Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı IL üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə



Yüklə 141,81 Kb.
Pdf görüntüsü
tarix05.04.2018
ölçüsü141,81 Kb.
#35997


 



 



Azərbaycan Respublikası Mərkəzi Bankının 

2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə  

BƏYANATI 

2015-ci  ildə  dünya  iqtisadiyyatında  qeyri-müəyyənliklər  və  qlobal  maliyyə  bazarlarında 

qeyri-sabitlik artmış, inkişaf etməkdə olan və iri iqtisadiyyatlara malik bır sıra ölkələrdə iqtisadi 

artım  zəifləmiş  və  qlobal  risklər  yüksəlmişdir.  Bu  şəraitdə  dünya  əmtəə  qiymətlərinin,  o 

cümlədən  neftin  qiymətinin  azalması  prosesləri  güclənmiş,  bir  sıra  valyutaların,  o  cümlədən 

xammal ixrac edən ölkələrin milli valyutalarının ucuzlaşması daha da sürətlənmişdir.  

Qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına sıx 

inteqrasiya  olunmuş  Azərbaycan  iqtisadiyyatına  da  öz  təsirini  göstərmişdir.  Neftin  qiymətinin 

kəskin  aşağı  düşməsi  xarici  valyuta  gəlirlərinin  və  tədiyə  balansının  profisitinin  əhəmiyyətli 

azalmasına  gətirib  çıxarmışdır.  Bununla  əlaqədar  milli  iqtisadiyyatın  dayanıqlığının 

gücləndirilməsi  çağırışları  daha  da  aktuallaşmış,  bu  çağırışlara  uyğun  olaraq  büdcə-vergi  və 

pul-məzənnə siyasətində adekvat manevrlər həyata keçirilmişdir. Qeyri-neft sektorunda iqtisadi 

artımın  əsas  amili  olan  daxili  tələbin  əsas  komponentləri  isə  əhəmiyyətli  dərəcədə  dəyişməyə 

başlamışdır. 

Bütün  bunlar  yüksək  neft  qiymətləri  dövründə  valyuta  bazarında  formalaşmış  balansı 

prinsipial  olaraq  dəyişdirmiş,  manatın  məzənnəsinə  təzyiqlər  artmışdır.  Eyni  zamanda  tərəfdaş 

ölkələrdə  baş  verən  silsilə  devalvasiyalar  milli  iqtisadiyyatın  beynəlxalq  rəqabət  qabiliyyəti 

üçün  ciddi  risklər  yaratmışdır.  Yaranmış  yeni  vəziyyət  məzənnə  rejiminə  yenidən  baxılmasını 

zəruri  etmişdir.  Uzunmüddətli  xarakter  daşıyan  xarici  iqtisadi  şokların  güclənməsini  nəzərə 

alaraq  tədiyə  balansının  tarazlaşdırılması,  ölkənin  valyuta  ehtiyatlarının  kritik  səviyyədə 

qorunması,  milli  iqtisadiyyatın  rəqabət  qabiliyyətinin  təmin  olunması  məqsədilə  Mərkəzi  Bank 

üzən  məzənnə  rejiminə”nə  keçid  barədə  qərar  qəbul  etmişdir.  Bu  keçid  taktiki  olaraq 

makroiqtisadi  manevr  xarakterini  daşımış,  strateji  olaraq  isə  milli  iqtisadiyyatın 

şaxələndirilməsi strategiyasının dəstəklənməsinə yönəlmişdir. 

Yeni  qlobal  və  daxili  iqtisadi  şəraitdə  bank  sektorunda  risklərin  artması  maliyyə 

sabitliyinin  qorunması  vəzifəsini  daha  da  kəskinləşdirmişdir.  Mərkəzi  Bank  bank  sektorunun 

restrukturizasiya  prosesinə  başlamış,  sektorun  maliyyə  dayanıqlığının  gücləndirilməsi  və  

risklərin  idarə  edilməsi  tədbirlərini  daha  da  gücləndirmişdir.  Eyni  zamanda  ölkədə  maliyyə 

infrastrukturunun  inkişafı  davam  etmiş,  o  cümlədən  ödəniş  sistemlərinin  fəaliyyəti 

genişləndirilmişdir.  

 

 

 


 

 



MƏRKƏZİ BANKIN FƏALİYYƏTİ 

1.1. MAKROİQTİSADİ MÜHİT 

QLOBAL  İQTİSADİ  ŞƏRAİT.  2015-ci  il  dünya  iqtisadiyyatında  qeyri-müəyyənliklərin 



artması, qarşılıqlı asılı olan ölkə qrupları üzrə zəif və kövrək iqtisadi artım, əmtəə qiymətlərinin 

kəskin  aşağı  düşməsi,  məzənnələrin  qeyri-sabitliyi,  bir  sıra  inkişaf  etməkdə  olan  ölkələrdə 

maliyyə və əmlak “köpükləri”nin boşalması ilə səciyyəvi olmuşdur.  

Mövcud  meyilləri  nəzərə  alaraq  Beynəlxalq  Valyuta  Fondu  (BVF)  qlobal  artım 

proqnozlarını  azaldılma  istiqamətində  dəyişmişdir.  Son  proqnoza  görə  cari  ildə  qlobal  real 

iqtisadi  artımın  3.1%  olacağı  gözlənilir  ki,  bu  da  öncə  verilmiş  proqnozdan  0.2  faiz  bəndi 

aşağıdır.  İqtisadi  artım  proqnozu  inkişaf  etmiş  ölkələr  (İEÖ)  üzrə  2%-ə,  inkişaf  etməkdə  olan 

ölkələr  (İEOÖ)  üzrə  isə  4%-ə  endirilmişdir.  BVF-nun  proqnozları  bazasında  aparılan 

hesablamalara görə Azərbaycanın əsas ticarət tərəfdaşı olan 15 ölkə üzrə (qeyri-neft ixrac çəkili) 

0.64%, o cümlədən MDB üzrə 2.7% ressesiya gözlənilir.      

BVF  dünya  Ümumi  Daxili  Məhsulunun  (nominal  ÜDM)  2009-cu  ildən  etibarən  ilk  dəfə 

olaraq  azalacağını  proqnozlaşdırır.  Qiymətləndirmələrə  görə  ÜDM  nominal  ifadədə  ötən  illə 

müqayisədə təxminən 5% azalaraq 73.5 trilyon ABŞ dolları təşkil edəcək. Bu isə əksər ölkələrin 

valyutalarının  dollara  qarşı  ucuzlaşması  nəticəsində  həmin  ölkələrin  nominal  ÜDM-nin  dollar 

ifadəsində azalması və əmtəə qiymətlərinin ucuzlaşması ilə izah olunur. 

Qlobal iqtisadi artımın mühüm amillərindən olan qlobal ticarətin artımı zəif olaraq qalır. 

2015-ci ilin sonuna qlobal əmtəə və xidmət ticarətinin cəmi 3.2% artacağı gözlənilir.  

Zəif  iqtisadi  fəallıq  dünyada  məşğulluğun  bərpasını  çətinləşdirir.  Beynəlxalq  Əmək 

Təşkilatının  qiymətləndirməsinə  görə  hazırda  dünyada  204  milyon  işsiz  var  ki,  bu  da  qlobal 

böhran öncəsi səviyyədən 34 milyon nəfər çoxdur. 

Qlobal  maliyyə  və  investisiya  axınları  coğrafiyasının  İEÖ-lərə  doğru  istiqamətlənməsi 

2015-ci  ildə  davam  etmişdir.  BMT-nin  Ticarət  və  İnkişaf  üzrə  Konfransının  (UNCTAD) 

qiymətləndirmələrinə əsasən birbaşa xarici investisiyaların artımı 2015-ci  ildə İEÖ  üzrə 23.8%, 

İEOÖ üzrə isə 3.3% səviyyəsində olacaq.   



ABŞ  dollarının  əksər  ölkələrin  valyutalarına  qarşı  məzənnəsinin  möhkəmlənməsi  baş 

vermişdir.  Cari  ilin  əvvəlindən  ABŞ  dolları  Avroya  qarşı  11%,  Çin  yuanına  qarşı  4%,  Türkiyə 

lirəsinə  qarşı  26%,  Rus  rubluna  qarşı  22%,  Qazaxıstan  tengesinə  qarşı  86%,  Norveç  kronuna 

qarşı isə 17% möhkəmlənmişdir. Dolların bahalaşması ABŞ-da yumşaq pul siyasətindən tədrici 

imtina olunması, habelə bir sıra ölkələrə xarici valyuta daxilolmalarının azalması ilə izah olunur.  

2015-ci  il  dünyanın  bir  çox  ölkələrində  valyuta  ehtiyatlarının  azalması  da  müşahidə 

olunmuşdur.  BVF-nun  məlumatına  görə  2015-ci  ilin  təkcə  ilk  yarısında  mərkəzi  bankların 

valyuta  ehtiyatları  121  mlrd.  ABŞ  dolları  azalmışdır.  Azalma  əsasən  İEOÖ  üzrə  baş  vermişdir 




 

 



ki, bu da kapital daxiolmaları və cari hesabın vəziyyəti, mərkəzi bankların valyuta bazarına satış 

yönlü müdaxilələr etməsi və dolların digər valyutalara qarşı möhkəmlənməsi ilə izah olunur.    

Qlobal  əmtəə  qiymətlərinin  azalma  meyili  2015-ci  ildə  davam  etmişdir.  Ötən  11  ayda 

qlobal  əmtəə  qiymətləri  25.5%,  o  cümlədən  ərzaq  qiymətləri  15.7%,  metal  qiymətləri  isə 

26.6% azalmışdır.  

Cari ilin ilk 5 ayında neftin dünya qiyməti artıma meyil göstərərək 1 barrelə görə 68 ABŞ 

dollarınadək  yüksəlsə  də,  sonradan  yenidən  kəskin  azalaraq  1  barrelə  görə  37  ABŞ  dollarına 

enmişdir.  Bu  son  11  ilin  ən  aşağı  səviyyəsidir.  Neft  qiymətlərində  kəskin  azalmanın  səbəbləri 

kimi son  vaxtlar dünya  neft bazarında təklifin artması,  xüsusən Neft İxrac Edən Ölkələr  Birliyi 

(OPEC)  tərəfindən  təklifin  yüksək  olması,  son  40  ildə  ilk  dəfə  ABŞ-dan  neft  ixracına 

məhdudiyyətlərin götürülməsi, sanksiyaların aradan qaldırılması nəticəsində İranın bazara çıxma 

ehtimalı  və  digər  amillər  göstərilir.  ABŞ  Federal  Ehtiyat  Sisteminin  faiz  dərəcəsinin 

artırılmasına dair qərarı isə ABŞ dollarını bahalaşdırmaqla dolayısı ilə neftin qiymətinə azaldıcı 

təsir  etmişdir.  Əsas  neft  istehlakçısı  olan  bir  sıra  inkişaf  edən  ölkələrdə  iqtisadi  artımın 

zəifləməsi də neftin ucuzlaşmasında fundamental amillərdən biridir. 

Ümumilikdə,  2014-cü  ilin  iyun  ayından  neftin  qiyməti  3  dəfədən  çox  aşağı 

düşmüşdür. Neftin ucuzlaşması bir sıra neft ixrac edən ölkələrdə dövlət xərclərinin ixtisarları və 

milli valyutaların dəyərdən düşməsi ilə müşaiyət olunmuşdur.

 

XARİCİ  İQTİSADİ  MÖVQE.  2015-ci  ildə  Azərbaycanın  xarici  iqtisadi  mövqeyi  dünya 



əmtəə  bazarındakı  konyunktur  və  ticarət  tərəfdaşlarındakı  vəziyyətin  təsiri  altında 

formalaşmışdır. 

 

2015-ci  ilin  9  ayında  tədiyə  balansının  cari  hesabında  241  mln.  ABŞ  dolları  həcmində 



profisit  yaranmışdır.  Bu  profisitin  ötən  ilin  eyni  dövrünə  nəzərən  əhəmiyyətli  azalması  əsasən 

neftin ucuzlaşması ilə izah olunur. Qeyri-neft sektoru üzrə əmtəə və xidmət balansı isə tərəfdaş 

ölkələrdəki iqtisadi proseslərdən təsirlənmişdir.   

 

2015-ci  ilin sonuna tədiyə balansının cari  hesabının pik  ilində (2011) olan 17  mlrd.  ABŞ 



dolları həcmində profisitinin təxminən 0.5 mlrd. ABŞ dollarına düşməsi proqnozlaşdırılır. 

 

Cari  ilin  11  ayda  ötən  ilin  eyni  dövrü  ilə  müqayisədə  ixrac  48.7%  azaldığı  halda,  idxal 



demək  olar  ki,  dəyişməmişdir.  İxracda  azalma  əsasən  neft-qaz  sektoru  üzrə  baş  vermişdir.  

Xarici ticarət balansının profisiti 5 dəfədən çox azalaraq 2.4 mlrd. ABŞ dolları təşkil etmişdir.  

 

 İqtisadi  tərəfdaş  ölkələrində  yaranmış  vəziyyət  daxil  olan  pul  baratlarına  da  təsir  etmiş, 



ilkin rəqəmlərə görə pul baratları ötən ilin eyni dövrü ilə müqayisədə 30%-dən çox azalmışdır.  

2015-ci  ildə  ölkənin  strateji  valyuta  ehtiyatlarının  zəruri  həcmdə  qorunması  təmin 

edilmişdir.  Hazırda  strateji  ehtiyatlar  39  mlrd.  ABŞ  dolları  təşkil  etmişdir  ki,  bu  da  26.5  aylıq 

mal və xidmət idxalına kifayət edir və xarici dövlət borcunu 5 dəfədən çox üstələyir.  

 

İQTİSADİ  ARTIM.  2015-ci  ildə  iqtisadi  artım  davam  etmiş  və  bu  artımın  başlıca 



mənbəyi qeyri-neft sektoru olmuşdur.  


 

 



 

Cari ilin 11 ayında real ÜDM 3.1%, o cümlədən qeyri-neft iqtisadiyyatında 4% artmışdır. 

ÜDM-in  69.3%-i  qeyri-neft  sektorunun  payına  düşmüşdür.  İqtisadi  artımda  daxili  tələb,  o 

cümlədən istehlak tələbi və investisiya qoyuluşları mühüm rol oynamışdır.  

2015-ci  ilin 11 ayında ölkə  iqtisadiyyatına investisiyaların  həcmi 14.4  mlrd.  manat təşkil 

etmişdir.  Əvvəlki  illərdə  olduğu  kimi  cari  ildə  də  dövlət  investisiyaları  ölkədə  investisiya 

aktivliyi mühüm rol oynamışdır. 2015-ci ilin 11 ayında ev təsərrüfatlarının istehlak xərclərinə ilk 

növbədə  gəlirlərin  artımı  təsir  göstərmişdir.  Dövr  ərzində  əhalinin  nominal  pul  gəlirləri  5.7%, 

orta aylıq əmək haqqı isə 4.6% artmışdır.  

 

1.2. PUL SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ 

İNFLYASİYA.  Qiymətlərin  sabitliyinin  təmin  edilməsi,  inflyasiyanın  təkrəqəmli 

səviyyədə saxlanması hesabat dövründə də Mərkəzi Bankın və hökumətin başlıca vəzifələrindən 

biri olmuşdur.  

2015-ci  ilin  11  ayında  orta  ilik  inflyasiya  3.7%  təşkil  etmişdir.  Ərzaq  qiymətlərinin 

artımı  isə  5.9%  olmuşdur.  Nominal  effektiv  məzənnə,  inflyasiya  gözləntiləri  və  ticarət 

tərəfdaşlarında yüksək inflyasiya qiymətlərə artırıcı, pul təklifi və dünya qiymətlərinin dəyişimi 

isə  azaldıcı  təsir  göstərmişdir.  Bundan  başqa  bir  sıra  sosial  əhəmiyyətli  məhsulların 

qiymətlərinin tənzimlənməsi inflyasiya səviyyəsini azaldan amillərdən olmuşdur.  

İnflyasiya  tempi  əhalinin  nominal  gəlirlərinin  artım  tempindən  aşağı  olmuş,  nəticədə 

əhalinin  sərəncamında  qalan  gəlirlər  real  olaraq  11  ayda  2%  artmışdır.  2015-ci  ilin  11  ayında 

ticarət  tərəfdaşı  olan  ölkələrdə  inflyasiya  orta  hesabla  8.3%  təşkil  etmişdir  ki,  bu  da 

Azərbaycandakı inflyasiyadan 4.6 faiz bəndi çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə sənaye 

məhsullarının istehsalçı qiymətləri indeksi 32% azalmış, kənd təsərrüfatı məhsullarının istehsalçı 

qiymət indeksi isə 2.3% artmışdır. 

MƏZƏNNƏ.  2015-ci  ildə  xarici  valyutaya  tələbin  kəskin  artması  şəraitində  Mərkəzi 

Bankın  məzənnə  siyasəti  makroiqtisadi  dayanıqlığın  təmin  olunması  və  milli  iqtisadiyyatın 

beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədləri çərçivəsində həyata keçirilmişdir.  

2015-ci  ildə  valyuta  bazarında  xarici  valyuta  təklifinin  əhəmiyyətli  azalması,  xarici 



valyutaya tələbin isə kəskin artması müşahidə edilmişdir. Bu, valyuta bazarının həm nağd, həm 

də qeyri-nağd seqmentləri üzrə baş vermişdir. 

Tədiyə  balansının  profisitinin  aşağı  düşməsi  səbəbindən  başlanılmış  büdcə  xərclərinin 

yığcamlaşdırılması siyasəti çərçivəsində neft gəlirlərinin büdcəyə transfertlərinin azaldılması 

da  xarici  valyuta  təklifinin  əhəmiyyətli  məhdudlaşmasına  gətirib  çıxarmışdır.  Transfertlərin 

həcminin azalması şəraitində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta 

satışları ötən illə müqayisədə 33% azalmışdır. Xarici valyutaya tələbin kəskin artması isə əsasən 

yüksək dollarlaşma ilə izah olunur.  



 

 



Bütövlükdə, yaranmış yeni situasiyada neftin yüksək qiyməti (100 ABŞ dolları) dövründə 

formalaşmış  makroiqtisadi  göstəricilərin  əhəmiyyətli  korreksiyasına  zərurət  yaranmışdır. 

Valyuta  bazarına  və  manatın  məzənnəsinə  ciddi  təzyiqlərin  yaranmasını  nəzərə  alaraq  cari  ilin 

fevralında manatın devalvasiyası həyata keçirilmiş, valyuta bazarı və manatın məzənnəsi neftin 

50-55  dollar  qiymətinə  adaptasiya  olunmağa  başlamışdı.  Cari  ilin  may-iyul  aylarında  Mərkəzi 

Bank müəyyən həcmdə valyuta alışları da həyata keçirmişdi. 

Lakin,  iyul  ayının  sonlarından  etibarən  neftin  qiymətinin  sürətlə  aşağı  düşməsi  valyuta 

bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyətli artırmışdır. Eyni zamanda tərəfdaş ölkələrdə 

davam edən devalvasiyaların milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsirləri 

güclənmişdir. Son aylarda volatilliyin daha da artması nəzərə alınmaqla 2014-cü ilin əvvəlindən 

bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötmüşdür.  

Bütün  bunlar  xarici  valyutaya  tələbatı  artırmaqla  manatın  məzənnəsinə  güclü  təzyiq 

yaratmış,  manatın  məzənnəsinin  dəyişməsi  gözləntilərini  yüksəltmişdir.  Bu  proseslərin  təsiri 

altında  valyuta  bazarında  kəskin  dizbalans  yaranmışdır.  Mərkəzi  Bankın  valyuta  bazarında 

satışları  8  mlrd.  ABŞ  dollarını  ötmüş,  valyuta  ehtiyatları  isə  5  mlrd.ABŞ  dollarınadək 

düşmüşdür.  Bununla  da  Mərkəzi  Bank  neftin  yüksək  qiymətlərində  iqtisadiyyatdan  topladığı 

xarici  valyutanı  yenidən  iqtisadiyyata  qaytarmış,  nəticədə  iqtisadi  subyektlərin  balanslarının 

valyuta strukturu dəyişmişdir. Əhalinin xarici valyutada əmanətləri (ABŞ dolları ifadəsində) ilin 

əvvəlindən bəri 40%-dən çox artaraq 5 mlrd.ABŞ dollarını ötmüşdür.   

Yaranmış  şərait  valyuta  bazarının  və  manatın  məzənnəsinin  yeni  neft  qiymətlərinə 

uyğunlaşmasını  zəruri  etmişdir.  Bunu  nəzərə  alaraq  Mərkəzi  Bankın  İdarə  Heyəti  21  dekabr 

2015-ci  il  tarixində  “üzən  məzənnə”  rejiminə  keçilməsi  barədə  qərar  qəbul  etmişdir.  Bu  qərar 

manatın  məzənnəsinin  valyuta  bazarındakı  konyunktura  uyğun  yeni  səviyyədə  formalaşmasını 

şərtləndirmişdir.  Nəticədə  manatın  bütün  tərəfdaş  ölkələrin  valyutalarına  nəzərən  nominal 

ikitərəfli  məzənnəsi  əhəmiyyətli  ucuzlaşmış,  onun  nominal  effektiv  məzənnəsi  40%-dən  çox 

ucuzlaşmışdır. Effektiv məzənnənin ucuzlaşması idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını 

stimullaşdıran amildir.  

MONETAR  VƏZİYYƏT.  Pul  kutləsinin  dinamikası  əsasən  valyuta  bazarında  gedən 



proseslərin təsiri altında formalaşmışdır.  

Cari  ilin  11  ayda  manatla  geniş  pul  kütləsi  (M2  pul  aqreqatı)  48%  azalmışdır  ki,  bu  da 

əsasən  iqtisadi  subyektlərin  öz  nağd  və  qeyri-nağd  yığımlarını  xarici  valyutaya  konvertasiya 

etmələri  ilə  əlaqədardır.  Xarici  valyutada  əmanət  və  depozitlərin  cəmi  əmanət  və  depozitlərdə 

xüsusi çəkisi ilin əvvəlindəki 36.2%-dən dövrün sonuna 68.4%-ə yüksəlmişdir.  

Pul  siyasəti  alətləri  ilə  bağlı  qərarların  qəbulu  zamanı  Mərkəzi  Bank  inflyasiya  hədəfini  

nəzərə  almışdır.  İnflyasiyanın  məqbul  səviyyədə  qalmasını  və  pul  kütləsinin  dəyişimindəki  



 

 



meyilləri  nəzərə  alaraq,  Mərkəzi  Bank  məcburi  ehtiyat  normasını  2%-dən  0.5%-ə,  uçot 

dərəcəsini isə 3.5%-dən 3%-ə endirilmişdir.  

İqtisadi artıma dəstək vermək və maliyyə sabitliyini qorumaq üçün Mərkəzi Bank cari ildə 

iqtisadiyyata  müxtəlif  kanallarla  (bankların  yenidən  maliyyələşdirilməsi,  hökumət  zəmanəti  ilə 

mühüm  sosial-iqtisadi  əhəmiyyət  kəsb  edən  layihələrin  maliyyələşdiriləməsi,  məcburi 

ehtiyatların  azaldılması,  banklardan  və  qeyri-bank  kredit  təşkilatlarından  qiymətli  kağızların 

alınması, “SVOP” əməliyyatları və s) likvidlik vermişdir.  

 

1.3. MALİYYƏ SABİTLİYİ VƏ BANK SİSTEMİNİN İNKİŞAFI  

PRUDENSİAL  NƏZARƏT.  2015-ci  ildə  prudensial  tənzimləmə  bank  sektorunun 



dayanıqlığının  qorunmasına  yönəldilmiş,  bankların  fəaliyyətinə  təsir  edən  daxili  və  xarici 

amillərin monitorinqi əsasında müvafiq preventiv tədbirlər görülmüşdür. 

Mərkəzi  Bankın  bank  nəzarəti  və  prudensial  tənzimləmə  sisteminin  çevikliyinin 

artırılması  təmin  edilmişdir.  Həyata  keçirilən  tədbirlər  bank  sektorunda  riskləri  adekvat 

səviyyələrdə  idarə  etməyə  imkan  vermişdir.  Bankların  məzənnənin  korreksiyasına  adaptasiyası 

məqsədilə  məzənnə  riskinin  tənzimlənməsi  üçün  istifadə  olunan  açıq  valyuta  mövqeyi 

normativi  çevik  tənzimlənmişdir.  Məzənnə  korreksiyasının  borcalanların  borc  yükünə  təsirinin 

minimallaşdırılması  məqsədilə  Mərkəzi  Bank  bank  aktivləri  üzrə  ehtiyatlanma  tələblərini 

yumşaltmışdır.  Eyni  zamanda  bank  sektorunda  maliyyə  dayanıqlığının  qorunmasına  yönəlmiş 

əlavə  tədbirlər  görülmüşdür.  Kəmiyyət  xarakterli  requlyativ  tələblər  yüngülləşdirilmiş,  kapital 

adekvatlığı  əmsalı  10%-ə,  leverec  əmsalı  5%-ə  endirilmişdir.  Nəticədə  bank  sistemində  əlavə 

kapital və kreditləşmə imkanları yaradılmışdır.       

Bank  sisteminin  restrukturizasiyası  çərçivəsində  mühüm  qərarlar  qəbul  edilmişdir. 

Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanı ilə “Azərbaycan Beynəlxalq Bankı” 

ASC-nin  dövlətə  məxsus  səhmlərinin  özəlləşdirilməyə  hazırlanması  ilə  bağlı  sağlamlaşdırma 

tədbirləri  müəyyənləşdirilmişdir.  Fərmanın  icrası  çərçivəsində  bankın  problemli  aktivlərinin 

“Aqrarkredit”  Qapalı  Səhmdar  Cəmiyyəti  Bank  Olmayan  Kredit  Təşkilatına  (“Aqrarkredit” 

QSC)  ötürülməsi  təmin  edilmişdir.  Eyni  zamanda  qeyri-sağlam  2  bank  sektordan 

kənarlaşdırılmışdır (onların aktivlərinin sektorun aktivlərində payı cəmi 0.3% olmuşdur).    

2015-ci  ildə  Mərkəzi  Bank  tənzimləmə  çərçivəsinin  Bazel  tövsiyələri  və  Avropa 

Direktivlərinə  uyğunlaşdırılması  işlərini  davam  etdirmişdir.  “Kontr-tsiklik”  idarəetmə  çərçivəsi 

inkişaf  etdirilmiş,  erkən  xəbərdarlıq  potensialı  gücləndirilmişdir.  Bank  kapitalının  gözlənilməz 

itkiləri  absorbsiya  etmək  potensialının  gücləndirilməsi  məqsədilə  kapitallaşma  tələblərinin 

mərhələli qaydada Bazel standartlarına uyğunlaşdırılması tədbirləri davam etdirilmişdir. 

Banklarda  korporativ  idarəetmənin  inkişafı,  xüsusilə  kompensasiya  və  mükafatlandırma 

siyasətinin tənzimlənməsinə dair yeni təşəbbüslər irəli sürülmüşdür. Banklarda və bank olmayan 




 

 



kredit  təşkilatlarında  “məsuliyyətli  kreditləşdirmə”nin  təşviqi  üzrə  metodoloji  baza 

yaradılmışdır.  Bankların  konsolidasiyasının  tənzimlənməsinin  normativ  bazasının  yaradılması 

üzrə son tamamlama işləri aparılmışdır.  

Dünya 


Bankı 

(DB) 


və 

BVF 


tərəfindən 

Azərbaycan 

maliyyə 

sektorunun 

qiymətləndirilməsi  üzrə  ikinci  Maliyyə  Sektorunun  Qiymətləndirilməsi  Proqramı  (FSAP) 

həyata keçirilmişdir.  Bank sisteminin strukturu  və  maliyyə sabitliyi,  maliyyə  xidmətlərinə çıxış 

imkanları  proqramla  əhatə  edilmiş,  nəzarət  çərçivəsinin  Bazel  prinsiplərinə  uyğunluğu 

qiymətləndirilmişdir.   

Görülmüş  prudensial  nəzarət  tədbirləri  başlıca  maliyyə  sabitliyi  göstəricilərinin 

qənaətbəxş səviyyədə qorunmasına imkan vermişdir.   

Hesabat  dövrünün  sonuna  bank  sektoru  üzrə  kapital  adekvatlığı  12%-lik  normaya  qarşı 

17.8% təşkil etmişdir. Bankların kapitalının böyük hissəsini səhmdar kapitalı təşkil edir ki, bu da 

potensial şoklara qarşı müqavimətin artırılması üzrə qlobal meyillərə uyğundur.  

Bank sektorunun likvidliyi qənaətbəxş səviyyədə olmuş, öhdəliklərin  və  hesablaşmaların 

icrası  fasiləsiz  həyata  keçirilmişdir.  Sektorun  ani  likvidlik  əmsalı  (68.6%)  Mərkəzi  Bankın 

minimum tələbindən (30%) 2 dəfədən yüksək olmuşdur.  



Bank  aktivlərinin  keyfiyyəti  qənaətbəxş  səviyyədədir.  Dövrün  sonuna  real  sektorun  və 

əhalinin vaxtı keçmiş kredit borclarının ümumi portfeldə xüsusi çəkisi cəmi 7% təşkil edir. 

Ölkədə maliyyə savadlılığının artırılması məqsədilə Maliyyə Savadlılığı Portalı fəaliyyətə 

başlamışdır.  

MALİYYƏ  VASİTƏÇİLİYİ.  2015-ci  ildə  bank  sisteminin  inkişaf  dinamikasının 

qorunması  və  iqtisadi  subyektlər  üçün  kreditlərin  dəyərinin  optimallaşdırılması  istiqamətində 

tədbirlər davam etdirilmişdir. 

Mərkəzi  Bank  Bank  ictimaiyyəti  ilə  fəal dialoq şəraitində  kredit faizlərinin azaldılması 

istiqamətində  kompleks  tədbirlər  görmüşdür.  Bankların  fiziki  şəxslərin  kreditləşdirilməsi  ilə 

əlaqədar  sosial  məsuliyyətinin  gücləndirilməsi  çərçivəsində  komisyon  haqqlarının  1%-lə 

məhdudlaşdırılmasına  dair  qərar  qəbul  olunmuşdur.  Bankların  əməliyyat  xərclərinin  aşağı 

salınması  üçün  milli  ödəniş  sistemi  vasitəsilə  aparılan  banklararası  ödənişlər  üzrə  xidmət 

haqqları və nağd pulun məxarici üzrə tariflər də azaldılmışdır. 

Hesabat  dövrünün  sonuna  kreditlər  üzrə  orta  faiz  dərəcəsi  13.4%  (inflyasiya  səviyyəsi 

nəzərə  alınmaqla  real  faiz  9.7%),  o  cümlədən  kommersiya  kreditləri  üzrə  9  %  (real  faiz  5.3%) 

təşkil edir.  



Bank  aktivləri  10%  artaraq  27.8  mlrd.  manata  çatmışdır  ki,  bu  da  qeyri-neft  ÜDM-in 

75%-nə  bərabərdir.  İqtisadiyyata  kredit  qoyuluşlarının  həcmi  18.7  mlrd.  manata  çatmışdır  ki, 

bunun  da  77%-ni  uzunmüddətli  kreditlər  təşkil  edir.  Portfelin  çox  hissəsi  (72%-i)  biznes 

kreditlərinin payına düşür.  




 

 



Ev  təsərrüfatlarına  kreditlər  üzrə  riskləri  nəzərə  alaraq  Mərkəzi  Bank  bu  sahədə 

qabaqlayıcı  tənzimləyici  tədbirləri  2015-ci  ildə  də  davam  etmişdir.  Ev  təsərrüfatlarına  kreditlər 

2.3%, avtomobil kreditləri isə 42% azalmışdır.  

İpoteka  kreditləşdirilməsi  davam  etdirilmiş,  2000  nəfərdən  çox  şəxsə  96  mln.  manat 

ipoteka  krediti  verilmişdir.  İpoteka  Fondunun  kredit  portfeli  789  mln.  manata  çatmış,  ipoteka 

alanların  sayı  isə  18  mini  ötmüşdür.  Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycan 

İpoteka  Fondu” Açıq Səhmdar Cəmiyyətinin  yaradılması  haqqında 27 oktyabr 2015-ci  il tarixli 

Fərmanı ilə ölkədə ipoteka kreditləşməsinin yeni əsaslarla inkişafına start verilmişdir. 

 

Hesabat  dövründə  əhalinin  əmanətləri  bankların  başlıca  resurs  mənbəyi  olmuşdur. 



Hesabat  dövrünün  sonuna  əhalinin  bank  əmanətləri  7  mlrd.  manatdan  çox  olmuşdur.  Cari  ildə 

Əmanətlərin  Sığortalanması  Fondu  tərəfindən qorunan əmanətlər  üzrə  faizlərin  yuxarı  həddinin 

9%-dən  12%-ə  qaldırılması  da  bank  sistemində  əmanətlərin  qorunmasında  mühüm  rol 

oynamışdır. Hazırda Əmanətlərin Sığortalanması Fonduna üzv banklar tərəfindən xidmət olunan 

7.3 mln. nəfər əmanətçinin 91% hissəsi qorunan əmanətçilərdir.   

ÖDƏNİŞ  SİSTEMLƏRİ.  Ödəniş  sistemlərinin  sabit  və  təhlükəsiz  fəaliyyətinin  təmin 



edilməsi və inkişafı Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olmuşdur.  

Milli  Ödəniş  Sistemi  (MÖS)  ilə  2015-ci  ildə  həyata  keçirilən  ödənişlərin  sayı  13%-dən 

çox artmış, ödənişlərin həcmi isə ÜDM-in 2.4 mislini təşkil etmişdir.  

Davamlı  və  sabit  fəaliyyəti  təmin  etmək  üçün  milli  ödəniş  sistemlərinin  fəaliyyəti  lokal 

telekommunikasya şəbəkəsi üzərindən yenidən qurulmuşdur. Bu milli valyutada hesablaşmaların 

kənar  təsirlərdən  və  xarici  risklərdən  tam  qorunmasına  imkan  verir.  Ödəniş-kart 

infrastrukturunun  təhlükəsizliyinin  artırılması  və  aparılan  əməliyyatlar  üzrə  məlumatların 

ölkədən  kənara  ötürülməsinin  qarşısının  azaldılması  istiqamətində  də  kompleks  tədbirlərə 

başlanılmışdır.   

Hesabat  ilində  "Hökumət  Ödəniş  Portalı"nın  (HÖP)  genişləndirilməsi  davam 

etdirilmişdir. Artıq 13 dövlət qurumu və 12 kütləvi xidmət təşkilatı "Hökumət Ödəniş Portalı"na 

inteqrasiya  olunmuşdur.  Eyni  zamanda  HÖP  infrastrukturu  “Elektron  Hökümət”  dövlət 

informasiya  resursu  ilə  tam  şəkildə  inteqrasiya  edilmişdir.  ASAN  ödəniş  sistemi  vasitəsi  ilə 

ödənişlərin, habelə “ASAN xidmət” mərkəzlərində göstərilən dövlət xidmətləri üzrə ödənişlərin 

HÖP üzərindən aparılması təmin edilmişdir. 

HÖP-ə  inteqrasiya  olunmuş  təşkilatlar  üzrə  330-dan  çox  növdə  xidmətlərlə  bağlı 

ödənişlərin  2000-ə  yaxın  ödəniş  məntəqələrində  həm  nağd,  həm  də  nağdsız  formada  həyata 

keçirilməsi  imkanları  mövcuddur.  Digər  ödənişlərlə  yanaşı  təhsil  haqqlarının  da  bu  sistem 

vasitəsilə  ödənilməsinə  başlanılmışdır.  Əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  sistemdə 

emal olunan əməliyyatların həcmi 35% artmışdır.

 



 

 



2015-ci ildə poçt sisteminin 63 filialı və onların tərkibində sayı 1104-ə çatan poçt şöbələri 

tərəfindən  iqtisadiyyata  maliyyə  xidmətlərinin  göstərilməsi  davam  etmişdir.  Ödəniş  kartlarının 

sayı  5.7  mln.  ədədə,  bankomatların  sayı  2695  ədədə,  POS-terminalların  sayı  isə  76210  ədədə 

çatmışdır.  Bankomatların  sayı  4.2%,  POS-terminalların  sayı  isə  11%  artmışdır.  Ölkə  daxilində 

ödəniş  kartları  ilə  aparılmış  nağdsız  ödənişlərin  həcmi  29%,  ödəniş  kartları  ilə  elektron  ticarət 

vasitəsilə aparılmış ödənişlərin həcmi isə təxminən 2 dəfə artmışdır. İctimai nəqliyyatda kütləvi 

surətdə nağdsız ödənişlərdən istifadəyə başlanmışdır.  

 

 



II. 2016-CI İL ÜÇÜN PUL VƏ MALİYYƏ SABİTLİYİ SİYASƏTİ

 

Orta  müddətli  dövrdə  milli  iqtisadiyyatın  “yenidən  balanslaşdırılması,”  özəl 

investisiyalara  və  ixraca  arxalanan  iqtisadi  artım  modelinə  (“təklif  iqtisadiyyatı”)  keçidin 

sürətlənməsi  və  bu  əsasda  daha  dayanıqlı  və  şaxələndirilmiş  iqtisadi  artımın  təmin  edilməsi 

iqtisadi  siyasət  qarşısında  duran  strateji  çağırışdır.  Bu  çağırışa  uyğun  olaraq  milli 

iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin 

bütün  istiqamətlərinin  daha  effektiv  sinxronlaşdırılması  vasitəsilə  makroiqtisadi  və  maliyyə 

sabitliyinin  təmin  edilməsi  istiqamətində  Mərkəzi  Bank  hökumətlə  birlikdə  kompleks  tədbirlər 

həyata keçirəcəkdir. 

2016-cı  ildə  Mərkəzi  Bank  pul  siyasətinin  çevikliyinin  artırılmasına,  milli  iqtisadiyyatın 

maliyyə  dayanıqlığının  və  beynəlxalq  rəqabət  qabiliyyətinin  təmin  olunmasına  imkan  verən 

siyasət  həyata  keçirəcəkdir.  Mərkəzi  Bankın  məzənnə  siyasəti  “üzən  məzənnə  rejimi”nin 

tələblərinə  uyğun  olaraq  məzənnədə  kəskin  tərəddüdlərin  hamarlanmasına  yönələcəkdir.  Eyni 

zamanda  hökumətlə  birlikdə  valyuta  bazarının  tarazlaşırılmasına  yönəlmiş  əlavə  tədbirlərin  də 

görülməsi nəzərdə tutulur. 

Eyni  zamanda  bank  sektorunda  maliyyə  sabitliyinin  qorunması  da  mühüm  hədəflərdən 

biridir.  Banklarda  əhalinin  əmanətlərinin  və  digər  depozitlərin  təhlükəsizliyinin  təmin  edilməsi 

məqsədilə  bank  sektorunun  maliyyə  dayanıqlığının,  kapital  və  likvidlik  mövqeyinin 

gücləndirilməsi,  əmanətlərin  sığortalanması  sisteminin  təkmilləşdirilməsi  istiqamətində 

kompleks  tədbirlər  görüləcəkdir.  Maliyyə  infrastrukturunun  inkişafı,  nağdsız  hesablaşmaların 

və elektron ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir. 

 

2.1. QLOBAL İQTİSADİ MÜHİT VƏ PROQNOZLAR

 

DÜNYA  İQTİSADİYYATI.  Yüksələn  qlobal  risklər  fonunda  2016-cı  ildə  də  dünya 



iqtisadiyyatında  artımın  zəif  və  kövrək  olacağı,  beynəlxalq  əmtəə  və  maliyyə  bazarlarında  isə 

qeyri-müəyyən şəraitin qalacağı proqnozlaşdırılır. 


 

10 


 

BVF-nun  son  proqnozlarına  görə  2016-ci  ildə  qlobal  iqtisadi  artımın  3.8%  olacağı 

gözlənilir. Bu cari  illə  müqayisədə  yüksək olsa da son qlobal  iqtisadi böhrandan öncəki 10  illə 

müqayisədə (4.2%) aşağıdır. İEÖ üzrə 2.4%, İEOÖ üzrə isə 4.7% artım proqnozlaşdırılır.  

2016-cı  ildə  də  inkişaf  etmiş  ölkələrin  qlobal  iqtisadi  artımda  iştirak  payının  artacağı 

proqnozlaşdırılır. Növbəti ildə ABŞ-da iqtisadi artımın cari illə müqayisədə yüksələrək 3% təşkil 

edəcəyi  proqnozlaşdırılır.  Bu  şəraitdə  ABŞ-ın  Federal  Ehtiyatlar  Sisteminin  yumşaq  monetar 

siyasətindən  tədricən  imtina  edilməsi  siyasətinin  davam  edəcəyi  gözlənilir.  Yumşaq  monetar 

siyasətin təsiri altında 2016-ci ildə Avrozonada iqtisadi artımın 1.7% olacağı gözlənilir. 

Maliyyələşmə  şərtlərinin  sərtləşməsi,  struktur  islahatların  ləng  aparılması  və  geosiyasi 

gərginliyin  qalması  ilə  əlaqədar  növbəti  ildə  inkişaf  etməkdə  olan  ölkələrdə  iqtisadi  artımın 

kövrək  olacağı  gözlənilir.  Bu  ölkə  qrupu  üzrə  2016-cı  il  üçün  artım  proqnozu  son  on  ilin  orta 

göstəricisindən  1.1  faiz  bəndi  aşağıdır.  BVF-nun  proqnozları  əsasında  aparılmış  hesablamalara 

görə  2016-cı  ildə  Azərbaycanın  15  ticarət  tərəfdaşı  üzrə  (qeyri-neft  ixrac  çəkili)  cəmi  1.2% 

iqtisadi artım gözlənilir.  

Növbəti  ildə  qlobal  ticarətin  4.1%  artacağı  proqnozlaşdırılır  ki,  bu  da  1990-2014-cü 

illərin  orta  göstəricisindən  1  faiz  bəndi  azdır.  Mövcud  qlobal  konyunktur  kapital 

daxiolmalarının  növbəti  ildə  də  İEÖ  üzrə  daha  çox  artacağını  proqnozlaşdırmağa  əsas  verir. 

UNCTAD-ın  proqnozuna  görə  2016-cı  ildə  birbaşa  xarici  investisiya  axınları  İEÖ-lərə  13.9%, 

İEOÖ-lərə  isə  3.9%  artacaqdır.  Bununla  belə,  İEOÖ-in  birbaşa  xarici  investisiya 

daxilolmalarında payı yüksək (50%-dən çox) olaraq qalacaq.   

Aparıcı  ölkələrdə  iqtisadi  fəallıq  və  mərkəzi  bankların  monetar  siyasəti  qlobal  maliyyə 

bazarlarına  da  təsirsiz  qalmayacaq.  Valyuta  axınlarındakı  qeyri-müəyyənliklər  Azərbaycanın 

ticarət tərəfdaşı olan ölkələrin valyutalarının məzənnələrindəki dəyişkənliyi artıra bilər. ABŞ-da 

monetar siyasətin sərtləşməsi və dünya əmtəə qiymətlərinin azalması şəraitində inkişaf etməkdə 

olan ölkələrdə yeni devalvasiya dalğalarının yaşanacağı istisna deyil.  

Gözlənilən qlobal iqtisadi mühitdə əmtəə bazarlarında qiymətlərin dəyişkən dinamikaya 

malik  olacağı  proqnozlaşdırılır.  BVF  2016-ci  ildə  əmtəə  qiymətlərinin  13.6%,  ərzaq 

qiymətlərinin isə 4.7% aşağı düşəcəyini  proqnozlaşdırır.  

2016-cı il üçün dünya bazarında neftin orta qiyməti ilə bağlı müxtəlif proqnozlar verilir. 

Dünya  neft  bazarında  təklifin  tələbi  üstələməsi  şəraitində  əksər  analitik  mərkəzlər  neftin 

uzuclaşmaqda davam edəcəyini proqnozlaşdırırlar.  

MİLLİ  İQTİSADİYYAT.  2016-cı  ildə  Mərkəzi  Bankın  siyasəti  milli  iqtisadiyyata  təsir 



edən  xarici  və  daxili  iqtisadi  amillər,  ortamüddətli  proqnozlar  nəzərə  alınmaqla  həyata 

keçiriləcəkdir.     


 

11 


 

2016-cı  ildə  də  qeyri-neft  sektoru  iqtisadi  artımın  başlıca  mənbəyi  olacaqdır.  Milli 

iqtisadiyyatın  və  ixracın  şaxələndirilməsinə  yönəlmiş  əlavə  tədbirlər  qeyri-neft  sektorunda 

iqtisadi artıma müsbət təsir edəcəkdir.  

Neftin  qiyməti  tədiyə  balansının  profisitinə  təsir  göstərən  başlıca  amildir.  Müxtəlif 

qiymət  ssenariləri  üzrə  hökumətin  və  Mərkəzi  Bankın  adekvat  siyasət  reaksiyaları  mövcuddur. 

Neftin  30  ABŞ  dolları  qiymətinə  düşməsi  perspektivləri  nəzərə  alınmaqla  makroiqtisadi 

siyasətin yeni şəraitə adaptasiyası təmin ediləcəkdir. 

 

Manatın  formalaşmış  yeni  əlverişli  məzənnəsi  neftin  daha  aşağı  qiymətində  belə  idxalın 



əhəmiyyətli  azalmasını  və  yerli  istehsalla  əvəzlənməsini,  qeyri-neft  ixrac  potensialının 

reallaşmasını  təmin  etməklə  tədiyə  balansının  tarazlaşmasına,  habelə  strateji  valyuta 



ehtiyatlarının  yüksək  səviyyədə  (hazırda  ÜDM-in  100%-indən  çox)  qorunub  saxlanmasına 

gətirib çıxarmalıdır.  



 

2.2. 2016-CI İL ÜÇÜN PUL SİYASƏTİ 

PUL  SİYASƏTİNIN  HƏDƏFİ  VƏ  ÇƏRÇİVƏSİ.  2016-cı  ildə  pul  siyasəti  qərarları 



iqtisadi artım və inflyasiya riskləri balansının qiymətləndirilməsi əsasında qəbul ediləcəkdir.  

Başlıca mandatına uyğun olaraq Mərkəzi Bank səlahiyyətləri daxilində qiymət sabitliyinə 

dəstək verməyə çalışacaqdır. Mərkəzi Bank başlıca olaraq baza inflyasiyanın idarə olunmasına 

yönəlmiş siyasət həyata keçirəcəkdir.  

Xarici  ticarət  tərəfdaşı  ölkələrində  inflyasiya  və  manatın  çoxtərəfli  məzənnəsində  baş 

verən  dəyişikliklər  inflyasiyaya  təsir  edən  mühüm  amillər  olacaq.  İnflyasiyanın  səviyyəsinə 

daxili tələbin dinamikası və xarici amillər təsir edəcəkdir. 

2016-cı  ildə  Mərkəzi  Bank  iqtisadi  tsikldən  asılı  olaraq  pul  bazarında  likvidlik 

alətlərindən  adekvat  istifadə  edəcəkdir.  Mərkəzi  Bankın  likvidlik  alətləri  üzrə  faiz  dərəcələri 

“faiz  dəhlizi  konsepsiyası”na  uyğun  olaraq  müəyyənləşdiriləcəkdir.  2016-cı  ildə  faiz  dəhlizinin 

parametrləri  iqtisadi  mühitə  çevik  şəkildə  uyğunlaşdırılacaq,  bunun  üçün  pul  siyasətinin 

iqtisadiyyata ötürücülük qabiliyyətinin xüsusiyyətləri də nəzərə alınacaqdır.  

Mərkəzi  Bank  pul  siyasətinin  çərçivəsini  inflyasiyanın  birbaşa  hədəflənməsi  rejiminə 

uyğunlaşdırmaq  istiqamətindəki  fəaliyyətini  davam  etdirəcəkdir.  İnflyasiyanın  hədəflənməsi 

rejiminə  keçid  şərtlərinin  reallaşdırılması  ilə  yanaşı  pul  siyasəti  dizaynında  baş  verən 

dəyişikliklər, mərkəzi bankların hədəf perimetrinin və alət arsenalının genişləndirilməsi ilə bağlı 

son meyillər nəzərə alınacaqdır. 

“Üzən  məzənnə”  rejiminə  keçdikcə  Mərkəzi  Bank  alternativ  operativ  hədəflər 

(“lövbərlər”)  vasitəsilə  inflyasiyanın  monetar  amillərinə  təsir  göstərməyə  çalışacaqdır.  Pul 

siyasətinin  faiz  dəcərələrinə  və  iqtisadiyyata  ötürücülük  qabiliyyətinin  gücləndirilməsini  təmin 

etmək  üçün  bu  siyasətin  effektiv  həyata  keçirilməsinin  əsas  mexanizmi  olan  banklararası  pul 



 

12 


 

bazarının inkşafının sürətləndirilməsi diqqət mərkəzində saxlanacaq, buradakı faiz dərəcələrinin 

faiz dəhlizi mexanizminə inteqrasiyası imkanlarına baxılacaqdır.  

Eyni zamanda pul siyasətinin makroprudensial siyasətlə sıx əlaqələndirilməsinə diqqət 

artırılacaqdır.   

MƏZƏNNƏ  SİYASƏTİ.  2016-cı  ildə  manatın  məzənnəsi  başlıca  olaraq  valyuta 

bazarında  tələb  və  təklif  nisbətini  müəyyən  edən  fundamental  amillərin  təsiri  altında,  “üzən 

məzənnə rejimi” çərçivəsində formalaşacaqdır.  

Üzən  məzənnə  iqtisadiyyatın  mənfi  xarici  şoklardan  etibarlı  qorunmasını,  onun  orta  və 

uzunmüddətli  dayanıqlığının  gücləndirilməsini,  iqtisadiyyatın  və  ixracın  şaxələnməsinin 

sürətləndirilməsini, yerli istehsalın beynəlxalq rəqabət qabiliyyətinin daha da artırılmasını təmin 

etməlidir.  Məzənnə  rejiminin  çevikliyinin  artırılması  valyuta  ehtiyatlarının  zəruri  həcmdə 

qorunmasına imkan verən ən mühüm amildir.  

Eyni  zamanda  üzən  məzənnə  inflyasiyanın  hədəflənməsi  rejiminə  keçidin  başlıca 

şərtlərindən  biridir.  Növbəti  ildə  iqtisadi  subyektlərin  üzən  məzənnə  rejiminə  adaptasiyasının 

tamamlanması gözlənilir.  

2016-cı  ildə  xarici  iqtisadi  şoklar,  neftin  qiyməti,  xarici  ticarətdə  tərəfdaş  ölkələrin,  

xüsusən  neft  amilinin  güclü  təsir  etdiyi  ölkələrin  milli  valyutalarının  dəyişməsi  dinamikası 

valyuta bazarına və manatın məzənnəsinə təsir göstərən əsas amillər olacaqdır. 

Digər  tərəfdən,  fiskal  siyasət,  o  cümlədən  dövlət  investisiya  siyasəti,  xarici  borcun  idarə 

olunması,  beynəlxalq  hesablaşmalar  mexanizminin  təkmilləşdirilməsi  tədbirləri  və  digər 

institusional məsələlərin həlli valyuta balansına təsir edəcək mühüm amillərdir.   

 

Bütün  bunları  nəzərə  alaraq,  2016-cı  ildə  Mərkəzi  Bank  hökumətlə  birgə  sərəncamında 



olan  imkanlardan  istifadə  etməklə  valyuta  bazarının  tarazlaşdırılmasına  və  bu  əsasda  kəskin 

məzənnə tərəddüdlərinin hamarlanmasına çalışacaqdır.     



 

2.3. MALİYYƏ SABİTLİYİ VƏ MALİYYƏ VASİTƏÇİLİYİ 

MALİYYƏ  SABİTLİYİ.  2016-cı  ildə  Mərkəzi  Bank  dəyişkən  iqtisadi  mühitdə  bankların 



risklərə  qarşı  dayanıqlığının  yüksəldilməsi  istiqamətində  səylərini  artıracaqdır.  Stress-testlər 

əsasında  Mərkəzi  Bank  müxtəlif  iqtisadi  şoklara  qarşı  bank  sektorunun  vəziyyətini  preventiv 

qaydada  simulyasiya  etməklə  maliyyə  sabitliyini  qorumaq  və  effektiv  idarə  etmək  üçün  zəruri 

hallarda  sektora  müvafiq  intervensiyaların  həyata  keçirilməsini  diqqət  mərkəzində 

saxlayacaqdır. 

Bank sisteminin sağlamlaşdırılması çərçivəsində  ilk  növbədə  Azərbaycan Respublikası 

Prezidentinin  “Azərbaycan  Beynəlxalq  Bankı”  Açıq  Səhmdar  Cəmiyyətinin  dövlətə  məxsus 

səhmlərinin  özəlləşdirilməyə  hazırlanması  ilə  bağlı  sağlamlaşdırılma  tədbirləri  haqqında 

Fərmanının icrası təmin olunacaqdır.  




 

13 


 

Bank  sektorunun  aktivlərinin  keyfiyyətinin  qorunması  çərçivəsində  problemli 

aktivlərlə  iş  xüsusi  diqqətdə  saxlanılacaqdır.  Kreditorların  hüquqlarının  müdafiəsi,  o  cümlədən 

girovların realizasiyası mexanizminin təkmilləşdirilməsinə dair təşəbbüslər davam etdiriləcəkdir. 

Bankların kredit siyasətinin “məsuliyyətli kreditləşmə” fəlsəfəsi çərçivəsində həyata keçirilməsi 

növbəti ildə də hərtərəfli təşviqi olunacaqdır.  

Bank  sisteminin  likvidlik  səviyyəsinin  məqbul  səviyyədə  qorunması  və  onun  səmərəli 

idarə  olunması  mexanizmlərinin  yaradılması  xüsusi  diqqətdə  saxlanılacaqdır.  Mərkəzi  Bankın 

qısamüddətli  likvidlik  pəncərəsi,  habelə zəruri  hallarda   orta  və  uzun  müddətli  likvidlik alətləri 

arsenalı  bank  sisteminin  likvidliyinin  qorunmasında  mühüm  rol  oynayacaqdır.  Bundan  başqa 

dövlət  qiymətli  kağızlarının  həcminin  genişlənməsi  və  banklararası  kredit  bazarının  inkişafı  da 

banklar tərəfindən likvidlik mövqeyinin çevik tənzimlənməsinə müsbət təsir edən amillər olacaq.  

Bazel  prinsipləri  və  Avropa  Direktivləri  nəzərə  alınmaqla  bank  nəzarəti  çərçivəsinin 



təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi üzrə işlər 2016-

cı  ildə  də  davam  etdiriləcəkdir.  Mərkəzi  Bank  bankların  əməliyyat  risklərinin  prudensial 

tələblərlə əhatə edilməsinə başlayacaqdır.  

Bankların risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi 2016-cı ildə də 

dəstəklənəcəkdir.  Banklarda  korporativ  idarəetmə  standartlarının  tətbiqi,  stress-testləşmə  və 

modelləşdirmə potensialının yüksəldilməsi üzrə yeni tədbirlər həyata keçiriləcəkdir.   



Bank  sisteminə  etimadın  artırılması  çərçivəsində  qorunan  əmanətlərin  əhatə  dairəsinin 

genişləndirilməsi,  differensial  sığorta  sisteminə  keçid  məsələsi  diqqətdə  saxlanılacaqdır.  Zəruri 

hallarda  beynəlxalq  təcrübəyə  uyğun  olaraq  əmanətlərə  tam  məbləğdə  təminat  verilməsi 

məsələsinə  də  baxıla  bilər.  Maliyyə  xidmətləri  istehlakçılarının  hüquqlarının  müdafiəsi 

sisteminin  gücləndirilməsi  və  əhalinin  maliyyə  savadlığı  səviyyəsinin  yüksəldilməsi 

istiqamətində  fəaliyyət  də  bank  sisteminə  etimadın  yüksəldilməsinə  xidmət  edəcəkdir.  2016-cı 

ildə  müxtəlif  hədəf  qruplarından  olan  əhali  arasında  maliyyə  savadlılığının  artırılması 

istiqamətində geniş marifləndirmə tədbirləri davam etdiriləcək. 

MALİYYƏ  VASİTƏÇİLİYİNİN  İNKİŞAFI.  İqtisadi  artımın  dəstəklənməsində  bank-

maliyyə  sektorunun  rolunun  gücləndirilməsi,  iqtisadi  subyektlərin  kreditə  çıxış  imkanlarının 

daha da genişləndirilməsi istiqamətində fəaliyyət 2016-cı ildə davam etdiriləcəkdir. 

Maliyyə  vasitəçiliyinin  inkişafı  istiqamətində  Mərkəzi  Bankın  fəaliyyəti  iqtisadi  artımın 

effektiv maliyyələşməsini təmin edən, bütün iqtisadi subyektləri geniş çeşidli maliyyə məhsulları 

ilə əhatə edən səmərəli maliyyə sisteminin formalaşdırılmasına hədəflənəcəkdir.  

Real  sektor  müəssisələrinin,  xüsusən  də  orta  və  kiçik  sahibkarlıq  subyektlərinin  ucuz  və 

uzun  müddətli  maliyyə  resurslarına  çıxış  imkanlarını  artırmaq  üçün  hökumətlə  birgə  yeni 

proqramların  işlənməsi  təşəbbüsləri  göstəriləcək.  Qeyri-maliyyə  sektorunda  korporativ 



 

14 


 

idarəetmənin  geniş  tətbiqi,  kreditorların  hüquqlarının  qorunması  mexanizminin  gücləndirilməsi 

növbəti ildə də biznes kreditləşməsinin genişlənməsinin mühüm şərtlərindən olacaqdır.  

Faiz  dərəcələrinin  azaldılması  tədbirləri  ilə  bağlı  2016-cı  ildə  də  Mərkəzi  Bankla  bank 

ictimaiyyəti arasında  fəal dialoq davam etdiriləcəkdir. Ölkədə  nağdsız ödənişlərin  genişlənməsi 

ilə  kreditləşmənin  resurs  mənbələrinin  artırılması,  maliyyə  bazarlarının  bütün  seqmentlərinin 

davamlı  inkişafı,  banklarda  əməliyyat  xərclərinin  optimallaşması  növbəti  ildə  də  faiz 

dərəcələrinə azaldıcı təsir göstərən amil olacaqdır. 

Kredit  institutlarının  regional  şəbəkəsinin  genişləndirilməsi  2016-cı  ildə  də  təşviq 

olunacaqdır.  Bankların,  habelə  poçt  sistemi  daxil  olmaqla  bank  olmayan  kredit  təşkilatlarının 

regional  xidmət  şəbəkəsi  vasitəsilə  bank  xidmətlərinə  çıxışın  artırılması  istiqamətində  tədbirlər 

davam  etdiriləcəkdir.  O  cümlədən  innovativ  maliyyə  alətlərinin  tətbiqinin  regionlarda  da 

genişlənməsinə xüsusi diqqət yetiriləcəkdir.  

Maliyyə  Sektorunun  Qiymətləndirilməsi  Proqramı  (FSAP)  çərçivəsində  Beynəlxalq 

Valyuta Fondu və Dünya Bankı tərəfindən tövsiyələrin icrası qarşıdakı illərdə prudensial nəzarət 

çərçivəsinin  təkmilləşdirilməsi  və  maliyyə  vasitəçiliyinin  genişləndirilməsində  mühüm  rol 

oynayacaqdır. 

ÖDƏNİŞ  İNFRASTRUKTURUNUN  İNKİŞAFI.  Nağdsız  ödənişlərin  inkişafı,  elektron 

ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi növbəti 

ildə də Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaqdır.  

Yeni  xidmətlərin  tətbiqi  ilə  elektron  ödəniş  infrastrukturu  inkişaf  etdiriləcəkdir.  Bu 

məqsədlə  kütləvi  ödənişlər  qəbul  edən  dövlət  qurumlarının  daxili  informasiya  sistemlərinin,  

Hökumət  Ödəniş  Portalına  inteqrasiyası,  təhsil  haqlarının,  bələdiyyə  vergilərinin  toplanılması, 

habelə  notarial  xidmətlər,  vətəndaş  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  və  “Elektron 

Məhkəmə”  sisteminin  Hökumət  Ödəniş  Portalına  inteqrasiyası  istiqamətində  işlər  davam 

etdiriləcəkdir.  Aylıq  əsasda  təkrarlanan  ödənişlərin  (kommunal,  internet,  telefon  haqları  kimi) 

müştərinin  hesabından  avtomatik  silinməyə  imkan  verən  yeni  ödəniş  alətinin  istifadəsi  üçün 

imkanlar yaradılacaqdır. 

Ödəniş sistemlərində informasiya təhlükəsizliyinin beynəlxalq standartlar əsasında təmin 

olunması  məqsədilə  yaradılmış  elektron  imza  infrastrukturundan  maliyyə  sektorunda  istifadə 

genişləndiriləcəkdir.  Cari  ildə  başlamış  işlərin  davami  olaraq  ölkədə  prosessinq  fəaliyyəti 

göstərən  bütün  kart  təşkilatlarının  infrastrukturlarını  əlaqələndirən,    onlar  arasında  aparılan 

əməliyyatları  emal edən yeni sistemin yaradılması təmin ediləcəkdir.  

Ödəniş  xidmətlərinin  effektivlyinin  artırılması  və  xidmət  haqlarının  aşagı  salınması 

istiqamətində banklar ilə işlər davam etdiriləcəkdir.  

Elektron  ödəniş  xidmətlərinin  hüquqi  və  institusional  bazası  gücləndiriləcəkdir.  Bu 

məqsədlə  ödəniş  xidmətləri  üzrə  hüquq  və  vəzifələri,  bank  olmayan  ödəniş  xidməti 



 

15 


 

təchizatçılarının və elektron pul təşkilatlarının yaradılması və fəaliyyətlərinin əsaslarını müəyyən 

edən normativ-hüquqi bazanın yaradılması istiqamətində işlər davam etdiriləcəkdir. 

Elektron  bankçılığın  inkişafı,  nağdsız  ödənişlərdə  innovativ  texnologiyaların  tətbiqinin 

genişləndirilməsi  diqqətdə  saxlanılacaqdır.  Bu  məqsədlə  banklarla  internet  və  mobil  bankçılıq 

xidmətlərinin  inkişaf  etdirilməsi,  məsafədən  təqdim  edilən  xidmətlərin  çeşidinin  artırılması,  

təmassız  ödəniş  texnologiyalarına  əsaslanan  ödəniş  alətlərindən  istifadənin  genişlənməsi 

istiqamətində  işlər  davam  etdiriləcəkdir.  Vergilər  Məcəlləsinə  edilən  son  dəyişikliklərlə  ölkədə 

aksiz  markası  ilə  markalanmalı  malların  alqı-satqısı  zamanı  hesablaşmaların  yalnız  nağdsız 

qaydada aparılması tələbinin qoyulması da nağd dövriyyənin azalmasına xidmət edəcəkdir. 

Elektron ödəniş  xidmətlərinin  istifadəsi  üzrə maarifləndirmə səviyyəsinin  yüksəldilməsi 

istiqamətində  səylər  gücləndiriləcəkdir.  Aidiyyatı  dövlət  qurumları  ilə  əməkdaşlıqda  tədris 

müəssisələrində şagird və tələbələrə elektron ödəniş xidmətlərindən istifadə üzrə zəruri biliklərin 



öyrədilməsi istiqamətində işlər davam etdiriləcəkdir. 

 

Yüklə 141,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə