Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti



Yüklə 114,62 Kb.
tarix27.03.2018
ölçüsü114,62 Kb.
#35327
növüReferat

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Biznes Universiteti


FAKULTƏ: İQTİSADİYYAT və İDARƏETMƏ


KAFEDRA:
İXTİSAS: MALİYYƏ
QRUP: 634
KURS: III
FƏNN:
MÖVZU:

REFERAT


FƏNN MÜƏLLİMİ:

TƏLƏBƏ: TƏHMƏZLİ YUSİF

BAKI 2011



Plan:


1. Xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənmələri haqqinda anlayış


2. Xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimləmə metodları


1. Ümumilikdə götürüldükdə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi metodları iki qrupa ayrılır:

1. Tarif metodları

2. Qeyri-tarif metodları

Qeyri-tarif metodları özü də üç yerə bölünür:

1. Kəmiyyət məhdudiyyətləri

2. Gizli

3. Maliyyə

Tarif metodları ilə xarici iqtisadi fəaliyyətin tənzimlənməsi zamanı aşağıdakı ticarət siyasəti alətlərindən istifadə edilir:



  • Gömrük rüsumları

  • Tarif kvotaları

Qeyri-tarif metodları ilə xarici iqtisadi fəaliyyətin tənzimlənməsi zamanı isə aşağıdakı ticarət siyasəti alətlərindən istifadə edilir:

a) kəmiyyət məhdudiyyətləri:



  • Kvotalaşdırma;

  • Lisenziyalaşdırma;

  • “Könüllü məhdudiyyətlər”.

b) gizli:

  • Dövlət satınalmaları;

  • Texniki maneələr;

  • Vergi və rüsumlar.

c) maliyyə:

  • Subsidiya;

  • Kreditləşmə;

  • Dempinq.

Dövlətin xarici iqtisadi fəaliyyəti tənzimləmə istiqamətlərinin əsas hissəsi daxili bazarın xarici rəqabətin arzuolunmaz təsirindən mühafizəsinə yönəldiyindən bu vəzifələr əsasən xarici iqtisadi fəaliyyətin tarif tənzimlənməsi vasitəsilə həyata keçirilir. Tarif tənzimlənməsi xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin həm ənənəvi, eyni zamanda aktiv istifadə edilən vasitələrindən hesab edilir. Tarif tənzimlənməsi mallara idxal və ixrac rüsum dərəcələrinin müəyyən edilməsi yolu ilə həyata keçirilir və dövlət həmin rüsum dərəcələrini qaldırıb-endirməklə xarici iqtisadi fəaliyyəti, bir sözlə xarici ticarəti tənzimləyir. Tarif tənzimlənməsi milli iqtisadi təhlükəsizliyin müdafiəsini, ictimai qaydaların, insanların həyat və sağlamlığının, cəmiyyətin əxlaqi və mənəvi dəyərlərinin qorunmasını, həmçinin ölkənin gömrük sərhədlərindən malların keçirilməsi zamanı gömrük ödənişləri alınması yolu ilə dövlət büdcəsinin gəlir hissəsinin doldurulmasını təmin edir.

Xarici iqtisadi fəaliyyətin tarif tənzimlənməsinin əsas məqsədləri aşağıdakılardır:


  • Azərbaycan Respublikası üzrə idxalın əmtəə strukturunu səmərəliləşdirmək;

  • Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək;

  • Valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək;

  • Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq;

  • Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq;

  • Azərbaycan Respublikası iqtisadiyyatının dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq.

Müasir dövlətin gömrük tarifi ticarət münasibətlərinin tənzimlənməsinin əsas vasitəsidir. Tarif təşkil edilməsində bir neçə əsas istiqamətlər vardır ki, onlar tarifin kəsərli olmasına təsir edir. Bunlar əsasən tətbiq edilən gömrük rüsumları növlərinin seçilməsi, tariflərin strukturunun formalaşdırılması, tarif təsnifatı sisteminin işlənilməsi, gömrük rüsumu tutulması məqsədilə idxal olunan malların mənşə ölkəsinin müəyyənləşdirilməsi metodikasının hazırlanması istiqamətləridir. Gömrük tarifinin iqtisadi rolu onunla bağlıdır ki, rüsumlar, malın qiymətinə təsir edərək və milli bazarı qoruyaraq, kapital yığımına, iqtisadiyyatın ayrı-ayrı sahələrində mənfəətin normasına və yaranma templərinə aktiv təsir göstərir, istehsalın milli və beynəlxalq şəraitlərindəki fərqləri tarazlaşdırır.

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunu Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir. Qanunda gömrük tarifinə aşağıdakı kimi tərif verilmişdir:



Tarif - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin Əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.

Gömrük tarifi bir qayda olaraq aşağıdakı əsas funksiyaları yerinə yetirir:

– müxtəlif malların idxalına rüsum dərəcələrinin differansiasiyası yolu ilə idxalın optimal əmtəə strukturunu formalaşdırır;

– qiymətqoyma mexanizminin tərkib hissəsi kimi sosial mühitə və müəssisələrin fəaliyyətinin təsərrüfat nəticələrinə təsir göstərir;

– xarici rəqabətin əhəmiyyətli zərər vurabiləcəyi iqtisadiyyatın ayrı-ayrı milli sahələrini müdafiə edir;

– aktiv xarici ticarət siyasəti aparılmasına, ölkə mallarının bazarlara çıxarılmasını asanlaşdırmaq haqqında ticarət danışıqları zamanı qarşı tərəfə təzyiq göstərməyə, azad ticarət zonaları, gömrük ittifaqları yaratmağa imkan verir;

– idxal və ixracın nisbətlərinin, valyuta xərclərinin və daxilolmalarının nisbətlərinin optimallaşdırılmasına, əlverişli ticarət balansının yaranmasına kömək edir.

Gömrük tarifinin qiymətyaradıcı rolu (idxal malının qiymətini artiran dəyər bariyerinin yaradılması) daha çox nəzərə çarpır. Bu rol mallar üzrə müxtəlifdir. Bəziləri (xammal, yarım fabrikatların bəzi növləri) üzrə az əhəmiyyətli, digərləri (hazır sənaye məmulatları və kənd təsərrüfatı malları) üzrə isə çox əhəmiyyətlidir.



Gömrük rüsumu – mallar ( Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istənilən əmlak, o cümlədən, istilik, elektrik enerjisi və energinin digər növləri ) Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən çıxarılarkən Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən tutulan haqq olmaqla yanaşı, həm də bu cür idxal və ixracın mühüm şərtidir.

Gömrük rüsumları üç əsas funksiyanı yerinə yetirir:



  1. Fiskal funksiya. Bu funksiya həm idxal, həm də ixrac rüsumlarına aiddir, çünki onlar dövlət büdcəsinin gəlir maddələrindən biri kimi çıxış edirlər. Bu funksiyanın mahiyyəti dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət xəzinəsinə cəlb edilməsidir. Ümumdövlət proqramlarının həyata keçirilməsi üçün vəsaitlərin dövlət büdcəsinə toplanması, məhz bu funksiya vasitəsilə həyata keçirilir.

  2. Proteksionist funksiya. Bu funksiya idxal rüsumlarına aiddir, çünki onların köməyi ilə dövlət yerli istehsalçıları arzuolunmaz xarici rəqabətdən qoruyur. Daxili bazarı qorumaq üçün idxal rüsumlarının artırılmasının əsas səbəbi yerli malların rəqabət qabiliyyətinin aşağı olmasından irəli gəlir. Eyni zamanda ölkəni xarici mallardan asılı vəziyyətə salmaq, nəinki iqtisadi təhlükəsizliyə, həm də milli təhlükəsizliyə ciddi problemlər yarada bilər.

  3. Balanslaşdırıcı funksiya. Bu funksiya ixrac rüsumlarına aiddir, çünki onların köməyi ilə daxili qiymətləri bu və ya digər səbəbdən dünya qiymətlərindən aşağı olan malların ixracının qarşısını alır.


2. Dünya təcrübəsində qeyri-tarif məhdudiyyətlərinə münasibət kifayət qədər ziddiyyətlidir. Ümumdünya Ticarət Təşkilatı rəsmi olaraq belə tədbirlərin ləğv edilməsi və müstəsna olaraq tarif üsullarından istifadə edilməsi məsələsini ortaya qoyur.

Bununla bərabər tələblərin birmənalı şəkildə qəbulu digər məsələlərdə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Belə ki, Ümumdünya Ticarət təşkilatının üzvü olan ölkələr xarici ticarətdə qeyri-tarif tənzimləmə metodlarından həm əvvəl, həm də indi istifadə etməkdədirlər. Bəzi qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması sadəcə olaraq qeyri-mümkündür. Belə ki, qeyri-tarif məhdudiyyətləri daxili iqtisadi siyasətin digər ölkələrlə iqtisadi əlaqələrinə təsirinin təcəssümü kimi çıxış edir. Bununla belə, beynəlxalq ticarət sistemi tərəfindən qanuniləşdirilmiş qeyri-tarif tənzimləmə tədbirləri , daha doğrusu xarici malların idxalının kəskin artımı ilə milli iqtisadiyyata vurulan zərərin qarşısının alınması məqsədi güdən müdafiə tədbirləri, həmçinin xarici ixracatçılar tərəfindən qeyri-sağlam rəqabətin qarçısının alınmasına yönəlmiş digər tədbirlər mövcuddur.

Qeyri-tarif metodlarını üç qrupda təsnifləşdirmək olar:

1. Kəmiyyət məhdudiyyətləri;

2. Gizli metodlar;

3. Maliyyə metodları.

Qeyri-tarif metodlarının ən geniş yayılmış növü kəmiyyət məhdudiyyətləridir. Kəmiyyət məhdudiyyəti dedikdə, idxalına və ixracına icazə verilən malların nomeklaturasını və kəmiyyətini müəyyən edən qeyri-tarif inzibati tənzimləmə forması nəzərdə tutulur. Kəmiyyət məhdudiyyəti hökümətin birtərəfli surətdə qəbul etdiyi qərar və müəyyən mal ilə ticarəti tənzimləyən çoxtərəfli saziş əsasında tətbiq edilə bilər.

Kəmiyyət məhdudiyyətləri tədbirləri vasitəsilə dövlət səviyyəsində iqtisadi, xarici ticarət və hətta siyasi xarakterli məsələlər, ölkə daxilində analoji rəqabət edən malların istehsalçı və istehlakçısının müdafiəsi, daxili bazarın stabilliyinin dəstəklənməsi, valyuta ehtiyatlarına qənaət, digər ölkələrdən qarşılıqlı güzəştlərin əldə edilməsi və s. həll edilir

Kəmiyyət məhdudiyyətlərinə kvotalaşdırma, lisenziyalaşdırma və ixracın könüllü məhdudlaşdırılması daxildir.

Kəmiyyət məhdudiyyətlərinin ən geniş yayılmış forması kvota hesab edilir. Kvota dedikdə, malın ixracını və ya idxalını müəyyən müddət ərzində və müəyyən edilmiş kəmiyyət və məbləğ həddində məhdudlaşdıran kəmiyyət qeyri-tarif vasitəsi başa düşülür. Öz fəaliyyət istiqamətlərinə görə kvotalar ixrac və idxal kvotalarına bölünürlər. İxrac kvotaları ya müəyyən mal üzrə ümumi ixracda hər bir ölkənin payını müəyyən edən beynəlxalq sazişlərə uyğun olaraq (OPEK ölkələrində neft ixracı), ya da daxili bazarda çatışmayan malların ixracının qabağını almaq məqsədilə dövlət tərəfindən ( 1990-cı ildə Ukraynada şəkər ixracı ) tərəfindən tətbiq edilə bilər.



Idxal kvotaları dövlət tərəfindən yerli istehsalçıları müdafiə etmək, ticarət balansının tarazlığına nail olmaq, daxili bazarda tələb və təklifi tənzimləmək, həmçinin digər ölkələrinin ayrıseçkilik tədbirlərinə cavab məqsədilə tətbiq edilir.

Öz əhatəsinə görə kvotalar qlobal və fərdi kvotalara bölünür. Qlobal kvotalar müəyyən müddət ərzində müəyyən malın idxalına və

ixracına ( həmin malın hansı ölkəyə idxal və ixrac edilməsindən asılı olmayaraq ) münasibətdə tətbiq edilir. Bu cür kvotaların tətbiqində məqsəd daxili istehlakın lazımi səviyyəsinin təmin edilməsidir.

Fərdi kvotalar isə qlobal kvota çərçivəsində müəyyən edilməklə malı idxal və ya ixrac edən hər bir ölkə üzrə kvotanın həcmini göstərir. Bu cür kvotalar adətən, ikitərəfli sazişlər əsasında tətbiq edilir. Onlar siyasi, iqtisadi və digər maraqlar üzrə sıx əlaqədar qurulmuş ölkərə mal idxalı və ixracında əsas üstünlüyü əldə etməyə imkan verir. Fərdi kvotalar adətən, mövsümi olurlar, yəni daxili bazarın dövlət müdafiəsinə daha kəskin ehtiyac olduqda müəyyən müddət ərzində tətbiq edilə bilər.

Bundan başqa mövsümi kvotalar da vardır. Mövsümi kvotalar ilin fəsillərindən asılı olaraq tətbiq edilir. İlin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə ( ən çox kənd təsərrüfatı məhsulları üçün ) tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır.

İdxal kvotalarının iqtisadi təsirlərinə gəldikdə isə, ilk növbədə onların idxal mallarının daxili bazarda tələbini azaldaraq həmin malların qiymətini yüksəltməsini qeyd etmək lazımdır.

Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin digər növü olan lisenziyalaşdırma kvotalaşdırma ilə sıx əlaqədardır. Lisenziyalaşdırma dedikdə , xarici iqtisadi fəaliyyətin dövlət orqanları tərəfindən müəyyən müddətə verilən və müəyyən edilmiş kəmiyyətlərdə mal ixracını və idxalını nəzərdə tutan icazələr vasitəsilə tənzimlənməsi nəzərdə tutulur. Lisenziyada idxal və ixracın həyata keçirilmə qaydası da müəyyən edilə bilər. Lisenziyalaşdırma dünya təcrübəsində ticarətin arzuolunmaz həcmlərini müəyyən müddət ərzində məhdudlaşdırıldığı zaman həyata keçirilən müvəqqəti tədbir kimi təfsir edilir. Gömrük rüsumlarından istifadə edilmədikdə və ya onların təsiri səmərəsiz olduqda lisenziyalaşdırma zərurəti meydana çıxır. Bu iş həm qarşılıqlı güzəşt əldə edilməsi, həm də diskriminasiya məqsədilə görülə bilər. Onu da qeyd etmək lazımdır ki, lisenziyalaşdırma müvəqqəti tədbir hesab edildiyindən əvvəllər bağlanmış dövlətlərarası ticarət sazişlərinə yenidən baxılmasını nəzərdə tutmur.

Lisenziyalaşdırma kvotalaşdırma prosesinin tərkib hissəsi kimi çıxış edə bilər və bu halda onun iqtisadi məzmunu kvotalaşdırma ilə eyni olacaqdır. Bu halda lisenziya sadəcə olaraq kvota əsasında mal gətirilməsinə və aparılmasına icazə verən sənəd kimi çıxış edir.

Bununla yanaşı, lisenziyalar dövlət tənzimlənməsinin müstəqil aləti kimi çıxış edirlər. Bu halda aşağıdakı konkret formaları fərqləndirmək olar:

1. Birdəfəlik lisenziya – hökümət tərəfindən konkret firmaya bir ticarət əməliyyatının həyata keçirilməsi üçün verilmiş və bir il müddətində olan yazılı icazədir

2. Baş lisenziya – il ərzində bu və ya digər malın ixrcına və idxalına əmaliyyatların əməliyyatların sayına məhdudiyyət qoyulmadan verilən icazə başa düşülür.

3. Qlobal lisenziya – müəyyən müddət ərzində kəmiyyət və dəyər məhdudiyyəti olmadan malın dünyanın istənilən ölkəsinə ixracı və idxalı üçün verilən icazə nəzərdə tutulur

4. Avtomatik lisenziya – ixracatçı və idxalatçı tərəfindən müraciət edildikdən sonra ( bu müraciət dövlət orqanı tərəfindən rədd edilə bilməz ) dərhal verilən icazədir.

Lisenziyalaşdırma dünyanın əksər ölkələri, xüsusilə də İnkişaf etməkdə olan ölkələr tərəfindən idxalın dövlət tənzimlənməsi məqsədləri üçün geniş şəkildə istifadə edilir. İnkişaf etmiş ölkələr isə lisenziyalaşdırmadan adətən kvotanı təsdiq edən sənəd kimi istifadə edirlər.

Lisenziya verilməsinə imtina edilməsi idxala faktiki qadağan kimi qiymətləndirilə bilər. Bəzi hallarda ölkənin ticarət balansında böyük kəsiri olduğu dövlətlərdən idxala qadağa tətbiq edilə bilər.

Müəyyən bir ölkədən idxal və ixraca qadağa qoyula bilər ki, buna da embarqo deyilir. Bu hal məcburi tədbir olub beynəlxalq təcrübədə qəbul edilmişdir, prinsipial xüsusiyyətlərə malik olub açıq və gizli formalarda edilə bilər. Belə qadağanın açıq forması adətən BMT-nin qərarlarına əsaslanır və xarici ticarətin tamamilə kəsilməsini nəzərdə tutur.

XX əsrin 1970-ci illərindən başlayaraq beynəlxalq iqtisadi təşkilatların proteksionizm meyli və onun həyata keçirilməsinin əsas vasitələri ilə ciddi surətdə mübarizəyə başlamaları ölkələri proteksionizm siyasətinin alətlərinin genişləndirməyə və yeni vasitələrdən istifadə etməyə sövq etdi ki, bu proses də iqtisadi ədəbiyyatlarda neoproteksionizm meyli adlanır.

Neoproteksionizm meyli ilk dəfə olaraq özünü ixracın “könüllü” məhdudlaşdırılması adlandırılan tədbirlərin həyata keçirilməsində göstərdi. Hökumət ixracın “könüllü” məhdudlaşdırılmasına adətən daha iri idxal ölkəsinin siyasi təzyiqi nəticəsində gedir. İri ölkə ixrac ölkəsini ixracı “könüllü” surətdə məhdudlaşdırmaqdan imtina edəcəyi halda idxala birtərəfli surətdə məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyi ilə hədələyir və bu yolla onu “könüllü” surətdə məhdudlaşdırmaya getməyə məcbur edir.

İxracın “könüllü” məhdudlaşdırılması dedikdə, ticarət partnyorlarından birinin malın ixracına kvota qoyulması haqqında rəsmi və ya qeyri-rəsmi saziş əsasında ixracın həcmini məhdudlaşdırmaq və ən azı genişləndirməmək üzrə götürdüyü öhdəlik başa düşülür.

Qeyri-tarif metodlarından biri də paratarif tədbirləridir. Paratarif tədbirləri gömrük sərhədindən keçirilən mallara tətbiq edilən elə ödəniş və yığımlara deyilir ki, gətirilən malların dəyərini gömrük rüsumundan əlavə olaraq artırır ( ya müəyyən faiz, ya da mal vahidinə əmsal ).

Gömrük rüsumlarının və onunla bağlı olaraq fiskal gömrük gəlirlərinin aşağı düşməsi ilə dövlət büdcə gəlirlərinin artırılmasında paratarif tədbirlərinə meyl etməsi təbii olur. Ümumiyyətlə idxal olunan mallara sərhəd vergiqoymaları müxtəlif vergi və yığımlar onların ödənilməsinin sadələşdirilməsi və idxalçı ölkənin maliyyə qurumlarının maraqlarının təmin edilməsi məqsədilə bilavasitə gömrük orqanları tərəfindən tutulur. Bu vergi və yığımları, adətən idxalçı ödəyir, lakin alqı-satqı müqaviləsi tərtib edilərkən tərəfdaşlar tərəfindən nəzərə alınır.

Paratarif tədbirlərinə aşağıdakılar daxildir:



  • Gömrük əlavələri – ticarət-siyasi məqsədlərlə, büdcənin doldurulması, yaxud milli istehsalın müdafiəsi üçün tətbiq edilən əlavə vergi və rüsumlar;

  • Əlavə yığımlar – daxili analoqu olmayan, idxal mallarından gömrük rüsum və vergilərindən artıq ( əlavə ) tutulan ödənişlər. Onlar xarici ticarətlə bağlı fəaliyyətin müəyyən növlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bunlara adətən xarici valyutanın köçürülməsinə qoyulan vergi, idxal lisenziyası üçün yığım, liman yığımları, statistik vergi, nəqliyyat vasitələrinə vergi aid edilir;

  • Diskretləşdirilmiş gömrük qiymətləndirilməsi – gömrük rüsum və yığımlarının hesablanması üçün gömrük dəyərinin inzibati yolla müəyyən edilməsi praktikası.

Qeyri-tarif metodları sırasında kəmiyyət məhdudiyyətləri ilə yanaşı proteksionizmin gizli metodlarını da göstərmək olar. Bu metodlar özündə qeyri-tarif xarakterli müxtəlif çeşidli maneələri əks etdirir.

Bəzi qiymətləndirmələrə görə gizli proteksionzimin bir neçə yüz növü vardır ki, onların da köməyi ilə dövlətlər birtərəfli qaydada idxalı və ixracı məhdudlaşdırırlar. Onların əsaslarının sırasına aşağıdakılar daxildir:



Texniki maneələr – ticarət siyasətinin gizli metodu olmaqla milli texniki, inzibati və digər norma və qaydalar vasitəsilə xaricdən mal idxalının məhdudlaşdırılmasına yönəldilir. Texniki xarakterli maneələrdən ən geniş yayılanları milli standartlara əməl edilməsi, idxal malların keyfiyyətini təsdiq edən sertifikatların alınması, malların xüsusi qablaşdırılması və nişanlanması, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi də daxil olmaqla müəyyən sanitar gigiyenik normalara əməl edilməsi, mürəkkəbləşdirilmiş gömrük formallıqlarına və istehlakçıların hüquqlarına əməl edilməsi barədə irəli sürülən tələblər aiddir. Texniki maneələr heç də həmişə təkcə proteksionizmin metodu kimi çıxış etmirlər. Bir çox hallarda onun tətbiqi daxili bazarın qorunmasından daha çox əhalinin sağlamlığının müdafiəsi zərurəti ilə diqtə olunur.

Daxili vergilər və yığımlar – idxal malının daxili qiymətini artırmağa və bununla da onun daxili bazarda rəqabət qabiliyyətini aşağı salmağa yönəlmiş ticarət siyasətinin gizli metodudur. Əsasən idxal mallarına tətbiq edilən vergilər çox müxtəlifdir və birbaşa ( əlavə dəyər vergisi, aksiz vergisi, satış vergisi ) və ya dolayı ( gömrük rəsmiləşdirilməsinə, qeydiyyata və digər formallıqların yerinə yetirilməsinə görə rüsumlar, liman yığımları ) olurlar. Daxili vergilər və yığımlar yalnız o zaman ayrıseçkilik xarakteri kəsb edirlər ki, onlar yalnız idxal mallarına münasibətdə tətbiq edilirlər və yerli istehsalçıların mallarından bu cür vergi və yığımlar tutulmur. Əgər daxili vergiqoyma qaydaları həm milli mallar , həm də daxil olan mallar üçün eynidirsə buna hər iki tərəf üçün bərabər şərait yaradılması kimi baxılır. Bir çox hallarda daxili vergilər dəyər həcminə görə idxal rüsumunun həcmindən çox olur və bundan əlavə, onların dərəcələri yerli bazarın daxili konyukturasının dəyişməsindən asılı olaraq arta, ya da azala bilər.

İdxal olunan mallara ƏDV-nin tətbiqi iki funksiyanı yerinə yetirir:

1) xarici iqtisadi fəaliyyətin tənzimlənməsi, daha doğrusu, daxili bazarda yerli və idxal mallarının arasındakı rəqabətin tənzimlənməsini;

2) dövlət büdcəsinin gəlir hissəsini doldurmaq üçün fiskal funksiyanı. ƏDV-ni müəyyənləşdirərkən advalor dəyərdən istifadə olunur.ƏDV hesablanarkən üç əsas dəyər elementinin cəmi əsas götürülür:

- malın gömrük dəyəri;

- gömrük rüsumu;

- aksiz kəmiyyəti.

Dövlət satınalmaları çərçivəsində siyasət – dövlət orqanları və müəssisələrindən müəyyən malları yalnız yerli istehsalçılardan almağı tələb edən ticarət siyasətinin gizli metodudur. Bu zaman həmin malların idxal mallarından baha ola biləcəyi heç bir rol oynamır. Bu cür siyasət adətən milli təhlükəsizliyin qorunması zəruriliyi ilə izah edilir.

Yerli komponentlərdən istifadə tələbi – son məhsulun daxili bazarda satılmaq üçün nəzərdə tutulduğu halda həmin malın milli istehsalçılar tərəfindən istehsal olunmalı olan payını qanunvericiliklə müəyyən edən ticarət siyasətinin gizli metodudur. Adətən bu tələbdən inkişaf etməkdə olan ölkələr tərəfindən yeridilən və idxal mallarının milli istehsal bazasının yaradılmasını və inkişaf etdirilməsini nəzərdə tutan idxaləvəzedici siyasət çərçivəsində istifadə edilir. İnkişat etmiş ölkələr isə bu tədbirlərin istehsalın inkişaf etməkdə olan ölkələrə köçməsinə yol verməmək və bununla da, məşğulluğun səviyyəsini qorumaq məqsədilə istifadə edilir.

Daxili bazarı idxaldan qoruyan beynəlxalq ticarətin kəmiyyət və gizli metodları ilə yanaşı, beynəlxalq ticarət praktikasında ixracın genişləndirilməsi metodlarından da geniş surətdə istifadə edilir.

İxracın maliyyələşdirilməsini ixrac-idxal əməliyyatlarının adi kreditləşdirilməsi və maliyyələşdirilməsindən fərqləndirmək lazımdır.

Hökumət milli istehsalçıların ixracını stimullaşdırmağı zəruri saydığı halda onlara bu və ya digər formada büdcədən subsidiyalar təqdim edir. Subsidiya milli istehsalçıların dəstəklənməsinə və idxalın dolayı diskriminasiyasına yönəlmiş pul ödəməsidir.

Ödəmə xarakterinə görə subsidiyalar aşağıdakı növlərinə bölünürlər:

Birbaşa subsidiyalar. Bu zaman həyata keçirilən ixrac əməliyyatından sonra ixracatçının əldə etdiyi gəlirlə çəkdiyi xərclər arasındakı fərqin məbləği birbaşa surətdə onun özünə ödənilir. Birbaşa subsidiyalara istehsalçıya xarici bazara çıxdığı zaman verilən dotasiya kimi baxmaq olar. Lakin birbaşa subsidiyalara beynəlxalq ticarət praktikasında yaxşı baxılmır və onların tətbiqi ticarət partnyorları tərəfindən cavab tədbirləri ilə nəticələnə bilər.

Dolayı subsidiyalar. Vergi ödəməsi üzrə güzəştlərin, sığorta güzəştlərinin, bazar faizlərindən aşağı dərəcələrlə borcların verilməsi, idxal üsumlarının geri qaytarılması və s. vasitələrlə ixracatçıların gizli surətdə dotasiyalaşdırılmasını nəzərdə tutulur.

Subsidiyalar həm idxalla rəqabət aparan mal istehsalçıların, həm də ixrac üçün nəzərdə tutulan mal istehsalçılarına verilə bilər. Subsidiyalar hər iki halda istehsalçılar üçün mənfi xarakterli vergidir, çünki subsidiyalar onların gəlirlərindən çıxılmır və dövlət tərəfindən ödənilir.



Daxili subsidiya ticarət siyasətinin ən gizli metodu olmaqla idxalın məhdudlaşdırılmasına yönəldilir. Bu zaman ölkə daxilində istehsal edilən və idxal malları ilə rəqabətdə olan məhsulların istehsalı büdcə vasitəsilə maliyyələşdirilir.

Idxalla rəqabətdə olan istehsalçıların subsidiyalaşdırılması idxalı tarifi və ya kvotasına nisbətən idxalın məhdudlaşdırılmasının iqtisadi cəhətdən daha uyğun metodu hesab edilir. Tarif və kvotalar daxili qiymətlərə təsir etməklə yanaşı, istehlak effektinin yaranmasına səbəb olurlar. İstehlak effekti dedikdə, mənfi təsiri bütünlüklə idxal ölkəsinin “çiyinləri”-nə düşən istehlak artıqlığının itirilməsi nəzərdə tutulur. Istehsalçıların subsidiyalaşdırılması isə tarif və kvota ilə müqayisə edilə biləcək səviyyədə idxalın məhdudlaşdırılmasına şərait yaradır və milli iqtisadiyyat üçün daha az itkilərə başa gəlir. Düzdür bu zaman itkilər təkcə müdafiə siyasətinin mənfi effektləri hesabına deyil, həmçinin subsidiyanın büdcə vasitəsilə maliyyələşdirilməsi nəticəsində də meydana gəlir.

Subsidiyaların digər bir forması isə ixrac subsidiyalarıdır. İxrac subsidiyası ticarət subsidiyasının qeyri-tarif maliyyə metodu olmaqla milli ixracatçılara büdcə ödəmələrini nəzərdə tutur. Bu malı xarici alıcılara daxili bazarda mövcud olan qiymətlərdən daha ucuz qiymətlərə satmağa imkan verir və bununla da ixrac stimullaşdırılır.

İxrac kreditləşdirməsi xarici ticarət siyasətinin qeyri-tarif maliyyə metodu olmaqla dövlət tərəfindən milli şirkətlərin ixracının inkişafının maliyyə stimullaşdırılmasını nəzərdə tutur.

İxrac kreditləşdirməsinin aşağıdakı formaları vardır:

1. Milli ixracatçılara subsidiyalaşdırılmış kreditlərin verilməsi – dövlət bankları və ya agentlikləri tərəfindən bazar faizlərindən aşağı dərəcələrlə kreditlərin verilməsi;

2. Xarici idxalatçılara dövlət kreditlərinin verilməsi – bu zaman idxalatçı ölkə kredithesabına yalnız krediti verən ölkənin şirkətlərinin mallarını satın alacağı barədə öhdəlik götürür ( bu cür kreditlərə bəzən “bağlanmış” kredit də deyirlər );

3. Milli ixracatçıların ixrac risqlərinin sığortalanması – bu cür risqlərə kommersiya risqləri ( idxalatçının ödəmə qabiliyyətini itirməsi ) və siyasi risqlər ( idxalatçı ölkənin hökumətinin gözlənilməz tədbirləri ) aiddir.

Müddətinə görə ixrac kreditləri üç cür olurlar:



  • Qısamüddətli – bir il müddətinə verilir və istehlak mallarının və xammalın ixracının kreditləşdirilməsi üçün istifadə edilir;

  • Ortamüddətli – bir ildən beş ilə qədər müddətə verilir və maşın və avadanlıqlarının ixracının kreditləşdirilməsi üçün istifadə edilir;

  • Uzunmüddətli – beş ildən artıq müddətə verilir və iri investisiya layihələrinin ixracının kreditləşdirilməsi üçün istifadə edilir.

Dempinq ticarət siyasətinin maliyyə qeyri-tarif metodu olaraq ixrac qiymətlərinin normal qiymətlərdən aşağı səviyyəyə salınması yolu ilə malların xarici bazarlara ixracının dəstəklənməsini nəzərdə tutur.

Dempinq həm xarici bazarı tutmağa çalışan ayrı-ayrı firmaların resursları hesabına, həm də ixracatçılara dövlət subsidiyalarının verilməsi hesabına həyata keçirilə bilər.

Dempinq həm beynəlxalq səviyyədə, həm də bir çox ölkələrin antidempinq qanunları ilə qadağan edilmişdir. Əksər ölkələr özünə qarşı tətbiq edilən dempinq halını aşkar etdiyi halda antidempinq rüsumları tətbiq edirlər.

Antidempinq rüsumu malın daxili və xarici bazarlarda satış qiymətlərinin fərqi həcmində müəyyən edilməklə, idxal ölkəsi tərəfindən dempinq əsasında həyata keçirilən qeyri-ədalətli qiymət rəqabətinin mənfi nəticələrinin aradan qaldırmaq məqsədilə tətbiq edilir.


Qeyri-tarif məhdudiyyətlərinin təsnifatı

Dünya təcrübəsində qeyri-tarif məhdudiyyətlərinə münasibət kifayət qədər ziddiyyətlidir. Ümumdünya Ticarət Təşkilatı rəsmi olaraq belə tədbirlərin ləğv edilməsi və müstəsna olaraq tarif üsullarından istifadə edilməsi məsələsini qoyur. Həmin təşkilata üzvlük ərəfəsində olan Azərbaycan Respublikası üçün bu tələbələrə münasibət mühüm əhəmiyyət kəsb etməkdədir.

Bununla bərabər tələblərin birmənalı şəkildə qəbulu digər məsələlərdə arzuolunmaz nəticələrə də gətirib çıxara bilər. Belə ki, Ümumdünya Ticarət Təşkilatının Tarif və Ticarət üzrə Baş Sazişin (QATT) üzvü olan ölkələr xarici ticarətdə qeyri-tarif tənzimləmə metodlarından həm əvvəl, həmdə indi istifadə etməkdədirlər. Bəzi qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması sadəcə olaraq qeyri-mümkündür. Belə ki, qeyri-məhdudiyyətləri daxili iqtisadi siyasətin digər ölkələrlə iqtisadi əlaqələrinə təsirinin təcəssümü kimi çıxış edir. Bununla belə, beynəlxalq ticarət sistemi tərəfindən qanuniləşdirilmiş qeyri-tarif tənzimləmə tədbirləri, daha doğrusu xarici malların idxalının kəskin artımı ilə milli iqtisadiyyata vurulan zərərin qarşısının alınması məqsədi güdən müdafiə tədbirləri, həmçinin xarici ixracatçılar tərəfindən qeyri-sağlam rəqabətin qarşısının alınmasına yönəlmiş digər tədbirlər mövcuddur.

İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlər (QTM) – xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma – qadağan xarakterli tədbirlər kompleksidir. Bu tədbirlərin məqsədi yalnız idxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi deyil, həm də milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunmasıdır. Bundan başqa QTM ixrac əməliyyatlarından da istifadə edilir.

Birbaşa və dolayısı yolla xarici ticarəti tənzimləyən tədbirlər, adətən səkkiz qrupa bölünür: tarif, paratarif, qiymətlərə nəzarət, maliyyə, lisenziyalaşdırma, kəmiyyət nəzarəti, inhisarçı tədbirlər. ÜTT/QATT tövsiyələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq hal-hazırda Azərbaycanda bu tədbirlərin əksəriyyəti tətbiq edilir. Lakin güman edilir ki, milli istehsalın inkişafı naminə və ölkənin iqtisadi təhlükəsizliyinin təmini ilə əlaqədar olaraq anların istifadə dairəsi genişləndiriləcəkdir. Qeyri-tarif tənzimləməsi sisteminin öyrənilməsi bu baxımdan məqsədə uyğundur.


Qeyri-tarif tədbirlərinin qrupları:

Qeyri-tarif tədbirlərinin rəngarəng olmasına baxmayaraq onları iki böyük qrupa bölmək olar: iqtisadi və inzibati tədbirlər.

İqtisadi QTM-ə aşağıdakılar aiddir:


  • Xüsusi növ rüsumlar;

  • Müxtəlif vergi və yığımlar;

  • İdxal depozitləri;

  • Valyuta tənzimlənməsi tənzimlənməsi tədbirləri;

  • İnzibati Q.T.M daha çox cəhətlidir ;

  • Enbarqo (qadağa) ;

  • Lisenziyalaşdırma və kvotalaşdırma;

  • İxracın məhdudlaşdırılması ;

  • İnhisarçı tədbirlər ;

  • Proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi;

  • əlavə gömrük sənədləri və əməliyyatlar.

İqtisadi məhdudiyyətlər bazar mexanizmi vasitəsi ilə təsir göstərərək idxal və ixrac mallarını bahalaşdırır, inzibati məhdudiyyətlər isə bazar münasibətlərindən başqa idxal mallarının xaricə çıxarılmasını məhdudlaşdırır.

İqtisadi QTM- tətbiq edildikdə istehlakçı öz seçimini özü müəyyən edir və daha bahalı idxal, yaxud ucuz milli mal alacağına qərar verir.

İnzibati QTM tətbiq edildikdə dövlət taktik olaraq daxili bazarın əmtəə strukturunu müəyyən edir, yəni daxili bazarı həm idxalın təsirindən qoruyur, həm də çətin tapılan milli mal alacağına qərar verir.

İnzibati QTM tətbiq edildikdə dövlət faktiki olaraq daxili bazarın əmtəə strukturunu müəyyən edir, yəni daxili bazarı həm idxalın təsirindən qoruyur, həm də çətin tapılan milli məhsulun çatışmazlığının qarşısını alır.

Bu halda iştirakçı sərbəst əmtəə seçimindən məhrum olur.

QTM əsas qruplarına bir az geniş nəzər salaq.


Paratarif tədbirləri

Paratarif tədbirləri gömrük sərhədindən keçirilən mallara tətbiq edilən elə ödəniş və yığımlara deyilir ki, gətirilən malın dəyərini gömrük rüsumunda əlavə olaraq artırır.

Gömrük rüsumlarının və onunla bağlı olaraq fiskal (həcm, say ilə gömrük gəlirləri müəyyən edilməli) gömrük gəlirlərinin aşağı düşməsi ilə dövlətin büdcə gəlirlərinin artırılmasında paratarif tədbirlərə meyl etməsi təbii olur. Ümumiyyətlə idxal olunan mallara sərhəd vergiqoymaları müxtəlif vergi və yığımlar onların ödənilməsinin sadələşdirilməsi və idxalçı ölkənin maliyyə qurumlarının maraqlarının təmin edilməsi məqsədilə bilavasitə gömrük orqanları tərəfindən tutulur. Bu vergi və yığımları, adətən idxalçı ödəyir, lakin alqı-satqı müqaviləsi tətbiq edilərkən tərəfdaşlar tərəfindən nəzərə alınır.

Paratarif tədbirlərə aşağıdakılar daxildir:



    1. gömrük əlavələri – ticarət-siyasi məqsədlərlə, büdcənin bölüşdürülməsi, yaxud milli istehsalın müdafiəsi üçün tətbiq edilən əlavə vergi və rüsumlar;

    2. əlavə yığımlar – daxili analoqu olmayan, idxal mallarından gömrük rüsum və vergilərdən artıq tutulan ödənişlər;

    3. daxili vergi və yığımlar – milli mallardan idxal ölkəsindən tutulan dolayı vergilərə ekvivalent olan vergi və yığımlar;

    4. diskretləşdirilmiş gömrük qiymətləndirilməsi – gömrük rüsum və yığımlarının hesablanması üçün gömrük dəyərinin inzibati yolla müəyyən edilməsi praktikası.


Qiymət üzərində nəzarət tədbirləri

Qiymət üzərində nəzarət tədbirləri daxili qiymətlərin stabilləşdirilməsi və ya səviyyəsinin saxlanması məqsədi ilə həmçinin xarici rəqiblərin əliəyri ticarət təcrübəsinin vura biləcəyi zərərin qarşısını almaq üçün tətbiq edilir.

Belə tədbirlərə aşağıdakılar aiddir:


  1. bir qiymətlərin inzibati qaydada müəyyən edilməsi – idxalçı ölkənin hakimiyyət dairələri istehsalçı və istehlakçının daxili qiymətlərini nəzərə alaraq, qiymətlərin aşağı və yuxarı hüdudlarını müəyyən edir, yaxud bu qiymətləri ilə bağlayırlar. Rəsmi qiymətlərin müəyyən edilməsi, minimal idxal qiymətləri və ya idxalın bazara qiymətləri üsulundan istifadə olunur;

  2. ixrac qiymətlərinin “könülü” məhdudlaşdırılması – ixracatçının öz mallarının qiymətlərini müəyyən səviyyədən aşağı endirməməyi dəstəkləməyə razı olduğu məhdudlaşdırıcı bağlaşmalar;

  3. sürüşkən yığımlar – idxal edilən kənd təsərrüfatı və ərzaq mallarının idxal qiymətlərinin daxili qiymətlərlə eyni səviyyəyə gətirilməsi üçün nəzərdə əlavə ödənişlər;

  4. antidempinq tədbirlər – ixracatçıdan milli istehsalçılara vurulan zərərə görə kompensasiyanın tutulmasından ibarət olub, dempinq faktı və ondan irəli gələn ziyan aşkar edildikdə idxalçı ölkənin müvafiq orqanı tərəfindən ixracatçının ticarət təcrübəsinin təhqiqatının yekunlarına görə tətbiq edilir;

  5. kompensasiya tədbirləri - əgər idxal olunan mallar subsidiyalaşdırılma milli istehsala zərər vurduğunu təhqiqat edirsə, əlavə maliyyə ödənişləri tətbiq edilir.


Maliyyə tədbirləri

Maliyyə tədbirlərinə - idxalçıların xarici valyuta onlar üçün valyutanın qiymətlərinə həmçinin ödəniş şərtlərinə müdaxiləsini tənzimləyən tədbirlər aid edilir.

Bu kateqoriya QTM-ə aşağıdakılar aid edilir:

1) İdxalın dəyərini, eləcə də idxal vergisinin qabaqcadan ödənilməsi.

Burada idxal depozitivlərinin, əvəzi ödənilən depozitlərin açılması, nəğd ödəniş və gömrük rüsumlarının qabaqcadan ödənilməsi də daxildir.

2) Valyuta məzənnələri çoxluğu.

Bu müxtəlif kateqoriyalı mallar üçün müxtəlif məzənnələrin müəyyən edildiyi dövlət tənzimlənməsi mexanizmidir. Rəsmi məzənnə, adətən, daha zəruri mallar üçün saxlanılır, digər mallar kommersiya məzənnəsi və ya xarici valyutanın hərraclar vasitəsi ilə alınması hesabına ödənilir.

3) Xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər.

Ölkə daxilində valyuta əməliyyatları aparılmasına müxtəlif icazə, viza və s. alınmasını nəzərdə tutur.

4) Ödənişə müddətin müəyyən edilməsi və ödənişinin növbəliyi.

Bu tədbirlərlə dövlət malların göndərildiyi tarixdən idxal hesablamalarının bitməsinə qədər yol verilən minimal müddətləri müəyyən edir. Bu müddətdə adətən istehlak malları və sənaye xammalı üçün 90,180 və ya 360 gün, investisiya malları üçün 2-5 il müəyyən edilir.


Kəmiyyət nəzarəti tədbirləri

Kəmiyyət nəzarəti tədbirləri ilk növbədə idxal-ixrac əməliyyatlarının kvotalaşdırılması və lisenziyalaşdırılması deməkdir. Kvotalaşdırma (fiziki həcm və dəyər üzrə) və lisenziyalaşdırma (müəyyən malların göndərilməsi və gətirilməsinə, bəzən də müəyyən ölkələrə, yaxud onlardan ticarətinə xüsusi icazənin alınması) idxal və ixracın ənənəvi qeyri-tarif tənzimlənməsi üsullarıdır. Onların məqsədi hər hansı malın idxal və ya ixracını ümumilikdə, yaxud hər hansı ölkəyə məhdudlaşdırmaqdan ibarətdir. Bu tədbirlər, adətən, bir-biri ilə bağlıdır, çünki, lisenziyalaşdırma kvotanın fərdi idxalçılara və ixracatçılara müəyyən həcm bitənə qədər lisenziya vermək yolu ilə bölüşdürülməsi mexanizmi kimi çıxış edir. Kəmiyyət nəzarəti tədbirləri vasitəsi ilə dövlət səviyyəsində iqtisadi xarici ticarət və hətta siyasi xarakterli məsələlər, həll edilir: ölkə daxilində analoji rəqabət edən malların istehsalçı və istehlakçının müdafiəsi, daxili bazarın sabitliyinin dəstəklənməsi, valyuta ehtiyatlarına qənaət, digər ölkələrdən qarşılıqlı güzəştlərin əldə edilməsi və s. Bu qəbildən ola QTM daha geniş araşdırmağa çalışaq.



Lisenziyalaşdırma – idxal və ixraca müvafiq hakimiyyət orqanlarının öz mühafizəsinə, yaxud hər hansı konkret meyarlara əsasən verdiyi xüsusi icazələrin (lisenziyaların) tətbiqidir. Beynəlxalq ticarətdə lisenziyalaşdırma rəngarəngliyi ilə seçilir. Lisenziyada idxal və ixracın həyata keçirilməsi qaydası da müəyyən edilə bilər. Lisenziyalaşdırma dünya təcrübəsində ticarətin arzuolunmaz həcmlərini müəyyən müddət ərzində məhdudlaşdırıldığı zaman həyata keçirilən müvəqqəti tədbir edilir.

Xarici valyutadan səmərəli istifadə olunması zərurəti Lisenziyalaşdırma üçün obyektiv əsas ola bilər. Bu yolla xarici ticarət və tədiyyə balanslarının tarazlanmasına nail olunur.

Gömrük rüsumlarından istifadə edilmədikdə və ya onların təsiri səmərəsiz olduqda lisenziyalaşdırma zərurəti meydana çıxır. Bu iş həm qarşılıqlı güzəşt əldə edilməsi, həm də diskriminasiya məqsədi ilə görülə bilər. Onu da qeyd etmək lazımdır ki, lisenziyalaşdırma müvəqqəti tədbir hesab edildiyindən əvvəllər bağlanmış dövlətlərarası ticarət sazişlərinə yenidən baxılmasını nəzərdə tutmur.

Kvotalaşdırma – (“kvota” latınca “yuot” sözündən götürülüb, mənası “nə qədər” deməkdir) fərdi, tarif, mövsümi, qlobaldigər faiz məhdudiyyətləri vasitəsi ilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir.

Fərdi kvotalar – idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə paylanmasını nəzərdə tutur.

Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmə idxala icarə verir. Bu həcmdən artıq idxal üçün daha az əlverişli rejim tətbiq edilir.

Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır.

Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək azadlığı verir.

Nəticə:

Nəticə olaraq qeyd etmək olar ki, son dövrlərdə ölkələrin xarici iqtisadi fəaliyyətinin tənzimlənməsində qeyri-tarif tənzimlənməsi metodlarının payı azalıb, əksinə tarif metodlarının isə payı artıb. Əksər inkişaf etməkdə olan ölkələrdə xammal və materialların idxalı əsasən rüsumsuz və ya minimal rüsumla həyata keçirilir. Xammalın emalından alınmış məhsullara isə emala məruz qalma dərəcəsindən asılı olaraq rüsum dərəcəsi qaldırılır.

Bu gün Azərbaycana dünyanın 100-dən çox ölkəsindən mal idxal olunur. Bu malların əksəriyyəti Azərbaycanda istehsal olunan mallara anoloqu olan mallardır və ya istehlak təlabatı və keyfiyyəti baxımından ona yaxındır. Hətta həmin malların Azərbaycanda istehsalı mümkündür.Bir çox hallarda idxal malları yerli istehsal mallarına rəqabət yaradır. Belə mallara idxal gömrük rüsumları dünya və milli xərclər, qiymətlər nisbəti nəzərə alınmaqla müəyyən edilməlidir. Bu isə mal qrupları və növləri üzrə rüsum dərəcələrini diferensiallaşdırmağa imkan verir.

Xarici ticarət əlaqələrinin inkişafında və daxili bazarın qorunmasında gömrük tarif tənzimləməsi mühüm rola malikdir. Bu baxımdan böyük diapazona malik olan tarif tənzimləməsi vasitələrinin hazırlanması və geniş tətbiqi yaxın illərdə gömrük orqanlarının əsas vəzifəsi olmalıdır.İdxal olunan mallara münasibətdə tarif preferensiyalarının tətbiqi mexanizminin və gömrük ödənişlərinin həyata keçirilməsi prosedurunun təkmilləşdirilməsi, xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun harmonik sistemdə aparılan dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.

Düzgün gömrük tarif siyasəti ölkədə yeni istehsal potensialı yaradır. Təcrübə göstərir ki, bu cür siyasət Azərbaycanda da öz bəhrəsini verir. Belə ki, ötən son illərdə ərzaq məhsullarına təlabatın əhəmiyyətli bir hissəsi artıq daxili istehsal hesabına ödənilir.Deməli, daxili istehsalda əsas istehsal fondları yeniləşib, ölkəyə yeni avadanlıq, yeni texnologiya gətirilib. Belə hesab etmək olar ki, xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi tədbirlərindən başlanmış bu uğurlu siyasət davam etdirilməli, iqtisadiyyatın mühüm sahələri diqqət mərkəzində olmalıdır.

Son zamanlarda Azərbaycan Respublikasında aparılan gömrük-tarif siyasətinin əsas məqsədi də məhz Azərbaycan Respublikasının gömrük ərazisində mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi,respublikanın daxili bazarının qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması və Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsindən ibarətdir.

Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma prossesi üzrə aparılan işlər bunu deməyə əsas verir ki, xarici ticarətdə Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması tədbirləri, yəni tarif və qeyri-tarif tənzimlənmələri gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişaf etməkdə olan mühüm sahələrinin daha da genişləndirilməsinə əlverişli şərait yaradacaqdır.


Ədəbiyyat:

1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunu

2. Heydərov K.F. “Gömrük işinin əsasları və gömrük işinin təşkili”, Bakı, 2000

3. Allahverdiyev H.B., Qafarov K.S. “ Milli iqtisadiyyatın dövlət tənzimlənməsi”, Bakı, 2005

4. Бабин Э.П. “Основы внешнеэкономической политики”, Москва, 2004

5. Авдокушин Е.Ф. “Международные экономические отношения”, Москва, 2005

6. Киреев А. “Международная экономика”, Москва, 2001
7. www.google.az

8. www.az-customs.net





Yüklə 114,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə