Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 479,28 Kb.
səhifə1/6
tarix04.11.2017
ölçüsü479,28 Kb.
#8571
  1   2   3   4   5   6


AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

________________________________________________________________
MAGİSTR MƏRKƏZİ

Əlyazması hüququnda


SƏMƏDOV NƏBİ İLHAM oğlu
AZƏRBAYCAN RESPUBLİKASINDA TƏTBİQ OLUNAN

VERGİ REJİMİNİN İNVESTİSİYA MÜHİTİNƏ TƏSİRİ”

mövzusunda
MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı: 060403 – Maliyyə

İxtisasın şifri və adı: Vergi və vergiqoyma

Elmi rəhbər: Magistr proqramının rəhbəri:

i.e.n. A.Ə. QUBADOVA Dos. R.A.SALAYEV

______________________ ______________________
Kafedra müdiri:

i.e.d.Ə.Ə.ƏLƏKBƏROV

______________________

BAKI – 2016
MAGİSTR DİSSERTASİYASININ İŞ PLANI

Magistr dissertasiyasının mövzusu “AZƏRBAYCAN RESPUBLİKASINDA TƏTBİQ OLUNAN VERGİ REJİMİNİN İNVESTİSİYA MÜHİTİNƏ TƏSİRİ”
GİRİŞ……………………………………………………..……………………… 3
I FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ

SİSTEMİ VƏ VERGİLƏRİN STİMULLAŞDIRICI

FUNKSİYALARININ NƏZƏRİ MƏSƏLƏLƏRİ……………..….......…..……6

    1. Azərbaycan Respublikasının vergi sistemi...................................................6

1.2. Müasir şəraitdə vergitutma prinsiplərinin modifikasiyası…….....…........12

1.3. Vergilərin fiskal və stimullaşdırıcı funksiyalarının sintezi…....….……....29
II FƏSİL. AZƏRBAYCANDA ƏLVERİŞLİ İNVESTİSİYA

MÜHİTİNİN FORMALAŞMASINDA STİMULLAŞDIRICI

VERGİ SİSTEMİNİN ROLU…………..…................................................……..36

2.1. İnvestisiya anlayışının mahiyyəti və investisiya mühiti...............................36

2.2. Azərbaycan Respublikasının investisiya siyasətinin

əsas xüsusiyyətləri və dövlət tənzimlənməsi.................................................44

2.3. Azərbaycan Respublikasında istehsalın inkişafının tənzimlənməsi ..........50
III FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA STİMULLAŞDIRICI

VERGİ SİSTEMİNİN ƏSAS İSTİQAMƏTLƏRİ…………….............…….....60

3.1. Stimullaşdırıcı vergi sisteminin formalaşmasında

dövlətin vergi siyasətinin əsas istiqamətləri...............................................60

3.2. Stimullaşdırıcı vergi sisteminin təkmilləşdirilməsi istiqamətləri……....….74

NƏTİCƏ…………………………………………………………..….…….….…..81

ƏDƏBİYYAT……………………………………………….………………...…..86

Resume

Summary

Magistrant:_________________________________________________________
Elmi rəhbər:________________________________________________________

GİRİŞ

Mövzunun aktuallığı. Müstəqillik bərpa edildikdən sonra Azərbaycan Respublikasında bazar münasibətlərinin formalaşması və azad sahibkarlığın inkişafı üçün şəraitin yaradılması zərurəti ilə əlaqədar vergilərə olan münasibət kökündən dəyişdi. Yeni iqtisadi münasibətlər şəraitində vergi sistemi iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin ən başlıca və sivil alətlərindən birinə çevrildi.

Azərbaycan iqtisadiyyatının müasir dövrdə investisiya siyasəti dövlət tənzimlənməsinin vacib vasitələrindən biri olmaqla, həm də həyata keçirilən islahatların ideologiyası kimi strateji istiqamətlərindən birini təşkil edir. İnvestisiya siyasəti iqtisadiyyatın həm üfuqi, həm də şaquli oxlarını əhatə edərək daha əhəmiyyətli mövqelərdən birini tutur. Hazırda investisiya siyasəti ölkənin spesifik xüsusiyyətlərini nəzərə almaqla məqsədli proqramlar formasında həyata keçirilməlidir. Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amillərindən biri olan investisiya resurslarının müəyyən edilməsi və onun prioritet sahələr üzrə optimal paylanması aktual iqtisadi məsələlərdən biri olub iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsinin əsasını təşkil edir.

Stimullaşdırıcı vergi sisteminin investisiya mühitinə təsiri məsələlərinə vergitutma mövqeyindən yanaşılması problemləri bu günə kimi tam araşdırılmamışdır. Əslində, iqtisadiyyatda geniş təkrar istehsalın bərpası və genişləndirilməsi baxımından vergi sisteminin investisiya axınlarına təsiri məsələləri mühüm əhəmiyyət kəsb edir.

İnvestisiya problemləri ilk növbədə investisiya resurslarının formalaşması ilə əlaqədar olub daxili və xarici investisiyaların cəlb olunmasını, cəlb olunma prosesinin sürətləndirilməsini və investisiya resurslarından səmərəli istifadə olunması üçün əlverişli investisiya mühitinin, xüsusilə də vergi mühitinin formalaşmasını tələb edir. Əlverişli investisiya mühitinin formalaşması, cəlb olunmuş daxili və xarici investisiya resurslarının milli iqtisadiyyatın prioritet istiqamətlərində səmərəli istifadə olunması məsələləri Azərbaycan iqtisadiyyatının aktual problemlərindən biridir.



Problemin öyrənilməsi səviyyəsi. Dissertasiya işinin qarşısında qoyulmuş məqsəd və vəzifələrə nail olmaq üçün Azərbaycanın bu sahədəki təcrübəsi və bununla bağlı problemlərə həsr olunmuş tədqiqatları öyrənilmişdir. Belə ki, vergi rejiminin investisiya mühitinə təsirinin qiymətləndirilməsi məsələləri Azərbaycan alimləri Həsənli M., Bağırov D., Xankişiyev B., Kəlbiyev Y., Rzayev İ., Məhərrəmov R. və b. tərəfindən araşdırılmışdır.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi Azərbaycanda mövcud olan vergi mühitinin investisiyalara təsirini qiymətləndirməkdən ibarətdir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həlli məqsədəuyğun hesab edilmişdir:

- Azərbaycanda vergi sisteminin formalalaşması və inkişafı meyllərinin müəyyən edilməsi;

- pespublikamızda vergitutuma prinsiplərinin və vergilərin funksiyalarının təhlil edilməsi;

- əlverişli investisiya mühitinin formalaşmasında stimullaşdırıcı vergi sisteminin rolunun tədqiqi;

- investisiya siyasətinin dövlət tənzimlənməsi məsələlərinin araşdırılması;

- stimullaşdırıcı vergi siyasətinin formalaşması istiqamətlərinin müəyyənləşdirilməsi.

Tədqiqatın obyektini milli iqtisadiyyata investisiya qoyuluşunun dinamikasına təsiri konstektində dövlətin vergi sistemi, predmetini isə hazırda Azərbaycanda mövcud olan vergitutma rejiminin investisiya mühitinə təsiri ilə bağlı yaranan kompleks nəzəri-metodoloji məsələlər təşkil edir.



Tədqiqat işinin nəzəri və metodoloji əsaslarını Azərbaycanın iqtisad məktəbinin investisiya yönümlü stimullaşdırıcı vergi sisteminin formalaşması və vergi rejiminin investisiya mühitinə təsirinin müəyyən edilməsi sahəsində nəzəri baxışları, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, Azərbaycan Respublikası İqtisadi İnkişaf tərəfindən hazırlanmış və təsdiq edilmiş normativ-hüquqi aktlar, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən hazırlanmış metodiki vəsaitlər təşkil edir.

Tədqiqat zamanı informasiya bazası kimi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin illik hesabatları, Vergilər Nazirliyinin rəsmi materialları, İnternet şəbəkəsində mövzuya uyğun elektron resurslar təşkil etmişdir.

Tədqiqatın elmi yeniliyi aşağıdakılardır:

- Azərbaycanda vergi sisteminin yaranması və inkişafı mərhələləri nəzərdən keçirilmişdir;

- müasir şəraitdə vergitutma prinsiplərinin təhlili aparılaraq onların modifikasiyaları müəyyən edilmişdir;

- vergilərin əsas fiskal və stimullaşdırıcı funksiyalarının sintezi məsələləri tədqiq edilmişdir;

- Azərbaycan Respublikasında investisiya siyasətinin əsas xüsusiyyətlərinin təhlili əsasında istehsalın inkişafının əsas istiqamətləri müəyyən edilmişdir;

- investisiya yönümlü stimullaşdırıcı vergi siyasətinin formalaşmasının əsas istiqamətləri təklif olunmuşdur.



Tədqiqatın praktiki əhəmiyyəti tədqiqatdan irəli gələn elmi nəticə və müddəalardan əlverişli investisiya mühitinin formalaşmasına imkan verın səmərəli vergi sisteminin formalaşmasında istifadə etməkdən ibarətdir.

Tədqiqat işinin həcmi və strukturu. Təqdim edilmiş dissertasiya işi giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Dissertasiya işinin mətni __ səhifədən ibarətdir.

I fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ

SİSTEMİ VƏ VERGİLƏRİN STİMULLAŞDIRICI

FUNKSİYALARININ NƏZƏRİ MƏSƏLƏLƏRİ
1.1. Azərbaycan Respublikasının vergi sistemi
Siyasi və iqtisadi müstəqilliyə nail olmuş Azərbaycan Respublikasında tənzim olunan bazar iqtisadi sisteminin formalaşması və gələcək inkişafı bu sistemə adekvat vergi sisteminin yaradılmasını tələb edirdi. Etiraf edilməlidir ki, əvvəllər vergi sistemi son dərəcə dolaşıq idi. Vergi sistemi qeyri-mükəmməl formalaşmış, müstəqil olmamış, 1990-cı ilin iyul ayında Maliyyə Nazirliyinin tərkibində yaradılmış və onun tərəfindən həyata keçirilmişdir. Respublikamız iqtisadi müstəqillik əldə etdikdən sonra yeni sistemin formalaşdırılması naminə və dövlət qiymət intizamına əməl edilməsi üzərində nəzarət sistemini daha da təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 14 oktyabr tarixli 369 saylı fərmanı ilə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi, Naxçıvan Muxtar Respublikası, rayon və şəhərlərdə vergi müfəttişlikləri yaradılmışdır. Dövlət vergi sistemi orqanlarının vəzifələrini, hüquqlarını və məsuliyyətini, vergi sisteminin təşkilini, dövlət vergi sistemi işçilərinin hüquqi vəziyyətini və sosial müdafiəsini müəyyənləşdirmək məqsədilə 21 iyun 1992-ci ildə isə “Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanuna əsasən dövlət vergi orqanlarının vəzifəli şəxsləri vergi sistemi orqanlarına tapşırılmış vəzifələrə uyğun olaraq yüksək mənəvi keyfiyyətlərə və prinsipiallığa malik olmalı, vergi qanunvericiliyinin pozulması hallarına qarşı barışmaz mövqe tutmalı, özlərinin peşə biliklərini düzgünlük və ədalət prinsipləri əsasında qurmalıdırlar. Dövlət vergi sistemi orqanlarının vəzifəli şəxsləri qanunçuluğu, xidmət intizamını pozmamalı, qanuna zidd hərəkətlərə yol verməməli, qanunvericilik aktlarını rəhbər tutmalı və onlara ciddi əməl etməlidir.

“Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ilk dəfə olaraq ölkənin vergi sisteminin qurulmasının ayrı-ayrı prinsipləri, onun strukturu və tərkibi, həmçinin vergi ödəyicilərinin və vergi orqanlarının hüquqları, vəzifələri və onların məsuliyyəti qanunvericiliklə müəyyən edilmişdi.

Qısa müddət ərzində formalaşan Azərbaycan Respublikasının vergi sistemi faktiki olaraq Rusiya Federasiyasının və bir sıra qərb ölkələrinin vergi sistemindən götürülmüşdü, ona görə də ölkə iqtisadiyyatının keçid dövrünün bütün xüsusiyyətlərini nəzərə ala bilməzdi. Vergi sisteminin qurulmasının qanunvericiliklə təsbit edilmiş ayrı-ayrı prinsipləri vahid tam halında, vahid prinsiplər sisteminə uyğunlaşdırılmamış və mümkün qədər minimum itkilərlə onun daha tez inkişafının təmin olunmasına yönəldilmişdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli “Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında” fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam həcmdə yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılmışdır [15].

Dövlət özünün idarəetmə sistemini qurarkən hər bir sahəni qanunlar çərçivəsinə salmalı və bu sahələrin idarə edilməsi üçün qanunlar toplusu olan məcəllələr təsdiq etməlidir. Azərbaycan Respublikasında da müxtəlif növ vergilərin tətbiqi və yığılması məqsədilə 1992-ci ildən müxtəlif vergi qanunları təsdiq və tətbiq edilmiş,bu qanunlar 9 il ərzində, 2001-ci il yanvarın 1-dək qüvvədə olmuşdur. Ölkə prezidenti 1998-ci ilin noyabr ayında keçirilmiş Nazirlər Kabinetinin geniş iclasında Vergi Məcəlləsinin ən qısa müddətdə hazırlanıb qəbul edilməsini Respublika hökumətinə, iqtisadi orqanların rəhbərlərinə tapşırdı. Vergi Məcəlləsi prezident tərəfindən 2000-ci il 11 iyul tarixində qəbul edilmiş “Azərbaycan Respublikası Vergi məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edildi və 2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə mindi [15,17].

Müasir vergi sisteminin yaranma tarixi elə də qədim olmayan Azərbaycan Respublikasının vergi sisteminə nəzər salaq.

Azərbaycan Respublikasının vergi sistemi müstəqilliyimiz elan edildikdən sonra,1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərində təşəkkül tapmağa başlamışdır [15, 16].

Bu təşəkkül prosesini 3 mərhələyə ayırmaq olar:

1991-1992ci illəri əhatə edən 1-ci mərhələdə əsasən gəlirlərə və xərclərə qoyulan vergilər haqqında qanunlar qəbul edilmişdir. 1991-ci ilin dekabrında “Əlavə dəyər vergisi” və ”Aksizlər” haqqında, 1992-ci ilin iyununda “Hüquqi şəxslərin mənfəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər” və “Fiziki şəxslərdən gəlir vergisi” haqqında, 1992-ci ilin ortalarından başlayaraq respublikanın müstəqil vergi xidməti orqanı formalaşmağa başladı [15].

1993-1996-cı illəri əhatə edən ikinci mərhələdə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq bir sıra yeni vergi növləri haqqına qanunlar qəbul edilmiş, onların normativ-hüquqi bazası yaradılmışdır. Başqa sözlə, 1993-ci ilin fevralında “Torpaq vergisi”, 1995-ci ilin martında “Əmlak vergisi” və “Mədən vergisi”, 1996-cı ilin dekabrında “Dövlət yol fonduna vergilər” haqqında qanunlar qəbul edilmiş, vergi qanunlarının tədbiqi ilə bağlı təlimatlar, əsasnamələr işlənib hazırlanmışdır [16, 17].

1996-cı ilin sonu 2000-ci il də daxil olmaqla son dövrü əhatə edən 2-ci mərhələdə cəmiyyətdə və iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərindən asılı olaraq əvvəlki mərhələdə qəbuı edilmişqanunların təkmilləşdirilməsi istiqamətində işlər aparılmış, müvafiq vergi qanunlarında dəyişikliklər və düzəlişlər edilmiş, Respublika Prezidenti 1999-cu ilin yanvarında bilavasitə vergi orqanlarına da aidiyyatı olan “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanı imzalanmışdı. Bu mərhələnin yekunu kimi 2000-ci ilin iyulunda “Vergi Məcəlləsi”nin qəbul edilməsini göstərmək olar [15].

Hər bir ölkədə istifadə olunan vergilər həmin ölkənin vergi sistemini təşkil edir. Vergi sistemi ölkədə istifadə olunan bütün vergi növlərinin məcmusuna deyilir. Vergi sistemi heç bir ölkədə bir gündə təşkil olunmamışdır. Müəyyən dövr ərzində vergilərin inkişafı və formalaşması ilə vergi sistemi də formalaşmış və inkişaf etmişdir. Vergi sisteminin inkişafında iqtisadiyyatın pul iqtisadiyyatına çevrilməsi, istehsal və məşğulluq normasının yüksəlməsi, istehsalın bazar iqtisadiyyatındakı tələbin ödənilməsinə uyğun olaraq həyata keçirilməyə başlanması, biznesin inkişafı və genişlənməsi çox böyük rol oynamışdır. Maliyyə statistikası ilə (bu statistik göstəricilər beynəlxalq maliyyə institutları tərəfindən hesablanır və yazılır) yaxın tanış olduqda görərik ki, inkişaf etmiş ölkələrdəki vergi sistemləri ilə bu ölkələrin iqtisadi və sosial vəziyyətləri arasında çox böyük uyğunluq və əlaqə möcuddur. Vergi sisteminin mükəmməllik səviyyəsi ölkənin sosial – iqtisadi inkişafını müəyyən edən göstəricilərdəndir. Vergi sistemini təşkil edən vergilərin tətbiqi və vergiqoyma taktikası iqtisadi və sosial strukturla sıx əlaqədardır. Ona görə də həyata keçirilən vergi siyasətinin reallığa uyğun olması, istifadə edilən vergilərlə bu vergilərin mahiyyəti arasındakı uyğunluğun qorunması vacibdir.

İnkişaf etmiş iqtisadiyyatlar yüksək sənayeləşmə və maddi nemətlər normasına nail olmuş iqtisadiyyatlardır. Ona görə də bu ölkələrdə həyata keçirilən vergi siyasəti ilə zəif inkişaf etmiş ölkələrdəki vergi siyasəti bir – birindən xeyli fərqlənir.

Yüksək inkişaf etmiş, sənayeləşmiş bazar iqtisadiyyatı ölkələrinin vergi sistemində gəlir vergisi hakim mövqe tutur. Ümumi gəlir vergisi şəxsi gəlir vergisi və hüquqi şəxslərin, yaxud təşkilatların gəlir vergilərindən ibarətdir. Yüksək iqtisadi inkişaf etmiş sənaye ölkələrində gəlir vergisinin ümumi vergi gəlirləri içərisində payı müxtəlif ölkələr üzrə 55 – 60% arasında dəyişir. Vergi gəlirlərinin yerdə qalan hissəsini xərclərdən tutulan gəlirlər təşkil edir. Vergi gəlirlərinin Amerika Birləşmiş Ştatları vergi gəlirləri tərkibindəki payı 75% - dir ki, bu da dünya üzrə ən yüksək göstəricidir. Bu ölkələrdə gəlir vergisinin əsas hissəsini şəxsi gəlir vergiləri təşkil edir. Vergi mükəlləflərinin müxtəlif mənbələrdən əldə etdiyi gəlirlər toplanır və toplanmış gəlirlərə artan faizli gəlirlər tətbiq edilir [14-16].

Ümumiyyətlə, vergi sistemindən söhbət gedərkən qeyd etmək lazımdır ki, dörd cür vergi sistemi mövcuddur [14]:


  1. Proqressiv (mütərəqqi) vergi sistemi;

  2. Reqressiv (qeyri – mütərəqqi) vergi sistemi;

  3. Qarışıq vergi sistemi;

  4. Proporsional vergi sistemi.

Hər bir ölkədə müvafiq olaraq bu vergi sistemlərindən biri qəbul olunur və fəaliyəti tə’min edilir. Dünya ölkələri üzrə ən çox istifadə olunan və geniş yayılmış vergi sistemi proqressiv vergi sistemidir. Proqressiv vergi sisteminin mahiyyəti ondan ibarətdir ki, vergi mükəlləfləri olan hüquqi və fiziki şəxslərin gəlirləri artdıqca, gəlir vergisinə tətbiq edilən vergi dərəcəsi də artırılır. Bu sistemin tətbiqi şəraitində dövlət minimum və maksimum vergi faizləri dərəcəsini müəyyən edir. İstehsalçılar və digər gəlir sahibləri üçün stimullaşdırıcı olmayan belə vergi sisteminin tətbiqi dövlətin gəlirinin artırılmasını təmin edir. Yəni iqtisadi inkişaf şəraitində iqtisadiyyatda şəxslər tərəfindən daha çox pul qazanılmasını və bu qazancın artırıldığını nəzərə alsaq proqressiv vergi sisteminin tətbiq olunmasının dövlətə gətirdiyi mənfəətin xeyli artması tam aydın olur. Bu sistem şəraitində hər bir dövlət nə qədər gəlirdən neçə faiz gəlir vergisi tutulmasını ayrıca müəyyən edir. Yəni bu faiz dərəcəsi ölkələr üzrə müxtəlifdir. Proqressiv vergi sisteminin bir sıra mənfi cəhətləri olsa da, bu sistem müasir dünya iqtisadiyyatında geniş tətbiq edilir [14].

İkinci vergi sistemi reqressiv vergi sistemidir ki, bu da mahiyyət etibarı ilə proqressiv sistemin əksidir. Yəni reqressiv vergi sistemində şəxslərin gəlirləri artdıqca tətbiq edilən gəlir vergisinin faizi aşağı salınır. Bu vergi sistemi istehsalı və şəxsi gəllir artımını həvəsləndirsə də, müasir inkişaf etmiş ölkələr bu sistemi tətbiq etmirlər. Bu sistemin tətbiqi ilə dövlət vergiqoymada və gəlir bölgüsündə bərabərlik prinsipini həyata keçirə bilmir. Lakin bu sistemin müsbət xüsusiyyətləri var. Bu sistemin ən çox zəif inkişaf ölkələrdə tətbiq edilir [18].

Üçüncü vergi sistemi isə qarışıq vergi sistemidir ki, bu sistem nisbətən çox tətbiq olunur. Bu sistemin mahiyəti ondan ibarətdir ki, gəlirin artıb – azalmasından asılı olmayaraq vergi faizi ya dəyişmir və bütün gəlir vergisi bu faizlə toplanır, ya da müəyyən həddə qədər artır və sonra azalır, yaxud bunun əksinə olur [18].

Əgər gəlirlərin artıb – azalmasından asılı olmayaraq vergi dərəcələri dəyişirsə, bu halda vergi sisteminə proporsional sistem deyilir ki, bu da sonuncu vergi sistemidir.

Yüksəki iqtisadi inkişafa nail olmuş ölkələrin vergi sistemləri ilə zəif inkişaf etmiş ölkələrin vergi sistemləri bir – birindən xeyli fərqlənir. Zəif inkişaf etmiş ölkələrdə istehsal norması, milli gəlirin norması və xərc norması aşağıdır.

Bu ölkələrin istehasl potensialı az, şəxslərin xərcləri içərisində vergiyə cəlb oluna biləcək xərclərin payı əhəmiyyətsizdir. Zəif inkişaf etmiş ölkələrdə həmçinin milli gəlir şəxslər, bölmələr və bölgələr arasında qeyri – bərabər surətdə bölünmüşdür. Ona görə də zəif ikişaf etmiş ölkələrdə gəlir vergisinin ümumi vergi gəlirləri içərisindəki payı çox azdır. Belə olan halda, orta milli gəlir normasının aşağı olması və adambaşına düşən verginin toplanmasına əngəl olur. Deməli, zəif inkişaf etmiş ölkələrdə güclü vergi siyasətinin olmaması belə bir vəziyyətin yaranmasına gətirib çıxarır [14-15].

Hazırkı dövrdə Azərbaycan Respublikasının vergi sistemi ölkənin təsərrüfat mexanizminin fəaliyyətini təmin edir, dövlətin təxirəsalınmaz ehtiyaclarını maliyyələşdirməyə imkan verir, büdcə kəsirinin artımının qarşısını alır, ümumiyyətlə bazar iqtisadiyyatına keçidin bütün tələblərinə cavab verir [18-19].

Müasir şəraitdə respublikanın bazar iqtisadiyyatının tələblərinə əsaslanan vergi sisteminin əsas vəzifələri aşağıdakılardır:



  • gəlirlərin büdcəyə tam və vaxtında səfərdər edilməsini təmin etmək, əks halda dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsi qeyri-mümkün olar;

  • əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin yenidən bölüşdürülməsi və formalaşması xüsusiyyətlərini nəzərə almaqla istehsal və istehlakın həm xalq təsərrüfatı, həm də onun ayrı-ayrı sahələri üzrə tənzimlənməsi üçün şəraitin yaradılması.

Azərbaycanın müasir vergi sistemi yaradılarkən bir sıra çətinliklərlə üzləşmişdir. Əvvəla o, əsasən fiziki şəxsləri əhatə edən vergi münasibətlərinin zəif inkişafı şəraitində formalaşmışdı. İkincisi, təsərrüfat subyektlərinin vergilərə heç də müsbət olmayan münasibəti ciddi uçot nəzarəti tələb edirdi. Üçüncüsü, ölkədə dəqiq vergi siyasəti işlənib hazırlanmamışdı. Dördüncüsü, ölkədə vergitutma sahəsində elmi məktəb, təcrübə demək olar ki, yox dərəcəsində idi [15].

Lakin zaman keçdikcə bu çətinliklər tədricən aradan qaldırılmış, ölkənin vergi sisteminin təkmilləşdirilməsi, onun inkişaf etmiş ölkələrin vergi sisteminə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

Azərbaycan Respublikasının müasir vergi sisteminə aşağıdakı xarakterik əlamətlər xasdır:


  • ayrı-ayrı qanunvericilik aktlarına deyil, hüququi əsasa arxalanır, yəni məcmu ictimai məhsulun bir hissəsinin yenidən bölüşdürülməsi ilə bağlı bütün maliyyə münasibətlərini əhatə edir;

  • vergi ödənişlərinə vergi orqanları tərəfindən vahid nəzarət həyata keçirilir;

  • vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalari arasında vergi yükünün ədalətlə bölüşdürülməsini təmin edir;

  • xarici ölkələrin təcrübəsinin nəzərə alınması beynəlxalq inteqrasiya proseslərinə qoşulmağa imkan verir.

Azərbaycan Respublikasının vergi sistemi digər ölkələrin vergi təcrübəsində işlənib hazırlanmış prinsiplər nəzərə alınmaqla vergitutmanın klassik prinsipləri əsasında formalaşmışdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən ölkənin vergi sisteminin əsasında aşağıdakı prinsiplər durur [2]:



  • vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır;

  • vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır;

  • heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz;

  • vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz;

  • mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır;

  • Azərbaycan Respublikasının vergiləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə həyata keçirilir;

Heç şəxsin üzərinə Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz [2].

Yüklə 479,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə