Azərbaycan Respublikası Nazirlər Kabinetinin



Yüklə 117,86 Kb.
tarix08.04.2018
ölçüsü117,86 Kb.
#36682
növüQaydalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 8 may tarixli 112 nömrəli qərarı ilə

təsdiq edilmişdir:

“Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması”

Q A Y D A L A R I


1.Ümumi müddəalar

1.1. Bu Qaydalar “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli 423-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 664 nömrəli Fərmanına əsasən hazırlanmışdır.

1.2. Bu Qaydalar sudan istifadənin təşkilinə, suvarılan sahələrə meliorasiya xidmətinin göstərilməsinə, meliorasiya və irriqasiya sistemlərinin, onların bütün elementlərinin və qoruyucu meşə əkinlərinin işlək vəziyyətdə saxlanılmasına və qorunmasına olan tələbləri, istismar xidmətinin qarşısında duran məsələləri, istismar və meşə meliorasiya işlərinin tərkibini, miqdarını və həyata keçirilmə dövriliyini müəyyən edir.

1.3. Bu Qaydalara riayət etmək fiziki və hüquqi şəxslər üçün məcburidir. Meliorasiya və irriqasiya sistemlərinin istismarı ilə məşğul olanlar ona riayət etməlidirlər.

1.4. Meliorasiya və irriqasiya sistemlərinin işlək vəziyyətdə saxlanılmasına, texniki cəhətdən təkmilləşdirilməsinə və qorunmasına onların istismarı ilə məşğul olan təşkilatlar məsuliyyət daşıyırlar.

1.5. Meliorasiya və irriqasiya sistemlərinin (Sudan İstifadəedənlər Birliklərinin istifadəsinə verilən sistemlər istisna olmaqla), qoruyucu meşə əkinlərinin və suvarılan torpaqların meliorativ vəziyyətinə texniki nəzarət edilməsi, qorunması, lazımi qulluq və texniki xidmətin göstərilməsi, yeni meşə zolaqlarının salınması meliorasiya və su təsərrüfatı istismar təşkilatlarının müvafiq mühəndis-texniki və xətti-nəzarət işçiləri tərəfindən həyata keçirilir.

1.6. Meliorasiya və irriqasiya sistemlərinin istismarının və qoruyucu meşə əkinlərinin saxlanılmasının əsas məqsədi su və torpaq ehtiyatlarından daha səmərəli istifadə olunması hesabına suvarılan torpaqlardan yüksək və sabit məhsul əldə edilməsinə nail olmaqdır. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilir:

1.6.1. meliorasiya və irriqasiya sistemlərinin bütün elementlərinin işlək vəziyyətdə saxlanılmasını və qorunmasını təmin edən texniki və təşkilati tədbirlərin işlənib yerinə yetirilməsi;

1.6.2. su mənbələrindən tələb olunan miqdarda suyun götürülməsi və vaxtında su istifadəçilərinə çatdırılması;

1.6.3. sudan istifadə planlarının tərtib olunması və onların icrası, mütərəqqi suvarma üsullarının tətbiq və təbliğ edilməsi;

1.6.4. sistemdə su itkiləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi və su mənbəyindən götürülən sudan səmərəli istifadə edilməsi;

1.6.5. sistemin lilləşməsinə və su bitkiləri ilə örtülməsinə səbəb olan amillərə qarşı mübarizənin aparılması;

1.6.6. meliorasiya və irriqasiya sistemlərinin vaxtaşırı təmiri, onların lildən, alaq otlarından, kol-kosdan və digər su bitkilərindən təmizlənməsi, şəbəkələr boyunca meşə zolaqlarının salınması;

1.6.7. suvarılan torpaqların meliorativ vəziyyətinin öyrənilməsi, torpaqların şoranlaşmasının və bataqlıqlaşmasının qarşısının alınması üzrə tədbirlərin, tövsiyələrin hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi, drenaj sularının sahələrdən kənarlaşdırılması;

1.6.8. meliorasiya və irriqasiya sistemlərinin və onların mühafizə zolaqlarının sel axınlarından, subasmalardan və yuyulmadan qorunması üzrə tədbirlərin görülməsi;

1.6.9. meliorasiya və irriqasiya sistemlərinin texniki səviyyəsinin təkmilləşdirilməsi mə qsədi ilə suayırıcı nöqtələrin ölçü qurğuları ilə təmin edilməsi, sistemlərin istismar səviyyəsinin yüksəldilməsi, sahə üzrə qabaqcıl təcrübənin və elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin tətbiq olunması;

1.6.10. istismar işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiq edilməsi;

1.6.11. meliorasiya və irriqasiya sistemlərinin kadastrının və pasportlaşdırılmasının aparılması;

1.6.12. meliorasiya və irriqasiya sistemlərinin təhlükəsizlik bəyannaməsinin hazırlanması, onların dövlət reyestrinin aparılması və qeydiyyata alınması;

1.6.13. suvarma şəbəkələrindən götürülən və su istifadəçilərinə verilən suyun uçotunun aparılması;

1.6.14. meliorasiya və irriqasiya sistemlərində istismar-təmir xərclərinin qabaqcadan proqnozlaşdırılması;

1.6.15. meliorasiya və irriqasiya sistemlərində bərpa və yenidənqurma işlərinin proqnozlaşdırılması;

1.6.16. meliorasiya və irriqasiya sistemlərində elmi-tədqiqat işlərinin aparılması;

1.6.17. sahə üzrə xüsusi ixtisas tələb edən peşə kadrlarının hazırlanmasının təşkili.

1.7. Meliorasiya və irriqasiya sistemlərinin səmərəliliyi aşağıdakı göstəricilərlə müəyyən edilir:

1.7.1. suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsində istifadə olunması dərəcəsi ilə (su təminatı məsələləri ilə bağlı);

1.7.2. su mənbələrindən götürülən və su istifadəçilərinə verilən suyun sudan istifadə planlarına uyğunluğu dərəcəsi ilə;

1.7.3. meliorasiya və irriqasiya sistemlərinin texniki təchizatının səviyyəsi ilə, onların işlək vəziyyətdə saxlanılması, qəzasız fəaliyyətinin təmin olunması dərəcəsi ilə;

1.7.4. meliorasiya və irriqasiya sistemlərinin istismarına və mənbələrdən suvarma suyunun götürülməsinə çəkilən xərcin səviyyəsi ilə.

1.8. Təyinatından, təhlükəsizlik dərəcəsindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq, hidrotexniki qurğular təsnifatlaşdırılır və dövlət və yerli əhəmiyyətli qurğulara bölünür.

1.9. Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”na əsasən aparılır.

1.10. Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı onların istismar üçün sərəncamına verildiyi müəssisə və təşkilatların uçot siyahısı üzrə müəyyən edilir.

1.11. Meliorasiya və irriqasiya şəbəkələri suburaxma qabiliyyətindən asılı olaraq dərəcələrə (magistral, I, II və III dərəcəli) bölünür:

1.11.1. magistral - suburaxma qabiliyyəti saniyədə 10 kub. m-dən çox olan şəbəkələr;

1.11.2. I dərəcəli - suburaxma qabiliyyəti saniyədə 1-10 kub. m arasında olan şəbəkələr;

1.11.3. II dərəcəli - suburaxma qabiliyyəti saniyədə 0,3-1,0 kub. m arasında olan şəbəkələr;

1.11.4. III dərəcəli - suburaxma qabiliyyəti saniyədə 0,3 kub. m-dən az olan şəbəkələr.

1.12. Meliorasiya və irriqasiya sistemləri dövlət və bələdiyyə mülkiyyətində, o cümlədən xüsusi mülkiyyətdə ola bilər.

1.13. Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan sistemlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli istismar idarələri tərəfindən «Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikasının Qanu nuna uyğu n olaraq yaradılan Sudan İstifadəedənlər Birliyinin uzunmüddətli (20 ildən az olmayan müddətə) istifadəsinə verilir.

1.14. Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanılması dövlət büdcəsinin, habelə suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqların mülkiyyətçiləri və ya istifadəçiləri olan bələdiyyələrin, Sudan İstifadəedənlər Birliklərinin, fiziki və hüquqi şəxslərin vəsaiti, suvarma suyuna ödənişlər və qanunla qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilir.

1.15. Meliorasiya və irriqasiya sistemlərinin xidmət (istismar) müddəti və onların bərpasına amortizasiya ayırmaları müvafiq normativlər əsasında müəyyən edilir. Əsaslı və cari təmir işlərinin həcmi və müddəti qurğuların texniki vəziyyətindən, təbii şəraitdən və təsərrüfat işlərindən (qəzalar, təbii fəlakətlər və s. hallardan) asılı olaraq müəyyən olunur.

1.16. Meliorasiya və irriqasiya sistemlərində və qoruyucu meşə əkinlərində qulluq və cari təmir işləri hər il, lildən təmizləmə işləri ən azı hər üç ildən bir, əsaslı təmir işləri amortizasiya ayırma normalarına müvafiq qaydada aparılır.

1.17. İstehsalat prosesində və kənd təsərrüfatı işlərinin aparılması zamanı sistemlərdə lillənmə və müəyyən zədələnmələr baş verərsə, onların bəziləri il ərzində iki dəfə və daha çox təmizlənib təmir oluna bilər.

1.18. Meliorasiya və irriqasiya sistemlərinin istismarı idarələrinin kateqoriyası, strukturu və ştat vahidlərinin sayı xidmət etdikləri suvarılan və meliorasiya olunmuş sahədən, suvarma və kollektor-drenaj şəbəkələrinin uzunluğundan, həyata keçirdiyi illik istismar-təmir işlərinin həcmindən və digər göstəricilərdən asılı olaraq müəyyən edilir.

1.19. Ayrılan büdcə vəsaiti, habelə suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqların mülkiyyətçiləri və ya istifadəçiləri olan bələdiyyələrin, Sudan İstifadəedənlər Birliklərinin, fiziki və hüquqi şəxslərin vəsaiti, suvarma suyuna ödənişlər və qanunla qadağan olunmayan digər vəsaitlər nəzərə alınmaqla, meliorasiya və irriqasiya sistemlərində aparılacaq illik texniki qulluq, lildən təmizləmə, cari, əsaslı və qəza təmiri və sair işlər müəyyən edilir.

1.20. Meliorasiya və irriqasiya sistemlərinin normal istismarını təmin etmək üçün istismar təşkilatları müvafiq nəqliyyat vasitələri, maşın-mexanizmlər və rabitə vasitələri ilə təmin olunmalıdırlar.

1.21. Meliorasiya və irriqasiya sistemlərində yeni qurğuların, nasos stansiyalarının və s. tikilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli qərarı ilə təsdiq edilmiş “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları”na əsasən həyata keçirilir.

1.22. Yeni tikilmiş, əsaslı surətdə bərpa olunmuş və ya yenidən qurulmuş meliorasiya və irriqasiya sistemləri və qoruyucu meşə əkinləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 1996-cı il 15 noyabr tarixi ilə təsdiq edilmiş “Tikintisi (yenidən qurulması) qurtarmış dövlət meliorasiya və irriqasiya sistemlərinin, qoruyucu meşə əkinlərinin istismara qəbul edilməsi Qaydaları”na əsasən istismara qəbul olunur.



2.Sudan istifadənin təşkili, suvarma sistemlərində suyun verilməsi və uçota alınması

2.1. Azərbaycan Respublikasında sudan istifadəedənlər mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

2.2. Kənd təsərrüfatı əkinlərinin suvarılması, şoran torpaqların yuyulması, texniki suya tələbatın ödənilməsi qabaqcadan tərtib edilmiş sudan istifadə planları və müqavilələr əsasında həyata keçirilir.

2.3. Suvarma sistemlərinin, otlaqların su təminatı sistemlərinin və digər su təsərrüfatı obyektlərinin suyundan istifadə sudan təsərrüfatdaxili istifadə planları və sudan istifadəyə dair ümumsistem planları əsasında həyata keçirilir.

2.4. Suvarma suyundan planlı şəkildə istifadə olunması təsərrüfatları tələb olunan aqrotexniki müddətlərdə lazımi qədər suvarma suyu ilə təmin etməyə imkan verir, bununla da torpaq və su ehtiyatlarından daha səmərəli istifadə olunmasına və suvarılan kənd təsərrüfatı əkinlərindən yüksək və sabit məhsul götürülməsinə zəmin yaradır.

2.5. Sudan istifadə planlarının tərtib olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası» əsasında həyata keçirilir.

2.6. Sudan istifadə planları sudan istifadəedənlər tərəfindən verilmiş sifarişlər nəzərə alınmaqla tərtib olunur.

2.7. Su təsərrüfatı istismar təşkilatları ilə su istehlakçıları (Sudan İstifadəedənlər Birlikləri, bələdiyyələr, kənd təsərrüfatı müəssisələri, qış otlaq sahələri, sənaye, kommunal-məişət və s. məqsədlər üçün sudan istifadəedənlər) arasında qarşılıqlı münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə»yə uyğun tənzimlənir.

2.8. Fors-major hallarında (təbii fəlakət, quraqlıq, daşqınlar, sellər və sair qarşısı alınmaz hadisələr) su təsərrüfatı istismar təşkilatları ilə su istehlakçıları arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etmək mümkün olmadıqda, tərəflərdən heç biri müqaviləni pozmuş tərəf kimi hesab olunmur və bunun üçün məsuliyyət daşımır. Fövqəladə hallar nəticəsində öhdəliklərini yerinə yetirə bilməyən tərəf belə halların nə vaxt başlandığı və qurtardığı barədə digər tərəfə təxirə salmadan xəbər verməlidir.

 2.9. Su istehlakçılarının (Sudan İstifadəedənlər Birliklərinin) xidmət etdiyi ərazidə suyun paylanmasında və əkin sahələrinin su təminatında yaranan problemlərə görə su təsərrüfatı təşkilatları məsuliyyət daşımırlar.

2.10. Kənd təsərrüfatı bitkilərinin suvarılması və digər məqsədlər üçün sərf olunan suyun düzgün hesaba alınması su ehtiyatlarından səmərəli istifadənin əsasıdır. Suvarma sistemlərində suyun uçotu hidrometrik məntəqələr, hidroqurğular və suölçən avadanlıqlar vasitəsi ilə aparılır.

2.11. Hidrometrik məntəqələrdə müşahidələrin aparılması, müddəti, həmçinin suyun uçotuna aid məlumatların ümumiləşdirilməsi meliorasiya və su təsərrüfatı orqanlarının istismar idarələri tərəfindən vahid formada aparılır.

2.12. Azərbaycan Respublikasında suların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 yanvar tarixli 7 nömrəli qəra rı ilə təsdiq edilmiş “Suların dövlət uçotu Qaydası”na əsasən həyata keçirilir.

3.Baş sugötürən qurğuların istismarı

3.1. Suyun sudan istifadə planlarına uyğun şəkildə su mənbələrindən suvarma şəbəkələrinə qəbul edilməsi sugötürücü qurğuların düzgün istismarı ilə təmin olunur.

3.2. Baş sugötürən qurğular düyününə aşağıdakılar daxildir:

3.2.1. sugötürücü qurğunun çayla birləşən yerində çayın məcrası və bu hissə üçün ayrılmış torpaq sahəsi;

3.2.2. suyun magistral kanala götürülməsini və götürülən suyun tənzimlənməsini təmin edən qurğular;

3.2.3. suyun gətirdiyi kol-kosun, lilin və digər çöküntülərin suvarma şəbəkəsinə düşməsinin qarşısını alan qurğular (şandorlar, durulducular);

3.2.4. magistral kanalın baş sugötürən qurğusundan kanala götürülmüş suyu qeydə alan hidroposta qədər olan hissəsi və burada yerləşən qurğular;

3.2.5. baş hissədə tikilmiş və ona xidmət edən istismar yolları, nəqliyyat və rabitə vasitələri, xidməti, istehsalat və yaşayış binaları, baş verə biləcək qəzaları təcili aradan qaldırmaqdan ötrü toplanmış ehtiyat tikinti materialları, yanacaq anbarları və s.

3.3. Baş sugötürən qurğular onların işinə nəzarətin aparılması üçün hidrometrik postlarla, qurğuların vəziyyətini və suyun səviyyəsini qeyd edən istinad reperləri ilə, eləcə də basqı əyrisinin yayılma sərhədində yuyulma və dağılmaya təhlükəli əraziləri göstərən işarələrlə təchiz olunmalıdır. Meliorasiya və su təsərrüfatı orqanının səlahiyyətli qurumunun razılığı olmadan hidrometrik məntəqələrin və müşahidələrin sayının, yerinin və vaxtının dəyişdirilməsinə icazə verilmir.

3.4. Magistral kanalın baş hissəsi kanalın vəziyyətinə, onda suyun səviyyəsinə nəzarət edən cihazlarla və avadanlıqlarla təchiz olunmalıdır.

3.5. Baş sugötürücü qurğuda sudurulducu vardırsa, durulducu onun işləməsinə nəzarət edə bilən cihazlarla təchiz olunmalıdır.

3.6. Baş sugötürücü qurğuda istismar, təmir, yenidənqurma və başqa tikinti işlərinin aparılması suvarma sisteminə suyun verilməsi barədə təsdiq olunmuş planın pozulmasına səbəb olmamalıdır. Bu işlərin aparılma dövrü sistem üzrə ümumi su istifadəsi planında nəzərə alınmalı və suvarma sistemlərinin istismarı idarələri ilə razılaşdırılmalıdır.

3.7. Baş sugötürücü qurğular gecə vaxtı işıqlandırılmalı, qış dövründə xidməti körpülər, meydançalar, açıq pilləkən keçidləri qardan və buzdan təmizlənməlidir.

3.8. Baş sugötürücü qurğuların istismarı dövründə:

 3.8.1. qurğulardan məqsədyönlü və suötürmə qabiliyyətlərinə uyğun istifadə olunmasına, qurğuların bütün suvarma müddəti üçün tam işlək vəziyyətini təmin etməklə baş hissə ərazisinin təmiz vəziyyətdə saxlanmasına və qurğuların qorunmasına xüsusi diqqət yetirilməlidir;

3.8.2. kol-kosun, buz qatının və digər çöküntülərin kanala daxil olmasına imkan verilməməli, onların kanala düşməsinin qarşısını almaq mümkün olmadıqda, suvarma sisteminin istismarı idarəsi ilə razılaşdırılmış şəkildə kanala su verilməsi müvəqqəti olaraq dayandırılmalıdır.

3.9. Baş qurğuların istismar xidmətinin qarşısında duran əsas məsələlər su axınının müxtəlif rejimləri üçün qurğunun aşağı və yuxarı byefində (tərəfində) su səviyyəsinin düzgün nizamlanmasının, bütün hidrotexniki qurğuların tələb olunan sərfi buraxmasının, üzən cisimlərin sudan çıxarılması və ya onların aşağı byefə (tərəfinə) maneəsiz ötürülməsinin təmin olunmasından, yuxarı və aşağı byefdə lillənmə baş verdikdə, onun təmizlənməsinin həyata keçirilməsindən, aşağı byefdəki qurğuların yuyulmasına yol verilməməsindən, baş hissənin qurğu və avadanlıqlarının vəziyyəti üzərində müntəzəm müşahidələrin aparılması və onlara lazımi qulluq və texniki xidmətin göstərilməsindən, hidrotexniki qurğuların zədələnmiş elementlərinin vaxtında aşkar olunub təmir edilməsindən, baş verən qəzaların nəticələrinin vaxtında aradan qaldırılmasından və elektrik avadanlıqlarının vəziyyətinə nəzarət edilməsindən ibarətdir.

3.10. Baş qurğuda və magistral kanalın baş hissəsində qurğunun işi barədə məlumat toplamaq üçün vizual və alət vasitəsi ilə müşahidələr aparılır.

3.11. Vizual müşahidələr əsasən qurğuların deformasiyaları, üzlüklərin və bərkitmələrin vəziyyəti, qurğunun və ya onun özülünün susızdırma prosesləri üzərində aparılır.

 3.12. Konstruksiyaların yerdəyişməsi üzərində müşahidələr geodezik alətlər, reperlər, markalar, ölçmə xətti nişanları və s. ilə aparılır.

3.13. Baş sugötürücü qurğuda və magistral kanalın baş hissəsində həyata keçirilən əsas qulluq və texniki xidmət işləri baş sugötürücü qurğunun yuxarı və aşağı byefinin, magistral kanalın baş hissəsindəki qurğu və avadanlıqların giriş və çıxış hissələrinin lildən, kol-kosdan, yosundan və digər çöküntülərdən əl ilə və mexaniki üsulla təmizlənməsi, sudurulducuların hidravliki, mexaniki və ya birləşmiş üsulla təmizlənməsi, baş qurğunun və magistral kanalın baş hissəsinin hidrotexniki qurğularının mexaniki elementlərinin korroziyası və bitkilərlə basılması ilə mübarizə tədbirlərinin görülməsi və bu Qaydaların 5.17-ci bəndində göstərilən digər tədbirlərdən ibarətdir.

3.14. Baş sugötürücü qurğuda üzərində bütün qurğular, geodezik işarələr və başqa nəzarət ölçü cihazları göstərilmiş sxem, çayın həmin əraziyə aid olan hissəsinin və sugötürən bütün kanalların uzununa profilləri, qurğuların işçi cizgiləri, kanalların nəzarət məntəqələrində (stvorlarında) su sərfinin səviyyədən asılılığı əyriləri, sugötürücü qurğunun pasportu, sugötürmə qrafiki, həyata keçirilən işlərin qeydiyyatı jurnalı və s. texniki sənədlər olmalıdır.



4. Nasos stansiyalarının, subartezian quyularının, elektrotexniki, hidromexaniki və köməkçi qurğuların istismarı

4.1. Hər bir nasos stansiyasının, subartezian quyusunun, elektrotexniki və hidromexaniki avadanlıqların, binaların və qurğuların qorunması və istismarı üçün cavabdeh şəxslər təyin olunmalıdır. İstismar idarəsinin rəhbərliyinin icazəsi olmadan həmin obyektlərə kənar şəxslər buraxılmır. Elektrotexniki və hidromexaniki avadanlıqların istismarı xüsusi təlimat keçmiş mütəxəssislər tərəfindən aparılmalıdır.

4.2. Nasos stansiyalarında, subartezian quyularında, elektrotexniki, hidromexaniki və köməkçi avadanlıqlarda istismar və təmir işlərinin aparılması barədə jurnal, təlimat və bu haqda başqa sənədlər görünən yerlərdə saxlanılmalıdır.

4.3. Nasos stansiyasının suqəbuledici qurğularının, suötürən boruların, digər əsas və köməkçi qurğuların işlək vəziyyətdə olmasına daim nəzarət edilməlidir. Daşqınlar dövründə çaylarda suyun səviyyəsi qalxdıqda, üzən nasos stansiyalarının sahil tərəfi çəpərlənməli və əlavə olaraq sahilə bərkidilməlidir.

4.4. Suvarma mövsümündən əvvəl nasos və mühərriklər, elektrik təsərrüfatı, avtomatik və telemexaniki idarəetmə sistemləri yoxlanılaraq sınaqdan keçirilməlidir.

4.5. Nasos stansiyası, subartezian quyuları, digər elektrotexniki, hidromexaniki və köməkçi avadanlıqların işi aşağıdakı tələblərə cavab verməlidir:

4.5.1. onların qəzasız istismarına;

4.5.2. avadanlıqların pasport göstəricisinə uyğun işləməsinə;

4.5.3. suyun vaxtında tələbata uyğun verilməsinə.

4.6. Elektrik mühərrikləri və işə buraxma qurğuları torpaqlayıcı sistemə birləşdirilməlidir.

4.7. Bütün ölçü cihazları (voltmetr, ampermetr, sayğac və onun ölçü dəsti, tezlik ölçən və s.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun istismar edilir.

4.8. Nasos stansiyalarının və subartezian quyularının elektrotexniki, hidromexaniki avadanlıqlarının və elektrik xətlərinin istismarı mövcud normativ hüquqi aktlara uyğun olaraq aparılmalıdır.

4.9. Nasos stansiyalarının və subartezian quyularının elektrik və mexaniki avadanlıqları hər il cari, ehtiyac yarandıqda isə əsaslı təmir edilir. Nasos stansiyalarındakı aqreqatların 15-20 faizi, subartezian quyularının dərinlik nasoslarının isə 25-30 faizi hər il yeniləri ilə əvəz olunmalıdır.

4.10. Nasos stansiyalarının, subartezian quyularının və digər obyektlərin istismarına sərf edilən elektrik enerjisinin həcminin müəyyənləşdirilməsindən və onun dəyərinin hesablanaraq ödənilməsindən ötrü enerji təchizatı müəssisəsinin nümayəndələrinin iştirakı ilə elektrik sayğaclarına baxış keçirilir. Onların göstəricilərinə uyğun olaraq, hər bir hesablaşma dövrü üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»na əsasən sənədlər tərtib edilərək enerji təchizatı müəssisəsinə təqdim edilir. Elektrik enerjisinin gündəlik sərfi və faktiki yüklərin qeydiyyatı nömrələnmiş və qaytanlanmış jurnallarda aparılmalıdır. Elektrik xətlərinin açılması, qurğuların və avadanlıqların zədələnməsi ilə əlaqədar baş vermiş qəzalar, yanğınlar və s. zamanı insanların xəsarət alması haqqında «Dövlət Enerjinəzarət» İdarəsinə məlumat verilməlidir.

4.11. Nasos stansiyaları və subartezian quyularının istismarına sərf ediləcək elektrik enerjisi və yanacağın həcmi nasos stansiyası və subartezian quyularının xidmət etdiyi əkin sahələri, ayrı- ayrı yaşayış məntəqələrində yerləşən əhalinin kommunal-məişət və digər ehtiyacları, qaldırılacaq və ötürüləcək suyun həcmi, qaldırılma səviyyəsi (basqısı) və faydalı iş əmsalı nəzərə alınmaqla müəyyən edilir.

5. Kanallar və hidrotexniki qurğuların istismarı

5.1. Kanalların və hidrotexniki qurğuların texniki cəhətdən işləkliyini xarakterizə edən göstəricilər kanal və ya hidrotexniki qurğunun faktiki suburaxma qabiliyyətinin onun layihə suburaxma qabiliyyətinə uyğunluğundan, sızma və texniki su itkilərinin minimum olmasından, kanallarda lillənmənin, yuyulmanın və yamac uçmalarının olmamasından, onların alaq otları, kol-kos və digər su bitkiləri ilə basılmamasından, kanalətrafı ərazilərin bataqlıqlaşmamasından, hidrotexniki qurğuların divarlarının arxasında və altında boşluqların olmamasından, onun aşağı byefinin yuyulmamasından, hidrotexniki qurğunun özülündən və divarlarının altından sızan suyun təhlükəli xüsusiyyət daşımamasından, hidrotexniki qurğuların qaldırıcı mexanizmlərinin, şlüzlərin və s. avadanlıqların fasiləsiz və qəzasız işləməsindən, istismar yollarının yararlılığından, kanal və qurğuların lazımi qaydada saxlanmasından, abadlaşdırılmasından və s. ibarətdir.

5.2. Kanalların istismarı prosesində onların işləmə rejimlərinin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Kanalların istismar rejimləri onların təyinatından (suvarma, energetika, ekologiya və s.), istifadə edilməsi şəraitindən (daimi, müvəqqəti, əsas, ikinci dərəcəli), konstruktiv xüsusiyyətlərindən (açıq, bağlı, üzlüklü, üzlüksüz) asılıdır.

5.3. Kanalların işə salınma dövründə və istismarı zamanı onların doldurulması və boşaldılması rejimlərinə xüsusi diqqət yetirilməlidir.

5.4. Kanal yamacının sürüşməsinə və uçmasına yol verməmək üçün onların doldurulması və boşaldılması tədricən aparılmalıdır. Doldurulma və boşaldılmalar arasındakı vaxt fərqi iki saatdan az olmamalıdır.

5.5. Kanalların istismarının birinci ilində ona farsirovka (artırılmış) su sərfinin buraxılmasına icazə verilmir.

5.6. Mal-qaranın suvarılması və kanalın bir sahilindən digər sahilə keçirilməsi kanalın bu məqsədlər üçün ayrılmış və xüsusi avadanlıqla təchiz olunmuş hissəsində, istismar işçilərinin icazəsi ilə həyata keçirilməlidir. Bu məqsədlər üçün kanalın başqa hissələrindən istifadə olunması qadağandır.

5.7. Kanal yamaclarında, damba və bermalarda mal-qaranın otarılması, kanalın məcrasında hər hansı arakəsmənin və digər qurğuların quraşdırılması yolverilməzdir.

5.8. Kanallar üzərindəki supaylayıcı düyünlər suölçən cihaz və avadanlıqlarla təchiz olunmalıdır.

5.9. Su ilə birlikdə axan kol-kosun və digər bərk cisimlərin akveduklara, dükerlərə, sifonlara və borulara daxil olmaması üçün onların qarşısında xüsusi qurğular quraşdırılmalıdır.

5.10. Kanallar və hidrotexniki qurğular üzərində müntəzəm nəzarət qoyulmalı, vizual və lazım gəldikdə alət vasitəsi ilə müşahidələr aparılmalıdır.

5.11. Baxış və müşahidələrin nəticələri kanalın istismarına cavabdeh şəxs tərəfindən jurnalda qeyd olunur. Müşahidə aparılan hissədə dəyişiklik, deformasiyaya uğrama halı, eləcə də təhlükə törədə biləcək vəziyyət yaranmışsa, onun aradan qaldırılması üçün ayrıca sənədləşdirmə aparılmalı və tədbir görülməlidir.

5.12. Kanalların təhlükəli yerlərində (kanalın böyük maili yamaclarında, çökməyə həssas ərazilərdə, tökmədə keçən hissələrdə) kanal yüksək sərflə işlədiyi dövrlərdə bütün gün ərzində (gecə-gündüz) müşahidə aparılmalıdır.

5.13. Meliorasiya və irriqasiya obyektləri ilə kəsişən yollar üzərində yerləşən və yol istismar təşkilatlarının balansında olan körpü və keçidlərdə uçma təhlükəsi və zədələnmələr müşahidə olunarsa, onların aradan qaldırılması üçün həmin təşkilatlar qarşısında məsə lə qaldırılmalıdır.

5.14. Kanalların və hidrotexniki qurğuların istismar xidmətinin qarşısında duran əsas məsələlər su itkilərinin qarşısının alınması, eləcə də sistemin saz və işlək vəziyyətdə saxlanılmasını təmin edən tədbirlərin işlənib həyata keçirilməsidir.

5.15. Su itkilərinə qarşı mübarizə suvarmaların gün ərzində (gecə və gündüz) aparılması və suyun təsərrüfatlara sabit axınlarla verilməsi, kanallara artıq su götürülməsinin qarşısının alınması, suvarma və yuma normalarına ciddi riayət edilməsi, ilin qeyri-suvarma dövründə suvarma şəbəkəsinin fəaliyyətinin maksimum məhdudlaşdırılması, təsərrüfatlara su verən suayırıcı nöqtələrin sayının mümkün qədər azaldılması və sugötürmənin düzgün aparılmasına ciddi nəzarət edilməsi, səviyyə qaldıran və suburaxan qurğularda su itkisinin azaldılması, kanalların lillənməsinin və bitkilərlə örtülməsinin qarşısının alınması tədbirlərindən ibarətdir.

5.16. Kanalların və hidrotexniki qurğuların daim işlək vəziyyətdə saxlanmasının təmin olunması üçün onlar üzərində müntəzəm müşahidələr aparılır, texniki vəziyyətləri mütəmadi olaraq qiymətləndirilir, tələb olunan qulluq və texniki xidmət işləri müəyyənləşdirilib həyata keçirilir.

5.17. Kanallarda və hidrotexniki qurğularda həyata keçirilən əsas qulluq və texniki xidmət kanallarının lillənmədən, uçqunlardan təmizlənməsi, yamacların düzəldilməsi və hamarlanması, alaq otlarının, kol-kosun və digər su bitkilərinin kənar edilməsi, suyun hərəkətinə mane olan kənar əşyaların çıxarılması, qaldırıcı mexanizmlərin və qurğuların profilaktikası, metal konstruksiyaların korroziyadan qorunması üçün rənglənməsi, beton üzlüklü kanallarda yerini dəyişmiş və çökmüş plitələrin normal vəziyyətə gətirilməsi, dəmir-beton üzlüyün sualtı və suüstü hissələrində çatların, sınıqların, zədələnmiş tikişlərin bərpa edilməsi, yamaclarda kiçik zədələnmələrin bərkidilməsi, nov kanallarda novların yararsız hala düşmüş elementlərinin dəyişdirilməsi, çökmüş dayaqların düzəldilməsi, hidrotexniki qurğularda başlıqların çökməsinin və əyilməsinin düzəldilməsi, qurğu ətrafına torpağın tökülməsi və hamarlanması, çatların, boşluqların və çuxurların təmizlənməsi və beton məhlulu ilə doldurulması, qurğunun giriş və çıxışında və yamaclarda olan zədələnmələrin bərpası, yuyulma baş verdikdə əlavə qrunt tökməklə və plitələr qoymaqla sudöyənin bərpası, altındakı əks süzgəcin dəyişdirilməsi və konstruksiyanın bərpa edilməsi, hidroizolyasiyanın dəyişdirilməsi, qurğunun sualtı hissələrinin qoruyucularının bərpa edilməsi, akveduk və körpülərin aşırımlarında, yol örtüyündə kiçik zədələnmələrin aradan qaldırılması, çayın və kanalın yuyulmuş yerlərinin, dayaqların ətrafının daşlarla doldurulması, akvedukun novunun dəyişdirilməsi, hidroizolyasiyanın dəyişdirilməsi, drenajın düzəldilməsi, sürgülərdə, qaldırıcı mexanizmlərdə və torlarda rezinlərin dəyişdirilməsi, sürgüdə olan çatların qaynaq edilməsi, sürgü mexanizminin köhnəlmiş yastıqlarının və boltlarının düzəldilməsi, xidməti körpülərdə sınıqların düzəldilməsi, zibiltutan torların əyilmiş hissələrinin düzəldilməsi, elektromexaniki hissələrin dəyişdirilməsi, sürgünün çıxarılması və qaldırıcı mexanizmin sökülməsi, qaynaq, yaxud pərçim edilməsi, detalların dəyişdirilməsi, mexanizmlərin yağlanması, xırda zədələnmələrin aradan qaldırılması, hidrometrik müşahidə qurğularında avadanlıqların iş qabiliyyətinin bərpa edilməsi üçün qüsur və zədələrin aradan qaldırılması, dağılmış və uçmuş hidrometrik qurğuların bərpası, istismar yollarının hamarlanması və bərkidilməsi, su kənarlaşdırıcı kanalların təmizlənməsi, yol altından keçən suötürücü və drenaj qurğularının bərpası və s. işlərdən ibarətdir.



6. Su anbarlarının istismarı

6.1. Su anbarları çay axınlarının toplanmasına və nizamlanmasına xidmət edir. Kompleks məqsədlər üçün istifadə olunan su anbarlarının iş rejimi suvarma, energetika və ekologiya tələbləri nəzərə alınmaqla həyata keçirilir.

6.2. Su anbarının texniki istismarının əsas məqsədi anbarın və anbar kompleksinə daxil olan qurğuların normal və qəzasız iş rejiminin təmin olunmasından ibarətdir.

6.3. Su anbarlarının texniki istismarı zamanı aşağıdakılara əməl olunmalıdır:

6.3.1. anbarın təyin olunmuş doldurulma və boşaldılma rejimlərinə;

6.3.2. anbar qurğularının və avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasına;

6.3.3. qurğuların vəziyyətinə daimi vizual müşahidələrin və dövrü nəzarət-ölçü işlərinin aparılmasına;

6.3.4. müşahidə materiallarının araşdırılmasına, təhlil edilməsi və sistemləşdirilməsinə, zədələnmələrin aşkarlanmasına, onların aradan qaldırılması üzrə tələb olunan işlərin müəyyənləşdirilməsinə.

6.4. Su anbarı qurğularında həyata keçirilən əsas qulluq və texniki xidmət işləri qurğularda deformasiyaların aradan qaldırılması, örtüklərin təmir olunması və dəyişdirilməsi, torpaq qurğularının yamaclarında əmələ gəlmiş sürüşmələrin və uçmaların düzəldilməsi və bərpası, beton və dəmir-beton qurğuların örtüklərində əmələ gəlmiş çatların, sınıqların, zədələnmiş tikişlərin təmiri, bərpası, dəyişdirilməsi, qurğu başlıqlarının əyilməsinin düzəldilməsi, qurğu və avadanlıqların giriş və çıxış hissələrinin lildən, kol-kosdan və digər çöküntülərdən əl ilə və mexaniki üsulla təmizlənməsi, su anbarı qurğularının metal konstruksiyalarının korroziyası ilə mübarizə tədbirlərinin görülməsi və bu Qaydaların 5.17-ci bəndində göstərilən digər tədbirlərdən ibarətdir.

7. Mühafizə bəndlərinin istismarı

7.1. Mühafizə bəndlərinin texniki istismarının əsas məqsədi ərazini subasmalardan müdafiə etməkdən, bəndləri və onların üzərindəki qurğuları işlək vəziyyətdə saxlamaqdan ibarətdir.

7.2. Mühafizə bəndləri konstruksiyasına görə beton, dəmir- beton, daş-beton, qabion, şax-daş, faşin və torpaq bəndlərə bölünür.

7.3. Bəndlərin konstruksiyaları, ölçüləri və yerləşdirilmə istiqamətləri hər bir çayın selgətirmə qabiliyyətindən, məcrasının formasından, ərazinin relyefindən və digər amillərdən asılı olaraq müxtəlif olur.

7.4. Dəmir- beton, beton və daş-beton bəndlərin istismarı sel təhlükəli çaylarda, sellər zamanı axının (su ilə birlikdə daş, çınqıl, qum, gil və s.) sürəti yüksək, çayın mailliyi böyük olan yerlərdə yaşayış məntəqələrini, torpaq sahələrini və sahilləri subasmadan və yuyulmadan mühafizə etmək məqsədi ilə həyata keçirilir.

7.5. Qabion və şax-daş bəndlərin istismarı sel təhlükəli çaylarda, sellər zamanı axının sürəti nisbətən az olan yerlərdə çay ətrafı yaşayış məntəqələrinin və ərazilərin selin ilkin təsirindən (zərbəsindən) müvəqqəti mühafizəsi, habelə yamac və sahillərin yuyulmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.

7.6. Torpaq bəndlərin istismarı əsasən axınının sürəti az olan çayların, selötürücülərin, kanal, kollektor və digər hidrotexniki qurğuların ətrafındakı ərazilərin daşqın sularından mühafizəsi məqsədi ilə həyata keçirilir.

7.7. Faşin bəndlərin istismarı çayların, kanalların və torpaq bəndlərin sahillərinin və kənarlarının yuyulmasının, uçmasının və sürüşməsinin qarşısını almaq üçün həyata keçirilir.

7.8. Bəndlərin təhlükəsiz istismarı, onların özüllərinin yuyulmasının və ətrafının çöküntülərlə dolmasının qarşısının alınması, sellərin axın istiqamətinin sahildən kənarlaşdırılması və ilkin selin təhlükəsiz axıdılması məqsədi ilə çaylarda mexanizmlər vasitəsilə məcratəmizləmə işləri həyata keçirilir.

7.9. Mühafizə bəndlərinin yararlılığı aşağıdakılarla müəyyən olunur:

7.9.1. sel və daşqınlar zamanı suyun maksimum təzyiqinə və su tərəfindən olan hidravliki zərbələrə dözümlülüyü;

7.9.2. məcra dəyişmə və digər təsirlər nəticəsində zədələnmiş yerlərdən suyun bəndi yumaq təhlükəsi və suyun bəndlərinin üstündən aşması hallarının olmaması.

7.10. Torpaq mühafizə bəndlərinin üstündə mal-qaranın otarılması və keçid üçün uyğunlaşdırılmamış yerlərdə bəndin üstündən keçirilməsi qadağandır.

7.11. Torpaq mühafizə bəndləri ilə yolların kəsişən yerləri həndəsi ölçülərini dəyişməmək şərtilə keçid üçün uyğunlaşdırılmalı, yollar keçid ərazisində etibarlı örtüklə mühafizə olunmalıdır.

7.12. Mühafizə bəndlərinin su mühafizə zonasında tikinti işlərinin aparılması, həmin ərazilərin əkin altında istifadə olunması qadağandır.

7.13. Mühafizə bəndlərinin yaxınlığında hər hansı bir məqsəd üçün partlayış işlərinin aparılmasına icazə verilmir.

7.14. Gəmilərin və qayıqların müdafiə bəndlərinə (sahilə) yan alan yerlərinə lazımi işarələr qoyulmalı və həmin yerlər bəndin uçmasının qarşısını ala bilən qurğularla təmin olunmalıdır.

7.15. Torpaq mühafizə bəndlərinin və qurğularının istismarı zamanı aşağıdakılara yol verilmir:

7.15.1. sızma suların həddən artıq olmasına və bunların təsiri altında bəndin aşağı yamacının, eləcə də yuxarı yamacının bəndin özülünə yaxın dərinlikdə uçqun verib sürüşməsinə;

7.15.2. qurğuların arxasına sızma s ularının düşməsinə.

7.16. Mühafizə bəndlərinin yuyulub dağılmasının qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir:

7.16.1. bəndlərin gövdəsində sızmanın qarşısını alan, həm də möhkəmliyini artıra bilən gilli torpaqlardan üstələmə və bərkitmə aparılması;

7.16.2. əmələ gəlmiş çatların və digər zədələnmələrin ləğv edilməsi.

7.17. Sahilyanı torpaqların yuyulması baş verdikdə, mühafizə bəndlərinin uçmaqdan qorunması məqsədi ilə:

7.17.1. suyun istiqamətini yuyulan sahildən və mühafizə bəndlərindən yayındırmaq üçün mahmızların (şporların) yaradılması;

7.17.2. çayın məcrasında sudöyən və şırnaq istiqamətləndirici bəndlərin qurulması;

7.17.3. bərkidici bəndlərin, ikinci və üçüncü yeni bəndlərin çəkilməsi və s.

7.18. Bəndin üstündən suyun aşmasının qarşının alınması bəndin üstünə (təhlükəli yerlərdə) əlavə torpaq tökülməsi, torpaq doldurulmuş kisələrin düzülməsi, bəndin üzərindəki qurğuların köməyi ilə suyun səviyyəsinin nizamlanması və s. ilə həyata keçirilir.

7.19. Torpaq bəndin gövdəsindən su sızması müşahidə olunduğu təqdirdə torpaq doldurulmuş kisələrin, çimlərin, kol-kosun və s. köməkliyi ilə sızma dərhal aradan qaldırılmalıdır.

7.20. Sel sularının zərərsiz ötürülməsini təmin etmək məqsədi ilə qabaqcadan yoxlamalar aparılmalı, ehtiyacı olan bütün müdafiə bəndləri və onların üzərindəki qurğular təmir olunmalı, lazımi qəza – ehtiyat materialları və alətlər tədarük edilməli, təmir briqadaları yaradılmalı və ən təhlükəli sahələrlə etibarlı rabitə təşkil olunmalıdır. Vaxtaşırı, sellər keçib qurtarana qədər nəzarət nivelirlənməsi yolu ilə suyun səviyyəsinin bəndin üst səviyyəsinə nisbətən dəyişməsi nəzarət altında saxlanılmalıdır.

7.21. Çayların daşqın zonaları, onların mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

8. Suvarılan torpaqların meliorativ vəziyyətinə nəzarət və kollektor-drenaj sistemlərinin istismarı

8.1. Suvarılan torpaqların meliorativ vəziyyətinə nəzarət kənd təsərrüfatı məhsulları istehsalı prosesində torpaqlarda baş verən hidrogeoloji-meliorativ dəyişiklikləri aşkar etmək, torpaqların şoranlaşması və bataqlıqlaşması səbəblərini öyrənmək, onların miqyasını müəyyənləşdirmək və qarşısının alınması üçün tədbirlər hazırlamaq məqsədi ilə aparılır.

8.2. Suvarılan torpaqların meliorativ vəziyyətinə nəzarət suvarma və kollektor-drenaj şəbəkələrinin texniki və suvarılan torpaqların meliorativ vəziyyətinin öyrənilməsi ilə aparılır.

8.3. Suvarma və kollektor-drenaj şəbəkələrinin texniki vəziyyəti sahə tədqiqatları aparmaqla müəyyənləşdirilir. Bu məqsədlə ayrı-ayrı rayonların torpaqdan istifadə xəritələri hazırlanır və fəaliyyətdə olan suvarma və kollektor-drenaj şəbəkələri bu xəritələrdə göstərilir. Tədqiqat aparmaq üçün marşrutlar müəyyənləşdirilir, marşrut üzrə hərəkət etməklə suvarma və kollektor-drenaj şəbəkələrinin vəziyyəti qeyd olunur, şoranlaşmanı müəyyən etmək üçün xarakterik sahələrdən analiz üçün torpaq nümunələri götürülür. Müşahidə materiallarına əsasən suvarma, kollektor-drenaj şəbəkələrinin vəziyyəti qiymətləndirilir, onların yaxşılaşdırılması üzrə tövsiyələr hazırlanır.

8.4. Suvarılan torpaqların meliorativ vəziyyətinin dəyişməsi bu torpaqlarda qazılmış müşahidə quyuları vasitəsilə torpağın su rejimi üzərində daimi nəzarətin təşkil edilməsi ilə öyrənilir. Bu məqsədlə hər ilin sonuncu rübündə rejim müşahidə quyularının tam inventarlaşması aparılır və onun nəticələri əsasında işlək, təmir-bərpa və ya konservasiya olunacaq quyular müəyyənləşdirilir. Müşahidələr işlək quyularda aparılır.

8.5. Müşahidə quyularında onların dərinliyi və qrunt suyunun səviyyəsi ölçülür, analiz üçün su nümunələri götürülür və minerallaşma dərəcəsi müəyyən edilir.

8.6. Rejim müşahidə materialları və sahə tədqiqatları əsasında suvarılan torpaqlarda qrunt sularının yerləşmə dərinliyi və minerallaşma xəritələri hazırlanır, torpaqların meliorativ vəziyyəti qiymətləndirilir, onların yaxşılaşdırılması üzrə tələb olunan tədbirlər müəyyənləşdirilir və suvarılan torpaqların meliorativ kadastrı tərtib edilir.

8.7. Rejim müşahidə quyularının işlək vəziyyətdə saxlanılması onların işinə nəzarət edilməsi ilə yanaşı quyularda müvafiq texniki qulluq, təmizləmə- təmir və bərpa işləri aparılmaqla təmin olunur.

8.8. Müşahidə quyularında kiçik zədələnmələrin düzəldilməsi, quyuların lildən təmizlənməsi, qapağın, başlıqların və süzgəclərin təmiri, quyuların təzədən qazılması, quyuların yuyulması, borunun dəyişdirilməsi, yeni quyunun qazılması kimi qulluq, təmir, bərpa işləri aparıla bilər.

8.9. Meliorasiya olunmuş torpaqların mülkiyyətçisi və torpaq istifadəçisi torpaqların şoranlaşmasına, eroziyaya uğramasına, bataqlıqlaşmasına yol verməməli, bu məqsədlə vaxtlı- vaxtında şoranlaşmış torpaqların yuyulmasını, şorakət torpaqların gipslənməsini aparmalı, suvarma rejiminə əməl etməli, su itkisinə yol verməməlidir.

8.10. Kollektor-drenaj sistemlərinin texniki istismarının qarşısında duran məsələlər aşağıdakılardır:

8.10.1. kollektor-drenaj sistemlərinin və onun bütün elementlərinin işini müşahidə etmək, onların işlək vəziyyətdə saxlanılmasına sistematik nəzarət etmək;

8.10.2. müşahidələrin nəticələrini təhlil etmək, kollektor-drenaj sistemlərinin səmə rəliliyini təmin edən göstəricilərin daim yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirmək;

8.10.3. kollektor-drenaj sistemlərində baş verən zədələnmələri və qəza vəziyyətlərini vaxtında aşkarlamaq və onların aradan qaldırılması üzrə tələb olunan işləri həyata keçirmək;

8.10.4. kollektor-drenaj sistemlərinin bütün istismar dövrü ərzində işlək vəziyyətdə saxlanmasını təmin etmək üçün təmizləmə, təmir və bərpa işlərini həyata keçirmək.

8.11. Kollektor-drenaj sistemlərinin əsas elementləri ilkin drenlər, magistral, I və II dərəcəli kollektorlar, onların üzərindəki hidrotexniki qurğular və nasos stansiyaları, kollektorlar boyunca istismar yollarıdır.

8.12. Torpaqda duz-su rejimini nizamlamaq üçün istifadə edilən qurğu ilkin dren adlanır. Drenlər təyinatına görə üfüqi və şaquli drenlərə bölünür. Üfüqi drenlər konstruksiyasına görə açıq və örtülü olurlar.

8.13. Magistral, I və II dərəcəli kollektorların məqsədi ilkin drenlərdən yığılıb gələn qrunt sularını suvarılan torpaqlardan kənarlaşdırmaqdır.

8.14. Kollektor-drenaj şəbəkəsi üzərindəki qurğular:

8.14.1. əlaqələndirici qurğular (akveduk, düker və su keçirənlər);

8.14.2. yollarla kəsişmələrdə yerləşən körpü və keçidlər;

8.14.3. örtülü drenlər üzərindəki baxıcı və yuyucu quyular;

8.14.4. mənsəb qurğuları və su düşürənlər;

8.14.5. hidrometrik qurğular. Onların məqsədi kollektor-drenaj şəbəkələrinin dayanıqlı işini təmin etməkdir.

8.15. Örtülü drenlərin texniki istismarı onlara nəzarət olunması, qulluq göstərilməsi və təmir edilməsindən ibarətdir.

8.16. Örtülü drenlərin texniki vəziyyətinə baxış il ərzində iki dəfə yaz və payız aylarında aparılır. Baxışın nəticələri çatışmazlıq aktları ilə rəsmiləşdirilir və drenlərin təmiri, təmizlənməsi tədbirlərinin proqnozlaşdırılmasında istifadə olunur.

8.17. Örtülü drenlərin istismarı zamanı drenlərin və onların üzərindəki hidrotexniki qurğuların qorunmasına, drenlər üzərində sistematik müşahidələrin aparılmasına, tələb olunan təmizləmə və təmir-bərpa işlərinin həyata keçirilməsinə, dren altına ayrılmış sahələri nəzarətdə saxlamaqla burada suvarma arxlarının çəkilməsinə və ağac əkilməsinə yol verilməməsinə riayət olunmalıdır.

8.18. Örtülü drenlərin işinə müşahidələr vizual və alət vasitəsilə aparılır.

8.19. Dren altına ayrılan sahənin və baxıcı quyuların vəziyyətinə, mənsəb qurğusunun saz olub-olmamasına, mənsəb qurğusunda yuyulma gedib-getməməsinə vizual müşahidələr aparmaqla aydınlıq gətirilir.

8.20. Baxıcı quyularda drenaj borusunun və suyun səviyyəsi, baxıcı quyuda axının olub-olmaması, mənsəb qurğusunda axının vəziyyəti və səviyyəsi, drenlərdə və baxıcı quyularda lilin dərinliyi və həcmi alət vasitəsilə ölçülür.

8.21. Şaquli drenlər yalnız qrunt sularına təzyiqli yeraltı suların təsiri olan hallarda tətbiq olunur. Şaquli drenlərin konstruksiyası subartezian quyularına uyğun olduğundan şaquli drenaj quyularının istismarı subartezian quyularının istismarı ilə eynidir.

8.22. Açıq kollektor və drenlər, onun üzərindəki hidrotexniki qurğular və nasos stansiyaları sistemin normal iş rejimini təmin etməli və bu məqsədlə istismar müddətində işlək vəziyyətdə saxlanılmalıdır.

8.23. Açıq kollektor və drenlərdə lillənmə, qamış, kol-kos və digər su bitkiləri ilə örtülmə, yamaclarının yuyulması, uçması, mənsəb hissənin və mənsəb qurğusunun vəziyyəti, yerüstü suların kollektorlara və drenlərə axıdılması halları, kollektor və drenlərin məcrasında arakəsmələrin olub-olmaması, hidrotexniki qurğuların vəziyyəti vizual müşahidələr aparılmaqla müəyyən edilir.

8.24. Kollektor və drenlərin ayrı-ayrı məntəqələrində və mənsəb qurğusunda suyun səviyyəsinin və sərfinin ölçülməsi, kollektor və drenlərin dibinin və yer səthinin səviyyəsinin ölçülməsi, digər həndəsi ölçmələr, deformasiyaya uğrayan yamacların və ətraf sahələrin ölçülməsi alət vasitəsilə aparılır.

8.25. Kollektor-drenaj şəbəkələri üzərindəki hidrotexniki qurğuların və hidrometrik məntəqələrin istismarı zamanı aparılan müşahidə və ölçmə işlərinin nəticələri əsasında onların texniki vəziyyəti qiymətləndirilir, müvafiq təmizləmə və təmir- bərpa işləri nəzərdə tutulub həyata keçirilir.

8.26. Kollektor-drenaj sistemlərində aşağıdakı texniki qulluq və təmir-bərpa işləri həyata keçirilir:

8.26.1. texniki qulluq işləri - kollektorların və onların dambalarının ayrı-ayrı hissələrində bitkilərin biçilməsi, onların məcrasının su bitkilərindən və tullantılardan təmizlənməsi, yamaclarda kiçik zədələnmələrin bərpa edilməsi, kollektor və drenlərin mənsəb hissələrinin, mənsəb qurğusunun və baxıcı quyuların təmizlənməsi;

8.26.2. təmir-bərpa işləri - kollektor və drenlərin lildən təmizlənməsi, layihə ölçülərinə uyğunlaşdırılması, yamaclarda, damba və bermalarda əmələ gələn uçmaların düzəldilməsi, qapalı drenlərin borularının və baxıcı quyularının yuyulması və təmizlənməsi, ayrı- ayrı hissələrində boruların dəyişdirilməsi, quyuların əyilmiş hissələrinin düzəldilməsi, çınqılın yuyulması, quyuların divarlarının və qapağının təmiri və mənsəb qurğularının təmiri, dağıdılmış baxıcı quyuların, mənsəb qurğularının bərpası və dəyişdirilməsi.

8.27. Kollektor-drenaj şəbəkələri üzərindəki hidrotexniki qurğularda aparılan qulluq, texniki xidmət və təmir işləri bu Qaydaların 5.17-ci bəndində göstərilən tədbirlərlə eynidir.

9. Meliorasiya və irriqasiya sistemlərində təmir işləri

9.1. Meliorasiya və irriqasiya sistemlərinin işə yararlılığı onların normal işləməsinə müntəzəm nəzarət edilməsi, təhlükəli yerlərin xüsusi nəzarətdə saxlanılması, vaxtaşırı təmir, profilaktik və lazım olan bütün tədbirlərin həyata keçirilməsi ilə təmin olunur.

9.2. Meliorasiya və irriqasiya sistemlərinin fasiləsiz işləməsini təmin etmək üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:

9.2.1. kanalların, kollektorların və durulducuların çöküntülərdən, lildən, alaq otlarından və uçqunlardan təmizlənməsi;

9.2.2. kanalların və kollektorların layihə vəziyyətinə gətirilməsi (tirələrə torpaq tökülməsi, çöküntülərdən təmizlənməsi və düzəldilməsi, yamacların hamarlanması və s.), kanal üzlüklərinin təmiri;

9.2.3. mühafizə bəndlərinin təmir edilməsi;

9.2.4. hidrotexniki qurğuların, nasos stansiyalarının, hidrometriya qurğu və avadanlıqlarının, inzibati və istehsalat binalarının, yolların, rabitə xətlərinin və digər köməkçi qurğuların təmiri;

9.2.5. suvarma mənbələrindən suvarma suyunun maneəsiz və plana uyğun götürülməsi məqsədi ilə sel və daşqın sularına qarşı mübarizə işlərinin (sel sularından mühafizə, şırnaq yönəldici, tənzimedici və s. ) aparılması;

9.2.6. meliorasiya və irriqasiya sistemlərinin texniki vəziyyətinin yaxşılaşdırılması.

9.3. Meliorasiya və irriqasiya sistemlərinin qəzasız işləməsini təmin etmək üçün təmir işləri öz xüsusiyyətlərindən asılı olaraq, əsas üç hissəyə - cari təmir, əsaslı təmir və qəza təmiri işlərinə bölünürlər.

9.4. Təmir işlərinin zəruriliyi hər il vegetasiya suvarması qurtardıqdan sonra müvafiq komissiya tərəfindən müəyyən olunur və vəsaitdən asılı olaraq növbəti ildə həyata keçirilir.

9.5. Böyük qurğulara texniki baxış ildə iki dəfə, payızda və yazda (suvarma başlandıqda və qurtardıqdan sonra) aparılır.

9.6. Aparılacaq təmir işlərinin zəruriliyini, tərkibini, həcmini və dəyərini müəyyən edən smeta və texniki sənədlər tərtib olunmalıdır.

9.7. Qəza nəticələrinin aradan qaldırılması, onun qarşısının alınması və ya fors-major hadisələrinin baş verməsi ilə əlaqədar işlər tədbirlər planından əlavə həyata keçirilir.

9.8. Təmir işləri təsdiq olunmuş plan əsasında, işlərin növbəliyinə və başa çatdırılması müddətlərinə riayət edilməklə həyata keçirilməli, başa çatmış işlər qəbul aktları ilə rəsmiləşdirilməlidir.

9.9. Ayrılan büdcə vəsaiti, büdcədənkənar vəsait, xidmət və istehsaldan daxil olacaq, qanunvericiliklə qadağan olunmayan fəaliyyət növlərindən əldə ediləcək vəsaitlər nəzərə alınmaqla, meliorasiya və irriqasiya sistemlərində aparılacaq illik texniki qulluq, lildən təmizləmə, cari, əsaslı və qəza təmiri və sair işlər müəyyən edilir.



10. Meliorasiya və irriqasiya sistemlərində təhlükəsizlik

10.1. Meliorasiya və irriqasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması sahəsində onların mülkiyyətçilərinin və istismarçılarının vəzifələri aşağıdakılardır:

10.1.1. sistemin tikintisi, istismara verilməsi, istismarı, təmiri, yenidən qurulması, istismardan çıxarılması və konservasiyası zamanı təhlükəsizlik norma və qaydalarına riayət edilməsini təmin etmək;

10.1.2. sistemin istismarını mövcud qanunvericiliyə uyğun təşkil etmək, istismar heyətinin ixtisas dərəcəsinin artırılmasını təmin etmək;

10.1.3. sistemin təhlükəsizliyinə mənfi təsir göstərən səbəblərin müntəzəm təhlili, onun texniki cəhətdən saz və təhlükəsiz olmasının təmin edilməsi, habelə qurğuda qəza baş verməsinin qarşısının alınması üzrə vaxtında tədbirlər işləyib həyata keçirmək;

10.1.4. sistemin təhlükəsiz istismarı, qəza hadisələrinin baş verməməsi və qəzanın nəticələrinin aradan qaldırılması üçün material ehtiyatları yaratmaq.

10.2. Meliorasiya və irriqasiya sisteminin mülkiyyətçisi və istismarçısı onun təhlükəsizliyinə öz səlahiyyətləri daxilində cavabdehdirlər.

10.3. Baş verə biləcək bədbəxt hadisədən zərər çəkənlərə ilk yardım göstərmək məqsədi ilə hər bir istismar sahəsi və nasos stansiyası zəruri tibbi ləvazimatlarla təmin olunmalıdır.

10.4. Torpaq-qazma işləri aparılarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”na riayət olunmalıdır.

11. Meliorasiya və irriqasiya sistemlərinin inkişafı və yaxşılaşdırılması

11.1. İstismar işlərində yeni texnikanın tətbiqi, sistemlərin faydalı iş əmsalının yüksəldilməsi, istifadəsiz qalan torpaq və su ehtiyatlarının istehsala cəlb edilməsi, suya çəkilən xərcin və istismar xərclərinin aşağı salınması və s. üçün tədbirlər görmək meliorasiya və irriqasiya sistemlərinin istismarı idarələrinin əsas vəzifələrindəndir.

11.2. Meliorasiya və irriqasiya sistemlərinin mövcud vəziyyətinin təhlili zamanı müşahidə olunan çatışmazlıqların aradan qaldırılması istismar planlarının əsasını təşkil etməlidir.

11.3. Meliorasiya və irriqasiya sistemlərinin uzunmüddətli inkişaf proqramları tərtib olunarkən, su hövzələrindən istifadə sxemlərindən, torpaq və su balanslarından, tədqiqat və layihə təşkilatlarının materiallarından, su istifadəçilərinin uzunmüddətli inkişaf proqramından, eləcə də istismar xidmətinin mütəxəssislərinin təklif və mülahizələrindən geniş istifadə olunmalıdır.

11.4. Meliorasiya və irriqasiya sistemlərinin inkişaf proqramları tərtib olunarkən, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatı dövriyyəsindən çıxmış torpaqların istifadəyə qaytarılması, irriqasiya sistemlərinin faydalı iş əmsalının yüksəldilməsi, sistemlərin texniki təchizatının yaxşılaşdırılması, lazım gəldikdə sistemlərin yenidən qurulması, sistemlərdə təmir-bərpa işlərinin aparılması, yeni texnikanın, eləcə də meliorasiya və irriqasiya sistemlərində avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiq olunması, sistemlərin işləkliyini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər və görüləcək işlərin həcmi və maliyyə mənbəyi, görüləcək işlərin icra ardıcıllıqları və onların səmərəliliyi məsələləri nəzərə alınmalıdır.

12. İstismar tədbirlərinin proqnozlaşdırılması və yerinə yetirilməsi barədə hesabatlar

12.1. Meliorasiya və irriqasiya sistemlərinin istismarı qabaqcadan tərtib olunmuş illik və rüblük proqnozlar əsasında həyata keçirilir.

12.2. Meliorasiya və irriqasiya sistemlərində illik istehsalat proqnozları istismar tədbirləri, əsaslı təmir və bərpa işləri üzrə tərtib olunur.

12.3. İstismar tədbirləri planında faktiki görülən işlər nəzərə alınmaqla müəyyən dürüstləşmələr aparıla bilər.

12.4. Meliorasiya və irriqasiya sistemlərinin istismarı ilə bağlı operativ məlumatlar, rüblük və illik istehsalat-maliyyə hesabatları təqdim edilir.

12.5. Əsaslı təmir, istismar tədbirləri, sistemlərin yenidən qurulması, suvarılan torpaqların meliorasiya cəhətdən yaxşılaşdırılması və s. barəsində təqdim olunan hesabatlara yazılı izahatlar əlavə edilir.



13. Meliorasiya və irriqasiya sistemlərinə xüsusi ehtiyaclar üçün verilən torpaqlar

13.1. Meliorasiya və su təsərrüfatı sistemlərinin istismarı üçün su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazilər ayrılır.

13.2. Su mühafizə zonalarının hüdudlarında mühafizə zolaqları müəyyən olunur və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.

13.3. Su mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” və 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”na müvafiq olaraq həyata keçirilir.



14. Meliorasiya və irriqasiya sistemlərinin təhlükəsizlik bəyannaməsinin hazırlanması

14.1. Meliorasiya və irriqasiya sistemlərinin və ayrılıqda yerləşən hidrotexniki qurğuların tikintisi və istismarı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra qurğunun mülkiyyətçisi və ya istismarçısı hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsini tərtib etməlidir.

14.2. Meliorasiya və irriqasiya sistemlərinin və ayrılıqda yerləşən hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 11 avqust tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması” əsasında aparılır.

14.3. Hidrotexniki qurğunun təyinatı üzrə təhlükəsizlik bəyannaməsini qurğuların mülkiyyətçiləri və ya istismarçıları imzalayaraq, müvafiq qaydada aidiyyəti təşkilatın təsdiqinə verir.



15. Qoruyucu meşə əkinlərinin saxlanılması

15.1. Meliorasiya və irriqasiya sistemlərində meşə əkinləri su təsərrüfatı obyektlərindən buxarlanmaya, su itkisinə, torpaq və su eroziyasına qarşı mübarizə məqsədi ilə hidrotexniki qurğuların mühafizə zonalarında yaradılır.

15.2. Hidrotexniki qurğuların mühafizə zonaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq olunmuş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”na əsasən müəyyən edilir.

15.3. Meşəsalma işlərinin tərkibinə əkin sxeminin seçilməsi, torpağın əkin üçün hazırlanması və tinglərin əkilməsi işləri daxildir. Tinglərin əkilməsi ildə iki dəfə erkən yazda və payızda aparılır.

15.4. Meşə zolaqlarına əkindən sonrakı qulluq işləri əkindən sonrakı birinci il bitməyən ağacların yerinin doldurulması, əkindən sonrakı 1-ci və 2-ci il tələf olmuş ağacların yenidən əkilməsindən ibarətdir.

15.5. Meşə əkinlərinə qulluq onların suvarılması, becərilməsi, alaq otlarından təmizlənməsi, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə və yanğından mühafizə tədbirlərinin aparılması işlərindən ibarətdir. Meşə zolaqlarına qulluq işlərinin həcmi onların çətir əmələgətirmə və çətir əmələ gətirdikdən sonrakı dövrləri üçün müxtəlifdir.

15.6. Meşə zolaqlarında suvarmaların sayı onun yaşından asılı olaraq müəyyənləşdirilir.

15.7. Meşə zolaqlarının becərilməsinə cərgələrarası mexanizmlərlə və əllə becərmə və ağacların dibinin əllə doldurulması işləri daxildir. Çətir əmələ gətirmiş qalın meşələrdə kol-kosdan təmizləmə və alaq otlarının çalımı işləri aparılır.

15.8. Meşə zolaqlarında ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə meşəsalma zamanı sağlam əkin materiallarından istifadə olunması, aqrotexniki qaydalara düzgün əməl edilməsi və sahələrdə ziyanvericilər müşahidə edildikdə onların dərmanlanması ilə həyata keçirilir.

15.9. İrriqasiya meşə əkinlərinin yanğından mühafizəsi meşə zolaqlarının qurumuş ağaclardan təmizlənməsi, cərgələr arasının alaq otlarından təmizlənməsi və imkan daxilində şumlanması, qurumuş yarpaqların, budaqların və digər yanğın törədə bilən əşyaların meşə sahəsindən çıxarılması kimi tədbirlərin həyata keçirilməsi ilə təmin olunur.

15.10. İrriqasiya meşə zolaqlarının bərpası qırıntı yerlərində, yanğından və başqa səbəblərdən sıradan çıxmış sahələrdə, seyrəkliklərdə və s. aparılır.

15.11. Meşəbərpa işlərinin həcmi və qaydaları meşəquruluşu materiallarına əsasən müəyyən edilir.



15.12. İrriqasiya meşə əkinlərinin istifadəsi, mühafizəsi və qorunması kompleks təşkilati, hüquqi və digər tədbirlərdən ibarət olub Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları”na əsasən həyata keçirilir.
Yüklə 117,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə