Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,49 Mb.
səhifə7/9
tarix25.06.2018
ölçüsü1,49 Mb.
#51333
1   2   3   4   5   6   7   8   9

2012-ci il
P.S

Heç inanmazdım ki, bu kitab çap olunmamış İsrafil müəllim haqqında yazdığım bu yazıya post skriptum – sözardı yazmalı olacağam...

Ən əsası karvana çatmaqdır, ─demişdim, ─sonrası asandır: karvan səni özü uzaqlara götürəcək...”



Haqqa yürüyən karvan müasir Azərbaycan humanitar-filoloji fikrinin klassik dövrünün sonuncu nəhəng nümayəndələrindən olan İsrafil Abbaslını əbədiyyətə götürdü...

Ölüm, əslində, bizləri bir-birimizdən ayırmır. Hardan gəlmişiksə, oraya da qayıdırıq...

Ayrılıq bu dünya üçündür. O dünyada vüsal var...

Bir daha təşəkkürlər, İsrafil müəllim!

Təkcə özün üçün yox, bizlər üçün, millət üçün yaşadığın ömrünə, həmişə bizim üçün əziz olacaq “Sönməz” xatirənə və irsinə görə...


Əli Rza XƏLƏFLİ

Kredo” qəzetinin baş redaktoru


SÖZÜMÜN HÖKMÜ VAR
İsrafil Abbaslı haqqında danışmaq istəyirəm. Ancaq əvvəlcə obrazı yaradan mənəvi mədəniyyət haqqında bir neçə kəlmə.
Folklor mənəvi mədəniyyətin ən mühüm sərvətidir. Tükənməyən, hətta bəzən sərhədləri, hüdudları, tarixilik baxımından ən qədim sərvət kimi nə qədər talansa belə, ayrı-ayrı zamanlarda gözdən-könüldən iraq düşsə belə yenə yaşayan, özünü hifz edən, qoruyan bir xəzinədir. Qaldıqca, zamanı keçdikcə dəyəri daha uca tutulan, dünyanın heç bir maddiyyatı ilə əvəzlənməyən mənəvi mədəniyyət xəzinəsi ─ folklor əslində, həm də onu yaradan xalqın özünün təyinedicisi, xalqın kimliyi haqqında ən böyük sübutdur, dəlildir. Xalqın tarixi ilə folklorun tarixini eyniləşdirənlər çox güman ki, səhv etmirlər. Ümumiyyətlə, folklorun xalqın mənəvi qoruyucusu olduğunu bilən əleyhdarlar, xalqın təbiətinə yad olan siyasi rejimlər xalqla bu sərvət arasında sərhəd yaratmağa çalışıblar. Təbii ki, bu zaman folklor araşdırıcıları, şifahi xalq ədəbiyyatının toplayıcıları və tədqiqatçıları da təqib olunublar. Sovet dövründə “SSRİ xalqlarının eposu” seriyasından “Koroğlu” dastanının nəşri süni mübahisələr obyektinə çevrildi. Yeri gəlmişkən, Koroğlunun qüdrəti Azərbaycan xalqının düşmənlərini həmişə narahat edib. Elə bu səbəbdən də çox vaxt Koroğlunu bir quldur, başkəsən, öz soydaşlarına qarşı mübarizə aparan, antihumanist obraz kimi təqdim etməyə çalışıblar.

Bəlkə də, bir qədər uzun görünən bu girişə ehtiyac olmazdı. Əgər 2000-ci ildə “Koroğlu” dastanının rus dilində nəşrini görməsəydim. Azərbaycanın qəhrəmanlıq eposu “Koroğlu”nun bu nəşrinin cəfakeşləri professorlar - İsrafil Abbaslı və Bəhlul Abdulladır. Elmi ədəbiyyatdan, dövri mətbuatdan hər birinin haqqında kifayət qədər məlumatımız olsa da, bu folklorşünas alimlərin hər birini cəmiyyətə daha yaxından tanıtmaq, hər biri haqqında daha dolğun bilgilər əldə etmək, deyərdim ki, folklorşünaslığımız və şifahi xalq ədəbiyyatımız haqqında zəngin məlumat sahibi olmaq deməkdir.

Onsuz da, Azərbaycan xalqı özünün tarixi taleyində çox qurbanlar verib. Xüsusilə, bu faciələr folklorşünaslarla bağlıdırsa, daha böyük ağrı ilə yada düşür. İndi biz mənəvi mədəniyyətimizin ən böyük və həm də deyərdim ki, müqəddəs sahəsi ilə yaxından tanış olmaq imkanını öz laqeydliyimizlə gələcək nəsillərin öhdəsinə buraxa bilmərik.

Dəfələrlə demişəm, yenə məni düşündürən tarixi görəndə həmin fikri təkrar etməkdən çəkinmirəm. İsrafil Abbaslı 1938-ci ildə anadan olub. İrəvan xanlığının mərkəzində, elə İrəvan şəhərində. Bəlkə də, bunun özü də tarixin bir ironiyasıdır Azərbaycan xalqının cəlladlarına qarşı. 30-cu illərin qanlı repressiyaları ilə taleyin özü döyüşür. 38-ci il o dövrdür ki, B.Çobanzadə, V.Xuluflu, H.Zeynallı, S.Mümtaz və qeyri çoxlu sayda ziyalılarımız mənəvi mədəniyyətin müqəddəslik kəsb edən şifahi qoluna görə repressiya maşınının ağzına göndərilirdilər. Əlləri qana batmış düşmən cəlladları manqurd təbiətli ideoloqlar Azərbaycan xalqına qarşı bu siyasəti Ermənistan ərazisində daha qəddarlıqla həyata keçirirdilər. Deportasiyalar, sürgünlər, güllələnmələr... bir sözlə, zülm ərşə dayanmışdı. Və belə bir vaxtda İrəvan şəhərinin özündə dünyaya gələn uşağa İsrafil adını qoyanda kimsənin ağlına gəlməzdi ki, o uşaq böyüyəcək, erməni dilini də, erməni xalqının tarixini də hər hansı səviyyədə olursa-olsun onun mənəvi mədəniyyətini də öyrənib onların öz silahları ilə özlərinə qarşı vuruşacaq. Yoxsa, həmin körpəni elə beşikdəcə boğardılar. O balaca İsrafilin hələ 3 yaşı olanda atasını müharibəyə apardılar, faşizmə qarşı müharibədə həlak oldu. Atasının ölümündən sonra müəllimə olan anası Həqiqət Salmanovanın himayəsində böyüdü. Artıq qeyd etdiyim kimi, bəzən heç insanın özünün də xəbəri olmadan tale onu gələcək döyüşlər üçün hazırlayır. Orta məktəbi İrəvanda oxuması, sonra X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində ali təhsil alması onun gələcəyə daha böyük işlərə hazırlığının möhkəm özülünü yaratdı.

Hərdən mənə elə gəlir ki, ayrı-ayrı adamlar az qala dünyanın özü ilə yaşıddır. Onların bir qədər boz, sərt, zamanın küləklərinə etinasız-etinasız baxışları tarixin daha alt qatlarında qalmış hadisələrin mənəvi yükünü daşıyır. Gərək çiyinlər, mənəvi qürur mənbəyi o qədər güclü olsun ki, insan taleyin bəxş etdiyi ağır dərdlərə və kədərlərə davam gətirə bilsin. Nəinki təkcə davam gətirə bilsin, həm də özünü gələcək döyüşlərə hazırlasın.

Bir məsələni də qeyd etmək istəyirəm – bunu da dəfələrlə demişəm. Erməni dilini bilən, erməni mənbələrində işləyə bilən mütəxəssislərimiz çox azdır. Və ona da təəssüf edirəm ki, biz belə mütəxəssislərin qədrini hələ lazımınca bilmirik. Və zaman keçdikcə bu sərvətin tükənəcəyindən də ehtiyatlanmırıq. Yeni, gələcək mübarizələr üçün bu tipli döyüşçülərin hazırlanması üçün düşünmürük. Halbuki, İsrafil Abbaslı kimi, İsrafil Məmmədov kimi, Hüseyn İsmayılov... kimi mütəxəssislərin gücündən istifadə edilə, yeni kadrlar nəsli yetirilə bilərdi.

Bəlkə də, mətləbdən bir qədər uzaq düşdüm. İsrafil Abbaslının ailəsi 1960-cı ildən sonra daha İrəvanda yaşaya bilmir. Bəlkə də, bu gəncin təbiətində görünən cizgilər artıq erməniləri narahat etməyə başlamışdı. Yox ola bilsin ki, əgər İsrafil Abbaslı İrəvanda qalsaydı və bu gördüyü işləri də İrəvanda davam etdirsəydi, taleyini orada yaşamaq qismət olmuş başqa alimlər kimi onu da təqiblər gözləyə bilərdi. İrəvandan gələndən sonra Nizami adına Ədəbiyyat və Dil İnstitutunda əmək fəaliyyətinə başlayır. 1966-cı ildə namizədlik və qısa müddət ərzində doktorluq dissertasiyalarını müdafiə edir.

İsrafil Abbaslı kimi bir ziyalının, folklorşünaslıq elmimizin ən çətin və problemli sahələrində çalışan bir ziyalının və bilavasitə ən çox erməni mənbələri ilə işləyən bir vətəndaşın formalaşmasında əvəzsiz xidmətləri olan anası Həqiqət Salmanova 1986-cı ildə vəfat edir.

Uzaqdan-uzağa İsrafil Abbaslı haqqında düşünəndə onun bu itkini necə qarşıladığını təsəvvür etməyə çalışıram. Və zənnimcə, onun ən böyük təskinliyi elə Azərbaycan şifahi xalq ədəbiyyatı olub. Çünki folklor xalqın həm atası, həm anası və eyni zamanda, həm də dayəsidir. Və demək, İ.Abbaslı üçün də ən böyük təskinlik elə folklor ola bilərdi. Azərbaycan şifahi xalq ədəbiyyatının ən müxtəlif sahələrində qələm çalmaq, xalqın mənəvi mədəniyyətinin keşiyində durmaq, elə öz anasına sığınmaq, anasını qorumaq, anasını yaşatmaq deməkdir. Bu mənada, şiyahi xalq ədəbiyyatı onun ən dəyərli örnəkləri ilə məşğul olmaq, işləmək, mübahisəli məsələlərə aydınlıq gətirmək cəhdləri onun özünə də böyük təskinlik idi. O, yaxşı başa düşürdü ki, necə işlə məşğul olur? Gördüyü işin və öz fəaliyyətinin mahiyyəti, əslində, uzun illər bu alim üçün, tədqiqatçı üçün ilham mənbəyi olmuşdu. “Azərbaycan folkloru XIX əsr erməni mənbələrində” (“Elm”, Bakı-1977), “Areal rasprostraneniya i vliyaniya Azerbaydjanskix dastanov” (“Sada”, Baku-2001. 215 str.), kitabları İ.Abbaslıya təkcə tədqiqatçı şöhrəti gətirmədi, onu yalnız folklorşünas alim kimi geniş ictimaiyyətə tanıtmadı, həm də əqidəli, prinsipial, milli mənafelər uğrunda döyüşkən, dönməz bir ziyalı kimi xarakteristikasını təsdiq elədi. Məlumdur ki, 88-ci il hadisələrindən sonra Ermənistanda qalmış mənbələr və arxivlər tədqiqatçıların əlindən çıxdı. Ancaq az-az, məhz elə İ.Abbaslı kimi alimlərin sayəsində istinad olunası mənbələr vaxtında tədqiqata cəlb olunmuşdu. Və bir növ həmin mənbələr Azərbaycana gətirilmişdi. İndi bir çoxları 70-ci illəri asan tədqiqat dövrü kimi xarakterizə edə bilər. Amma istər Matenadaranda, istərsə də Ermənistanın digər arxivlərində işləmək azərbaycanlı alimlər üçün necə çətin idi. Bunu ancaq onların özləri izah edə bilər. Hansı məhdudiyyətlər çərçivəsində, hansı tənə və qınaqlar altında işləməli idin, necə təzyiqlərə, hətta bəzən təhqirlərə belə dözməli idin. Bütün bunlar təkcə tədqiqatçı inadkarlığı deyildi. Bu, öz xalqının tarixi taleyi uğrunda döyüşən əsgər qəhrəmanlığı idi, vətəndaş fədakarlığı idi.

Kimsəyə sirr deyil ki, Koroğlunu bizdən yadlaşdıra-yadlaşdıra, Koroğlu ilə xalqımız arasında sərhəd yarada-yarada ermənilər də Koroğlunu mənimsəmək, onu erməniləşdirmək cəhdlərində bulunurdular. Və etiraf edək ki, siyasi basqılar altında, etirazların, qadağaların təsiri altında bizim ziyalılarımız dinə bilməyəndə ermənilər öz işlərini altdan-altdan kifayət qədər ardıcıl və inadla aparırdılar.

“Azərbaycan dastanlarının yayılması və təsiri məsələləri” (Bakı-2007) əsaslı tədqiqat əsəri Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Elmi redaktoru filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovdur, nəşrə məsul filologiya elmləri namizədi Əziz Ələkbərlidir. Professor H.İsmayılov əsərə geniş və əhatəli ön söz də yazıb: “Türk eposunun dastan informasiyası erməni mənbələrində”. Professor ön sözə birbaşa strateji mətləbdən başlayır: “Bu kitab Azərbaycan folklorşünaslığının aktual bir probleminə həsr olunmuşdur. Bu nəşrin aktuallığı birinci növbədə tarixi reallıqla şərtlənir.

Əgər Azərbaycanla Ermənistanın təkcə Qarabağ məsələsi ilə məhdudlaşmayan indiki gərgin münasibətlərini nəzərə alsaq, onda yaxın keçmişdə yəni “sovet dövründə” erməni arxiv və kitabxanalarında aparılan işlərin dəyərini təsəvvür etmək olar”. Professor H.İsmayılov tədqiqatçının çox dəyərli əsərini xarakterizə edərkən ona üç aspektdə yanaşmanın mümkünlüyünü qeyd edir: 1) İsrafil Abbasov folklorşünas, tədqiqatçı, mətnşünas kimi; 2) Azərbaycan folklorşünaslığının öyrənilməsi; 3) Azərbaycan dastanları. Bu da göstərir ki, İ.Abbaslının tədqiqat obyekti çox geniş və əhatəlidir, bu, həm də elə onun özünün fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu dəyərli əsər iki hissədən ibarətdir: birinci hissədə müəllif “Erməni əlifbasıyla yazıya alınmış (toplanmış) Azərbaycan dastanları və dastan şeirləri” haqqında danışır. Bu zaman əlyazmalar və Azərbaycan dastanları arasında əlaqələr, məlum məşhur dastanlar və onların variantları, unudulmuş məhəbbət dastanları, dastan nəğmələri tədqiqata cəlb edilir. Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz çətinlikləri, problemləri İ.Abbaslı tədqiqat zamanı öz üzərində hiss etmişdir. Əsərin ikinci hissəsi “Azərbaycan dastanlarının erməni dilinə tərcümə, təbdil və nəşri mərhələləri” tədqiqata cəlb edilir. Bu işin tədqiqi tarixindən danışır, erməni əlifbası ilə nəşr olunmuş dastanlardan bəhs edir, təbdil tərcümə edilmiş dastanların necə erməniləşdirilməsini və daha dəqiq desək, mənəvi sərvətlərimizin talançılıq çevrəsini, həddini göstərir. Əlbəttə, bu talançılıq Azərbaycan şifahi xalq ədəbiyyatının ən müxtəlif sahələrində 200 ilə yaxın bir dövr ərzində davam etmişdir. Ermənilər həm məhəbbət dastanlarını, həm qəhrəmanlıq dastanlarını özününküləşdirməyə çalışmış və bir çox hallarda buna nail olmuşlar. İ.Abbaslının bu tədqiqat əsəri düşmənə həddini göstərməkdir. Alim təkzibedilməz dəlillərlə dastanların yaranma şəraitini, Azərbaycan xalqının tarixi ilə səsləşən məqamları, obrazların hansı kökdən və soydan su içib pərvəriş tapdığını heç bir alimin təkzib edə bilmədiyi dəlillərlə göstərir. İ.Abbaslının tədqiqatında bir üstün cəhət var ki, o, belə dəlilləri gətirərkən vaxtilə ədalətli mövqe tutmuş erməni alimlərinin özlərinin dediklərinə söykənir. Onların özlərinin yazdıqları ilə onlara cavab verir.

İ.Abbaslı tədqiqat əsərində arxiv mənbələrini və əlbəttə ki, çoxlu sayda erməni mənbələrinin nəşri tarixini və yerini göstərir. Mənbələrin şəkillərini təqdim edir. Bütün bunlar əsərin necə böyük dəyərə malik olduğunu sübut edir. Əlbəttə, İ.Abbaslı bütün bunlardan başqa daim işləyən, böyük zəhmətə qatlaşaraq folklorşünaslıq elmimizi zənginləşdirən əsərlər yaratmaqdadır. Onun yeni-yeni orijinal əsərləri işıq üzü görməkdədir. Azərbaycan ədəbiyyatı tarixinin yeni nəşrinin hazırlanmasında yaxından iştirak edir. Və eyni zamanda birinci cild üçün əfsanələr, rəvayətlər, Koroğlu eposu (şərikli), folklorşünaslıq oçerklərinin müəllifidir. İ.Abbaslı Azərbaycan Sovet Ensiklopediyasının, "Dədə Qorqud Ensiklopediyası"nın hazırlanmasında da yaxından iştirak edib. Bu ensiklopediyalarda bir çox elmi məqalələrin müəllifidir. Tərəddüdsüz demək olar ki, İ.Abbaslı zəngin folklorşünaslıq irsi yaratmışdır. Çoxlu sayda elmi məcmuə və topludakı araşdırmaların müəllifidir. Onun bu sırada “Azərbaycan folkloru və Xaçatur Abovyan”, “Vanlı Köçək” dastanı və onun “müəllifi” məsələsi”, “Ozan (uzan) – qusan istilahı və sənətinə dair”, “Yeni dastanlar”, “Əsli-Kərəm” dastanının izi ilə (erməni mənbələri əsasında)”, “Koroğlu” eposunun janr özünəməxsusluğuna dair”, “İbtidai-dini mənqəbəvi görüşlər və onların xalq yaradıcılığında izləri”, “Azərbaycan folklorşünaslığının təşəkkülü və inkişaf mərhələləri”, “Əfsanə və rəvayətlərin janr özünəməxsusluğu”, “Midiya – Aran mədəniyyətinin folklor qaynaqları: mənqəbə dastan yaradıcılığı və onların məzmun çalarları”, “Qədim türk eposu: mənqəbələr və dastanlar”, “Qaçaq Nəbi dastanı və Bəhlul Behcətin "Qaçaq Nəbinin tarixi" araşdırması”... və sair onlarca əvəzsiz incilər olan məqalələri illər keçsə də dəyərini və əhəmiyyətini itirməyən folklorşünaslıq elmimizin inciləridir. İsrafil Abbaslı həm də toplayıcıdır. Çoxlu sayda xalq ədəbiyyatı incilərini toplayıb, tərtib edib, nəşrinə izahlar və şərhlər yazıb. Eyni zamanda, müasirlərinə də bir ziyalı olaraq, müəllim olaraq öz köməyini əsirgəməyib. Həmkarlarının, ona üz tutan yaradıcı ziyalıların əsərlərinə ön söz yazıb, rəy verib – bütün bunların hamısı bir alim ömrünün ziyasıdır, işığıdır.

Üst-üstə yığılan mənəvi sərvətlər yalnız ömrün necə keçməsi haqqında informasiya demək deyil, həm də ömrün mənası haqqında – çox dəyərli mənası haqqında təsdiqləyici informasiyadır. Onun dövri mətbuatda daim ədəbi-publisistik yazıları çap olunur. Sanki zərgər dəqiqliyi ilə ədəbi prosesi, xüsusilə folklorşünaslığımızın problemi ilə bağlı məsələni diqqətlə izləyir. Hər hansı bir əyintiyə, səhvə vaxtında sinə gərir, qərəzsiz, aydın mülahizəsi, kəskin məntiqi ilə vaxtında istiqamət verir. Bütün bunları özünün mənəvi borcu, öz xalqına övladlıq borcu bilir. Bu, ziyalının əqidəsinə sədaqətidir. Behruz Həqqinin “Koroğlu” tarixi-mifoloji gerçəklik” kitabına yazdığı (şərikli) ön sözdə sanki özünün folklorşünaslıqla bağlı təkcə nöqteyi-nəzərini yox, həm də kredosunu ifadə edir: “Azərbaycan xalqının mənəvi mədəniyyətinin mühüm bir qolunu təşkil edən poetik söz sənəti onun tarixən formalaşdığı coğrafi məkanla məhdudlaşmamışdır. Folklor daha çox yaradıcı olan xalqın mədəniyyət çevrəsi ilə ölçülür. Bu gün dünyanın hansı bir ölkəsində Azərbaycan türkünün səsi gəlirsə, demək orada Azərbaycan folkloru mövcuddur və o yaşayır”. Bu yaşayan sənət, mənəvi mədəniyyət xəzinəsi xalqımızın gücü deməkdir. Bircə qeydi də əlavə etmək yerinə düşər. Folklorşünaslıq elmimizin simasını müəyyən edən, bu elmi zənginləşdirən alimləri yaxından tanımaq, onların yaratdığı sərvəti mənimsəmək və öyrənmək elə yenə xalqımızı və onun dəyərli ziyalılarını daha güclü və yenilməz edər.

İ.Abbaslının ömrü 70-dən keçib. Azərbaycan həqiqətlərini, ən başlıcası, ermənilərin öz dili ilə danışıb onların öz silahları ilə onlara qarşı vuruşa bilən bir alimin obrazını nə dərəcədə dolğun təqdim etmək mümkün oldu, – deyə bilmərəm. Ancaq bir məsələni deyə bilərəm... Bunu isə demirəm. Sadəcə hər kəsin özünün mənəvi ölçülərinin ixtiyarına buraxıram. Arzumu isə bildirirəm: kaş İsrafil Abbaslı kimi alimlərin özünə qayğı göstərə biləydik, onların varisliyini təmin edəydik.
05.02.2009

Şakir ALBALIYEV

filologiya üzrə fəlsəfə doktoru, dosent
ALİMLƏR HEÇ VAXT ÖLMÜRLƏR
Mən yazını həmişə canlı bir orqanizm kimi təsəvvür etmişəm. Hər bir insanın uca Tanrı tərəfindən müəyyən olunmuş tale yazısı olduğu kimi, yazıların da taleyi olur. İnsanın dünyaya gəlişi ─ təvəllüd tarixi qazanması Allah-təalanın hökmü sayəsində olduğu kimi, hər hansı yazının da yazılması Tanrının diqtəsi ilə olur. Yəqin ki, ötən ilin mart-aprel aylarında yazacağım bu məqaləmin də gecikməsində anlaşılmaz bir sirr var…

Professor İsrafil Abbaslının 2013-cü ilin Novruz bayramı günlərində qəflətən vəfatı mənim üçün gözlənilməz olduğu üçün əvvəlcə yuxu kimi gəldi mənə. Nədənsə əllərim gəlmirdi onun bizdən cismani ayrılığını ölüm kimi qəbul edib nekroloq yazmağa. Özü də məni çox istəyirdi. Yazılarımı daimi izləyir, vaxtaşırı münasibətini bildirər, hərdən hansısa bir yazıma görə heyrətləndiyini də deyərdi. Düzü, İsrafil müəllim kimi böyük alimin mənim yazdıqlarımı bu cür yüksək dəyərləndirməsindən həm utanardım, həm də içimdə bir ümid duyğusu baş qaldırardı ki, deməli, nəsə yaza bilmişəm, belə ki, professor əbəs yerə məni belə tərifləməz, ─ deyə düşünərdim.

Onu da deyim ki, mən də İsrafil müəllimi çox istəyərdim. O danışanda hamıdan sakitləşib qulaq asmağı xahiş edər, hər sözünün dəyərini bilməyimizin vacibliyini deyərdim. Belə ki, insan danışanda enerji sərf edilir və bu, həm də insanın fiziki ömrünün enerjisinin azalmasına, nəticədə həyat yolunun tükənməsinə gətirib çıxarır. Xüsusən də bu, ixtiyar çağlarını yaşayanlarda daha tez özünü büruzə verir. Bu səbəbdən də mən ürəyimə daman bu intuitiv öncəgörmənin həyəcanını yaşayar, həmişə iş yoldaşlarımdan İsrafil müəllimi çox danışdırıb yormamağı, onu tükəndirməməyi, hər sözünü-kəlməsini tutiya kimi əziz tutmağı istəyərdim. Xüsusən də son vaxtlar Tacir Səmimi ilə uzun-uzadı söhbətlərinin şahidi olurdum, hər dəfə də Tacir müəllimdən professoru çox yorub əldən salmamağı xahiş edərdim.

Həə, bax beləcə, İsrafil müəllimə mən bu cür fenomen kimi baxırdım, onu mümkün qədər qorumağa, yaşatmağa bu cür daxili bir duyğu ilə təlaş hissi keçirərdim. Ancaq nə edəsən ki, hər şey insanın əlində olmur, həyatın təbii inkişafının qarşısını da heç vəchlə almaq olmur. İnsanın bu dünyaya gəlişi özündən asılı olmayan tale yazısı olduğu kimi dünyadan gedişi də insan istəyindən xaric tale hökmüdür. Tale yazısını, tale hökmünü dəyişdirmək qeyri-mümkündür. İnsanın fiziki ömür hüdudlarından qıraqda edə biləcəyi – mümkün olan bir şey varsa, o da mənəvi yaşam haqqına sahib ola bilməkdir. O da əslində insanın əzmkarlığına, mübarizliyinə, zəhmətsevərliyinə əsaslanmaqla Tanrının iradəsi hesabına baş verir.

Professor İsrafil Abbaslı dünyasının bitməsini – qurtarmasını özümə yaxın buraxmaq istəmədiyimdən, elə bilirdim ki, bu elegiyanı yazmasam hər şey təzədən başlayar, hər şey təzədən qayıdıb gələr, elə İsrafil müəllimin özü də… Bir də insanı özündən sonra cismani baxımdan yaşadan onun övladı – varisidir. Bu baxımdan İsrafil müəllim bizim iş yoldaşımız olan, özünün mənəvi davamçısı kimi – gənc folklorşünas-alim kimi və həm də cismani övladı kimi qızı Sönməz xanımın timsalında yaşayır. Onunla həmişə görüşdüyümüzdən – rastlaşdığımızdan daxili bir duyğu mənə həmişə İsrafil Abbaslı dünyasının ölməyib yaşadığını təlqin edirdi. Bəlkə də bu yazının bu qədər gecikməsinin bir sirri də bu duyğudan irəli gəlirdi. İsrafil müəllimdən bizlərə əmanət qalan bu zərif çiçəkdən – Sönməz xanımdan mən onun sönməz xatirəsinin canlı şəkildə yaşadığını hiss edirdim.

Əgər Sönməz xanım İsrafil Abbaslı həyatının canlı davamıdırsa (mən hər halda belə görür və düşünür, hiss edirəm), onun özündən sonra qoyub getdiyi əsərləri də bu həyatın mənəvi davamı olmaqla onu ölməz edən, ölməyə qoymayan və həmişə yaşadan davamçısıdır. Xüsusən də, onun hələ sağlığında çapa hazırladığı “Koroğlu”: nə var, nə yox?” (“Elm və təhsil”, 2013) kitabının ölümündən azacıq sonra işıq üzü görməsi bu qənaətlərimi özlüyündə daha da möhkəmləndirdi və əlimdə yazdığım bu məqaləmin gecikib bu vaxta düşməsinə təsir elədi. Şəhidlər ölmürlər. Alimin isə mürəkkəbi şəhidin qanına bərabər tutulursa, deməli, bu prinsipdən düşündükdə, onda alimlər də heç zaman ölmürlər. Elə folklorşünas alim Seyfəddin Rzasoy da həmin kitaba yazdığı ön sözünə bir söz ardı (post skriptum) əlavə edib: “heç inanmazdım ki, bu kitab çap olunmamış İsrafil müəllim haqqında bu ön sözə sözardı yazmalı olacağam… Haqqa yürüyən karvan müasir Azərbaycan humanitar-filoloji fikrinin klassik dövrünün sonuncu nəhəng nümayəndələrindən olan İsrafil Abbaslını əbədiyyətə götürdü”…

Görürsünüzmü, Seyfəddin müəllim də “heç inanmazdım ki” deyir. Doğrudan da, qəfləti, gözlənilmədən gələn ölümü heç kəs qarşılaya bilmir, qəbul etmək, inanmaq istəmir…

İsrafil Abbaslı bir alim kimi Koroğluşünas idi. Onun bu istiqamətdə – “Koroğlu” eposu ilə bağlı müxtəlif dövrlərdə yazıb çap etdirdiyi məqalələrinin toplandığı “Koroğlu”: nə var, nə yox?” kitabında alimin “Koroğlu” eposu”, “Azerbaydjanskiy qeroiçeskiy epos “Koroğlu”, “Koroğlu” eposunun Paris nüsxəsi”, “Koroğu” eposunun məzmun və ideya təkamülü”, “Koroğlunun yeni tapılmış qoşmaları”, “Dastanlarımızın Moskva nəşrinin taleyi: vəziyyətimiz və vəzifələrimiz”, “Mənəvi düşüncəmizin qürbət araşdırıcısı və onun “Koroğlu” – tarixi-mifoloji gerçəklik əsəri”, “Ocaq” qəzetinin redaksiyasına açıq məktub” adlı yazıları və bir də “Koroğlu”nun Paris Milli Kitabxanasında Türk Əlyazmaları Fondunun “fars əlavəsi” bölməsində Aleksandr Xodzkonun şəxsi arxiv materialları içərisində saxlanılan fotofaksimilesi toplanmışdır.

Koroğlu həm mifik obraz kimi, həm də tarixi sima kimi təqdim və tədqiq olunur. Mifik obraz kimi Koroğlunun ölməzliyi bəlli məsələdir. Tarixdə yaşamış canlı şəxsiyyət kimi – tarixi sima kimi isə Koroğlunun öləri olması mümkündür. Lakin Koroğlu tarixi sima olaraq xalq qəhrəmanıdır və bu səbəbdən də dastan qəhrəmanı kimi xalqın xatirəsində əbədiləşmişdir. Başadüşülməzlikdən “Koroğlu” eposundakı tarixi sima olan Koroğlunu daş-qalaq edənlərə, Koroğlunu “öldürmək” istəyənlərə qarşı professor İsrafil Abbaslı əzmkarlıqla mübarizə aparıb… “Koroğlu” eposunun Paris nüsxəsi barədə söylənən böhtanlara “Ocaq” qəzeti redaksiyasına açıq məktub”la tutarlı cavab verib: “300 il öncə formalaşmış və yazıya alınmış bu abidəyə bu günün gözü ilə yanaşmağın öz prinsipləri var. Onu bəyənməmək mümkündür, şantaja çevirib əllaməlik etmək isə tarixi keçmişimizə hörmətsizlik, nankorluqdur”, – deyərək tarixi Koroğlunu təhlükələrdən – “öldürülməkdən” qorudu. Xalqın milli-mənəvi xəzinəsini və xalq qəhrəmanı, epos qəhrəmanı Koroğlunu “ölümdən” qoruyub yaşadanı – professor İsrafil Abbaslını isə xalq öz xatirəsində əbədi qoruyub yaşadacaqdır. Elə mən də bu yazımda Sönməz Abbaslının simasında və əsərlərinin işığında ölməzliyə qovuşan, mənəvi yaşarılıq haqqına yetişmiş professor İsrafil Abbaslını bir daha xatırlatdım. Xatırlatdım ki, ruhu behiştlik olsun. Xatırlatdım ki, bir daha alimlər heç vaxt ölmürlər – deyəm. Bizim İsrafil müəllim kimi…

Mətanət YAQUBQIZI

filologiya üzrə fəlsəfə doktoru
İSRAFİL ABBASLI FENOMENİ
“Bir şair demişkən, yel əsdi yaman,

Başladı bir nəslin yarpaq tökümü.

Qopdu bir ömür də öz budağından

Qopdu saralmış bir yarpaq kimi.”

(M.Araz)

Filologiya elmləri doktoru, professor İsrafil Abbaslı haqqında nə isə yazmaq çox çətindir. Çünki bu insan sadə, səmimi olmasına baxmayaraq əsl istedad sahibi idi. Deyirlər, dahilər və əsl istedadlar ən səmimi və sadə insanlardır.

İsrafil Abbaslı fenomen alim idi. Öz dəsti-xətti ilə seçilən bu alim Azərbaycan folklorunda böyük bir məktəb yaratdı. Onun çoxlu sayda yetirmələri vardır. Bu Folklor məktəbinin yetirmələrindən biri bizik.

Görkəmli professor bugünkü gündə “əl çatmayan, ün yetməyən” qədim əlyazmalardan başlayaraq mətnlər üzərində müqayisə prinsipinə əsaslanaraq dəyərli elmi-tədqiqat işi ortaya qoya bilmişdir. Bu iş bütün ömrü boyu qiymətli alimimizin fəaliyyət dairəsini əhatə etmişdir.

Professor İ.Abbaslı dövrümüzün görkəmli siması kimi folklorşünaslıq elmində xüsusi iz qoymuş böyük bir alimdir. O, neçə-neçə dəyərli kitabların, elmi araşdırmaların müəllifidir.

İngilis filosofu Frensis Bekon kitablar haqqında deyirdi: “Bəzi kitabları dadmaq, bəzilərini elə-belə udmaq olar, amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır”. Böyük filosofun dediyi kimi, İsrafil müəllimin kitabları üçüncü qrup kitablara aiddir ki, bu kitabları diqqətlə oxumaq və haqqında uzun-uzadı düşünmək lazım gəlir.

Professor İ.Abbaslı folklorşünaslıq elmində yol göstərən bir mayakdır. Biz onun işığında daima irəliləyirik.

İsrafil müəllimin Azərbaycan dastanlarının, dastan şeirlərinin erməni mənbələrindən transfonoliterasiya edilməsində, Azərbaycan-türk mətnlərindən erməni dilinə tərcümə olunmuş dastanların əlyazmalardan birbaşa oxunmasında xidməti danılmazdır. Bu prizmadan yanaşsaq, böyük alimimizin fəaliyyətini iki istiqamətdə xarakterizə etmək olar:

1) Azərbaycan dastanlarının erməni dilinə tərcümə, təbdil, nəşr tarixi;

2) Erməni əlifbasında nəşr olunmuş dastanların orijinaldan oxunması.

İsrafil müəllim erməni dilində yazılmış və yaxud təbdil edilmiş Azərbaycan folklorunun tədqiqi və təbliği ilə məşğul olan öz dövrünün yeganə tədqiqatçısı idi.

Tədqiqatçı alim əgər əvvəlcə erməni əlifbası ilə toplanmış Azərbaycan dastanları üzərində iş aparmışdırsa, daha sonra ermənicəyə çevrilmiş Azərbaycan dastanlarını bir araya gətirmiş və tədqiq etmişdir. Ermənilərdə olan xeyli dastanlarımıza bu böyük alimimizin sayəsində yiyələnmişik. Doğrudan da, erməni dilində dastanlarımızın tərcümə, təbdil, nəşrləri bu çoxşaxəli fəaliyyətə malik olan görkəmli alimimizin sayəsində aşkara çıxarılmışdır. Dəyərli alimimiz tədqiqatçılarımız üçün hazır mənbə vermişdir.

“Koroğluşünas” professor İ.Abbaslı “Koroğlu” dastanının variantları, erməni mənbələrində verilmiş çoxlu poetik nəğmələri üzə çıxarmışdır. Bu qədər qiymətli mənbələri aşkara çıxarmasına baxmayaraq, böyük alimimiz göstərir ki, “tarixən Eçmiadzində saxlanılıb təsis olunduqdan sonra “Matenadaran”a gətirilən, habelə özgə fond və arxivlərdə hifz edilən Azərbaycan folkloruna dair örnəklərin öyrənilməsinə bizim araşdırmamızla da son qoyulmamışdır”14.

O, erməni mənbələrindən dastanlarımızı birbaşa orijinaldan bizim dilimizə çevirmiş, tədqiqata cəlb etmişdir. Erməni arxivlərindəki mənbələrin, biblioqrafik göstəricilərin qeyd olunması elmdə fəaliyyət göstərən hər bir kəsin işini asanlaşdırmışdır.

Görkəmli alimin dastan yaradıcılığında apardığı elmi araşdırma indiyədək dastan irsimizdə qaranlıq qalan bir çox cəhətlərin aydınlaşdırılmasına imkan vermişdir.

Dəyərli alimimizin fikrinin təsdiqi kimi, günü bu gün də ilkin erməni qaynaqları – Azərbaycan türk eposu motivləri; klassik erməni ədəbiyyatı və Azərbaycan dastanları – xüsusi araşdırma tələb edir və öz araşdırıcılarının yolunu gözləyir. Bu işə və əldə olan materiallara görə görkəmli alimimiz professor İsrafil Abbaslıya minnətdar olmalıyıq.

Professor İ.Abbaslı Ermənistandakı “arxivi” Azərbaycana gətirmişdir. Vətənpərvər alimimiz qədim türk dastanlarını tədqiqata cəlb etmiş, erməni müəlliflərinin yazdıqları qədim mənbələrdən bəhrələnərək bu dastanların məhz Azərbaycan xalqının milli yaradıcılıq məhsulu olduğunu bir daha təsdiq etmişdir.

Bu gün gözəl alimimiz professor İsrafil Abbaslı cismən aramızda yoxdur. Lakin biz bunu hiss etmirik. Professorun otağımızın divarından asılmış portreti daima yolumuzu uğurlayır. Dəyərli alimimizin layiqli övladı Sönməz atasının yolunu inamla davam etdirir. Ümid edirik ki, İsrafil müəllimin yarımçıq qalmış işləri övladı tərəfindən layiqincə tamamlanacaq. Bu yolda ona səbir, dözüm, böyük-böyük uğurlar arzulayırıq.



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə