Azərbaycan müasir və modern dövlət quruculuğu yolu ilə inamla irəliləyir



Yüklə 190,33 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü190,33 Kb.
#74665


“Xalq qəzeti”.-2013.-31 oktyabr.-№ 240.-S.3. 

 

Azərbaycan müasir və modern dövlət quruculuğu yolu ilə inamla irəliləyir 



 

Xalqımız   oktyabrın  9-da   İlham  Əliyevə   yenidən  etimad   göstərdi.  Bu,  təsadüfi  seçim  deyildi.  Ulu 

öndərin  əsasını  qoyduğu  sosial-iqtisadi  siyasəti  ötən  10  ildə  inamla  davam  etdirən  dövlət  başçısı  möhtərəm 

İlham Əliyev Azərbaycanı sürətlə inkişaf edən ölkələr sırasına  çıxardı. Respublikamız  Cənubi Qafqazın  lider 

dövlətinə  çevrildi.  Azərbaycanın   ötən  on  ildə  qazandığı  nailiyyətləri  sadalamaqla   qurtaran  deyıl.  Abadlaşan 

yollar, şəhər və kəndlərin əvvəlki görkəmini  dəyişməsi,  körpülərin, keçidlərin  salınması,  Bakının  gözəlliklər 

diyarına çevrilməsi... Bu ölkədə  hər sahədə yeniliklər var, tərəqqi, inkişaf var. Bunun  səbəbi isə ulu öndərin  

ideyalarının   cənab  Prezident  İlham  Əliyev   tərəfindən  dönmədən  həyata  keçirilməsi,  islahatların  davamlı 

xarakter almasıdır. 

Son  on  ildə   Azərbaycan   inkişafın  keyfiyyətcə  yeni  mərhələsinə  qədəm  qoymuşdur.  2003-cü  ilin  31 

oktyabrında  keçirilmiş  andiçmə  mərasimində  “Azərbaycanı  qüdrətli  dövlətə  çevirmək  üçün  ölkədə  Heydər 

Əliyevin  siyasəti  davam  etdirilməlidir.  Bu  gün  yüksək  kürsüdən  çıxış  edərkən  mən  Azərbaycan  xalqına  söz 

verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!” - deyən Prezident İlham Əliyev 

ötən  müddətdə  verdiyi  bütün  vədlərə  sadiqlik  nümayiş  etdirmiş,  hər  bir  vətəndaşın  həyatında  önəmli 

dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir. 

Sosialyönümlü  mahiyyət  daşıyan  bu  iqtisadi  strategiya  yeni  keyfiyyət  göstəricilərinin  əldə  olunması, 

regionların  tarazlı  və  davamlı  inkişafının  sürətləndirilməsi,  əhalinin  sosial-rifah  halının  daha  da 

yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi üçün sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri 

özündə ehtiva etmişdir. 

Azərbaycan  Prezidenti  cənab  İlham  Əliyev   ölkəmizin  bugünkü  inkişafını  təmin  etmək,   xoşbəxt 

gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın  dərin rəğbət və  məhəbbətini qazanmışdır. 

Son on ildə möhtərəm dövlət başçımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində 

yaradıcı şəkildə məharətlə inkişaf və  davam etdirmişdir. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi 

strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. 

Müasir  dünyada  dövləti  lazımi  səviyyədə  idarə  etmək,  geosiyasi  təlatümlərdən,  iqtisadi  böhranlardan 

çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün 

ölkəmizə  İlham  Əliyev  kimi  dərin  zəkaya,  analitik  təfəkkürə  malik  olan,  dünyada  gedən  siyasi  və  iqtisadi 

prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz vətənini,  xalqını sevən, 

azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir. 

 Möhtərəm İlham Əliyev haqqında çox məşhur bir deyimi burada xatırlatmaq istərdim:  “İlham Əliyev 

Heydər Əliyev siyasi məktəbinin  ən uğurlu tapıntısı və istedadlı məzunudur. Bu, inkarolunmaz həqiqətdir. Bu 

məktəbin  öyrətdiyi  ən  başlıca  dərs  dövlətçilik  dərsidir.  Bu  məktəbdə  dövlət  quruculuğu,  dövlət  intizamı, 

dövlətin və millətin taleyi ilə bağlı məsuliyyətlilik, səriştəlilik, peşəkarlıq, vətənpərvərlik, böhranlardan itkisiz 

çıxmaq  fərasəti,  tolerantlıq,  strateji  hədəflərə  çatmağın  ən  optimal  yollarını  tapmaq,  ölkənin  köklü  milli 

maraqlarını  ən çətin situasiyalarda  da qorumaq və bu maraqları dünya siyasətində əsas götürülən prinsiplərlə 

uzlaşdırmaq istedadı təmin edilir. Bu mənada Heydər Əliyev erası Azərbaycanın gələcəyini də təmin etmişdir. 

Ulu  öndər  Heydər  Əliyev  kursunun  davamçılarının  başda  İlham  Əliyev  olmaqla  bütöv  bir  nəsli  formalaşmış, 

“əliyevçilik” və  “dövlətçilik” məfhumları artıq eyni anlamda işlədilir”. 

 Xatırlatmaq yerinə düşər ki, möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti 

dönmədən  davam  etdirəcəyini  də   bəyan  etmişdi:  “Azərbaycan  xalqına  vəd  etmişəm  ki,  Heydər  Əliyevin 

siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan 

xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. 

Mən  ondan  çox  şeyi  öyrənmişəm  və  onun  təcrübəsini,  məsələlərə  baxışını  öyrənməklə  hələ  çox  şeyi  əxz 

edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət 

edərdi.  Çalışıram  ki,  mənə  inanan,  mənə  səs  verən  adamlar  məndən  razı  qalsınlar.  Prezident  üçün  ən  yüksək 

mükafat  onun  ideyalarına  inamdır,  bunsuz  işləmək  çox  çətindir,  ona  görə  də  mən  çalışacağam  ki,  Heydər 

Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”. 

Son  on  ildə  həyata  keçirilən  tədbirlərə  nəzər  salanda   görülən  işləri  müqayisəli  şəkildə  təhlil  edəndə 

yuxarıda  qeyd  edilən  fikirlər   bir  daha  öz  təsdiqini  tapır.  Sözügedən  dövrdə  neft  gəlirləri  əsasında  yaradılmış 

möhkəm  maliyyə-iqtisadi  baza  hesabına  qeyri-neft  sektorunun  dinamik  inkişafı  və  ölkə  iqtisadiyyatının 

diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan 

kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son 

nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş vermişdir. 

Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlamışdır. Son 10 il ərzində 

Azərbaycana  130  milyard  dollardan  çox  sərmayə  qoyulmuşdur.  Bu  sərmayələrin  müəyyən  hissəsi  xarici 



investisiyadır.  Yaxşı  sərmayə  mühiti,  proqnozlaşdırılan  siyasi  vəziyyət,  ölkədə  sabit  durum  və  əlbəttə  ki, 

regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir. 

Yeri gəlmişkən, diqqəti mühüm bir fakta da yönəltmək istərdik. Azərbaycan Milli Bankının yaydığı son 

məlumata əsasən, adıçəkilən qurumun sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-cü ilin yarım 

ili ərzində 1 025,6 milyon  ABŞ dolları (8,8 faiz) artmışdır. Artıq valyuta ehtiyatlarının həcmi 12 720,4 milyon 

ABŞ dolları təşkil edir. 

Prezident  İlham  Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi   2003-2012-ci  illərdə  respublika  dünyada 

əhalinin  sayı  və  insan  inkişafı  indeksi  göstəriciləri  üzrə  sürətlə  irəli  gedib.  Məsələn,  əgər  10  il  bundan  əvvəl 

ölkədə təxminən 8,35 milyon nəfər yaşayırdısa, 2008-ci ildə bu göstərici 8,9 milyon nəfərə yaxın olub, 1 yanvar 

2013-cü  il tarixinə isə  9,356  milyon  nəfəri  keçib.  Bu isə 10 il ərzində  1  milyondan  çox  və  yaxud  12,1  faizlik 

artım deməkdir. Bu, həm də Qarabağ münaqişəsi nəticəsində ölkənin genofondunun üzləşdiyi itkinin artıqlaması 

ilə kompensasiya edilməsidir. Belə ümidverici dönüş yalnız təminatlı şəraitdə baş verə bilərdi. 

Azərbaycan  hökuməti  ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  məsələsinə  xüsusilə  həssas 

yanaşıb. Əgər 2003-cü ildə ölkədə 1,45 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmişdisə, 

2012-ci ilin yekunlarına görə, aqrar istehsalın həcmi 4,845 milyard manata yaxın olub. Adambaşına düşən kənd 

təsərrüfatı məhsulu göstəricisi isə 177 manatdan 528 manata çatıb. 2003-2012-ci illər ərzində Azərbaycanda 1 

milyondan artıq yeni iş yeri yaradılıb ki, bunun da təxminən 823 mini daimi olub. Bu müddətdə Azərbaycanda 

orta  aylıq  əmək  haqqı  5  dəfədən  çox  artaraq  77  manatdan  398  manata  çatıb.  Əməkhaqqı  səviyyəsinə  görə, 

Azərbaycan MDB məkanında Rusiya və Qazaxıstanla birlikdə ilk üçlükdədir. 

İlham Əliyevin rəhbərliyi ilə əhalinin hər nəfərinə düşən gəlirin məbləği 5,4 dəfə artaraq 3784 manata 

çatıb.  Bu  artımda  əhalinin  SSRİ  dövründən  qalmış  əmanətlərinin  qaytarılması  da  rol  oynayıb.  Dövlət 

büdcəsindən  bu  məqsədlə  1  milyard  manata  yaxın  vəsaitin  ayrılması  nəzərdə  tutulub  ki,  bu  da  postsovet 

məkanında ən əlverişli şərtlərlə əmanətlərin qaytarılmasına imkan verib və vətəndaşların bank sektoruna inamını 

gücləndirib.  Banklara  etimadı  artıran  həm  də  Azərbaycanda  Əmanətlərin  Sığortalanması  Fondunun 

yaradılmasıdır. Artıq ölkə vətəndaşları heç bir narahatlıq keçirmədən banklara əmanət yatırır. 

Həyata  keçirilmiş  sosial  siyasət  nəticəsində  2003-cü  ildən  bəri  Azərbaycanda  yoxsulluğun  səviyyəsi 

44,7 faizdən 6 faizə enib. Bununla da ölkə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə vaxtından əvvəl əməl edib 

və təxminən 3,5 milyon nəfər yoxsul yaşamaqdan yaxa qurtarıb. Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 

13  dəfə,  adambaşına  düşən  xərci  isə  11,6  dəfə  artmışdır.  Dövlət  büdcəsinin  xərcləri  14,1  dəfə  artaraq  1,2 

milyard   manatdan  17,4  milyard  manata  çatmışdır,  xərclərin  ümumi  daxili  məhsulda  xüsusi  çəkisi  32,3  faiz 

təşkil  etməklə  15  faiz  artmışdır.  On   il  ərzində  ölkə  əhalisinin  gəlirləri  nominal  ifadədə  29  milyard  manat  və 

yaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 milyard  manat olmuşdur. 

Mütəxəssislərin fikrincə, bütün bu uğurlar dövlətin maliyyə resurslarının dövlət və icmal büdcə vəsaiti 

ilə idarə olunması istiqamətində aparılmış məqsədyönlü siyasətin növbəti illərdə də davam etdirilməsinə əminlik 

yaratmışdır. 

Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması 

və  inkişafı,  səhiyyə  və  təhsil  müəssisələrinin  tikintisi,  əhalinin  sosial  vəziyyətinin  daha  da  yaxşılaşdırılması 

istiqamətində  mühüm  əhəmiyyətli  tədbirlər  həyata  keçirilmişdir.  Bu,  Azərbaycanın  öz  iqtisadiyyatını  sadəcə 

neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik 

olduğunu  təsdiqləmişdir.  İqtisadiyyatın  şaxələndirilməsi,  sahibkarlığın  inkişafı,  investisiya  mühitinin  daha  da 

yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. 

“Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət 

Proqramı”na  görə,  Azərbaycanın  kənd  təsərrüfatında  ənənəvi  sahələr  olan  taxılçılığın,  üzümçülüyün, 

meyvəçiliyin,  pambıqçılığın,  tütünçülüyün,  çayçılığın,  ipəkçiliyin  və  digər  sahələrin  inkişafı  prioritet  vəzifə 

kimi  qarşıya  qoyulmuşdur.  Ulu  öndər  Heydər  Əliyevin  müəyyən  etdiyi  sosial-iqtisadi  siyasətin  mühüm 

istiqamətlərindən  biri  də  infrastrukturun  inkişaf  etdirilməsi  olmuşdur.  Ölkədə  nəqliyyat  infrastrukturunun 

beynəlxalq  standartlara  uyğunlaşdırılaraq  müasirləşdirilməsi,  Şərq-Qərb  və  Şimal-Cənub  nəqliyyat  dəhlizləri 

tərkibində  avtomobil  magistrallarının  tikintisi  və  genişləndirilməsi,  regionlarda  avtomobil  yol  şəbəkəsinin 

bərpası  və  yenilənməsi,  sərhəd-keçid  məntəqələrinin  yenidən  qurulması,  Bakı-Tbilisi-Qars  yeni  dəmir  yolu 

xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında 

yeni  Aerovağzal  Kompleksinin  inşası,  habelə  regionlarda  hava  limanlarının,  uçuş-enmə  zolağının  yenidən 

qurulması və genişləndirilməsi kimi layihələrin icra olunması ölkəmizin nəqliyyat potensialının reallaşdırılması 

üçün geniş imkanlar yaradır. 

Görülən  işlər   deməyə  əsas  verir  ki,  Azərbaycan dünyaya  özünün  uğurlu  inkişaf modelini təqdim  edə 

bilmiş  və  qısa  zaman  kəsiyində  ölkəmizdə,  sözün  əsl  mənasında,  inqilabi  yeniləşmə  və  tərəqqiyə  nail 

olunmuşdur.  İnformasiya-kommunikasiya  texnologiyalarının  tətbiqinə  və  bu  sahənin  inkişafına  görə  də  artıq 

ölkəmiz  öncül  yerlərdədir.  Azərbaycanın  ilk  telekommunikasiya  peykinin  orbitə  çıxarılması  bunun  bariz 

ifadəsidir. 




Ölkənin gələcək sosial-iqtisadi inkişafı həm də bilik səviyyəsinin artırılmasını tələb edir. Bu baxımdan 

təhsil sisteminin müxtəlif sahələri üzrə inkişaf proqramları çərçivəsində təhsilin məzmununun yeniləşdirilməsi, 

tədrisdə  müasir  informasiya-kommunikasiya  texnologiyalarının  tətbiq  olunması,  məktəbəqədər  təhsilin 

yeniləşdirilməsi, texniki-peşə təhsilinin təkmilləşdirilməsi, istedadlı uşaq və gənclərin potensialının inkişafı və 

digər  sahələrdə  tədbirlər  həyata  keçirilir.  Bu  gün   ulu  öndərin   müəllifi  olduğu   təhsil  islahatı   davamlı  olaraq 

həyata  keçirilir.   Son  on  ildə  milli   təhsilin  inkişafı  ilə  bağlı  20-dən  çox   Dövlət  Proqramı  qəbul  olunmuşdur. 

Həmin proqramların bir qismi  həyata  keçirilmiş, bir qisminin  icrası  isə hələ davam etməkdədir. 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən 

müəyyənləşdirilmiş  prioritet  istiqamətlərə  uyğun  olaraq,  artıq  yüzlərlə  azərbaycanlı  gənc  dünyanın  qabaqcıl 

ölkələrinin aparıcı təhsil müəssisələrində təhsil alır. Bununla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrində də 

təhsil alan xaricilərin sayı artmış və “Qlobal innovasiya indeksi”nə əsasən, təhsil alan xarici tələbələrin xüsusi 

çəkisinə görə Azərbaycan dünya ölkələri arasında 37-ci, MDB ölkələri arasında 2-ci yerdədir. 

Son  illər  Azərbaycanda  2  mindən  çox  yeni  məktəb  binasının  tikilməsi,  əsaslı  təmiri  və  müasir 

avadanlıqlarla,  o  cümlədən  kimya  və  fizika  laboratoriyaları ilə  təmin  edilməsi, bütün  məktəblərdə  kompyüter 

siniflərinin  yaradılması  təhsil  tariximizdə  ən  əlamətdar  hadisələrdəndir.  Məktəblərin  infrastrukturunun 

yeniləşdirilməsi  sahəsində  Heydər  Əliyev  Fondunun  müstəsna  xidmətlərini  xüsusilə  qeyd  etməliyik.  

Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun   prezidenti   Mehriban   Əliyevanın   təşəbbüsü  ilə  

reallaşdırılan  “Yeniləşən  Azərbaycana  yeni  məktəb”   layihəsi   uğurla  həyata   keçirilir.  Son   vaxtlar   fond 

tərəfindən   400-dən  çox  yeni  məktəb,  uşaq  bağçası,  uşaq  evi,  internat  məktəbi  binası  tikilib  istifadəyə  verilib, 

əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. 

Ən  mühüm  hadisələrdən  biri  2009-cu  ildə  “Təhsil  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

qəbul  edilməsidir.  Bu  qanun  ölkəmizdə  təhsil  siyasəti  və  strategiyasının  əsas  istiqamətlərini  əks  etdirməklə 

yanaşı,  ilk  növbədə  xalqımıza,  Azərbaycanda  təhsilin  inkişafına  xidmət  edir,  milli  təhsil  sisteminin  dünya, 

Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir. 

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda duran əsas məsələlərdən 

biri Silahlı Qüvvələrin modernləşməsi, ən son texnologiyaların orduya cəlb edilməsidir. Bunu  daim diqqətdə 

saxlayan  Azərbaycan  Prezidenti,  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı  İlham  Əliyev  ordumuzun  daha  da 

güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə 

kimi  qarşıya  qoymuşdur.  Artıq  Azərbaycanın  hərbi  büdcəsi  Ermənistanın  bütünlüklə  dövlət  büdcəsindən 

çoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, 

iqtisadi  qüdrəti  artıqca  hərbi  sahəyə  ayrılan  xərclər  də  artırılacaq,  ordunun  qüdrətləndirilməsi  və 

modernləşdirilməsi tədbirlərinin miqyası daha da genişlənəcək. 

Fərəhlisi odur ki, Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və 

silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Son illərdə formalaşan və dinamik templə inkişaf 

edən  hərbi  sənaye  hesabına  müxtəlif  növ  hərbi  texnika,  zirehli  maşınlar,  pilotsuz  uçuş  aparatları,  atıcı silahlar 

istehsal  olunur.  Azərbaycan  öz  zavodlarında  istehsal  etdiyi  hərbi  təyinatlı  məhsullarla  ordumuzu  əhəmiyyətli 

dərəcədə  təchiz  edə  bilir.  Bütün  bunlar  Prezident  İlham  Əliyevin  məqsədyönlü  siyasətinin  məntiqi  nəticəsi, 

Azərbaycanın iqtisadi tərəqqisinin və qüdrətinin göstəricisidir. 

 Cənab  İlham  Əliyev  eyni  zamanda  ulu  öndərin  böyük  uzaqgörənliklə  irəli  sürdüyü  xarici  siyasət 

kursunu  yeni  dövrün tələblərinə  uyğun  zənginləşdirmişdir.  Azərbaycanın beynəlxalq arenada nüfuzunun  daha 

da  yüksəlməsinə,  müstəqil  siyasət  yeritməklə  milli  maraqlarının  maksimum  səviyyədə  qorunmasına  nail 

olmuşdur.  Xatırladaq  ki,  dünya  siyasətini  istiqamətləndirən  böyük  dövlətlərlə  qarşılıqlı  faydalı  əməkdaşlığı 

genişləndirmək,  beynəlxalq  ictimaiyyətdə  respublikamızda  həyata  keçirilən  mütərəqqi  iqtisadi,  siyasi,  hüquqi 

islahatlar  barədə  dolğun  təsəvvür  yaratmaq,  xaricdə  güclü  diaspor  və  lobbi  formalaşdırmaq  dövlət  başçımız 

İlham Əliyevin xarici siyasətinin əsas istiqamətləridir. 

Azərbaycanın  dünyada  əsas  söz  sahibi  olan  bütün  ölkələrlə  əlaqələrini  son  illərdə  daha  da  inkişaf 

etdirməyə nail olması, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi son 

on  ilin unudulmaz tarixi hadisələrindən biridir. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı 

apardığı  məkrli  informasiya  siyasəti  şəraitində  193  BMT  üzvündən  155-nin  birbaşa  dəstəyinə  nail  olmaq 

respublikamızın xarici siyasətinin ümumi  mahiyyəti barədə tamamilə dolğun təəssürat yaradır. Sivil dünyanın 

hüquqi-siyasi  atmosferinin  müəyyənləşməsində  mühüm  rolu  olan  Birləşmiş  Millətlər  Təşkilatının  (BMT) 

Təhlükəsizlik  Şurasının  qeyri-daimi  üzvü  seçilməyimiz  bütövlükdə  müasir  tariximizin  ən  əlamətdar,  qürur 

doğuran hadisələrindən biri kimi yadda qalacaqdır. 

Azərbaycan  Prezidenti  İlham  Əliyevin  fəaliyyətində   gənclər  siyasəti  də  həmişə  mühüm  önəm 

daşımışdır.  Bunun  bariz  ifadəsi  kimi  möhtərəm  dövlət  başçımız  tərəfindən  gənclərin  potensialından  ölkənin 

mənafeyi  naminə  tam  və  düzgün  istifadə  olunması,  onların  faydalı  məşğulluğunun  təmin  edilməsi,  dövlət 

idarəçiliyi  sistemində  iştirakının  gerçəkləşdirilməsi  məqsədilə  həyata  keçirilən  tədbirlərdən  bir  qisminə  diqqət 

yetirək. Ölkə rəhbəri  2005-ci ilin avqustunda “Azərbaycan gəncliyi Dövlət Proqramı”nı təsdiq etmişdir. 2007-ci 

il “Gənclər ili” elan olunmuşdur. “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-



2015-ci  illər)”  gənclərin  xaricdə  təhsili  üçün  geniş  imkanlar  açmışdır.  “Azərbaycan  gəncliyi  2011-2015-ci 

illərdə”  Dövlət  Proqramında  isə  gənclərin  hərtərəfli  inkişafı  üçün  şəraitin  yaradılması,  məşğulluğunun 

artırılması,  sosial  müdafiəsinin  gücləndirilməsi,  əmək  bazarının  tələblərinə  cavab  verən  gənc  kadrların 

hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması və digər vacib 

məsələlər  qarşıya  mühüm  vəzifələr  kimi  qoyulmuşdur.  Məhz  bunun  nəticəsidir  ki,  artıq  müasir  Azərbaycan 

gəncliyi  böyük  bir  qüvvə  kimi  ölkəmizin  müstəqilliyi  və  dövlətçiliyi  yolunda  mütəşəkkil  şəkildə 

təşkilatlanmışdır və cənab İlham Əliyevin yeritdiyi siyasi xətti dəstəkləyir, müdafiə edir. 

Bu  gün  hər  bir  Azərbaycan  vətəndaşı  gələcəyə  böyük  ümidlə  baxır,  nikbin  hisslərlə  yaşayır.  Bunu 

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən  “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının 

müddəaları da aydın göstərir. Müasir Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişaf xüsusiyyətlərindən, 

məqsədli  dövlət  proqramları  vasitəsilə  yeni  yüksəliş  mərhələlərinə  keçidin  zərurətlərindən,  ən  nəhayət, 

gələcəyin  strateji  hədəflərinin  müəyyənləşdirilməsindən  irəli  gələn  bu  mühüm  sənəd  dövlətimizin  davamlı 

inkişafının  təmin  olunmasında,  Azərbaycanın  geosiyasi  və  geoiqtisadi  əhəmiyyətinin  artırılmasında,  Avropa 

məkanına  inteqrasiya  prosesinin  sürətləndirilməsində,  əhalinin  sosial  rifahının  yüksəldilməsində,  bütün 

istiqamətlərdə  tərəqqiyə  nail  olunmasında,  keyfiyyətcə  mükəmməl  inkişaf  modelinin  formalaşdırılmasında 

müstəsna rol oynayacaqdır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çoxşaxəli olmaqla yanaşı, 

qarşıdakı illər üçün yeni prioritetləri, hədəfləri əhatə edir. 

Konsepsiyada  nəzərdə  tutulmuş  tədbirlərin  icrası  nəticəsində  2020-ci  ilədək  ölkədə  adambaşına  düşən 

ÜDM-in  həcminin  iki  dəfədən  çox  artaraq  13  min  ABŞ  dollarına  çatdırılacağı  gözlənilir.  Həmin  dövrədək 

Azərbaycanın  Dünya  Bankının  adambaşına  düşən  ümumi  milli  gəlir  təsnifatına  görə  “yuxarı  orta  gəlirli 

ölkələr”,  habelə  BMT  İnkişaf  Proqramının  insan  inkişafı  ilə  bağlı  təsnifatına  görə  “yüksək  insan  inkişafı 

ölkələri”  qrupunda  üstün  mövqelərə   yüksəlməsi  hədəflənir.  Respublikanın  beynəlxalq  iqtisadi  münasibətlər 

sistemində yüksək rəqabət qabiliyyətinə malik ölkəyə çevrilməsi də qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. 

Bu məqsədlə respublikamızın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən 

ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması proqnozlaşdırılır. 

Azərbaycana  inamla  rəhbərlik  edən  Prezident  İlham  Əliyev  ulu  öndərin  xilas  edib  inkişaf  yoluna 

çıxardığı  dövləti  daha  da  möhkəmləndirmiş,  onun  müstəqil  siyasət  yeritməsini  təmin  etmişdir.  “Bu  gün 

Azərbaycan,  sözün  əsl  mənasında,  müstəqil  ölkədir.  Azərbaycan  azad  ölkədir.  Azərbaycan  dünyəvi  ölkədir. 

Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz 

hələ  də  inkişaf  edən  ölkəyik.  Bizim  məqsədimiz  Azərbaycanı  inkişaf  etmiş  ölkəyə  çevirməkdir.  Mən  şübhə 

etmirəm  ki,  biz  buna  nail  olacağıq.  Biz  inkişaf  etmiş  bütün  ölkələrin  təcrübəsini  bilirik,  öyrənirik  və  biz  o 

istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir”, 

-  deyən  cənab  İlham  Əliyevin  son  illərdəki  fəaliyyətinin  təhlilinə  nəzərən  əminliklə  demək  olar  ki,  ulu  öndər 

Heydər  Əliyev  siyasi  kursunun  davam  etdirilməsi  ictimai  zərurət  olmaqla  yanaşı,  Azərbaycanın  dövlət 

müstəqilliyinə əbədi təminatdır.  

Bütün bunlar  Azərbaycanın  xoşbəxt  gələcəyinə  əsaslı zəmin  yaradır.  Ölkəmiz  növbəti  beşilliyə də  

bu uğurları  xalqımıza  bəxş edən  Prezident cənab İlham Əliyevlə  gedir.  Bu yaxınlarda  keçirilən  prezident 

seçkilərində  cənab  İlham Əliyevin möhtəşəm  qələbəsi  xalqımızın  öz Prezidentinə  böyük inamının  nəticəsi 

idi.   Azərbaycanın    gələcək  inkişafı  yolunda   cənab   Prezidentə  uğurlar   diləyir,   ona  möhkəm  cansağlığı 

arzulayırıq. 



  

 Raya NƏCƏFOVA, 

 Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt  filialının  direktoru,  professor 

 

Document Outline

  • “Xalq qəzeti”.-2013.-31 oktyabr.-№ 240.-S.3.

Yüklə 190,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə