Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,9 Mb.
səhifə1/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
  1   2   3   4   5   6   7   8   9   ...   27



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU
Fərhad Mİrzə Qacar


SƏFƏRNAMƏ

Bakı – “Elm və təhsil” – 2017

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 25 dekabr 2015-ci il tarixli 9 №-li iclasının qərarı ilə nəşr edilir.





Fars dilindən tərcümə edən,

göstəricilərin tərtibçisi:



Tahirə Həsənzadə,

tarix üzrə elmlər doktoru






Elmi redaktor:

Anar İsgəndərov,

tarix üzrə elmlər doktoru, professor










Redaktor və ön sözün müəllifi:

Kərim Şükürov,

tarix üzrə elmlər doktoru, professor




Fərhad Mirzə Qacar. Səfərnamə. Bakı: “Elm və təhsil”, 2017, 426 s.
Kitab Qacarlar sülaləsinin ziyalı şahzadəsi, Abbas Mirzə Naibüssəltənənin oğlu Fərhad Mirzə Mötəmədüddövlənin 1875-1876-cı illərdə baş tutmuş Məkkə ziyarətinə həsr etdiyi «Səfərnamə» əsərinin tam tərcüməsidir.

Əsər həmçinin Azərbaycan tarixi, Azərbaycanın ədəbi simalarından Xaqani, Nizami, Şəbüstəri, Axundov, Zərdabi yaradıcılığı tədqiqatçıları üçün dəyərli mənbədir.




Fərhad Mirzənin “Səfərnamə”si:

yol xəritəsi, sosial-coğrafi və siyasi qeydləri

(1875-1876-cı illər)
Qacar şahzadəsi Fərhad Mirzə Mötəmədüddövlənin (dövlətin etibarlı adamı) “Səfərnamə”sinin Azərbaycana aid hissələrinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Tahirə xanım Həsənzadə tərəfindən tərcümə edilərək nəşr edilməsi (Fərhad Mirzə Qacar. Səfərnamə. Bakı, 2012) oxucular arasında geniş marağa səbəb olmuş, mütəxəssislər tərəfindən də yüksək dəyərləndirilmişdir. Ona görə də Əlyazmalar İnstitutu haqlı olaraq “Səfərnamə”nin tam mətninin tərcüməsi və çap edilməsini məqsədəuyğun hesab etmişdir. Əslində, belə bir yanaşma “Səfərnamə”nin Azərbaycana dair hissəsinin də daha geniş kontekstdə təqdimini təmin etməklə, ümumi səyahət mənzərəsində onun yerini dolğun müəyyən etməyə imkan vermişdir.

Fərhad Mirzə (1818- 1888) Qacarlar dövlətinin (1795- 1925) tarixində mühüm rol oynayan Abbas Mirzənin (1789- 1833) on beşinci oğlu idi. 1875-ci ildə, 57 yaşında olarkən Fərhad Mirzənin Məkkə səfərinə çıxmasının ciddi səbəbləri var idi. İran müəllifi İsmayıl Nəvvab Şəfa Fərhad Mirzə Mötəmədüddövlənin “Səfərnamə”si haqqında müqəddimədə bu məsələdən bəhs edərkən bunun Baş nazir Mirzə Hüseyn xan Müşirüddövlənin vəzifəsindən azad edilməsində Fərhad Mirzənin günahlandırılması ilə əlaqədar olmasına işarə edir. Onun yazdığına görə “Fərhad Mirzə iki il xanənişin olduqdan sonra Nəsirəddin şahdan (1848-1896-cı illərdə hökmranlıq etmişdir.-K.Ş.) icazə alaraq Məkkə ziyarətinə getməyi qərara alır. O vaxt Xarici və Hərbi nazirliyin də tabe olduğu Sipəhsalar vəzifəsini Müşirüddövlə daşıdığı üçün onun yanına gedir və deyir: “Mən Sizin vəzifədən getməyinizdə şübhəliyəm. Öz günahsızlığımı sübut etmək üçün Allahın evini ziyarət etməyə gedirəm.” Bununla eyni zamanda, səfərin müəyyən siyasi məqsədlər daşıdığını da qəbul etmək lazımdır.

Səfərnamə müəllifinin siyasi statusu, eyni zamanda İranın həyatında oynadığı rolu onun səyahətinə diqqətin xeyli artmasına səbəb olmuşdur. “Müqəddimə”də yazıldığı kimi, “Röyterlə bağlanan müqavilənin (Burada 1872-ci ildə İran hökuməti tərəfindən ingilis Röyter informasiya agentliyinin rəhbəri Pol Culius Röyterə (1816-1899) verilən konsessiyadan bəhs olunur. Bu konsessiya ciddi müqavimətdən sonra 1873-cü ildə ləğv edilmişdir.-K.Ş.) əleyhinə olmaqla və müqavilənin ləğv edilməsinə çalışması ilə Fərhad Mirzə rusların və ingilislərin nəzərində Röyterə qarşı mübarizənin əsl qəhrəmanı idi. Onun Məkkə səfərini Rusiyadan başlaması, Osmanlı, Misir, oradan Məkkəyə hərəkəti adi müsafirin səyahəti deyildi, imtiyazlı, seçilən bir şəxsiyyətin qarşılanması təntənəli idi, ona hər yerdə hörmət, ehtiram göstərirdilər”.

Səfər xronoloji baxımdan 1875-ci ilin sentyabrından başlayır. Fərhad Mirzə səfərin başlanması tarixini xüsusi olaraq şərh edərək yazır ki, “hicri 1292-ci il rəcəb ayının çəharşənbə günündə Qurandan istixarə etdim ki, şaban ayının 7-si çəharşənbə günü yola çıxım... Seşənbə günü əlahəzrət şahənşahı ziyarət etdim...1292-ci il, 7 şabanı, çəharşənbə. Günorta namazından 3 saat 16 dəqiqə keçəndə evdən çıxdım. Bu tarix şəhrivər ayının 22-nə, yəni 1875-ci ilin 8 sentyabrına təsadüf edir.”

Səfərin sonlarına aid axırıncı tarix 1876-cı il martın 29-u qeyd edilir. Bu gün də ətraflı təsvir olunur. Bununla birgə, görünür, ölkə daxilindəki sonrakı hərəkəti də nəzərə alan Fərhad Mirzə səfərin müddəti haqqında bildirir ki, o, 233 gün çəkmişdir, bu müddətin 117 günü dayandıqları yerlərdə, 116 günü isə bilavasitə quru və ya su yollarında keçmişdir.

Hər bir səyahətdə olduğu kimi burada da “Səfərnamə”nin yol xəritəsi ciddi maraq yaradır. Belə güman etmək olar ki, səfərin yol xəritəsi elə müəyyən edilmişdi ki, o, vaxt etibarı ilə uzun çəksin, nisbətən geniş olsun, keçdiyi yerlərin hakimlərinin iqamətgahını əhatə etsin və s. Sonuncu siyasi görüşlərin keçirilməsi üçün əhəmiyyətli idi. Fərhad Mirzənin yol xəritəsini dəqiqliklə qeyd etməsi onun dövlət adamı kimi böyük təcrübəyə malik olduğunun göstəricisi də ola bilər. Bütün məntəqələri burada təkrar etmədən olkələr üzrə ifadə etsək, səfərin gedişinin təxminən bir ayı Şimali Azərbaycanda, 20 günədək olan müddəti Gürcüstanda, üç aydan çoxu Osmanlı ərazisində keçmişdir. Dövrün siyasi coğrafiyası əsas götürülsə, Fərhad Mirzə İranla birlikdə, Rusiya və Osmanlı dövlətlərinin ərazisindən keçmişdir. Bu baxımdan Rusiya (Şimali Azərbaycan, Gürcüstan) və Osmanlı imperiyalarının (Türkiyə, Misir və Hicaz (sonralar Səudiyyə Ərəbistanı) yol xəritəsinin əhatə etdiyi yerləri haqqında sosial-coğrafi və siyasi qeydlər İran üçün strateji əhəmiyyətə də malik idi.

Səfərin Şimali Azərbaycana aid hissəsi Fərhad Mirzə və heyətinin Bakıya gəmi ilə daxil olması ilə başlanır və 1875- ci il 16-19 oktyabrda davam edir. Bu müddət ərzində Bakı şəhəri ilə tanış olan Fərhad Mirzə Bakının həmin dövrü haqqında mühüm məlumatlar verir. Neft quyuları barədə, xüsusilə Atəşgah və buradakı moltanı barədəki məlumatlar bu qəbildəndir. 20 -24 oktyabr ərzində Şamaxı-Ağsu-Göyçay-Ağdaş- Mingəçevir istiqamətində hərəkət edən Fərhad Mirzə gördüyü və yadda saxladığı mühüm görüşlər, insanlar və hadisələrdən bəhs edir. 25 oktyabrda Gəncəyə daxil olan Fərhad Mirzə bu şəhər barədə nisbətən ətraflı bəhs edir. 27 oktyabrda müsafirlər yenidən yola düşür. Zəyəm vasitəsi ilə Ağstafa istiqamətində hərəkət zamanı Şəmkirdən keçərkən Fərhad Mirzə vaxtılə burada qacarlarla Rusiya arasında olan döyüşdən (1826, sentyabr) söz açır. O atasından eşitdiyinə əsasən qeyd edir ki, “biz Şuşanın mühasirəsindən əl çəkməməli idik. Eyni zamanda Nəzərəli xan Mərəndinin xəyanəti nəticəsində Gəncəni əldən verdik. Şəmkirdə məğlubiyyət və bütün bunlardan sonra döyüşdə ruslarla üz-üzə dayanmaq əlverişli deyildi. Biz gərək rus qoşununu mühasirəyə almaqda davam edəydik və onlara azuqə, döyüş sursatı çatdırmağın qarşısını alaydıq”.

Ağstafa-Alget istiqamətində hərəkət edən Fərhad Mirzə oktyabrın 30- da Tiflisə gəlir və noyabrın 6- dək burada qalır. Fərhad Mirzə Tiflis və buradakı görüşləri üzərində ətraflı dayanır. Rəsmi dairələrlə, eyni zamanda, Mirzə Fətəli Axundovla da görüşür, onun yeni əlifbası ilə tanış olur.

Noyabrın 6-da Tiflisdən Poti limanına yola düşən şahzadə Batum, Trabzon və s. limanlardan keçərək, ayın 12-də İstanbula daxil olur. Fərhad Mirzə İstanbulun etimologiyasına da toxunur və onu İslambul, yəni İslamın bol olduğu yer kimi təqdim edir, İstanbul haqqında maraqlı sosial-coğrafi məlumatlar verir. Təbi ki, İstanbulda olarkən ən mühüm hadisə həmin dövrdə Osmanlı sultanı olan Əbdüləzizlə (1861, 15 iyun-1876, 4 iyun) görüş olur. Görüş haqqında məlumat verən Fərhad Mirzə bir xüsusa diqqət çəkir: “Ərz elədim ki, indi yer üzündə iki islam dövləti vardır ki, onlar mənəvi cəhətdən bir olsalar, əlbəttə ki, islam dininin daha da qüvvətlənməsinə səbəb olar və xaricilərin nəzərində böyük şərəfə və ehtirama layiq olarlar... O, bu sözlərdən sonra gülümsədi və dedi: “Bəyan etdiyiniz kimidir”.

Fərhad Mirzə İstanbuldan İzmirə, oradan İsgəndəriyyəyə və sonra Qahirəyə gəlir. O yazır ki, “indi Misir (Misir 1517-ci ildən 1805-ci ilədək bilavasitə osmanlılar tərəfindən idarə olunmuşdu, Məhəmməd Əlinin dövründən (1805-1848) hakimiyyət nominal xarakter daşımış, 1914-cü ildən sonra isə burada osmanlıların nominal hakimiyyəti də başa çatmışdır.-K.Ş.) əhalisinin sayı yerli və xaricilərlə birlikdə, 500 min nəfər olar və Misirin qədim küçələri çox dar və çox hündürdür”.

Fərhad Mirzənin Misirdə olduğu dövrdə Misirin xədivi (hakimi) İsmayıl paşa (1863-1879) idi. İsmayıl paşa xəstəhal olmasına baxmayaraq, Fərhad Mirzəni qəbul edir və onun yazdığına görə “söhbət zamanı Misirin abadlığı, yolları və dəniz problemləri müzakirə olundu.”

Səyahət Süveyş kanalı vasitəsilə Qırmızı dənizdə davam etdirilir, əvvəlcə Yənbəə limanına, sonra isə Ciddəyə çatır. Hərəkət buradan quruda dəvələrlə davam etdrilir, Fərhad Mirzə dekabrın 16-da Mədinə şəhərinə çatır. Mədinə şəhəri və buradakı görüşlər haqqında da ətraflı məlumat verilir.

Nəhayət, 1876-cı il yanvarın əvvəllərində Fərhad Mirzə Məkkəyə gəlir. Məkkədə müvafiq ayinlərin icrası, eyni zamanda hakimiyyət nümayəndələri ilə müxtəlif görüşlər keçirildikdən sonra o geri yola düşür. Fərhad Mirzə geri qayıdarkən İsgəndəriyyədən İstanbula qədərki limanlar və onların arasındakı məsafələri də qeyd edir və yazır ki, “İsgəndəriyyədən İstanbula qədər gəminin getdiyi yol 1367 ingilis milidir. Yaxşı gəmi 1 saatda 10 mili rahat üzə bilir və təxminən 6 gecə-gündüz bu sürətlə İsgəndəriyyədən İstanbula çatır. Yüklərin yığılması və daşıınmasında isə bu vaxt, liman və adalara yetişmək vaxtı 9 gündür”.

Fərhad Mirzə 1876-cı il fevralın 16-da İstanbula geri dönür. Burada sədr-əzəm və hərbi nazirlə görüşlər keçirilir. İran səfirinin Fərhad Mirzənin şərəfinə fevralın 27-də verdiyi ziyafətdə iştirak edən dövlət adamlarının və xarici səfirliklərinin nümayədələrinin dairəsi onunla görüşə verilən diqqəti bir daha təsdiq edir. Burada İranın İngiltərədəki səlahiyyətli nümayəndəsi Mirzə Mülküm xanın atası Mirzə Yəqub xanın vəziri-muxtara məktublarının surəti də diqqəti çəkir. Aydındır ki, bu məktubların “Səfərnamə”yə daxil edilməsi təsadüfi deyildir və müəyyən siyasi məna daşıyır. Məktublardan birində deyilirdi: “...O gün ki, rus əlini Türküstana uzatdı, o vaxtdan Aral və Ceyhunu özünə ən yaxşı yol bildi, bununla da rus o vaxtdan özündə İranla həmrah, müttəfiq olmaq ehtiyacı görmür. Rusun bu halı, İran dövlətinin qəflətdə olması, pərişan olması gərək Azərbaycan xalqının, onun sərhədlərində yaşayanların hərəkətə gəlməyə, birləşməyə meylini artırsın, gərək qalxsınlar...” O, bu məktub barədə fikirlərini Tiflisə yola düşərkən bildirmək imkanı əldə edir.

Fərhad Mirzə İstanbulda olarkən ikinci dəfə sultan Əbdüləziz tərəfindən qəbul edilir və bu dəfə də hər iki dövlət arasındakı birliyin əhəmiyyəti qeyd edilir. Bu görüş zamanı Fərhad Mirzə sultana Mədinə və Məkkədə gördükləri nöqsanlardan bəhs edir və bu barədə sultana yazılı məlumat verəcəyini bildirir və yazır: “Sultan məni əmin etdi ki, yazdığıma baxacaq və əlbəttə, yazılanların hamısı səhihdir”.

Məkkə ziyarətinin təhlükəsizliyinin bu gün də onəmli olduğunu nəzərə alsaq, Fərhad Mirzənin bəzi faydalı tövsiyələri də maraq doğurur: 1. Dövlət tərəfindən zəvvarlar üçün ayrılmış Əmirhac hər gecə onların qaldığı ərazini iki dəfə gəzməli, qafilənin halından xəbərdar olmalıdır. Əmirhacın oyaq qalması insanların rahat yuxusu deməkdir. 2.Əmirhacın borcudur ki, zəvvarlar hərəkət edərkən o, axırda getsin və axırıncı zəvvar atlanmayınca, yola düşməsin. Dövlət hər bir zəvvarın atla təmin olunmasına vəsait ayırır. Lakin burada nə İran, nə də Hindistan zəvvarının heç birinə minik heyvanı ayrılmamışdır. 3.Zəvvar karvanında bir nəfər həkim və bir mühəndis olmalıdır. Bunlar zəvvarların hərəkət və asayişlərini tənzimləyir, bu dünyada və axirətdə ləyaqətli iş kimi dəyərləndiriləcəkdir. 4.Ciddə, Həzrəti-Həvvanın burada dəfn edildiyi güman edildiyi üçün belə adlanmışdır. (Ciddə nənə deməkdir). Müqəddəsin cəsədi meydanın ortasındadır və təxminən 140 zər uzunluğundadır. Ətrafına kiçik alçaq divar çəkilmişdir ki, bilinsin.

İstanbulda görüşlər başa çatdırıldıqdan sonra, Fərhad Mirzə 1876-cı il mart ayının əvvəllərində Qara dəniz vasitəsilə Potiyə yola düşür. İsgəndəriyyə ilə İstanbul arasındakı limanlar və məsafələrdə olduğu kimi, İstanbuldan Potiyədək olan limanlar və onların arasındakı məsafələr haqqında da məlumat verir. Potidən Tiflisədək dəmir yolu ilə hərəkət edən Fərhad Mirzə bu yoldakı stansiyalar və aralarındakı məsafələri də bildirir və nəhayət, o, mart ayının 5- də yenidən Tiflisə dönür.

Mart ayının 5-12–də Tiflisdə bir sıra görüşlərdən sonra Fərhad Mirzə şəhəri tərk edir və Kaloniya kəndinə gəlir. O bu kənddən danışarkən özünəməxsus mülahizələr qeyd edir. O yazır ki, “kənd əhalisinin 2/3 hissəsi almanlardan, 1/3-i gürcülərdən ibarətdir. Onlar əlli beş ildir ki, burada məskən salmışlar... “Kaloniya” sözü kalon, fransız dilində sütun mənasındadır. Bunlar bir dəstə gəlmişdilər, vahid bir sütun kimi bir oldular, ona görə də onlara Kaloniya adı verdilər.” Belə bir şərhə baxmayaraq, əslində koloniya sözü məskən mənasındadır.

Gürcüstan ərazisində bəzi yaşayış məskənlərindən keçən Fərhad Mirzə Azərbaycana dönərkən yeni marşrutla hərəkət edir, martın 16-da Zaqatalaya gəlir və səhərisi günü Şəkiyə yola düşür. Şəki ilə tanışlıq da ətraflı təsvir olunmuşdur. Şəkidə Xan sarayı ilə tanışlıq əsnasında Rusiya hakimiyyət nümayəndəsindən eşitdiyi maraqlı bir fikir diqqəti cəlb edir. O yazır ki, “binanı seyr edən vaxt naçalnik və başqa sahibmənsəb bizimlə idilər. Naçalnik dedi: “Bu şəhərdə olan bütün binalar tarixi, qədim abidələrdir. Biz hələ bir iş görməmişik. Mən istərdim ki, sizə bu imarətdə mənzil verim, lakin burada həm soba yoxdur, həm də yoldan iki verst uzaqdır. Ona görə qaldığınız mənzili ayırdım.” Fərhad Mirzə Şəkidən sonra Göyçay- Ağdaş- Şamaxı yolu ilə (19-25 mart) Bakıya qayıdır. Şamaxıda olarkən malakanlar haqqında da məlumat toplayır və onların məzhəbindən bəhs edir.

Fərhad Mirzə səfərdən qayıdanda yenidən Bakı ilə tanışlığını (25-28 mart) davam etdirir. Bakıda olarkən neft mədənləri və neftayırma zavodları ilə tanışlıq mühüm yer tutur. Fərhad Mirzə Bakıda olarkən martın 26-da “Əkinçi” qəzetinin redaktoru Həsən bəy Zərdabi ilə də görüşür. Burada “Səyahətnamə”nin müəllifi ilə Zərdabi arasında maraqlı bir dialoq verilmişdir: “Mən dedim ki, qəzet sadə xalq təbəqəsi üçündür, əgər onun bir tərəfi fars dilində olsa idi, İranda da xeyli oxucusu tapılardı. O, burada farsdilli əhalinin az olduğunu söylədi. Mən ona dedim: ”Zərdabi ifadəsi heç məlum deyil və Zərdabın harada yerləşdiyi məlum olmur, Şirvan təxəllüsü yazsa idin, bu, məlum, məşhur şəhərdir (tarixi- coğrafi ərazi olmalıdır.-K.Ş.). Şah da bilir ki, Şirvanda sünni əhalisi yaşayır.” Həsən bəy bildirdi ki, bu vaxtadək belə tanınmışam... ”.

Bakı ilə tanışlıqdan sonra, martın 28- də şahzadə Bakıdan yola düşür. Lakin Şimali Azərbaycanla tanışlıq hələ davam edir. Gəmi əvvəlcə Salyan, sonra Lənkəran limanından keçir. “Səyahət”naməyə görə “Lənkəran min ailədən ibarət olan gözəl bir limandır”.

Nəhayət, gəmi Ənzəliyə doğru yola düşür. O bu barədə yazır: “Çəharşənbə, 3 rəbiül əvvəl 1293 (29 mart, 1876). Axşam cənub küləyi, gilavar əsirdi...”Gil avər”, yəni gil, palçıq gətirən. Mənim fikrimə görə bu küləyin “gilavar” adlanması dürüstdür. Çünki bu külək əsərkən bulanıq, çirkab sular dənizə daxil olur, 2-3 milədək suyun rəngi dəyişir və su lillənir “gilavər” sözünə uyğunlaşır...Xəzri küləyi Şimal küləyidir, tufan və inqilab küləyidir. Bu külək dənizin, Xəzərin şimal tərəfindən əsdiyi üçün əhali bu küləyi Xəzri adlandırır.” Astara limanından keçən gəmi sonra Ənzəli limanına yan alır. Beləliklə, Fərhad Mirzə İrana daxil olur.

“Səfərnamə”də diqqəti cəlb edən bir süjetdən isə xüsusi bəhs etmək istərdik . Bu da ermənilərlə bağlıdır. Burada iki faktı xüsusilə qeyd etmək lazımdır. Əvvəla, Fərhad Mirzə ilə xüsusilə Rusiya ərazisində görüşlərdə ermənilər mühüm yer tutur. Belə bir imkanın yaradılması, yaxud şahzadəni müşayət edənlər içərisində ermənilərin üstün olmasını təsadüfi hesab etmək olmaz. Bu barədə “Səfərnamə”də olan bəzi epizodlara nəzər salaq: ”Xəstəxanada (Tiflis şəhər xəstəxanasında.-K.Ş.) iki kiçik kilsə də tikilmişdir. Onlardan biri erməni kilsəsidir, digəri rus kilsəsidir... Xəstələr arasında iki nəfər İran təbəəsi olan erməni vardı”; “Çaparxanadan (İpəkli çaparxanası.-K.Ş.) keçdikdən sonra Daşüz dağının ətəyində düşdük. Çaparxananın yaxınlığında, dağın ətəyində Goybulaq kəndi yerləşir və əhalisi ermənilərdir”; “...Şəki bölgəsinin naibi Çomaqluyadək gəldi, erməni olsa da sifətdən müsəlmana oxşayır”; “ Nahardan sonra general Lazarev görüşmək üçün gəldi. Onun əsli Qarabağ ermənilərindəndir...”.

Lazarev də Fərhad Mirzəni əslən erməni olan Mirzoyevin mədənləri ilə tanış edir və s. Buradan aydın olur ki, çar hökuməti Şimali Azərbaycanın idarə sistemində ermənilərə vacib yer ayırmışdır. İkinci məqam isə ermənilərin Qafqaza köçürülməsi ilə bağlıdır. Fərhad Mirzə yazır ki, ”Əslən Urmiya ermənilərindən olan bölgənin (Ağsu.-K.Ş.) naibi Mixail Afşarov Ağsudan Şamaxıyadək bizimlə həmrah idi. Afşarov nəsli şəhid şah (Ağa Məhəmməd şah Qacar (1795-1797) nəzərdə tutulur.-K.Ş.) zamanı Qarabağa gələnlərdəndir.” Bu faktdan aydın olur ki, Rusiyanın Cənubi Qafqaza nüfuzunun yeni mərhələsində ermənilərin bu ərazilərə köçü XVIII əsrin sonlarından özünü göstərmişdir.

Fərhad Mirzənin “Səfərnamə”sinin təhlili göstərir ki, o həm səyahət ədəbiyyatı, həm də dövrə dair əhəmiyyətli sosial-coğrafi və siyasi məlumatları ilə müəyyən əhəmiyyətə malikdir. Fərhad Mirzənin səfəri zamanı keçdiyi dövlətlərdə yüksək səviyyədə qarşılanması, müəyyən danışıqlar aparılması “Səfərnamə”nin informasiya bazasının genişləndirilməsinə imkan vermişdir. Bu da “Səfərnamə”nin əhəmiyyətini xeyli dərəcədə artırmışdır. Səyahətdən keçən az bir müddər sonra Rusiya və Osmanlı dövləti arasında 1877-1878-ci illər müharibəsi başlamış, Osmanl dövləti bu müharibədə ağır məğlubiyyətə uğramışdır. “Səfərnamə”nin materialları müharibə ərəfəsində hər iki dövlətin vəziyyətinin müəyyənləşdirilməsi baxımından da mənbə kimi çıxış edir.

Kərim Şükürov

tarix üzrə elmlər doktoru, professor

Fərhad Mirzə Qacar (1818-1888)
Hacı Fərhad Mirzə Qacar Azərbaycan hakimi Abbas Mirzə Naibüssəltənənin on beşinci oğludur. İlk vaxtlar Təbrizdə yaşayan Fərhad Mirzə Kirmanşah, Luristan və Xuzistanı idarə edən qardaşı Bəhram Mirzənin yanında çalışmış, onun vasitəsilə Luristan hakimi təyin edilmişdir.

Qacarlar hakimiyyəti dövrünün tarixçisi marağalı Məhəmmədhəsən xan Etimadüssəltənə isə «Müntəzəmi-Nasiri» əsərində yazırdı: «Bu il (1250/1834) Fərhad Mirzə Ərəbistan və Luristanı da idarə etməyə başladı».

1837-ci ildə Məhəmməd şah Qacar Herata yürüş edərkən qardaşı Fərhad Mirzəni Naibüləyalət təyin edərək, Tehranın qorunmasını və idarə olunmasını ona tapşırır. Şah İsfahana səfərində də (1839) paytaxt şəhəri ona etibar etmişdi.

Fərhad Mirzə vəliəhd Nəsrəddin Mirzənin (sonralar İran şahı olmuşdur) müavini təyin edilərkən 24 yaşında idi və o, həmin vaxt Naibüləyalət titulunu almışdır.

1854-ci ildə Fərhad Mirzənin özünün tiyul torpaqları olan Taliqana sürgün edilməsi səbəbi məlum olmamışdır. O bir müddət İngiltərənin İrandakı səfirliyində bəst əyləşmişdir.

Fərhad Mirzə 1861-ci ildə Mötəmədüddövlə (dövlətin etibarlı adamı) titulunu almışdır. 1867-ci ildə Kürdüstan hökümətini idarə etmək Fərhad Mirzəyə tapşırılır. 1870-ci ildə Həmədan da ona tapşırılır.

1867-ci ildə Kürdüstan əyalətinə hakim təyin edilən Fərhad Mirzə çox çətin günlərini yaşayır.

Belə ki, 1869-cu ildə Kürdüstanda iğtişaşlar, baş verən müharibə və üsyanlar onun səyi ilə yatırılmışdı. Nadir Mirzə Qacar «Tarix və coğrafiyi-darüssəltəneyi-Təbriz be zəmimeyi-şəhri-hali-bozorqan» (Təbrizin tarix və coğrafiyası görkəmli şəxsiyyətlərin tərcümeyi-halları ilə) kitabında iğtişaş, onun yatırılması barədə Fərhad Mirzənin düşünülmüş, planlı tədbirlərini açıb göstərir. Ümumiyyətlə, Qacarlar dövləti kürd tayfaları ilə uzun zaman mübarizə aparmış, nəhayət, onlar Şəhrzur sərhəddində Osmanlı torpağına qovulmuşlar.

Fərhad Mirzə elmi yaradıcılıqla da məşğul idi və çap olunmuş bir sıra əsərlərin müəllifidir. O cümlədən «Münşəat», «Zənbil», «Cami-cəm», iki min sözdən ibarət «Kitabi-nisabi-ingilisi», Şeyx Bəhainin «Xülasətül-hesab» əsərinə fars dilində yazılmış şərh onun təxəyyülünün məhsuludur.

Nəsrəddin şah Avropaya ilk səfəri zamanı (1873) dövlət işlərini kamil bilən əmisi Fərhad Mirzəni Tehrana çağıraraq Kamran Mirzənin vəzifəsini ona tapşırmış, beş ay davam edən səfərdən qayıtdıqdan sonra müəmmalı şəkildə onu və Sədr-əzəm Hüseyn xanı vəzifələrindən azad etmişdir. Bu işdə şübhəsiz ki, xarici qüvvələrin də əli vardı. Fərhad Mirzəni dinsiz, ateist adlandırırdılar. O, özünün dediyi kimi, günahsız olduğunu müqəddəs Məkkə ziyarəti ilə sübut etməyi qərara almışdır.

Fərhad Mirzə 1888-ci ildə Tehranda vəfat etmiş, bir ildən sonra cənazəsi Kazimeynə aparılaraq, ailəvi məqbərədə torpağa tapşırılmışdır.

1875-76-cı illərdə Kəbəni ziyarət edən Fərhad Mirzənin səfər təəssüratlarını əks etdirən «Səfərnamə»nin Azərbaycanın məskun yerlərindən və görkəmli şəxsiyyətlərindən də bəhs edən tam tərcüməsi oxucuların diqqətinə çatdırılır.




Fərhad Mirzə Mötəmədüddövlənin «Səfərnamə»si

Müqəddimə
Fars dilində yazılmış səfərnamələrdən biri olan və yüz on il bundan əvvəl nəşr edilmiş bu «Səfərnamə» «Hidayətül-səbil və kifayətül-dəlil» («Ən doğru yol və ən yaxşı dəlil») də adlanır.

Fərhad Mirzə Mötəmədüddövlə öz səfərini Nasiri dövrünün məşhur müctəhidi Hacı Molla Əli Künni vasitəsilə «Qurani-Kərim»dən istixarə etməklə təyin etdiyi gün və Nəsrəddin şah Qacarın icazəsilə həyata keçirmişdir. O, qəməri 1299-ci il Şaban ayının 7-ci, çəharşənbə günü ş. 1254-cü il şəhrivər ayının 17-ci, m. 1875-ci il sentyabr ayının 8-də bir neçə Qacar şahzadəsinin, o cümlədən özündən böyük qardaşı Sultan Murad Mirzə Hüsamüssəltənənin müşayiətilə yola düşmüşdür. Onlar Tehranın şimali-qərbindəki Cıdır meydanından Rusiya, Osmanlı dövləti və Misir istiqamətində Məkkeyi-mükərrəməyə yola düşərək 233 gün dəmir yolu, gəmi, at və dəvələrlə yol getmiş, qəməri 1293-cü il rəbiülsani ayının 2-si pəncşənbə günü, ş. 1255-ci il ordibehiştin 8-i, miladi 1876-ci ilin 27 aprelində ziyarəti başa çatdıraraq Darülxülafeyi-Tehrana qayıtmışlar.

Müəllif bu səfər zamanı gördüklərini, eşitdiyi hadisələri diqqətlə yadında saxlamış və qələmə almışdır.

Həcc səfərindən qayıtdıqdan sonra Fərhad Mirzə Nəsrəddin şahın iltifatı ilə yenidən Fars hökümətinə təyin edilir və fasiləsiz olaraq onu idarə edir.

«Səfərnamə»nin mətni Qacar dövrünün tanınmış xəttatı Əli Rza Hüseyn Şirazi tərəfindən nəstəliq xəttilə yazılmış və 1294-cü ilin rəbiülsani ayının 17-sində (1877, 2 may) tamamlanmış, həmin ilin məhərrəm ayında paytaxtda nəşr olunmuşdur.

Fərhad Mirzəni muşayiət edənlər: Bu səfərdə Fərhad Mirzəni Fətəli Qacarın böyük oğlu Məhəmmədəli Mirzə Dövlətşahın qızı, həm də əmisi qızı olan həyat yoldaşından başqa 25 nəfər müşayiət etmişdir. Bunlara sənduqdar, xidmətkar, miraxur, dəhbaşı (rəisi-dəhbaşı), abdar, fərraş, qəhvəci, saraydar, aşpaz, şəxsi mustofi dəllək, qulam, kəniz, eşikağası (rəisi-təşrifat) və mollabaşı daxil idi.

Müsafirlərdən Mirzə İsmayıl Mustofi Əliabadi Fərhad Mirzənin hakim olduğu bir sıra şəhərlərdə onun vəziri və pişkarı idi. İsfahan hakimi Hacı Məhəmmədhüseyn xanın nəvəsi Məhəmmədbağır xan Kürdüstan və Fars hökümətlərində Fərhad Mirzənin həmkarı olmuşdur. Əlbəttə, müəllif onunla həmrah olanların hamısının adlarını qələmə almaqla bu «Səfərnamə»sində yadigar qoymuşdur.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə