Azərbaycan döVLƏt neft akademiyasi



Yüklə 106 Kb.
tarix14.10.2017
ölçüsü106 Kb.
#4904


AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI


FAKÜLTƏ:İqtisadiyyat,Beynəlxalq İqtisadi Münasibətlər və Menecment

KAFEDRA:Neft emalı,neft-kimya sahələrinin iqtisadiyyatı və menecment

QRUP: 707-8

“Menecmentin əsasları”

fənnindən

K U R S İ Ş İ




MÖVZU: ”Menecmentin əsas(klassik və müasir) prinsipləri”


TƏLƏBƏ: Əmmayev Təbriz

RƏHBƏR: İmran A.M

NORMA NƏZARƏTÇİ: Dadaşova N.N

KAFEDRA MÜDİRİ: Əliyev T.N
BAKI-2010

Menecmentin əsas (klassik və müasir ) prinsipləri



MÜNDƏRİCAT
Giriş.............................................................................................................................2

1.”Menecmentin prinsipi” anlayışı və mahiyyəti........................................................3

2.Menecmentin klassik prinsipləri və onların mahiyyəti............................................6

3.Menecmentin müasir prinsipləri və mahiyyəti,onların idarəetmədə tətbiqi xüsusiyyətləri...............................................................................................................14

Nəticə və təkliflər.....................................................................................................21

Ədəbiyyat siyahısı.......................................................................................................22



Giriş

Qloballaşan dövrdə dünyada gözlənilməyən dəyişikliklər baş verir və ildırım sürəti ilə çoxlu sayda ölkələrə yayılır. Bütün ölkələrə xas olan həm bu vəziyyət, həm də Azərbaycanın bir iqtisadi sistemdən digərinə keçməklə bağlı işgüzar təşkilatın daxili və xarici mühitini daha da qeyri - stabil vəziyyətə salmışdır.

Hal - hazırda istehsalın və xidmətin keyfiyyətinin, effektivliyinin əhəmiyyətli dərəcədə asılı olduğu çoxşaxəli fəaliyyət sahəsi olan menecment kimi ikinci bir sahəni göstərmək çətindir.

Qərb ölkələrində insanların sənaye, ticarət, kənd təsərrüfatı və s. sahələrinin idarə edilməsində bilavasitə fəaliyyətinin nəticəsi olaraq idarəetmə sahəsində əhəmiyyətli dərəcədə təcrübə toplanmışdır. Bu idarəetmə elminin əsasının öyrənilməsi, iqtisadi və sosial proseslərin təşkilinin dünyadakı nəaliyyəti ilə zənginləşmişdir.

Menecmenti ( idarəetməni ) - qədim incəsənət və ən yeni elm adlandırırlar. Menecment elminin yaranmasında və inkişaf etdirilməsində “elmi menecment”, “insani münasibətlər”, “empirik”, “sosial sistemləri” və idarəetmənin “yeni” məktəbinin nümayəndələrinin hər birinin inkaredilməz rolu olmuşdur.

Dəyişən şəraitdən, istehsalın miqyasından, yeni texnika və texnalogiyanın tədbiqindən asılı olaraq idarəetmə sistemi daimi olaraq təkmilləşir. Bu yalnız idarəetmənin təşkilati quruculuğunun təkmilləşməsi deyil, yeni idarəetmə üsullarının yaradılmasını, idarəetmənin prinsiplərinin, funksiyalarının, metodlarının qarşılıqlı əlaqəli şəkildə istehsalın idarə edilməsinə düzgün tədbiqini nəzərdə tutur.

Beləliklə,burada “menecmentin prinsipi” anlayışı,menecmentin klassik və müasir prinsiplərini onların mahiyyətini,idarəetmədə,o cümlədən keçid iqtisadiyyatının son dövrlərini yaşayan ölkəmizdə iqtisadi strukturun qurulmasında və inkişafında bu prinsiplərin rolunun əhəmiyyətini öyrənməyə çalışacağıq.
1.”Menecmentin prinsipi” anlayışı və mahiyyəti

“Menecmentin prinsipi” anlayışının məzmununu öyrənməmişdən qabaq “Menecment” anlayışı,menecerin kim olduğu haqqında qısa və qismən dolğun məlumat vermək “menecmentin prinsipi” anlayışının mahiyyətini öyrənməkdə böyük əhəmiyyət kəsb edir.

Menecment daha az maddi, əmək və maliyyə ehtiyatlarından istifadə edərək səmərəliliyi yüksəltmək və mənfəəti artırmaq məqsədi ilə həyata keçirilən idarəetmə fəaliyyəti ilə əlaqədar peşədir. Bu peşə idarəetmə fəaliyyəti ilə bağlı bütün funksiyaların, metodların, prinsiplərin, strategiyaların və formaların məcmusudur. Başqa sözlə, menecment bazar və bazar münasibətləri şəraitində idarəetmə deməkdir ki, o:

- firmanı tələb və təklifə uyğunlaşan bazara və məhsul buraxılışına elə yönəltməlidir ki, nəticədə yüksək mənfəət əldə etmiş olsun;

- azad qərar qəbul etməklə tam təsərrüfat sərbəstliyi şəraitində keyfiyyətli məhsul bolluğu yaratsın;

- bazarın vəziyyətindən asılı olaraq qarşıya qoyulan məqsədlərə nail olsun;

Əgər menecment idarəetmə haqqında elmdirsə, menecer idarəedən şəxs və ya menecment üzrə mütəxəssisdir. Menecer (ingiliscə “manager” sözündən olub, müdir, idarə edən deməkdir. İqtisadiyyatın idarə edilməsi sahəsində hüquqi və digər məsələlərdə səriştəsi olan mütəxəssisdir. Aşağıdakı vəzifə sahibləri menecerlər hesab oluna bilərlər. [9]

1. Müəssiənin rəhbərləri. 

2. Təşkilati struktur vahidlərinin ( şöbələrin, bölmələrin) rəhbərləri.

3. Müəssisədə hər hansı fəaliyyət sahələrinin funksional icraçıları.

4. Nəzarətçilər və s.

Beləliklə “Menecment “ anlayışının qısa məzmunu bildikdən sonra “Menecmentin (idarəetmənin) prinsipi” anlayışının mahiyyətini öyrənməyə çalışaq.



İdarəetmənin prinsipləri bütövlükdə cəmiyyətin və idarəetmə orqanlarının fəaliyyətini istiqamətləndirən , həm də müəyyən bir çərçivəyə salan rəhbəredici qaydalar və davranışlar sistemidir.”Prinsip” anlayışı öz mahiyyətinə və məzmununa görə qanun səviyyəsində olan bir prosesi əhatə edir. O əslində cəmiyyətin sosial inkişaf proseslərini və istehsal münasibətlərini ifadə edir. Çünki hər bir ictimai-iqtisadi formasiyanın xarakteri obyektiv olaraq cəmiyyətdə mövcud olan prinsiplər silsiləsini, onların xarakterini və məzmununu müəyyənləşdirir. Həmin müddəa idarə etmə prinsiplərinədə aiddir. İdarəetmə prinsipləri yalnız idarəetmə sahəsinə aid deyildir, o habelə cəmiyyətin prinsipidir. Bundan başqa idarəetmə sahəsi az çərçivəli fəaliyyət sahəsi deyildir. İdarəetmənin prinsipləri, həmin prinsiplərin məzmunu bərabər şərait daxilində idarəetmə münasibətlərin xarakterinə obyektiv olaraq təsir göstərir. İdarəetmə prinsipi idarəetmənin təşkili, metodları və funksiyaları sistemində aparıcı mövqeyə malikdir. İdarəetmə prinsipi burada ilkin çıxış, rəhbəredici mövqe tutur. Ona görə də bu prinsip idarəetmə sisteminə, idarəetmə strukturuna (idarəetmə orqanına) və idarəetmə proseslərinə müəyyən tələblər sistemi irəli sürür. Həmin tələblər sisteminin çoxluğu idarəetmə prinsiplərinin çoxluğu və vəhdətliyi ilə müəyyən olur, həmin prinsiplər idarəetmə sisteminin, idarəetmə orqanlarının fəaliyyəti üçün bir növ etalon rolunu oynayır. Bu, idarəetmə sisteminin fəaliyyətinin məqsədəuyğunluq səviyyəsini və xarakterini müəyyənləşdirmək, müqayisə etmək üçün əsas verir. Beləliklə, göründüyü kimi, idarəetmə prinsipi idarəetmə sisteminin qanunauyğunluqlarını əks etdirən rəhbəredici bir ideyalar, qaydalar sistemidir. İdarəetmənin prinsipləri, qanunları və metodları arasında üzvi əlaqə vardır. İdarəetmə prinsipləri öz fəaliyyət xarakterinə görə idarəetmə metodlarına nisbətən sabit xarakter daşıyır. Lakin bunu mütləq sabitlik mənasında qiymətləndirmək düzgün olmazdı. Çünki prinsiplərin özü də məzmunca zənginləşir və inkişaf edir. Məsələn, idarəetmənin demokratik prinsipi müasir dövr, aşkarlığın genişləndiyi, ölkənin demokratik inkişafının dərinləşdiyi indiki yenidənqurma şəraitində öz məzmunu etibarı ilə daha da zənginləşmişdir. Bundan başqa, bir qayda olaraq, prinsip idarəetmə metoduna təsir göstərir, onun konkret şərait daxilində məzmununu, xarakterini müəyyənləşdirir. Lakin idarəetmə metodları belə təsiredici gücə malik deyildir. İdarəetmə metodları əslində prinsiplərə xidmət edir. Onların həyata keçirilməsinə imkan verir. Bununla belə idarəetmə metodlarının seçilməsi və konkret idarəetmə obyektlərində tətbiq edilməsi qaydası, bu metodların istifadə olunması səviyyəsi idarəetmə prinsiplərinə də öz təsirini göstərməyə bilməz. Metodların tətbiqi xarakteri xeyli dərəcədə rəhbərlik psixologiyasından asılı olur.Ona görə də idarəetmə metodlarının bir sıra hallarda düzgün tətbiq edilməməsi idarəetmə prinsiplərini gözdən salmış,idarəetmə qaydasında inamsızlıq yarada bilmişdir.Bununla yanaşı idarəetmə prinsipləri də cəmiyyətin tələblərindən kənarda durmur.Bu prinsiplərin sosial məzmunu cəmiyyətin tələblərinə tam uyğun gəlməlidir.Belə ki,birincisi,idarəetmə prinsipləri cəmiyyətin idarəetmə sistemi qarşısında qoyduğu sosial məqsədlərlə həmahəng olmalıdır;ikincisi, idarəetmə münasibətlərinin başlıca xassə və əlaqələrinə tam uyğun gəlməlidir; üçüncüsü,bu hər bir sahənin,iqtisadi regionun tarazlı inkişaf tələbləri ilə ziddiyyət təşkil etməməlidir;dördüncüsü,həmin prinsiplərin məzmunu təsərrüfat normativlərində,hüquqi sənədlərdə düzgün əks olunmalıdır.Məsələn,bizdə elə təsərrüfat məsələləri vardır ki, o ya hər hansı bir idarəetmə prinsiplərini əvvəldən tam əks etdirmir,ya da 10-15 il bundan qabaq tərtib edildiyinə görə müasir tələblərə,radikal yenidənqurma tələblərinə cavab vermir.[2]

Müxtəlif müəlliflər “prinsip” anlayışını müxtəlif cür izah edirlər.Məsələn,V.Q.Afanasyev idarəetmənin prinsipi dedikdə “ iqtisadi və sosial proseslərin idarəedilməsini həyata keçirən insanların, orqanların fəaliyyətinin əsas qaydaları”nı başa düşürdü.O.V.Kozlova və İ.N.Kuznetsov isə prinsip anlayışını “cəmiyyətdə yaranmış sosial-iqtisadi şəraitdə idarəetmə orqanları və davranış normaları” kimi izah edirlər.Prinsip anlayışının izahı haqqında digər fikirlər də mövcuddur.Lakin fikircə onlar bir-birinə yaxındır,yəni mahiyyət baxımından eyni anlama gəlirlər.Onların hamısını belə ümumiləşdirmək olar;”Prinsip-konkret hazırlanmış oyun qaydaları və davranış normalarıdır”.[3]

Lakin,prinsip anlayışının bu cür izahından əəmiyyətli dərəcədə fərqlənən izahı da mövcuddur.Məsələn,A.M.Omarov prinsipin qanunauyğunluqla ümumiləşdirilməsinin əleyhinə çıxaraq belə fikir söyləyir ki,prinsipi qanunauyğunluqla heç cür eyniləşdirmək olmaz.Prinsiplərin idarəetmə subyekti tərəfindən konkret vəzifələrin həlli üçün işlənib hazırlanır.Onlar baş verən hadisələrin obyektiv və subyektiv cəhətdən başa düşülməsinə əsaslana bilər və onların yalnız idarəetmə subyekti vasitəsilə fəaliyyət göstərirlər.Qanunauyğunluqlar isə obyektiv xarakter daşıyır.[3]

Menecment prinsipləri-idarəetmə sisteminə,idarəetmə prosesinin və strukturunun tələbləri müəyyən edir.Daha doğrusu,təşkilatın idarəedilməsi bütün səviyyələrdən olan menecerlərin rəhbər tutduqları ilkin əsas müddəalar və qaydalar vasitəsilə həyata keçirilir.Bu qaydalar menecerlərin davranışının ana xəttini təşkil edir.[4]

Beləliklə,menecmentin prinsipi dedikdə,idarəetmə orqanlarının fəaliyyətində zəruri qanunauyğunluqları müəyyən bir çərçivəyə salan qaydalar və davranış sistemi başa düşmək olar.İdarəetmə prinsipləri-cəmiyyətdə obyektiv fəaliyyət göstərən qanun və qanunauyğunluqların onlara xas olan ümumi cəhətlərinin, xarakterik xüsusiyyətlərinin və əlamətlərinin ümumiləşdirimiş nəticəsi hesab edilir ki,bu da insanların istehsal fəaliyyətlərində əsas götürülür.[1]

2.Menecmentin klassik prinsipləri və mahiyyəti

Menecmentin prinsiplərinin təsnifatına müxtəlif yanaşmalar mövcuddur.Bu prinsiplərin ən dolğun izahını Q.Kuns və S.O.Donnel “İdarəetmə,idarəetmə funksiyalarının sistemli və situasiyalı təhlili” kitabında vermişdir.Müəlliflər planlaşdırmanın on,təşkilin on beş,motivasiyanın on,nəzarətin on dörd prinsipini göstərirlər.[4]

Əslən fransız olan Amerikalı sahibkar və tədqiqatçı alim Anri Fayol idarəetmə barədə ilk dəfə sistemli şəkildə nəzəriyyə irəli sürmüşdür.Məhz bu səbəbdən,onu “menecmentin atası” adlandırırlar.Anri Fayolun idarəetmə nəzəriyyəsinə əsas töhfəsi ondan ibarətdir ki,o, idarəetmə prinsiplərini sistemləşdirirdi və bir neçə qarşılıqlı əlaqəli funksiyaları menecmentin universal funksiyaları kimi təqdim etməklə,onların tətbiqinə tam proses kimi baxdı.[1]

Beləliklə,menecmentin prinsiplərinin təsnifatına müxtəlif yanaşmaları nəzərə alaraq şərti olaraq bu prinsipləri menecmentin klassik və müasir prinsipləri kimi qruplaşdıra bilərik.Menecmentin klassik prinsipləri kimi isə klassik idarəetmə məktəbinin yaradıcısı Anri Fayolun sistemləşdirdiyi 14 prinsipi qeyd edəcəyik. (Bu məktəb ona görə klassik idarəetmə məktəbi adlanır ki,tarix boyu yaranan bütün idarəetmə prinsiplərini,funksiyalarını və metodları bu məktəb tərəfindən sistemləşdirilib nizamlanmış və menecmentdə tətbiq olunmağa başlanmışdır).Lakin

A.Fayoldan başqa həmin dövrlərdə “idarəetmə elminin yaradıcısı” sayılan Teylor öz tədqiqatları və ekspermentləri əsasında bir sıra ümumi prinsiplər də müəyyən etmişdir,elə bu səbəbdən A.Fayolun prinsiplərini qeyd etməkdən əvvəl F.U.Teylorun həmin prinsiplərinin mahiyyətini bilmək gərəklidir.

Bu prinsiplər aşağıdakılardır:[3]



Əməyin bölgüsü­­ - bu prinsipi geniş mənada Teylor konkret istehsal tapşırıqlarının bölgüsü kimi tövsiyyə edərək təklif edirdi ki, hər bir işçi, hər bir menecer ancaq bir funksiyaya görə məsuliyyət daşısın.

Əməyin ölçülməsi - Teylor iş vaxtının öyrənilməsinə xüsusi üstünlük verirdi. Çünki bu istehsal tapşırığının icrası üçün çox vacib amil idi. Bu prinsip iş vaxtının xüsusi “ zaman vahidləri” vasitəsi ilə ölçülməsinə imkan verir.

Tapşırıq- təsvirlər - bu prinsipə əsasən istehsal tapşırıqları təkcə dəqiqələrlə bölünməli deyil, eyni zamanda hansı metodlarla reallaşacağı da qeyd olunmalıdır. Müəsisənin məqsədləri planlaşdırılmalı və hər bir işçiyə tapşırıq üçün yazılı təlimatlar olmalıdır.

Stimullaşdırma proqramları - işçi üçün aydın olmalıdır ki, hər bir əmək elementi qiymətə malikdir və onun əmək haqqısı hazırladığı məhsulun kəmiyyətindən aslıdır; böyük məhsuldarlıq əldə olunduqda isə mükafat alacaqdır.

Əmək individual fəaliyyət kimi - qrupun təsiri işçini daha az məhsuldarlı edir.

Motivasiya - bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxsi maraq bir çox insanlar üçün hərəkətverici qüvvədir.

Fərdi qabiliyyətlərin rolu - işçilər indiki zamanda mükafatlandırma üçün işləyirlər, menecerlər isə gələcəkdə mükafatlandırmaq üçün işləyirlər.

Menecmentin rolu - Menecerlər nadir biliklərə malik olan “ müdrik ” rolunu qəbul etməlidirlər ki, işçilər üçün lazımi biliklər verə bilsinlər.

Həmkarlar ittifaqlarının rolu - Teylorun fikrincə yaranan əmək münasibətlərində həmkarlar ittifaqlarının roluna spektik yanaşmaq faydalıdır. Ancaq elmi menecmentin prinsiplərinin geniş qavranılması, işçilər və inzibatçılar arasında münaqişəni tam həll etməsə də, azaldır.

İdarəetmə təfəkkürünün inkişafı - idarəetmə təcrübəsindən müəyyən qanunlar çıxarılmalıdır, idarəetmə isə mühəndis işi kimi elmi status almalıdır.

Anri Fayol XX əsrin əvvələrində menecmentin 14 prinsipini sistemləşdirib formalaşdırmışdır. Müasir dövrdə isə menecmentdə tətbiq edilən prinsiplərin sayı bir qədər də artmışdır. Anri Fayola görə menecmentin aşağıdakı prinsipləri vardır:



  1. Əmək bölgüsü.

  2. Səlahiyyət və məlusiyyət (cavabdehlik).

  3. İntizam.

  4. Vahid rəhbərlik.

  5. Vahid istiqamət.

  6. Şəxsi marağın ümumi marağa tabe olması.

  7. Mükafatlandırma.

  8. Mərkəzləşdirmə.

  9. Pilləvari (skalyar) zəncir.

  10. Rejim.

  11. Ədalət.

  12. İş yerinin sabitliyi.

13. Təşəbbüskarlıq.

14. Birlik (korporativ ruh, ittifaq)

Bu prinsiplər hal-hazırda bazar iqtisadiyyatı şəraitində daha böyük əhəmiyyət kəsb etdiyindən onların mahiyyətini bilmək olduqca vacibdir.

1. Əmək bölgüsü – istehsalın ixtisaslaşmasına əsaslanır. Əmək bögüsü prinsipi, mahiyyətcə, peşə yönümünün müəyyən olunması və ixtisaslaşmanın tətbiq edilməsidir. Yəni, hər bir iş yerində bütün vəzifələr görüləcək işə uyğun olaraq bölünməlidir. Bu prinsipə əməl etmədən müəssisədə ayrı-ayrı bölmələri, şöbələri və vəzifələri müəyyən etmək olmaz.[1]

Bu prinsipin reallaşdırılması hər bir idarəetmə prosesinin iştirakçısının diqqətini cəlb edəcək obyektlərin sayını azaldır,o hər bir əməyə tətbiq edilir və istənilən sayda insanı cəlb edir.[3]



2. Səlahiyyət və məsuliyyət ( cavabdehlik)

Səlahiyyət və məsuliyyət dedikdə, rəhbər işçilərə verilən ixtiyar və onun daşıdığı cavabdehlik başa düşülür. Səlahiyyətin verilməsi hər bir işçiyə ixtiyar verirki, o, müəssisədə mövcud olan xammaldan, avadanlıqlardan və işçi qüvvəsindən istifadə edə bilsin. Adətən, səlahiyyət hər hansı bir fərdə yox, müəyyən bir vəzifəyə verilir və həmin vəzifəni tutan şəxs səlahiyyət sahibi olur. Səlahiyyət elə bir ixtiyardır ki, o, adi işçini rəhbər işçiyə çevirir. Cavabdehlik-hər hansi bir işin icrasını öz boynuna götürən bütün işçilərə aiddir: fəhlə gördüyü işə, rəhbər daşıdığı vəzifəyə görə cavabdehdir.[1]

Bu prinsipdə səlahiyyət və məsuliyyət bir-birilə qarşılıqlı əlaqələndirirlər: hakimiyyət-əmr etmək və güc göstərmək hüququdur;o,rəsmi və şəxsi ola bilər.Lakin məsuliyyətsiz hakimiyyət yoxdur.Məsuliyyət cəsarət növüdür və hakimiyyəti axtarma səviyyəsi qədər ondan qorxma var.Məsuliyyət qorxusu təşəbbüskarlığı öldürür.[ 3]

3. İntizam

İstehsalın ümumi məqsədlərinə tabe edilən davranış normasıdır.

İntizam, qayda-qanunlara və etikaya əməl edilməsidir. İntizamı 2 qrupa bölmək lazımdır: a) təsərrüfatçılıq intizamı; b) inzibati (idarəçilik, rəsmiyyət) intizam.Verilmiş hər bir tapşırıq,hər bir səlahiyyət sahibi və ya cavabdeh tərəfindən düzgün və vaxtında yerinə yetirilməlidir.Əks halda bu,intizamsızlıq kimi qiymətləndirilib cəzalandırıla bilər.Həm təsərrüfatçılıq intizamına,həm də inzibati intizama əməl etməklə müəssisənin uğurlu fəaliyyət göstərməsini təmin etmək olar.[1]

İntizam əsasən tabe olmaqdır.Təşkilatın rifahının əsas məqsədi intizamı pozanlara sanksiyaların tətbiq edilməsini inkar etmir.[3]



4.Vahid rəhbərlik.

İşçi əmrləri ancaq bir nəfərdən-bilavasitə onun rəhbəri olan şəxsdən almalıdır.Vahid rəhbərlik prinsipində başlıca məqsəd işçi və rəhbər arasında məqbul əlaqələrin qurulmasında vahid tabeçiliyə əməl olunmasıdır,yəni hər bir işçinin yalnız bir rəhbəri ola bilər,həmin işçi yalnız həmin rəhbər qarşısında cavabdehdir.Hər bir rəhbər işçi də bilməlidir ki,kimlər ona tabedir və o,tapşırılan vəzifə üçün şəxsən özü məsuliyyət daşıyır.Vahid rəhbərlik, həm də müəssisə rəhbərinə şamil olunur ki,müəssisənin fəaliyyətinə görə yalnız bir nəfər məsuliyyət daşısın.[1]

Beləliklə, rəhbərlik nə vaхt işi dayandırmağı, nə vaхt davam etdirməyi düzgün

seçməklə müvəffəqiyyətin açarını öz əlində saхlaya bilir.



5.Vahid istiqamət

Vahid iş planı bir istiqamətdə yönəlir.Bu prinsip əsasən təsərrüfatçılığın ixtisaslaşmasıyla əlaqədardır.[3]

Bu prinsipə görə,hər bir müəssisə konkret bir sahə üzrə ixtisaslaşarsa daha yaxşı olar.Avadanlıqlar,texnologiya və kadrlar bir sahə üzrə seçilərsə və işlədilirsə, əldə edilmiş təcrübə və səriştə sayəsində daha səmərəli işləmək mümkün olar.[1]

6.Şəxsi marağın ümumi maraqa tabe olması.

Bu prinsipdən müasir dövrdə dövlət idarəçiliyi səviyyəsində idarəetmənin Yapon modelində istifadə olunur.Belə ki,Yaponiyada hər şeydən əvvəl əmək məhsuldarlığının artmasına nisbətən əhalinin həyat səviyyəsinin geri qalması xarakterizə olunur.Ümumiyyətlə,millətin ümumi mənafeyi konkret adamın mənafeyindən üstün tutulduğu bu model ölkənin inkişafı naminə əhalinin müəyyən maddi qurbanlar verməyə hazır olması prinsipinə əsaslanır.

Təşkilat-müəssisə səviyyəsində hər bir işçinin və ya bir qrupun maraqları təşkilatın marağından üstün olmamalıdır.Şəxsi marağın ümumi marağa tabe olması prinsipi müəssisənin istehsal gücünə təkan verən amildir.Əksər müəssisələrdə əmlak kapital onların üzvlərinə pay(səhm) şəklində bölünmüş olur və bu paydan gələn gəlir hər bir üzv üçün yaşayış təminatı olur.Bu baxımdan şəxsi marağın ümumi marağa tabe olması hər bir şəxs üçün daha önəmlidir.Çünki,məhsuldarlıq və gəlir artdıqca hər bir fərdə düşən gəlir payı da artır.[1]

7. Mükafatlandırma.

Bu prinsip göstərilən xidmətlərin qiymətləndirilməsidir.O,ədalətli olmalı və həm işçiyə,həm də rəhbərliyə məmnunluq gətirməlidir.[3]

Menecerlər mükafatlandırma sistemini nə qədər dəqiq həyata keçirərlərsə və buna gözlənilməz hallar nəzərə alınmaqla baxarlarsa motivasiya proqramı daha səmərəli olacaqdır.[4]

İşçilərin sədaqətlə xidmətlərini təmin etmək və məhsuldar fəaliyyətə yönəltmək üçün motivləşdirmə tədbirlərinin həyata keçirilməsidir. İşçilərin stimullaşdırılması işçiləri yaxşı işləməyə sövq etmə amilidir. Mükafatın daxili və xarici formaları vardır ki, bunlar da mənəvi və maddi cəhətdən ödənilə bilərlər. Maddi mükafatlandırma, sərf olunan əməyə görə pul və ya əşya verilməsi hesab oluna bilər. Mənəvi mükafatlandırma isə, yaxşı işə görə tərifləmək, ayrıca iş kabineti vermək və yaxud da xidmət maşını ayırmaq və s. hesab oluna bilər.[1]

«Sony» firmasının menecerləri müəyyən etmişlər ki, onların fəhlələrinin işə münasibətinin yüksəldilməsində təkcə maddi həvəsləndirmə bir o qədər də səmərəli yol deyildir. İnsanları həvəsləndirmək vasitələrindən biri onların kollektivin ailə üzvlərindən biri olduğunu və onlara çoх hörmətlə yanaşıldığını hiss etdirməkdir. Dünyanın müхtəlif yerlərində yerləşən «Soni» kompaniyasının fililallarında da kompaniya üzvləri arasında ailə münasibətləri aşılanır.[6]

8. Mərkəzləşdirmə.

İdarəçilikdə mərkəzləşdirmə və qeyri-mərkəzləşdirmə arasındakı nisbət düzgün müəyyən olunmalıdır.

Mərkəzləşdirmə dedikdə,səlahiyyətin mərkəzdə cəmlənməsi və yaxud da, rəhbərliyin əsas səlahiyyətləri öz əlində saxlaması kimi başa düşülə bilər. Əslində bu, vahid rəhbərlik prinsipindən irəli gəlir. Çünki informasiyanın toplanması və qərar qəbul edilməsi üçün, eləcə də, nəzarəti təmin etmək üçün mərkəzləşdirmə vahid rəhbərə lazım olur. Bundan başqa qeyri-mərkəzləşdirmə də vardır ki, burada xətti səlahiyyət bölgüsünə daha çox üstünlük verilir, yəni səlahiyyət, iyerarxiya səviyyələrindəki rəhbər işçilər arasında bölüşdürülmüş olur.[1]

9. Pilləvari (skalyar) zəncir.

Yuxarı eşelonlardan aşağı idarəetməyə qədər tabeçilikdir.Hakimiyyət bu zəncirin hər bir nöqtəsindən özünə yol açır.[3]

Bu prinsipdə idarəetmə rəhbərlərinin biri-birindən fərqlənməsini(yəni aşağı,orta,ali səviyyələrə bölünməsi və həyata keçirdikləri eyni olmayan fəaliyyəti) nəzərdə tutulur.Lakin idarəetmə rəhbərlərinin aşağıdan yuxarıya tabe olması ilə bərabər bu səviyyə rəhbərləri arasında əks əlaqə də mövcuddur.

Səlahiyyət və qarşılıqlı məsuliyyətin- skalyar zəncirin qurulması bu tabeçiliyi rəsmiləşdirir.

Pilləvari zəncirdə, ilk növbədə səlahiyyət və cavabdehlik münasibətləri qurulur və əlaqələndirilir. İdarəetmənin texniki səviyyəsindən ali səviyyəyə qədər olan pillələr (və tərsinə) biri-birilə zəncirvari bağlı olur. Bu halda səlahiyyət, tabeçilik, cavabdehlik, işlərin icrasına nəzarət münasibətləri qarşılıqlı surətdə əlaqaləndirilir.Pilləvari zəncir şaquli əlaqələrdə yarana bilər.İdarəetmənin üfiqi əlaqələrində tabeçilik münasibətləri olmadığına görə belə asılılıq da yoxdur,yəni onlar bərabərhüquqludurlar.[1]

10.Rejim.

Hər bir işçinin öz iş yeri olmalıdır,hər bir işçi öz yerində olmalıdır.[3]

İlk baxışdan,bu prinsipin əmək bölgüsü prinsipi ilə qarşılıqlı əlaqəli olması aydın olur.Belə ki,şaquli və üfiqi əmək bölgüsü nəticəsində təşkilatda(müəssisədə) ayrı-ayrı şöbələr,müxtəlif səviyyəli rəhbərlər meydana çıxır,hər bir işçi öz qabiliyyətinə uyğun fəaliyyətlə məşğul olur.

Rejim dedikdə,işin icrasını tənzimləyən vaxt bölgüsü,norma və normativlərə əməl olunması başa düşülür.Daha doğrusu,rejim nizam-intizamı və iş qaydalarını tənzimləməyə yönəlmiş inzibati tələblərə əməl edilməsidir.[1]

“Toyota” firmasının fəaliyyətində bu prinsipi əldə rəhbər tutaraq “dəqiq vaxtında” istehsal üsuluna daha böyük əhəmiyyət verilir. İstehsalı zəruri olan detal və aqreqatların, lazım olan kəmiyyətdə və vaхtda istehsalı sistemi «dəqiq vaхtında» adlanır.Bu o deməkdir ki, məsələn avtomobil yığımı prosesində zəruri olan detal konveyerə, zəruri vaхtda və zəruri miqdarda çatdırılmalıdır. Əgər «dəqiq vaхtında» sistemi bütün firmada fəaliyyət göstərirsə, onda müəssisədə ehtiyat hissələrin saхlanılmasına ehtiyac qalmır. [6]

11.Ədalət.

Ədalət prinsipi,rəhbər və işçilər arasında normal münasibətləri saxlamaq üçün,qanunlara,normalara,normativ və hüquqlara obyektiv əməl olunmasının təmin olunub saxlanmasıdır.Əslində,ədalət prinsipi,hər bir işçinin əməyinin düzgün qiymətləndirilməsi və layiqincə mükafatlandırılmasıdır.[1]

Təşkilatın rəhbəri skalyar zəncirin hər bir səviyyəsində ədalət ruhunu yaşatmalıdır,məhz bu halda heyət öz öhdəliklərini tam reallaşdıracaqdır.[3]

12.İş yerinin sabitliyi

Kadrların sabah inamlarının artırılması,daha inamla və cəhdlə işləmələri üçün vacibdir.Həm də işçilərin və onların iş yerlərinin tez-tez dəyişməsi təşkilatın fəaliyyətinin səmərəsini aşağı salır.İş yerinin sabitliyi müqavilə şərtləri ilə təmin olunur və hər iki tərəf müqavilə şərtlərinə əməl etməyə borcludurlar.Yəni müqavilədə göstərilən müddət qurtarmadan üzürsüz səbəbdən işçini işdən azad etmək olmaz.Bu prinsip,ilk növbədə,hər bir işçidə sabaha inam yaratmaqla gündəlik işdə nizam-intizama riayət olunmasını təmin edir,ikincisi isə onu həvəslə və təşəbbüskarlıqla işləməyə sövq edir.[1]

Yəni, hər bir menecer bilməlidir ki,hər bir işçinin işə peşəkar səviyyədə yiyələnməsi üçün müəyyən vaxt lazımdır.[3]

13.Təşəbbüskarlıq

Təşəbbüskarlıq dedikdə,hər hansı bir işin icrasında,yeni ideyalar əsasında işin keyfiyyətini və səmərəliliyini artırmaq üçün göstərilən cəhdlərin başa düşmək olar.Təşəbbüskarlıq hər hansı bir tapşırığa fərdi yanaşma üsuludur ki,bu da yalnız müsbət nəticə əldə etməyə yönəlmiş olur.Təşəbbüskarlıq hər bir təşkilata əlavə imkan,qüvvə və səmərə gətirir.[1]

Bu prinsipin mahiyyəti o deməkdir ki,tutduğu vəzifədən asılı olmayaraq bütün əməkdaşlara maksimum dərəcədə yaradıcılıq azadlığı vermək lazımdır.Yaponiyanın tətbiq etdiyi “hər bir təşəbbüsü mükafatlandırmaq” prinsipi özünü çox yaxşı doğruldur.Bu prinsip milyonlarla işçiləri Yaponiya firmalarında səmərələşdirmə sferasına cəlb etmişdir.[3]

Yapon kompaniyalarında bir çoх uğurlu ideyalar ali idarəedicilər tərəfindən yaxud onların idarəetmənin aşağı həlqələri ilə qarşılıqlı fəaliyyəti prosesində irəli sürülür. Məsələn, az zəhərləyici «Honda» mühərrikləri, «Seiko» kvars saatları,avtomatik fokusirovkalı «Konisi» kameraları, «Sumitomo» firmasının istehsal etdiyi informasiyanın ötürülməsi üçün optik liflər, «Canon» surətçıхarma maşınları «Toray» kompaniyasının istehsal etdiyi «Ultrasuede» sintetik dəriləri buna əyani misaldır.[6]



14.Birlik(korporativ ruh,ittifaq)

Birlik dedikdə hər bir qrupun (kollektivin),həm iş birliyi,həm də ideya(məqsəd) birliyi başa düşülməlidir.Birliyin olması,işçilərin ahəngdar işləmələrini və istənilən son nəticənin alınmasını təmin edir.[1]

Sadaladığımız prinsiplər menecmentin klassik prinsipləri olsa da hal-hazırda müəssisə və təşkilatlarda bu prinsiplər öz əhəmiyyətini qoruyur və hər bir menecer bu prinsiplərə əməl etməklə öz idarəçilik fəaliyyətini həyata keçirir.
3.Menecmentin müasir prinsipləri və mahiyyəti,onların idarəetmədə tətbiqi xüsusiyyətləri

Artıq XX əsrin sonralarında iqtisadiyyatın inkişafı,iqtisadi əlaqələrin yeni formada təşəkkül tapması,yeni-yeni təsərrüfat subyektlərinin meydana gəlməsi,bəzi təsərrüfatçılığın artıq əlverişli olmaması,bir çox ölkələrin yeni iqtisadi sistemə keçməsi və bununla əlaqədar idarəetmə quruluşundakı dəyişikliklər,bazar iqtisadi sistemində xüsusi mülkiyyətin təşəkkül tapması öz əksini menecmetin prinsiplərində də tapmışdır.Yuxarıda qeyd etdiyimiz prinsiplərin bəzilərindən dəyişən iqtisadi şəraitdə də istifadə edilməsinə baxmayaraq yeni-yeni menecment prinsipləri meydana gəlmişdir.Bu prinsiplərin bəziləri ilə və onların mahiyyəti,idarəetmə prosesində tətbiqinin əhəmiyyəti ilə tanışlıq menecerlər (rəhbərlər) üçün olduqca əhəmiyyətlidir.



Elmilik prinsipi

Bu prinsip bir tərəfdən idarəetmə fəaliyyətində idarəetmə elminin və ona yaxın olan digər elmlərin müasir nailiyyətlərindən istifadə olunması,digər tərəfdən isə idarəetmə sisteminin daima təkmilləşdirilməsi,onun cəmiyyətin potensial imkanlarından maksimum istifadə edilməsilə əlaqədardır.Elmi biliklərin,elmi fənlərin qanunlarını dərk etmək və dərindən yiyələnmək idarəetməyə elmi cəhətdən yanaşmağın əsasını təşkil edir.Burada mücərrəd elmi,nəzəri və metodoloji məsələlərlə yanaşı idarəetmədə müasir riyazi-iqtisadi modelləşdirmədən,hesablama texnikasından və s.geniş istifadə olunması da vacib məsələlərdən biridir.[2]

Bu prinsip təşkilatın vaxta görə planlaşdırılan sosial-iqtisadi çevrilmələrini elmi-cəhətdən əvvəlcədən görməkdən ibarətdir.Bütün idarəetmə fəaliyyəti elmi metodların və yanaşmaların tətbiqi əsasında həyata keçirilməlidir.Menecmentin elmi əsaslandırılması qərarların hazırlanması və həyata keçirilməsi zamanı təkcə elmdən istifadəni deyil,həm də təcrübəni və mövcud ehtiyatların hərtərəfli və dərindən öyrənilməsi nəzərdə tutur.Burada məqsəd elmi yüksək məhsuldar qüvvəyə çevirməkdir. [4]

Planlılıq prinsipi

Bu prinsipin mahiyyəti təşkilatın perspektivdə inkişafının əsas istiqamətlərini müəyyən etməkdir.Planlaşdırma( cari və perspektiv planlar) təşkilatın bütün həlqələrini əhatə edir.Plana təşkilatım gələcəkdə həll edəcəyi iqtisadi-sosial vəzifələrin kompleksi kimi baxılır.[4]

Planlılıq prinsipi planauyğunluq münasibətlərindən irəli gəlir.Planauyğunluq istehsal həlqələrini,onun ünsürlərini və əlaqələrini ümumi,universal bir mexanizm kimi müəyyənləşdirir,o cəmiyyət inkişafının ümumi formasıdır.Planauyğunluğun maddi-texniki, ilkin əsası iri maşınlı istehsal,ictimai əmək bölgüsü və kooperasiyasının vəhdətliyi,istehsal vasitələri üzərindəki ictimai mülkiyyətlə bağlıdır. Planauyğunluq həmçinin tarazlığa sözsüz əməl olunmasını,plan orqanlarının operativ,çevik və əlaqəli işləmələrini,plan-iqtisadi göstəricilərin,normativlərin əsaslandırılmış,təkmilləşmiş olmasını irəli sürür.Plan və planauyğunluq işi hər bir fəaliyyətin əsasıdır.[2]

İdarəetmədə mərkəzləşdirmə və qeyri-mərkəzləşdirmənin vəhdəti (optimal halda əlaqələndirilməsi)prinsipi

Bu menecmentdə qərarların qəbul edilməsində səlahiyyətlərin optimal bölüşdürülməsini əks etdirir.Bu prinsip menecmentdə təkbaşçılıq və kollegiallıqdan bacarıqla istifadənin zəruriliyini nəzərdə tutur.Təkbaşçılıqla kollegiallıq arasında düzgün nisbətə əməl edilməsi menecmentin ən mühüm vəzifələrindən biridir.Çünki,menecmentin səmərəliliyi və təsirliyi bu vəzifənin düzgün həllindən asılıdır.[4]

Bu prinsip idarəetmə orqanlarının təşkilatı strukturu formalaşan zaman nəzərə alınmalıdır.Firma və şirkətlərin mərkəzləşmiş rəhbərliyi onların funksional bölmələri və xidmətləri, bütövlükdə mərkəzi aparatı,direktorlar şürası vasitəsilə,qeyri mərkəzləşmiş idarəetmə forması isə istehsal daxili bölmələrinin fəaliyyətilə həyata keçirilir.[2]

İdarəetmə sisteminin dayanıqlığı və mobilliyi prinsipi

Təşkilatın xarici və daxili mühiti dəyişdikdə menecment sistemində köklü dəyişikliklər baş verməməlidir.Dayanıqlıq hər şeydən əvvəl strateji planların keyfiyyəti və menecment sisteminin operativliyi və xarici mühitdə baş verən dəyişikliklərə uyğunlaşması müəyyən edilir.Dayanıqlıqla yanaşı menecment prosesi mobil olmalıdır.Daha doğrusu,o hər cür dəyişikliyi məhsulun xidmətlərinin istehlakçılarının tələblərini maksimal dərəcədə tam nəzərə almalıdır.[4]



Demoktarikləşdirmə prinsipi

Bu prinsip təşkilatın idarə olunmasında bütün əməkdaşların iştirakını nəzərdə tutur.Belə iştirakın müxtəlif formaları vardır: əməyin ödənilməsində payçı kimi iştirak etmək,idarəetmə qərarlarının kollegial qəbul edilməsi və s.[4]

Bu prinsip özünü istehsal demokratiyasında tapmışdır(Almaniyada).Qərb ölkələrnin əksəriyyətində bu sənaye demokratiyası adlanır.Burada əməkdaşların,sahibkar və fəhlələrin partnyorluq əlaqələri,münasibəti,menecerlərin öz fikrini yerli-yersiz qəbul etdirmə hallarının zəiflədilməsi,əmək münasibətlərinin yaxşılaşdırılması,mənfəətin bölüşdürülməsi,səhmdar cəmiyyətlərində səhmlərin bölüşdürüməsi.işçilərin firmalarının idarəedilməsindəki iştirakı istehsal (sənaye) demokratiyasının əsas formasıdır.Lakin bununla belə sənayecə inkişaf etmiş ölkələrdə,o cümlədən hətta ABŞ və Yaponiyada fəhlələr idarəetmədə (direktorlar şürasında) iştirak etmirlər,qərarların qəbulunda peşəkar menecerlərin mövqeyi əsasdır.[3]

Xüsusi müxtariyyət(avtonomiya) və sərbəstlik prinsipi.

Bu prinsipə görə bütün təşəbbüslər mövcud qanunvericilik həddində öz arzusuna görə idarəetmə funksiyalarını yerinə yetirən və sərbəst fəaliyyət göstərən iqtisadi subyektlərdən gəlir.Təsərrüfat fəaliyyətinin sərbəstliyi peşəkar sərbəstlik,rəqabət sərbəstliyi,müqavilə sərbəstliyi və s. kimi təqdim olunur. [4]



Hüquq,səlahiyyət və məsuliyyətin vəhdəti prinsipi.

Bu o deməkdir ki,nəinki hər bir vəzifəli şəxs,işçi,hətta bir idarə orqanı,onun bölmələri qanunla müəyyən olunmuş hüquqi statusla yanaşı,vəzifə və məsuliyyətə də malikdir.Ən başlıca cəhət məhz konkret idarəçilik fəaliyyətində onların optimal halda əlaqələndirilməsidir.[2]

Bu prinsipə görə tabelikdə olan hər bir şəxs tapşırılan vəzifələri yerinə yetirməli və onların icrası haqqında vaxtaşırı hesabat verməlidir.Təşkilatda hər kəs konkret hüquqlara malik olur və ona tapşırılan vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.[4]

İyerarxiya və əks rabitə prinsipi.

Bu prinsip çoxpilləli idarəetmə strukturunun yaradılmasını nəzərdə tutur.Belə ki,ilkin (aşağı səviyyə) həlqələr növbəti səviyyəli rəhbərlik orqanlarının nəzarəti altında olan öz orqanları tərəfindən idarə edilir.Deməli,aşağı həlqələr qarşısında məqsədləri iyerarxiyaya görə ondan yüksək idarəetmə orqanları qoyur.Təşkilatın bütün həlqələrinin fəaliyyətinə daimi nəzarət əks rabitə əsasında həyata keçirilir.Mahiyyətcə bu idarəolunan obyektin idarəedici təsirlərə reaksiyasını əks etdirən siqnallardır.Əks rabitə kanalları vasitəsilə idarəolunan sistemin işinə dair informasiya fasiləsiz olaraq idarəedici sistemə daxil olur.Bununla da idarəetmə prosesinin gedişinin təşkil edilməsi imkanı yaradılır.[4]



Dövlət qanunçuluğu prinsipi

Təkilatın təşkilatı-hüquqi forması dövlət qanunvericiliyinin tələblərinə cavab verməlidir.[4]



İdarəetmə obyektinin və subyektinin üzvi tamlığı (bütövlüyü) prinsipi.

Bu prinsipə görə menecmentdə subyektin obyektə təsirinə tam baxılır.Onların çıxışı,əks rabitəsi və xarici mühitlə əlaqəsi olan vahid sistemi təşkil etməlidir.[4]



Müştərilər üçün dəyərlilik prinsipi

İstənilən biznes və onu idarə edənlər alıcılar üçün dəyər yaratmalıdırlar. Bu, demək olar ki, saysız üsullarla həyat keçirilə bilər, çünki insan istəkləri sərhədsizdir. Lakin təkcə biznes sərhədsiz istəyə xidmət etmək iqtidarında deyil. Bunun əvəzində o, müəyyən üsulla müəyyən faydalılıq növü yaratmalıdır. Başqa sözlə desək, menecment biznesin nə edəcəyini müəyyənləşdirməli və müvafiq yolla onu təşkil etməlidir. Biznes –müxtəlif növ dəyərlər yaratmaq üçün mövcuddur. O, xammal və əmək ehtiyatlarından istifadə edir və onların hər hansı istiqamətdə dəyərini artıraraq onları məhsul və xidmətlərə çevirir, sonuncular da nəticədə müştərilər tərəfindən əldə edilirlər. [5]



Mütəşəkkillik prinsipi

Menecment şirkətin mütəşəkkilliyinə cavabdehdir. İlk öncə bu, digər insanlar- muzdlu işçilər tərəfindən işin yerinə yetirilməsini tələb edir.Lakin, biznesin avadanlıq, məkan sahəsi və pul vəsaitləri kimi ehtiyatları da mütəşəkkil yanaşma tələb edir.[5]

Şirkətlər mütəşəkkilliyə müxtəlif üsullarla nail olurlar. Bəziləri iyerarxiyalı, dəqiqi müəyyənləşdirilmiş vəzifələr və rəsmi protokollu sərt strukturlaşdırılmış, demək olar ki,  hərbi yanaşmaya üstünlük verir. Digər şirkətlərdə isə bir qədər qeyri-formal yanaşmadan istifadə edərək insanlara daha çox fəaliyyət sərbəstliyi verir və s.
Rəqabət üstünlüyü prinsipi

Öz bazarında uğura nail olmaq üçün şirkət başqa oyunçulara nisbətən nəsə daha yaxşı bir şey etməlidir. Bu nəsə yaxşı bir şeyin istehsalı da rəqabət üstünlüyünü yaradır. Bu “nə isə” məhsul və ya xidmətin hansısa bir aspekti ola bilər, hansını ki, hələlik alıcılar yüksək dəyərləndirirlər. Məsələn, şirkət məhsulun ən geniş çeşidini təklif etməklə rəqabət üstünlüyü əldə edə bilər. Yaxud da super aşağı qiymətlər. Yaxud da yüksək keyfiyyət. Yaxud əla xidmət. Lakin bütün bunların hamısına dərhal nail olmaq olmaq olmaz.[ 5]

Menecerlər, şirkətin hansı əsasda bazarda rəqabət aparacağı qərarını verirlər və onlar bu amili aydın təsəvvür etməlidirlər. Məsələn, reklamların iddiasına baxmayaraq,  heç bir şirkət eyni zamanda həm yüksək keyfiyyət, həm də ucuz qiyməti təmin edə bilməz, ən azından uzun müddətə (müəyyən qiymət kateqoriyasında yüksək keyfiyyət təklif etmək olar, lakin bazarda ən aşağı qiymətə yox). Buna görə  də menecment qərar verməlidir: şirkət bazarda qiymət yoxsa keyfiyyət üzrə rəqabət aparmalıdır. Yaxud da xidmət  üzrə. Yaxud da yerləşmə yerinə görə. Bundan sonra şirkəti elə idarə etmək lazımdır ki, o, seçilmiş amil əsasında rəqabət apararaq öz rəqabət üstünlüyünü alıcılara təklif etsin.

Nəzarət prinsipi

İdarəetmə  həlqəsi şirkətin alıcı üçün faydalı bir şeyi hansı üsulla yaradacağına, biznesi təşkil edəcəyinə və rəqabət üstünlüyünü hansı yolla möhkəmləndirəcəyinə qərar verdikdən sonra, öz firmasını nəzarət altına almalıdır. Bu heç də dəmir əllə idarə etmək demək deyildir(baxmayaraq ki, bir çox menecerlər məhz belə ehtimal edir). Bu, daha çox o deməkdir ki, hər kəs şirkətin məqsədləri haqda məlumatlı olmalı və şirkəti bu məqsədlərə aparan vəzifələr almalıdırlar.Nəzarət  , yaxşı menecerin hər zaman işin içində olduğu haqda inam yaradır. Nəzarət ilk növbədə informasiyaya əsaslanır. Məsələn, hər bir şirkətə maliyyə nəzarəti lazımdır. Hər bir menecerin büdcəsi vardır,beləliklə də onlar öz şöbələrinin xərclərinə nəzarət edə bilirlər. Onlar dövrü olaraq şöbələri tərəfindən nə qədər vəsaitin və nəyə xərcləndiyi haqda məlumat alırlar. Maliyyə nəzarəti şirkətin həqiqətən də biznesin qarşısına qoyulmuş məqsədlə üçün nə az, nə çox, məhz lazım olduğu qədər vəsait xərclədiyindən əmin olmaq üçün lazımdır.[5]




Gəlirlilik prinsipi

Biznes- pul yaratmaq üçün mövcuddur. Biznes prosesində qazanılan pullar bir çox üsullarla hesablana bilər. Lakin necə hesablanmasından asılı olmayaraq biznes pul yaratmalı – öz əməliyyatlarından gəlir götürməlidir.[5]


Menecmentin əsas məqsədi biznes sahibləri üçün pul əldə etməkdir. Menecerlərin başqa bir işlə də nə dərəcədə yaxşı məşğul olmalarına baxmayaraq onlar potensial gəliri itirir, öz işləri ilə tez vidalaşmalı olurlar. Biznesin nə ilə məşğul olmasına baxmayaraq onun əsas məqsədi gəlirlilikdir.

Qənaətçilik

Bu prinsipin izahını Yaponiya misalında verək. Dünya bazarlarında Yaponiya kimi kiçik bir ölkənin məhsullarının yüksək nüfuz qazanması heyrət doğurur. Sudan başqa heç bir хammalı olmayan, torpağının dörddə üç hissəsi yaşayış və kənd təsərrüfatı üçün yaramayan , tələb olunan neftin 99,7 faizini, alüminiumun 100 faizini, dəmir külçəsi və nikelin 95 faizindən çoхunu, misin 92 faizindən çoхunu хaricdən gətirən Yaponiya kimi bir ölkənin müvəffəqiyyəti mütəхəssislərin diqqəti həmişə cəlb etmişdir.

Belə üstünlüklərdən biri Yaponiya korporasiyalarında istehsal teхnologiyalarının , eləcə də istehsal edilən məhsulların хammal-material, yanacaq və enerji ehtiyatlarından istifadəsi üzrə qənaətliliyidir. Qənaətlilik yaponiyalıların məişətindən və təbiətindən irəli gəlir. Onlar ən qiymətli tövsiyyələrindən birini qədim zamanlardan indiyədək qoruyub saхlamışlar .Bu «moat-toy-nay» ifadəsidir ki, onun hərfi tərcüməsi dəqiqliklə mümkün deyildir. Lakin bu ifadənin mahiyyəti ondan ibarətdir ki, dünyada olan hər bir şey Yaradanın bəхş etdiyidir, , bu bəхşeyşə görə biz ona minnətdar olmalıyıq və heç bir şeyi yersiz istifadə etməməliyik.[6]
Yuxarıda qeyd etdiyimiz və mahiyyətini izah etməyə çalışdığımız prinsiplər menecmentin müasir prinsiplərinin hamısı deyildir.Belə ki,iqtisadiyyatın strukturu dəyişdikcə yeni-yeni menecment prinsipləri meydana gəlir.Qeyd etdiklərimiz prinsiplərdən başqa menecmentin:kadrların düzgün seçilməsi və yerləşdirilməsi,komandanın vəhdəti,idarəetmə metodları və formalarının daim təkmilləşdirilməsi,sağlam motivləşdirmə və s.prinsipləri vardır.

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi menecment elmi qədimdən idarəçilik fəaliyyətinin mövcud olmasına baxmayaraq, XX əsrin əvvəllərində sistemli bir elm sahəsi kimi formalaşmışdır. Bu elm sahəsinin formalaşması ilə bərabər,həmin dövrlərdə dünya iqtisadiyyatının strukturunda baş verən dəyişikliklər biri-birini əvəz edirdi.Beləki, Birinci və İkinci Dünya müharibələri,Sovet İmperiyasının yaranması və s.kimi proseslərin iqtisadiyyatın strukturunun dəyişməsinə səbəb olmuşdur.Ölkəmizin 70 illik tarixi dövrdə Sovet imperiyasının tərkibində olması və 1991-ci ilin 18 oktyabr tarixində yenidən müstəqilliyini elan etməsi həm dövlət səviyyəsində həm də müəssisə(təşkilat) səviyyəsində təsərrüfatçılıq,idarəçilik vərdişlərinin yenidən qurulmasına şərait yaratmışdır.Aydın məsələdir ki,rəhbər işçinin Sovet dövründəki idarəetmə fəaliyyəti ilə hal-hazırda bazar iqtisadiyyatı şəraitindəki idarəetmə fəaliyyəti eyni deyildir. Bazar iqtisadiyyatının idarəetmə sisteminin nəzərə çarpacaq şəkildə müsbət nəticələr verməsi bir tərəfdən iqtisadiyyatın idarə edilməsinin təşkilati strukturunun çevik olması, onun baş verən dəyişikliklərə tez reaksiya verməsi, digər tərəfdən isə iqtisadiyyatın dövlət tənzimlənməsində müxtəlif şəxsi və təşkilati maraqların nəzərə alınması ilə əhatə olunur. Azərbaycanda menecment hələ formalaşmaqdadır, bu da ölkəmizdə gedən özəlləşdirmə prosesinin, sahibkarlığın yaradılmasının, özəl müəssisələrin formalaşması və genişlənməsinin və ümumiyyətlə iqtisadiyyatın yenidən qurulması proseslərinin nəticəsində baş verir. Elə bu səbəbdən yeni təsərrüfatçılıq bölmələrinin qurulmasında,iqtisadiyyatda ediləcək struktur dəyişiklərində menecmentin klassik və müasir prinsiplərinin nəzər alınması olduqca əhəmiyyətli və vacib məsələdir.Bazar iqtisadiyyatı,azad rəqabət şəraitində fəaliyyət göstərib,mənfəət qazanmaq istəyən hər bir rəhbər menecmentin prinsiplərini,onların mahiyyətini,tətbiqi xüsusiyyətlərini bilməklə və idarəetmə fəaliyyətində zamanında həmin prinsiplərə əməl etməklə uğur qazana bilər.Aydındır ki, qeyd etdiyimiz prinsiplər menecmentin bütün prinsipləri deyil,təsərrüfat fəaliyyəti genişləndikcə yeni-yeni idarəçilik prinsipləri meydana çıxacaqdır.


Ədəbiyyat siyahısı

1.Ağasəf İmran ”Menecment”(dərslik) BAKI-2007

2.Tofiq Quliyev “Menecmentin (idarəetmənin) əsasları”BAKI-2006

3. K. A. Şahbazov, M. H. Məmmədov, H. S. Həsənov “ Menecment” Bakı- 2005

4. X.M.Yahudov “Menecmentin əsasları” Bakı-2007

5. Tom Qordman (Tom Gordman), Nyu-York universiteti nəzdində Leonard N. Ştern biznes-məktəbinin baş müəllimi...(Banker.az)

6. Pronnikov V.A., Lodanov N.D. «Upravleniye personalom v Yaponii Oçerki»

7.T.S.Vəliyev, Ə.P.Babayev, M.X.Meybullayev “İqtisadi nəzəriyyə” Bakı - 2001

İnternet saytları:



8.Firststeps.az 9.Banker.az 10.referat.ru


Yüklə 106 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə