Ayətullah məHƏMMƏd təQİ Mİsbah yəZDİ



Yüklə 1,21 Mb.
səhifə1/11
tarix28.06.2018
ölçüsü1,21 Mb.
#52122
  1   2   3   4   5   6   7   8   9   10   11

İNSAN HƏYATINDA TƏQLİDİN ROLU

AYƏTULLAH MƏHƏMMƏDTƏQİ MİSBAH YƏZDİ




Kitabın adı:.........İnsan həyatında təqlidin rolu

Müəllif:..Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi

Tərcümə edən:...................................................Əli Nur

Çap tarixi:..............................................................2008

Çap növbəsi:....................................................Birinci

Tiraj:.......................................................................3000

MÜQƏDDİMƏ


İnsan bütün seçimlərində məqsədə çatmaq üçün zəruri biliklərə malik olmalıdır. O, əldə etdiyi elm və mərifət, araşdırmalarla iqtisadi və ictimai, dünyəvi və üxrəvi (axirətə aid) həyat yolu və ənənələri müəyyənləşdirməlidir. İnsanın istedadları və gücü məhdud olduğundan, eləcə də, bütün sahələrdə mütəxəssislik dərəcəsinə yüksələ bilmədiyindən o başqalarının biliklərindən faydalanmağa məcburdur. Bəli, fərdi və ictimai təkamül, etiqadi və əməli nizam üçün təqlid qaçılmaz bir zərurətdir. Qanunlar və ədalət bəşəriyyətin mütəxəssislərə, alimlərə təqlidi sayəsində təmin olunur. Düzgün təqlid nəticəsində cəmiyyətdəki nizamsızlıqlar, hərc-mərcliklər aradan qaldırılır. İnsan məlumatsız olduğu peşə və ixtisaslara müdaxilə etməməli, rəy bildirməməlidir. Bu barədə Quran buyurur: “Əgər bilmirsinizsə, zikr əhlindən (bilənlərdən) soruşun.”1

İnsanın bir çox məlumat və bilikləri təqlid yolu ilə əldə etdiyini nəzərə alsaq, şübhə yeri qalmaz ki, hər hansı sahədə məlumatlanmaq üçün ən yaxşı yol layiqli ideala müraciət edilməsidir. Bütün bunlardan agah olan Allah-taala insana xeyirxahlıq göstərərək həzrət Peyğəmbər və onun məsum canişinlərini təyin etmişdir. Bu ilahi nümunələr insanın maddi və mənəvi təkamülü üçün geniş üfüqlər açır. Səadət və təkamül yolunda addım atanlar bu nümunələrdən parlaq günəş kimi faydalanır.

Məsumların olmadığı, eləcə də imam Mehdinin (ə) qeyb dövründə İslam cəmiyyətinin məlumatlandırılması, hidayəti din alimlərinin, təqlid mərcələrinin üzərinə düşmüşdür. Bu layiqli davamçılar öz həyatlarını dinin hifzi və təbliğinə sərf etmişlər. Onlar öz davamlı mücahidələri ilə dini dəyərləri bədxahların və vəsvəsəçilərin hücumlarından qorumağa çalışmış, öz ilahi missiyalarını yerinə yetirmişlər. Bütün bunları nəzərə aldıqda şübhə yeri qalmır ki, imam Mehdinin (ə) qeyb dövründə ehtiyac həddində bu insanlara təqlid zəruridir. Həqiqətin kəşfi və məqsədə çatmaq üçün mütəxəssislərə təqlidin zəruriliyi aydın olsa da, bəziləri din rəhbərinə təqlidə qarşı çıxır, saxta arqumentlərlə əsaslandırmağa çalışırlar ki, insanın seçim azadlığı var və o istədiyi kimi hərəkət edə bilər. Onlar bu təbliğatları ilə cəmiyyətin, xüsusi ilə gənc nəslin düşüncəsini zəhərləyirlər.

Bəli, təqlidə qarşı şeytani təbliğatlar planlı şəkildə həyata keçirilir. İlk növbədə müqəddəsliklərə və dinə münasibətdə biganəlik yaradılır. Uyğun yönümdə fəaliyyətlər dünya imperializmi tərəfindən himayə olunur, hər vəchlə dini dəyərlərin insanların həyatından sıxışdırılıb çıxarılmasına cəhd göstərilir. Təqlidə münasibətdə şübhə yaradanlar təkcə təqlid mövzusunu yox, bütün dini dəyərləri sual altına alırlar.

Bu yönümdə Allah-taala din alimlərinin üzərinə müəyyən vəzifələr qoymuşdur. Onlar qətiyyətlə ayağa qalxmalı və uyğun məsələlərə etirazlarını bildirməlidirlər. Böyük ustad həzrət Ayətullah Misbah Yəzdi təqlid və onun əhatəsi mövzusunda hicri-şəmsi 1381-ci ilin (2002 M) mübarək ramazan ayında müqəddəs Qum şəhərində söhbətlər etmiş, uyğun sahədə şübhələri cavablandırmışdır. Əlinizdəki kitab cənab Kərim Sübhani tərəfindən qələmə alınmışdır. Ona təşəkkürümüzü bildirir və bu kitabın Allahın və həzrət Mehdinin razılığı, əziz oxucuların məhəbbəti ilə qarşılanacağına ümid edirik.


Elmi Araşdırmalar Mərkəzi

BİRİNCİ SÖHBƏT

PEYĞƏMBƏR VƏ MƏSUM İMAMLARIN MƏQAM VƏ VƏZİFƏLƏRİNƏ BİR BAXIŞ

QƏDR GECƏSİNİN ƏHƏMİYYƏTİ


Bu gün mübarək ramazan ayının iyirmi birinci gecəsi, qədr gecələrindən biridir. On doqquzuncu gecəyə münasibətdə iyirmi birinci gecənin qədr gecəsi olması daha çox ehtimal edilir. Bu əziz gecənin əhəmiyyət və əzəməti Qurani-kərimdə aydın şəkildə bəyan olunmuşdur. Fürsəti qənimət saymalı, ömrümüzün bu dəyərli anlarının boşa getməsinə yol verməməliyik. Olsun ki, kimlərsə rəvayətlərdə buyurulan, alimlərin nəql etdiyi məlumatlara şübhə ilə yanaşır. Amma Qurana zərrəcə imanı olan kəs qədr gecəsinin dəyərini inkar etmir. Allah-taala öz səmavi kitabında aydın şəkildə buyurur: “Qədr gecəsi min aydan üstündür.”1 Min ay səksən üç il dörd ay deməkdir. Bu həqiqətə inam insanı qədr gecəsinə diqqətli olmağa, həmin gecənin anlarının qədrini bilməyə sövq edir. Əlbəttə ki, əməllərin ən üstünü şəriətin vacib buyurduğu əməllərdir. Əgər bir insanın öhdəsində qəza namazı varsa, imkanı həddində həmin gecə qəza namazlarından qılsın. Əgər bir müsəlmanın boynunda xüms və zəkat, qohumların və qonşuların haqqı varsa, çalışsın ki, bu haqdan heç olmaya bir qədərini ödəsin. Əgər mömin şəxs kiminləsə küsülüdürsə, həmin gecə barışmağa çalışsın. Unutmamalıyıq ki, günahlara diqqət ən vacib əməllərdəndir. Vacib əməllərdən sonra Quran oxumaq, zikrlər söyləmək və Allahla raz-niyaz etmək həmin gecənin faydalı işlərindəndir.

Qədr gecəsi yerinə yetirilməsi məsləhət görülən müstəhəb əməllər din rəhbərlərinin və alimlərinin buyuruqlarında əks olunmuşdur. Mərhum Şeyx Səduq imamiyyə şiə etiqadı əsaslarından bəhs edən dərsində buyurmuşdur: “Bizim etiqadımıza əsasən, qədr gecəsi iyirmi birinci gecə ilə iyirmi üçüncü gecə arasındadır. Həmin gecələri ibadət üçün oyaq qalmaq min ay oyaq qalmaqdan üstündür.” Alim sonra belə əlavə edir: "Həmin gecələri elmi söhbətlərə məşğul olmaq daha yaxşıdır.”1 Əlbəttə ki, alim dini söhbətləri, insanı Allaha yaxınlaşdıran mövzuları nəzərdə tutur. Alim bunu da nəzərdə tuta bilər ki, qədr gecəsi elmi müzakirələrə məşğulluq mərifət və agahlıqdan uzaq oyaqlıqdan (ehyadan) üstündür. Bu o demək deyil ki, elmi söhbətlər bütün ibadətlərdən üstündür. Elmi müzakirələr vacib əməllərdən, başqalarının haqqının ödənməsi kimi zəruri ibadətlərdən üstün ola bilməz. Alimin nəzərdə tutduğu ibadətlərin agahlıq və mərifətlə həyata keçməsidir. Çünka agahlıq və mərifət ibadətin dəyərini yüksəldir.

Heç şübhəsiz, qədr gecəsinin ən mühüm ibadətlərindən biri Əmirəl-mömininə (ə) məhəbbətin izharıdır. Əmirəl-möminin Əli ibn Əbu Talib tarixin ən məzlum qəhrəmanıdır. Bu məsum şəxsə əzadarlıq min ayın ibadətlərindən üstündür. Mən qədr gecələrini Əmirəl-mömininə əzadarlıqla keçirən insanlar qarşısında baş əyirəm. Onların əlindən öpürəm ki, təqvalılar mövlasının xatirəsini yaşadırlar. Amma unutmamalıyıq ki, əzadarlıqlar, növhəxanlıqlar bir-birindən fərqlənir. Əzadarlığa dəyər verən əzadarların mərifətidir. Əmirəl-möminini daha yaxşı tanıyan insanın əzadarlığı daha dəyərlidir. Belə insanlar həmin əzadarlıqdan böyük ruhi qida alırlar. Mən fürsəti qənimət sayıb Peyğəmbər (s) və onun əhli-beytinin (ə) məqamı haqqında danışıram. Ümid edirəm ki, bu yolla həmin insanlarla tanışlığımız artsın.

PEYĞƏMBƏR VƏ MƏSUM İMAMLARIN MƏQAMI


Peyğəmbərlik və risalət Allahın rəsuluna məxsus məqamdır. Bu məqam Allahın iradəsi ilə təyin edilmişdir. Peyğəmbərlik silsiləsi İslam peyğəmbəri ilə tamamlanır. Allah-taalanın İslam peyğəmbərinə əta etdiyi digər məqamlardan Əmirəl-möminin (ə) və başqa məsum imamlara da pay düşür. Məsum imamların bəhrələndiyi məqamlarla bağlı alimlərin və din böyüklərinin müxtəlif bəyanatları vardır. Əllamə Təbatəbai “Təfsiri-Əlmizan”da və digər kitablarında bu mövzuda açıqlamalar verir. Əllaməyə şagirdlik bizim üçün böyük iftixardır. Haqqında danışacağımız mövzuda bildiklərimiz yalnız ondan öyrəndiklərimizdir. Bu böyük ustadın xatirəsini əziz tutur və bu dəyərli gecədə Allah-taaladan onun üçün ali dərəcələr arzulayırıq. Ümid edirik ki, bu işimizlə ona şagirdlik haqqını ödəyə bilək. Əllamə Təbatəbainin İslam aləmi, xüsusilə şiə aləmi üzərində böyük haqqı var. Ustad ona qədər diqqətdən kənarda qalmış, əhəmiyyət verilməmiş bir çox həqiqətlərə öz dərslərində və kitablarında aydınlıq gətirərdi. Əllamənin elmi nailiyyətləri bugünkü araşdırmalar üçün əsaslı bir bazadır. Həmin bazadan İslam maarifinin yayılmasında istifadə edilir. İnanmıram ki, İslam və şiə maarifi mövzularını araşdıran hər hansı bir fərd Əllamənin “Əlmizan” təfsiri və digər kitablarına müraciət etmədən keçinə bilsin.

Ustad ayə bə rəvayətlər əsasında sübuta yetirir ki, İslam peyğəmbərinin peyğəmbərlik və risalət məqamından əlavə də məqamları olmuşdur. Həmin məqamları nəzərdən keçirəcəyik.


QURAN TƏFSİRİ, ƏHKAM VƏ MAARİF BƏYANI MƏQAMI


Heç şübhəsiz, Qurani-kərim bəşəriyyətin hidayəti üçün göndərilmiş səmavi kitabdır. Bu kitab qiyamət gününədək bəşəriyyətin ehtiyaclarına cavab verəsidir. Bu da aydındır ki, maarif və əhkamla bağlı Quranda bəyan olunmamış nöqtələr var. Məsələn, hər birimiz bilirik ki, gündəlik vacib namazlar İslamın zərurətlərindəndir. Bütün firqələr, şiə və sünni məzhəbləri bu həqiqətə etiqadlıdırlar. Bununla belə namazın qılınma qaydası və rəkətlərinin sayı Quranda bəyan olunmamışdır. Çünki Allah-taala Qurani-kərimi dini hökmlərin ətraflı bəyanı üçün nəzərdə tutmamışdır. Quran hamının müraciət edə biləcəyi şəkildə tərtib olunmuşdur, onun asan öyrənilməsi və yayılması üçün xüsusi bir üslub izlənilmişdir. Əgər İslam maarifi və dini hökmlər tam şəkildə Quranda bəyan olunsaydı, səmavi kitab bir neçə yüz cilddən ibarət olardı və bu halda insanların çoxu ondan istifadə edə bilməzdi. Amma insanlara təqdim olunmuş kiçik həcmli bu kitab hətta yeddi-səkkiz yaşlı uşaqlar tərəfindən istifadə edilə bilər. Bu kitabı uşaqlar da əzbərləyə bilirlər. Bəli, bir çox hökmlər və mövzular Quranda bəyan edilməmişdir. Uyğun istiqamətlərdə məlumatları tamamlamaq İslam peyğəmbərinin öhdəsinə düşür. “Nəhl” surəsinin 44-cü ayəsində buyurulur ki, göndərilmiş hökmlər peyğəmbər tərəfindən izah olunmalıdır. Bu ayə Quranın təfsirə ehtiyaclı olduğunu aydın şəkildə təsdiqləyir. Əgər bu ayədə Quranın təfsiri, hökmlərin aydınlaşdırılması nəzərdə tutulmasaydı “Xalq üçün aydınlaşdır” yox, “xalqa bəyan et” deyilməsi kifayət idi.

“Cumuə” surəsinin 2-ci ayəsində də İslam hökmləri və İslam maarifinin təfsir və şərhi nəzərdə tutulur: “Odur oxumamışlar arasında onların özlərindən peyğəmbər seçən. Belə ki, ayələrini onlara oxusun, onları paklaşdırsın, onlara kitab və hikmət öyrətsin.”

Nəzərdən keçirilən ayədə “tilavət”, həm də “təlim” sözləri işlədilmişdir. Şübhəsiz ki, bu sözlər ayrı-ayrı mənalar ifadə edir. “Tilavət” dedikdə Quranın oxunması, “təlim” dedikdə onların şərhi və təfsiri mənası anlaşılır. Adətən, müqəddəs kitabların oxunması “tilavət” sayılır. “Təlim” isə hamının anlaya bilməyəcəyi mənaların dəqiq şəkildə bəyanıdır.

Allah-taala tərəfindən Quranın təfsiri, ilahi hökm və maarifin bəyanı vəzifəsi ortaya qoyulduğu vaxt insanların anlayacağı şərhlər verildi. Quran özü xalq üçün bir dəlildir və Quranı qəbul etməyə hamı vəzifəlidir. Peyğəmbər tərəfindən verilən şərhlər də dəlildir. Çünki peyğəmbər məsumdur, onun bəyanatları Allahın buyuruqlarına əsaslanır. Peyğəmbərin buyuruqlarında nöqsan tapılması mümkünsüzdür. Həzrət Peyğəmbər düşüncə və əməl baxımından da məsum olmuşdur. Allah-taala gündəlik namaz göstərişini verdiyi vaxt İslam peyğəmbəri bu namazların on yeddi rəkət olduğunu və necə icra edildiyini açıqlayır. İnsanlar peyğəmbərin buyuruğunu Allahın buyuruğu kimi qəbul etməlidirlər. Kimsə deyə bilməz ki, peyğəmbər vəhyə yox, öz elminə əsaslanıb açıqlama verir, biz də öz elmimiz əsasında rəy söyləyə bilərik. Eyni zamanda din alimlərinin İslam maarifi, əxlaq və əhkam sahəsində müəyyən baxış fərqləri mövcuddur. Məsumlar tərəfindən ayələr açıqlanmasaydı, çox böyük ziddiyyətlər yaranardı. Olsun ki, iki alim hər hansı ayə ilə bağlı eyni fikirdə olmazdı.

Qeyd etdiyimiz kimi, pak Peyğəmbər əhli-beyti (ə) də Quranın təfsiri, ilahi hökmlərin bəyanı məqamına malik olmuşlar. Bu müddəanın isbatı üçün dəlillər çoxdur. Nümunə olaraq İslam peyğəmbərinin Əhli-beyt (ə) haqqındakı bir buyuruğunu nəzərdən keçirək: "Mən sizin üçün Allahın kitabı və Əhli-beytimi (ə) iki dəyərli miras qoyuram. Onlar Kövzər hovuzu kənarında mənə çatanadək bir-birindən ayrılmaz.”1

Quran və Əhli-beytin (ə) bir-birindən ayrılmaması onlar arasındakı kamil uyğunluğu göstərir. Əgər Quranla Əhli-beyt (ə) buyuruqları arasında ziddiyyət olsaydı, onların bir-birindən ayrılığı da zəruriləşərdi. Belə bir ehtimal Peyğəmbərin buyuruğuna da ziddir. Quranla Əhli-beyt (ə) buyuruqları arasında ayrılığı mümkünsüz edən onlar arasında zərrəcə ziddiyyətin olmamasıdır. Necə ki peyğəmbər sünnəsi ilə Quran arasında ziddiyyət yoxdur!


VİLAYƏT VƏ HAKİMİYYƏT MƏQAMI


İslam peyğəmbərinin ixtiyarına verilmiş məqamlardan biri də cəmiyyət üzərində vilayət və hakimiyyət məqamıdır. Hər bir peyğəmbərdə belə bir məqamın olması zəruri deyil. Ola bilər ki, bir fərddə peyğəmbərlik məqamı olsun, vilayət məqamı olmasın. Belə bir peyğəmbərin yalnız Allah tərəfindən gətirdiyi göstərişlərə tabeçilik zəruridir. Uyğun əmrlərə itaət peyğəmbərə yox, Allaha itaətdir. Allah rəsuluna itaət o zaman gerçəkləşir ki, insanlar peyğəmbər tərəfindən verilmiş göstərişlərə tabe olsunlar. Peyğəmbərə bu sayağı itaət ona vilayət məqamının verilib-verilməməsindən asılıdır. Allah-taala Qurani-kərimdə bu barədə buyurur: “Sizin vəliniz yalnız Allah və Onun rəsulu, həm də iman gətirən kəslərdir. O kəslər ki, namazı bərpa edər, rüku halında zəkat verərlər. Hər kəs Allahı, onun peyğəmbərini və iman gətirən şəxsləri özünə vəli bilsə (qalibdir). Allahın firqəsi (hizbi) həmin qalib gələnlərdir.”1

Bir çox rəvayətlərdə qeyd olunmuşdur ki, hazırkı ayə Əli ibn Əbutalib haqqında nazil olmuşdur. Yəni ayədə “iman gətirənlər” dedikdə həzrət nəzərdə tutulmuşdur. Bu rəvayətlərdən biri də mərhum Əllamə Təbatəbainin “Təfsiri-Əyyaşi”dən və imam Həsən Müctəbadan nəql etdiyi rəvayətdir. İmam (ə) buyurur: Əmmar Yasər belə deyirdi: Yoxsul bir şəxs Əli ibn Əbutalib namazın rükusunda olduğu vaxt ona yaxınlaşıb kömək istədi. İmam elə həmin vəziyyətdə barmaqındakı üzüyü çıxarıb ona verdi. Həmin vaxt peyğəmbər məscidə daxil olub əhvalatdan xəbər tutdu. Ayə nazil oldu. Peyğəmbər həmin ayəni bizim üçün oxudu.1 Növbəti ayədə Allah, onun rəsulu və məsum imamların vilayətinin eyniyyətindən danışılır. Çünki bu ayədə Allahın, peyğəmbərin və məsum imamların vilayətini qəbul edən şəxs Allahın firqəsi kimi tanıtdırılır. Başqa sözlə, bu zümrədən olan insanlar ilahi vilayətə tabe olanlardandır. İstənilən bir halda uyğun iki ayədə vilayət deyərkən hökm, icra, əmr və qadağa vilayəti nəzərdə tutulur. Belə bir hakimiyyəti Allah öz peyğəmbərinə və peyğəmbərin məsum canişinlərinə lütf etmişdir. İnsanların bu vilayətə tabeçiliyi vacibdir.

Başqa bir məqamda Allah-taala buyurur: “Ey iman gətirənlər, Allaha, Allahın rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin.”2 Bu ayə də öncəki ayələr kimi ilahi hakimiyyət məqamından və belə bir hakimiyyətə xalqın tabeçiliyinin zəruriliyindən danışır.

Bir çox rəvayətlərdə bildirilir ki, “ulil-əmr” dedikdə on iki məsum imam nəzərdə tutulur. Eləcə də Cabir ibn Abdullah Ənsaridən, böyük peyğəmbər səhabəsindən belə nəql olunur: “Ya əyyuhəlləzinə amənu...” ayəsi nazil olan vaxt mən soruşdum ki, ey Allahın rəsulu, biz Allahı və onun rəsulunu tanıyırıq. Bəs itaəti sizə itaətlə bir sıraya qoyulan əmr sahibləri kimdir? Həzrət buyurdu ki, ey Cabir, onlar mənim canişinlərim, məndən sonra müsəlmanlar üçün məsum imamlardır.”3

Bəziləri iddia edə bilərlər ki, yuxarıdakı ayədə peyğəmbərə itaət deyərkən vəhyin təbliğində peyğəmbərə itaət mənası nəzərdə tutulmuşdur. Belə bir itaət isə vəhyə itaətdən daha geniş məna daşıyır. Uyğun müddəaya cavab olaraq deyə bilərik ki, nəzərdə tutulan halda bu itaət Allaha itaət mənasını çatdırmaq üçün kifayət edərdi və “peyğəmbərə itaət edin” əmrinə ehtiyac qalmazdı. Amma Allaha itaətlə yanaşı peyğəmbərə itaət göstərişinin verilməsi fərqli bir məna kəsb edir. Peyğəmbərin öhdəsinə ikinci bir məsuliyyət qoyulur və bu məsuliyyət vəhyi bəyan etmək məsuliyyəti deyil. “İtaət edin peyğəmbərə” təbiri “itaət edin Allaha” təbirinin əhatə dairəsindən kənardır. Bu əmr peyğəmbərə bir hakim və rəhbər olaraq itaəti zəruri edir. Belə bir rəhbər Allah tərəfindən seçilmişdir və ictimai-siyasi baxımdan məsuliyyət daşıyır. İslam cəmiyyətindəki parçalanmaların qarşısını almaq onun ilkin vəzifələrindəndir. Peyğəmbər elə bir rəhbərdir ki, Allahın ona verdiyi qüdrət və ixtiyar sayəsində bütün çıxılmaz vəziyyətlərdən yol tapır. Onun buyuruğu bütün buyuruqlardan üstündür. Ətrafdakılar ona itaət etməyə borcludurlar. İnsanlar bu ilahi rəhbərə itaət sayəsində sağlam ömür sürür, birlik və qardaşlıq nemətindən bəhrələnirlər. İlahi rəhbər cəmiyyətdəki dava-dalaşların və qardaş qırğınlarının qarşısını alır.

İslam cəmiyyətinin möhkəmlənməsi və davamı üçün ən saleh insan, ilk növbədə məsum şəxs xalq üzərində vilayət və hakimiyyəti öz üzərini götürməlidir. İnsanlar da öz növbəsində belə bir rəhbərə tabe olmalıdır. Hər bir insan ilahi rəhbərin əmrini nemət saymalıdır. Əks təqdirdə İslam cəmiyyəti yaşayası deyil. Allaha itaət və onun hökmünü qəbul etdikdən sonra Peyğəmbər və onun məsum canişinlərinə tabeçilik dini zərurətlərdəndir. İmam Sadiq (ə) buyurur: “İslam namaz, zəkat, oruc, həcc və vilayətdən ibarətdir. İnsanlar vilayətdən mühüm bir həqiqətə doğru çağırılmamışlar. Amma onlar dörd əmri qəbul edib, vilayət əmrini boşladılar.”1

Bütün İslam firqələri yekdil olaraq həzrət Peyğəmbərə itaəti vacib sayır, onun vilayət və hakimiyyətini qəbul edirlər. Şiələrlə sünnilər arasında fərq bundan ibarətdir ki, şiələr Peyğəmbərin vəfatından sonra vilayət məqamının Əmirəl-mömininə keçdiyinə inanırlar. Belə ki, müsəlmanlar Peyğəmbərdən sonra həzrət Əliyə itaət etməyə borcludurlar. Cabir ibn Abdullah Ənsaridən nəql olunmuş rəvayətdə Peyğəmbərin “ulil-əmr” ifadəsinin həzrət Əli və onun məsum övladlarına aid olduğunu təsdiqləyən buyuruğu nəql olunur. Sünnə əhli bu həqiqəti inkar edir. Onların nəzərincə, Quran belə bir vilayəti təsdiqləmir. Əslində məsum imamları tanıyıb, onların vilayətinə tabe olmaq o qədər əhəmiyyətlidir ki, uyğun mərifətdən bəhrələnməyənlər dünyadan cahil getmiş sayılır. İmam Həsən Əsgəri (ə) buyurur: “Hər kəs öz dövrünün imamını tanımadan ölsə, cahil bir ölümlə dünyadan getmişdir.”1

Şübhəsiz ki, imamı tanımaq dedikdə onun adını, ata-anasının adını bilmək nəzərdə tutulmur. Nəzərdə tutulan imamın vilayətini, hakimiyyətini tanıyıb ona tabe olmaqdır. Belə bir mərifətdən bəhrələnməyən insan siyasi oyunlarda puça çıxır. Bəli, vilayət məqamını tanımayan, məsumların vilayəti sayəsində rəhbərliyi öhdəsinə götürənlərə tabe olmayan toplum fəlakətə üz tutmuşdur.


VİLAYƏTİ-FƏQİHİN YERİ VƏ QANUNİLİYİ


Diqqət yetiriləsi nöqtələrdən biri fəqih vilayətinin yeri və tanınmasıdır. Fəqih vilayəti məsumların vilayətinin davamı olaraq onların icazəsi ilə gerçəkləşir. Əmirəl-mömininin hakimiyyəti dövründə İslam hakimiyyətinin hüdudları genişləndirilərkən məntəqələrdə layiqli və saleh insanlar nümayəndə təyin olunurdu. Malik Əştər, Məhəmməd ibn Əbubəkr imam tərəfindən təyin olunmuş valilər idilər. Onlar məsum deyildilərsə də, məsum imam tərəfindən təyin olunduqlarından onlara itaət vacib sayılırdı. Çünki məsum imam tərəfindən təyin olunmuş şəxs vasitəli şəkildə Allah tərəfindən təyin olunmuşdur və ona itaət Allaha itaətdir.

Hər bir müsəlman Allah əmrlərinə birbaşa tabe olduğu kimi Allah xəlifələrinin də əmrlərinə tabe olmalıdır. Çünki Allah bu insanları “ulil-əmr” (“əmr sahibi”) kimi tanıtdırır. Bizə bu insanlara itaət etmək tapşırılır. Onlara itaət Allaha itaətdir. Demək, məsum imamların hakimiyyəti dövründə də onlar tərəfindən təyin olunmuş nümayəndələrə itaət vacib sayılmışdır. Məsumlardan nəql olunmuş bir çox rəvayətlərdə zəruri şərtlərə malik fəqihlər qeyb dövrünün hakimləri sayılır və onlara itaət zəruridir. Belə ki, vilayəti-fəqih məsumların vilayətinin davamıdır və Allah tərəfindən onların qanuniliyi təsdiqlənir. Əmirəl-mömininin (ə) dövründə müsəlmanlar Malik Əştər kimi valilərə itaət göstərirdilər. Qeyb dövründə də zəruri şərtlərə malik fəqihlərə tabeçilik vacibdir. Fərq budur ki, məsum imamların dövründə valilər şəxsən onlar tərəfindən təyin olunurdu, qeyb dövründə isə bu iş məsum imamın icazəsi ilə gerçəkləşir.


MÜHAKİMƏ MƏQAMI


Peyğəmbərlik, risalət, vilayət, imamət və Quranın təfsiri məqamından əlavə peyğəmbərin mühakimə məqamı olmuşdur. Məsum imamlar da uyğun məsuliyyəti daşımışlar. İstənilən bir cəmiyyətdə hakimin olması zəruridir. Hakim cəmiyyətin ehtiyaclı olduğu hüquqi məsələləri həll etməli, mübahisə edən tərəflər arasında hökm verməlidir. Mübahisə tərəfləri də hakimin hökmünə tabe olmalıdır. Əlbəttə ki, hakimin hökmü vilayət hökmündən fərqlənir. Bəzən cəmiyyətdə ixtilaf yaranmadığı halda nizamın qorunması üçün vəliyyi-əmr hökm çıxarır. Məsələn, müdafiə əmri bu qəbildəndir. Bəzən də cəmiyyətin iqtisadi ehtiyaclarının ödənməsi üçün müəyyən vergilər təyin olunur, bu vergilərin ödənməsi vacib sayılır. Mühakimə məqamı isə yalnız vətəndaşlar arasındakı mübahisələri həll edir. Tərəflər özləri də aralarındakı mübahisənin həlli üçün hakim seçə bilərlər. Amma seçilmiş hakimin hökmünə əməl etmək lazımdır. Qeyd edək ki, bu üsul yalnız müəyyən şərtlər daxilində işləkdir. Çıxarılan hökmün icrasını zəruri edən hakimin Allah tərəfindən təyin olunmasıdır. Bəzi Quran ayələrinə əsasən Allah-taala müəyyən şəxsləri hakim məqamına təyin etmişdir. Məsələn “Sad” surəsinin 26-cı ayəsində buyurulur ki, ey Davud, biz səni yer üzünə xəlifə seçdik; xalq arasında haqq-ədalətlə hökm ver. Həzrət Peyğəmbərə xitabən buyurulur: “ Biz bu kitabı haqq olaraq sənə nazil etdik; xalq arasında Allahın sənə öyrətdiyi əsasında hökm ver.”1 Başqa bir ayədə peyğəmbərin hökmünə itaətin zəruriliyi ilə bağlı buyurulur: “And olsun Rəbbinə, aralarında ixtilafa səbəb olan məsələ ilə bağlı verdiyin hökmdən narahat olmayanlar, tam təslim olanlar iman gətirmişdir.”2 Yuxarıdakı ayədə peyğəmbərin mühakimə məqamı, onun hökmünə tabeçiliyin zəruriliyi açıqlanır. Uyğun münasibət Quran boyunca təkidlə vurğulanır. Allah-taala uyğun andla müsəlmanlara aydınlaşdırır ki, bütün vücudları ilə peyğəmbərə təslim olmalı, onun hökmlərini səmimi-qəlbdən qəbul etməlidirlər. Peyğəmbər hökmünə münasibətdə nigarançılıq, giley-güzar, şikayət olmamalıdır. Hətta bu hökm tam zərərə olsa belə, ona itaət vacibdir. Əgər saleh və layiqli bir hakim Quran və rəvayətlər əsasında hökm versə, amma kimlərsə bu hökmə etiraz etsə, hazırkı ayəyə əsasən onların imanı varmı? Allah hökmünə qarşı müqavimət Allaha imanla bir araya sığırmı? Bu müqavimət və müxalifətçilik inadkarlıq, nifaq və küfrdən qaynaqlanmırmı? Əgər nəzərə alsaq ki, həzrət Peyğəmbərin təlim, təfsir, vəhy, bəyan, hökm məqamları olmuşdur, eyni zamanda o məsumdur, heç bir xətaya yol vermir, onun buyuruqlarına inanmağımız, hökmlərinə tabe olmağımız zəruri olar. Peyğəmbərin ictimai hökmlərinə, mühakimələrinə müxalif çıxmaq haqqımız yoxdur. Qurani-kərimdə buyurulur: “Heç bir mömin kişi və qadına yaraşmaz ki, Allah və onun peyğəmbəri hökm verdiyi zaman seçim aparsın. Allah və onun peyğəmbərinə itaətsizlik edən kəs, şübhəsiz, aşkar azğınlıq içindədir.”1 Allah və onun peyğəmbəri hökm verdiyi vaxt kimsə rəy bildirməməlidir. Xalqın azadlığı dedikdə Onların Allah və peyğəmbər hökmünə münasibət bildirməsi nəzərdə tutulmur. Hətta peyğəmbərin Allah hökmü ilə bağlı rəy bildirməsi və ya bu hökmü dəyişməsi caiz deyil.

Öncə qeyd etdiyimiz kimi, həzrət Peyğəmbərdən savayı məsum imamların da mühakimə məqamı olmuşdur. Peyğəmbərdən nəql olunmuş rəvayətdə onun Əmirəl-möminin üçün təyin etdiyi vilayət haqqı təsdiqlənir. Həzrət Əliyə (ə) verilmiş bu haqq digər məsum imamlara da çatır.

İslam Peyğəmbəri dəfələrlə Əmirəl-mömininə buyurur: “Ey Əli, Harun Musa üçün hansı məqamda idisə, sən də mənim üçün həmin məqamdasan. Bir fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq.”2 Əmirəl-möminin “Qasiə” xütbəsində peyğəmbərlə yaxınlığını vurğulayıb onun dilindən nəql edir: “Ey Əli, mən nə eşidirəmsə, sən də eşidirsən. Mən nə görürəmsə, sən də görürsən. Amma sən peyğəmbər yox, mənim vəzirimsən, doğru yoldasan.”3 Cəbrəil nazil olub Allahın vəhyini peyğəmbərə çatdıranda Əmirəl-möminin Əli ibn Əbutalib də orada idi. Bu görüşdə iştirak edən Əli (ə) peyğəmbərə ünvanlanmış vəhyi eşidirdi. Bəli, bəzən iki nəfər danışanda üçüncü bir şəxs onların danışığını eşidir. Amma deyilənlər həmin şəxsə ünvanlanmamışdır. Bir şəxs ona yazılmış məktubu oxutdurduğu vaxt həmin məclisdə başqaları da iştirak edib məktubun mətnindən xəbər tuta bilər. Məktub birinə ünvanlanır, amma oradakılar da məktubda yazılanlardan xəbər tutur.

VƏHY HAQQINDA XÜLASƏ ARAŞDIRMA


Sual yaranır ki, son peyğəmbər dünyasını dəyişdikdən sonra mələklərlə rabitə birdəfəlik kəsildimi? Görəsən, Əli ibn Əbutalib, xanım Fatimə Cəbrəili görmüş, onu dinləmişmi? Rəvayətlərə əsasən bu sual müsbət cavablandırılır. Amma bu o demək deyil ki, həmin şəxslər peyğəmbər olmuşlar. Belə ki, mələklərin və ya Cəbrəilin gətirdiyi xəbər peyğəmbərə çatdırılan vəhy növündən olmaya da bilər. Ümumiyyətlə, vəhyi iki qismə bölmək olar: risalət vəhyi və qeyri-risalət vəhyi. Əgər vəhy peyğəmbərə ünvanlanmışsa, bu vəhy risalət vəhyidir. Peyğəmbərlərə qeyri-risalət vəhyi də gələ bilər. Bəzən bu qəbil vəhy ilham adlandırılır. Rəvayətlərdə uyğun məfhum “təhdis” təbiri ilə ifadə olunur. “Üsuli-kafi” kitabında “ənnəl-əimmətə muhəddəsunə mufəhhəmun” adlı bir bab var. Mərhum Kuleyni tərəfindən nəql olunmuş rəvayət təsdiqləyir ki, Əhli-beyt (ə) mələklərlə danışmışdır. Xanım Fatimənin (ə) ləqəblərindən biri də “Muhəddəsə”dir. “Muhəddəsə” dedikdə mələklə danışan xanım nəzərdə tutulur. “Muhəddəs” sözünün mənasını düzgün anlamayanlar elə düşünmüşlər ki, imamlar “muhəddəsdir”. Yəni imamlar da başqaları kimi hədis nəql etmək məqamına malik olmuşlar.

Quran nazil olan vaxt “vəhy” termininin müxtəlif anlamları yox idi. Məsələn, ilham sözü vəhy sözü kimi geniş işlədilmirdi Vəhyin lüğət mənası iti və gizli xəbərdir. Belə bir təbir risalət vəhyi, ilham, hətta fitri yolla hidayət mənalarını əhatə edirdi. Məsələn, bal arısına vəhy dedikdə fitri bir hidayət, qəlb yolu ilə göstəriş mənası anlaşılır.1 Ayədə buyurulur ki, sənin Rəbbin bal arısına vəhy etdi...

Bəzi ayələrdə insana vəhydən danışılır. Məsələn, həzrət Zəkəriyya vəhy ünvanı kimi tanıtdırılır. Uyğun məqamda vəhy dedikdə işarələrlə anlatmaq nəzərdə tutulmuşdur. Ayədə bildirilir ki, o (Zəkəriyya) mehrabdan qövmünün arasına gəlib onlara gündüz və gecə dua oxumalarını işarə etdi.2

Qurani-kərimdə iki ləyaqətli və saleh qadına, həzrət Məryəm və Musanın anasına vəhy nazil olduğu bildirilir. Şübhəsiz ki, nəzərdə tutulan risalət vəhyi deyil. Allahın yaxın mələyi həzrət Məryəmin yanına xüsusi bir tapşırıqla gəlmişdi. Həzrət Musanın anasına vəhy isə qeybi bir ilham sayılır.

Həzrət Məryəmin əhvalatında nəql olunur ki, o, Beytül-Müqəddəsin bir guşəsində ibadət və dua üçün yer seçmişdi. Həmin xəlvət yerdə raz-niyaza məşğul idi. Qəfildən bir şəxs təcəssüm etdi. Uyğun mövzudan danışan ayədə bildirilir ki, biz öz ruhumuzu onun yanına göndərdik və ruhumuz ona bəşər surətində göründü...3

Təfsirçilər arasında həzrət Məryəmə görünən ruhla bağlı müxtəlif fikirlər var. Kimlərsə onun Cəbrəil, kimlərsə başqa bir mələk olduğunu bildirirlər. Hər halda xanım Məryəmin gözünə görünən qeybi bir varlıq olmuşdur. Bu varlıq insan surətində görünmüş, gətirdiyi xəbəri ona ilham etmişdir.

Musanın anasına vəhyin göndərilməsi ilə bağlı bildirilir ki, Firon kahinlərin yuxu yozumu əsasında Bəni-İsraildən olacaq bütün oğlan uşaqlarının öldürülməsi əmrini verdi. Onun göstərişi əsasında məmurlar yeni doğulan bütün uşaqları məhv edirdilər. Həmin vaxt həzrət Musa (ə) dünyaya göz açdı. Anası Musaya görə narahat idi. Allah-taala çıxış yolu göstərərək Musanın anasına vəhy etdi. Ona tapşırıq verildi ki, körpəni Nil çayına atsın və bu körpə ona qaytarılacaq.1

Ayədə Musanın anasına onun övladının peyğəmbərliyi müjdə verilir. Demək, Musanın anası qeybi xəbər əsasında hərəkət etmişdir. Əks təqdirdə o öz övladının peyğəmbərliyindən xəbər tuta bilməzdi. Deyilənlərdən belə bir nəticə əldə olunur ki, Quran buyuruqlarına əsasən, ilahi vəhy təkcə peyğəmbərlərə aid deyil. Risalət vəhyindən əlavə vəhylər də var. Peyğəmbərlərə aid olan isə risalət vəhyidir. Amma məsum imamlara da vəhy olunmuşdur. Cəbrəil onlara görünmüş, onlarla danışmış, Allahın göstərişlərini çatdırmışdır. Onlara vəhy nazil olması peyğəmbərlik dəlili sayılmır. Cəbrəil təkcə peyğəmbərə yox, həzrət Məryəmə, məsum imamlara da görünmüşdür. Bəli, İslam peyğəmbəri dünyasını dəyişdikdən sonra risalət vəhyi tamamlanmışdır. Ayə və rəvayətlərdən məlum olan budur ki, peyğəmbər olmayan bəzi şəxslər də Cəbrəili görmüş, onunla danışmış, onu dinləmişlər. Nəql olunan rəvayətlərə əsasən, məsum imamların Cəbrəil və sair mələklərlə əlaqəsi olmuşdur. Onlar bəzən mələkləri görmüş, bəzən onların səsini eşitmişlər.


TƏZKİYƏ (PAKLAMA) VƏ TƏRBİYƏ MƏQAMI


Söhbətimizin bu məqamınadək həzrət Peyğəmbərin üç rəsmi məqamını nəzərdən keçirdik. Peyğəmbər Əhli-beyti (ə) də bu məqamlardan faydalanmışdır. Əlbəttə ki, yalnız peyğəmbərə aid məqamlar nəzərdə tutulmur. Həm peyğəmbər, həm də Əhli-beytin malik olduğu ən mühüm məqamlardan biri paklama və tərbiyə məqamıdır. Allah-taala Qurani-kərimdə buyurur: “Odur oxumamışlar arasından onların özündən olan birini seçən. Belə ki, ayələri onlara oxusun, onları pak etsin, onlara kitab və hikmət öyrətsin.”1 Bəli, Qurani-kərimdə həqiqətlərin bəyanı, Quranın təfsiri kimi məqamlarla yanaşı mühüm paklama və tərbiyə məqamı da qeyd olunur.

Öncə qeyd etdik ki, kitab və hikmət təlimi dedikdə Quranın təfsiri, həqiqətlərin bəyanı, hökmlərin açıqlanması nəzərdə tutulur. Quranın yeganə həqiqi müəllimi Allah-taaladır. Bu kitabı qəlbi ilahi kitabın nüzul məhəlli olan şəxs açıqlaya bilər. Paklanma dedikdə isə mənəvi və əxlaqi tərbiyə nəzərdə tutulub. Paklanma (təzkiyə) bəzən fərdi, bəzən ictimai yönümdə olur. Belə ki, fərd tərbiyəçi ilə ünsiyyətdə olur, onun nəsihətlərindən bəhrələnir, onun təsiri ilə batinini paklayır. İctimai yönümlü təzkiyədə isə hər bir fərd öz tutumu həddində bəhrələnir.

Quran peyğəmbərin təzkiyə məqamına malik olduğunu vurğuladığından bu prosesə daha çox əhəmiyyət vermək lazım gəlir. Amma biz qəflətdə olduğumuzdan təzkiyə və özünütərbiyəyə bir o qədər fikir vermir, elmi məsələləri araşdırırıq. Biz bütün İslam elmlərinə yiyələnsək belə, Peyğəmbər və onun Əhli-beyti (ə) səviyyəsində kompleks bilik əldə edə bilmərik. Elm dəyərli olsa da bu dəyər mütləq deyil. Daxilən paklanmayan insanın elmi faydasızdır. Məsələn, şeytan Adəmdən öncəki elmlərlə yanaşı bu günədək əldə olunan təcrübələri kəsb etmişdir. Məgər bu biliklər onun məqamını ucaldırmı? Eləcə də həzrət Peyğəmbərin müasirləri olmuş münafiq alimlər hansı məqama çatmışlar? Əksinə, malik olduqları elm onları daha dərin faciəyə sürükləmişdir. Bütün bu tənəzzüllərin səbəbi həmin fərdlərin təzkiyə və gözəl ilahi əxlaqdan məhrumluğu olmuşdur. Demək, yalnız təzkiyə va paklanma ilə müşayiət olunan elm dəyərlidir. Təzkiyəsiz elm nəinki faydasızdır, hətta zərərlidir. Demək, təzkiyə və tərbiyədən uzaqlaşmaqla şeytanın qələbəsinə zəmin hazırlayırıq. Belə görünür ki, tərbiyə və təzkiyə məqamı İslam peyğəmbərinin malik olduğu məqamlardandır. Peyğəmbərdən sonra bu məqam Əhli-beytə (ə) tapşırılmışdır. İnsanların tərbiyə və təzkiyəsi məsum imamların öhdəsinədir.

Əgər günümüzə qayıtsaq, qeyd etməliyik ki, təhsil nazirliyində tərbiyə işləri ilə məşğul olan xüsusi şöbənin təşkili faydalıdır. Biz özümüz belə bir şöbənin fəaliyyətindən bu günədək faydalanırıq. Əlbəttə ki, bu qəbil şöbələrin fəaliyyətini arzulamayanlar da tapılır. Təhsil müəssisələrində tərbiyəvi proqramların dayandırılması şeytanların və münafiqlərin, puç əxlaqın bu müəssisələrə yol tapması ilə nəticələnir. Biz məsulların nəzərinə çatdırmalıyıq ki, tərbiyə məsələsinə ciddi yanaşsınlar, bəşəriyyətin səadətində bu yönümün misilsiz rolundan qəflətdə qalmasınlar. Təhsil müəssisələrində tərbiyə ilə məşğul olan istənilən bir formalı qurumun fəaliyyəti zəruridir.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə