Azərbaycan. 2011. 28 may.№115. S cümhuriyyətin ən gənc naziri İ.ƏLİyeva



Yüklə 44,93 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü44,93 Kb.
#51004


Azərbaycan.-2011.-28 may.-№115.-S.6. 

 

Cümhuriyyətin ən gənc naziri 

 

İ.ƏLİYEVA 

 

Tarixdə  yaşayıb-yaratmış  görkəmli  şəxsiyyətlərin  tərcümeyi-halına  baxdıqda  onlarda  oxşar 

cəhətlərin olduğunu görürsən. Talelərindəki bənzərlik, hətta bu insanların mübarizələrində də öz 

əksini  tapır.  Moskvada,  Sankt-Peterburqda  və  Avropanın  digər  şəhərlərində  yüksək  təhsil  alan, 

xüsusən, Qərb mədəniyyəti ilə yaxından tanış olan bu ziyalılar öz intellektual potensialı, millətinə 

sədaqəti ilə XX əsrin əvvəllərində gedən proseslərdə fəal iştirak etmiş, ictimai-siyasi xidmətləri ilə 

xalqın milli oyanışında misilsiz rol oynamışlar. Vətənə, millətə xidmət missiyasında da onları vahid 

bir  amal  –  milli  mənafeyin  hər  şeydən  yüksəkdə  tutulması  birləşdirmişdir.  Zəngin  və  kəşməkəşli 

mübarizələrlə dolu, nəsillərə nümunə olan ömür yaşamış Mustafa bəy Nadir ağa oğlu Vəkilov da 

Azərbaycanın  milli  istiqlal  hərəkatının  fəal  iştirakçılarından  biri  idi.  O,  Xalq  Cümhuriyyəti 

Parlamentinin üzvü kimi fəaliyyət göstərmiş, daxili işlər naziri vəzifəsində çalışmışdır. Həmin dövrdə 

M. Vəkilov “Azərbaycan” qəzetinin redaksiya heyətinin də üzvü olmuşdur. 

  

Mustafa bəy Xalq Cümhuriyyətinin qurulması ərəfəsində, eləcə də onun 23 aylıq fəaliyyəti dövründə 

bütün  istedadını,  bilik  və  bacarığını,  gücünü  dövlətçiliyin  bərqərar  olmasına,  xalqın  azadlığına  həsr 

etmişdir. O, doğma yurduna qəlbən bağlı olsa da, ömrünün çox hissəsini qürbətdə yaşamışdır. Sovetlər 

Azərbaycan torpağında öz hakimiyyətlərini qurduqdan sonra cümhuriyyətin görkəmli siyasi xadimləri təqib 

edilir  və  cəzalandırılırdı.  Zamanın  bu  gərdişi  nəticəsində  Mustafa  bəy  də  öz  vətənini  tərk  etmək 

məcburiyyətində qalmışdır… 

M. Vəkilov 1896-cı ilin sentyabrında Qazax qəzasının Salahlı kəndində dünyaya göz açmışdır. Bakı 

gimnaziyasını  qızıl  medalla  bitirmiş,  1912-ci  ildə  Moskva  Universitetinin  hüquq  fakültəsinə  daxil 

olmuşdur. Mustafa bəyin siyasi dünyagörüşünün formalaşmasında əmisi Məmmədrza Vəkilovun və yaxın 

qohumu Əlimərdan bəy Topçubaşovun böyük təsiri olmuşdur. O, 1917-ci ilin yazında universiteti bitirib 

hüquqşünas diplomu ilə Bakıya qayıtmışdır. Bu vaxt gənc hüquqşünas tələbəlik illərində daxilində çağlayan 

arzularının həyata keçməsinə imkan tapmış, siyasi fəaliyyətlə daha fəal məşğul olmağa başlamışdır. Bakıya 

gəldikdən az sonra Qafqaz müsəlmanlarının, həmin ilin yazında Kiyevdə professor Qruşevskinin başçılıq 

etdiyi  qeyri-rus  millətlərinin  qurultaylarında  iştirak  etmiş,  həmin  ilin  yayında  isə  Moskvada  keçirilən 

Rusiya müsəlmanlarının qurultayına dəvət almışdır. Bütün bunlar Mustafa bəyin artıq siyasi aləmə tam 

daxil olduğunu təsdiqləmişdi. 

1917-ci  ildə  ölkədə  siyasi  hadisələr  sürətlə  inkişaf  edirdi  və  M.  Vəkilov  bu  mürəkkəb  olayların 

mərkəzində idi. Ona artıq məsul vəzifələr etibar edilirdi. Belə ki, Əlimərdan bəy Topçubaşovun təqdimatına 

əsasən xüsusi Zaqafqaziya komitəsi M. Vəkilovu Bakı quberniyası komissarının müavini təyin etmişdi. 

Gənc siyasətçi eyni zamanda, Rusiya parlamentinin Azərbaycandan olan millət vəkili statusunu daşıyırdı. 

Oktyabr  ayında  Mustafa  bəy  Bakıda  keçirilən  Müsavat  Partiyasının  I  qurultayında  MK-ya  üzv  seçilir. 

Noyabrda  isə  o,  Zaqafqaziya  Komissarlığında  daxili  işlər  naziri  Çxenkelinin  məsləhətçisi  vəzifəsini 

daşımağa başlayır. Biliyi, bacarığı, məntiqi təhlil gücü ilə seçilən siyasətçi paralel olaraq Seymdə müsəlman 

fraksiyasının üzvü kimi də çalışırdı. 

1918-ci ilin mayında Azərbaycan öz istiqlaliyyətini elan edir. Bu zamana qədər Mustafa bəy etibarlı 

bir  silahdaş  kimi  özünü  doğruldaraq  Əlimərdan  bəy  Topçubaşovun,  Fətəli  xan  Xoyskinin,  Nəsib  bəy 

Yusifbəylinin  və  başqalarının  böyük  etimadını  qazanmışdı.  Həmin  ildə  o,  artıq  Xalq  Cümhuriyyətində 

Daxiliyyə Nazirliyinin məsul işçisi kimi çalışmağa başlayır. 

1918-ci ilin iyun ayında Mustafa bəy Vəkilov M. Ə. Rəsulzadənin başçılığı ilə İstanbul konfransına 

gedən  nümayəndə  heyətinin  tərkibində  məsləhətçi-ekspert  kimi  Türkiyəyə  gəlir.  O,  İstanbul  şəhərində 

nümayəndə heyəti sədrinin bütün siyasi görüşlərinin təşkilatçısı olur və bu tədbirlərin hər birində iştirak 

edir. Azərbaycanlı nümayəndələr konfrans iştirakçıları ilə iqtisadi, siyasi, maliyyə və hərbi sahələrə aid 

danışıqlar  aparır,  müqavilələr  bağlayırdılar.  Qeyd  edək  ki,  Almaniyanın,  Türkiyənin,  Avstriyanın, 

Bolqarıstanın, Macarıstanın və Qafqazın nümayəndələri konfransa qatılmışdılar. 

Mustafa bəy Türkiyədə olduğu vaxt oradan doğmalarına məktublar göndərirdi. Həmin məktublardan 

birini 1918-ci il sentyabrın 15-də himayədarı olan əmisi Məmmədrza ağaya yazır. Əvvəla, məktubun rusca 

yazılması onu göstərir ki, Mustafa bəy hələ gənc ikən bu dilə də mükəmməl yiyələnmişdi. İkinci tərəfdən, 

məktubda həmin dövrün siyasi cəhətdən dolğun təhlil olunması, cərəyan edən hadisələrə düzgün qiymət 

verilməsi diqqəti çəkirdi. Üçüncü isə məktubun hər cümləsində cavan hüquqşünasın öz xalqının taleyi üçün 




nigarançılığı aydın hiss olunurdu: “Hər gecənin bir gündüzü var. Türkiyə üçün nəyin yaxşı olduğu hələ 

bəlli  deyildir:  güclü  və  qalibiyyətli  müttəfiq  Almaniya,  yoxsa  İngiltərə  və  Almaniya  arasında  siyasi 

balanslaşdırma. Biz onun öz zəif müttəfiqi Türkiyə ilə nə sayaq rəftar elədiyinin bu yaxınlaradək şahidi 

idik. 


Öz daxili həyatlarında türklər islahatlar və idarəetmədə mərkəzdənqaçma yolu tutublar. Ərəbistana bir 

qism  muxtariyyət  vəd  edilir.  Azərbaycana  gəldikdə  isə…  əgər  gələcək  sülh  konqresinə  Qafqazın  bütün 

xalqları dost və həmrəy kimi gələrlərsə və bütöv kimi çıxış edərlərsə, onda onlar öz istiqlallarının bu və ya 

digər şəkildə tanınmasına nail olarlar. Ərazilərin hüdudlanması məsələsində ermənilər böyük inadkarlıq 

göstərəcəklər, hərçənd sərhədlər məsələsi burada həllini tapmayıb, belə ki, konfederasiya baş tutmayıb, özü 

də  ermənilər  təkcə  Qazax qəzasının  dağlıq  hissəsinə deyil,  həm  də  Şuşa qəzasının  böyük  bir  hissəsinə, 

Cavanşir və Zəngəzur qəzalarının bir hissəsinə iddia irəli sürürlər”. 

1918-ci ilin sonunda, təxminən yarım illik ayrılıqdan sonra Mustafa bəy Vəkilov vətənə qayıdır və 

onun həyatında yeni bir dövr başlanır. Çünki İstanbul həyatı ona daha geniş siyasi biliklər və zəngin təcrübə 

bəxş edir. Dekabrın 7-də Azərbaycan parlamenti açılır və Vəkilov onun üzvü seçilir. Parlamentin büdcə-

maliyyə komissiyasının üzvü kimi fəaliyyət göstərir, bu sahədə qayda-qanuna riayət olunmasına nəzarət 

edir.  Lakin  1919-cu  ilin  sonunda  Nəsib  bəy  Yusifbəylinin  təşkil  etdiyi  kabinədə  daxili  işlər  nazirinin 

müavini  təyin  olunduğundan  həmin  komissiyadan  çıxır.  M.  Vəkilov  1919-cu  ilin  dekabrında  keçirilən 

Müsavat Partiyasının II qurultayında yenidən MK-ya üzv seçilir. Növbəti il fevralın 18-də isə ona daxili 

işlər naziri vəzifəsi etibar edilir. Onda Mustafa bəyin cəmi 23 yaşı vardı və o, ölkədə ən gənc nazir idi. 

Buna baxmayaraq nazirliyin işini layiqincə icra etməyi, baş verən hadisələrə operativ surətdə müdaxiləsi, 

təxirəsalınmaz tədbirlər görməyi və kadrları seçib onlarla birgə çalışmağı bacarırdı. 

Mustafa bəy Nadir ağa oğlu təbiətcə də çox cəsarətli və şücaətli bir insan idi. 1920-ci il yanvarın 14-

də  Zaqafqaziya  dövlətlərinin  istiqlaliyyətini  Antanta  dövlətlərinin  tanıması  ilə  bağlı  parlament  iclası 

keçirilərkən “Süngülərin ucunda azadlıq gətirilmir” – deyə replika atması onun öz xalqının müstəqilliyini 

qorumaq üçün heç nədən çəkinmədiyini təsdiqləyir. Bununla o, çatdırmaq istəyirdi ki, sosialistlərin vəd 

etdiyi  azadlıq,  əslində,  azadlıq  deyil.  Çünki  zorla,  zərbə  ilə,  süngü  ilə  gələn  hakimiyyət  heç  vaxt  xalqa 

azadlıq gətirə bilməz. 

1920-ci ilin yazında cümhuriyyət özünün narahat günlərini yaşayırdı. Bu dövrdə Mustafa bəy Vəkilov 

Azərbaycanın istiqlaliyyətini, demokratiya və dövlətçiliyini qorumaq üçün var qüvvəsi ilə çalışırdı: həm 

vətəndaş, həm də nazir kimi. 

Martın 22-də Mustafa bəy Vəkilovun “Bakı rayonu fəhlələrinə Daxiliyyə Nazirliyindən” adlı müraciəti 

yayıldı.  Nazir  o  çətin,  kəşməkeşli  günlərdə  hadisələrin  mahiyyətini  açıqlamağa,  insanların  “gözünü 

açmağa” çalışırdı: “Zəhmətkeşlərin mənafeyi keşiyində dayanan cümhuriyyətin ali inzibati orqanı fəhlə 

sinfinin öz iqtisadi və hüquqi vəziyyətini yaxşılaşdırmaq üçün apardığı mübarizəyə qarışmaq niyyətində 

deyildir, lakin fəhlə sinfinin mənafeyinin müdafiəsi ilə pərdələnərək cinayətkar təbliğat və planlar yolu ilə 

öz pozuculuq işini aparan kənar qüvvələrin agentlərinin dövlətə zidd çıxışlarını sərəncamımda olan bütün 

vasitələrlə yatırdacağıq”. 

Nazir  nə  üçün  bu  qərarda  olduğunu  aydınlaşdıraraq  deyirdi  ki,  sözügedən  əməllər  Azərbaycan 

demokratiyasına  zidd  olan  ünsürlər  tərəfindən  kənardan  diktə  edilir  və  Azərbaycan  Cümhuriyyətinin 

istiqlalını, eləcə də fəhlə sinfinin özünün rifahını hədələyir. O, fəhlələrə, eyni zamanda, onların şəxsində 

bütün  insanlara  müraciət  edərək  yazırdı:  “Vətəndaş  fəhlələr!  Məsuliyyətsiz,  qara  niyyətli  və  satqın 

təbliğatçıların  fitnələrinə  uymayın.  Dövlətin  qayda-qanunlarını  mütəşəkkil  halda  qorumağınız  – 

istiqlalımızı və azadlığımızı möhkəmləndirməyin rəhnidir. Öz demokratik hökumətinizin işini müdafiə edin 

və möhkəm əmin olun ki, hər bir ədalətli iqtisadi və hüquqi iddianız Daxiliyyə Nazirliyi tərəfindən tam 

hüsn-rəğbət və coşqun həmrəyliklə qarşılanacaqdır”. 

Bu dövrdə erməni xəyanətkarlığı yenə də tüğyan edirdi. 1920-ci ilin ağır mart günlərində Mustafa bəy 

öz nazir kabinetində qərar tuta bilməmiş, hadisələrin qaynar nöqtəsinə – Qarabağa getmişdi. On günə yaxın 

orada  qalmış  və  qayıdandan  sonra,  aprelin  1-də  parlamentin  iclasında  çıxış  edərək  deputatlara  mövcud 

vəziyyət barədə ətraflı məlumat vermişdir. O, əmin olduğunu bildirmişdir ki, xalqın və rəşadətli əsgərlərin 

köməyi ilə tezliklə ərazilərimiz düşməndən təmizlənəcək. 

Lakin 1920-ci ilin aprel ayında çevriliş baş verir və Mustafa bəy onunla eyni kənddən olan Xədicə 

Müftizadə adlı qadının evində gizlənir. 10-15 gün burada qalan Mustafa bəyi bolşevik xəfiyyələri hər yerdə 

axtarırdılar. Buna görə də Mustafa bəy vətənini tərk etmək qərarına gəlir və silahdaşlarının köməyi ilə Tiflis 

şəhərinə gedir. Ona keçmiş Müsavat zabiti Sultan Hüseynzadə də kömək edir. 

Mübarizə isə bitmir – Mustafa bəy Vəkilov Tiflisdə məskunlaşdıqdan sonra da üzvü olduğu partiyanı 

unutmur  və  onun  gizli  fəaliyyətlə  məşğul  olan  strukturları  ilə  əlaqə  saxlayır.  O,  silahdaşlarına  yazdığı 

məktublarda  yenə  də  siyasi  prosesləri  təhlil  edir,  vəziyyətdən  çıxış  yollarını  göstərirdi:  “Gürcülər 



ermənilərə, ermənilər də gürcülərə inanmır – onlar bir-birini aldadır. Türkiyənin vəziyyəti ağırdır, onun 

ərazisinin bir hissəsi Antanta tərəfindən tutulub. Türkiyə ancaq öz azadlığı uğrunda mübarizə apara bilir. 

İngiltərə və Fransa kimi güclü dövlətlərə isə inanmaq olmaz. Onlar bir əsgərini də qurban verməyəcəklər. 

Onlar hər bir qruplaşmaya yardım edəcəklər ki, toqquşmalar, çəkişmələr baş alıb getsin”. 

Mustafa  bəy  “Təşkil  olunmaq  lazımdır”  –  deyə  xalqa  müraciət  edirdi.  Sovet  hakimiyyəti  devrilən 

zaman – hərçənd ki, o, buna inanırdı – hakimiyyəti heç kəsə verməməyə çağırırdı. 

Bir  neçə  aydan  sonra  M.  Vəkilov  Gürcüstandan  Türkiyəyə  keçir.  Sonra  geriyə  qayıdır  və  yenidən 

İstanbula  dönür.  Bu  vaxt  artıq  1921-ci  ilin  əvvəlləri  və  Tiflisin  rus-sovet  qoşunları  tərəfindən  işğalının 

ərəfəsi idi… 

Mustafa bəy Türkiyədə Müsavatın xarici bürosunun fəalları sırasına qoşulur. 1924-cü ildə İstanbulda 

Azərbaycan Milli Mərkəzi yaradılanda M. Vəkilov buranın Mərkəzi Komitəsinin üzvü seçilir. Təşkilatın 

vəzifəsi siyasi mühacirəti vahid toplumda birləşdirmək idi. O, burada Müsavat Partiyasını təmsil edirdi. 

Mustafa  bəy  həmçinin  1928-ci  ildə  yaradılmış  “Prometey”  təşkilatının  fəaliyyətində  iştirak  edirdi. 

Təşkilatın əsas məqsədi sovet quruluşunu devirmək idi. Həmin illərdə M. Vəkilov Azərbaycanda baş verən 

olayların  bütün  Avropaya  çatdırılmasında  misilsiz  işlər  görürdü.  1929-cu  ildə Mustafa  bəy  Azərbaycan 

Milli Mərkəzindən istefa verir və Polşaya gəlir. 

Beləliklə,  1930-1940-cı  illərdə  M.  Vəkilovun  həyatı  Avropa  ilə  bağlı  olur.  O,  bir  müddət  Polşada 

yaşayır. Sonra Almaniyaya gedir, oradan Fransaya və İsveçrəyə yola düşür. 

Qeyd edək ki, Mustafa bəy rus dilindən əlavə bir çox xarici dilləri də mükəmməl öyrənmişdi. Mühacir 

həyatı  yaşadığı  illərdə Türkiyənin  əksər  mətbu  orqanlarında  –  “Yeni  Qafqaziya”,  “Azəri  türkü”,  “Odlu 

yurd”, “Azərbaycan yurd bilgisi” dərgilərində çıxış etmişdi. Onun Parisdə fransız dilində olan “Prometey” 

jurnalında, eləcə də alman və rus dillərində çıxan nəşrlərdə onlarla məqaləsi dərc olunmuşdu. Berlində nəşr 

edilən “Qurtuluş”, Fransada rus dilində olan “Kavkaz” jurnallarında Azərbaycanın tarixi ilə bağlı siyasi 

memuarları  çapdan  çıxmışdır.  Varşavada  yaşadığı  dövrdə  “Prometey”  adlı  siyasi  klubun  ikinci  rəisi 

olmuşdur.  Mustafa  bəyin  yazılarına  “Azərbaycan”,  “Mücahid”  və  digər  dərgilərdə  də  rast  gəlinirdi. 

Yazdıqlarının hamısı siyasət və tarix mövzusunda olsa da, öz publisistik dəyərinə, təhlilin dərinliyinə görə 

diqqəti cəlb edirdi. Başqa sözlə desək, Mustafa bəy həmçinin əsl mühərrir qələminin sahibi idi. 

Bu da təsadüfi deyildi. Çünki o, hər şeydən öncə, ədəbiyyatı çox sevirdi, mütaliəsi güclüydü. Xüsusilə, 

poeziyanın vurğunu idi. M. Ə. Sabirin şeirlərindən doymaq bilmirdi. Səməd Vurğunla isə qohum, daha 

dəqiqi, eyni soyadını daşıyan əmizadə idilər. O, bu böyük  şairlə fəxr edirdi. Amma təəssüf ki, Vətəndə 

yaşayan çoxsaylı qohumlarının – istər adlı-sanlı olan, istərsə də sadə həyat sürən doğmalarının biri ilə əlaqə 

yarada  bilməmişdi.  Sovet  rejimi  dövründə,  əlbəttə,  bu,  mümkün  deyildi…  Onunla  ünsiyyətdə  olmuş 

insanların  dediklərinə  görə,  uzun  illər  uzaqlarda  yaşasa  da,  danışıq  tərzində  doğma  Qazax  ləhcəsinin 

şirinliyini ömrünün sonuna qədər qoruyub saxlamışdır. 

Qəribədir ki, dünyanın harasına getsə də, Mustafa bəyi həyat yolları yenidən Türkiyəyə gətirmişdi. 

Hətta başqa ölkələrdə yaşadığı zaman da tez-tez buraya gəlirmiş. Bəlkə bu da bir alın yazısı imiş. Çünki 

ona  son  mənzil  də  ömrü  boyu  gəzib-dolaşdığı,  işlədiyi  və  yaşadığı  ölkələrin  heç  birində  deyil,  məhz 

Türkiyədə qismət olmuşdu. 

Beləliklə,  İkinci  dünya  savaşının  sonlarında  o,  Amasiyaya  gəlir.  Burada  yaşayan  qohumları  ilə 

görüşür. Həmçinin ailə həyatı qurur və sonra Ankara şəhərinə qayıdır. Ankarada yaşadığı illərdə öz ixtisası 

üzrə işləyir, Vilayətlər Bankının baş hüquq məsləhətçisi olur. 

…Azərbaycanın  Qazax  mahalında  dünyaya  göz  açan  Mustafa  bəy  1965-ci  ilin  sazaqlı  bir  noyabr 

günündə Ankarada vəfat edir. Çox təəssüf ki, Vətən eşqini ömrü boyu qəlbinin dərinliyində gəzdirən və 

uzaqlarda ola-ola xalqının azadlığına, rifahına çalışan bu insan haqqında uzun illər heç deyilməmiş, bir sətir 

belə, yazılmamışdı. Onun barəsində Bakı mətbuatında yalnız 80-ci illərin sonlarında məlumatlar verilməyə 

başlamışdır. Mustafa bəyin mühacirətdəki fəaliyyəti onun vətəndə yaşayan qohum-əqrəbalarına, qardaş-

bacısına  böyük  zərbələr  vurmuşdur.  Güllələnən,  sürgün  edilən,  təqiblərə,  təzyiqlərə  məruz  qoyulan 

Vəkilovların “cinayət işləri”ndə hökmən Mustafa bəyin adı çəkilmiş, bu adamların onunla qohumluqları 

müxtəlif bucaqlar altından hallandırılmışdır. 

Mustafa bəy Vəkilov Xalq Cümhuriyyəti dövrünün qaynar və zəngin ictimai-siyasi hadisələrində öz 

dəst-xətti  ilə,  vətəninə  və  xalqına  sədaqəti  ilə  seçilən,  dövlətçilik  tariximizdə  şərəfli  yer  tutan 

şəxsiyyətlərdən olmuşdur. 



  

  

 

Yüklə 44,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə