəndli qızı Aldonso Lorenso vardır. Don Kixotun 

yaradıcı xəyalı onu Dulsineya Tobosskaya çevirir. 

Həyatda cəngavər silahdaşıyanı, qeyri-adi cəsarət və hünər timsalı adamlar yoxdur. Olsa-olsa, 

Sanço Panso var. 

Həyatda əbədi səfərə çıxan, məzlumları zalımların zülmündən xilas edən cəngavərlər yoxdur. 

Olsa-olsa, Don Kexanalar vardır. Lakin xəyal Don Kexananı Don Kixota çevirir. 

Volter deyirdi ki, “əgər allah yoxdursa, onu uydurmaq lazımdır”. Cəngavər həyatı, cəngavər 

rəşadəti  yoxdursa, onu uydurmaq lazımdır. Don Kixot  onu uydurur və öz uydurmasına həqiqət 

qədər inanır. 

Don Kixot səfərə çıxır. Nə görürsə onun xəyalında qeyri-adiləşir, sirli məna kəsb edir, Don 

Kixotlaşır. 

Göyün  üzünü  buludlarmı  bürümüşdür?  Xeyr,  düşmən  ordusu  Don  Kixotun  üzərinə  yeriyir. 

Buludlarla  döyüşmək  lazımdır.  Traktirdə  Don  Kixotu  qarşılayanlar  fahişə  qadınlardımı?  Xeyr, 

ismətli,  sədaqətli,  yüksək  mənəviyyatlı  xanımlardır.  Onları  əyyaşların  pəncəsindən  xilas  etmək 

cəngavərin müqəddəs borcudur. 

Xanımlar Don Kixotun qəribəliyinə gülürlərmi? Xeyr, onlar Don Kixotu alqışlayırlar. 

Qarşıda  görünən  yel  dəyirmanları  deyilmi?  Xeyr,  Don  Kixotun  qəddar  düşmənləri  – 

cadugərlərdir. Onlara cəngavər qılıncının gücünü göstərmək lazımdır. 

Furqonda  gələn  kişilər  monax,  qadın  isə  adi,  orta  yaşlı  arvaddımı?  Xeyr,  qadın  prinsessa, 

kişilər isə onu qaçıran qara qüvvələrdir. Don Kixot misilsiz Prinsessanı qara qüvvələrin əlindən 

xilas etməli, öz cəngavərlik vəzifəsini yerinə yetirməlidir. 

Meşədə  Don  Kixotun  qarşısına  çıxan  ovçulardımı?  Xeyr.  Don  Kixotun  əvəzsiz  Dulsineya 

Tobosskasını sehrləmiş şeytanlardır. 

Hadisələr  Don  Kixotun  arzuladığı  kimi  cərəyan  etmirsə  də  o,  inamını  itirmir.  Dulsineya 

Tobosskaya onun gözünə bəzən adi Aldonso kimi görünəndə, Don Kixot bunu cadugərlərin sehri 

ilə əlaqələndirir. 

Don Kixot üçün idealına uyğun gəlməyən heç bir şey yoxdur. Buna görə də həyat Don Kixot 

xəyalında gözəlləşir, cazibədarlaşır, rəngarəngləşir. 

Eyni zamanda həyat ona gülür. Lakin Don Kixota gülməklə o, ən çox özünə gülür. 

Əgər həyatda ən ülvi, ən təmiz niyyətlər gülüncdürsə, deməli, həyat öz mahiyyətini itirmişdir. 



Əgər həyatda Don Kixotlar lazımsız adamlara çevrilmişsə, deməli, həyat sönmüşdür. 

Əgər  Don  Kixot  niyyətləri  dəlilik  kimi  qiymətləndirilirsə,  deməli,  həyatda  soyuq  ürəkli, 

qanadsız, yarımçıq, cılız arzulu adamlar hökm sürürlər. 

Əgər Don Kixot xeyirxahlığı, ülviliyi, nəcibliyi, munisliyi uydurmalı olursa, deməli, dövr bu 

hisslərə yaddır. 

Əgər cəngavər Don Kixot əsərin axırında yenidən adi, normativ Kexanaya çevrilirsə, deməli, 

bəsitlik, bayağılıq qanunauyğun bir hadisə olmuşdur. 

Deməli, zəmanədə Dulsineyaları Aldonsolar, Don Kixotları Kexanalar əvəz edir. Lakin dəli, 

gülünc  Don  Kixot  nə  qədər  işıqlı,  ağıllı,  normativ,  Kexanalar  isə  nə  qədər  sönükdür!  Don 

Kixotun  süqutunu  göstərməklə  yazıçı  Don  Kixotların  yer  üzündən  silindiyini  sübut  etmək 

istəmişdir. Lakin Don Kixot yenə də səfərdədir. Ona gülürlər, onu daşa basırlar. Lakin yolundan 

döndərə bilmirlər. Çünki onsuz dünya zülmət gecəyə bənzəyərdi. 

 

 

BETHOVEN İNAMI 

 

(Kədərdən sevincə) 

 

Tale  qapını  döyür.  Harada  olursansa  ol,  –  o  səninlədir.  İnsan  iradəsi  bəzən  sarsılır,  ürəkdə 



kədər,  qorxu  yaranır.  İnsan  bəzən  sızıldayır,  deyir:  “Əl  çək  məndən,  tale,  səadətimin  qənimi 

olma”. 


Ağır,  zəhmli  akkordlarda  səslənən  tale  mövzusu  daim  güclənir,  tündələşir,  gərginləşir.  Tale 

insana meydan oxuyur. Bethoveni ömrünün bahar çağında kar edən tale. 

Talenin  təzyiqindən  cana  doyan  insan,  xatirələr  aləminin  şairanə  anlarında  nicat  tapmağa 

çalışır. Bir az rahat nəfəs almaq üçün. Bir az səadətə qovuşmaq üçün! 

Lakin tale burada da onunladır. O buraya da daxil olmuş, öz heybətli simasını şirin xatirələr 

dumanları arasında gizlətmiş və indi göstərir. 

Kim olursansa ol, hara gedirsənsə get, hansı qapını açırsansa aç – tale səni gözləyir. Deməli, 

talenin  boğazından  yapışmaq  lazımdır.  Deməli,  insan  öz-özünün  xilaskarı  olmalıdır.  Deməli, 

talenin atdığı əlcəyi yerdən götürmək lazımdır. 

İnsan tale ilə əlbəyaxa vuruşa başlayır. Kədər melodiyaları – qələbə himni ilə əvəz edilir. Tale 

məğlub  olur.  Kainat  insanın  qələbəsini  alqışlayır.  Ömrü  boyu  məşəqqətdən,  mənəvi  əzabdan 

başqa bir şey görməyən Lüdviq van Bethoven insanlara sevinc bəxş edir. 

 

 

ÜİTMEN İNAMI 

 

Mən  Üitmenəm!  Ey  insanlar  tərəfindən  təhqir  olunan,  cəmiyyətdən  murdar  ət  kimi  atılan 



yazıq qadın. Əgər təbiət səni qəbul edirsə, mən səni niyə qəbul etməyim? Əgər güllər, çiçəklər, 

otlar səni qəbul edirsə, mən səni niyə qəbul etməyim?! 

Mən  Üitmenəm!  Ey  məni  tanımayan,  ilk  dəfə  qarşılaşdığım  naməlum  yolçu.  Mənim  sənə 

eyləyəcəyim məhəbbət dolu, ülfət dolu, mərhəmət dolu sözlər çoxdur.  

Mən  Üitmenəm,  qocaların  gözəlliyini,  insan  ağlının,  bədənin  təbiətlə  yaratdığı  ahəngi  vəsf 

edirəm.  Təbiət  nə  yaradıbsa,  o  mənəm.  Mən  çöləm,  çəmənəm,  quşam,  səhrayam,  səmayam! 

Bunların hamısı məndə cəmləşib. Mən insanam. 



JANVALJAN İNAMI 

 

İnsana məhəbbət üstə katorqaya düşmüş İnsan zülmət gecədə insanlar arasında özünə məskən 



tapmır.  Ona  heç  kəs  qapı  açmır.  Çünki  onun  sifətində  dustaqxana  möhürü  vardır.  “Nəyə  görə, 

kimə görə dustaqxanaya düşmüsən”, – deyə soruşan yoxdur. “Dustaq olmusan, deməli, qanunu 

pozusan”, – deyənlər var. 

Belə anda insan amansız canavara dönər. 

Belə anda onun sifətindən, gözlərindən insanlara sonsuz nifrət, sonsuz hiddət yağar. 

Adi  insani  hörmətdən  məhrum  olan  İnsan  insanlığa  inamını  itirər.  Lakin  onun  qarşısında 

mehriban  insan,  nurani  qoca  dayananda,  gözəl  bir  şəxsiyyət  ona  əziz  bir  qonaq  kimi  nəvaziş, 

hörmət göstərəndə İnsan yenidən insana çevrilər, İnsana inamını yenidən bərpa edər. 

Bu müqəddəs İnsan ona adi və ülvi bir inam təlqin edər. 

“İnsanı ən böyük bir sərvət kimi qiymətləndirmək lazımdır. Əsil insan özündən çox başqasını 

düşünməlidir”. 

Nə  yaxşı  ki,  bu  zülmətli  gecədə,  bu  biganə,  daşqəlbli  adamlar  içərisində  Janvaljan  insanlıq 

timsalına rast gəldi. 

Nə yaxşı ki, yüz min insanabənzər məxluq arasında bəzən bir nəfər insana rast gəlirsən. Belə 

insanlar şəxsi mahiyyətlərindən kənara çıxaraq, rəmzi məna kəsb edirlər. Onlar öz mövcudluqları 

ilə sanki sübut edirlər ki, insan hələ İnsan olaraq qalır. Bəşəriyyət hələ iflasa uğramamışdır. 

Belə insanlardan biri Janvaljanı insan, özü də kamil bir insan etdi. 

Bundan sonra Janvaljan öz işığıyla işıqlanan insanpərvərliyə xidmət edəcəkdir. Bundan sonra 

Janvaljan bir həqiqətə – insana məhəbbət hikmətinə xidmət edəcəkdir. 

Öz yeni əqidəsinə sonsuz inam bəsləyən Janvaljan insanpərvərlik imtahanından şərəflə çıxır. 

Birinci imtahan: 

Janvaljan  şəhərin  nüfuzlu,  hörmətli  meridir.  Bu  hörməti  o,  öz  qabiliyyəti,  əməyi  sayəsində 

qazanmışdır.  Əvvəlki  həyatla  vidalaşmış,  hətta  adını  da  dəyişmişdir.  Lakin  əzazil  zor  qanunu 

Janvaljanı unutmamışdır. 

Zahirən  Janvaljana  bənzəyən  bir  adam  həbs  edilmişdir,  onu  edam  gözləyir.  Əgər  Janvaljan 

ədaləti bərpa etmək istəməsəydi, heç bir kəs onu günahlı saymazdı. 

Lakin  günahsız  adamın  qətl  edilməsi  insanpərvərliyə  ziddir.  Ona  görə  də  Janvaljan 

məhkəmədə həqiqəti söyləyir və özünü qanunun ixyitarına verir. 

İkinci imtahan: 

Janvaljanın Javer adlı antipodu, düşməni vardır. 

Janvaljan insana, Javer isə qanuna pənah gətirmişdir. Janvaljan – “İnsan hər şeydir, Javer isə – 

“Qanun hər şeydir” əqidəsinə xidmət edir. 

Janvaljan İnsan üçün özünü unudursa, Javer Qanun üçün İnsanı unudur. 

Janvaljan “Qoy hər şey məhv olsun, təki İnsan xilas olsun” prinsipinə əsaslanırsa, Javer “Qoy 

hər şey məhv olsun, təki Qanun təsdiq edilsin” prinsipinə əsaslanır. 

Javer  Janvaljanın  əlinə  keçib.  Janvaljan  inqilabi  tribunalın  əmrinə  əsasən  Javeri 

güllələməlidir. 

Javer  ölümü  gözləyir.  Dəqiqələr  keçir.  Lakin  qətl  mərasimi  uzanır.  Bu  nə  oyundur?  Xeyr, 

oyun deyil. Janvaljan yoxdur. Janvaljan düşmənini xilas etmişdir. 

Bununla o, Javeri sarsıtmış, öldürmüş, didib-parçalamışdır. Demişdir ki, dünyada sən bədbəxt 

Javerin  pərəstiş  etdiyi  zor  qanunlarından  başqa,  qəlb  qanunları  da  vardır.  Sən,  Javer  bir 

heçliksən!  Dünyada  sənin  görmədiyin,  duymadığın  ülvi  kəlamlar,  həqiqətlər  var.  Ömrünü  çox 

iyrənc  bir  ideala  həsr  etmisən.  Sənin  idealın  qəlbində  yaranan  şübhənə  tab  gətirə  bilməz.  Bu 



şübhəni qəlbində kimsə yaratmalıydı. İndi öz gününə ağla. Ömür nəyə həsr edilib, nəyə qurban 

verilib? 

Javer intihar edir. Humanizm böyük, ibrətamiz bir qələbə çalır. 

Nə qədər ki, həyatda böyük, yaxud kiçik Janvaljanlar var – yaşamağa dəyər. 

 

 

QORİ İNAMI 

 

İnsan – vüqarlı səslənir! Ona rəhm eləmək, onu alçaltmaq deməkdir! 



Əgər  sən  özünə  lazım  deyilsənsə,  kimə  lazımsan?  Lakin  əgər  yalnız  özünə  lazımsansa,  sən 

kimsən? 


İnsana  məhəbbət  –  qeyri-insani  həyata  nifrət  deməkdir.  Əgər  düşmən  təslim  olmursa,  onu 

məhv etmək lazımdır. 

Dünyada ən böyük düha – xalqdır. 

 

 

III. ŞÜBHƏ METAMORFOZALARI 

 

MÜDRİK ŞÜBHƏ 

 

Sənət  tarixini  xəyalımızda  canlandırarkən  gözümüzün  qabağında  böyük  bir  şübhələnənlər 

silsiləsi dayanır. 

Onları şübhəyə salan nədir? Şübhə nədən doğur?  

Acizlikdən, ləyaqətsizlikdən, yoxsa ləyaqətdən, müdriklikdən? 

Özü  haqqında  heç  bir  şey  bilməyən,  bu  cəhətdən  avam  olan  çar  Edip  rahat,  firavan  həyat 

sürürdü.  Onun  təbiəti  –  zəmanəyə  həmahəng  idi.  İnsan  ilə  dünya  bir-birinə  qovuşmuş,  canbir 

olmuşdur. 

Çar  Edip  dünyanı  sevirdi.  Dünya  onu  şahlıq  taxtına  çıxarmış,  möhtəşəm  bir  sima  etmişdi. 

Lakin ucalıqda dayananlar da gec-tez acı həqiqəti bilməli olurlar. Həqiqət isə ondan ibarətdir ki, 

çar  Edip  bilmədən,  istəmədən,  Zevsin  iradəsiylə  dəhşətli,  görünməmiş  bir  cinayət  etmişdir: 

atasını öldürmüş və anasıyla evlənmişdir. 

Dünya  çar  Edipin  mehriban  dostu  yox,  ikili  düşməni  imiş.  Bu  həqiqəti  görən  göz  kor  olur. 

Budur naşı inamın törətdiyi faciə. Budur müdrik şübhənin qüdrəti! 

Bədbəxt, fənalı, kor Edip şən, firavan Edipdən müqayisə edilməz dərəcədə yüksəkdir. Çünki 

həqiqəti dərk etmişdir. 

İnam onu həqqiətdən uzaqlaşdırmışdısa, şübhə onu həqiqətə yaxınlaşdırırdı. 

Kor Edip dünyanı gördü. 

Bu  ailədə  dörd  nəfər  adam  yaşayır.  Onlardan  üçü  sakit,  rahat  həyat  sürür.  Çünki  onlar 

düşünüb-daşınmadan  allaha  xidmət  edirlər.  Düşünüb-daşınmadan  hər  gün  əllərini  göyə 

qaldıraraq, ali qüvvəyə öz məhəbbətini izhar edirlər. 

Lakin dördüncü düşünür. Düşündükcə şübhə qəlbinə hakim olmağa başlayır. 

Əgər  allah  zəkalıdırsa,  niyə  insanların  ağıllı  olmasından  qorxdu  və  Adəm  ilə  Həvvanı 

cənnətdən  qovdu?  Əgər  allah  ədalətlidirsə,  niyə  o,  valideynlərin  intiqamını  övladlardan  alır, 

onların həyatını cəhənnəmə döndərir? 

Əgər allah mərhəmətlidirsə, niyə özü ölməz ola-ola insanları ölməyə məhkum etmişdir. 




Deməli,  allah  pərəstişə,  hörmətə  layiq  deyil.  Deməli,  allaha  olan  inam  –  saxta  inamdır. 

Bayronun, Kain faciəsinin qəhrəmanı şübhələnir. 

Bu  şübhə  onu  bütün  insanlara  qarşı  qoyur.  Bu  şübhə  onu  tənha  bir  insana  çevirir.  Çünki 

düşünənlər azdır. Şübhə Kaini kamil edir və bəşəriyyətə düşmən edir. 

Kainin  allaha  yağdırdığı  nifrət  insanları  dəhşətə  gətirir.  Allaha  əli  çatmayan  Kain  qardaşı 

Aveli öldürür. 

Şübhə  onu  qatil  edir.  Kaini  bəşər  aləmindən  qovurlar.  Hər  yerdə  o,  nifrətlə,  hiddətlə 

qarşılanır. 

Onun sifətində qatil möhürü var, Kain möhürü var. 

Şellinin məsum və munis qəhrəmanı Beatriça atası Çençini allahın kölgəsi hesab edirdi. Lakin 

ata  övlad  qatili  olduqda,  qızının  namusuna  təcavüz  etdikdə  inam  şübhəyə,  özü  də  tək  atasına 

qarşı yox, allaha qarşı da böyük şübhəyə çevrildi. 

İnamını  qəlbindən  qopardığı  üçün,  inamsız  yaşamaq  mümkün  olmadığı  üçün  atasını  məhv 

edir. 


Mopassanın  Jannası  məhəbbəti  həyatın  bəxş  etdiyi  ən  müqəddəs  bir  varlıq  sayırdı.  Hansı 

cəmiyyətdə yaşadığını dərk etmirdi. Lakin əri Jülyenlə rastlaşandan sonra onun qəlbində şübhə 

baş  qaldırmağa  başladı.  Bu  şübhə  hələlik  Janna  duyğularına  tam  hakim  deyildi.  Onun  inam 

ümidi olan anası vardı. O, Jannanın nəzərində səadət timsalıdır. Lakin anasının ölümü Jannaya 

daha dəhşətli bir həqiqəti açıb göstərir. Onun anası da başqaları kimi ərinə xəyanət edirmiş. Bu, 

deyilməsi vacib olan həqiqət idi. Qoy, Janna onu yana-yana içsin. Lakin müdrik şübhə gec-tez öz 

hökmünü verməli idi. Yoxsa insanlar nə həyatı, nə də özlərini düzgün dərk edə bilməzdilər. 

Ölülər  aləmində  yaşayan  və  çiynində  ağır  xalq  dərdi  daşıyan  İskəndər  də  müdrik  şübhə 

timsalıdır. 

O, hamının inandığı bir qüdrətə şübhə edir. Ona görə də çoxunun nifrətini qazanır. 

İskəndər müdrik olduğu üçün kefli, yalqız, faciəvidir. Lakin möhtəşəmdir. 

Gördüyümüz  kimi,  müdrik  inam  faciəli  səslənir.  Lakin  eyni  zamanda  əzəmətli  səslənir. 

Elxanın “yoxdur allah” nidaları kimi. Çünki müdrik şübhə həqiqətin əkiz qardaşıdır. 

 

 



MEFİSTOFEL QƏHQƏHƏLƏRİ 

 

Siz  busunuz!  Qardaş  qardaşın  xainliyini  çəkir.  Onun  xoş  gününə  dözmür.  Qəlbini  sarsıdan 



xəbis bir hissdən özü qorxuya düşür. Mefistofel gülür. 

Siz  busunuz!  Ailə  dostu  sayılan  bir  şəxs  ev  sahibinin  namusunu  ləkələyir.  Bundan  sonra 

etibardan, sədaqətdən dəm vurursunuz. 

Siz insanların  həyatına heyvanlar da inanmırlar.  Aliminiz heyvanları insanlara döndərmişdi. 

Onları xoşbəxt etmək üçün. Lakin insan olandan sonra heyvanlar üsyan etdilər... 

“Yenidən heyvana çevirin bizi” – deyə fəryad etdilər. 

Mefistofel qəhqəhə çəkir: 

Budur  həyatınız.  Qardaş  az  qala  bacısı  ilə  yaşamışdı.  Həyat  sizi  necə  müdhiş  hadisələrlə 

qarşılaşdırır, sizi necə bir-birinizdən didərgin salır! 

“ha-ha-ha”. 

“Qadın – mələkdir”, – deyirsiniz. Qısqanclıq üzündən balalarını doğrayan Medeya yadınızdan 

çıxıbmı? 




“Kişi  –  qəhrəmandır”,  –  deyirsiniz.  İradə,  mətanət,  zəka  timsalıdır.  Ehtiraslarını  cilovlaya 

bilməyən, təbii həyatdan, sevimli göyərçinindən ayrılaraq fahişə Ancellərin əsarəti altına düşüb, 

məhv olanları niyə xatırlamırsınız? 

Mefistofelin qəhqəhə səsi dünyanı tutmuşdu. 

 

 

XX ƏSRİN MEFİSTOFELLƏRİ 

 

– Nadan insan, bilmirsən ki, həyatda məqsəd axtarmaq müşkül işdir? Bilmirsən ki, təbiət səni 



daşlar  kimi,  qoyunlar  kimi,  torpaq  kimi  heç  bir  məqsəd  üçün  yaratmayıb?  Mən  daş  deyiləm, 

torpaq  deyiləm,  qoyun  deyiləm.  Mən  onlar  kimi  sadəcə  yaranıb  ölmək  üçün  doğulmamışam 

deyirsən. Bütün bədbəxtliklərinə səbəb elə bu iddia deyilmi? 

Bilmirsən ki, taleyin çox hiddətli, nifrətli şər qüvvələrin iradəsindən asılıdır? 

Bilmirsən ki, dünya məhəbbətdən yox, qəzəbdən yaranmışdır? Səadəti sənə kim vəd etmişdir? 

Təbiətmi? 

Səadət iddiası sənə həyatda nə verib? 

Hansı arzuna çatmısan? Hansı arzun həyata keçəndən sonra səndə ikrah hissi oyatmayıb? 

Gənclikdə  sevdiyin  bir  qızı  mələk  sayır,  onsuz  keçən  ömrü  ölüm  hesab  edirsən.  Lakin  onu 

özünə arvad edəndən sonra... 

Nə qədər ki, arzu hələ xəyaldır – o, cazibədardır, gözəldir. 

Dostluqdan, qəhrəmanlıqdan, fədakarlıqdan ehtirasla danışırsan. Lakin anlamırsan ki, bunlar 

hamısı  eqoizmin  pərdələnmiş  formasından  başqa  bir  şey  deyil.  Başa  düşmürsən  ki,  ən  yaxın 

dostun  sənin  müvəffəqiyyətindən  xəbər  tutanda  ağlına  gələn  ilk  söz  “kaş  bu  xoşbəxtlik  mənə 

nəsib olaydı” fikridir. 

Lakin o, hissini büruzə vermir, “sevincinə şərik olur”, hətta səni bağrına basıb öpür. 

Sən isə sevincindən məst olaraq onun sifətindəki mürəkkəb ifadəni sezmir, “nə gözəl dostum 

var”, – deyə düşünürsən. 

Bəlkə  də  hər  şeyi  anlayırsan,  lakin  tənhalıqdan  qorxduğun  üçün  şübhəni  büruzə  vermirsən, 

“dostluğunu” davam etdirirsən. Əlacın nədir? 

Mənə elə bir qəhrəman göstər ki, onun qəlbində şöhrətpərəstlik alovu yanmasın. Hər şeydən 

artıq özünü düşünməsin. 

Məhəbbətdən  isə  heç  danışmağa  dəyməz.  Mənə  elə  qadın  göstər  ki,  ağır  xəstəliyə  düçar 

olmuş, yaxud əlini, ayağını itirmiş ərinin ünvanına heç olmazsa ürəyində: “gör mənim bəxtimə 

kim çıxdı” deməsin. 

Əgər doğrudan da, ağıllısınızsa, niyə hisslərinizi dərindən təhlil etmirsiniz. Bəlkə qorxursunuz 

ki, onda özünüzə nifrət edər, yaşamaq istəməzsiniz. 

– Tanıdım, tanıdım səni. Pessimist cildinə girmiş Mefistofelsən. 

– “Dünyada  yaşamağa layiq olan  yalnız qeyri-adi insanlardır. Meymun  insanın müqabilində 

nədirsə, adi insan da qeyri-adi insanın müqabilində odur”. 

Qeyri-adi insan olmaq üçün adiliyi aradan qaldırmaq lazımdır. Bu o deməkdir ki, insana xas 

olan bütün hissləri ürəyindən qoparıb atmalısan. Onlardan birincisi, mərhəmət hissidir. Bu hiss 

insanı acizləşdirir, cılızlaşdırır, sentimentallaşdırır. 

Əgər sən ananın tabutu üzərindən sakit adlaya bilmirsənsə, səndən qeyri-adi insan çıxmaz.  

Qeyri-adi insan zəif, əlillər nəsli yetirən vicdan hissinə də qalib gəlməlidir. 

Dünya vəhşi meşəni, cəngəlliyi xatırladanda əzəmətli olur. Burada, bu qladiator meydanında 

güclü gücsüzü əzib sıradan çıxarmalıdır. 



Şirin quzunu parçalamasında çox ali bir şeiriyyət var. 

Gücsüzə rəhm etmək, ona əl uzatmaq dünyanı acizlərlə, biçarələrlə doldurmaq deməkdir! 

Ən böyük şeiriyyət şər timsalı olan qaranlıqdır. Qaranlığı şərab kimi içmək – əvəzedilməz bir 

səadətdir. 

– Tanıdım, tanıdım səni. Nitsşe qiyafəsi geymiş Mefistofelsən. 

–  Hər  bir  mədəniyyət  orqanizmə  bənzəyir.  Onun  yaranma,  inkişaf  və  süqut  dövrləri  vardır. 

Avropa mədəniyyəti öz süqut dövrünə qədəm qoyub. İndən sonra meydana gələn hər bir mədəni 

hadisə həmin süqutun nişanəsindən başqa bir şey olmayacaq. Biz ölümə doğru gedən bir dövrdə 

yaşayırıq. 

– Tanıdım. Tanıdım səni. Şpenqlerlik libasında Mefistofel. 

–  İnsanlıq  yunan  mifinin  qəhrəmanı  Sizifə  bənzəyir.  O,  ömrü  boyu  uca  bir  qayaya  daş 

qaldırmaqla məşğuldur. Lakin daş qayanın başına çatarkən aşağı yuvarlanır və Sizif yenidən öz 

əbədi işinə başlayır. İnsan həyatında heç bir tərəqqi yoxdur. Heç bir nəticə verməyən əziyyətli, 

məşəqqətli, əbəs cəhd vardır. Çünki ictimai həyat insana qarşı çevrilmiş müdhiş bir qüvvədir. O, 

insanın bütün arzularını, niyyətlərini puç edir. 

İnsan  illər  boyu  kiçik  səadət  evi  tikir.  Lakin  bu  ev  bir  anda  boşluğa  çevrilir.  İctimai  həyat 

mənəvi  cəhətdən  də  insana  düşməndir.  O,  insanı  istədiyi  kimi  yox,  istənilən  kimi  düşünməyə, 

hiss etməyə, fəaliyyət göstərməyə vadar edir. 

Tutalım ki, biri ictimai yerə getmişdir. Burada onun sevmədiyi, nifrət etdiyi adamlar çoxdur. 

Lakin o, nifrətini gizlətməli, sifətinə məmnun bir ifadə verməli, özünü elə aparmalıdır ki, guya 

burada həmin adamları görmək ona sonsuz səadət gətirir. 

Yəni o, burada aktyorluq edir. İnsanlar tədricən bu aktyorluğa alışır və bunu aktyorluq hesab 

etmir. 

Lakin  insanın  əbədi  faciəsi  tək  bu  deyil.  İnsan  başqasıyla  heç  vaxt  daxilən  qovuşa  bilmir. 



İnsan  heç  vaxt  başqasının  qəlb  kitabını  oxuya  bilmir.  Nəhayət,  vaxt  gedir  və  ölüm  insanı  öz 

ağuşuna alır. Ölüm haqqında düşünən insanı dəhşətli təlaş, qorxu bürüyür. 

Bu hiss qəlbin dərin güşəsinə çəkildikdə belə insanı  titrədir, həyatının  heçliyini daim təsdiq 

edir. İnsan anlayır ki, yaşamğa başlamaq ölümə hazırlaşmaq deməkdir. 

– Tanıdım, tanıdım səni. Ekzistensializm qiyafəsində Mefistofel. 

–  İnsanın  faciəsi  anadan  olduğu  gündən  başlayır.  O,  qəlbində,  damarlarında  heyvani 

instinktlər daşıyan bir məxluq  kimi  doğulur. Erkən körpəliyində onun qəlbində iki qeyri-şüuri, 

instinktiv ehtiras yaranır: seksuallıq və yırtıcılıq. 

Seksuallıq onda anasına  qarşı qeyri-şüuri və dərkedilməz şəhvani  hiss, atasına qarşı rəqabət 

oyadır. Buna  

biz Edip kompleksi adı vermişik. 

Yırtıcılıq, dalaşqanlıq, əlinə düşən şeyləri vurub dağıtmaq şəklində meydana çıxır.  

Hər iki ehtiras azad və sərbəst şəkildə təzahür etməyə güclü meyil göstərir. Lakin sərt senzor 

olan  şüur,  cəmiyyətdə  bərqərar  olan  əxlaqi  normalar  onların  təbii  təzahürünə  mane  olur. 

Qadağan  edilmiş  ehtiraslar  daxili  aləmin  qaranlıq  guşəsinə  çəkilir  və  insanın  psixi  həyatında 

qeyri-normallıq, nevrotiklik yaradır. 

Dəhşətli və faciəli bir vəziyyət əmələ gəlir. İnsan öz daxili mahiyyətini tam aşkara çıxaranda 

heyvan  səviyyəsindən  yuxarı  qalxmır.  İnsan  öz  daxili  mahiyyətini  gizlədəndə  isə  xəstəyə, 

nevrotikə çevrilir. 

Beləliklə də, heyvanlıq qeyri-şüuri elə ümdə xüsusiyyətini təşkil edir ki, bunlardan o, azad ola 

bilmir. 



Qəlbin dərin qatlarında gizlənmiş heyvani ehtiraslar bir gün daha qəti və çılğın şəkildə təzahür 

edir. İnsan öz heyvani mahiyyətindən heç vaxt yaxa qurtara bilmir. 

– Tanıdım səni. Freydizm qiyafəsinə girmiş Mefistofelsən. 

– Sənətin ən böyük qəbahəti insan duyğularına təsir edib cəmiyyətə qarşı etiraz oyatmaqdır. 

O bu təmayüldən əl  çəkməlidir.  İnsanlara biganə, qeyri-humanist əsərlər  yaratmaq lazımdır. 

Fikrimi aşağıdakı misalda aydınlaşdırmaq istəyirəm. Tutalım ki, bir adam can üstündədir. Onun 

çarpayısının başında üç nəfər dayanmışdır: arvadı, həkim və rəssam. Qadın ərinin halına ürəkən 

təəssüflənir...  Həkim  bir  qədər  təəssüflənməsə  də,  kədərlənməsə  də  xəstəyə  qarşı  tam  biganə 

deyil, həkimlik vəzifəsi ondan xəstəyə qarşı həssas olmağı tələb edir. Burada xəstənin halına tam 

biganə olan adam – rəssamdır. Onu nə qadının kədəri, nə də həkimin səyi zərrəcə maraqlandırır. 

Onu  maraqlandıran  bircə  şey  –  ölü  bənizinin  hansı  rənglərlə  münasib  şəkildə  ifadə  olunması 

məsələsidir. 

Həmin sənətkar qeyri-insani sənətin rəmzi hesab edilməlidir. 

– Tanıdım səni. İspan filosofu Orteqa-i-Qasset qiyafəsinə girmiş Mefistofelsən. 

– Həyatda müşahidə edilən əşyalar çox zahiri mənasız, mahiyyətsiz şeylərdir. 

Real  aləm  sənətkar  azadlığının  qarşısında  dayanmş  bir  maneədir.  Bu  maneəni  aradan 

qaldırmaq lazımdır. Konkretlik bəsit ideya yaradır. 

Həyatda  realistik baxış,  faktların, hadisələrin zahiri əlamətlərini təsvir  etməyi  nəzərdə tutur. 

Sənət – dünyanın mistik mahiyyətini dərk etməlidir. 

Mücərrədçilik  həyatda  zahirən  bir-birinə  bənzəməyən  hadisələrin,  faktların  komik  vəhdətini 

yaradır. Əgər bu vəhdəti hələlik adi insanlar dərk etmirlərsə bu təbiidir. 

– Tanıdım səni. Abstraksionizm qiyafəsinə bürünmüş Mefistofelsən. 

 

 

 

RİCƏT 

 

Heyrətim  gülünc  olanda,  qəlbim  sakit,  dinc  olanda,  min  qanadlı,  min  vüsətli  düşüncələr 



ürəyimi tərk edəndə, mənə qadir şübhə gətir, ey müdriklik, ey ilkinlik, ey munislik, ey ülvilik! 

Şübhəm sonsuz qəm olanda, şübhəm qəlbdə cəm olanda, insanlıqdan, idealdan, səadətdən yan 

keçəndə, inamsızlıq bulağından su içəndə mənə dönməz inam gətir, ey müdriklik, ey ilkinlik, ey 

munislik, ey ülvilik! 

Qatil şübhəsi! 

Faust inamı! 



 

Yüklə 190,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə