2
Dissertasiya Azərbaycan Müəllimlər İnstitutunun (Azərbaycan
Dövlət Pedaqoji Universiteti) Azərbaycan ədəbiyyatı və onun tədrisi
metodikası kafedrasında yerinə yetirilmişdir.
Elmi rəhbər: Təyyar Salam oğlu Cavadov
filologiya üzrə elmlər doktoru, professor
Rəsmi opponentlər: Əliyev Rəhim Nadir oğlu
filologiya üzrə elmlər doktoru
Babayev Yaqub Məhərrəm oğlu
filologiya üzrə elmlər doktoru
Aparıcı təşkilat: Bakı Slavyan
Universiteti
Azərbaycan ədəbiyyatı kafedrası
Müdafiə " " 2017-ci il tarixdə saat - da
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutunun nəzdində filologiya üzrə elmlər doktoru və filologiya üzrə
fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyaların
müdafiəsini keçirən D.01.131 – Dissertasiya Şurasının iclasında
keçiriləcək.
Ünvan: Az-1143, Bakı şəhəri, H.Cavid prospekti 115, AMEA
Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalı, IV mərtəbə
Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış
olmaq mümkündür.
Avtoreferat " " 2017-ci ildə göndərilmişdir.
Dissertasiya Şurasının
elmi katibi, filologiya
üzrə fəlsəfə doktoru: İsmixan Məhəmməd oğlu Osmanlı
3
İŞİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Bədii əsərlə oxucu arasında, yaxud oxucu
ilə müəllif arasında körpü yaradan, cəmiyyətin estetik zövqünün
formalaşmasında müstəsna rolu olan ədəbi tənqidin tarixini tədqiq edərkən
tədqiqat mütləq dövrün ədəbi prosesini də ehtiva edir. 1930-cu illər ədəbi
prosesinin bir çox problemlərinin, onun inzibati amirlik rejimi şəraitindəki
çətinliklərinin, mürəkkəbliklərinin kökləri ədəbi tənqidin metodoloji
istiqaməti ilə də sıx bağlıdır. 1930-cı illər ədəbi tənqidimizin çətinlikləri,
onun hansı təzyiqlərə məruz qaldığını, ədəbi tənqidin poeziya materiallarını
dəyərləndirərəkən nəzəri-estetik fikrin hansı yeni tendensiya və
təmayüllərdən çıxış etməsini, ideologiyanın onun üzərindəki basqılarını
öyrənməyə ciddi ehtiyac var.
Müstəqillik dövründə ədəbi tənqidimizin və milli ədəbi prosesin
tarixinə yeni baxış zərurəti meydana çıxır. Bu mənada 1930-cu illər
tənqidini, o dövr poeziya məsələlərini yeni təfəkkür işığında öyrənmək
ədəbiyyatşünaslığın başlıca vəzifələrindən birinə çevrilir. Əgər biz indiki
zamanda ədəbiyyatımızın tarixinə müasir ədəbiyyatşünaslıq düşüncəsi ilə
yeni baxış sərgiləmək istəyiriksə, ilk növbədə, bu dövrün ədəbi tənqidinin
bütün səciyyəvi xüsusiyyətlərini, metodoloji axtarışlarını, eləcə də bu dövr
tənqidçilərinin poeziya məsələlərinə münasibətləri kontekstində hansı
sosioloji və estetik yanaşmaları ortaya qoyduqlarını öyrənmək lazımdır.
Məlumdur ki, 1930-cu illərdə partiyanın, siyasi rejimin yeritdiyi siyasətin,
ideologiyanın sənətdən tələblərini bədii yaradıcılıq sahəsində tətbiq etmək
ədəbi tənqidin qarşısına qoyulan başlıca vəzifə idi. Belə bir şəraitdə
ədəbiyyatın, ədəbi tənqidin müstəqilliyindən söhbət gedə bilməzdi, lakin
bütün bunlara baxmayaraq, ədəbi tənqid öz varlığını qoruyub saxlamağa
çalışırdı. Bu isə, ilk növbədə, bu dövrdə yaranan poeziya nümunələrinin də,
ədəbi tənqidin də tarixi kontekstdən çıxarılmış formada yox, əksinə, məhz
onlara məxsus olan bütün xüsusiyyətləri ilə birlikdə öyrənməyi,
araşdırmağı zəruri edir. Tədqiqat işində öyrənilməsinə çalışdığımız
problemlər məhz bu baxımdan xüsusilə aktualdır. Ədəbi tənqid tariximizdə
bu qədər zəngin bir mərhələnin elmi tədqiqata cəlb olunması dövrün fəlsəfi
dərkində, onun xarakterinin müəyyənləşməsində də mühüm əhəmiyyət
kəsb edir.
Tədqiqatın obyekt və predmeti. Dissertasiyada ədəbi tənqidimi-
zin tarixində mürəkkəb və ziddiyyətli bir mərhələni təşkil edən 1930-cu
illərdə poeziya məsələlərini özündə əks etdirən tənqid mətnləri əsas