“Azərbaycan”. 2015. 18 aprel. N 81. S. 10. Ermənilərin törətdikləri Vedibasar qırğınları XVIII əsrin əvvəllərindən çar Rusiyasının təzyiqi və dəstəyi ilə Azərbaycanın münbit



Yüklə 58,32 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü58,32 Kb.
#49031


“Azərbaycan”.-2015.-18 aprel.-N 81.-S.10. 

Ermənilərin törətdikləri Vedibasar qırğınları 

XVIII  əsrin  əvvəllərindən  çar  Rusiyasının  təzyiqi  və  dəstəyi  ilə  Azərbaycanın  münbit 

ərazilərində məqsədli şəkildə məskunlaşdırılan ermənilərin özbaşınalığının qarşısının alınmasında, 

xalqımızın  milli  müstəqillik  uğrunda  mübarizə  tarixində,  xüsusilə  ölkəmizin  qərbində  gedən 

ictimai-siyasi hadisələrdə xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin böyük xidmətləri olmuşdur. 

Abbasqulu  bəy  Şadlinski  1886-cı  il  fevralın  24-də  İrəvan  quberniyasının  İrəvan  qəzasındakı  Vedi 

nahiyəsinin  Böyük  Vedi  kəndində  bəy  ailəsində  dünyaya  göz  açmışdı.  Böyük  Vedidə  müasir  tipli 

ikisinifli  rus-tatar  məktəbini  yüksək  qiymətlərlə  başa  vuran  Abbasqulu  bəy  əvvəl  İrəvan 

gimnaziyasını, sonra isə Qori Müəllimlər Seminariyasını bitirmişdi. 

 

300 illik tarixə malik çar imperiyası 1917-ci ilin payızında süquta uğrayanda siyasi qüvvələr arasında 



hakimiyyət uğrunda çəkişmələr gücləndi, vaxtilə Azərbaycan ərazisinə köçürülmüş ermənilər, xüsusən də 

vandalçı  “Daşnaksütyun” partiyasının  silahlı  quldur  dəstələri  Ermənistan  adlı  dövlət  qurmaq  məqsədilə 

azərbaycanlıların 

soyqırımını  həyata  keçirmək  üçün  işğalçılıq  fəaliyyətlərini  gündən-günə 

genişləndirdilər.  Quduzlaşan  erməni  silahlılarının  kütləvi  qırğınından,  terrorundan  əhalini  xilas  etmək 

mümkün  olmurdu.  Odur  ki,  el-oba  arasında  böyük  nüfuz  sahibi  olan  Abbasqulu  bəy  məcbur  olub 

Vedibasar mahalının bütün kəndlərinin əhalisini torpağın və camaatın müdafiəsinə səfərbər etdi. Böyük 

Vedi və yaxın kəndlərin cavanlarından ibarət "Mübariz dəstə" yaratdı. 

Savadlı  və  tədbirli  ziyalı  olan  Abbasqulu  bəy  daha  sonra  yığıncaq  çağırıb  mahalı  və  ətraf  bölgələri 

idarə  etmək,  onları  erməni  təcavüzündən  qorumaq  məqsədilə  Vedibasar  Milli  Komitəsini,  "Mübariz 

dəstə"nin  baş  qərargahını  yaradır,  Bakı  ilə  müntəzəm  əlaqə  saxlanılacağını  bildirir.  Erməni  silahlıları 

kəndlərə qəflətən hücum edir, dinc əhaliyə vəhşicəsinə divan tutur, onları qılıncdan keçirir, var-dövlətini 

talayıb  aparır,  evlərinə,  mülklərinə  od  vurub  yandırırdılar.  Erməni  vandalizmi  o  vaxt  Zaqafqaziya 

Seyminin 5, 7, 19 və 20 fevral 1918-ci il tarixli iclaslarında böyük hay-küylə müzakirə olunmuş və Seym 

vəziyyətlə yerindəcə tanış olmaq üçün İrəvana nümayəndə heyəti göndərmişdi. Bu nümayəndə heyəti geri 

qayıtdıqdan  sonra  Seymə  rəsmi  təqdimatlarında  yazmışdı:  "1918-ci  ilin  mart  ayına  qədər  İrəvan 

vilayətində  211  türk  (azəri)  kəndi  erməni  təcavüzünə  məruz  qalmış,  həmin  kəndlərin  100  min  nəfərdən 

çox müsəlman əhalisi, demək olar ki, bütünlüklə məhv edilmişdir". 

Daha bir rəsmi mənbədə - "Azərbaycan" qəzetinin 1918-ci il tarixli 38-ci sayında dərc edilmiş Gəncə 

canişininin Azərbaycanın ovaxtkı daxili işlər nazirinə ünvanladığı raportunda bildirilir ki, "son doqquz ay 

ərzində erməni silahlıları təkcə Zəngəzur mahalında 16 türk (azəri) kəndini tamam məhv etmiş, 657 nəfər 

dinc sakini qətlə yetirmiş, sağ qalan camaatı didərgin salmış, əhaliyə 56 milyon 630 min rubl məbləğində 

zərər vurmuşlar". 

Belə  heyrət  doğuran  məlumatlara  A.Novatskinin  rəhbərliyi  ilə  hadisə  yerində  olmuş  Fövqəladə 

İstintaq  Komissiyasının  arayışında  da  rast  gəlinir.  "1918-ci  ilin  martınadək  İrəvan  quberniyasında 

dağıdılmış və əhali tərəfindən tərk edilmiş müsəlman kəndlərinin siyahısı" adlı bu tarixi sənəddə İrəvan 

quberniyasında  təkcə  dörd  -  İrəvan,  Sürməli,  Eçmiədzin  və  Yeni  Bayazid  qəzalarında  ermənilər 

tərəfindən darmadağın edilmiş 197 müsəlman kəndinin adbaad siyahısı verilmişdir. Bu kəndlərdə 16 minə 

qədər təsərrüfatda 135 mindən çox əhali yaşamışdır ki, onların da  əksəriyyəti ermənilər tərəfindən qətlə 

yetirilmiş,  sağ  qalanlar  isə  qaçıb  ətraf  bölgələrə  -  Azərbaycanın  digər  ərazilərinə,  yaxud  qonşu  İrana, 

Türkiyəyə sığınmışlar".  

Həmin  siyahıdan  aydın  olur  ki,  tərkibinə  Vedibasar  mahalının  da  qatıldığı  İrəvan  qəzasında  belə 

kəndlərin  sayı  30-dan  çoxdur.  Bunları  xatırlatmaqla  diqqətə  çatdırmaq  istəyirik  ki,  həmin  siyahıda 

İrəvandan 30-35 km-lik məsafədə olan Vedibasarın bir kəndinin də adı yoxdur. Çünki bu kəndlərin hər 

hansı birindən ermənilərin özbaşınalığı barədə məlumat daxil olan kimi Abbasqulu bəyin dəstəsi alıcı quş 

kimi  kəsirdi  erməninin  başının  üstünü,  onlara  elə  dərs  verirdilər  ki,  ermənilər  gəldiyi  yolla  qayıda 

bilmirdilər. Bir dəfə daşnak silahlı dəstələri Böyük Vedi ilə Millidərə kəndlərinin əlaqəsini kəsib camaatı 

qırmaq,  kəndi  talamaq  istəyirlər.  Bu  barədə  Abbasqulu  bəyə  məlumat  çatan  kimi  öz  dəstəsini  götürüb 

gecə ilə yollanır ermənilərin üstünə. Şorbulaq dağlarının dolama yolları ilə Yovşanlı düzə qalxıb erməni 

silahlılarının qabağını İlanlı dağın qarşısındakı Sərinbasarla Seyidkotanlı kəndlərinin yaxınlığında səhərə 

yaxın kəsir. Şiddətli atışma başlanır, nə başlanır... Bu vaxt "Mübariz dəstə"nin başqa silahlı bölükləri, o 

cümlədən Hacı Mirzə tərəfdən Sultan xanın və Mirzə oğlu Həbibin dəstələri köməyə çatır, duruş gətirə 

bilməyən daşnak qoşunları itki verə-verə geri çəkilir. 



Gecə yarısı başlanan davada ermənilərin başqa bir silahlı ordusu Millidərə kəndinə doğru irəlilədikcə 

Millidərənin İmirzik, Köppükənd və başqa kəndlərinin əhalisi qırğından can qurtarmaq üçün baş götürüb 

Gölaysora  tərəf  qaçır.  Cahanbəxş  bəyin  dəstəsi  xeyli  itki  verdiyindən  sağ  qalan  döyüşçülər  müdafiə 

mövqeyi seçərək vaxt əldə etməklə qadın və uşaqları kənddən çıxarmağa çalışırdılar. Abbasqulu bəy də 

başda  olmaqla,  "Mübariz  dəstə"nin  silahlı  bölükləri  döyüşlərin  son  saatlarında  özlərini  Millidərəyə 

çatdırırlar.  Az  vaxtda  vəziyyət  dəyişir  və  erməni  qoşunları  çoxlu  itki  verərək  axşama  yaxın  Millidərə 

kəndini tamamilə tərk edirlər. 

Millidərə  döyüşləri  vedibasarlıların  qələbəsilə  başa  çatsa  da,  daşnakların  əli  ilə  yandırılıb  tamamilə 

məhv edilən on-on iki kəndin əhalisi öz evlərinə dönə bilmir, öz dədə-baba yurdlarından didərgin düşüb, 

Vedibasarın aran kəndlərində sığınacaq tapmalı olurlar.  

1918-ci  il  may  ayının  son  günlərində  Ağdağın  Böyük  Vedi  istiqamətində  erməni  əsgərləri  özlərinə 

hərbi-döyüş istehkamları düzəldəndə vedibasarlıların narahatlığı daha da artdı. Buna görə Abbasqulu bəy 

təcili əks tədbirlər gördü, hücum gözləniləcəyi güman edilən ərazilərdə silahlı dəstələr yerləşdirdi, "Daşlı" 

və "Gavurqala" istiqamətlərində güclü müdafiə istehkamları yaratdı. 

Hadisələrin cərəyan etdiyi Vedibasarda doğulub boya-başa çatan yazıçı Fərman Kərimzadə "Qarlı qış" 

romanında bu barədə  yazır: "...Axşamlar kəndin üstündəki qayada Xəlilin pulemyotu oxuyardı  -  kəklik 

yerinə...  Bir  neçə  saniyə.  Sonra  susardı.  Tək-tük  tüfəng  səsləri  eşidilərdi.  "Görəsən,  bunun  axırı  hara 

gedib çıxacaq? Vadiyə sığınmış bu kəndin köməyinə kim gələcək? Heç kəs! Özümüz! - deyə Abbasqulu 

bəy qərar çıxarardı".  

Bir neçə gündən sonra səhərə yaxın Böyük Vedinin şimalından - Ağdağ tərəfdən kəndə top mərmiləri 

yağdırılır, Qəmərli-Dəvəli stansiyaları arasında hərəkət edən ermənilərə məxsus zirehli qatar Vedibasarın 

dəmiryolu xətti boyunca yerləşən Qaralar, Şirazlı, Avşar və başqa kəndləri top və pulemyot atəşinə tutur, 

əhalini  qaçmağa  məcbur  edirdilər.  Silahlı  daşnak  dəstələri  kəndlərə  hücum  edir,  evlərə,  mal-qara 

saxlanılan tövlələrə od vurur, qaçan əhalini pulemyot atəşi ilə biçib tökürdülər. Kəndlərdə qeyri-bərabər 

döyüşlər gedirdi. 

Millidərə döyüşləri zamanı çoxlu itki verən və geri oturdulan baş gərnili daşnak Artuşun quldur dəstəsi 

təzədən  Şorbulaq  istiqamətindən  Böyük  Vediyə  soxulmağa  can  atırdı.  Lakin  bu  dəfə  də  güclü 

müqavimətə  rast  gələrək  çoxlu  itki  verib  geri  çəkildi.  Buna  baxmayaraq,  erməni  silahlıları  Vedibasar 

mahalının  içərilərinə  irəliləməkdə  davam  edirdilər.  Axşama  doğru  mahalın  dəmiryol  ətrafı  kəndlərin 

bəziləri,  o  cümlədən  Şirazlı,  Qaralar  ermənilər  tərəfindən  işğal  edildikcə  əhali  Böyük  Vediyə  axışırdı. 

Hava qaralhaqaralda Yengicə və Taytan kəndləri də ermənilərin əlinə keçdi. Bununla da Böyük Vedi üç 

tərəfdən  mühasirəyə  alınır.  Çox  çəkmir  ki,  erməni  silahlıları  qərb  tərəfdən  Böyük  Vedinin  aşağı 

məhəllələrinə  daxil  olurlar.  Evlərə,  pəyələrə,  ot  tayalarına  od  vura-vura  kəndin  mərkəzinə  doğru 

irəliləyirlər,  insanların  gur  yığışdığı  məktəb  binasını  ələ  keçirən  kimi  od  vurub  yandırırlar.  Kəndin 

ermənilərin  işğalı  altında  olan  hissəsində  alov,  yanğın,  acı  tüstü  göyün  yeddi  qatına  qalxırdı.  Vahimə 

içində  olan  əhali  kənddən  qaçıb  Göyqum  təpəsinin  Həmdəm  dərəsinə  sığınmışdı.  Bütün  günü  müdafiə 

döyüşləri  aparmasına  və  bu  müddətdə  ermənilərin  xeyli  irəliləməsinə  baxmayaraq,  hava  qaralanda 

Abbasqulu  bəy  Sultan  xanın,  Mirzə  oğlu  Həbibin  və  Kərbəlayı  Müseyibin  ehtiyat  bölüklərini 

mövqelərindən  çıxararaq  bir  azdan  Şorbulaq  istiqamətində  hücuma  keçmələrini  tapşırır.  Döyüşlərin 

şiddətli  vaxtı  Kərbəlayi  İsmayılın  da  dəstəsi  həmin  cəbhədə  daşnaklara  qarşı  hücuma  atılır.  Düşmənin 

Böyük  Vedinin  içərilərinə  irəliləməsinə  imkan  verməyən  Abbasqulu  bəy  özü  isə  dəstəsini  var  gücü  ilə 

ermənilərin üzərinə əks-hücuma aparır.  

Bir  neçə  saata  Vedibasarı  tamam  ələ  keçirəcəklərini  zənn  edən  ermənilərə  qarşı  elə  bir  hücum  və 

şiddətli  döyüşlər  başlanır  ki,  gəl  görəsən.  Yağış  kimi  yağan  güllələr  və  haray-qışqırıq  dolu  insan  axını 

erməniləri çaş-baş salaraq necə və hara gəldi qaçmağa məcbur edir. Sürətlə irəliləyən "Mübariz dəstə"nin 

ehtiyat hissələri ilə Abbasqulu bəyin kəndin əks istiqamətində ermənilərin mövqelərini darmadağın edən 

atlı dəstələri dəmiryol xəttinin üstündə birləşirlər. Bununla həm də ermənilərin işğal altında saxladıqları 

müsəlman  kəndləri  Vedibasar  qüvvələrinin  nəzarətinə  keçir.  Abbasqulu  bəyin  bir  az  əvvəl  göndərdiyi 

könüllülər Qəmərli istiqamətindəki dəmiryol körpüsünü partladırlar. Uçmuş körpünün o tayında hirsindən 

o  tərəf-bu  tərəfə  var-gəl  edən  zirehli  qatar  "Mübariz  dəstə"nin  bölüklərini  pulemyotdan  aramsız  atəşə 

tutur. Vedibasarlılar çeviklik göstərərək hətta qatarın bir topunu söküb götürürlər. 

Mühasirədə olan zirehli qatarın Qəmərlidən köməyinə gələn parovozun projektor işığında yolu bərpa 

edən  ermənilər,  böyük  itkilər  hesabına  da  olsa,  səhərə  yaxın  zirehli  qatarı  mühasirədən  çıxara  bilirlər. 

Abbasqulu bəyin dəstəsi daşnakların həmləsində olan müsəlman kəndlərinin mühasirə halqasını tədricən 

kiçiltməyə nail olur. Səhər hava işıqlananda artıq bu kəndlər quldur ermənilərdən tamamilə təmizlənmiş, 

ələ keçənlər öldürülmüş, sağ qalanlar qaçıb canlarını qurtarmışdılar. Kənd camaatı ölən erməni əsgər və 

zabitlərdən  qalmış  xeyli  silah-sursat  əldə  edir.  Vedibasarlıların  qələbəsi  ilə  başa  çatan  bu  döyüşlərdə 



sakinlərinin çoxluğuna görə erməni kəndləri hesab olunan Reyhanlı və Dəvəli kəndlərinin də taleyi həll 

olunur.  Belə  ki,  dünənə  kimi  nə  vaxt  dindirəndə  "ay  can!"  deyə  cavab  verən  ermənilər  indi  öz 

soydaşlarının  tərəfinə  keçərək  əllərinə  silah  götürüb  dedikləri  qapı  qonşu  müsəlmanlara  qarşı 

vuruşurdular.  Buna  görə  də  daşnaklar  şiddətli  müqavimətlə  üzləşəndə,  geri  qaçmağa  məcbur  olanda, 

xəyanət  və  satqınlıqlarının  cəzasını  almaqdan  qorxaraq  gecə  ikən  arvadlarını,  qızlarını  evdə  qoyub, 

əmlaklarını götürüb qaçmışdılar. İmkan tapıb gedə bilməyənlər də var idi. Sabahısı Abbasqulu bəy dağ 

Vedibasara, Millidərəyə və aran Vedibasara hücum edən daşnakların törətdikləri vəhşiliklərə görə və bu 

kəndlərdə  onlara  qoşulub  nankorluq  edən  erməni  ailələrinin  burada  yaşamasını  mümkünsüz  hesab  edir, 

onları  qonşu  ərazilərdəki  istədikləri  erməni  kəndlərinə,  onların  da  evinə  müsəlman  ailələrini  köçürür, 

kəndlərdə könüllülərdən ibarət özünümüdafiə bölükləri yaradır, kəndə keşikçilər təyin edir. 

Az  sonra  daşnaklar  Göyçə,  Dərələyəz,  Zəngəzur  və  Naxçıvan  mahalları  başda  olmaqla  bu  qədim 

Azərbaycan  torpaqlarını  erməniləşdirmək  üçün  Naxçıvanda  yaratdıqları  "Milli  Komitə"  vasitəsilə  hələ 

əvvəllərdən burada məskunlaşdırılmış bütün erməniləri ayağa qaldırıb, qırğın törədirdilər. Daşnak hərbi 

qüvvələrinin  Vedibasara  ikinci  dəfə  hücumu  zamanı  ermənilər  əvvəlkindən  betər  müqavimətə  rast 

gəlirlər.  Daşnakların  Vedibasardan  Naxçıvana  gedən  dəmir  yolunu  ələ  keçirmək  barədə  irimiqyaslı 

işğalçılıq planları "Mübariz dəstə" tərəfindən alt-üst edilir. Hücumları hər dəfə məğlubiyyətə düçar olan 

ermənilər  növbəti  dəfə  öz  milli  ənənələrinə  uyğun  olaraq  hiyləyə  əl  atırlar:  İrəvan  qəzasının  komissarı, 

milliyyətcə  erməni  olan  Əmirxanov  Vediyə  gəlir,  inzibati  cəhətdən  ona  tabe  olan  İrəvan  qəzasının 

dördüncü sahə komissarı Abbasqulu bəy Şadlinski ilə görüşür, ona dövlət adamı olduğunu xatırladaraq 

Vedibasarda İrəvan erməni hökumətinin maraqlarını həyata keçirməyə borclu olduğunu bildirir. Söhbət 

zamanı erməni hökumətinin tövsiyələri baxımından Vedibasarın Türkiyə ilə sərhəd kəndlərinin əhalisinin 

köçürülməsi,  camaatdan  silahların  yığılması  tələblərini  gündəmə  gətirir.  Əvəzində  isə  Abbasqulu  bəyə 

komissar vəzifəsində saxlanılacağını vəd edir.  

Abbasqulu  bəydən  çox  sərt  formada  rədd  cavabı  alan  Əmirxanovun  danışıqları  uğursuzluqla 

nəticələnir.  Bundan  sonra  Əmirxanov  daşnak  komitəsinin  daxili  işlər  nazirinə  Abbasqulu  bəy 

Şadlinskinin  İrəvan  qəzasının  dördüncü  sahə  komissarı  vəzifəsindən  azad  edilməsi  barədə  raportla 

müraciət  edir.  Əmirxanovun  xahişinə  əsasən,  nazirliyin  3  iyul  1918-ci  il  tarixli  1  nömrəli  əmri  ilə 

Abbasqulu bəy tutduğu vəzifədən azad edilir. 

Professor Vaqif Şadlinski bir nəslin dramını xatırladan "Şadlinskilər" kitabında yazır ki, istər Göyçə, 

Dərələyəz və Şərur mahalı olsun, istərsə də Böyük Vedi mahalı və Qəmərli tərəfləri, daşnaklar ölüm və 

qarətlərlə  nəticələnən  qırğınlara  ara  vermirdilər.  Bu,  azmış  kimi,  1918-ci  il  iyun  ayının  əvvəllərində 

quldur  Andronikin  Naxçıvana  gəlməsi  ilə  bu  qırğınların  sayı  və  coğrafiyası  daha  da  genişlənir.  Böyük 

Vedi  ətrafındakı  kəndlərə  bir  neçə  dəfə  Dronun,  Aramın,  Dəli  Kazonun  başçılıq  etdiyi  silahlı  quldur 

dəstələri  və  Bek-Primovun  daşnak  polku  hücumlar  edirlər.  Onlarla  kənd  yandırılır  və  camaat  qılıncdan 

keçirilir...  Son  anda  Vedibasar  rayonunun  əhalisi  tamamilə  məhv  edilməkdən  xilas  olmaq  üçün 

Abbasqulu  bəy  Şadlinskinin  "Mübariz  dəstə"si  ətrafında  birləşərək  silahlı  mübarizəyə  qoşulur. 

Müsəlmanları  qırmaqla  və  onlara  məxsus  evləri  talamaqla,  yandırıb  yerlə  yeksan  etməklə  məşğul  olan 

erməni  quldur  birləşmələri  vedibasarlılar  tərəfindən  darmadağın  edildikcə  geriyə,  əvvəlki  mövqelərinə 

çəkilməyə  məcbur  olurlar. Hətta  bir  dəfə  Abbasqulu bəyin  rəhbərlik  etdiyi taborçular  və  əli silah tutan 

dinc  əhali  hücuma  keçərək  erməni  qoşun  hissələrinin  "məskunlaşdıqları"  əvvəlki  mövqelərini  də  yarıb 

keçərək ermənilərin özlərinə paytaxt elan etdikləri İrəvanı təhlükə qarşısında qoyurlar. Həmin döyüşlərdə 

Abbasqulu  bəyin  rəhbərliyi  altında  ölüm-dirim  savaşında  olan  Xəlil  Mehdi  oğlu,  İbrahim  Fərzəliyev, 

Fərəməz bəy Mahmudbəyov, Yetim Əli oğlu Əkbər və başqaları çox böyük fədakarlıqlar göstərirlər. Bu 

döyüşlərdə vedibasarlıların da itkiləri az olmamışdı. Onlarla dinc əhali ilə yanaşı bir neçə bölük başçısı 

şəhid olmuşdu. 

Erməni  quldur  dəstələrinin  dinc  azərbaycanlı  əhalinin  başına  gətirdiyi  faciələrdən,  qırğınlardan 

"Azərbaycan" qəzeti 1918-ci il 4 noyabr tarixli sayında yazırdı: "Bütün Zaqafqaziyada erməni-müsəlman 

münasibətlərinin qurbanı olmuş İrəvan müsəlmanlarının sağ qalmış müsəlman əhalisini məhv olmaqdan 

xilas etmək üçün hər şey etməliyik, bu, bizim vətəndaşlıq borcumuzdur".  

Bu  ərəfədə  azərbaycanlıların  soyqırımına  hesablanmış  qırğınların  qarşısını  almağa  çalışan  türk  və 

ingilis  qoşunlarının  müdaxiləsi  də  heç  bir nəticə  vermədi.  Bölgədə  əmin-amanlıq  yaratmalı olan ingilis 

hərbçilərinin gözü qarşısında Gərnibasar mahalının daşnakların nəzarətində olan kəndlərinə köçüb gələn 

ermənilər  yer-yurd  olan  kimi  yerli  müsəlman  əhaliyə  qarşı  təqiblərə,  qətl  və  qarətlərə  başladılar. 

Müdafiəsiz  qalan  dinc  əhali  təhqir  və  təzyiqlərə  dözməyərək,  doğma  yurd-yuvalarını  atıb  Vedibasar 

mahalına  sığınırdı.  Beləliklə,  dinc  müsəlman  əhali  Abbasqulu  bəyin  ətrafında  birləşməklə  erməni 

daşnaklarına qarşı son damla qanına qədər vuruşmaq, ya qalib gəlmək, ya da elliklə şəhid olmağı qərara 

alır.  Bu  zaman  ermənilərin  Türkiyədə  dinc  türk  xalqına  vəhşicəsinə  divan  tutmaqda  ad  çıxaran  qisasçı 



Van və Sasun alayları Naxçıvan mahalını keçərək Culfa və Naxçıvan ərazisində yerləşir. Bundan bir neçə 

gün  sonra  Qaraxaça  iki  min  nəfərdən  artıq  Türkiyədən  qaçan  ermənilərdən  təşkil  olunmuş  "qaxdaqan" 

qoşunu gətirilir. Az sonra qonaq qalmaq adıyla Çimən kəndi yaxınlığına ermənilərin iki bölük atlı qoşun 

hissəsi  yerləşdirilir.  Bir  neçə  saat  sonra  Vedibasara  doğru  daha  üç  atlı  dəstənin  irəlilədiyi  məlum  olur. 

Bundan  sonra  erməni  silahlıları  Şahablı,  Qaraxaç  və  ətraf  kəndlərdə  axşamdan  başlanan  qırğını  gecə 

yarıya  kimi  davam  etdirirlər.  Əhalinin  yerə-göyə  sığmayan  vay-şivəni  səhərə  yaxın  kəsilir.  Abbasqulu 

bəy  gecə  yarısı  Böyük  Vedinin  əli silah tutan  kişilərini  ayağa  qaldırır.  Şahablıya  gedir,  Sultan xanın  və 

Kərbəlayı  İsmayılın  dəstələri  ilə  birləşərək  dinc  əhalinin  müdafiəsinə  qalxırlar.  Şahablı  kəndində  qanlı 

cinayət  törədən  erməni  qoşun  hissələri  mühasirəyə  düşərək  çoxlu  itki  verərək  qaçırlar.  Xeyli  itki  verən 

erməni əsgərlərin meyiti ilə yanaşı, bir neçə erməni zabitin, o cümlədən Böyük Vediyə hücum edən hərbi 

hissə komandiri Vahanın meyiti də döyüş meydanında qalır. Şahablı və Qədirli faciəsinin miqyası böyük 

idi. Bu kəndlərin çoxsaylı əhalisindən, eləcə də onlara sığınan qaçqınlardan, demək olar ki, bir nəfər də 

salamat qalmamışdı. Onlar od vurulan evlər, ot tayaları, kərmə qalaqları içərisində yandırılıb kül olmuş, 

ya  da  erməni  gülləsi  və  süngüsü  ilə  qətlə  yetirilmişdilər.  Bu  faciəyə  düçar  olmuş  minlərlə  əhalidən 

təsadüfən  orda-burda  gizlənmiş  tək-tək  adamlar  salamat  qalmışdı.  Erməni  quldur  dəstələrinin  bu  vəhşi 

əməlləri  barədə  Paris  Sülh  Konfransının  sədrinə  ünvanlanmış  16-19  avqust  1919-cu  il  tarixli  sənəddə 

yazılır: "Van", "Sasun" adları altında müxtəlif erməni hərbi hissələri müsəlman əhalini qılıncdan keçirdi, 

kəndləri toplardan və zirehli qatardan atəşə tutdular, öldürülənlərin qarnını yarıb, gözlərini oydular, bəzi 

cəsədləri  yandırdılar,  əhalini  taladılar,  ümumiyyətlə,  eşidilməmiş  vəhşiliklər  etdilər.  Yeri  gəlmişkən, 

Vedibasar  rayonunda  belə  bir  dəhşətli  fakt  da  baş  verdi  ki,  Qaraxaç,  Qədirli,  Qarabağlar,  Ağasıbəyli, 

Dəhnəz kəndlərinin kişilərini sonuncu nəfərə qədər qətlə yetirdilər". 

Erməni-daşnak  silahlı  birləşmələrinin  iki  il  ərzində  Böyük  Vediyə  və  onun  nəzdindəki  kəndlərə  beş 

dəfədən çox etdikləri irimiqyaslı hücumlar xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin rəhbərliyi altında 

və digər adlı-sanlı vətənpərvər vedibasarlılar tərəfindən iflasa uğradılsa da, bolşevik Rusiyasından dəstək 

alan  erməni  işğalının  qarşısını  almaq  mümkün  olmamışdır.  İstər  1917-1918-ci  illərdə,  istərsə  də 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dönəmində  və  sovet  hakimiyyətinin  ilk  illərində  erməni  millətçiləri 

tərəfindən  azərbaycanlıların  soyqırımına  hesablanmış  qırğınlar,  qətllər,  işgəncələr  və  torpaqlarımızın 

işğalı heç vaxt yaddan çıxmır, heç vaxt unudulmur. 



 

Rəhman SALMANLI. 

 

Yüklə 58,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə