Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə1/13
tarix01.02.2018
ölçüsü2,22 Mb.
#23029
  1   2   3   4   5   6   7   8   9   ...   13


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

_____________________________________


GÜNEY

AZƏRBAYCAN

FOLKLORU

II KITAB

BAKI – 2014

Azərbaycan Milli Elmlər Akademiyası

Folklor İnstitutu Elmi Şurasının

qərarı ilə çap olunur.

LAYİHƏ RƏHBƏRİ: Muxtar KAZIMOĞLU (İMANOV)

AMEA-nın müxbir üzvü, fil.ü.e.d.
Toplayanlar: Behruz HƏQQİ

Məmmədəli Qövsi FƏRZANƏ


Tərtib edəni və

ön sözün müəllifi: Sönməz ABBASLI

filologiya üzrə fəlsəfə doktoru


Elmi redaktorları: Rza XƏLİLOV

filologiya üzrə fəlsəfə doktoru,

dosent

Aydın Mustafayev

Güney Azərbaycan folklor örnəkləri, II kitab. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 340 səh.
Kitaba Güney Azərbaycandan toplanmış folklor örnəkləri daxil edilmişdir.
folklorinstitutu.com
А 4603000000 Qrifli nəşr

098 – 2014


© Folklor İnstitutu, 2014

ÖN SÖZ
AMEA Folklor İnstitutu 2013-cü ildə Güney Azərbay­ca­nın şifahi söz sənətini əhatə edəcək topluların nəşrinə başlamışdır. İlk topluda Təbriz, Yekanat və Həmədan folklor örnəklərini əhatə etmişdir.

“Nədən Güney Azərbaycanın folklor irsinə biganə qa­laq?” sualı, əlbəttə, çox­larını da düşündürürdü. Təsadüfi deyil ki, prof. İ.Abbaslının ilk topluya yaz­dığı “Ön söz əvəzi”ndə bu sətirlərlə qarşılaşırıq:

“Güney Azərbaycan folkloru” cildi çapa hazırlanarkən, bizi həmişə bir məsələ düşündürürdü. Bu gün müstəqil Azər­baycanın əhatə etdiyi bölgələrin folklor kitablarının sayı iyir­mi cildi keçdiyi halda Güney Azərbaycana etinasızlıq gös­tər­mək olarmı1?!”

İllər boyu ölüm-qalım təhlükəsi altında qalan Güney Azər­­baycanın folkloru, onun toplama, araşdırma və nəşr işi­nin hansı durumda olduğu və bu istiqamətdə nə kimi işlərin gö­rüldüyü bizi düşündürdüyü kimi, bir vətəndaş olaraq M.Ə.Fər­­zanə, B.Həqqi və onlarla bu kimi güneyli həmkarla­rımızı da çox narahat etmişdir.

Tarixin uğursuz dönəmində ortaya çıxan ikiyə bölünmə siyasəti Güney Azərbaycanda da dil, mədəniyyət, ədəbiyyat, folklor və s. bu kimi sahələrin dur­ğunluğuna, geriliyinə səbəb olmuşdur.

Təəssüf ki, bu taylı Azərbaycanda istər dil, ədəbiyyat, is­tərsə də Azərbaycan folklorunun ─ şifahi söz sənətinin top­lanması, araşdırılması, nəşri barədə geniş və hərtərəfli işlərin, fundamental nəşrlərin ortaya çıxdığı bir zamanda o taylı Vətəndə bu istiqamətdə görülmüş işlər müqayisə olunmaz də­rəcədə az və natamam olmuşdur.

Təbii ki, bunun da məlum səbəbləri vardır. Ana dilində danışmağın belə yasaqlandığı bir rejimdə xalq ədəbiyyatının əvəzsiz nümunələrinin toplanılıb, araşdırma və nəşrə cəlb olunmasından necə söhbət gedə bilərdi? Bu işin nə qədər əl­çatmaz olduğunu anlamaq o qədər də çətin deyildi.

Sevindirici haldır ki, dözülməz Pəhləvi rejiminin aman­sız qayda-qanunlarının hökm sürdüyü bir za­man­­da ömrünü-gününü doğma dilini, folklorunu öyrənməyə həsr edən­­lər də ol­muşdur. Bu fədakar, yorulmaz işdə M.Ə.Fərzanə, B.Həq­qi­nin adları birincilər sırasındadır.

Xatırladaq ki, “Güney Azərbaycan folkloru” seriyasının ilk cildini bütünlüklə M.Ə.Fərzanənin toplayıb təqdim etdiyi ma­teriallar təşkil edirdi. İndi təqdim etdiyimiz “Güney Azər­bay­­can folklor örnəkləri”nin II kitabında isə “Bayatılar” böl­mə­­si M.Ə.Fər­­­zanə­nin topladığı bayatılar əsasında ərsəyə gəlmişdir.

Danılmaz faktdır ki, Vətənə, dilə, söz sənətinə bağlılıq ailə­­dən qaynaqlanır. M.Ə.Fərzanə də bütün yazılarında doğ­ma dilimizə, folklorumuza bağlılığını böyüyüb boya-başa çat­dığı ailəsi, xüsusən mənəvi müəllimi olan anasının söy­lə­diyi lay­lalar, oxşamalar, bayatılar və s. ilə əlaqələndirir.

Cəfakeş alim bu həqiqəti “Ana dilimiz və milli varlı­ğı­mız haqqında xatirələr” silsilə məqaləsində paylaşır: “Mənim ana dilimiz və milli varlığımız, hamıdan parlaq və saf aynası olan xalq ədəbiyyatımızın geniş və rəngarəng dünyasıyla ta­nış­lığım anamla olmuşdur. Anamın bir-birinin ardınca dün­yaya göz açan körpə qardaşlarıma söylədiyi şirin laylaları və oxşamaları, yoxsulluğun dözülməzliyi və yaşayı­şın çətinlik­ləri ilə səs-səsə verən nisgilli bayatıları və göz yaşardıcı ağı­ları, bir çox hallarda iş başında, xəli toxuyanda, ya ipək əyi­rəndə həzin-həzin zümzümə etdiyi mahnıları, hər sözbaşı söy­lədiyi mənalı məsəlləri və bunların hamısından çox uzun qış gecələrində kürsü başında corab toxuya-toxuya və ya naxış tikə-tikə söylədiyi füsünkar nağılları və əfsanələri bu tanışlıq və ülfətin başlanğıcı olmuşdur2.

Hələ körpə ikən bu zəngin söz sənəti ilə ilk tanışlıq M.Ə.Fərzanənin fədakar folklorçu kimi yetişməsinə, çoxsaylı folklor nəşrlərinə və eyni zamanda da bu cür topluların ərsəyə gəlməsinə səbəb olmuşdur.

Güney Azərbaycan mövzusunda dəyərli araşdırmaları ilə seçilən fil.ü.f.d. Nəzakət İsmayılova “Cənubi Azərbaycan ədəbiyyatı müasir mərhələdə, yaxud “Varlıq” ədəbi məktəbi­nin nümayəndələri” kitabında Fərzanənin folklorla bağlı ya­zılarında bir neçə keyfiyyət kəsb etdiyini qeyd edir:

“Hər şeydən əvvəl, onun məqalələrində dərin müşahi­dəçilik özünü büruzə verir. Bu müşahidəçiliyin arxasında isə mil­li bədii təfəkkürə dərindən bələdlik açıq hiss olunur3”.

Söz yox ki, azərbaycanlıların geniş yayıldığı Təbriz, Ər­də­bil, Urmiya, Marağa, Yekanat, Xoy, Zəncan, Həmədan və s. bölgələr zəngin folklor incilərinin beşiyidir. Ancaq adlarını çəkdiyi­miz və çəkə bilmədiyimiz bu bölgələrin rəngarəng folk­lor la­boratoriyasına daxil olmaq aylarla, illərlə, bəlkə də qərinələrlə vaxt, zaman tələb edir. Prof. İ.Abbaslı seriyanın ilk cildinə yazdığı “Ön söz əvəzi”ndə bunu aydın vurğulayır:

“Hərgah müstəqil Azərbaycanın 9 milyonluq sakinləri­nin mənəvi irsi bundan sonra da toplanıb əbədiləşdirilərək öz sayını artıracaqsa, sayı 30-35 milyon civarında qeyd edilən Gü­ney soydaşlarımızın mənəvi irsi ─ şifahi söz sənəti, görə­sən, neçə cildə sığa bilər? Biz hələ mədəniyyət çevrəsi ilə öl­çü­lən dünya azərbaycanlılarının poetik söz sənətini demirik4!”

M.Ə.Fərzanə də əlinin çatıb, ününün yetdiyi qədər top­ladığı bu nümunələri əldə etməyə müvəffəq olmuş­dur. Onun topladığı bayatıların əsas ruhunu elə bayatı janrının spesi­fikasına uyğun olan niskil, ümidsizlik, uğursuzluq təşkil edir.

Ürəkləri riqqətə gətirən axıcı, səmimi kəlmələrlə qəlib­lən­miş bu ecazkar nəğ­mə­lər, söz sənətinin bütün incəliklərini özündə ehtiva edir.

Təbriz üstü Marağa,

Zülfün gəlmir darağa.

Axtarıram yarımı,

Yox taqətim fərağa.


və yaxud

Gəl məni bəndə atma,

Xoydan Mərəndə atma.

Hamı üz döndəribdir,

Rəhm eylə, sən də atma.

“Güney Azərbaycan folklor örnəkləri”nin II toplusun­dakı “Bayatılar”, “Aşıq rəvayətləri” və “Dastanlar” bölməsini çıxmaq şərtilə yerdə qalan materiallar, demək olar ki, öz həyatını xalqın mənliyi uğrunda savaşa, mücadiləyə həsr et­miş cəfakeş ziyalı, alim Behruz Həqqinin topladığı söz sənəti inciləri hesabına əldə olunmuşdur.

1942-ci ildə Təbriz şəhərində sadə bir fəhlə ailəsində do­ğulub mədrəsə təhsili alan, 1961-ci ildən Azərbaycan kəndlə­rində ─ Həşdəridə, Səhəndabadda müəllimlik edən, 1963-cü ildən Təbriz Universitetində idman-alpinist müəllimi kimi ça­lışan, Fədai təşkilatının üzvü, 1970-ci ildən 1978-ci ilə qə­dər şah rejiminin dustağı olan və hazırda Almaniyanın Köln şə­hərində yaşayan Behruz Həqqi təqdim etdiyimiz bu folklor ma­teriallarını kəndlərdə müəllim işləyərkən və alpinistlik edər­­kən toplamışdır.

Edam cəzasına məhkum olunmuş, 8 il dözülməz məhbəs həyatı sürmüş Behruz Həqqiyə azadlıq uğrunda mücadilədə daim dayaq olan elə Təbrizin ölməz söz sənəti olmuşdur. Bir çox kitabların toplayıcı, tərtibçi, tədqiqatçı və naşiri olması B.Həqqinin zəngin folklorşünaslıq fəaliyyətindən soraq verir.

Yuxarıda qeyd etdiyimiz kimi, kitabın böyük bir hissə­sini B.Həqqinin böyük zəhməti hesabına əldə olunmuş ölməz el ədəbiyyatı inciləri təşkil edir.

Topludakı “İnanclar” bölməsində güneyli xalqın ilkin xalq təfəkküründən süzülüb gələn maraqlı inanc sistemi, tə­xəy­yülü təqdim olunur.

“Bayquş divara qonsa, onun qabaqına bir dənə məc­mə­yi­də Quran və su və duz gətirib tutarlar ki, ta bəlkə bayquş o evə zərər yetirməsin” və yaxud “Çox yağış yağanda ərsin atar­lar ki, yağış kəssin, ya miras qalmış mis qab atarlar” kimi inanclar güneyli soydaşlarımızın ilkin təsəvvürlərini, dün­ya­gö­rüşünü əks etdirir.

Söz yox ki, Güney Azərbaycan folklorunun ən yayğın qolunu nağıllar təşkil edir ki, bu topluda da bir neçə nağıla yer ayrılmışdır. Bunlardan bəziləri bizə tanış olan nağılların gü­ney variantı olsa da, ilk dəfə təqdim olunan nağıllar da diqqəti cəlb edir. “Təndirə girən keçəl”, “Xədicə gəldi”, “Ədi, Budi nağılı” və s. bu günə qədər heç yerdə rast gəlmədiyimiz nağıl incilərindəndir. Bu nağıllarda da xalqın tarixi, məişəti ilə bağ­lı ilkin təsəvvürləri, adət-ənənələri, həyati problemləri fantas­tik tərzdə ifadəsini tapır.

Danılmaz faktdır ki, şifahi söz sənətindəki paremilərin ─ atalar sözlərinin, məsəllərin, el deyimlərimizin zənginliyinin əsas faktoru Azərbaycan türkcəsinin dünyanın ən zəngin dil­lərindən biri olmasıdır. Güneyli soydaşlarımızın da tarixin də­rin köklərindən qaynaqlanmış fəlsəfi-təcrübi dünyagörüşləri və baş verən hər hansı bir hadisəyə münasibət bildirəcək hik­mətli kəlamları atalar sözlərinin, məsəllərin, el deyimlərinin yaranmasında zəmin rolunu oynamışdır.

Təqdim olunan paremilərin bəziləri bizə çox yaxşı tanış olan nümunələrin oxşar variantları olsa da, tamamilə yeni, orijinal nümunələr çoxluq təşkil edir.

“Çörəkçidən, qəssabdan, kömürçüdən adama dost çıx­maz”,

“Baqqal daşdan, siçan kişmişdən, Allah hər ikisindən kəsər”,

“Atla igidin məkanı olmaz” və s. bu qəbil nümunələr güneyli soydaşlarımızın paremioloji söz xəzinəsindən bizə gəlib çatanlardır.

Cilddəki diqqəti çəkən bölmələrdən biri də, fikrimizcə, “İzahı olan atalar sözləri” bölməsidir. Bu günə qədər bizə gəlib çatan, eşitdiyimiz və eşitmədiyimiz bir sıra atalar sözləri və məsəllər var ki, onların əsl mahiyyətinin, izahının veril­məsi, bir sözlə desək, “Niyə atalarımız belə deyib?” və yaxud “Bu atalar sözünün kökündə nə durur?” və s. bu kimi suallara cavab tapmaqda bizə yardımçı ola bilər. Heç şübhəsiz ki, bəzən müdriklərimiz bir cümlə ilə elə dərin, ibrətamiz ifadələr işlətmişlər ki, onu izah etmədən də böyük mətləbdən xəbərdar olmaq olar. Lakin bu atalar sözlərinin, məsəllərin hamısının özünəməxsus yaranma tarixi var və onlar uzun təcrübələrdən çıxaraq müdriklik səviyyəsinə yüksəlmişdir. “Şərti şuxumda kəsərlər”, “Hər şeyin təzəsi, dostun köhnəsi”, “Sən çaldın” və s. kimi paremilərin izahının verilməsi el yara­dıcılığının Azər­baycan xalqının həyatı və varlığını qorumaq üçün nə kimi böyük mənalar daşıdığını aydın göstərir.

Məlumat üçün qeyd edək ki, B.Həqqi uzun illər axtarış apararaq izahlı atalar sözlərini ümumiləşdirib “Atalar sözləri­nin kökləri” (1998) adlı kitabında təqdim etmişdir. Bu onu gös­­tərir ki, qürbətdə yaşamasına baxmayaraq B.Həqqinin xə­yalı daim öz elində, yurdunda dolaşmışdır.

Folklorun həcmcə kiçik, üstüörtülü məna daşıyan və da­ha çox kollektiv ifa və icra xüsusiyyətinə malik janrı olan tap­macalarda güneylilərin cəmiyyət, məkan haqqında fikirləri, mifik dünyagörüşü, eləcə də təbiət hadisələri, heyvanlar, quş­lar aləmi, maddi nemətlər, təsərrüfat alətləri və s. ilə bağlı təxəy­yülləri aydın görünməkdədir.

O nəmədi,

Hacılar Haca gedər,

Cəxt edər, gecə gedər.

Bir yumurtanın içində

Yüz əlli cucə gedər. (nar)

və yaxud


Babamın bir donu var,

Qətdamax olmaz.

İçi dolu əşrəfinən

Cütdəmax olmaz. (göy, ulduz)

və s. kimi tapmacalar obrazlı, bədii təfəkkürün gözəl örnək­lərindən hesab oluna bilər.

Xoş, ürəyəyatan janr olan lətifələr də, təbii ki, güney­lilə­rin folklorundan yan keçə bilməzdi. İlk baxışda gülüşə sə­bəb olan bu lətifələrdə də elə o gülüşün arxasında gizlənən ironiya, satira elementləri güclüdür. Topluda yer alan lətifələr orijinal­lığı ilə seçilir. Belə lətifələrin birində (“Özü bəs de­yildi, nənə­sinə də öyrədib”) bir gün bir nənənin balaca oğlunu misgər dükanına aparıb ustadan şagirdliyə qəbul etməsini xa­hiş etmə­sin­dən, bir neçə gündən sonra isə oğlanın işə getmə­mə­sindən da­nışılır. Oğlanın işə getməməsindən nara­hat qalan ustanın on­ların qapısına gəlib aldığı cavab maraq doğurur. Nə­nə oğlunun misgərliyi öyrəndiyini deyir. Bu za­man ustanın – Ay balam, bu oğlan nə tez misgərliyi öyrəşdi? sualına nənə­nin verdiyi cavab isə olduqca bəsitdir: – Usta, oğlum deyir ki, misi qoyasan oda, olar isti, tapdalayarsan olar isti. Dövrəsini bir az qatlayarsan, olar məcməyi, bir az dərin olsa olar qab­lama... Bu zaman nə­nə­nin cavabından hirslənən misgərin: ─ Özü bəs deyildi, nənə­sinə də öyrədir ─ deməyi oxucuda gülüş doğurur. Qeyd edək ki, topluda ateizm mövzulu lətifələr də özünə yer almışdır.

Uşaq folkloru Güney Azərbaycanın el yaradıcılığında xü­­­susi yer tu­tur. Güneyli ana-nənələrimizin pak istək və ar­zu­larından do­ğan və ilk məktəb rolunu daşıyan laylalar, nazla­ma­lar, düzgü­lər, yanıltmaclar, eləcə də nağıllar və oyunlar kiçik yaşlıların inkişafında tərbiyəvi rol oynamaqla, estetik-bədii zövqün for­malaşmasında son dərəcə əhəmiyyətli faktor rolunu oynamış­dır. Bu baxımdan topludakı nümunələr diq­qətçəkəndir.

Söz yox ki, gündəlik həyatda baş verən ən bəsit hadi­sələrdən ta müxtəlif adətlərə kimi etnoqrafik məlumat xarak­teri daşıyan bilgilər Güney Azərbaycan folklorunda ayrıca tutuma malikdir. Topludakı “Etnoqrafik cizgilər” bölməsində yer alan məlumatlar güneylilərin folklor biliciliyi qədər də etnoqrafik bilgiyə bələdliyinə dəlalət edir.

Topluda transliterasiya olunmuş mətnlər “Aşıq rəvayət­lə­ri” və “Dastanlar” bölməsində özünə yer almışdır.

“Aşıq rəvayətləri” bölməsinə “Dollu Mustafa ilə şair Salman”, “Sabitlə Məhcuş xanım”, “Aşıq Səmədlə Gülnigar xanım”, “Aşıq Vəli ilə Sənəm xanım”, “Dollu Mustafa ilə şair Ağacan”, “Aşıq Bəhmənlə Humay xanım”, “Aşıq Ələsgərlə Zəriş xanım” və “Ağ Aşıqla Süsənvər xanım” kimi aşıq rəvayətləri daxil edilmişdir. Bu aşıq rəvayətləri aşıq şeirinin kamil poetik örnəklərindən ibarət zəngin bədii irs sayıla bilər.

“Dastanlar” bölməsində isə “Sara və Xan Çoban”, “Qul Mahmud”, “Əli və Leyli dastanı”, “Fəğfur şah ilə Pəri xanı­mın dastanı”, “Bəhram və Gülixəndan dastanı”, “Seydi və Telli Pərinin dastanı” və “Qurbani” kimi 7 dastan oxucuların ixtiyarına verilmişdir.

Qeyd edək ki, adıçəkilən aşıq rəvayətləri və dastanların transliterasiya işində dəyərli folklorşünas alim, fil.ü.f.d. Rza Xəlilovun gərgin zəhməti danılmazdır. İllər uzunu AMEA Əl­yazmalar İnstitutunun arxivində axtarış aparıb həmin mətnləri əldə edib və transliterasiya etmək onun əsl folklor təəssübkeşi olduğunu bir daha sübut edir və bizə təqdim etdiyi bu ma­te­riallara görə R.Xəlilova xüsusi təşəkkürümüzü bildiririk.

Son olaraq onu da deməyi özümüzə borc bilirik ki, Gü­ney Azərbaycan folklorunun öyrənilməsi işində qarşıda hələ çox görüləsi işlər var. Bu istiqamətdə uğurlu nəticələrə çat­maq üçün bu taylı xalqın folklorunu öyrəndiyimiz kimi, o taylı xalqın folkloruna da biganə qalmamalı, üzərimizə düşən vəzifəni əsl vətəndaş olaraq yerinə yetirməliyik. Ümid edək ki, güneyli xalqın folklorundan soraq verəcək hələ neçə-neçə nəşrlər işıq üzü görəcək.
Sönməz ABBASLI

filologiya üzrə fəlsəfə doktoru

İNANCLAR


  1. Ayaq altı qaşınarsa, o adam səfərə gedər, əl içi qaşı­narsa, o adama pul çatacaq.

  2. Başmaq bir-birinin üstünə çıxsa, o adam müsafirətə gedəcək.

  3. Bayquş divara qonsa, onun qabaqına bir dənə məc­məyidə Quran, su və duz gətirib tutarlar ki, ta bəlkə bayquş o evə zərər yetirməsin.

  4. Bostanda bəd nəzərdən ötrü eşşək başı qoyurlar.

  5. Çay stəkanları bir-birinin dalınca bir sırada dursa, deyərlər ki, evə qonaq gələcək.

  6. Çox yağış yağanda ərsin atarlar ki, yağış kəssin və ya miras qalmış mis qab atarlar.

  7. Duzu yerə tökərsənsə, o dünyada kirpiyinlə gərək yığasan.

  8. Əgər çay stəkanında çayın tilifi çayın üzərində dik durarsa, o evə gələn qonaqın nə ucalıqda olduğunu göstərir. Əgər çayın tilifi balaca olarsa, gələn qonaq da balaca olar, yox əksinə, uzun olarsa, gələn qonaq da uzun olacaq.

  9. Gecə ev süpürməzlər, süpürsələr də deyərlər ki, toy evi süpürürəm.

  10. Hər kəs bir eşşək arısı öldürərsə, o dünyada bir xurma verərlər.

  11. Hər kəs tərsə iş görsə, deyərlər ki, o, al-arvadı ki­midir.

  12. İlin axırıncı çərşənbəsində od yandırandan sonra açar salmaq mərasimi başlanır. Açarı cavan qızlar və ya qa­dınlar ayaq altına qoyub evdə olan adamların və ya yoldan ke­çən adamların danışdığı sözdən gələn ilin yaşayışını düşü­nürlər.

  13. Qarğı qarıldayanda deyərlər ki, qonaq gələcək.

  14. Qırxlı uşağı aya göstərməzlər, göstərsələr ağzına ay doğar.

  15. Qırxlı uşağın dilinin üzərində ağ toz kimi olan bir şeyə aydoğma deyirlər.

  16. Pişik üzünü yuyarsa, deyərlər ki, o evə qonaq gələcək.

  17. Süpürgəni başıaşağı qoysalar, deyərlər evdən ölü çıxar.


XALQ ADƏT VƏ ƏNƏNƏLƏRİ
Böyük çillə
Sayınqala qadınları böyük çillənin 40 gününü bir qədim inama görə günbəgün salırlar küçələrdə olan evlərə. Və belə deyirlər: ─ Sabah çillənin birinci günü filankəsin evində, o birisi günü başqasının evində və i.a. Məmulən küçənin birinci qapısından başlanır. Əgər o gün hava xoş olarsa, deyirlər ki, ev sahibi yaxşı adamdır. Və ya əksinə. Əgər küçədə yaşayan evlər az olarsa, kiçik çilləni tuturlar.

Bunu da qeyd etmək lazımdır ki, indilikdə də bu ənənə qonaqlıqla bahəm deyil, ağızdan-ağıza deyilir.


Üzərlik
Üzərlik keçən əsrlərdən türkdilli xalqların içində mü­qəd­dəs sayılır. Və ona çox ehtiramla yanaşılır. Buna məxsu­sən Cənubi Azərbaycanda bu otu çox müqəddəs sayıb və onun rabitəsində çoxlu qoşmalar qoşublar.

Demək olar ki, indilikdə də olunan tədqiqata görə bu ot yandıqdan sonra mühitdə olan virusları aradan aparır.

Körpə uşaq xəstə olan zaman onun anası və ya yaxın qohumları belə deyirlər:

“Üzərliksən, havasan,

Hər dərdə sən davasan,

Dərd qapıdan gələndə,

Sən bacadan qovarsan”.

Bu sözləri deyəndən sonra xəstələnmiş körpənin belin­dən vurub, üzərliyi oda tökürlər. Əgər belə fikir edərlər ki, uşağın xəstəliyi pis gözdən olub (gözə gələrsə), belə deyirlər:

Üzərliymin başı ilə

Börkü ilə, köküynən

Çağırdım ya Əli,

Dedi: bəndə, nə var?

Dedim: havar bədnəzərin gözündən

Dedi: tök üzərlik cırtdasın

Bəd nəzərin gözü.

* * *


Qanqal qavuş,

Qada sovuş,

Üzərlik danə-danə,

Danəsi odda yanə.

Yad ola, qohum ola,

Gözləri odda yana.

Çıxdım üzərlik dağına,

Baxdım cənnət bağına.

Dedi, biçarə, nə var,

Dedim, bəd-nəzər var.

Dedi üzərliyi tök oda,

Lal olsun bədillər,

Kor olsun, bəd gözlər.

Bunları oxuyandan sonra üzərliyi oda atırlar və onun istisinə uşağı tuturlar.

Bir xalq folklorunda belə deyilir: üzərlik yəzidin tərin­dən yerə düşüb və göyərmişdir. Ona görə onu yandıranda xəs­tə­nin halı yüngülləşib, sağalır.
Başmaqçı (parəvizan) və ya uçucu
Bu həşərat Cənubi Azərbaycanda məxsusən əkiləcəyə məşqul olan adamların içində müqəddəs sayılır. Çünki, göy-göyərəntiyə zərər gətirən quşları və həşəratları yeyir.

Bəzi ölkələrdə bu həşəratın çoxalmasına görə bir məx­sus yerlər düzəldir və oralarda onu becərdirlər.

Cənubi Azərbaycanda uşaqlar onu bağ-bağatda tutub oynadarlar. Nənəsi (anası – red.) boylu (hamilə) olan uşaqlar onu tutub belə deyirlər:

– Uçu, uçu, uç görək, nənəmin oğlu olar, ya qızı?

Əgər uçsa, deyərlər, nənəmin oğlu olar. Əgər uçucu uç­masa deyərlər ki, nənəmin qızı olacaq.

Çömçə balıq
Bir uzun ağacın başına qırmızı, ağ, göy rəngli parça vurub onu bələməklə bəzəyirlər. Uşaqlar bu ağacı götürüb küçələrə düşürlər. Bunlar qapıları döyüb belə oxuyurlar:

Çömçə balıq nə istər?

Allahdan yağış istər.

Bu zaman ev sahibi bir kasa su gətirib tökür çömçə ba­lığın (bəzədilmiş ağacın) başına. Sonra evdə olan yemə­lilərdən, məmulən qənd, iy­də, çay şirnisi və başqa ərzaqlardan bir ovuc uşaqlara verir. Məhəlləni dolanandan sonra uşaqlar yığdığı meyvələri, şirni­ləri o evə ki, çömçə balığı orda bəzəyiblər, aparırlar. Sonra çay qoyub yaxın qonşuları ora dəvət edirlər. Çay içib qurtulandan sonra hamısı birlikdə dua edirlər ki, yağış yağsın və xalq quruluqdan nicat tapsın.



Qarı günü
Çillələr çıxandan sonra (qışın axırıncı ayının əvvəl gü­nün­dən on günə qədər) qarı günü tuturlar. Bu on günün hava­sının dəyişməsindən gələn ilin havasının dəyişməsini nəzərdə tuturlar. Əgər bu on gündə dalbadal qar yağsa və dondurma olsa, onda xalq belə deyir: Qarı kossuğun quzeyə atıb, yəni gələn ilin havası soyuq və yağınlı olacaq. Buna görə xalq ilin əvvəlində başlayır mal-davar üçün göy-göyərtinin yığılmasına. Əgər bu on günün havası üst-üstə xoş olarsa, yağış, qar, don­dur­ma az olarsa, onda elə nəzərə gəlir ki, hava xoş gələcək. Xalq belə şəraitə deyir: Qarı kossuğun güneyə atıb. Belə tə­səvvür edirlər ki, o il şaxtadan, borandan xəbər olmayacaq.
At, it və gəlin xalq gözündə
Xalq nəzərində at, it və gəlin hər ailənin abrısıdır. Gəlini pis saxlasan xalq gülər ki, gör necə özgə qızından “muğayat” olurlar. Atı arıq saxlasan, deyərlər, at minən deyil, atın qəd­ri­ni nə bilir. İti ac saxlasan, gedər burda – orda sümsünər, xalq deyər: – Yoxsuldurlar, bir dənə iti də saxlaya bilmirlər.
Qayınana və gəlin arasında atmacalar
Qayınana dilindən: Bir siçanım var məkrəbaz

Girər deşiyə, heç çıxmaz.

Molla, sən Allah buna bir dua yaz,

Görək çıxar, ya çıxmaz?


Gəlin dilindən: Sarmısağın, soğanın

Yad qızından olanın.

Yarısı balam balası,

Yarısı ilan balası.

Həyatımız kaşıdır,

Dövri mərmər daşıdır,

Bir qaynanam var mənim

Başı şeytan başıdır.



QARĞIŞLAR
Bir əlin dalında, bir əlin qabağında qalsın (Yəni elə yox­sul olasan ki, paltar tapmayasan geyməyə).

Boynunu xam bezə tutum.

Buğun dodağında qurusun.

Çörək atlı olsun, sən piyadə.

Dilin ağzında qabar çalsın.

Eviyə qara gərmən çəkilsin.

Gedişin olsun, gəlişin olmasın.

Görüm səni balavay-balavay deyəsən.

Xırnıyin dəlinsin.

Kürəyinin ortası qovuşsun.

İyidliyin yerə dəysin.

İyid arxan yerə gəlsin.

Qafil öləsən.

Qanlı köynəyin gəlsin.

Qara xəbərin gəlsin.

Naqafil sancıya gələsən.

Nənəsi səğir (Nənəsi körpə).

Səni görüm xırnək boğsun.

Səni görüm qara ilə göy olasan.

Səsin yer altından gəlsin.

Səsin sallar5 altından gəlsin.

Sözün ağzında qalsın.

Su üzünə güləsən (Xalq inamına görə ölünü axır dəfə yuduqda baxıb gülər).

Torpaq səndən bir qarış uca dursun.

Üzünü bir yuyan görsün, bir götürən.

NAĞILLAR
Xədicə gəldi

Bir kişinin Xədicə adlı bir arvadı vardı. Bunların, atalar deyən kimi, heç vaxt suları bir arxa getməzdi. Həmişə bir-bir­lərilə dava edərdilər. Arvad kişinin gününü qaraltmışdı. Kişi çox zaman dözəndən sonra axır naçər qalıb təsmim tutar bu arvadı aparıb öldürsün. Buna görə arvadı pişim-pişimlə evdən çıxardar çölə. Aparar bir şəhərdən qıraqda olan dərin quyunun başına. Fürsəti ələ salıb arvadı itələyib salar quyunun içinə. Kişi arvadı quyuya salandan sonra qayıdar evinə. Bir neçə gündən sonra deyər gedim görüm bu arvad ölüb, ya diridir. Gedər quyunun başına, vedrəni salar quyuya ki, əgər diri olsa, yapışar vedrədən və quyudan çıxar. Bu vedrəni quyuya salan­dan sonra yavaş-yavaş çəkər. Vedrə sudan çıxandan sonra gö­rər bu verdə çox ağırdır. Çəkər yuxarı bir az baxandan sonra görər ki, bir qara ilan girib vedrənin içinə. İstər vedrəni atsın qaçsın, bu qara ilan dilə gələr. Deyər:

─ Səni and verirəm inandıqına. Məni çək burdan qurtar. Bura bir arvad gəlib ki, mənim dədəmi yandırıb. Əgər məni çıxartsan, mən səni xoşbəxtliyə yetirərəm.

Kişi görər ki, belədir, ilanı quyudan çıxardar eşiyə. İlan buna deyər:

─ Mən gedib dolaşacaqam şahın qızının boynuna. Hər kəs gəlsə onun boynundan düşməyəcəyəm. Sən gələrsən ora, bir dənə yalandan dua oxuyarsan, mən də ordan düşüb gedə­rəm. Sən də şahdan böyük bir ənam alarsan, gedərsən ömrü­nün axırınacan dünya malından biniyaz olarsan. Kişi də qə­bul edib ilandan ayrılar. Bu işin üstündən bir neçə gün keç­mişdir ki, şəhərdə şahın carçıları car çəkərlər ki, şahın qızının boy­nuna ilan sarılıb. Hər kəs ona nicat versə, şah onu dünya ma­lından biniyaz edəcək. Hər yerdən həkimlər üz qoyar şahın sarayına. Lakin heç biri müvəffəq ola bilmir. İlanın onlara gözü düşən kimi elə bir fışıltı əmələ gətirir ki, onlar qorxula­rın­dan uzaq qaçırlar.

Bir neçə gündən sonra ilanla dost olan kişi bir təzə pal­tar geyib, yollanır həkim adı ilə şahın sarayına. Şahın adam­­ları bunu görən kimi buna deyərlər ki, sən nə edə bi­lər­sən? Dünyanın böyük həkimləri gəlib bir çarə qıla bilmədilər, sən gəlib nə qılacaqsan? Kişi deyər ki, nə olar, qoy mən də bir bəxtimi sınayım. Buna görə də bu kişini şahın sarayına apa­rırlar. Kişi gedir qızın otağına. İlan bunu görən kimi tanıyır. Kişi bir neçə dəfə dodaqaltı danışandan sonra ilan qızın boynundan açılıb üz qoyar saraydan çıxmağa. Bu xəbəri şaha yetirərlər. Şahın dəsturu ilə bütün ölkədə toy-düyünə baş­layarlar. Şah kişiyə deyər:

─ Gəl sənə dünya malı əvəzinə qızımı verim, sən də qal bizimlə bir sarayda.

Kişi qəbul edib toyu başlayar. Kişi bu sarayda xoş­bəxt­liyə yetişər.

Günlərin bir günü qonşu ölkənin elçiləri şahın sarayına gələr. Şaha Xəbər verərlər ki, şaha, bu ölkənin şahının qızının boy­nuna ilan dolaşıb. Hər nə cür olsa onlara köməklik edin. Şah bu xəbəri eşidəndə öz kürəkəninin yanına gedib, onu bu və­ziyyətdən xəbərdar edər. Kişi deyər:

─ Mənim əlimdən bir iş gəlməz. Çünki o ilan mənə demişdi ki, səni əyər ikinci dəfə görsəm, elə çalacağam ki, külə dönəsən. Buna görə mən bu işi edə bilmərəm. Şah deyər:

─ Əgər sən bu işi görməsən, imkanı var ki, iki ölkə arasında müharibə düşər. Xülasə, şahın israrına görə kişi na­çar qalıb özünü o ölkəyə yetirər. Birbaş gedər şahın sarayına. Şahın adamları bunu tanıdıqdan sonra aparırlar o qızın otağına. Bu kişi yavaş-yavaş ilana yaxınlaşır. İlanın gözü bu­na sataşanda çox hirslənir və istəyir ki, bunun üstünə fışıl­dasın, kişi dilə gəlib deyər:

─ Mən gəlməmişəm sənə deyəm ki, qızın boynundan açıl, mən gəlmişəm deyəm ki, Xədicə quyudan çıxıb bura gə­lir. İlan Xədicənin adını eşidən kimi qızın boynundan dü­şüb qaçır.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə