Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi



Yüklə 48,4 Kb.
tarix25.06.2018
ölçüsü48,4 Kb.
#51450



Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi



Bənzərsiz poeziya”

Metodiki vəsait

İnsanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur.

Heydər Əliyev

Azərbaycan poeziyasının qüdrəti qədimlərdən şölələnir. Bu barədə mənbələrdə kifayət qədər sübutlar, dəlillər var. 1999-cu ildə YUNESKO-nun 30-cu iclasında 21 mart beynəlxalq poeziya günü elan olundu.

Xalqımız şeriyyətə və mədəniyyətə misilsiz töhvələr, nadir söz ustadları, böyük sənətkarlar bəxş edib. Odur ki, Azərbaycanın ürəyi həm də şeirlə, poeziya ilə bərabər döyünüb. Zaman ötdükcə, böyük Səməd Vurğunumuz da məmləkətimizi şeir, sənət ocağı kimi sevdirdi. Bu ocağın neçə-neçə unudulmaz söz sahiblərindən biri olan sevimli Şəhriyar qəlbini, ruhunu şeirə, sözə, poeziyaya bağışlayıb dedi:

Şeir mədəniyyət, incəsənətdir,

Incə ruh, incə zövq, incə sənətdir.

O da musiqi tək qəlbin səsidir,

Həyatın ən böyük möcüzəsidir.

Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmiş, özünəməxsus poeziya məktəbi yaratmışlar

Müsəlman aləminin fəxri olan Məhəmməd Peyğəmbər hələ neçə əsr bundan qabaq daim insanlara tövsiyə edib ki, şeir əzbərləyin, çünki şeir dili düzəldir, danışığı, nitqi gözəlləşdirir. Zaman-zaman dahilər "Poeziya sözlərin, ruhun musiqisidir. Poeziya həyatın çırağıdır" - deyə bu həyati varlığa yüksək dəyər verib.

Orta əsrlərdən başlayan yüksək mədəni inkişaf prosesi isə Azərbaycan poeziyasının yüksəlişində yeni bir mərhələnin başlanmasına səbəb olmuşdur; insana, onun daxili aləminə maraq güclənmişdir. Həmin dövrdə lirik-fəlsəfi düşüncələr, fərdi hisslərin təzahürü, ənənəyə çevrilmiş, şeir sənətimiz Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin timsalında yeni çalarlarla zənginləşmişdir. XIX əsrdən başlayaraq şeirlərdəki fəlsəfi mühakimələrin yerini müasirlik və real obrazların lirik təzahürü tutmuşdur. Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Qasim bəy Zakirin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin yaradıcılığı maarifçi-realist ruhda formalaşmışdır. Azərbaycanın müxtəlif bölgələrini əhatə edən “Gülüstan”, “Əncüməni-şüəra”, “Fövcül-füsəha”, “Beytüs-Səfa”, “Məcməüş-şüəra”, “Divani-hikmət”, “Məclisi-üns”, “Məclisi-fəramuşan” kimi ədəbi məclislər ədəbi mühitin inkişafına öz təsirini göstərmişlər.

Poetik fikrimizin Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd Vurğun, Mikayıl Müşfiq, Məmməd Araz, Bəxtiyar Vahabzadə, İslam Səfərli, Xəlil Rza, Cabir Novruz kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatına yeni bir ruh vermiş, bir-birindən dəyərli poetik nümunələri ilə xalqımızın Azərbaycançılıq məfkurəsi, milli dəyərlər ətrafinda birləşməsində layiqli xidmətlər göstərmişlər.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan ədəbiyyatının inkişafına, ədiblərin yaradıcılıq uğurlarının daha da artmasına xüsusi diqqət və qaygı göstərir. Dövlət başçısının ötən il imzaladığı sərəncamlarla Cəlil Məmmədquluzadənin 140, Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140, Mirzə Fətəli Axundzadənin 200, Mirzə Ələkbər Sabirin 150, Mirvarid Dilbazinin 100 illik yubileyləri ölkə səviyyəsində qeyd olunmuşdur.


Ölkəmizin sürətli inkişafı və müasirliyini ədəbiyyata, şeirə-sənətə gətirmək qarşıda duran əsas vəzifələrdən biridir. Çünki ədəbiyyat bütün dövrlərdə həyatın güzgüsü, milli varlığımızın əsas rəmzlərindən biri olub. Bu missiya müasir dövrdə də aktuallığını qoruyub saxlayır.

Sənətkarlar və poeziya “ tədbir.

Sənətkarlar və poeziya “ adlı tədbirdə bir çox şair və yazıçılarımızın poeziyasına nəzər salacağıq. Ən əvvəl XX əsr Azərbaycan poeziyasına müraciət edək.

XX əsrdən sonrakı əsrlərə boylanan, poeziyası zamanlara sığmayan şair Rəsul Rza …

Rəsul Rza Azərbaycan ədəbiyyatının inkişafında öz dəsti-xətti olan görkəmli sənətkarlardan biridir. Onun bir-birindən maraqlı, bədii cəhətdən qüvvətli, sənətkarlıqla yazılmış əsərləri xalqımızın ən böyük mənəvi sərvəti olan söz xəzinəmizi zənginləşdirən qiymətli sənət nümunələridir.

Xəyalın yanımda, sən uzaqdasan,

Hicranın yolları ömür qədərdir.

Bu yalqız axşamda yuvama baxsan,

Mənəm, xəyalındır, bir də kədərdir.

***


Bir sən ol, bir də mən, bir də dərdimiz,

Ağlayaq, doyunca, gülək doyunca.

Baş-başa qaldıqca bu möhlətlə biz

Döysün qapıları külək doyunca.

***

Döysün qoy açmayaq. Yorulsun külək,



Qəmli hicran qalsın qapıda dustaq!

Bir an vüsalınla çırpınsın ürək,

Sonra... sonra yenə biz ayrılmayaq!
Azərbaycan poeziyası böyük bir dövrü əhatə edir. Yuxarida qeyd etdiyimiz kimi onu yaradan böyük sənət adamları var. Klassik poeziyamızın ən yaxşı, mütərəqqi ənənələri üzərində yaranan, inkişaf edən poeziyamız bu gün də inkişafdadır. Hər dövrün öz poetik irsi var, mövzu, ideya məzmunu etibarilə son dərəcə geniş, əhatəli olan poeziya forma, yanr, bədii söz sənətkarlığı, poetik dil və üslub cəhətdən də həmişə yeni və orijinal xüsusiyyətləri ilə seçilmiş, sevilmişdir. .

İndi isə gəlin, Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biri Mikayıl Müşfiq poeziyasına müraciət edək.

Mikayıl Müşfiqi bütün nəsillərə sevdirən və adını yaşar edən onun ürəkdən gələn səmimiyyət dolu poeziyasının xalq ruhu ilə bağlılığı, dogma Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm etməsi, qəlbləri ehtizaza gətirməsidir. Şairin gözəl hiss, axıcılıq və məna zərifliyi ilə zəngin, dil-dodağa yatan, tez də yadda qalan şeirlərinin çoxu nəğmədən seçilmir.Müşfiq ədəbiyyat tariximizdə də, xalqımızın yaddaşında da, hamımızın qəlbində də otuz yaşlı çılğın, romantiq, xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Ömrümüzün hər çagında alovlu şairin büllur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcəyik, amma içəri dünyamızda daima onun tükürpədici harayını da eşidəcəyik…

Mikayıl Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə sevdirən onun ürəkdən gəlmiş, səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı, Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm edib sevdirməsi, vətəndaşlığı, cazibə qüvvəsilə oxucuların qəlbini ehtizaza gətirməsidir. Səmimiyyətlə dolu poeziyası barədə şair özü müasirlərinə müraciətlə yazıb:
Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa;

Burdaca el durub məndən sordu ki:

Gözdən yaş çıxarmı ürək yanmasa?

Qönçə açılarmı, bahar olmasa?

Şölə titrəyərmi, rüzgar olmasa?

Bu nəğmə ruhumdan qoparmı bilməm,

Mənə ilham verən dostlar olmasa?

I Oxucu:

Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!.. bu kəlmənin vurğunuyam əzəldən.

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.

Başqa aləm yaşamadım böylə gözəl biçimdə,

Onu kimsə gözəlliyin çilvəsində yaratmış;

Ana, ana…çiçəkli bir fidandır ki, içimdə

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bəzi vaqit istiyorum çəkərək,

Qoparayım ürəyimdən, fəqət onda varlığım

Sizildarkən, sanki bir səs qopub incə və titrək

Bir lisanla söylüyor ki:_Mənə dəymə, yazığım!

II Oxucu:


Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,

Söylədiyin sözlər ki var beşiyinin üstündə

oxuduğum türkülərin kölgəsidir, övladım!

Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,

Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı

Baban kimi soyuq əllər qucağına çəkərkən,

Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs:-Anan, baban varmı? söyləsə,

Diyorum ki, qapılmadan bir xülyaya, bir hissə

Olan olmuş, keçən keçmiş, indi məni yaşadan

Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman

Yorulmayan qollarımla, düşünərək yapdığım

Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,

Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!


Müasir Azərbaycan poeziyası haqqında danışarkən ilk növbədə Nəriman Həsənzadə yada düşür.



Nəriman Həsənzadə böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairidir. Şairlik Nəriman Həsənzadənin stixiyasıdır o, təkcə şeirində, nəşrində, dramaturgiyasında, publisistikasında deyil, adi məişətində də şairdir, yazanda da, yazmayanda da şairdir…
Aparıcı Nəriman Həsənzadənin “Düz deyir Könül “ adlı şeirini söyləyir.
Elə bil mən səndən uzaqlaşıram,

Qulaq as, gör sənə nə deyir könül.

Yaş ötür mən amma uzaqlaşıram,

Bir ana qucağı istəyir könül.

Sinəmə sığışmır bəzən təlaşım,

Sən de, necə susum, necə danışım?!

Susmaq istəyirəm, din deyir yaşım,

Dinmək istəyirəm, sus deyir könül.

Namərd aramıza girmək istədi,

Unudub hörməti, eşqi, izzəti.

Mən yaşaram dedim, könül yox, dedi,

Mən yalan demişəm, düz deyir könül.


Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndərindən biri də respublikamızın xalq şairi Məmməd Arazdır. Məmməd Arazın keşməkeşli və şərəfli ömür yolu, ibrətamiz və bəşəri əhəmiyyətə malik yaradıcılığı sənəti ilə şəxsiyyəti vəhdət təşkil edən bir insanın həyatına canlı nümunədir.

İndi isə xalq şairi Məmməd Arazın bir sənətkar kimi poeziyada keçdiyi inkişaf yolundan söhbət açacağıq.

Məni şeirimdə gəz bir insan kmi,

Qəlbimdə nə varsa ona demişəm.

Anadan-bacıdan gizlətdiyimi

Kağızdan-qələmdən gizlətməmişəm.


Azərbaycanımızın görkəmli xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşadı. Öz yaradıcılığının əsas qəhrəmanı, aparıcı siması olan, düşündüklərini, yaşadıqlarını yazan Məmməd Arazın əsərləri həqiqi bir şair ömrünün mənalı və pozulmaz səhifələridir. Bir çox istedadlı şairlər kimi, Məmməd Arazın əsərləri də onun ibrətamiz həyat dastanı, mənalı ömürnaməsidir. Xalq şairi Məmməd Araz poeziyasında Vətən ata ocağı, dogma yurd, el-oba, Kür-Araz deməkdir.
Azərbaycan qayalarda bitən bir çiçək,

Azərbaycan çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı vəsf eləyərək,

Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan mayası nur, qayəsi nur ki…

Hər daşından alov dilli ox ola bilər,

Azərbaycan deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Min illərlə zülmətlərə yollar aşıbdı,

Dalğalandı Sabirlərin ümman dünyası.

Azərbaycan qatarı da yollara çıxdı,

Dalğalandı Qoca Şərqin duman dünyası.


Poeziya , şeir sənəti barədə mühakimə yürüdərkən, biz tez-tez “poeziyanın sehri”, “poeziyanın sirri”, “poeziyanın musiqisi” kimi ifadələrini işlədir, adətən anlaşılması asan olmayan, predmeti dəqiq müəyyənləşməyən qeyri-adi məfhumları, duyğuları açmağa çalışırıq. Poeziyanın meyarı hər şeydən əvvəl sənətkarın yetkinlik meyarıdır, onun kollektiv təcrübəmizlə həmahəng olan fəlsəfi və mənəvi müdrikliyinin meyarıdır və bundan sonra şəxsiyyətin harmoniyası, epitetlərin gözəlliyi və daha sonra dövrün əsən yellərinə istedad yelkəni ilə sinə gərmək bacarığı gəlir. Dövrlər dəyişir, ömür keçir, lakin həqiqi sənət, dünyanı bizim üçün əbədi, həmişəyaşar varlığa çevirir. Əlbəttə, söhbət insandan bütün əsrlərdə insan olmaq eşqi ilə yanmaqdan gedir.

Bəli, Azərbaycan poeziyasında öz möhtəşəm poeziya məbədi ucaltmaq bir çox şair və yazıçılarımız kimi xalq şairi Bəxtiyar Vahabzadənin də qismətinə düşüb. Bu məbədi ucaldan əllər mahir və qadir əllərdir. Bu əllərin qoyduğu özül möhkəm və gözəldir. Oxucular bu məbədi tez-tez ziyarət etməlidirlər.


Yaradıbdır inam məni, mən inamın övladıyam...” adlı tədbiri kitabxanaçı açıq elan edir..

Tədbirdə məktəblilər,müəllimlər,oxucular,tanınmış adamlar,maarif işçiləri işkirak edirlər.Əgər yaşadiqları kənddə.qəsəbədə,rayon ərazisində şair,yazıçı varsa dəvət edə bilərlər.


Kitabxanaçı Xalq şairi Bəxtiyar Vahabzadənin ömür yolu haqqında bir qədər məlumat verir.

Bəxtiyar Vahabzadə bizim əsrdə Azərbaycan xalqının yetirmiş olduğu ən böyük şəxsiyyətlərdən biridir. B.Vahabzadənin şairliyi də, filosofluğu da, ictimai xadimliyi də mənsub olduğu xalqa məxsusdur. B. Vahabzadə məktəbi, millətçilik məktəbi yox, millətsevərlər məktəbidir. B. Vahabzadə nə qədər böyük mərhumiyyətlərə məruz qalsa da, o, millətə xidmət etmək vəsifəsini həmişə şərəflə yerinə yetirmiş, milli ideyalardan dönməmiş, milli həqiqəti söyləmişdir.

B. Vahabzadə nə qədər böyük şöhrətə çatsa da vətənə, doğulduğu torpağa məhəbbətini hec zaman itirməyib.

Bəxtiyar Vahabzadə təkcə ayrı-ayrı adamların deyil, bütövlükdə Azərbaycan millətinin böyük sayqısını qazanıb. Yaradıcılığa başladığı dövrdən bu günə qədər B. Vahabzadə eyni məhsuldarlıqla yazıb yaratmışdır. O, bu dünyaya şair kimi gəlmişdir. B. Vahabzadənin yaradıcılığı həmişə ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilib. Onun şeirləri, poemaları ümumxalq məhəbbəti qazanıb. Bəxtiyar Vahabzadə poeziyasının çeşməsi tükənməzdir, qaynardır, xalqın arzu və istəkləri, fikir və düşüncələri ilə həmahəngdir.

Əziz qonaqlar və tədbir iştirakçıları! İndi isə oxucuların ifasında B. Vahabzadənin “Bir salama dəymədi “ adlı şeirini dinləyək.
I Oxucu: Bir gün səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

Bir duyduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız

bir salama dəymədi?

Sən neylədin bir düşün!

Yalnız indi anladım: ah, sən daha mənimçin

əlcatmaz bir çiçəksən,

II Oxucu: Yaşanmış günlərimtək geri dönməyəcək!...

Qop, ey tufan, əs, ey yel! Xəzər olum, tökülüm

Düz beş il ürəyimdə

Bəslədiyim məhəbbət, bir salama dəymədi

Bir günlük həsrətimə dözə bilməyən gülüm,

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,

Sən necə etinasız ötə bildin yanımdan?

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,

Sənin qəlbin əsmədi.

Geriyə də baxmadın!

Niyə sənin yolunu məhəbbətin kəsmədi?..

Qacancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

Sən mənə zülm eylədin, mənə zülm yaraşır,

Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Xalqımız şeriyyətə və mədəniyyətə misilsiz töhvələr, nadir söz ustadları, böyük sənətkarlar bəxş edib. Odur ki, Azərbaycanın ürəyi həm də şeirlə, poeziya ilə bərabər döyünüb. Müasir dövrümüzün ustadlarından biri kimi hörmətlə yad olunan Məmməd Araz demişkən:

Azərbaycan - mayası nur, qayəsı nur ki...

Hər daşından alov kimi ox ola bilər.

"Azərbaycan!" deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər...



Metodika və bibloqrafiya şöbəsi: Yarıyeva Səadət.
Yüklə 48,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə