Azərbaycan diLİNİn terminologiyasi



Yüklə 27,95 Kb.
tarix04.02.2018
ölçüsü27,95 Kb.
#24303
növüDərs

AZƏRBAYCAN DİLİNİN TERMİNOLOGİYASI

XX əsrin əvvəlləri Azərbaycan xalqının tarixində mürəkkəb ictimai-siyasi və mədəni hadisələrlə zəngin olan bir dövrdür. Ana dilində elmin inkişafı, elmi-kütləvi ədəbiyyatların, dərsliklərin çap edilib yayılması, xüsusilə, elmi üslubun formalaşması bu dövrlə bağlıdır. Elm və mədəniyyətin sürətli inkişafı, orta və ali məktəblərin təşkili, mətbuatın sayının artması, dərsliklərin, elmi əsərlərin Azərbaycan dilində yazılması dilin ictimai funksiyasının genişlənməsinə təkan verirdi. Lakin dövrün tələblərinə uyğun elmi dil yox idi. Ona görə də elmi əsərlərdə və dərsliklərdə terminləri ifadə etmək üçün ərəb və fars dillərinə məxsus o qədər söz və tərkiblər işlədilirdi ki,onları başa düşmək üçün xüsusi izahlar tələb olunurdu.

Həmin illərin tələbləri nəzərə alınaraq N.Nərimanovun təşəbbüsü ilə respublikada Azərbaycan dilində elmi dili formalaşdırmaq, tədris üçün dərsliklərin yaradılması və terminoloji işə rəhbərlik etmək, ədəbi dili inkişaf etdirmək üçün xüsusi orqan – Terminologiya Komissiyası təşkil olundu. Komissiyanın sədri Tağı Şahbazi təyin olundu. Komissiya həmin dövrdə lazımi ehtiyacları ödəmək məqsədi ilə müxtəlif sahələrə - riyaziyyat, coğrafiya, kimya, iqtisadiyyata aid bir sıra terminlər lüğəti hazırlanıb nəşr edildi. Bu illərdə Azərbaycan dilini ərəb-fars mənşəli sözlərdən təmizləmək üçün prinsiplər hazırlanırdı.

Təəssüf ki, bu dövrdə nəşr olunan terminoloji lüğətlər günün tələblərini ödəyə bilmirdi. Bu dövrdə terminologiyada aşağıdakı nöqsanlar diqqəti cəlb edirdi. 1. Azərbaycan dilində alınma terminlərin işlədilməsində müəyyən elmi prinsip gözlənilməmişdi. 2. Heç bir ehtiyac olmadığı halda ərəb və fars terminləri dilə qaytarılmışdı.3. Terminlər yaradılarkən onun birmənalı olmasına fikir verilməmişdi. 4. Bəzən eyni məfhumu ifadə etmək üçün müxtəlif terminlər işlədilmışdir.

Müstəqillik illərində ölkəmizdə uğurlu islahatların aparılması, elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi elm sahələrində terminoloji bazanın da inkişafına təsir göstərmışdir.

Elmin müxtəlif sahələrinə aid hər hansı bir əşya və ya mücərrəd anlayış məfhumunu bildirən söz və söz birləşmələri termin adlanır. Adi sözlərdən fərqli olaraq terminlər həmişə dəqiq bir mənaya, müstəqil və aydın məzmuna malik olur. Terminlər elmi üslubda daha çox işlənir. Elmin, texnikanın incəsənətin hər bir sahəsinin özünəməxsus terminologiyası vardır. Bura daxil olan terminlərin bir qismi ümumi orta bilik səviyyəsinə malik adamlara belə tanış olduğu halda, bəziləri çox vaxt ancaq həmin elmin mütəxəssislərinə, o elmi bilənlərə aydın olur. Azərbaycan dilində, eləcə də dünya dillərində alınma terminologiya daha geniş yayılmışdır. Həm şərq, həm qərb dillərinə aid terminlər dilimizdə milli terminologiyanı üstələyir. Bu da elmin beynəlxalq xarakterindən irəli gəlir. Bir çox terminlər var ki, dünyanın bir çox dillərində eynidir.

Elmin müxtəlif sahələri üzrə terminlərə aşağıdakıları misal göstərmək olar:

Riyaziyyat elmi üzrə: bölmə, vurma, toplama, tənlik, misal, kəsr, faiz, qalıq və s. Bunlar hamıya məlum olduğu halda, inteqral, diferensial və s. kimi terminlər ancaq riyaziyyat ixtisası üzrə çalışan insanlara məlumdur.

Həndəsə elmi üzrə: bucaq, üçbucaq, kvadrat, kub, piramida, paralel, perpendikulyar, romb, diaqonal, kor bucaq, iti bucaq və s. Bunlar ümumi xarakter daşıdığı halda, qipsometriya, qeptaqon (yeddi bucaq) kimi terminlər ancaq mütəxəssislərə məlumdur.

Fizika elmi üzrə: atom, elektron, elektrik, gərginlik, cərəyan şiddəti, voltmetr, transformator və s. Bu terminlər demək olar ki, çox adama məlumdur. Kvant mexanikası, astiqmatizm, aberrasiya və s. kimi terminlər ancaq mütəxəssislərə məlum olur.

Kimya elmi üzrə: karbon, hidrogen, reaksiya, neft, benzin, benzol, metan, etan, kauçuk, sintetika və s.

Humanitar elmlərin də özünə aid terminləri vardır. Bu sahəyə aid terminlər nisbətən daha kütləvi xarakter daşıyır. Lakin burada da, ancaq mütəxəssislərin bildiyi terminlər az deyildir. Tarix elminə dair terminlər: inqilab, xalq. millət, kapitalizm, feodalizm, quldarlıq, sinif, təbəqə, imperializm, çevriliş və s.



Dilçilik elmi üzrə: sifət, əvəzlik, fonetika, omonim, sinonim, antonim, morfologiya, sintaksis, substantivləşmə, adverbiallaşma və s.

Ədəbiyyat elmi üzrə: roman, povest, hekayə, süjet, kompozisiya, vəzn, qafiyə, əruz, metonimiya, təşbeh, fabula və s.

Fəlsəfə elmi üzrə: obyekt, subyekt, varlıq, materializm, materiya, idealizm və s.

Elə sözlər var ki, yalnız elmi mətndə termin kimi işlənir, digər mətnlərdə ümumişlək söz olur. Məsələn, güc, xəbər, sifət, qüvvə, səs, dalğa, şüa. enerji və s.

Dilimizin öz sözləri və qayda-qanunları əsasında yaranan terminlər də var. Bir zamanlar terminləri ancaq ana dili materialları əsasında yaratmaq meylləri də olmuşdur. Onlar yeni terminlərin yaradılmasının əsas yolunu bütün terminlərin əvvəlinin, yaxud axırının Azərbaycan dilinin qrammatik qanunlarına uyğun bir formaya salınmasında görürdülər. Odur ki, terminologiyada işlənən ərəb-fars sözlərinin yerinə "azərbaycanca sözlər" in qoyulması prinsipi əsas götürülürdü. Nəticədə lüğətlərdə Azərbaycan dilində çoxdan işlənən terminlər süni – mənası dərk edilməyən sözlərlə əvəz olunmuşdur. Belə bir təşəbbüs birtərəflidir. Çünki elmin inkişafı və müxtəlif elmi sahələrin artması və yüksəlişi, xüsusilə, müasir dövrdə ümumbəşəri xarakter daşıyır. Elmin, texnikanın mədəniyyətin inkişafında dünya xalqlarının, birinci növbədə yüksək mədəniyyətə malik olan xalqların müəyyən payı vardır. Odur ki, terminoloji leksikanın beynəlmiləl mahiyyəti mənfi deyil, müsbət hadisədir.

Əvvəllər ölkəmizdə terminoloji mühiti nəzarətdə saxlamaq mümkün idi. Çünki həmin vaxtlar xarici dillərdən tərcümə olunan materialların həcmi böyük deyildi, tərcümə prosesinə ciddi nəzarət olunurdu, çap materialları, xüsusilə, dərslik və dərs vəsaitləri müxtəlif səviyyəli ekspertizalardan keçirdi. Ancaq son zamanlar ölkəmizdə xarici KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatların xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşmişdir. Bütün bunlar göstərir ki, qloballaşma şəraitində zamanın tələblərinə uyğun Azərbaycan dilinin qorunması və inkişafı prosesində Terminoloji Komissiyanın vəzifələri daha da artmışdır.

TERMİNLƏRİN ALINMA YOLLARI VƏ MƏNŞƏYİ

Əvvəlki dövrlərdə olduğu kimi, müstəqillik dövründə də elm və texnikanın müxtəlif sahələri üzrə terminlərin yaranması üç istiqamətdə gedir:

1. Dilin daxili imkanları əsasında termin yaradıcılığı

2. Beynəlxalq terminologiyaya əsaslanan termin yaradıcılığı

3. Türk dillərinin təsiri ilə termin yaradıcılığı

Birinci və üçüncü istiqamətlərdə terminlər yalnız bir dil əsasında yaranırsa, ikinci istiqamətdə isə terminlər müxtəlif dünya dillərindən alınır.

Terminlərin çoxu alınma mənşəli olur. Əlbəttə, milli mənşəli terminlər də az deyil. Belə terminlər daha çox humanitar ( dilçilik, tarix, fəlsəfə, ədəbiyyatşünaslıq) elm sahələri üçün xarakterikdir. Elm beynəlmiləl xarakter daşıdığı üçün terminlər daha çox alınma sözlərdən ibarət olur. Elə anlayışlar da var ki, onlar həm milli, həm də alınma terminlərlə ifadə olunur. Terminlərin paralel işlənməsinə dair nümunələr:

proteza – səs artımı

assimilyasiya – səs uyuşması

dissimilyasiya – səs fərqləşməsi

mübaliğə - şişirtmə

təşbeh – bənzətmə

Bəzi anlayışlar da var ki, onlar həm ərəb-fars, həm də Avropa mənşəli terminlərlə ifadə olunur.

məsafə - interval

düstur – formul

ərazi – region

fəal – aktiv

inkişaf – dinamika

rəmz – simvol

istilah – termin

kinayə - ironiya – sarkazm

Qeyd etmək lazımdır ki, bu terminlərin çoxu son illərin mətbuatında paralel işlənməkdədir. Təbii ki, müəyyən tarixi şərait bu cür paralelliyi aradan qaldıracaq, ya da təbii seçmə nəticəsində uyğun olan variantın işlənməsinə üstünlük veriləcəkdir. Məsələn, "tendensiya" beynəlmiləl termindir, tələffüzü bir qədər çətindir, lakin publisistik üslubda ondan geniş istifadə olunur. Onunla paralel işlənən "ənənə" termini ərəb mənşəli söz olaraq dilə daha yatımlıdır. Bu müqayisəni potensial – imkan, informasiya – məlumat, teoriya – nəzəriyyə terminləri üçün də söyləmək olar.

Son dövrlərdə terminologiyanın zənginləşməsində yeni yaranan və kəmiyyətcə çox olan iqtisadi terminlərin böyük rolu var. Məsələn:

İpoteka – (yunanca hupoteka-girov) kredit almaq məqsədilə daşınmaz əmlakın, əsasən, torpaq və tikililərin girov qoyulması. İpoteka girovun elə formasıdır ki, girov qoyulan əmlak kreditora keçmir, borc alanda qalır.

Diskreditasiya – (fransızca discçediter sözündəndir, etibardan salmaq deməkdir) iqtisadi subyektin ona olan inamdan məhrum edilməsinə, onun nüfuzdan salınmasına və imicinin korlanmasına yönəlmiş qəsdən edilən fəaliyyətdir.

Depozit – (latınca depositum sözündəndir, saxlanmağa verilmiş əşya mənası daşıyır) kredit təşkilatına saxlanmağa verilmiş qiymətli kağızlar və pul vəsaitləri.

Termin yaradıcılığında yunan və latın dillərinə məxsus sözlərə üstünlük verilməsinin bir sıra səbəbləri vardır. Əvvəla, bu müəyyən tarixi ənənə ilə bağlıdır. ikincisi, fikir daha dəqiq, aydın və variantsız ifadə edilir, üçüncüsü, ölü dillər hesab olunan yunan və latın dilləri inkişafdan qaldığı üçün dil elementləri sabitliyini qoruyub saxlayır və həmin elementlərdən müxtəlif linqvistik sistemli dillərdə eyni şəkildə istifadə edilir.

Avropa dillərindən alınaraq dilimizdə işlənən terminlərin kəmiyyətcə artımı müstəqillik illərində daha çox müşahidə olunur. Müxtəlif sahələri əhatə edən bu yeni terminlər, əsasən, dilimizin fonetik, leksik, qrammatik normalarına uyğun olaraq işlənir. 1920-ci ildən 1990- cı ilədək termin yaradıcılığında rus dilindən və onun vasitəsilə başqa dillərdən termin alınması prosesi güclü idisə, 1990 –cı ildən sonra Qərbi Avropa, xüsusilə ingilis dilindən alınan terminlər üstünlük təşkil edir. Müstəqillik dövründə dildə özləşmə, yəni alınma sözlərin milli sözlərlə əvəz olunması meyli müşahidə olunur. Bu baxımdan türk dillərinin, xüsusilə Türkiyə türkcəsinin təsiri hiss olunur.

Ana dilimizin dövlət dili səviyyəsinə yüksəldiyi, saflığının qorunub saxlanması uğrunda mübarizənin aparıldığı bir dövrdə Azərbaycan dilinin daxili imkanları əsasında termin yaratmaq, hətta ən mürəkkəb elmi anlayışları belə ifadə etmək mümkündür.




Yüklə 27,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə