Azərbaycan nağillari



Yüklə 1,1 Mb.
səhifə1/9
tarix30.12.2017
ölçüsü1,1 Mb.
#18810
  1   2   3   4   5   6   7   8   9


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________
GÜNEY

AZƏRBAYCAN

FOLKLORU

III KİTAB
(Səməd Behrəngi və Bə hruz Dehqaninin

ana dilində topladığı nağıllar)

BAKI – 2014
Azərbaycan Milli Elmlər Akademiyası

Folklor İnstitutu Elmi Şurasının

qərarı ilə çap olunur.


Layihənin rəhbəri: AMEA-nın müxbir üzvü

Muxtar KAZIMOĞLU (İMANOV)

Elmi redaktoru və

ön sözün müəllifi: fil.ü.f.d. Mətanət Maşallahqızı

(ABBASOVA)

Güney Azərbaycan folkloru, III kitab. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 228 səh.
Kitaba Güney Azərbaycandan toplanmış folklor örnəkləri daxil edilmişdir.
folklorinstitutu.com
А 4603000000 Qrifli nəşr

098 – 2014

© Folklor İnstitutu, 2014
ÖN SÖZ
Azərbaycan mədəniyyəti tarixin müəyyən dönəmindən iki müxtəlif məkanda – Şimal və Cənub siyasi-coğrafi məka­nında inkişaf etsə də, eyni xalqın milli-mənəvi düşüncə, təfək­kür bütövlüyünü qoruyub saxlamışdır. Müxtəlif ictimai-siyasi şəraitə düşməsindən asılı olmayaraq, bütün dövrlərdə Azər­bay­can folkloru ümumtürk etnokulturoloji özəlliyini əks etdir­mişdir. Şimalda Sovet siyasi rejimi, Cənubda Pəhləvi rejimi, heç şübhəsiz, xalqın mədəniyyətinə ideoloji baxım­dan öz təsi­rini göstərmişdir. Siyasi rejimlər xalqın mənə­viyyatı və taleyi üçün nə qədər təhlükəli olsa belə, xalq mi­nillərdən gələn özəl dəyərləri, ilkinliyə, soy-kökə bağlılığı yaşatmışdır. Bunun ifa­dəsi kimi istər Şimali, istərsə də Cə­nubi Azərbaycanda xalqın milli-mənəvi oyanışı nəticə eti­ba­rilə onun yaradıcılıq ener­ji­si­ni daha çox folklor üzərində kök­ləmiş, məhz şifahi xalq ədə­biy­yatı xalq ruhunun özü­nüifa­dəsinə çevrilmişdir.

Təsadüfi deyildir ki, bu dövrdən başlayaraq Cənubda ay­rı-ayrı Azərbaycan ziyalıları, yaradıcı şəxslər mənəvi irsin araşdırılıb təbliğ edilməsi kimi milli vəzifəni öz boyunlarına götürmüşlər. Belə vətənpərvər yazıçı-publisistlərdən biri də 1950-60-cı illərdə Cənubda Azərbaycan folklorunun toplan­ma­sı, tərcümə və təbliği işinə böyük əmək sərf edən Səməd İz­zət oğlu Behrəngi olmuşdur. Səməd Behrəngi 1939-cu ilin iyu­nunda Güney Azərbaycanın Təbriz şəhərinin Gerendab mə­həl­ləsində yoxsul bir ailədə anadan olmuşdur. İlk təhsilini Təb­rizdəki “Dəbristani-Tərbiyət və Daneş­sərayi”də almış, mək­təbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Gu­qan və s. bölgələrində ibtidai məktəb müəllimi kimi çalış­mış­dır.

1956-1961-ci illərdə Səməd Behrəngi Təbriz Universi­tetinin filologiya fakültəsinin ingilis dili şöbəsində təhsilini da­vam etdirmişdir. Xalqın tarixi keçmişini, folklor və ədə­biy­ya­tını mükəmməl bilən, ona xüsusi həssaslıqla yanaşan S.Beh­rən­gi hələ tələbəlik illərində “Xənde” (“Gülüş”) adlı həftəlik divar qəzeti buraxmış, ilk ədəbi-tənqidi və satirik qələm təcrübələrini də məhz bu dövrdə yazmışdır. Sonralar ictimai-siyasi, mənəvi-ideoloji prosesləri izləyən ədib dövrü­nün tanınmış qəzet və jur­nallarında S.Qaranquş, Çingiz, Babək, Behrəng, S.Adam, Sol­ma və s. təxəllüslərlə çıxış et­mişdir. Ədəbi-ideoloji münaqi­şə­lər, Cənubda küt­ləvi düşün­cə fəallığı və s. Behrənginin bədii əsər­lərinin də mövzusuna çevrilmişdir. Siyasi qadağalar, sen­zura şəraitində vətənpər­vər ədib daha orijinal bir yol seçmiş, kiçik yaşlı mək­təblilər üçün nağıllar yazmaqla, xüsusilə al­le­qo­riya və təşxislərə yer verməklə örtülü şəkildə öz fikir və dü­şüncələrini yaymışdır. Böyüklərin də ayrıca mara­ğına səbəb olan bu nümunələr sevilə-sevilə oxunmuşdur. Ədibin ilk heka­yələri – “Adət”, “Binam” 1959-cu ildə dərc olunmuşdur. 1967-1969-cu illər ərzində “Ulduz və qarğa­lar”, “Cuğundursatan oğ­lan”, “Bala­ca qara balıq” və s. Adda heka­yə və nağıllar yaz­mış­­dır. S.Beh­rən­ginin “Balaca qara ba­lıq” kitabı 1968-ci ildə Uşaq Kitabları Şurası tərəfindən qiy­mətləndirilərək “İlin kita­bı” seçilmişdir. Müəllimlik fəaliy­yətinə başladığı illərdən öm­rü­nün sonuna qədər S.Behrəngi Azərbaycan nağıllarının top­lan­ması, fars dilinə tərcümə olun­­ması üzərində çalışmış, həm­karı Behruz Dehqanı ilə bir­likdə həmin nağılları nəşr etdirmişdir.

Səməd Behrəngi kənd-kənd, oba-oba dolaşaraq xalq ədə­­­biyyatı nümunələrinin toplanması işinə böyük həvəs gös­tər­miş, onların yazıya alınaraq qorunması qayğısına qal­mış­dır. S.Beh­rənginin topla­yıcılıq işi əslində Cənub folklorunun zəngin irsinin öyrənil­məsinə vermişdir. Qeyd edək ki, top­layıcılıq fəaliyyəti ədib üçün heç də asan olmamışdır. Pəh­ləvi rejiminin yarat­dı­ğı təhlükələr, söyləyicilərin daha çox qadın­lardan iba­rət olması və bu baxımdan onlarla söh­bət­lərin apa­rılmaması və s. toplama işində yaranan çətinliklərin başlıca səbəbləri sı­rasın­dadır. Səməd Behrənginin tələbələ­rin­dən olan İ.D.Ma­mağani bu xüsusda müəllimi ilə bağlı xatirələrində yazırdı ki, S.Beh­rəngi tətil gün­lərində onlara gə­lər, hər gecə yeməkdən sonra ana­sının onlara nağıl söy­ləməsini səbirsiz­lik­­lə gözlə­yər­di. Lakin anası bu na­ğılları öz oğluna danışar, Sə­məd müəllim də şagirdini təkrar dinlə­məklə onları yazıya alardı.

Əldə olunan toplama materiallarının ikinci bir sınağı bu nümunələrin doğma dildə çap edilib təbliğ olunması ilə bağlı idi. Ana dilində mətbuatın xüsusi senzura nəzarətində oldu­ğu, Sovet, İran ideoloqlarının “o taylı – bu taylı” Azərbay­canı az qala iki müxtəlif xalq kimi təqdim etməyə çalışdığı bir vaxtda xalq ədəbiyyatı nümunələrinin fars dilinə tərcümə edilərək nəşri ən optimal təbliğ olunma variantı idi. S.Beh­rəngi və onun məsləkdaşları da məhz bu yollarla milli-mə­nəvi irsin itib-batmaması üçün çalışmışlar.

S.Behrənginin toplama işində əldə olunan ən zəngin xalq ədəbiyyatı nümunələri içərisində nağıllar xüsusi yer tutur. Onun həmkarı Bəhruz Dehqani ilə topladığı nağıllar uzun illər diqqətdən kənarda qalmışdır. Yalnız 25 ildən son­ra görkəmli folklorşünas Məmmədəli Fərzanə bu nağılları – Səməd Behrəngi və Bəhruz Dehqaninin toplama materialla­rının Azərbaycan dilindəki orijinal va­riantını üzə çıxarmış­dır. Təqdim olunan kitabdakı nağıllar da əldə edilən həmin orijinal mənbədəki nümunələrdir. Konkret olaraq mənbədə 42 adda nağıl mətni qeydə alınmışdır.

Milli yaradıcılıq üslubu, xalq həyat-məişəti və bədii söz ya­ratma mədəniyyəti bu nağılların ideya-məzmun xüsusiy­yət­ləri, obrazlarında və s. sistemli şəkildə qorunmaqdadır. “Ha­cı Səyad qızı”, “Əkinçinin qızı”, “Pıs-pıslı bacı”, “Nar­xatın”, “Arvadların pəxməliyi”, “Barat nağılı”, “Gül Si­na­və­rə ney­lədi, Sinavər gülə neylədi” və s. Azərbaycan nağıl­la­rının ən geniş yayılmış nümunələrindən olmaqla o taylı – bu taylı ir­simizdə eyni süjet, oxşar obraz, motivlərlə tərbiyəvi, nüfu­zedici əhəmiyyətə malikdir. Kitaba daxil edilən “Səng səbir qolçağı, sən də?”, “Qaynana”, “Çox olsa bir oğuc, az olsa yarım oğuc” kimi nağıllar oxşar şəkildə Zəngilan sakin­lərin­dən də toplanılmışdır. Obrazlar sistemi, poetik ifadə forması, süjet ardıcıllığı və s. hər iki variantda nağıl mətn­lərində ano­loji xüsusiyyətlərlə seçilir.

Variantlılıq, sujet törəmələrinə gəldikdə isə qeyd edək ki, toplanan nağıllar sırasında uyğun nümunələri müqayisə etmək mümkündür. “Pıs-pıslı bacı”, “Pıs-pıslı Püstə xanım”, “Qurbağa nağılı”, “Ac siçan” nağıllarında nağılların məz­munu, təhkiyə üsulu, dialoqların təkrarlığı və s. de­mək olar ki, kiçik bir dəyişikliklərlə qorunur. “Pıs-pıslı bacı” – “Pıs-pıslı Püstə xanım” nağıllarında pıs-pıslının siçan bəyə ərə getməsi, su çuxurunda boğulması, siçanın ona yardımı və s. nəticə tamamilə eyni süjet əsasında qurulur. Sadəcə, ilk na­ğıl­da pıs-pıslı əvvəlcə it, qurbağa, sonra siçanla rastlaşır, ikin­ci nağılda isə pıs-pıslı qarşılaşdığı “beldarı” söyərək si­çanla evlənir.

“Qurbağa nağılı”nda isə yolda rastlaşan atlıları, eşşək dəstəsini, “mazı” oynayan bir dəstə oğlan uşağını, qızları yeyən qurbağa sonda qarının pişiyinin yeminə çevrilir. “Ac siçan” nağılında da hadisələr olduğu kimi davam etdirilir və nəticələnir. Yalnız burada qurbağa ac siçanla əvəz olunur.

Nağılların hansı ərazilərdən toplanması və informator­lar haqqında məlumatların olmaması qeyd olunan mətnlərin hansı yerli şərait və təhkiyəyə bağlılığı məsələsini müəyyən­ləş­dirməkdə çətinlik yaradır.

Təqdim olunan nağıllar sırasında heyvanlarla bağlı na­ğıllar da ayrıca yer tutur. Kitabda bilavasitə heyvanların iştirakına əsaslanan 7 nağıl mətni (“Tülkü gedir haca”, “Ke­çi, qurd, köpək, dana”, “Dəvə ilə tülkü”, “Şir ilə tülkü” və s.) təqdim olunur ki, bu mətnlər xalq arasında geniş yayılmış bəlli nağıl süjetlərinə əsaslanır. Uyğun süjetlər daha çox hey­van­larla bağlı təsəvvürləri əhatə edir.

Heyvanlarla bağlı nağılların digər bir hissəsi isə insan­ların da iştirak etdiyi nağıllardır (“Cücənin canqırı”, “Ac siçan”, “Qurbağa nağılı” və s.)

Nağılların toplama materialı olaraq dili, təhkiyəsi müm­kün dərəcədə qorunmuşdur. Deyim tərzi, nəqletmə üsu­lu sadə xalq dilinə əsaslanır ki, canlı danışıq dilindən irəli gə­lən idiom­lar, alqış, qarğışlar və s. nağıl təhkiyəsinin özü­nə­məx­sus­luğu olaraq seçilir. Yuxarıda da qeyd etdiyimiz kimi, toplayıcıların nağılları hansı ərazi, bölgələrdən top­la­ma­sı haq­qında orijinalda əlavə məlumata rast gəlinmir. Yal­nız “Qı­zı­la­la balıq” nağılının sonunda Tufarqan bölgəsinin adı qeyd edilir.

Bu baxımdan nağılların hansı yerli şivədə söylənildiyi­ni biz öz araşdırmamıza əsaslanaraq qeyd edə bilərik. Müəy­yən olunur ki, nağılların əksəriyyəti Təbriz, Mamağan və Tu­farqan ərazilərindən toplanılmışdır. Şivə, dialekt xüsusiy­yət­ləri, təəssüf ki, yetərincə qorunub sax­­lanılmamışdır. Ayr-ayrı məhəlli söz və ifadələr qorunsa da, ərəb-fars tərkibləri bir sıra nağılların dilini ağırlaşdırmışdır. Ye­ri gəlmişkən qeyd edək ki, yerli şivələrin xalq ədə­biyyatı nümu­nə­lərində mümkün va­riant­larda qorunması vacib bir mə­sə­lədir.

Nağıl mətnlərinin yazı­ya alınmasında bir sıra qü­surların olması müşahidə edilir. Qeyd edək ki, yazıya alın­ma­dakı qüsurlar bəzi nağıl mətnlərini natamam mətnlər şək­linə salmışdır. Məsələn, “Şah Abbasla pinəçinin na­ğılı”nda mətnin əvvəlində şahla pinəçi arasında gedən söhbət – dia­loqda, şahın bir sualı nəzərdən qaçırılmış, yalnız sualın cava­bı sonradan pinəçinin vəzirlə söhbətində bərpa olunmuşdur.

“Müşgülguşa” nağılında isə mətnin böyük bir hissəsi süjetdən kənarlaşdırılmış, hadisələrin ardıcıllığı pozularaq na­ta­mam mətn halında saxlanılmışdır. Belə ki, nağıl su­je­tində tikançı kişinin naməlum atlıdan qum alması, hər an müş­­gülgüşa paylanması tövsiyəsindən başlayaraq hadisə­lə­rin ardıcıllığı itir, sujet zindanda dustaqlara müşgülguşa pay­la­nılması, padşah qızı, tacirin mallarının suda qərq ol­ma­ya­raq geri dönməsi kimi natamam təhkiyə ilə davam etdirilir.

Qeyd olunan natamamlıqlara baxmayaraq, nağıl mətn­ləri əldə edilən orijinala uyğun şəkildə transliterasiya edilə­rək təqdim olunmuşdur.

Səməd Behrəngi və Bəhruz Dehqaninin toplama mate­riallarından olan nağılların Azərbaycan türkcəsində bu gün transliterasiya edilərək kitab şəklində hazırlanması bir çox cəhətdən əhəmiyyətlidir. Əvvəla, hazırkı vaxtda bu mətnlər işğal olunan bölgələrimizdən toplanıb, yenidən araşdırılan nağıllarımızın bərpaya ehtiyacı olan bir çox sujet, motiv, obrazlarının tamamlanması üçün zəngin mənbədir. İkinci bir tərəfdən, bu mətnlər başqa social-siyasi şəraitdə mövcud olan folklor mədəniyyətinin yaddaşlarda hifz olunma və ötü­rülmə mexanizminin öyrənilməsində dəyərli məxəz rolunu oynayır. Və ən əsası budur ki, Cənub folklorunun toplanma­sı, araşdırılması və təbliği Azərbaycanın ümumi folkloru­nun sistemli şəkildə öyrənilməsi işinə yaxından kömək edir.


M.M.Abbasova

Filologiya üzrə fəlsəfə doktoru

G İ R İ Ş
SƏMƏD BEHRƏNGİ VƏ BƏHRUZ DEHQANİNİN ANA DİLİNDƏ TOPLADIQLARI AZƏRBAYCAN NAĞILLARI ÜZƏRİNDƏ

ÇALIŞMALARI
Doğma eloğlu, yorulmaz axtarıcı və barışmaz yazıçı Sə­məd Behrənginin çoxsahəli ədəbi-bədii çalışmalarının ən önəm­li qollarından biri onun uşaq folklorumuz, xalq ədəbiy­ya­tımız ilə ilgilənməsi, xalq ədəbiyyatımızı toplayıb araş­dır­ması və yeri gələndə onların nəşri üçün çalışması, folkloru­mu­zun ən güclü qolu olan nağıllarımızdan ilham alaraq, dün­ya miqya­sın­da şöhrət qazanan uşaq nağılları, öz adı ilə desək, Səmədin qissələrini yazıb yaratmaqda şərəfli əmək göstər­mə­si olmuşdur. Bütün pedaqoji-tərbiyəvi görüş­lərində birin­ci yeri uşaqlara ve­rən və onların gələcək dünya­nın qurucu­ları olduq­larına inanan Sə­məd Azərbaycan folk­lorunu topla­maqda bi­rin­ci yeri uşaq­la­rın hamıdan çox ma­raq­landığı və sev­diyi na­ğıllara vermişdir. Mən sizə Səmə­din və onun ya­xın əməkdaş­larından Bəhruz Deh­qaninin na­ğıl­ları­mızı topla­yıb nəşr et­mək­də sərf etdikləri şərəfli əməyi əlyaz­ma nüs­xə­si tapıl­dıq­dan sonra yazdığım baş­lanışla tanış etməyi yerli sanıram.

Onlar ikisi Azərbaycan dilində yazıb-oxumağın yasaq ol­­du­ğu dildə yazılan kitabların yandılrılmasını eşitdilər və duydular. Eşitdikləri və duyduqları bu macəradan yüksələn alov onların ruhuna və vücuduna gömdü və bütün həyat bo­yu onları düşündürdü.

Onlardan biri – Səməd öz ana dilinə bəslədiyi inamı 1342-ci ildə ilk əsəri sayılan və özü demişkən, onu “talifat sa­hibi” eləyən “Parə-parə” ilə göstərdi. Bu yaraşıqlı və yığ­cam əsərə ümumi bir baxış belə onu toplayanın öz ana dilin­də dərs oxuya bilmədiyinə baxmayaraq, bu dildə çağlayan şei­­rin ən dərinlik­lə­ri­nə varmasına canlı sübutdur. O, bu məc­muədə nə­zərə aldığı və toxunduğu o tay-bu tay şairlərinin ən gö­zəl və məz­munlu şeirlərini yüzdən çox xalq bayatısı ilə yer­­ləş­dir­mişdir. Bu ilk əsərin buraxılışı Səmədə baha başa gəldi, məh­kəməyə çağrıldı. Kitabda “Azərbaycan” şeirinə yer ver­digi üçün töhmətləndi. Beləliklə, kitab yasaq edildi və Pəh­ləvi re­jimində onun bir daha çap edilməsinə yol veril­mədi.

Mənlə bu iki əməkdaşın arasında bir-birimizi gör­mə­dən canlanan hüzuru dostluq və yaxınlıq da elə bu kitabla başladı. Onlar, o biri əməkdaşları ilə birlikdə Azərbaycanda il­­lərcə qəribsəmiş və buxovlanmış ana dilinin və milli var­lığın car­çısı və muştuluqçusu kimi, çoxdan bəri yurd – yu­vasın­dan didərgin düşmüş bizim kimilərin davamçısı oldular.

Onlar kitab çantası çiyinlərində, kağaz-qələm əllərində, xalqa və vətənə bəslədikləri duyğular ürəklərində birinci mək­­təb müəllimi vəzifəsində Azərbaycan kəndlərinə yol aç­dılar, canlarında alışan alovu uşaqlara aşıladılar, onlarla qay­na­yıb qarışdılar. Uşaqlar üçün ağa, müəllim yox, bəlkə “Sə­məd əmi”, “Bəhruz əmi “oldular. Təbriz Universitəsini bi­tir­dikləri üçün orta məktəbdə dərs verməyə haqlı olsalar da, birinci məktəbdə dərs verməyi daha dəyərli sandılar. Azər­bay­can folklor nümunələrini də elə həmin məktəb­lə­rində, dərs verdikləri kəndlərdən və xalq içərisindən topla­ma­ğa baş­­la­dılar. Ağızlardan çoxlu nağıl, bayatı, tapmaca, qoşmaca və el sözləri topladılar. Bir sıra kəndlərin monoqrafiyasını yaz­dı­lar. Bu ələ gətirdiklərinin bir qismini yeri gəlincə o gün­kü mətbuatda və bir qismini də Azər­baycan əfsanələri (farsca), qoşmacalar və tapmacalar ünvanı ilə çap edə bil­di­lər. Lakin onların topladıqları folklor nümu­nə­lərindən hələ çap olmayanları da vardır...

* * *


Səmədlə Bəhruzun Azərbaycan nağıllarından ibarət məc­muəsi Cənubi Azərbaycanda bu günə qədər yığılmış ən dəyərli məcmuələrdən birisidir. Maraqlı burasıdır ki, bu məc­­muənin də elə onu toplayanların özü kimi qəribə taleyi olmuşdur. Onlar el içindən topladıqları bu nağılları vaxtı ilə Azərbaycan dilində nəşr etdirməyə imkan əldə edə bilmə­dikləri üçün çarəsiz farscaya çevirmiş, onun birinci cildini Təbrizdə və ikinci cildini də Tehranda nəşr etdirmişlər.

Həmin illərdə bir təsadüf ortaya çıxdı ki, mən bayatı­lar­dan nbarət məcmuəni Təbrizdə və “Azərbaycan dili qramerinin əsasları (Məbani dəsture zəban Azərbaycan)” ki­tabını Tehranda çap etdirə bildim. Bu kitabların çap olub yayılması Səmədlə Bəhruza qanad verdi və onları gördükləri işdə bir daha ruhlandırdı. Səməd məhəbbətlə dolu bir mək­tubda qramer kitabının ortaya çıxmasını böyük hadisə sandı və ondan dönə-dönə faydalandığını bildirdi və Bəhruz baya­tıların ikinci çapını hazırlamaqda can atmağa, ona təsvirlər və tablolar çəkdirməyə başladı.

1347-ci ilin yayında mən yenə Təbrizə gəldiyim sırada Səməd və dostları ilə görüşdüm. Bəhruz o il hansı seminarda, ola bilsin uşaq ədəbiyyatı seminarında, iştirak etmək üçün İspaniyaya getmişdi. Biz ayrılanda Səməd məni bir tərəfə çəkdi və dedi:

– Mən folklor barədə yazı-pozularımızı, hər nə varsa sizə tapşıracağam. Bunu Bəhruz da bilir. Siz onlardan istə­dik­ləriniz kimi, hətta bizlərdən ad aparmadan belə yeri gə­lincə istifadə edə bilərsiz. Dərdizə dəyməsə də, bir tərəfə bu­ra­xarsız. İndi istəyirsiz mən onları sizə gətirim və istə­yir­siz də Tehrana göndərim?

Dedim, Tehrana göndər­məniz daha yaxşı olar.

Az müddət sonra Səmədin göndərdiyi bağlama ən təh­lükəli günlərdə gəlib mənə çatdı və mən ona əl vurmadan belə öz əlyazmalarımla birlikdə birisinə əmanət tapşırdım. O əmanət burada danışmağa lüzumu olmayan səbəblərdən asılı olaraq, 25 il sonra gəlib yenidən mənə çatdı və hələ nə yaxşı ki, gəlib çatdı, öz yazı-pozularımdan çox Səməd və Bəh­ruzun folklor barədə topladıqları məni çox sevindirdi. Arzu edirəm və elə bilirəm bu Səmədin və Bəhruzun da arzusu olmuş olsun, bu nağıllar elə həman yazıldığı üslub və imlada və imkan qədər onlara əl aparmadan çap edilsin...


M.Ə. Fərzanə

HƏLALZADA QƏRDƏŞ İLƏ

HƏRAMZADA QƏRDƏŞ
Bir gün var idi, bir gün yox idi. Bir dana həlalzada qər­dəş var idi, bir dana həramzada, şəhərdə daha iş yox idi. Bun­lar deyirlər: “Nə eliyək, nə eləmiyək?” Deyərlər, duraq gedək bir ayrı şəhərdə iş tapaq.

Bunlar dəstmallarına çörək bağlarlar, düşərlər yola. Na­har çağı yetişərlər bir suyun başına. Hərəmzada qərdəş deyər:

– Çörəyini aç yeyəh, axşam da mənimkin yeyərik.

Həlalzadə qərdəş bir söz deməz. Dəstmalın açar baş­larlar yeməyə. Sonra ginə düşərlər yola. Axşam çağı yorğun-arğın yetişərlər bir yerə. Həlalzadə qərdəş deyər:

– Qərdəş, indi də mən acam. Gətur çörəyindən yeyək.

Deyər:


– Oğlan, get işinin dalınca! Çörək ancaq məni görə.

Bu, nə qədər illah elər, olmaz. Axırda bunlar savaşarlar. Həlalzadə qərdəş bir tərəfə gedər, Həramzada qərdəş bir tərəfə.

Həlalzadə ac, susuz gələr yetişər bir məğarəyə, deyər gecəni burada daldalanım, səhər düşüm yola. Girər məğa­rə­yə görər heç kim yoxdu. Birdən-birə görər ayaq səsi gəlir, tez qaçar girər bir dalda yerə gizlənər.

Gunbulduya-gunbulduya bir dana ayı gələr, bir az son­ra tapbıldıya-tapbıldıya bir qurd, sonra bir tülkü. Bunlar gələr­lər oturarlar məğarənin içində.

Qurd deyər:

– Ayı qərdəş, kefin bərk kökdü, nə var?

Deyər:

– Nə olacaq, bir dana xərabə tapmışam, altı bütün xə­za­nədi. Gündə gedirəm ora bir-iki təpik vururam gun­bul­dur. Sonra qulağımı dayıyıram qulaq asıram.



Qurd deyər:

– Bəs, məndən xəbərin yoxdu. Padşahın qızı noxoşdu. Hər nəmənə həkim gətiriblər olmayıb. Davasın mən bilirəm. Bir dana sürü var, içində bir qərə qoyun, o qoyunun beyinin qurudsan, qızın burnuna püfləsən, qız toxdar. Mən gündə göz ilə yeyərəm onu qaçırdam. Amma heyif ki, çoban göz ve­rir, işıq vermir. Mənim də şövq-zövqüm onadı.

Tülkü deyər:

– Elə də qulaq asın mənə, bir dana təpə var, onun yanında bir aqca sican yuvası var. Bu aqca sican gündə qı­zıl­ları yuvasından çıxardar sərər gün qabağına üstündə məllaq salar. Mən də oturaram təpənin başında ona tamaşa elərəm.

Bunlar bir qədər də danışandan sonra başların qoyarlar yatarlar. Oğlan öz-özünə deyər: “Ay Allah, necə olaydı mən səhər cağı sağ-salamat buradan çıxıb gedəydim!”.

Səhər çağı ayı gunbulduya-gunbulduya gedər, qurd tap­bıldıya-tapbıldıya. Tülkü da gedər. Oğlan çıxar eşigə, ge­dər təpənin yanına. Görər belə tülkü qərdəş oturub tamaşa elə­yir sicana. Bir daş atar tülkünün qabırqasına. Tülkü da­bana qüvvət qoyar qaçar. Sican qızılları gün qabağına sərib üstündə məllaq salırdı. Oğlanın səsin eşitcək qaçar girər yuxasına. Oğlan gələr qızılları götürər doldurar cibinə gedər sürünün yanına. Bir qədər pul verər qərə qoyunu alar. Başın kəsər. Leşin verər çobana. Gətirər beynin qurudar tökər bir şüşəyə. Gələr şahın imarətinin qabağında başlar:

– Həkiməm, təbibəm!

Şahın adamları çıxar deyər:

– Oğlan, indiyəcə nəmənə həkim gəlib bu qızı toxdada bilməyiblər, şah verib başların kəsiblər. Gəl, qoy çıx get!

Oğlan deyər:

– Olsun, mən də bacara bilməsəm, məni də öldürsün.

Oğlanı gətirərlər içəriyə. Deyər:

– Hamı otaqdan çıxsın!

Hamı çıxar. Qızılan oğlan tək qalarlar. Oğlan şüşəni cıxardar bir az püflər qızın burnuna, qız asqırar durar ayağa.

Şah görər qızı toxdadı, sevindiyindən bilməz nə desin. Deyər:

– Məni istəyən buna ənam!

Hər tərəfdən oğlanın başına qızıl yağdırarlar. Şah de­yər: “Məndən bir zad istə!” Oğlan deyər: “Mən heç zad istə­mirəm, dediyin kimi qızını ver mənə, bir də şəhərin eşigin­dəki xərabəni”

Şah deyər:



  • Olsun, qızımı verdim sənə, xərabə də sənin.

Oğlan gələr xərabəni sökdürər. Xəzanəni çıxardır. Son­ra bir dana gözəl-göyçək imarət düzəltdirər, şahınkında da artıq, qızı da alar. Bir gün küləfrəngidə oturmuşdu, görər hə­ramzada qərdəş çirim-çinda içində əl-ayaq nə şıxda oradan keçir. Onu yanına cağırtdırar.

Deyər:


– Oğlan, məni tanıyırsanmı?

Deyər:


– Qurbanın olum, yox!

Deyər:


– Mən haman adamam ki, bir tikə çörəkdən ötrü mən­dən ayrıldın.

Bu oğlan bir başın qavzar dürüst baxar görər özüdü. Deyər:



  • Sən nə elədin belə dövlətli oldun?

Oğlan başına gələn hal-qəziyyəni buna deyər.

Deyər:


– Mən də getsəm olar?

Deyər:


– Bilmirəm.

Həramzada qərdəş durar gedər məğarədə gizlənər. Bir az sonra gunbulduya-gunbulduya bir ayı gələr. Sonra tap­bıl­daya-tapbıldaya bir qurd. Sonra tülkü. Bunlar bekef-beda­maq oturarlar yerə. Birdən tülkü deyər:

– Qərdəşlər, biz onda ki, burada danışırdıq, hötma bir nəfər bəni-adam qulaq asırmış. Durun buranı bir axtaraq.

Durarlar ayağa. Məğarəni axtararlar. Oğlanı taparlar, budarlar.



HACI SƏYAD QIZI
Günlərin bir günündə bir Hacı Səyad var idi, bir molla dostu. Molla hacının qızına dərs deyərdi. Bir gün Hacı Səyad istər getsin Məkkəyə. Oğlun, arvadın da aparırdı. Molla Ha­cını qurar ki, qızı Pərini aparmasın, dərsdən dalı qalar. Hacı Səyad bir adam axtarırdı ki, Pərini ona tapşıra. Molla deyər:

– Hacı ağa, özüz bilərsiz, amma qoyun mənim yanımda, özüm səndən artıq müğayat olaram.

Hacı deyər eybi yoxdu. Qızı qoyar mollanın yanında. Arvadın, oğlun götürər gedər. Beş gün, on gün keçər. Gün­lərin birində molla istər qıza sataşa. Qız deyər ki, ağam məni sənə tapşırıb hec utanmırsan? Pisdi. Saqqalından utan barı.

Molla deyər:



  • Olan deyil, gərək başını mənlə bir eliyəsən!

Qız görər molla əl çəkən deyil. Durar aftafa götürmək adına çıxar eşigə, baş alar gedər. Çöllü-bərri biyabanda yeti­şər çeşmə qırağına. Bir dana ağac var idi. Çıxar ağaca, otur­muşdu fikirləşirdi ki, görəsən nə eləyim, nə eləməyim? Gö­rəsən, başımın qəzəl-qədəri nədi?

Sən demə, padşah gəlir atın suyarsın, görər at sudan ülkür. Baxar suya görər adam şövqi düşüb suya. Belə ba­xan­da ağaca gözəl bir qız görər. Bir göyüldən min göyülə qı­za vurular. Qız deyər:

– Qiyamət günü qardaşım, baxma mənə! Görürsən baş açığam. Qoy get işinə!

Padşah deyər:

– Olmaz, gərək deyəsən kimsən, nə karasan? Nəsən? Gərək gələsən mənlən gedək.

Qız deyər:

– Görürsən baş açığam. Heç yana gedə bilməm.

Padşah deyər:

– İndiki baş açıq gələnməsən, paltoyumu atım, sal ba­şına gedək.

Qız bürünər düşər aşağıya. Padşah onu alar atın tərkinə gətirər şəhərə. Qız açar başına gələni deyər. Padşah pey­ğəm­bərin şəriətilən, Allahın buyurduğuylan molla çağı­rar, kəbin kəsər, qızı alar. Vurar bir müddət bunun üstündən keçər. Qız bir cüt oğlan doğar. Bir il, iki il oğlanlar olarlar üç-dörd yaş. Bunlar burada qalmaqda olsunlar. Sənə deyim kimdən? Hacı Sayaddan, molladan. Pəri qoyub qaçandan sonra molla gö­türər kağaz yazar ki, Hacı, başına xeyir! Qızın pis-pis iş­lərdən çıxır. Gəl sahab dur! Mən qabağın ala bilmirəm. Hacı Sayad da oğluna deyər ki, oğul, mənim abrım var, daha şə­hə­rə gedə bilmərəm. Gedəsən bacını öldürəsən, donunu qana bularsan, göndərərsən mənə, onda gələm şəhərə. Yoxsa nə qədər bacın Pəri diridi, şəhərə gələnmərəm.

Oğlan gələr şəhərə, soraqlaşar bilər ki, bacısı günahsız imiş. Axtarar bacısın tapanmaz. Bir dana quş vurar bacısının donlarından birin bələr qana göndərər dədəsinə ki, bacımı öldürdüm, gəl. Bilər ki, dədəsi mollanın sözün qoyub onun sözünə baxmayacaq. Heç zad bildirməz.

Pəri bir gün oturmuşdu, dədə-nənəsi yadına düşər, ürə­gi tutular, başlar ağlamağa. Padşah gələr deyər ki, Pəri, nə olub? Niyə ağlayırsan? Nə fikrin var?

Pəri deyər:

Allahdan gizlin deyil, səndən nə gizlin. Bə belə... dədə-nənəm yadıma düşüb.

Padşah deyər:

– Mənə mümkün olmaz səni aparam. Hər zaman desən vəzirimi qoşum get gör, gəl.

Padşah verər sələ-sovqət tutarlar, gəcavə yondurarlar. Vəziri qoşar, deyər:

– Vəzir, apar ötur dədəsi evinə, qayıt gəl. Sonra gedər­sən gətirərsən.

Pəri oğlanların da götürər vəzir ilə yola düşərlər.

Bir gün çöldə düşmüşdülər dincəlməyə. Vəzir qıza bənd olar. Deyər ki, gərək başını mənlən bir eliyəsən! Elə­mə­sən bir oğlunun başın kəsərəm.

Qız görər pis gətirib. Az deyər, çox deyər olmaz. Vəzir durar gözünün qabağında bir oğlunun başın kəsər, deyər:

– İndi nə deyirsən, başını mənlən bir eləyirsən, ya yox!

Pəri deyər ki, yox!

Vəzir durar o biri oğlunun da başın kəsər. Deyər:

– İndi başın mənlən bir eliyirsən elə, eləmirsən özünü də öldürəcəyəm.

Pəri durar eşigə çıxmaq mahanasına uzaqlanar. Çər­qətin başına salar, əkilər. Vəzir ha gözlər, görər Pəri oturub gəlmir. Gedər görər Pəri hardaydı: qəribə əlimə rəng qoydu. Qayıdar gələr padşaha deyər:

– Apardım otuzdurdum. Amma pis adama bənzəyir. Hərdən dururdu o yan-bu yana gedirdi. Şəhərlərinə ötürdüm gəldim. Heç evlərin də tanımadım.

Pəri baş alar gedər. Bir çobana rast gələr. Boyun-qu­lağındakı qızıllardan verər bir dana qoyun alar. Çobana de­yər, başın kəsər, qarnın çıxardar. Onu çevirər başına olar bir keçəlçə. Bir dəst köhnə kişi paltarı alar, gedər öz şə­hərlərinə. O yanda-bu yanda, bazarda səslər:

– Ay məni nökər tutan!.. Ay məni nökər tutan!...

Durar dədəsinə rast gələr. Hacı Səyadın ürəgi qızı xoş­lar, deyər:

– Oğul, mənə nökər olarsan?

Deyər:


– Niyə olmaram? Haradan çörək çıxa, olaram.

Pəri sirrini dədəsinə bildirməz. Hacı Səyad Pərini apa­rar evlərinə. Deyər:

– Arvad, gəl bax. Bir dana nökər tapmışam.

Arvadı baxar deyər:

– Gözləri necə mənim qızıma bənzər!

Pəri evdə başlar işə. Hacı Səyadın arvadı görər bu belə nökərçilik bacarmaz. Elə ev işlərin görər. Yaxçı evə zinət verər. Oğlan da baxırdı Pəriyə deyirdi:

– Nənə, bax gör necə bacıma bənzir!

Pəri özünə çox hörmət qazanar. Evdə oğul təkin olar.

Bunlar burada qalmaqda, sənə deyim vəzirdən, padşah­dan. Bir gün padşah oturmuşdu vəzirə deyər:

– Vəzir, qız çox yubandı, dur gedək tapaq gətirək.

Durarlar dərbiş paltarında gələrlər şəhərə. Dolanırdılar. Bir keçəlcə bunları görər tanır. Gələr evə. Hacı Səyada de­yər:

– Ağa, icazə versən iki dana qonağım var, bu gecəliyə burada qalarlar.

Hacı deyər:

– Oğul, bular nə sözdü? Ev özününkidi. İki olmasın, yüz olsun.

Keçəlcə gələr bir dilinən bunları danışdırar. Deyər:

– Gəlin gedək gecəni mənə qonaq olun.

Deyərlər:

– Boşla çıx get, sən nökər babanın biri, sənin evin harda idi ki, bizi də qonaq aparasan.

Deyər:

– Sizin nə işiniz var? Mənim ağama ərkim var.



Götürər vəzirlən padşahı gətirər. Gecə oturmuşdular da­nı­şırdılar. Pəri deyər:

– Ağa, icazə versən mollanı da çağıraq. Mollalar xoş söhbət olarlar. Danışsın qonaqlarımız darıxmasınlar.

Hacı deyər ki, get çağır. Molla da gələr. Oturarlar, qız o yandan-bu yandan söhbət salar. Padşah deyər:

– Məsəldən-zaddan deyin, dərbişlərdə söhbət çox olar.

Padşah deyər:

– Keçəllər yaxçı oxumaq, şer bilərlər, sən de qulaq asaq.

Pərinin dərdləri deşilir. Açar ağzın deyər:
Adım Pəri, Hacı Səyad qızıyam,

Göydə parıldayan dan ulduzuyam.

Getdi, getdi bir dərədə endirdi,

Oturan vəzir bir cüt oğlum öldürdü,

Dostum ağlar, düşmanımı güldürdü.

Dedim: – Ey qanıma qan alan dərbiş,

Atadan, anadan mehriban dərbiş!
Mollanın milabı düşər içinə. Vəzirin suyu süzər düşər əl-ayağa. Dədəsi o yandan qalxar, nənəsi bu yandan, deyərlər:

– Oğul, sözləri bir də de!

Pəri başlar başına gələni deyər. Ondan börkün götürər. Hamı tanıyar. Padşah da özün göstərər.

Səhər olar, qızı apararlar hamama. Padşah verər vəziri, mollanı asdırar. Hacı Səyad verər yeddi gün, yeddi gecə toy-tabaq çaldırar. Evlər şəm çırağı, dağlar göhən çırağı. Qızın tapşırar padşahın əlinə. Padşah götürər gedər.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə