Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu atiF İslamzadə



Yüklə 1,11 Mb.
səhifə1/12
tarix11.09.2018
ölçüsü1,11 Mb.
#67817
  1   2   3   4   5   6   7   8   9   ...   12


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

_____________________________________________

ATİF İSLAMZADƏ
OĞUZ EPİK ƏNƏNƏSİNDƏ

QAZAN XAN OBRAZININ MİFOLOJİ STRUKTURU

BAKI – 2017

Elmi redaktoru: Tofiq İsmayıl oğlu Hacıyev

akademik


Atif İslam oğlu İslamzadə. Oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji strukturu. Bakı, Elm və təhsil, 2017, -238 səh.

Monoqrafiyada oğuz epik ənənəsini əhatə edən epik-tarixi-mi­fo­loji əsərlər əsasında Qazan xan obrazının mifoloji strukturu aşkar­lan­mış, obrazın oğuz epik sistemində tutduğu yer müəyyən olunmuş­dur.

Oğuzşünaslıq və qorqudşünaslıqda ilk dəfə olaraq struk­tur-se­miotik tədqiqat metodunun tətbiqi ilə Qazan xan obrazı haqqında ge­niş həcmli tədqiqat əsəri elmi-kütləvi ictimaiyyətə təqdim olunur.

folklor.az


Ə 4603000000 Qrifli nəşr

N-098-2017


© Folklor İnstitutu

©


A.İslamzadə
REDAKTORDAN
Atif İslam oğlu İslamzadənin “Оğuz еpik ənənəsində Qazan xan оbrazının mifoloji strukturu” monoqrafiyası аktuаl mövzuya həsr olunmuşdur. Belə ki, оğuz epik ənənəsində Qazan xan obrazının mifoloji strukturunun araşdırmaya cəlb olunması, doğrudаn dа, folklorşünaslığın zəruri elmi prob­lemi­dir. Mövzunun tədqiqat aktuallığının Qazan xan obrazının epik-mifoloji semantem kimi oğuz-türk epik-mifoloji ənənə­si­nin əsas struktur oxlarından birini təşkil etməsi, “Оğuznamə” eposunun üç əsas obrazından biri olması və zəngin mifoloji se­mantikası ilə müəyyənləşməsi təkcə oğuz etnik-mədəni sis­temini deyil, ümumiyyətlə Azərbaycan- oğuz epik düşüncəsinin bütün inkişaf tarixini təsdiq və təsbit edir.

Giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siya­hı­sından ibarət olan monoqrafiya kamil elmi quruluşa malikdir. Hər iki fəsildə qoyulan məsələlər, onların həlli yollarının, tət­biq olunmuş yanaşmaların yeniliyi, əsaslandırılmış nəzəri-me­to­do­lo­ji bazanın mükəmməlliyi monoqrafiyanın yeniliyini və elmi sambalını müəyyənləşdirmişdir. Əsas obyektini “Oğuzna­mə” mətnlərinin təşkil etdiyi araşdırmada “Dədə Qorqud kita­bı” ilə yanaşı başqa oğuznamələr də tədqiqata cəlb olunmuş­dur. Qazan obrazının “Dədə Qorqud” eposunda inikas olunmuş səciyyəsini əsas götürən müəllif abidədən kənar digər örnək­lər­dəki bilgiləri də təhlil çevrəsinə daxil edərək, Qazan obrazının müəyyən oğuz­namələr sistemindəki semantik bütövlüyünün gerçək sərhəd­lə­ri­ni bərpa edə bilmişdir. İşdə Qazan xan obra­zının örnəyində oğuz-türk mədəniyyətinin düşüncə tərzindən müasir ictimai-ədəbi davranış spesifikasına uyğun şəkildə adap­tasiya olunma­sını izləmək, qədim tarixi keçmişə malik olan türk xalqlarının, xü­susilə də oğuz türklərinin obraz vasi­təsilə epos mədəniy­yəti­nə malik olan bir toplum kimi əski və çağdaş dünyagörüşünü, ictimai-siyasi-sosial təşkilat institut­la­rını diqqətdə saxlamaq, oğuzların mifoloji baxışlarının vahid kompleks səviyyədə möv­cud olduğunu, kosmoqonik və etno­qonik sistemə malik bir mə­dəniyyət hadisəsi kimi obraz area­lın­da bir daha müəyyən­ləşdir­mək və oğuz epik ənənəsinin şi­fahi və yazılı örnəklərinin uzu­nəsr­lik bir tarixi prosesdən keç­diyini struktur layları səviyyə­sin­də bərpa edib aşkarlamağı qar­şısına əsas məqsəd kimi qoyan A.İ.İslamzadə öncə оğuz epik ənənəsinə və qeyri-oğuz epik ənənəsinə daxil olan əsərlərdə Qazan obrazının məlumat səviy­yəsində səciyyələndirilməsi üçün epik, mənqəbəvi əsərləri təd­qiqata cəlb etmişdir. Təd­qi­qatçı daha sonra obrazın struktur sə­viy­yələrinin aşkarlan­ması üçün tədqiqatda olan mətnləri struk­tur-semantik təsnifat prinsipinə əsasən öyrənmiş, mövzu, motiv və mifologemləri folk­lor, sənət, dil və düşüncə səviyyəsində iz­ləmiş, diqqətdə saxladığı ədəbi mətnləri sinxron və diaxron is­tiqamətdə öz tədqiqatının baxış bucağına çevirmişdir.

Tədqiqatın elmi məziyyətlərindən biri budur ki, A.İ.İs­lamzadə tədqiq etdiyi problemin tarixini dərindən öyrənmişdir. Nəzərə almaq lazımdır ki, Qazan xan obrazı oğuz epik ənə­nə­sinin əsas obrazlarından biri olduğu üçün “Dədə Qorqud ki­tabı” ilə bağlı tədqiqatların əksəriyyətində onun haqqında bəhs edilmişdir. Həmin araşdırmalarda obrazın bədii-poetik səciy­yəsi, tarixi-sosial semantikası və s. kimi məsələlərə toxu­nul­muşdur. Lakin Qazan obrazının mifoloji semantikasından bəhs edən tədqiqatlar çox azdır. Belə ki, оğuz epik ənənəsində Qa­zan xan obrazının tarixi-müqayisəli və struktur-semantik səviy­yələrdə bir obraz kimi tədqiq olunması bir neçə tədqiqat əsəri istisna olmaqla, demək olar ki, əhatəli şəkildə araşdırmalara cəlb olunmamışdır. Bütün bunları problemin real elmi mən­zə­rəsi kimi nəzərə alan tədqiqatçı özünəqədərki araşdırmaların əsas tezislərindən, fundamental elmi nəticələrindən uğurla isti­fadə etmişdir. Qeyd olunmalıdır ki, A.İ.İslamzadənin tədqiqat­da əldə etdiyi nailiyyətlər yeni və orijinaldır. Bu cəhətdən mo­noqrafiyada bir sıra elmi yeniliklər əldə olunmuşdur. Belə ki, tədqiqatda Qazan xan obrazının mifoloji strukturu oğuz mi­foloji dünya modelinin üzvi struktur ünsürü olaraq araş­dı­rıl­mış, оbrazın epik-mifoloji səciyyəsi aşkarlanmış, ritual-mifo­loji semantikası aydınlaşdırılmış, Qazan xanın bir obraz kimi yalnız bədii təcəssümün ifadəsi olması inkar olunmuş, həm bədii-epik, həm mifoloji, həmçinin tarixi bilgilərin informator təfəkkürünün süzgəcindən keçib müxtəlif laylar səviyyəsində struktur təşkil etməsi bərpa olunmuş, оbrazın oğuz epik ənə­nə­sində folklorlaşmasının epik-bədii və tarixi-ictimai səbəbləri funksional səviyyədə öyrənilmişdir.

Tədqiqatda əsas etibarilə struktur-semiotik və tarixi-mü­qayisəli metodlar tətbiq olunmuşdur. Müəllif türk alimlərindən O.Ş.Gökyay, Z.Göyalp , Ə.Cəfəroğlu, M.Ergin, Ə.B.Ərcilasun, F.M.Kırzıoğlu, B.Ögəl, F.Sümər, Z.V.Toğan və başqalarının, rus alimlərindən V.V.Bar­told, A.Y.Yakubovski, V.M.Jirmun­ski, V.N.Basilov və başqalarının, Azərbaycan alim­lərindən Ə.Abid, H.Araslı, M.Təh­masib, M.Seyidov, X.Koroğ­lu, T.Ha­cıyev, N.Cəfərov, Ş.Cəmşidov, P.Xəlilov, K.Ab­dul­la, R.Bədə­lov, A.Rzayev, B.Ab­dulla, F.Bayat, K.Əliyev, C.Bəydili, M.Ka­­­zımoğlu, R.Əliyev, S.Rzasoy, R.Kamal, Ə.Əsgər, A.Xəlil və başqalarının tədqiqatlarının fundamental elmi nəticələrindən nəzəri-metodoloji baza kimi istifadə etmişdir.

Son olaraq bir daha qeyd edək ki, elmi ictimaiyyətə təq­dim olunan bu monoqrafiya qorqudşünaslığın zənginləş­mə­sində ciddi rol oynamışdır.
Tofiq Hacıyev

Akademik

G İ R İ Ş
Bismillahir-Rəhmanir-Rəhim
Oğuz epik ənənəsində Qazan xan obrazının bir obraz ki­mi araşdırmaya cəlb olunması folklorşünaslığımız üçün bir ne­çə səbəbdən vacib və zəruridir:

– Qazan xan obrazı oğuz epik ənənəsində obrazlar sis­te­mi­nin əsas obrazıdır;

– Qazan xan obrazı epik-mifoloji semantem olaraq oğuz-türk epik-mifoloji ənənəsinin əsas struktur oxlarından bi­rini təşkil edir;

– “Oğuznamə” eposunun üç əsas obrazından biri olması ilə işarələnir.

Mövcud tədqiqatlarda Qazan xan obrazının tarixi-mü­qa­yi­səli metodla öyrə­nilməsi müəyyən qədər mümkün olsa da, struk­tur-semiotik metodla öyrənil­məsi, demək olar ki, apa­rıl­ma­mışdır. Bu da öz növbəsində oğuz epik ənənəsinin əsas se­man­tik obrazlarından olan “Qazan” mifoloji modelinin hər iki me­todla tədqi­qini zərurətə çevirir. Qazan xan obrazı oğuz epik ənənəsinin məşhur personajı olduğu üçün DQK ilə bağlı təd­qiqatların, demək olar ki, hamısında onun haqqında bəhs edil­mişdir. Həmin araşdırmalarda obrazın bədii-poetik səciy­yə­si, tarixi-sosial semantikası və s. məsələlərə toxunulmuş­dur. Lakin Qazan obrazının mifoloji semantikasından bəhs edən tədqiqatlar çox azdır.

Oğuz epik ənənəsində Qazan xan obrazının tarixi-mü­qa­yi­səli və struktur-semantik səviyyələrdə bir obraz kimi tədqiq olun­ması bir neçə tədqiqat əsəri istisna olmaqla, demək olar ki, əhatəli şəkildə araşdırmalara cəlb olunmamışdır. Yalnız bu və ya digər formada “Dədə Qorqud kitabı” eposu haqqında bəhs açılarkən Qazan xan obrazı haqqında müəyyən təsviri bil­gi verilmiş, lakin bu məlumat səviyyəsi o qədər də geniş şə­kildə səciyyələnməmiş, kompleks təfər­rüat­lar meydana çıx­ma­mışdır. Həm oğuz-türk mədəniyyətinin öyrənilməsi, tədqiq və təbliğ olunması, həmçinin Qazan xan obrazının bütövlükdə oğuz epik ənənəsində yerini müəyyənləşdirmək baxımından təd­qiq etdiyimiz mövzu kifayət qədər aktual və gərəklidir. An­caq onu da qeyd etmək lazımdır ki, DQK mükəmməl bir abi­də olduğu üçün bundan sonra da bu mövzuya elmi-nəzəri cə­hət­dən tədqiqat obyekti olaraq yanaşmaq ehtiyacı meydana gə­tirəcək və yalnız Qazan obrazı deyil, digər obrazlarla da bağ­lı mövzu aktuallığı doğuracaqdır.

Araşdırmanın əsas obyektini oğuznamə mətnləri təşkil edir. Buraya DQK və digər oğuznamələr aiddir. Tədqiqatın bir­başa predmeti Qazan xan obrazının mifoloji strukturunun öy­rənil­məsidir. Qazan obrazı bir obraz kimi əsasən DQK-də öz səciyyəsini tapır. Lakin DQK-dən kənar digər örnəklərdə Qa­zan xan haqqında əlavə bilgilər mövcuddur. Elə bu sə­bəb­dən də Qazan xan obrazının öyrənilməsində DQK əsas yeri tu­tur, əlavə bilgi gətirən dastan və mənqəbələr isə tədqiqata va­sitəçi örnəklər kimi cəlb olunur.

Tədqiqat işinin yazılmasında başlıca məqsəd Qazan xan ob­razının örnəyində oğuz-türk mədəniyyətinin arxaik düşü­ncə tər­zindən müasir ictimai-ədəbi davranış spesifikasına uyğun şə­kil­də adaptasiya olunmasını izləmək, qədim tarixi keçmişə ma­lik olan türk xalqlarının, xüsusilə də oğuz türklərinin obraz va­sitəsilə epos mədəniyyətinə malik olan bir toplum kimi əski və çağdaş dünyagörüşünü, ictimai-siyasi-sosial təşkilat ins­ti­tu­tunu diqqətdə saxlamaq, oğuzların mifoloji baxışlarının va­hid kom­pleks səviy­yədə mövcud olduğunu, kosmoqonik və et­noqonik sistemə malik bir mədəniyyət hadisəsi kimi obraz are­alında ye­ri­ni bir daha müəyyənləşdirmək və oğuz epik ənə­nə­sinin şifahi və yazılı örnəklərinin uzunəsrlik bir tarixi pro­ses­dən keçdiyini struktur laylar səviyyəsində bərpa edib aşkar­lamaq olmuşdur.

Bu tədqiqat işində qarşıda duran vəzifələr aşağıdakı kimi həyata keçiril­mişdir:

– Oğuz epik ənənəsinə və qeyri-oğuz epik ənənəsinə da­xil olan əsərlərdə Qazan obrazının məlumat səviyyəsində sə­ciy­yələndirilməsi üçün epik, mənqəbəvi əsərlər tədqiqata cəlb olun­muşdur;

– Obrazın struktur səviyyələrinin aşkarlanması üçün təd­qiqatda olan mətn­lər qeyri-ənənəvi formada, struktur-se­man­tik təsnifat prinsipinə əsasən öyrənil­mişdir;

– Mövzu, motiv və mifologemlər folklor, sənət, dil və dü­şün­cə səviyyəsində izlənilmişdir;

– Obrazın mifoloji strukturunun aşkarlanmasında əski ri­tual və ayinlərin spesifikasının qismən öyrənilib tədqiqatda diq­qətdə saxlanması nəzərdə tutul­muşdur;

– Diqqətdə saxlanan ədəbi mətnlər sinxron və diaxron isti­qamətdə tədqi­qatın baxış bucağına çevrilmişdir.

Qazan xan obrazı haqqında ən əhatəli şəkildə türk alimi Ali Duymaz “Bir dastan kahramanı Salur Kazan” əsərini yaz­mış­dır. Lakin Qazan xan haqqında ümumi bilgilər verən bu əsər mövzumuzla sıx bağlı deyil. Çünki bu əsər Qazan xan obra­zını ümumi şəkildə səciyyələndirir. Ə.B.Ərcilasunun yaz­dığı “Salur Qazan kimdir?” məqaləsi də Qazan xan obrazının mifoloji səviyyəsini deyil, tarixi səviyyəsini araşdırır.

T.Hacıyev “Dədə Qorqud: Dilimiz, düşüncəmiz” əsə­rin­də Qazan xan obrazının mifoloji strukturunu qismən olsa da, əhə­miyyətli şəkildə tədqiqata cəlb etmişdir.

Ş.Cəmşidov da Qazan xan obrazının əsasən tarixi as­pekt­dən öyrənilməsinə can atmış, Qazan xanı Xürrəmilər hərə­katının rəhbəri Babəklə müqayisə etmişdir.

Mövzumuza birbaşa aidiyyəti olan ən geniş əsər B.Ab­dul­lanın “Salur Qazan” monoqrafiyasıdır. Tarixi-mü­qa­yi­səli me­tod əsasında işlənmiş bu əsərdə müəllif Qazan xan ob­ra­zı­nın mifoloji səviyyəsini oğuz-türk epik ənənələrində diq­qə­tə­la­yiq şəkildə araşdırmışdır. M.Seyidov Qazan xan adı­nın eti­mo­lojisinə baş vurmuş və özünəməxsus şəkildə Qazan xan ob­razının dayandığı mifoloji bünövrənin əhəmiyyətli əsas­la­rı­nı açıqlamış, Qazan xan haqqında qismən bilgi versə də, qor­qud­şünaslığa qiymətli töhfə bəxş etmişdir. Qazan xan obra­zı­nın mifoloji səviyyəsinə aid qismən bilgilər çər­çi­və­sin­də K.Ab­dullayev də “Gizli Dədə Qorqud” əsərində toxunmuş­dur.

Qazan xan obrazının mifoloji strukturunu struktur-se­man­tik metod əsasın­da araşdıran S.Rzasoy “Oğuz mifinin pa­radiqmaları” əsərində obrazın mifoloji təməlini əhəmiyyətli şə­kildə tədqiq etmişdir.

Monoqrafiyada obrazla bağlı bütün mövcud araş­dır­ma­lar diqqətlə öyrə­nilmiş, onların nəzəri-metodoloji, faktoloji təc­rübəsinə konkret şəkildə istinad olunmuşdur.

Oğuz epik ənənəsində Qazan xan obrazı indiyə qədər üç as­pektdən öyrənilməyə çalışılmışdır: Epik, tarixi və mifoloji as­pekt. Lakin bu tədqiqat əsərinə qədər həmin araşdırmaların, de­mək olar ki, tamamı yalnız tarixi-müqayisəli və ənənəvi-təs­viri tədqiqat prinsiplərinə uyğun aparıl­mışdır. Elə bu sə­bəb­dən də Qazan xan obrazının oğuz epik ənənəsində bütün­lük­lə öyrənilməsi mümkün olmamışdır. Çünki struktur-se­man­tik tədqiqat üsu­luna əsaslanmadan Qazan xan obrazının mi­foloji semantikasının kompleks şəkil­də öyrənilməsi müm­kün deyil, yalnız müəyyən süjetüstü komponentlərin araşdır­ma­ya cəlb olunması imkan verə biləcək səviyyədədir. Bu na­ta­mamlığı nəzərə alaraq bu tədqiqat işi tarixi-müqayisəli me­tod­la yanaşı, struktur-semantik apro­basiya vasitəsilə Qazan xan obrazının oğuz epik ənənəsindəki sistematik rolunu aşkar­lamağa xidmət göstərmişdir.

Tədqiqatda:

– Qazan xan obrazının mifoloji strukturu oğuz mifoloji dün­ya modelinin üzvi struktur ünsürü olaraq araşdırılmışdır;

– Obrazın epik-mifoloji səciyyəsi aşkar edilmişdir;

– Qazan xan obrazının epik-tarixi səviyyədə aparılması ay­dınlaşdırılmış, tarixi aspektdə araşdırılmasını isə epik tələ­ba­tın qanunauyğunluğunun inkar etməsi aşkarlanmışdır;

Tədqiqatda elm aləminə mətnaltı laylardan struktur-se­man­tik səviyyədə bərpa edilmiş üç mifologem təqdim olun­muş­dur.

Araşdırmada elmi ictimaiyyətə süjetüstü və süjetaltı mətn strukturu səviyyəsində üç motiv bərpa olunub təqdim olun­muşdur.

Tədqiqat işində DQK-dən struktur-semiotik yanaşma əsa­­sında mətnüstü və mətnaltı araşdırma nəticəsində bütöv bir sü­jet (süjetaltı süjet) bərpa olunub təqdim olunmuşdur. Bu sü­jet xətti “Uruzun xaqan edilməsi” şərti adı ilə “Xan Uruzun ağa­­sı” təyi­nində diqqətə çatdırılmışdır. Ümumilikdə bərpa olu­­nan mifole­gem, motiv və sület xətti aşağıdakı kimi təsnif olu­na bilər:

1. “Doğan günəş” mifologemi;

2. “Oğuzun yeyilməsi” mifologemi;

3. “Aslan öldürüb aslana çevrilmə” mifologemi;

4. “Atın bir hissəsi olmaq” motivi;

5. “Xaqana bağlanmaq” motivi;

6. “Qalın” sözünün motiv səviyyəsi;

7. “Uruzun xaqan edilməsi” süjeti.

Monoqrafiyada Qazan xan obrazının ritual-mifoloji struk­turu aşkarlanmışdır.

Araşdırmada Qazan xanın bir obraz kimi yalnız bədii tə­cəs­süm olması inkar olunmuş, həm bədii-epik, həm mifoloji, həm­çinin tarixi bilgilərin informator təfəkkürünün süzgəcin­dən keçib müxtəlif laylar səviyyəsində struktur təşkil etməsi bər­pa olunmuşdur.

Tədqiqat işində Qazan xan obrazının oğuz epik ənənə­sin­də folklorlaşmasının epik-bədii və tarixi-ictimai səbəb­ləri funksional səviyyədə öyrənilmişdir.

Araşdırmada “transformativ məlumat baqajının” epik ənə­nə səviyyəsində keçidlər təşkil etməsi diqqətə çatdırılmış­dır. Belə ki, DQK-də II-III boyda Qazan xanla, VII boyda Ba­yın­dır xanla bağlı ritual etiket qaydası olaraq söylənilən tə­yin­lə­rin bir abzasa yerləşdirilmiş söz birləşmələri olmadığı, bu tə­yinlərdən digər boylara, mövzu və motivlərə, hətta DQK-dən kənar epik ənənələrə və eyni zamanda DQK-nin də daxil ol­duğu bütün oğuz epik ənənəsinə keçidlər mövcud olduğu struk­tur-semantik səviyyədə aşkarlanıb elmi auditoriyaya el­mi-nəzəri metodologiya kimi təqdim olunmuşdur. Onu da de­yək ki, gəldiyimiz elmi qənaətlər yekun deyil, gələcək təd­qi­qat­larda bu mövzuya daha geniş səviyyədə yanaşılmağa ça­lı­şı­lacaqdır.

Araşdırmada mətnaltı laylarda Qazan təyinlərinin zo­omi­foloji, antropomifoloji və sosiomifoloji modellər təşkil et­mə­si arxaik spesifika olaraq işarələnir. “Tülü quşun yavrısı”, “Amit soyının aslanı”, “Qaracuğın qaplanı”, “Qonur atın iyə­si” təyinləri zoomifoloji modeli, “Ulaş oğlı”, “Xan Uruzın ağa­sı”, “Bayındır xanın göygüsi”, “Salur Qazan” təyinləri an­tro­pomifoloji modeli, “Bizə miskin umudı”,“Qalın Oğuzın döv­ləti”, “Qalmış yigit arxası”, “Türküstanın dirəgi” təyin-ti­tul­ları isə sosiomifoloji modelləri təşkil edir. Ancaq onu da in­kar etmək olmaz ki, zoo-antro-sosio informasiyalar bu tə­yin­ləri eyni qəlib daxilində saxlaya bilmir, təyinlərin funk­si­onal­laşması müxtəlif məna və anlamlarda proyeksiyalanır ki, bu işarələr sistemi, ayrı-ayrı semantemlər tədqiqat boyu iz­lənil­məyə çalışılmışdır.

Tədqiqatda əsasən struktur-semiotik və tarixi-mü­qa­yi­sə­li metodlar tətbiq olunmuşdur. İşdə həmin metodların tətbiqi üçün türk alimlərindən O.Ş.Gökyay (139; 140), Z.Göyalp (138), Ə.Cəfəroğlu (134), M.Ergin (137), Ə.B.Ərcilasun (136), F.M.Kır­zıoğlu (141), B.Ögəl (111), F.Sümər (144), Z.V. Toğan (145) və başqalarının, rus alimlərindən V.V.Bar­told (153; 154), A.Y.Yakubovski (168), V.M.Jirmunski (159; 160), V.N.Basi­lov (155; 156) və başqalarının, Azərbaycan alim­lərindən Ə.Abid (9; 10; 11; 12), H.Araslı (18; 151), M.Təh­masib (129; 130), M.Seyidov (123; 124; 125), X.Koroğ­lu (161), T.Hacıyev (79; 80; 81; 82; 83), N.Cəfərov (46; 47; 48; 49, 50), Ş.Cəmşi­dov (51; 52; 53), P.Xəlilov (88), K.Ab­dul­la (6; 7; 8), R.Bədəlov (152), A.Rzayev (17), B.Ab­dulla (1; 2; 3; 4; 5), F.Bayat (33; 34; 35; 36; 37), K.Əliyev (62; 63; 64; 65), C.Bəydili (38; 39; 40; 41; 42; 43; 44; 45), M.Ka­zımoğlu (92; 93; 94), R.Əliyev (66), S.Rzasoy (118; 119; 120; 121), R.Kamal (89; 90), Ə.Əs­gər (69;71) A.Xəlil (85; 86; 87; 166) və başqalarının tədqi­qat­ları nəzəri-meto­do­lo­ji bazanı təşkil etmişdir.

Geniş elmi-kütləvi oxucu auditoriyası üçün nəzərdə tu­tu­lan bu monoqrafiya bədii-ədəbi, epik-mifoloji yenilikləri ilə yal­nız folklorşünaslıq üçün deyil, həmçinin oğuzşünaslıq, qor­qudşünaslıq, mifologiya, eyni zamanda ədəbiyyatşünaslı­ğın əsas qolunu təşkil edən ədəbi tənqid, mənbəşünaslıq və fi­lo­logiya sahələrinə gətirdiyi yeni elmi-nəzəri müddəalar ba­xı­mın­dan mühüm əhəmiyyət daşıyır. Ümid edirik ki, bu kitab bə­dii əsər və ədəbi abidələrdə obrazlar sisteminin yeni isti­qa­mət­də təhlilə cəlb olunması gərəyindən gələcək tədqiqatlar üçün əsas baza rolunda çıxış edəcəkdir.

Monoqrafiya müəllifin 2002-2013-cü illərdə nəşr etdir­di­yi elmi-nəzəri məqalələri və 2013-cü ildə elmi ictimaiyyətə təq­dim etdiyi “Oğuz epik ənənəsində Qazan xan obrazı” ad­la­nan dissertasiyasının kitab tələblərinə uyğunlaşdırılmış ver­si­ya­sı üzərində hazırlanmışdır.


I FƏSİL
QAZAN XAN OBRAZININ FUNKSİONAL STATUSU
Qazan xan obrazının xan statusu

Oğuz epik ənənəsi deyildikdə, adından göründüyü kimi, oğuz­larla bağlı olan bədii-epik, mənqəbəvi, qismən də tarixi əsər­lərin ardıcıllığı nəzərdə tutulur. Bu əsərlərə elmi ədə­biy­yat­da konkret olaraq “Oğuznamə” adı verilmişdir. “Oğuz­na­mə” tədqiqatlarda oğuz etnik-mədəni düşüncəsini bü­tövlükdə əks etdirən epik-tarixi təsəvvürlər sisteminin et­no­kos­mik işarəsi kimi səciyyələndirilir (9; 80; 33; 36; 49; 51; 52; 70; 72; 85; 89; 103; 118; 119; 120; 121; 132; 152; 160; 166) və s.

Oğuznamələr hələlik müəyyən sayda olsa da, bu, oğuz­na­mələrin tamamı anlamını vermir. Zaman-zaman arxivlərdən ye­ni oğuznamələr aşkara çıxarılıb elmi auditoriyaya təqdim edil­dikcə, oğuz epik ənənəsinin zənginliyi bir daha təsdiq olu­nur. Əldə olan oğuznamələr arasında XVI-XVII yüzilliyə aid edi­lən, lakin öz səhifələrində minilliklərin şifahi abidələrini da­şıyan “Əmsali-Məhəmmədəli”, yaxud “Əmsali-türki” ad­la­nan oğuz atalar sözü və məsəlləri, XIII-XIV əsrlərdə Elxani hök­mdar(lar)ının vəziri və tarixçisi F.Rəşidəddinin yazdığı “Cə­mi ət-təvarix” (tarixlər toplusu) əsərindən çıxarılmış oğuz­namə, XV-XVI yüzilllkdə yaşadığı güman edilən sufi şey­xi Dana Atanın heca vəznində yazdığı oğuznaməsi, XV əsr­də yaşamış olan Yazıçıoğlu Əlinin yazdığı “Təvarixi-ali Səl­cuq” adlanan oğuznaməsi, XVI əsrdə yaşamış olan türk­mən tarixçisi Salır Babanın “Oğuz tarixi” əsəri, XIII-XIV yüz­illikdə üzü köçürüldüyü təxmin olunan “Oğuz Kağan” das­tanı, XVII əsrdə yaşamış Xivə xanı Ə.Bahadırın “Şə­cə­re­yi-Tərakimə” (Türkmənlərin soy ağacı) əsəri, N.Əndəlibin Da­na Atadan sonra XVIII əsrdə şeirlə yazdığı “Oğuznamə”, Uzun­körpüdə Seyyid Əli adlı bir şəxsin kitabxanasından ta­pıl­dığı üçün elmi ədəbiyyatda “Uzunkörpü variantı” adını al­mış oğuznamə, Əlyazma nüsxəsində “Əla-lisani-taifeyi-Oğu­zan” deyilən oğuz abidəsi “Kitabi-Dədə Qorqud” eposu və oğuz­larla bağlılığı olan, epik-mənqəbəvi, folklor bilgiləri ve­rən bir qisim salnamələr də mövcuddur (36; 110; 60; 61; 73; 115; 116; 164;165; 147; 148; 149; 158; 169) və s. Bizim möv­zu­muz “Oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji struk­turu” olduğu üçün əsas tədqiqat mənbəyimiz DQK (Dədə Qorqud Kitabı) və bir neçə oğuznamə olmuşdur. Çünki Qa­zan xan obrazı mükəmməl bir obraz olaraq DQK-də öz ək­si­ni tapmış, digər oğuznamələrdən isə Salur Qazan haqqında az bilgi əldə etmək mümkün olmuşdur.

Oğuz epik ənənəsində Qazan xan obrazını araşdırarkən bu obrazın mifoloji strukturunu bərpa etmək tələbatı meydana çı­xır. DQK-də və digər oğuznamə­lərdə diqqət çəkən bu ob­ra­zın epik, tarixi, mifoloji səviyyələri əsasən bir-birinə bağlı kom­ponentlərlə izlənilir. Qazan xan DQK-də epik obrazdır. Nə qədər məlumatları özündə cəmləsə belə, bu əsər epik əsər­dir. Bu səbəbdən də Qazan xan obrazının bu əsərdə aparılan təd­qiqi epik izləmələrlə mümkündür. Yəni burada tarixilik də, mi­fiklik də epik qanunlara tabedir. Nə real tarix, nə gerçək mif deyil, əksinədir. Mətnaltı bazanın üzə çıxarılması belə ye­nə də epik qanunlarla təsdiqini tapır. Digər oğuznamələrdə isə əsa­sən ya epik, yaxud da tarixi-epik şəkildə bu obraz araş­dı­rı­la bilir. Çünki mənqəbə oğuznamələr yalnız epik deyil, adın­dan da göründüyü kimi, həm tarixi, həm epik mənbələrdir. La­kin istər DQK-də, istərsə də digər oğuznamələrdə mif və ta­rix məlumat səviyyəsində mətndə daşınır. Bu məlumat ba­za­sı mənqəbələrdə də açıq və qapalı şəkildə özünü göstərir. Elə bu səbəbdən də Qazan xan obrazının mifoloji struk­tu­ru­nun araşdırılması ilkin olaraq mifə baxışın həm məlumat sə­viy­yəsində (dünyagörüşü forması kimi), həm də epik sə­viy­yə­də (təhkiyə təzahürü kimi) vacib tədqiqini tələb edir. Elə bu ba­xımdan da ilkin olaraq oğuz epik ənənəsində Oğuz xanın ta­rixi-real statusu və epik düşün­cədə oturuşmuş sistem ol­ma­sı­nın səbəbləri araşdırılmalıdır. Epik ənənədə Qazan xan ob­ra­zının öyrənilməsi və bu obrazın mifoloji strukturunun açıl­ma­sı mifin və oğuz mifinin (oğuz türk mifologiyasının) (110, 74) öncə araşdırılması vacibliyini irəli sürdüyündən mövzu da­xilində, qısa da olsa, bu məsələlərə diqqət çəkmək ehtiyacı ya­ranır.

Oğuz epik ənənəsinin əsası üç əsas obraz üzərində struk­tur material olaraq kliseləşir: Oğuz xan, Ata Qorqud, Qa­zan xan. Sonuncu iki obraz da birinci obrazdan şaxələnir. Yə­ni Qorqud və Qazan obrazı oğuz mifinin paradiqmatik gö­rün­tü­ləridir. S.Rzasoy Qazan xan obrazını Oğuz Kağanın, Qor­qud obrazını isə qam-şaman invariantının paradiqması kimi təq­dim edir (118, 36).

Oğuz mifi epik ənənədən daha qədim olmasına bax­ma­ya­raq, epik ənənə mif strukturunu özündə daşıyır. Epik ənə­nə­də oğuz mifinin obraz versiyası olan Oğuz xan oğuz mifinin ob­raz versiyası olan Qorqud Dədə və Qazan xan obrazlarının sinx­ron düzümündə iştirak edir. Lakin Oğuz xan obraz ver­si­ya­sına başlanğıc olan oğuz mifi digər iki obraz ilə sinxron de­yil, diaxron laylar təşkil edir. Oğuz xaqan obraz olaraq digər ob­razlarla yanaşı iştirak etsə də, strukturunda daşınan mifik sis­temin digər obrazlar üçün invarianta çevrilməsi ba­xı­mın­dan bu obrazlarla eyni zamanda diaxron istiqamətində olur. Oğuz mifinin modelləşdirilməsində bu iki obrazın invariant struk­turundan qopan paradiqmalar kimi meydana çıxması hər iki obrazın öyrənilməsi zamanı oğuz mifinin araşdırılması zə­ru­riliyini ortaya çıxarır. Bu vacib məsələ eyni zamanda epik ənə­nə və miflə bağlıdır. Deməli, epik ənənənin araşdırılması zə­minində mifoloji sistemin də öyrənilməsi tədqiqatın prin­si­pi­al tələbatıdır. Elə bu səbəbdən də biz Qazan xan obrazını araş­dırarkən yalnız bir obraz haqqında təfərrüatları deyil, bö­yük bir sistemin hərəkətverici tərkib hissəsi olan, obrazlar sis­te­mində əsas obraz olaraq kommunikativ əlaqə zənciri quran bu obrazın struktur səviyyələrini də araşdırmağa can atdıq. Oğuz mifi ilkin olaraq Oğuz xan (xaqan) obrazına trans­for­ma­si­ya olunub onu törətdiyi kimi həm oğuz mifi, həm də Oğuz ob­razı Dədə Qorqud və Qazan xan obrazlarının invariantı rolu­nu oynayıb onları paradiqmaya çevirərək bu obrazlarda da­şınır. Hər iki obrazın əsasında mif və obraz (Oğuz xaqan) fun­ksiyaları eyni səviyyədə dayanır. Dədə Qorqud obrazında oğuz mifindən gələn Oğuz xan (“Oğuz Kağan” dastanı və s.) obra­zının ruhani missiyası (dini-sakral vəzifə, Oğuz xanın pey­ğəmbərlik statusu və s.) Qazan xan obrazında isə ali ida­rə­çi­lik və Qəzavat funksiyası (xan, mədəni qəhrəman, qazi (ərən), cəngavər və s.) inikas edir.

Eyni zamanda qarşıda görəcəyik ki, bu funksiyalar bü­töv­lükdə xan, xaqan statusundan keçir ki, bu da Oğuz xaqan sta­tusunun paradiqmasıdır. Bu funksiya, missiya və status­la­rın aydınlaşdırılması bəzən mətnin üst qatında, bəzən isə alt lay­larda iştirak edir. Elə bu səbəbdən də struktur-semantik me­tod kod açarı rolunu oynayaraq dekodlayıcı vəzifə daşıyır və obra­zın əhatəli şəkildə kütləvi auditoriyaya çatdırılmasına yar­dım edir. Qazan xan obrazının paradiqma kimi izlənilməsi Oğuz eposunda, əsasən də “Oğuz Kağan” dastanında araş­dı­rıl­dığın­dan, eyni zamanda tarixi-müqayisəli metodu da diq­qət­dən kə­narda saxla­ma­mağı tələb edir. Elə bu baxımdan da hər iki metod araşdırmada iç-içə olaraq iştirak edir. Onu da qeyd edək ki, Qazan xan obrazı oğuz mifinin paradiqması olsa da, bu obrazın oğuz eposundan bilavasitə tədqiqata cəlb olun­ması da­ha məqsədə uyğundur. Çünki həm “Oğuz mifi Oğuz­namə epo­suna transformasiya olunmuşdur” (118, 5), həm­çinin oğuz mifi deyil, Oğuz (namə) eposu əldə olan mən­bə­dir. Bütün yürüdü­lən mühakimələr son nəticədə mənbəyə söy­kənmək ehtiyacını ortaya çıxarır. Elə buna görə də Qazan xan obrazının bu isti­qamətdə araşdırmaya cəlb edilməsi vacib və zəruridir.

Qazan xan obrazının invariant kök əsası oğuz mifi və oğuz eposu bu obrazda Oğuz obrazının müxtəlif şəkillərini, şa­xələrini, törəmələrini səciyyə­ləndirir. Qazan xan obrazı möv­zu və motiv vasitəsilə paradiqmatik əksini reallaş­dırır. Bu obrazın paradiqma olaraq oğuz epik ənənəsində üç əsas ob­raz­dan biri kimi iştirak etməsi digər obrazların mərkəzində dur­maqla epik sferanın ana obrazı olması – DQK-də bu aydın nə­zərə çarpır, Bayındır xan mətndə zəif şəkildə görünür,– onu Oğuz Kağan obrazının klişesi kimi şərtləndirir.

Oğuz mifinin paradiqması kimi Qazan xan obrazı epik ənənədə, xüsusilə də DQK-də xan statusu ilə diqqət çəkir. Qa­zan xan DQK-də xan (97, 43, 116, 119, 123), bəy (bəg) (97, 43, 64, 68), bəylər bəyi (bəglər bəgi) (97, 107, 108, 116), alp və yaxud alplar başı (97, 99) və s. kimi titullarla tanınır. Rəşidəddin “Oğuznamə”sində Qazan olduğu ehtimal olunan kişinin rütbəsi bəy (115, 61), Əbülqazi Oğuznaməsində də eyni ti­tulla bəy (60, 93) və alp (60, 97-98) kimi getmişdir. Elə diq­qət­lə baxdıqca DQK-də də xan tituluna nisbətdə bəy titulu xey­li artıq görünür. Demək olar ki, eposun əksər hissəsində Qa­zan xan deyil, Qazan bəy adlanmışdır. Təsadüfi deyil ki, DQK-nin Vatikan nüsxəsi də “Hekayeti-Oğuznameyi Qazan bəg və qey­ri” adlanır (99, 311). Bu, Qazan obrazının epik ənə­nədə ən əhəmiyyətli obraz olduğunu dəyərləndirməklə bə­ra­bər, Qaza­nın titulunu xan deyil, bəy kimi göstərir. Lakin DQK-də Qaza­nın xan, bəylərbəyi və yaxud “bəylərbəyi xan Qa­zan” ad­lan­ma­sı və Bayındır xana aid olan təyinlərin eyni qay­dada və bir az da artıq olaraq Qazan xana aid edilməsi (97, 42), bundan əla­və dörd dəfə Bayındır xanın, iki dəfə də Qazan xa­nın ritual ənə­nə­yə uyğun olaraq boy başlanğıcındakı rəsmi tö­rəni (97, 34, 52, 94, 104, 42, 68) və ritual keçirməsi (97, 123) Qazan xanı epik mətn­də xan kimi işarələyir. Eyni za­man­da Bayındır xanın xan­lar xanı adlanmasına uyğun olaraq Qa­zan xanın bəylər bəyi ad­lanması da, Bayındır xanın xaqan, Qa­zan xanın xan statu­su­nu müəyyənləşdirir (97, 34, 116). Tə­sa­düfi deyil ki, A.Xəlil “bəy” titulunun oğuz düşüncəsindəki se­manteminin oğuz kom­pleksi səviyyəsində olub struktur təş­kil etdiyini qeyd edir: “Bəy sak­ral sferaya daxil edilir, Tanrıya və başqa sakral dəyər­lə­rə olan münasibətə uyğun funksiyada mü­şahidə olunur” (87, 118).

Epik mətndə (DQK-də) nə üçün Qazan xan aydın şə­kil­də xan, bəy və yaxud bəylərbəyi kimi getmir? Elə Bamsı Bey­rək də gah bəy, gah da xan kimi təriflənir. (97, 54, 60). Bu, ozan diqqətsizliyidir, katib xətasıdır, yoxsa anaxronizm? Oğuz eposunu tədqiq edərkən bu məsələnin diaxronluqdan do­ğan anaxron olduğu aydın olur. Oğuz Kağan (xaqan) mət­nin epik səviyyəsində kosmoloji strukturda ilk insanı sim­vo­li­zə etdiyinə görə (oğuz iyerarxiyası) həm də ilk xaqan, ilk xan, ilk bəy, ilk mədəni qəhrəman və s. dir. Oğuz ilk insan olaraq bü­tün arxaik titulları özündə cəmləyir. Əgər tarixə müraciət et­sək, bu titullar Oğuz xandan əvvələ gedib çıxar. Lakin oğuz epik düşüncəsində Oğuz ilk insan olduğuna görə xaqan, xan, bəy diaxronik düzümü oğuz epik ənənəsinə paradiqma təşkil edir. Bu baxımdan Bayındır və Qazan xanda Oğuz xanın xa­qan­lığı və xanlığı sistematik paradiqma yaradır. Bu səbəbdən mət­nə səpələnən xan, bəy, bəylərbəyi kimi rütbə təyinləri ona gö­rə bir şəxsə (Qazana və s.) aid edilə bilir ki, bu titullar Ka­ğan (Oğuz) titulunun törəmələri olaraq diaxron səviyyə təşkil edir. Əgər bu titullar iyerarxik sistemin məlum söz­lük­lə­ri­dir­sə, oğuz epik ənənəsində Oğuz kağanlığından doğan pa­ra­diq­malardır. Elə B.Ögəl də uyğurca, “Oğuz Kağan” dastanının tərcüməsində, (müasir türk dilinə uyğunlaşdırmasında) “Oğuz Kağan”ı əksər yerdə Oğuz xan kimi, tək-tək halda isə “kağan” kimi eyni mənalı söz olaraq işlədir (112, 130-185).

Məlumdur ki, “Oğuz Kağan”ın kağanlığı mətndə təsa­düfi xarakter daşımır. Oğuz Kağan özünü yer üzünün dörd tə­rə­finin xaqanı elan edir. Həm bunun Tanrı buyruğu olduğu, Tan­rının Oğuz xanı vəzifələndirdiyi, onun boynuna müqəddəs mis­siya qoyduğu və bunun da Tanrı qarşısında bir borc ol­duğu “Oğuz Kağan” dastanında diqqət çəkir (110, 13, 17, 34). Oğuz Kağan məhz Tanrı iradəsini həyata keçirən vəzifə da­şı­yı­cısı (peyğəmbər-qazi) kimi cahan dövləti qurmağa çalışır və das­tan informasiyasına görə buna nail olur. Deməli, kağanlıq adi bir titul deyil, sakral rütbəni işarələyir. “Kağan rütbəsi” son­rakı mərhələlərdə epik ənənədə Oğuz xandan sonrakı dövrü ifadə edən və bu dövrdə meydana çıxan xan, bəy və s. söz­lüklərin arxetipi olaraq özünü göstərir. Məhz Bayındır və Qazan xan da oğuz invariant modelinin paradiqması kimi eyni funk­siyanın müxtəlif təzahürü olaraq aşkara çıxır. Bayındır xanın mətndə Qazan xana nisbətdə zəif iştirak etməsi oğuz dün­yagörüşünün spesifikliyindən irəli gəlir. Çünki xaqan xal­qa görünmür (97, 261). İkili idarə üsulunun qaydasına uyğun ola­raq xan daha çox dinamik fəaliyyəti ilə seçilir. Lakin Oğuz Ka­ğanın xaqanlıq törəməsi kimi xan titulu DQK-də sistemli for­mada yalnız bu iki şəxsi əhatə edir. Bu da onu göstərir ki, xan titulu iki statusda iştirak edir:

1) Xan – ali idarəçilik institutunun (DQK-də Qalın Oğuzun) başçısı kimi (ictimai-sosial, siyasi status)

2) Xan – şəxsi keyfiyyətlərin göstəricisi olan rütbə kimi (fərdi status)

DQK-də yalnız Bayındır xan birinciyə, Dirsə, Buğac, Bey­rək və s. xanlar isə ikinciyə, Qazan xan isə hər ikisinə aid ola­raq üzə çıxır. Lakin hər iki funksiya Oğuz Kağan pa­ra­diq­ma­sı olduğuna görə bəzən bu anlamlar mətndə anaxron ya­ra­da bilir. Misal üçün, Dirsə xan oğlu Buğac xan (I boy) Ba­yın­dır xanın buğasını yıxmaq şücaəti göstərdikdən sonra ad al­maq şərəfi qazandıqda və ritual icraçısı Dədə Qorqud gəlib ad ri­tualını həyata keçirdikdə Bayındır xan Oğuz məkanının xa­qa­nı ola-ola Bayındır xanın öz məkanında belə (Buğa onun bu­ğasıdır və sarayından çıxır) Buğaca bəylik vermək üçün ona deyil, Dirsə xana müraciət edilməsi (97, 36) xanlıq funk­siyalarının bir-birinə qarışmasıdır, anaxrondur.

III boyda isə hünər göstərən Beyrəyin Qazanın bəyliyini (xan­lığını) birgünlük alması, hər nə istəsə onu etməyə icazəli ol­ması (97, 64) həm funksiya dəyişməsi, həmçinin statusların yer­dəyişməsidir. Bayındır xanın funksiyasının (xanlığının) mətn altında Dirsə xana keçməsi və Qazan xanın funksi­ya­sı­nın (bəyliyinin) Beyrəyə keçməsi yalnız anlamların deyil, sta­tus­ların da funksionallaşması paradiqmatik görüntülərin möv­cud­luğundan irəli gəlir. Yəni bu bir ana variantın müxtəlif şəkil­ləri olduğuna görə bəzən funksiyalar da bir-birinə qarışır. Çün­ki hər nə şəkildə olursa olsun, hansı obraza cəmlənirsə cəm­lənsin, mahiyyətdə Oğuz xanı və Oğuz xan olaraq da oğu­zun özünü (kosmoloji model) səciyyələndirir.

Başqa bir misal: XI boyda Qazan xanın Oğuz mə­ka­nın­dan təcrid edilib sakral məkandan periferik məkana (kafər mə­kanına) götürülməsi və oğlu Uruz böyüyənə qədər burada qal­ması, bu müddətdə birinci dərəcəli xanlıq statusunu faktiki ola­raq itirməsi (DQK zamanının irəliyə-geriyə gedən (təkrar) hə­rəkətsiz və yarıhərəkətli-yarıhərəkətsiz zaman olması belə bu anlamı dəyişdirə bilmir) ikinci dərəcəli xanlıq statusunu sax­laması ilə şərtlənir. Məsələn, kafər məkanında belə ka­fər­lərə qələbə çalması (təkurun övrətini qorxuya salması, qu­yu­dan çıxması, kafər boynuna minib kafərlərin gözü önündə onu hə­lak etməsi və s.) (97, 117) xanlıq şəxsi keyfiyyətlərini ini­kas etdirir. Qazan xan obrazının ritual-mifoloji səviyyəsi elə onun xanlıq statusunda cəmlənir və bu statusdan qopan his­sə­lər Qazan xan obrazını bütünlüklə oğuz epik ənənəsində sə­ciy­yələndirir. Qazan xan obrazının statusu funksionallaşaraq (bəy, xan, xaqan) epik səviyyədə oğuz epik ənənəsində müx­tə­lif anlamları ifadə edirsə də, dərinə endikcə də oğuz mifinin in­variant strukturundan qopan paradiqmalar kimi üzə çıxır. Qa­zan xan obrazının ritual kodeksin rəsmi daşıyıcısı kimi iş­ti­rak etməsi mütləq onun xan statusundan keçir. Çünki ri­tu­al­la­rın təşkili xan, xaqan tərəfindən həyata keçirilir, icraçılığı isə ru­hani funksiyada çıxış edən şəxslər vasitəsilə baş tutur.

Qazan xan obrazı oğuz mifinin və oğuz eposunun pa­ra­diq­ması olaraq öncə Oğuz xanın xaqanlığını əsas statusda öz nə­zərində cəmləyərək bütün titullarıyla birgə (xan, bəy, bəy­lər­bəyi) DQK-də ali idarəçilik qurumunun başçısı kimi gö­rü­nür. Qeyd etdiyimiz kimi xaqanla bərabər hüquqlu şəxs ola­raq rəsmi törənlərin dəyişməz siması kimi əvəzlənməz funk­si­ya­da iştirak edir. Qazan xanın zirvədə qərar tutması, Qalın oğuz elinin faktiki rəhbəri olması onun keyfiyyət­lərinin küt­lə­vi­ləşdirilməsi üçün ənənəvi tərənnüm şablonunu doğurur. La­kin bu şablon kimi görünmür. Çünki öz içərisində Oğuz xa­qa­nı­nın şəxsiyyətinin bütövlüyünü ifadə edən irsi, etnik, milli, di­ni və s. maddi-mənəvi yaşantının anlamlarını daşıyır: “Bir gün Ulaş oğlı, Tülü quşun yavrısı, Bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, Qonur atın iyəsi, Xan Uruzın ağası, Bayındır xanın göygüsi, Qalın Oğuzın döv­ləti, Qal­mış yigit arxası Salur Qazan yerindən tur­mışdı” (97, 42).

Diqqətlə yanaşdıqda aydın görünür ki, bu sözlüklərdə yek­dil olmayan müxtəlif məlumat anlamı və dünyagörüşü for­ma­sı cəmlənmişdir. Elə bu baxımdan da bu ritual törənə, boy baş­lanğıcında olan mərasim faktoruna yalnız Qazan xanın ti­tul­ları kimi baxmaq özünü doğrultmur. Bu sözlüklərə Qazan xa­nın xanlıq dərəcəsinin ifadəsi olaraq ad tapmağa çalışsaq, şüb­həsiz ki, “xan öyüncü” ifadəsi ritual fəaliyyəti daha çox ay­dınlaşdıra bilər. Buna görə də bu təyinlərin anlamlarını araş­dırmağa çalışaq. Çünki bu təyinlər bütünlüklə Qazan xa­nın xan statusunu proyeksiyalandıra bilər. Eyni zamanda bu söz­lüklər mətndə kod açarı rolunda çıxış edib bütünlüklə oğuz epik ənənəsində Qazan xan obrazının müxtəlif fəaliyyətlərini özün­də cəmləyir. Mətnə hansı bucaqdan baxılırsa baxılsın, xan öyüncləri təyinlərinə gəlib çıxmaq məcburiyyəti meydana çıxır. Elə bu səbəbdən də bu təyinlərin ardıcıl formada araş­dırmaya cəlb olunması ehtiyacı yaranır.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə