“Azərbaycan”. 013. yanvar. N s görkəmli dövlət xadimi, böyük alim və ziyalı



Yüklə 58,78 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü58,78 Kb.
#8465


“Azərbaycan”.-2013.-1 yanvar.-N 1.-S.5. 

Görkəmli dövlət xadimi, böyük alim və ziyalı 

Bəşər tarixində elə insanlar var ki, onlar özlərinin fitri istedadı, həyatı, insani duyğuları, hər bir 

incəliklərə  yanaşma  tərzi,  milli-mənəvi  dəyərlərə  bağlılıqları  ilə  daim  saflıq,  paklıq  zirvəsinə 

yüksəlirlər. Sağlığında müdriklik statusu qazanmış Azərbaycanın tarixi şəxsiyyətləri sırasında Əziz 

Məmmədkərim oğlu Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. 

 

Əziz  Əliyev  hələ  uşaqlıq  və  gənclik  illərində  çox  böyük  çətinliklərlə rastlaşıb, məşəqqətli  olaylarla, 



hadisələrlə üz-üzə gəlib. Lakin heç vaxt ruhdan düşməyib, çətinliklər qarşısında çarəsiz qalmayıb, bütün 

gücünü və qüvvəsini, potensial imkanlarını səfərbər edərək püxtələşib, yetkinləşib, tutduğu yolun aydın 

və  doğru  olduğuna  inanıb.  Əziz  Əliyev  orta  təhsilinin  bir  hissəsini  Rusiyada  (Çitada),  bir  hissəsini  isə 

İrəvan  gimnaziyasında  alıb.  Akademik  Mustafa  bəy  Topçubaşov  Əziz  Əliyevin  hələ  uşaqlıq  illərindən 

fitri  istedada  malik  olması  barədə  xatirələrində  yazırdı:  "Ağıllı  və  fərasətli  uşaq  olduğuna  görə  atam 

Əzizin xətrini çox istəyirdi. O, məndən iki sinif aşağı oxuyurdu. Di gəl ki, mənim dərslərimi də bilirdi. 

Hətta məhəllə uşaqlarına dərs də verirdi". 

Gimnaziyanı  əla  qiymətlərlə  bitirən  Əziz  Əliyev  o  dövrün  ictimai-siyasi  hadisələrinin  qeyri-

müəyyənliyinə  baxmayaraq,  dünyanın  ən  məşhur  tibb  təhsili  müəssisələrindən  sayılan  Sankt-

Peterburqdakı Hərbi Tibb Akademiyasında oxumağı qarşısına məqsəd qoyur. Lakin Əziz Əliyevin anası 

bəy  nəslindən  olsa  da,  iğtişaşlar  dövrundə  ailə  ciddi  maddi  çətinliklərlə  üzləşir.  Bu  da  Əziz  Əliyevin 

vətəndən  uzaqda  təhsil  almasına  mane  olur.  Möhkəm  iradəyə  malik  gənc  bundan  çıxış  yolu  taparaq  o 

dövrün  ən  böyük  xeyriyyəçisi  milyonçu  Hacı  Zeynalabdin  Tağıyevə  müraciət  edir  və  onun  maddi 

köməyindən  sonra  Sankt-Peterburqa  gedə  bilir.  Orada  yüksək  bilik  nümayiş  etdirərək  Hərbi  Tibb 

Akademiyasına  qəbul  olunur.  Əziz  Əliyevin  həyatının  həmin  dövrü  1998-ci  il  mayın  14-də  ulu  öndər 

Heydər  Əliyevin  görkəmli  dövlət  və  elm  xadiminin  100  illiyinə  həsr  olunmuş  yubiley  gecəsindəki 

nitqində aydın mənzərəsini tapmışdır: "O lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət 

yetirin. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün 

milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur 

olan Hərbi Tibb Akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək - gənclik illərində bunu 

heç də hər kəs bacarmazdı". 

Təəssüf ki, erməni daşnaklarının törətdikləri iğtişaşlar belə bir gəncin ali tibb təhsili almasına imkan 

vermədi.  Ermənilərin  rus  bolşevikləri  ilə    birlikdə  1918-ci  ildə  antiazərbaycançı  siyasəti  kütləvi 

qırğınlara,  soyqırımına,  məcburi  köçkünlüyə,  didərginliyə,  qaçqınlığa,  aclığa,  səfalətə  səbəb  oldu.  Bu 

soyqırımı siyasəti Azərbaycanın hər yerində olduğu kimi, İrəvanda da  geniş miqyasda həyata keçirilirdi 

və Əziz Əliyevin də ailəsi ağır məşəqqətlərə məruz qalmışdı. O, gənc yaşlarında  əvvəl atasını, az sonra 

isə  anasını  itirsə  də,  qəddini  düzəltməyi  bacardı,  daxili  təmizlik,  saflıq,  insanlara  əl  tutmaq,  qayğı 

göstərmək,  vətəni  və  dünyadakı  bütün  xeyirxah  insanları  sevə  bilmək  hissi  onu  yaşatdı.  Bir  müddət 

Cənubi  Azərbaycanın  Ərəblər  kəndində,  sonra  isə  Naxçıvanda  qaçqınlıq  həyatı  sürdükdən  sonra 

fəaliyyətini Bakıda davam etdirdi. 

Möhkəm  iradəyə  malik  olan  Əziz  Əliyevin  1927-ci  ildə  Bakı  Universitetinin  tibb  fakültəsini 

bitirdikdən  sonra  təhsil  aldığı  müəssisədə  işlə  təmin  olunması  onun  bacarığına,  qabiliyyətinə,  zəkasına 

verilən yüksək qiymətin təzahürü idi. 

Əziz  Əliyevin  Azərbaycan  Dövlət  Tibb  İnstitutundakı  (Azərbaycan  Tibb  Universiteti),  eləcə  də 

səhiyyə  sahəsindəki  mükəmməl  fəaliyyəti  haqqında  əvvəlki  yazılarımızda  geniş  məlumatlar  vermişdik. 

Lakin  bir  daha  qeyd  etmək  istəyirik  ki,  o,  ATU-nun  və  Azərbaycan  səhiyyə  sisteminin  ilk 

yaradıcılarından  biri  olmuş,  bu  ali  tibb  təhsili  ocağının  və  bütövlükdə  Azərbaycan  səhiyyəsinin 

təşəkkülündə,  onun  maddi-texniki  bazasının  möhkəmləndirilməsində,  milli  kadrların  hazırlanmasında, 

ölkəmizdə  ilk  dəfə  tibbi  kitabxananın  özülünün  qoyulmasında,  "Tibb  kadrları  uğrunda"  qəzetin  (indiki 

"Təbib"  qəzeti)  təsis  edilməsində,  birinci  olaraq    Azərbaycan  dilində  tibbi  kitabların  çapında, 

"Azərbaycan  Tibb  jurnalı"  elmi-praktik  məcmuəsinin  təkmilləşdirilməsində,  ATİ-nin  SSRİ-də  ən 

qabaqcıl  ali  məktəblər  sırasına  çıxarılmasında,  müalicə-profilaktika  işlərinin  düzgün  təşkilində,  səhiyyə 

sisteminin  hərtərəfli  və  ardıcıl  inkişafında,  malyariya,  traxoma  kimi  ağır  infeksion  xəstəliklərin 

respublikada yayılmasının qarşısının alınmasında və s. sahələrdə əvəzsiz xidmətlər göstərmişdir. 

Əziz  Əliyev  Azərbaycan  Dövlət  Tibb  İnstitutunda  təhsil  alan  tələbələrin  həyatı  ilə  dərindən 

maraqlanır, onların problemləri barədə ciddi düşünürdü. 1933-cü ildə onun təklifi, təşəbbüsü və bilavasitə 

iştirakı  ilə  indiki  Kliniki  Tibbi  Mərkəzin  yaxınlığında  "Tibb  şəhərciyi"nin  inşasına  başlanılıb.  Sonralar 



həmin şəhərcikdə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikilib. Onu 

da  qeyd  edək  ki,  bünövrəsi  o  dövrdə  qoyularaq  inşasına  başlanan  işlərin  genişləndirilməsi  XX  əsrin 

ortalarından etibarən və XXI əsrin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilib. Son 

9 ildə isə bu monumentallıq Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. 

1933-1934-cü  illərdə  ölkədə  çörək  qıtlığı  yarandığından  ATİ-nin  tələbələrinin  də  güzəranı  xeyli 

ağırlaşır. Əziz Əliyevin qayğısı sayəsində "Azad qadın" heykəlinin yaxınlığındakı orta məktəbin birinci 

mərtəbəsində tələbə yeməkxanası təşkil edilir. Burada ATİ-nin tələbələrinə gündə 500-600 qram çörəklə 

bərabər, pulsuz yemək verilir. Bundan əlavə, Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq 

fondu yaradır. O, həmin fondun hesabına ehtiyacı olan əlaçı tələbələrə hər il paltar, ayaqqabı aldırır, bu da 

gəncləri daha yaxşı oxumağa sövq edir. 

Əziz  Əliyev  hər  il  Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  son  kurs  tələbələrinin  ən  bacarıqlılarını 

Moskvanın  və  Sankt  -  Peterburqun  məşhur  ali tibb məktəblərinə  ezam  edər,  onlara təcrübə  toplamaları 

üçün əlverişli şərait yaradardı. Belə vaxtlarda ölkədən xaricə gedən tələbələrə pul yardımı edər, onları öz 

hesabına geyindirərdi. 

Maraqlı faktlardan biri də budur ki, Əziz Əliyevi 1934-cü ildə Bakıda səhiyyə xidmətinin səviyyəsini 

yüksəltmək  məqsədilə  şəhər  səhiyyə  şöbəsinin  müdiri  vəzifəsinə  təyin  edirlər.  Bir  neçə  aydan  sonra  o, 

qarşısına qoyulan məqsədə nail olur və yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsinə 

qaytarılır. 

1936-1940-cı illərdə Əziz Əliyevin iştirakı ilə malyariyaya və traxomaya qarşı mübarizəyə başlanılıb. 

Həyata keçirilən tədbirlər sayəsində ölkəmizdə tüğyan edən bu dəhşətli xəstəliklərin qarşısı alınıb. Onun 

rəhbərliyi  altında  respublikada  xüsusi  dispanserlər,  şəhər  və  kəndlərdə  göz  xəstəxanaları  təşkil  edilib. 

Əziz Əliyevin tələbəsi - yetişdirdiyi milli kadrlardan olan tibb elmləri doktoru, professor Abdulla Quliyev 

həmin  dövrü  belə  təsvir  edirdi:  "1936  -  1940-cı  illərdə  qızdırma  xəstəliyi  respublikamızın  əhalisini, 

demək  olar  ki,  şikəst  edirdi.  Xalqın  iztirablarını  sözlə  ifadə  etmək  mümkün  deyildi...  Qızdırmaya  qarşı 

təxirəsalınmaz, ardıcıl mübarizə aparmaq, daha dəqiq desək, "müharibəyə" qalxmaq lazım idi. O dəhşətli 

"düşmən"  xalqımızın  sağlamlığını  əzir,  əzmini  qırırdı.  Adamlarımızla  birlikdə  torpağımızın  vacib 

nemətlərinin mənbəyi olan kənd təsərrüfatı da uçuruma qərq olurdu. 

Bax,  elə  o  gərgin,  təlaşlı  vaxtda  Əziz  Əliyev  səhiyyə  komissarı  və  həkim  kimi  qızdırmaya  qarşı 

mübarizədə fədakarlıq göstərdi. 

Onun  tapşırıqlarına  və  əmrlərinə  əsasən,  xəstəlik  yayılan  rayonlarda  qısa  müddət  ərzində  qızdırma 

əleyhinə dispanserlər və stansiyalar yaradıldı, texniki avadanlıqla təchiz edildi, qızdırma üzərinə kütləvi 

hücum başlandı. 

Qərəz,  öz  həmvətənlərini  dəhşətli  epidemiyadan  xilas  etmək  yolunda  Əziz  Əliyev  bütün  gücünü    və 

bacarığını sərf etdi. 

Əziz Əliyev qızdırma ilə yanaşı, traxomaya qarşı da mübarizə aparırdı. Bu vuruşda da onun tükənməz 

təşkilatçılıq, həkim-alim enerjisi özünü tam mənası ilə büruzə verirdi. Ümumi profilaktik tədbirlərin hər 

bölməsinə, müalicə ocaqlarının yaradılmasına, kadrların seçilib hazırlanmasına özü rəhbərlik edirdi, hamı 

ilə birgə çalışırdı". 

Göründüyü  kimi,  görkəmli  alimin  fəaliyyət  dairəsi  olduqca  geniş  və  çoxcəhətli  olub.  O,  müəyyən 

müddətdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik 

edib  və  1937-ci  ildə  eyni  zamanda  Bakı  Dövlət  Universitetinin  rektoru  vəzifəsində  də  çalışıb.  İkinci 

Dünya müharibəsi illərinin əvvəllərində isə alay polkovniki rütbəsində siyasi rəhbər kimi İrana - Cənubi 

Azərbaycana göndərilib. 

O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət 

Partiya  Komitəsinin  birinci  katibi  vəzifələrində  çalışıb  və  həmin  illərdə  özünü  bacarıqlı  dövlət  xadimi 

kimi göstərə bilib. Professor 1949-1950-ci illərdə Moskvada ÜK(b)P MK-nın təlimatçısı, 1950-1951-ci 

illərdə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-

Tədqiqat  Ortopediya  və  Bərpa  Cərrahlığı  İnstitutunun  direktoru  olub,  Sabunçu  xəstəxanasında  işləyib, 

1956-cı  ildən  etibatən  Azərbacan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  rektoru  vəzifəsində 

fəaliyyət göstərib. 

1991-ci  ildə  Azərbaycan  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  görkəmli  dövlət  və  elm 

xadimlərinin  yubileylərinin  keçirilməsi  ənənəsi  geniş  vüsət  almışdı.  Belə  təntənəli  yubileylərin 

keçirilməsi böyük şəxsiyyət Əziz Əliyevin də xatirəsinə həsr edilmişdi. Təntənəli yubiley gecəsində Baş 

nazirin  birinci  müavini  Elçin  Əfəndiyev  mərasimi  açıq  elan  etdikdən  sonra  ulu  öndər  Heydər  Əliyev 

gözəl  bir  nitq  söyləmişdi:  "Biz  son  illər  bu  möhtəşəm  sarayda  Azərbaycan  xalqının  görkəmli 

şəxsiyyətlərinin  yubileylərini  təntənə  ilə  qeyd  etmişik.  Bu,  çox  gözəl  ənənədir,  bugünkü  nəsillərin  öz 

tarixi  keçmişinə,  görkəmli  şəxsiyyətlərinə  hörmət-ehtiramını,  təşəkkür  və  minnətdarlığını  ifadə  edir. 



Ancaq bugünkü təntənəli yubiley gecəsinin fərqi vardır. Bu da ondan ibarətdir ki, biz Əziz Əliyevin 100 

illik yubileyini qeyd edirik, eyni zamanda, Dağıstan və Azərbaycan xalqının çoxəsrlik dostluq, qardaşlıq 

tarixinə yeni gözəl, parlaq səhifələr yazılır". 

Həmin  yubiley  gecəsində  xarici  ölkələrdən,  xüsusilə  də  qonşu  Dağıstan  Respublikasından  çoxlu 

qonaqlar iştirak edirdilər. Onların arasında Dağıstan Respublikası hökumətinin sədri Xizri Şıxsəidov da 

var  idi.  Ümummilli  lider Xizri  Şıxsəidovu,  onunla  birlikdə  Bakıya  gəlmiş  qonaqları,  yubiley  gecəsində 

iştirak edənləri salamlayaraq demişdi: "Bizim üçün xüsusi əhəmiyyəti olan odur ki, Azərbaycan xalqının 

oğlu  Əziz  Əliyev  yüksək  bacarığını,  fayda  vermək  qabiliyyətini  yalnız  təkcə  öz  respublikasında, 

ölkəsində  nümayiş  etdirməmişdir.  O,  müharibə  illərində  İranda  çox  məsul  işi  uğurla  yerinə  yetirmiş, 

Dağıstan  rəhbəri  kimi  son  dərəcə  məsuliyyətli  vəzifənin  öhdəsindən  çox  gözəl  gəlmiş,  Moskvada  - 

tərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır". 

Ümummilli  lider  Heydər  Əliyev  yubiley  gecəsində  Əziz  Əliyevin  İranda  və  Dağıstandakı 

fəaliyyətindən  danışarkən  belə  demişdir:  "1941-ci  ilin  yayında,  Sovet  İttifaqına  faşistlərin  hücumu 

başlandıqdan  az  sonra  sovet  qoşunları  İrana  daxil  oldular.  Əziz  Əliyev  Azərbaycan  nümayəndələrinin 

böyük bir qrupuna başçılıq etdi və İranda mürəkkəb şəraitdə xüsusi missiyanı yerinə yetirdi. 

Bəli,  vaxt  gələcək  və  onun  həmin  dövrdəki  fəaliyyətinin  təfərrüatı  da  aşkara  çıxarılacaqdır.  Lakin, 

məsələn,  mənə  məlumdur  ki,  o,  görkəmli  Azərbaycan  yazıçıları  Süleyman  Rüstəm,  Mirzə  İbrahimov, 

Süleyman Rəhimov və bir çox başqaları ilə birlikdə orada necə cəsarətlə və ağıllı iş aparırdı. Ancaq faşist 

qoşunları  Dağıstan  sərhədlərinə  yaxınlaşan  kimi,    -  orada  son  dərəcə  mürəkkəb  vəziyyət  yaranmışdı,  - 

Dövlət  Müdafiə  Komitəsinin  qərarı  ilə  Əziz  Əliyev  Dağıstana  göndərildi.  Dağıstanlılar  1942-ci  ilin 

sentyabrında onların respublikasında vəziyyətin necə olduğunu yaxşı bilirlər. Orada əvvələr yaşamamış, 

işləməmiş  olan  bu  adam  həmin  yerə  gəldi  və  qısa  müddətdə  bu  çoxmillətli  diyarı  öz  ətrafında  sıx 

birləşdirməyə,  hamını  öz  ətrafına  toplamaq  və  onları  Dağıstanın  müdafiəsinə,  deməli,  həm  də 

Zaqafqaziyanın, Bakı neftinin müdafiəsinə qaldırmağa müvəffəq oldu. Bu, böyük iş idi və o, həmin işi 

gördü. Bu işi o, özünün qeyri-adi insani keyfiyyətləri,  istedadı, ağıl-zəkası sayəsində həyata keçirdi". 

Dağıstan xalqı Əziz Əliyevin xatirəsini daim yad edir və əbədiləşdirir. Bu, yubiley gecəsində iştirak 

edən Dağıstan Respublikası hökumətinin sədri Xizri Şıxsəidovun çıxışında da öz  əksini tapmışdı: "Tale 

Böyük  Vətən  müharibəsinin  ən  ağır  illərində  onun  həyatını  Dağıstanla  birləşdirdi.  O,  1942-ci  ilin 

sentyabrında Dağıstan Vilayəti Partiya Komitəsinin birinci katibi kimi məsul vəzifəyə başladı. Bu, onun 

bütün  əvvəlki  həyatının  qanunauyğun  nəticəsi,  qeyri-adi  təşkilatçılıq  qabiliyyətinin  etirafı  və  ölkə 

rəhbərliyi qarşısındakı yüksək nüfuzunun təsdiqi idi. 

Dağıstanda  işlədiyi  ilk  günlərdən  etibarən  onun  istedadlı  siyasətçi  və  dövlət  xadimi  olması  özünü 

göstərdi. Onu yaxından tanımaq və onunla birlikdə işləmək qismətinə nəsib olanların hamısı Əziz Əliyevi 

parlaq  zəkaya,  yüksək  iş  qabiliyyətinə  malik  prinsipial,  özünə  və  həmkarlarına  qarşı  tələbkar  şəxsiyyət 

kimi  səciyyələndirirlər.  Bununla  yanaşı,  o,  yüksək  insani  keyfiyyətlərə  malik  idi.  Dağıstanlıların 

xarakterini,  adət-ənənələrini  yaxşı  bilən  Əziz  Məmmədkərimoviç  dağıstanlılara  qəlbən  məhrəm  olmuş, 

beləliklə də çox böyük nüfuz, Dağıstan xalqının ürəkdən gələn hörmət və məhəbbətini qazanmışdı". 

Görkəmli  dövlət və elm xadimi Əziz Əliyevin 100 illik yubileyi 1998-ci il aprelin 27-də Dağıstanın 

paytaxtı  Mahaçqalada  da  təntənə  ilə  qeyd  olunmuşdur.  Mahaçqaladakı  Rus  Dram  Teatrında  keçirilən 

yığıncaqda  Azərbaycan  Respublikasının  Baş  naziri  Artur  Rasizadənin  rəhbərlik  etdiyi  Azərbaycan 

nümayəndə  heyəti  də  iştirak  etmişdir.  Yubiley  iclasını  açan  Dağıstan  Dövlət  Şurasının  sədri 

Məhəmmədəli  Məhəmmədov  demişdir:  "Bu  gün  biz  Azərbaycanın  və  Dağıstanın  görkəmli  dövlət  və 

ictimai  xadimi,  alim,  xalqlarımızın  layiqli  oğlu  Əziz  Məmmədkərimoviç  Əliyevin  100  illik  yubileyini 

təntənə  ilə  qeyd  etmək  üçün  toplaşmışıq...  Əziz  Əliyevin  adı  Dağıstan  xalqının  tarixinə  və  yaddaşına 

əbədi  daxil  olmuş  dövlət  xadimlərinin  parlaq  nəsli  sırasında  ən  layiqli  yerlərdən  birini  tutur...  Əziz 

Məmmədkərimoviç Əliyev Dağıstanda həqiqi mənada istedadlı siyasətçi və dövlət xadimi, xalq arasında 

böyük nüfuzu, hörmət və məhəbbəti olan bir insan kimi qarşılandı. Onun rəhbərliyi altında respublika çox 

nəhəng  hərbi-səfərbərlik  işi  gördü,  müharibə  dövrünün  sərt  sınaqlarına  ləyaqətlə  davam  gətirdi,  bütün 

ehtiyatları cəbhəyə yardım göstərilməsinə yönəldə bildi. 

Əziz  Əliyevin  respublikamızda  iqtidsadiyyatın,  mədəniyyətin,  elm  və  təhsilin  inkişafına  verdiyi 

töhfəni Dağıstan xalqları minnətdarlıqla xatırlayırlar. O, Mahaçqalada akademik mərkəzin yaradılmasına 

çox  böyük  səy  göstərmişdir.  Sonralar həmin  mərkəzin  əsasında  SSRİ  Elmlər  Akademiyasının  Dağıstan 

filialı, indi isə Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzi təşkil edilmişdir". 

Yubiley  gecəsindən  əvvəl  isə  Dağıstan  rəhbərləri  və  Azərbaycan  nümayəndə  heyətinin  üzvləri 

Kaspiysk şəhərində yerli Tibb məktəbinə Əziz Əliyevin adının verilməsi münasibətilə xatirə lövhəsinin 

açılışına həsr olunmuş mitinqdə iştirak etmişlər. Mitinqi açan Kaspiysk Şəhər İcra Hakimiyyətinin rəhbəri 

Ruslan  Hacıbəyov  demişdir:  "Bu  gün  Dağıstan  Respublikasının,  Azərbaycan  Respublikasının  bütün 



ictimaiyyəti,  habelə  Rusiya  Federasiyasının  mütərəqqi  elm  və  tibb  xadimləri  Dağıstan  və  Azərbaycanın 

görkəmli  siyasi  və  dövlət  xadimi,  istedadlı  təşkilatçı,  təcrübəli  həkim  və  humanist  Əziz 

Məmmədkərimoviç Əliyevin bir əsrlik yubileyini - anadan olmasının 100 illiyini qeyd edirlər. 

Əlamətdardır ki, bu gözəl insanın 100 illiyi bizim Dağıstan torpağında da qeyd edilir. Biz bu gün fəxri 

qonaqlar  arasında  tibb  professorunu,  atasının  işinin  davamçısını,  Əziz  Məmmədkərimoviçin  layiqli 

övladlarından birini - Cəmil Əliyevi salamlamağımıza şadıq". 

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev mitinqdə cavab nitqi 

söyləmiş, tədbir iştirakçılarına minnətdarlığını bildirərək demişdir: "Bu gün mən xüsusilə həyəcanlıyam. 

Xoşbəxtəm ki, atamın həyatının xeyli hissəsini keçirdiyi Dağıstan torpağındayam. Atam, demək olar ki, 

ömrünün  son  günlərinə  qədər  Dağıstanı  və  onun  qonaqpərvər  xalqını  çox  böyük  səmimiyyətlə 

xatırlayırdı.  Bu,  şübhəsiz,  onun  övladlarına  və  sonrakı  nəslinə  də  sirayət  etmişdir.  Ona  görə  də  başda 

Məhəmmədəli  Məhəmmədoviç  olmaqla  Dağıstanın  bütün  rəhbərliyinə,  habelə  atamın  haqqında  belə 

səmimiyyətlə  və  çox  təsirli  çıxış  edən  bütün  yoldaşlara  ailəmiz  adından  minnətdarlığımı  bildirmək 

istərdim". 

İki  xalqın  sevimli  oğlu  olan  Əziz  Əliyevin  110  illik  yubileyi  də  dövlətimiz  və  xalqımız  tərəfindən 

təntənəli  surətdə  qeyd  edilmişdir.  Belə  ki,  2006-cı  il  dekabrın  5-də  ölkə  Prezidenti  cənab  İlham  Əliyev 

Azərbaycanın  görkəmli  dövlət  və  elm  xadimi  Əziz  Əliyevin  110  illik  yubileyinin  keçirilməsi  haqqında 

sərəncam  imzaladı.  2007-ci  il  dekabrın  17-də  Azərbaycan  Dövlət  Akademik  Opera  və  Balet  Teatrında 

Əziz  Əliyevin  110  illik  yubileyinə  həsr  olunmuş  xatirə  gecəsi  keçirildi.  Gecədə  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyev  və  onun  xanımı  -  Heydər  Əliyev  Fondunun  prezidenti, 

UNESCO-nun  və  İSESCO-nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyeva 

iştirak  edirdi.  Yubiley  gecəsində  "Əziz  Əliyevin  ömür  salnaməsi"  adlı  sənədli  film  nümayiş  etdirildi, 

xatirələr söylənildi. 

Əziz Əliyevin 115 illik yubileyi onun uzun illər fəaliyyət göstərdiyi Azərbaycan Tibb Universitetində 

və  Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunda  təntənəli  surətdə  qeyd  edilmişdir.  Yola 

saldığımız  2012-ci ildə bu institutlarda Əziz Əliyevin anadan olmasının 115 illiyinə həsr olunmuş elmi 

konfranslar  keçirildi  və  bu  konfransların  materialları,  eləcə  də  Əziz  Əliyevin  xatirəsinə  həsr  olunmuş 

"Əziz Əliyevin həyatından səhifələr və xatirələr" adlı kitab nəfis şəkildə çap olunmuşdur. 

Əziz  Əliyev  elə  böyük  alim  və  ictimai  xadimdir  ki,  onun  xatirəsi  onun  ruhu  dolanan  ali  təhsil 

müəssisələrində, fəaliyyət göstərdiyi idarə və təşkilatlarda daim anılır. Bu gün  - Yeni - 2013-cü ilin ilk 

günü  Əziz  Əliyevin  doğum    günüdür.  Onun  xatirəsinə  həsr  etdiyimiz  bu  yazı  ilə  böyük  alimə  səmimi 

ehtiramımızı bildirir, ruhu şad olsun deyirik. 



 

  

 



Əhliman ƏMİRASLANOV, 

 

akademik, SSRİ Dövlət mükafatı laureatı, 

 

Milli Məclisin deputatı 

Yüklə 58,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə