AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU
Əlyazması hüququnda
MEHMAN AĞASƏLİM oğlu HƏSƏNOV
ÇİNGİZ AYTMATOV VƏ AZƏRBAYCAN
ƏDƏBİYYATI
5717.01 – Türk xalqları ədəbiyyatı
5716.01 – Azərbaycan ədəbiyyatı
Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
BAKI – 2017
2
Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində yerinə
yetirilmişdir.
Elmi rəhbər:
akademik İsa Əkbər oğlu Həbibbəyli
Rəsmi opponentlər:
Jalə Fazil qızı Əliyeva
filologiya üzrə elmlər doktoru,
professor
Elman Hilal oğlu Quliyev
filologiya üzrə elmlər doktoru,
professor
,
Aparıcı müəssisə:
AMEA akad. Z.M.Bünyadov
adına Şərqşünaslıq İnstitutu
Türk filologiyası şöbəsi
Müdafiə “______” _________ 2017-ci ildə, saat 14
30
-da Azərbaycan
Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində
filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi
dərəcəsi almaq üçün təqdim edilən dissertasiyaların müdafiəsini keçirən
D.01.131- Dissertasiya Şurasının iclasında keçiriləcək.
Ünvan: Az.1143, Bakı, H.Cavid prospekti 115, Akademiya şəhərciyi,
Əsas korpus, Nizami adına Ədəbiyyat İnstitutu, Elektron Akt zalı,
IV mərtəbə.
Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış olmaq
mümkündür.
Avtoreferat “______” ___________ 2017-ci ildə göndərilmişdir.
Dissertasiya
Şurasının elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru: İsmixan Məhəmməd oğlu
Osmanlı
3
İŞİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Dünya şöhrətli qırğız yazıçısı Çingiz
Aytmatovun (1928-2008) əsərləri Azərbaycanda daim böyük maraqla
qarşılanmışdır. Bu qüdrətli sənətkarın yaradıcılığını qədim tarixə və
böyük ənənələrə sahib ümumtürk mədəniyyətinin həm forma, həm
məzmun baxımından müasir dünyaya ən mükəmməl şəkildə təqdimatı
adlandırmaq olar. Çingiz Aytmatovun yaradıcılığı zəngin ortaq türk
təfəkkürünün XX əsrdəki ən parlaq təzahürlərindən biridir. Yazıçının adı
müasir dövrün böyük sənətkarlarının ön cərgəsində dayanır. Onun bədii
irsində insan və zaman problemi bütün dərinlikləri və reallıqları ilə yüksək
səviyyədə təqdim edilmişdir. Dünya miqyasında ən çox oxunan
yazıçılardan biri olan Çingiz Aytmatova Azərbaycanda da həmişə böyük
maraq göstərilmişdir.
Keçmiş SSRİ məkanında oxşar taleləri yaşamış digər xalqlar kimi,
Azərbaycan və qırğız xalqları da ortaq ictimai-siyasi və mənəvi-mədəni
prosesləri yaşamışlar. Eyni qədim köklərə malik olan bu xalqlar XX əsrin
30-cu illərinin qanlı repressiyalarından keçmiş, böyük məşəqqətlərlə
üzləşmişlər. İkinci Dünya müharibəsi illərində ön cəbhədəki fiziki itkilərin
arxa cəbhədə vurduğu mənəvi zərbələrlə, aclıq, yoxsulluq və ən əsası
vicdanı ilə sınağa çəkilən kənd və şəhərlər hər iki xalqın qarşılaşdığı həyat
həqiqətləridir. Bu baxımdan Çingiz Aytmatovun və müasir Azərbaycan
ədəbiyyatının görkəmli simalarının yaradıcılığında bənzər tipoloji motivlər
kifayət qədər vardır.
Çingiz Aytmatov uşaqlıq illərində gördüyü hadisələri, yaşadığı ağrı-
acıları və iti müşahidələri ilə yaddaşına köçürdüklərini hələ gənclik
çağında yaradıcı istedadı ilə bədii əsərlərində həkk etdirə bilmişdir.
Yazıçının “Gün var əsrə bərabər” romanında başladığı və “Çingiz xanın ağ
buludu” povestində davam etdirdiyi repressiya mövzusunu Azərbaycanın
xalq yazıçısı Yusif Səmədoğlu ölkəmizin və xalqımızın reallıqlarına uyğun
olaraq “Qətl günü” romanında əks etdirmişdir. Bu əsərlər arasında bir-
birini təkrar etməyən maraqlı oxşar motivlər və talelər mövcuddur. Yaxud
İkinci Dünya müharibəsi ilə bağlı povestlərində Çingiz Aytmatovla İsa
Hüseynov arasında ortaq məqamlar vardır. Azərbaycan ədəbiyyatı da
Çingiz Aytmatovun təsvir etdiyi dövrün hadisələrini və proseslərini bədii
düşüncənin diqqətində saxlamış, ölkə gerçəklikləri əsasında cəlbedici
ədəbi əsərləri meydana qoymuşdur.
Çingiz Aytmatovun yaradıcılığı ilə dünya ədəbiyyatında yeni epoxanın
əsası qoyulmuşdur. Yazıçı ədəbiyyatın ümumbəşəri missiyasını xalqının