“Azərbaycan”.-2013.-25 iyun.-N 136.-S.4-5.
Demokratik inkişafın Azərbaycan modeli
Avropa Komissiyasının sədri Xose Manuel BARROZU: "Prezident Əliyev suveren Azərbaycanın
rəhbəri kimi ölkəsinin müasirləşdirilməsinə olduqca sadiqdir. O bu ölkənin imici və nüfuzuna xüsusi
diqqətlə yanaşır. Ölkə isə həqiqətən çox mühüm irəliləyişə nail olub"
"Demokratiyanın müdafiəsi" bayrağı altında ölkələrin daxili işlərinə kobudcasına qarışmaq, onlara
siyasi təzyiq göstərmək, seçki proseslərinin, vətəndaş hüquqları və azadlıqlarının vəziyyətinin
qiymətləndirilməsində ikili standartları zorla qəbul etdirmək cəhdləri demokratik dəyərləri
universallaşdırmaq işinə ziyan vurur. Beləliklə, sual doğur: indən belə sivilizasiyalılığı və barbarlığı,
təqsirin dərəcəsini və cəzanın həddini müəyyən etmək hüququ kimə və hansı prinsiplər əsasında
verilmişdir?"
Akademik Ramiz MEHDİYEV
Obyektiv zərurətdən irəli gələrək zamanın diktəsi ilə şərtlənən mühüm siyasi qərarların qəbulu, ilk növbədə,
cəmiyyətdəki mütləq çoxluğun arzu və istəklərini, sosial gözləntilərini özündə ifadə edir. Xalqın tarixi keçmiş,
bu gün və gələcəklə bağlı düşüncələrindən qaynaqlanan həmin qərarlar həm də dövlətin uğurlu sabahı, davamlı
tərəqqisi üçün möhkəm təmələ çevrilir. Yeni Azərbaycan Partiyasının V qurultayında ölkə başçısı İlham
Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarına da məhz bu prizmadan
yanaşmaq lazım gəlir.
Mövcudluq tarixinin ən qüdrətli Azərbaycanı
Bu qərar, təkcə iqtidarda olan, 600 min insanı sıralarında birləşdirən, ictimai-siyasi proseslərdə dominant
qüvvə kimi çıxış edən hakim partiyanın deyil, ilk növbədə, müstəqil Azərbaycanın son 20 ildə keçdiyi
qərinələrə bərabər inkişaf yolunun uğurlarını obyektiv dəyərləndirən, davamlı tərəqqi, yüksək sosial rifah və
demokratikləşmə baxımından hazırkı siyasi kursun alternativsizliyini dərk edən, sabahına biganə olmayan
insanların azad iradəsindən qaynaqlanır. Son 10 il ərzində əldə olunan yüksək inkişaf trendi - cəmiyyətin daha
sürətli mənəvi-intellektual tərəqqi yoluna qədəm qoyması, dövlətin heyrətamiz iqtisadi uğurlara imza atması,
yürüdülən müstəqil xarici siyasət və digər çoxsaylı uğurlar orta statistik azərbaycanlının 2013-cü ilin prezident
seçkiləri ilə bağlı seçimini də dəyişməz edir. Bu seçim, ilk növbədə, onunla şərtlənir ki, Azərbaycan dövləti
özünün mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmamışdır.
Dünyanın siyasi arxitekturasını müəyyən edən dövlətlər özlərinin yüzilliklərlə, hətta minilliklərlə ölçülən
mövcudluq tarixlərində heç də sabit və davamlı inkişaf yolu keçməmiş, bəzən hətta tənəzzül və iflas həddinə
çatmış, böyük faciələrin astanasından geri dönmüşlər. Bu fikri zəngin dövlətçilik ənənələrinə, qədim tarixə
malik Azərbaycan haqqında da söyləmək olar. Xalqımız müxtəlif əsrlərdə daxildən gələn yüksək potensiya ilə
müstəqil dövlət qurmaq, azad yaşamaq istəsə də, bəzən buna nail olmamış, bəzən də qanı, canı bahasına əldə
etdiyi müstəqilliyini qoruyub saxlaya bilməmişdir. Dövlətçilik yaddaşımızda xoş xatirə kimi parlayan, Şah
İsmayıl Səfəvinin müəllifliyi ilə xalqın milli maraqlarının, azərbaycanlı etnosunun yaradıcılıq potensialının
ifadəsi kimi ortaya çıxan Səfəvilər dövləti də erkən itirdiyimiz ilk belə şansımız olmuşdur. Belə bir imkanın
itirilməsinə, Səfəvilər dövləti modelində geniş ərazi hüdudlarına malik qüdrətli Azərbaycan dövlətinin
gələcəyini təmin edə biləcək vasitələrin hazırlanmamasına, bu gün sadəcə, təəssüflənə bilirik. Fəqət, böyük
tarixi şəxsiyyət olan I Şah İsmayılın hərbi-siyasi fəaliyyəti nəticəsində mərkəzləşmiş Səfəvi dövlətinin
yaranması ilə Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşması prosesi bir qədər də sürətlənmişdir.
Xalqın ilk dəfə olaraq vahid dövlətin tərkibində birləşməsi, mərkəzləşdirilmiş iqtisadi-təsərrüfat sisteminin
yaranması dövlətçilik təfəkkürünün formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Səfəvilərin
hakimiyyəti dövründə dövlətçiliklə bağlı bütün məsələlər millilik zirvəsinə ucalmışdır.
Azərbaycanın tarix, fəlsəfə, politologiya elmlərində Əliyevşünaslıq irsini elmi cəhətdən sistemləşdirən, onun
tədqiqat təmayüllərini müəyyənləşdirən görkəmli dövlət xadimi və alim Ramiz Mehdiyevin ilk Mərkəzləşmiş
Azərbaycan dövləti olan Səfəvilər dövləti haqda qələmə aldığı fundamental elmi əsərlər - "Şah İsmayıl ali
məramlı tarixi şəxsiyyət kimi" və "Tarixi idrakın elmiliyi problemlərinə dair" məqalələr özünün yüksək ideya
siqləti, elmiliyi, tarixi-ensiklopedik səciyyə daşıması ilə diqqət çəkir. Milli tarixə, Azərbaycan xalqının tarixi
şəxsiyyətlərinə maraqlı münasibətin yaranmasına təkan verən, cəmiyyətdə böyük rezonansa, faydalı müzakirə
və diskussiyalara səbəb olan bu dəyərli əsərlərdə hörmətli akademik Azərbaycanın ən yeni tarixində Heydər
Əliyev dühası ilə Şah İsmayıl Səfəvi fenomeni arasında paralellər aparır, hər iki şəxsiyyətin xalq qarşısındakı
xidmətlərinin oxşar cəhətlərini böyük peşəkarlıqla göstərir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: "Formalaşmaqda olan informasiya cəmiyyətində zaman gələcəyə
istiqamətlənmişdir. Bizim gələcəklə maraqlanmağımızın əsas səbəbi budur. Lakin gələcəyi öncədən görmək
üçün bu günümüz barədə aydın təsəvvürümüz olmalıdır, eyni zamanda, keçmişin dərslərini unutmamalıyıq. Biz
bunu istəsək də, istəməsək də hər birimiz keçmiş dövrün yükünü daşıyırıq və bu yükdən yaxa qurtarmaq qeyri-
mümkündür. Zaman isə insan şüuruna xas olan dəyişikliklərin - yaranma, təşəkkül, cərəyan etmə və yoxolma
mərhələlərinin - qavranılması formasından başqa bir şey deyildir. Buna görə də deyə bilərik ki, insan həm
təbiətdə, həm də bəşər tarixində baş vermiş hadisələrdən asılıdır".
Yeni ictimai-iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya
Tarixən Azərbaycanı vahid ərazi hüdudlarında birləşdirməyə çalışan, hətta qısa müddətə buna müvəffəq olan
dövlətlərdən heç biri hazırkı müstəqil respublikamızla müqayisə edilmək imkanında deyillər. Əlbəttə, danılmaz
reallıqdır ki, ötən əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk
demokratik respublika kimi 23 aylıq mövcudluğu ilə bugünkü müstəqil Azərbaycan dövlətinin sələfinə
çevrilərək gələcək müstəqilliyimizin zəruri şərtlərini təmin etmişdir. Lakin obyektiv səbəblərdən ölkəmizin
nəinki tarixi coğrafiyasına, hətta Qərbinə, Şimalına belə tam nəzarət etmək, müxtəlif etnosları vahid ideologiya
ətrafında birləşdirib superetnos yaratmaq gücündə olmayan Cümhuriyyəti milli dövlətçilik təfəkkürümüzün
daha çox metaforik təzahürü kimi nəzərdən keçirənlər, bu mənada, kifayət qədər haqlı görünürlər.
Tarixi reallıqlar sübut edir ki, hazırkı müstəqil, suveren, qüdrətli Azərbaycan xalqımızın ən böyük şansı -
özünüifadə və özünütəsdiq imkanıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada soyuq müharibənin başa
çatması, məşhur sosioloq Alvin Tofflerin təbirincə desək, "demokratiyanın üçüncü dalğası" fonunda meydana
çıxan mürəkkəb proseslərin, o cümlədən mili-azadlıq hərəkatının nəticəsi kimi istiqlaliyyətini bərpa etmək şansı
qazanmış Azərbaycan müstəqilliyin ilk illərində məhz Heydər Əliyev fenomeninin rəhbərliyi altında böyük
faciələrdən, məşəqqətlərdən qurtularaq özünün milli inkişaf yoluna qədəm qoymuşdur.
Müasir Azərbaycanın 1993-cü ilin 15 iyunundan başlanan yeni inkişaf tarixi - respublikanın böyük iqtisadi,
siyasi, hüquqi, sosial, mədəni islahatlar həyata keçirməsi, özünəməxsus milli inkişaf modelini formalaşdırması,
dünya miqyasında layiqli yerini tutması, müstəqil siyasət yürütməsi ilə səciyyəvidir. Bu tarixin cənab İlham
Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 10 ilində isə respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə
dünyanı heyrətləndirmişdir. 2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini götürən cənab İlham
Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır.
Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı,
yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel
şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə
məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini,
nüvəsini təşkil etmişdir.
Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə
Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi
kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət
müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq
məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş,
xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft
amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına
xidmət edən mühüm addımlar atılmışdır.
Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və
mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin
yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu
göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir
vətəndaşın layiqli, yüksək həyat şəraitinin təmin edilməsi milli ideyanın mahiyyətində qərarlaşmış praktik
məqsədlərdir. Prezident İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan,
hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində
hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir.
İyunun 21-də Bakıda BMT-nin təşkilatçılığı ilə keçirilmiş "Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün
milli məsləhətləşmələrin nəticələrinin təsdiqi" mövzusunda konfransda çıxış edən Prezident Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin bildirdiyi kimi, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında əldə
edilən sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib amilinə çevirmişdir.
Azərbaycanın həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni aşaraq bəşəriyyətin
gələcəyi naminə uzunmüddətli inkişafın təmin edilməsinə xidmət edir. Prezident İlham Əliyevin inam və
əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını
artırmış, insan inkişafı indeksində yüksəlişini təmin etmiş, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə
çevirmişdir. Bu siyasət 2015-ci ildən sonra da indiki sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın
sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir.
Akademik Ramiz Mehdiyev haqlı olaraq vurğulamışdır ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla
Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bilmişdir: "2015-ci ildən sonrakı dövrdə
Azərbaycanın inkişafının əsasını insan kapitalı təşkil edəcəkdir. Bu o demək deyildir ki, Azərbaycan enerji
dövləti kimi əhəmiyyətini itirəcəkdir. Əksinə, ölkəmiz inkişafının yeni əsaslarını təyin edərək biliklərə və
innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını
təkmilləşdirəcəkdir".
Prezident Administrasiyasının rəhbəri həmçinin qeyd etmişdir ki, Azərbaycanda qurulan iqtisadi model öz
humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanan bilik iqtisadiyyatı fəlsəfəsinə,
əhatəliliyinə, davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə isə sosial korporatizmə uyğun
gəlir. Bu model qeyri-adiliyi ilə sosial-iqtisadi və mədəni inkişafı balanslı və əhatəli şəkildə təmin edir, ekoloji
tarazlığı qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir. Bunun nəticəsidir ki, Azərbaycan
Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir. 2012-
ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması onu göstərir ki, Azərbaycan
dövləti öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur. Minilliyin İnkişaf Məqsədləri
çərçivəsində Azərbaycan dövləti əldə etdiyi uğurları 2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədlərinə uyğun
şəkildə daha da irəli aparacaqdır.
Böhran yaşayan Avropanın "göz dağı"
Azərbaycan müstəqillik illərindəki yüksək iqtisadi, siyasi, hüquqi və mədəni inkişafı ilə ona "geridə qalmış
Şərq ölkəsi" yarlığını yapışdırmaq istəyən qüvvələrin məkrli niyyətlərini hər zaman puç etmiş, sivil Avropa
dəyərlərinə sadiqliyini sübuta yetirmişdir. Fəqət, respublikamızın regionda tam müstəqil siyasət yeritməsi və
əsas söz sahiblərindən birinə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində aparıcı ölkələrdən olması, qlobal
böhrandan sarsılan ölkələrin iqtisadiyyına sərmayə qoyaraq onları labüd iflasdan sığortalaması bu geosiyasi
məkanda müəyyən dairələri, o cümlədən bəzi dövlətləri bərk narahat edir. Onlar ərazi və əhali baxımından
nisbətən kiçik olan Azərbaycanın Avropa məkanında yeni iqtisadi və siyasi fenomenə çevrilməsini, inkişaf
etmiş ölkələrlə bir cərgədə dayanmaq iddiasını qətiyyən "həzm edə" bilmirlər.
Regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq "rıçaqlarını"
itirmələri ilə barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar "demokratiya bayrağı" altında ənənəvi
spekulyasiyalarından əl çəkmək istəmirlər. Son 10 ildə "Amnesty İnternational", "Fredoom House", "Article-
19", "Human Rights Watch", "Norveç İnsan Haqları Evi" kimi təşkilatların hesabatlarında Azərbaycanla bağlı
ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyəti üçün, müəyyən mənada,
adiləşmişdir. "Demokratiya çətiri" altında hələ də özünün imperialist ekspansiya siyasətini yürüdən, geosiyasi
və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların "ikili
standartları" isə nəinki demokratik ideallara kölgə salmış, hətta beynəlxalq hüququ iflic duruma gətirmişdir.
Müstəqil Azərbaycan belə ədalətsiz təsirləri, təzyiq cəhdlərini daim öz üzərində hiss etsə də, onları əzmlə
neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində, təkamül
nəticəsində mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir.
Azərbaycan əleyhinə ənənəvi çirkin kampaniyaya son illərdə Avropa və dünya miqyasında müəyyən nüfuza
malik təşkilatların da qoşulması, sadəcə, təəssüf hissi doğurur. Xüsusən də Avropa İttifaqındakı məlum
dairələrin nümayiş etdirdiyi nihilist mövqenin erməni lobbisinin maraqları ilə tam uzlaşdığı aydın sezilir.
Xatırladaq ki, hələ 2012-ci ilin mayında təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları,
demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə ölkə ictimaiyyətinin haqlı narazılığı ilə
qarşılanmışdı. Sənəddə Azərbaycanda guya "Söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının həyata
keçirilməsi ilə bağlı problemlərin mövcudluğu" vurğulanırdı. Məsələnin absurd tərəfi həm də ondan ibarət idi
ki, Avropa Parlamentinin 5 fraksiyasının üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun 754 deputatından
cəmi 56-sı iştirak etmiş, onların isə 49 nəfəri sənədin lehinə səs vermişdi. Avropa Parlamentinin təxirəsalınmaz
prosedurları çərçivəsində, təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik qəbul edilmiş
qətnamədə çoxsaylı yanlışlıqların, yoxlanılmamış müddəaların əksini tapması onun qərəzliliyinə şübhə yeri
qoymurdu.
Azərbaycanla bağlı qərəzli qətnamənin "təxirəsalınmaz məsələ" kimi gündəmə gətirilməsinin özü də normal
məntiqə sığmırdı. Əslində, iqtisadi böhranın dərinləşdiyi, sosial problemlər səbəbindən kütləvi iğtişaşların baş
verdiyi, aksiyaların son zərurət həddini aşan vasitələr - rezin güllələr, "bibər qazı" ilə dağıdıldığı Yunanıstan,
İspaniya, İtaliya, Almaniya və digər Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda qeyri-adi, "təxirəsalınmaz"
müzakirəyə ehtiyac duyulan hansısa fövqəlhadisə baş verməmişdi. Avropa İttifaqının həmin "qətnaməsi",
sadəcə, "Evrovizon-2012" musiqi yarışması ərəfəsində respublikamızın nüfuzuna zərbə vurmaq, onu ləkələmək
cəhdindən savayı nəsə deyildi. 20 ildən artıq müddətdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi
köçkünün hüquqlarının pozulmasına biganə mövqe nümayiş etdirən bir qurum ciddi araşdırma aparmadan
əsassız bir qətnamə qəbul etmişdi.
Sirr deyil ki, bu gün də Avropa dövlətlərinin əksəriyyətində iqtisadi böhranla əlaqədar insanların sosial və
mülki hüquqlarının təminatına qarşı yönəlmiş tədbirlər həyata keçirilir. İnsanlar iş yerlərini itirir, dövlət
qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir. Bütün bunların fonunda Azərbaycanın analoqu
olmayan dinamik iqtisadi inkişaf yolu keçməsi, görünür, Avropada bəzi dövlətləri, qüvvələri əməlli-başlı
qayğılandırır. Onlar ənənəvi olaraq insan hüquq və azadlıqları mövzusunda manipulyasiyalarını davam
etdirirlər. Halbuki, hazırda əksər Avropa ölkələrində insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi və
total problemlər mövcuddur, bu dövlətlərdə korrupsiyanın tüğyan etməsi də inkaredilməz həqiqətdir. Hətta
Avropanın bu gün də ən nüfuzlu liderlərindən sayılan Jak Şirak, Nikola Sarkozi, S.Berluskoni və onlarla belə
dövlət xadimi korrupsiyada ittiham olunur, sonuncu barəsində isə hətta məhkəmə hökmü də çıxarılmışdır.
Azərbaycanın tolerantlığın və multikultirializmin ən mükəmməl modelinə çevrildiyi zamanda Avropada
siyasi, milli-etnik və dini dözümsüzlüyün özünü qabarıq göstərməsi bu ölkələrdə mənəviyyat problemlərini də
kəskinləşdirmişdir.
Əksər Avropa dövlətlərində müsəlmanlar açıq-aşkar təqib olunur, dini inanclarına görə təhqir edilir,
sıxışdırılırlar. Bir sıra terror aktlarının məhz müsəlmanlara qarşı həyata keçirilməsi bu geosiyasi arealda
ekstremist millətçilik və "islamafobiya" əhval-ruhiyyəsinin gücləndiyini təsdiqləyir. Müxtəlif insanlar və
dövlətlər tərəfindən törədilən analoji hadisələrə əks münasibətlərin sərgilənməsi də özünü "ikili standart"ların
bariz nümunəsi kimi göstərir. Məsələn, ötən il Norveçdə 77 nəfəri qətlə yetirən, məhkəmədə öz çirkin
əməlindən peşman olmadığını və daha çox insanı, habelə müsəlmanı öldürə bilmədiyindən təəssüfləndiyini
bildirən Anders Breyvik cəmi 21 il müddətinə azadlıqdan məhrum edildiyi halda, güclü affekt vəziyyətində bir
erməni zabitini qətlə yetirdiyinə görə Macarıstanda ədalətsiz olaraq ömürlük həbs cəzasına layiq görülmuş
Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və qanuni prosedurlar çərçivəsində əfv edilməsi Avropa
İttifaqının növbəti qərəzli bəyanatı ilə qarşılanmışdı. Ötən il sentyabr ayının 13-də Avropa Parlamentinin 754
üzvündən cəmi 76 nəfərinin iştirakı ilə (onlardan da 58 nəfərin sənədin lehinə, 13 nəfərin isə əleyhinə) qəbul
olunmuş qətnamədə "Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi qarşılanması, ona mayor rütbəsi verilməsi
və 8 illik maaşının ödənilməsindən, onun gələcək nəsillərə qoyacağı nümunədən" narahatlıq ifadə olunurdu.
Lakin nədənsə Avropa parlamentariləri Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında olmasını, bir
milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını, Xocalıda və digər
ərazilərdə törədilmiş soyqırımı aktlarını, bütün dünyanın terrorçu kimi tanıdığı M.Melkumyanın azadlığa
buraxılaraq Ermənistanın "milli qəhrəmanı" adına layiq görülməsini "gələcək nəsillərə nümunə" hesab
etməmişdilər.
Nəhayət, 2013-cü il iyunun 13-də Avropa İttifaqı Azərbaycana qarşı növbəti qərəzli qətnaməsini qəbul
etmişdir. Cəmi 32 ermənipərəst deputatın səsverməsi ilə qəbul olunmuş bu qətnamənin prezident seçkiləri
ərəfəsində respublikamıza qarşı şantaj və təhdid niyyəti güddüyünü xüsusi vurğulamağa ehtiyac yoxdur.
Qarabağdakı separatçı rejimi "müstəqil dövlət kimi tanıyan", Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-
qanuni səfərlər edən, Xocalıda cəmi 6 azərbaycanlının öldürüldüyünü deyən bir neçə ermənipərəst deputatın
iştirakı ilə qəbul olunan bu qətnamənin reallıqdan tamamilə uzaq olduğunu isə xüsusi vurğulamağa ehtiyac
yoxdur. "Qətnamə" yalnız və yalnız suveren dövlətin daxili siyasətinə kobud müdaxilə, hüququn aliliyinə
hörmətsizlik kimi dəyərləndiririlə bilər.
Azərbaycan isə bəzi Avropa ölkələrindən
fərqli olaraq, bu gün həm də sivilizasiyaların qovuşduğu, multikulturalizmin mövcud olduğu məkan kimi
tanınır. Məşhur siyasi xadim Mahatma Qandi deyirdi ki, "Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif
dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür". Bu gün Azərbaycan tolerantlıq səviyyəsinə
görə Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Hollandiya və s. kimi dövlətlərə nümunə ola bilər. Yeri
gəlmişkən, may ayında Bakıda keçirilmiş İkinci Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanda yüksək
tolerantlığın və multikulturalizmin mövcud olduğunu təsdiqləmişdir.
Uğursuz "Ərəb baharı" və Türkiyə ilə bağlı puça çıxmış məkrli niyyətlər
2011-ci ildən başlayaraq işsizlik, səfalət, yoxsulluq, eləcə də elementar insan hüquqlarının pozulması və bu
qəbildən olan digər ciddi problemlər zəminində bir sıra ərəb dövlətlərində baş qaldırmış inqilabların uğursuz
sonluğu regiona zor gücünə "İnkişaf və demokratiya gətirməyə çalışan" bir sıra Qərb dövlətlərinin əslində,
imperialist mövqedən çıxış etdiklərini təsdiqləyir. Hər halda, neftlə zəngin olmayan Suriyadakı qanlı hadisələrə
2 il ərzində seyrçi münasibətin mövcudluğu düşünmək üçün ciddi əsaslar verir.
Demokratiya çətiri altında yürüdülən ekspansiya siyasəti bundan əvvəl İraq və Əfqanıstanda süquta
uğramışdı. İraqda on ildən artıq müddətində "kimyəvi silah istehsalı zavodlarının axtarışı" heç bir nəticə
vermədi. Liviya, Tunis, Misir "inqilablar"ının nəticələri isə göz qabağındadır. İnqilabların baş verdiyi,
hakimiyyətlərin əvəzləndiyi ərəb ölkələrinin sonu görünməyən qeyri-sabitlik, iqtisadi tənəzzül, xaos və anarxiya
girdabına sürüklənməsi "demokratiya ixracatçıları"nın növbəti fiaskosu kimi dəyərləndirilə bilər. Həmin
ölkələrdə yoxsulluq, səfalət daha geniş miqyas almış, humanitar fəlakətin miqyası böyümüşdür. Bir sözlə, bu
inqilablar faktiki olaraq xalqlara çoxsaylı problemlər gətirmişdir.
İmprelializmin tarixi göstərir ki, dünyada hegemonluğa can atanlar bu və ya digər ölkənin sərvətini talamaq
üçün hədəf olaraq seçdikləri ölkələrdə marionet hakimiyyətlərin formalaşmasına xüsusi diqqət yetiriblər. Bu,
de-fakto həyata keçirilən istilaya hüquqi don geyindirmək baxımından zamanın sınağından çıxarılmış taktika
hesab olunur. Məhz elə bu baxımdan da ərəb dünyasında cərəyan edən məlum hadisələrə əslində yeni bir dalğa
yox, Əfqanıstan və İraqda reallaşdırılmış ssenarilərin davamı kimi baxmaq daha düzgündür. Həmin ssenarilərin
dirijoru qismində çıxış edənlər isə yeni-yeni müsəlman ölkələrini "inqilablara" - xaosa, tənəzzülə, parçalanmaya
sürükləməyə çalışırlar.
Növbəti ekspansiya hədəfi kimi Avropada iqtisadi, siyasi, hərbi qüdrəti ilə seçilən, demokratikləşmə
sahəsində uğurlara imza atan Türkiyənin seçilməsi də qətiyyən təsadüfi görünmür. Türkiyənin son 10 ildə
yüksək tərəqqi yoluna qədəm qoyması, sənayeləşmə sahəsində böyük uğurlar qazanması, regional liderliyi ələ
alması və ən başlıcası, Qərbin imperialist iddialarına qarşı cəsarətli, prinsipial, barışmaz mövqe sərgiləməsi
müəyyən ölkələri qətiyyən razı salmır. Türkiyəni Avropa İttifaqına buraxmamaq üçün dəridən-qabıqdan çıxan
həmin ölkələr qardaş ölkənin geridə qalmış ərəb ölkələrindən heç nə ilə fərqlənmədiyini sərgiləmək üçün
müəyyən təxribatçı aksiyalara aşkar dəstək verdilər. Baş nazir Rəcəb Tayyib Ərdoğan "Gəzi parkı" ətrafında
cərəyan edən məlum hadisələrlə bağlı "Siz kimsiniz ki, mənim ölkəmlə bağlı qərar qəbul edirsiniz?" deyəndə
məhz həmin dövlətləri nəzərdə tuturdu. Qərbin müəyyən dairələrinin Gəzi parkı ətrafında kənar diktə ilə
cərəyan edən xaotik hadisələrə "ikili standartla yanaşması" da qətiyyən təəccüb doğurmurdu. Bunun nəticəsidir
ki, ərəb ölkələrində azğınlaşmış kütlə ABŞ səfirliyini darmadağın edərək səfiri qətlə yetirəndə ekstremist-
islamçı qüvvələr, Türkiyədə Gəzi parkında oxşar iğtişaşlar törədəndə isə "demokratlar" kimi qələmə verilirlər.
Fəqət, xalqdan ciddi dəstək alan Türkiyə iqtidarı bu ölkənin imicinə xələl gətirmək, burada zorakı yolla
hakimiyyət dəyişikliyinə nail olmaq istəyənlərin çirkin niyyətlərini gözündə qoydu.
Ərəb ölkələrindən başlayan ekspansiya siyasəti Türkiyədə böyük uğursuzluqla üzləşdi. Məlum qüvvələrə o
da aydın oldu ki, bu cür məkrli cəhdləri Azərbaycan kimi qüdrətli, güclü dövlətdə də "sınaqdan" çıxarmaq
ümumiyyətlə mümkünsüzdür!
Azərbaycan təzyiqləri inamla dəf edir
Türkiyədə baş verən proseslər və Avropa İttifaqının Azərbaycanla bağlı tələm-tələsik qərar qəbul etməsi
erməni lobbisi və antitürk şəbəkəsinin tam gücü ilə fəallaşdığını deməyə əsas verir. İki strateji müttəfiq ölkənin
regionda potensial güc kimi çıxış etmələri, habelə türk dünyasını birləşdirmək səyləri ermənipərəst dairələri, o
cümlədən Avropanın bir sıra dövlətlərini qətiyyən razı salmır.
Avropa İttifaqının Azərbaycanla bağlı qətnaməsinin ölkə başçısı İlham Əliyevin Brüsselə səfəri ərəfəsində
qəbul olunması faktını qətiyyən təsadüfi saymaq olmaz. Aşkar görünür ki, Avropanın bəzi ölkələri hələ də
şantaj və təhdidlərlə respublikamızı iqtisadi məsələlərdə guya hansısa güzəştlərə məcbur edəcəklərinə ümid
bəsləyirlər. Halbuki, ölkə iqtidarı milli məsələlərdə güzəşt mövqeyi tutmadığını dəfələrlə nümayiş etdirib və
bunu Prezdent İlham Əliyevin Brüsselə son səfəri bir daha təsdiqlədi.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycanın Avropa İttifaqı üçün mühüm və etibarlı
tərəfdaş olduğunu vurğulamaqla yanaşı, respublikamızın iqtisadi inkişaf, demokratikləşmə və insan
hüquqlarının təminatı sahəsindəki uğurlarını etiraf etmişdir: "Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır.
Biz enerji sahəsində etibarlı əməkdaşlıq qurmuşuq. Bunu rəhbər tutaraq, biz demokratiya və ümumi dəyərlərə,
xüsusən insan hüquqları və fundamental azadlıqlara əsaslanan uzunmüddətli əməkdaşlığa istiqamət
götürmüşük... Beləliklə, bu gün böyük hörmət etdiyimiz Azərbaycanda, müstəqil suveren ölkədə olan vəziyyətə
baxsanız, görərsiniz ki, Azərbaycan nə qədər yol keçib və biz əldə edilmiş çox böyük irəliləyişi etiraf
etməliyik... Şəxsən əminəm ki, Prezident Əliyev suveren Azərbaycanın rəhbəri kimi ölkəsinin
müasirləşdirilməsinə olduqca sadiqdir. O bu ölkənin imici və nüfuzuna xüsusi diqqətlə yanaşır. Ölkə isə
həqiqətən çox mühüm irəliləyişə nail olub".
Bununla belə, Avropada müəyyən dövlətlərin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin
səbəbləri kifayət qədər üzdədir: son illər respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək
regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu
bütün hədəflərə uğurla yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni
iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. İqtisadi sahədə əldə olunan uğurlar Azərbaycanda
vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkənin xarici siyasət sahəsində inamlı,
qətiyyətli mövqeyini təmin edir. Uzun illər regionda "siyasi orbitr" rolunda çıxış etməyə iddialı bəzi dövlətlərin
hazırda respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq
dilində danışmağın mənasızlığını dərk etməsi də Azərbaycan diplomatiyasının mühüm uğurlarından biridir.
Respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə
getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili
işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi
dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə
göstərmişdir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun
diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.
Təəssüf doğuran haldır ki, bu gün təəssübkeşliklə Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə
pozaraq işğalçılıq siyasəti yürütməsini etiraf etmək istəməyən Qərbin "demokratiya carçıları" Azərbaycandakı
xırda çatışmazlıqları süni şəkildə şişirdir, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə,
antihumanist, zorakı addımlara isə göz yumurlar. Ermənistanda 2008-ci ilin prezident seçkilərini xatırlayaq:
İrəvanda hakimiyyətdə olan rejim seçkilərdə total saxtakarlığa yol verdi, bu prosesə qarşı çıxan müxalifətçilərə
amansızcasına divan tutdu. Hökumət qüvvələri odlu silahdan açılan atəşlə onlarla nümayişçini qətlə yetirdi,
yüzlərlə müxalifətçi həbs edildi. Yerevanda fövqəladə vəziyyət elan olundu, prezidentliyə ən real namizəd ev
dustağına çevrildi. Nəinki mətbuat, hətta internet üzərində də senzura tətbiq edildi. Bu proses bir neçə ay öncə
yenidən təkrarlandı. Qərbin demokratiya "təəssübkeşləri" isə baş verənləri tez zamanda unutmağa və
unutdurmağa çalışdılar. Azərbaycan torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğalını rəsmən
etiraf edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi isə Avropada nədənsə "yada düşmür".
Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr
narahatlıqlarını müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı "təzyiq rıçaqları" tapmağa çalışırlar. "İkili
standartlar"ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədə demokratik proseslərin
dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamırlar və hələ də
sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə "təsir imkanı" qazana
bilərlər.
Demokratikləşmənin təkamül yolu
Ötən 20 ildə inkarçı və qaragüruhçu mahiyyətini dəyişməyən, yaxud seçki kimi mühüm siyasi kampaniyaya
"eksperiment" kimi yanaşan təsadüfi adamların ictimai dəstək qazanması mümkün deyildir. İddiaları ilə
imkanları qətiyyən uzlaşmayan, düşdükləri umsuq vəziyyətdən psixoloji durumları tamamilə pozulan aqressiv
müxalifət təmsilçiləri bir həqiqəti də unudurlar ki, orta statistik azərbaycanlı bütün məsələlərdə mövcud
reallıqdan çıxış edir. 90-cı illərin əvvəllərində olduğu kimi, kimisə yalan vədlərlə aldatmaq, yaxud populist
çağırışlarla ələ almaq qeyri-realdır. Azərbaycan gerçəkliyi budur ki, xalq ölkənin son illərdə əldə etdiyi böyük
nailiyyətləri görmək istəməyən, radikalizm mərəzindən qurtula bilməyən məlum qüvvələri dəstəkləmir. Cılız
şəxsi mənafeyi naminə dövlətin, xalqın maraqlarını hər an ayaq altına atmağa hazır olduqlarını nümayiş
etdirənlər vətəndaşların sərt qınağına, etirazlarına tuş gələrək tarixin arxivinə atılır.
Fəqət, nə etməli, aqressiv müxalifət məğlubiyyəti asanlıqla etiraf etmək niyyətində deyil. Əksinə, ağır
psixoloji durumda olan bu qüvvələr növbəti prezident seçkiləri ərəfəsində antiazərbaycançı şəbəkənin bütün
sifarişlərini "cani-dildən" icra edərək Azərbaycanın imicinə xələl gətirmək üçün dəridən-qabıqdan çıxırlar.
Ölkəmizin bölgədə müstəqil, suveren dövlət kimi mövcudluğundan əndişələnən müəyyən daxili və xarici
qüvvələr seçki ərəfəsində yenə bir araya gəliblər. Hədəfdə yenə də Azərbaycan dövlətinin, xalqın milli
maraqlarıdır. Lakin Azərbaycanda hər hansı inqilab gözləyənlərin bu xülyalarının əbəsliyi ötən illərin seçkiləri
fonunda tam təsdiqini tapmışdır.
Azərbaycan demokratik inkişafın yalnız təkamül yolunu qəbul edir və bu istiqamətdə inamlı addımlar atır.
Keçid dövrünü yaşayan ölkələrdə demokratiyanın tətbiqinin problematik cəhətləri akademik Ramiz Mehdiyevin
"Keçid dövrü cəmiyyətlərində demokratiya" adlı elmi məruzəsində səhih şərhini tapmışdır. Bir neçə il öncə
Bakıda eyniadlı mövzuda keçirilən beynəlxalq konfransda çıxış edən akademik hesab edirdi ki, konkret
məkanda demokratiyanın səviyyəsini dəyərləndirən mərkəzlər bəzən müəyyən standart meyarlardan çıxış
edirlər. Bu da həmin dövlətlərdə demokratiyanı tətbiq edənlərlə dünyada demokratiyanın səviyyəsini
dəyərləndirən mərkəzlər arasında müəyyən ziddiyyətlər yaradır. Eyni zamanda bu meyarlar keçid dövrü
cəmiyyətlərində demokratiyanın səviyyəsini tam dolğun dəyərləndirməyə imkan vermir.
Görkəmli dövlət xadimi keçid dövrü cəmiyyətləri üçün xarakterik olan bir məqama da xüsusi toxunaraq qeyd
etmişdir ki, həyata keçirilən hər hansı siyasi-hüquqi islahat ictimai şüur səviyyəsi ilə uzlaşmalı, təkamülə
əsaslanmalı, anarxiya və xaos mühitinin formalaşmasına gətirib çıxarmamalıdır. Burada söhbət, ilk növbədə,
demokratiyanın süni şəkildə ixrac edilməsinin doğura biləcəyi fəsadlardan gedir. Eyni zamanda demokratiya
limitinin həddindən çox aşılması nəticəsində yaranmış hərc-mərclik, özbaşınalıq mühiti demokratik təsisatlara
və cəmiyyətin özünə təhlükə doğurur. Demokratik ölkələrin təcrübəsi də təsdiqləyir ki, kəskin sıçrayışlarla
müşayiət olunan bütün islahatlar, təfəkkürün tez bir zamanda yenidən formalaşması praktik olaraq qeyri-
mümkündür. Bütün bunları peşəkarlıqla diqqətə çəkən akademik Ramiz Mehdiyev tamamilə doğru olaraq
demokratik cəmiyyətin yaradılmasında təkamül yoluna üstünlük verilməsi ideyasını ön plana çəkmişdir.
Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin
formalaşması faktı tam təsdiqini tapmışdır. Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bir
bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə milli inkişaf modeli formalaşmışdır.
Bir sıra postsovet dövlətlərində analoji tranzit "məxməri inqilab" ssenarilərinə əsaslandığı halda, Azərbaycanda
demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir.
Akademik Ramiz Mehdiyev haqlı vurğulayır ki, əsrlər boyu təşəkkül tapmış milli ənənələri bir anda məhv
etmək mümkün deyildir. Və əgər ölkənin həyatına kənardan müdaxilənin nəyə gətirib çıxaracağı barədə ümumi
təsəvvür yoxdursa, dövlətin tarixi inkişafının xüsusiyyətlərinə və xalqın mentalitetinə, habelə dövlətdə
formalaşmış qaydalara məhəl qoymamaq tamamilə fəsadlı və səhv yanaşmadır. Prezident Administrasiyası
rəhbərinin demokratiyanın inkişafının bütün cəmiyyətlərdə eyni modelə, standart meyarlara əsaslana bilməməsi
barədə rəyi isə, necə deyərlər, əlavə şərhə lüzum duymayan həqiqətdir: "ABŞ, İngiltərə, Almaniya, Fransa,
İsveç və digər dövlətlər özlərinin yüksəlişinə görə demokratik quruluşa və demokratiyanın konkret modelinə
borcludur. Ancaq hansı modelə? Heç bir ciddi tədqiqatçı iddia etməz ki, bu dövlətlərin hamısı özlərində formaca
vahid demokratiya qurmuşdur. Bu dövlətlər də demokratiyanın universal dəyərlərindən bəhrələnərək,
demokratik inkişafı hər bir ölkənin mədəni-tarixi inkişafının xüsusiyyətləri ilə uzlaşdırırlar".
Demokratik dəyər və normaların cəmiyyətdə möhkəmlənməsi, özünə möhkəm dayaqlar tapması üçün, ilk
növbədə, insanların maddi rifah halı, yaşayış və düşüncə tərzi mütərəqqi dəyişikliklərə məruz qalmalıdır. Maddi
sıxıntılar içərisində yaşayan insan azad ola bilməz və iqtisadi baxımdan inkişaf etməmiş hansısa cəmiyyətdə
demokratiya qurmaq mümkün deyildir. Demokratiyanın fundamental şərti məhz azadlıqdır - insanın tam
azadlığı isə təkcə qanunun və hüquq qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin hökm sürdüyü
cəmiyyətlərdə mümkün ola bilər. Aforizmə çevrilmiş "İqtisadi müstəqilliksiz, ümumiyyətlə müstəqillik yoxdur"
ifadəsi də bu fikri daha aydın əks etdirir.
Liberal demokratiyanın başlıca şərti sağlam və güclü orta sinfin mövcudluğudur və bunsuz demokratik
inkişafdan söhbət belə gedə bilməz. Azərbaycan da bu reallıqları nəzərə alır, demokratikləşmənin iqtisadi
tərəqqi prosesi ilə paralel şəkildə aparılmasını təmin edir. Həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlar
ölkəmizin 2020-ci ilədək qarşıya qoyduğu ən başlıca hədəfi uğurla reallaşdıracağına - inkişaf etmiş ölkələr
səviyyəsinə yüksələcəyinə hansısa şübhə yeri qoymur. Bu baxımdan "İqtisadi inkişafın Azərbaycan modeli" ilə
yanaşı, "Demokratik inkişafın Azərbaycan modeli" də milli ideyanın reallaşmasına xidmət edir və dünyanın
mütərəqqi inkişaf meyilləri ilə tam uzlaşır.
İxtiyar HÜSEYNLİ.
Dostları ilə paylaş: |