1
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
Filologiya elmləri doktoru, professor
Rafiq Yusifoğlunun 65 illik yubileyi
münasibətilə
Böyük arzuya gedən yol
(metodiki vəsait)
B A K I- 2015
2
Redaktor:
Şəhla Qəmbərova-F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru
Tərtibçi:
Könül Səmədzadə-F.Köçərli adına Respublika Uşaq
Kitabxanası Elmi metodika şöbəsinin baş
kitabxanaçısı
Korrektor:
Ruhiyyə Məmmədli-F.Köçərli adına Respublika
Uşaq Kitabxanasının elmi-metodika şöbəsinin
müdiri
3
Tərtibcidən
Bəli, bu gün biz uşaq ədəbiyyatından danışacağıq. Uşaq ədəbiyyatı
nəinki özündən hündür gülə, günəşə, aya, gələcəyə boylanan bəşər
övladının ədəbiyyatıdır. Ancaq təəssüf ki, çox zaman uşaq ədəbiyyatına
barmaqarası yanaşıblar, onu uşaq-muşaq ədəbiyyatı hesab edənlər də
tapılıb. Ancaq günəşi qara buludlarla örtmək mümkün olmadığı kimi,
uşaq ədəbiyyatını da danmaq, inkar etmək, onu ikinci növ ədəbiyyat
hesab etmək düzgün deyil. Uşaq ədəbiyyatı əsərləri xeyirxah, mərd və
cəsur qəhrəmanları, maraqlı sujet və kompozisiyası, anlaşıqlı, sadə və
aydın bədii ifadə vasitələri, səlis dili ilə seçilir. Uşaq ədəbiyyatı folklor
qaynaqlarından bəhrələnir. Uşaq ədəbiyyatı ümumi ədəbiyyatın ayrılmaz
tərkib hissəsidir.
Bəli, elə bu gün ədəbiyyatımızda uşaq yanrında yazıb-yaradan, öz
səlist dili ilə uşaqların qəlbinə yol tapan, uşaq ədəbiyyatının görkəmli
nümayəndələrindən biri şair, ədəbiyyatşünas Rafiq Yusifoğlunun həyat
və yaradıcılığı ilə tanış olacağıq.
4
BÖLMƏ I
Həyat və yaradıcılığı:
"Mən bütün ömrümü, həyatımı şeirə, sənətə, ədəbiyyata, onun
tədqiqinə və təbliğinə həsr etmişəm. Hərdən mənə elə gəlir ki, ədəbiyyat
mənim Leylimdi, mən isə onun Məcnunu"
.
Rafiq Yusifoğlu
Həyat burulğanında insanlar aşa-aşa , xoşbəxt anların şirinliyini dada-dada
ideal kamillik zirvəsinə yaxınlaşırlar. İndi Rafiq Yusifoğlunun da əksər
qayğılarının geridə qaldığı, ideal kamillik zirvəsini şərəflə fəth etdiyi bir vaxtdır...
65 il bundan əvvəl dünyaya bir oğul gəldi-Rafiq Əliyev. İllər keçdi,
ədəbiyyatda bir ad göründü-Rafiq Yusifoğlu...Filologiya elmləri doktoru,
professor, əməkdar mədəniyyət işçisi, 65 illik həyatini şərəf və ləyaqətlə yaşayan,
özündən sonra ədəbi mühit və tarixində silinməz iz qoyan Rafiq Yusifoğlu...Saf
insanlara məxsus xəfif təbəssüm, dərin və yüksək intelektual düşüncə sahibinə xas
olan iti baxişların sahibi Rafiq Yusifoğlu həyatının çox böyük qismini ədəbiyyata
həsr edib...Onun bir çox kitabları çap olunub ki, bu kitablar Rafiq Yusifoğlunun
dönüb geriyə baxanda gözəl ədəbiyyatşünas, istedadli şair, sevən və sevilən şair
ürəyi ilə bərabər 65 ilə gətirdikləridir.
Təsadüfi deyil ki, Rafiq Yusifoğlunun adı çəkiləndə uşaq ədəbiyyatı yada
düşür. Onun balacalara həsr etdiyi şeirlərinin qəhrəmanları nəinki uşaqlar, təbiət,
heyvanlar, bitkilər, cansız əşyalar belə desək, istənilən uşağın sevə biləcəyi bütün
obyektlərdir. R.Yusifoğlu qəhrəmanlarını obrazlı, orijinal, biçimli səviyyədə
uşaqlara təqdim edir.
Qarasına danışdım,
Qış səsimi eşitdi.
Qarıni ayaqladım,
O da məni üşütdü...
Onun uşaq şeirlərinin gözəl cəhətlərindən biri təkcə onların zövqünü
oxşaması, diləyatımlı olması deyil, həm də əsas məqsədi uşaqlara nəyi isə
öyrətmək, hər hansı məlumatı maraqlı və obrazlı şəkildə balaca oxucularına
çatdırmağa nail olmasıdır. Məsələn, götürək onun “Yollar” adlı şeir kitabını.
Burada şair bədii və maraqlı dillə işarələri danışdırmaqla balacalara yol hərəkəti
qaydalarını öyrədir. Onun uşaqlar üçün yazıb çap etdirdiyi bir çox şeirləri nəzər
diqqətimizi daha çox cəlb edir. “Payızın göz yaşı” şeiri də belə nümunələrdəndir:
5
Soyuyubdur havalar
Boş qalıbdır yuvalar.
Yarpaqlar soluxsuyub
Ağaclar doluxsunub.
Dəyişib libasını
Gör neçə yaşıl budaq,
Ağlayacaq ağaclar,
Göz yaşı yarpaq-yarpaq
Ələnəcək torpağa,
Yarpağa bax, yarpağa.
Süpürəcək onları
Bir süpürgəçi xala.
Dolduracaq xarala.
Sonra da od vuracaq
Ömrün ötən günləri
Düşəcəkdir yadına
Qızınacaq ağaclar,
Qızınacaq budaqlar,
Qızınacaq böyüklər
Qızınacaq uşaqlar
Göz yaşının oduna...
Göründüyü kimi, gözəl şairimiz adi hadisəyə qeyri-adi məna verərək onu
poetik süzgəcdən keçirib. “Qizinacaq budaqlar göz yaşının oduna” deyən şair xəzəl
olmuş yarpaqları ağacın göz yaşlarına bənzətmiş, “göz yaşının oduna qızınmaq”
ifadəsi ilə həm də şeirə fəlsəfi ovqat bəxş etmişdir. Rafiq Yusifoğlunun bədii
sözünün gücü bu sözün həm də səmimiliyində, həyatiliyində, onun duyumlu,
gözəl, təmənnasız olmasındadır.
BÖLMƏ II
Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor,
ədəbiyyatşünas Rafiq Yusifoğlunun 65 illik yubileyidir. Gəlin əvvəlcə Rafiq
Yusifoğlunun həyat və yaradıcılığı ilə tanış olaq. “Qızıl qələm”, “İlin ən yaxşı
kitabı”, “Araz”, “Vətən” və s. ali ədəbi mükafatlarının laureatı Rafiq Yusifoğlu...
Rafiq Yusifoğlu 1950-ci il yanvar ayının 2-də Qubadlı rayonunun Çardaxlı
kəndində müəllim ailəsində anadan olmuşdur. Burada səkkizillik məktəbi, Qubadlı
qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir (1966). Azərbaycan Dövlət
Pedaqoji Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1966-
6
1970). Bir müddət Sumqayıt şəhərində müəllim işləyən şair Nizami adına
Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. “Azərbaycan Sovet
poemasının inkişaf problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. Ali məktəbi müvəffəqiyyətlə bitirən Rafiq Yusifoğlu öz taleyini gənclik
şəhəri Sumqayitla bağladı. Şəhərin ən bacarıqlı müəllimlərindən biri kimi şöhrət
qazanan Rafiq Yusifoğlu elmi və bədii yaradıcılığını inamla davam etdirdi.
Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasına daxil olub, 1982-ci ildə oranı əla qiymətlərlə bitirdi. 1984-cü ildə
görkəmli ədəbiyyatşünaslardan Yəhya Seyidov və Qasım Qasımzadənin rəhbərliyi
ilə “Azərbaycan poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə
edərək filologiya elmləri namizədi alimlik dərəcəsi aldı. 1985-ci ildən 1992-ci
ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul
katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş
redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifəsində
çalışmışdır. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. Şairin uşaq
ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Rafiq Yusifoğlu 2007-ci ildə “XX əsr
Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya
müdafiə edərək filologiya elmləri doktoru adını almışdır. Hazırda Sumqayıt Dövlət
Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan
Respublikasının
Əməkdar
Mədəniyyət
işçisidir.
O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü
(1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq
ədəbiyyatı günlərinin (1989) iştirakçısı, 1985-ci ildə Moskvada Ali Komsomol
Məktəbinin
bir
aylıq
jurnalistika
kursunun
müdavimi
olmuşdur.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, 1966-cı ildən şeirləri,
məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi
məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin,
Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının
gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə
edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin
müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı”
televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir. Rafiq Yusifoğlu
yaradıcılığa lap erkən yaşlarından başlamışdır. Onun şeirlərinin böyük bir qismi
doğma torpağımıza, onun gözəlliklərinin tərənnümünə həsr edilib. Şair oxucularını
gah tarixi keçmişimizə, gah təbiətin qoynuna, gah da sehirli uşaq dünyasına
səyahətə aparır. Onun Yanardağa, Qobustana, Gəmiqayaya, Qəbələyə, Qubadlıya,
Örənqalaya, Şuşaya, Xocamsaxlıya... həsr etdiyi şeirlər bu baxımdan maraq
doğurur. R.Yusifoğlu kənd həyatı ilə, təbiətlə yaxından ünsiyyətdə olan, ona öz
7
gözü ilə baxmağı, hər hansı təbiət hadisələrini poetik dillə mənalandırmağı bacaran
şairdir. Onun şeirləri bir növ Azərbaycan torpağının poetik xəritəsinə bənzəyir.
Rafiq Yusifoğlunun şeirlərinin mövzusu rəngarəngdir. Onun vətən
torpağının tərənnümünə, onun otuna, çiçəyinə, dağına, dərəsinə, ətirli yamaclarına,
göllərinə, çaylarına, çeşmələrinə, yurdumuzun tarixi keçmişinə, sehrli uşaq
dünyasına həsr edilmiş şeirləri öz orjinallığı, obrazlılığı, lakonizmi ilə diqqətimizi
cəlb edir.
R.Yusifoğlu “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Ocaq yeri”, “Aylı çığır”,
“Qəm karvanı”, “Həsrət köçü”, “Şirin yağış”, “Azərbaycan poeması, axtarışlar,
perspektivlər”, “Bahar qatarı”, “Xatirə kəcavəsi”, “Böyük arzuya gedən yol”,
“Təzə sevdalara doğru”, “Çiçək yağışı”, “Ədəbiyyatşünaslığın əsasları” və s.
kitabların müəllifi, “İlin ən yaşxı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz”, “Tofiq
Mahmud” və s. mükafatların laureatıdır. Rafiq Yusifoğlunun uşaq ədəbiyyatındakı
fəaliyyəti xüsusilə təqdirə layiqdir. Onun bu sahədə sevilib-seçilən, əsərləri
dərsliklərə salınıb və başqa dillərə tərcümə olunub.
BÖLMƏ III
YUBİLEY TƏDBİRLƏRİNİN KEÇİRİLMƏSİ:
Uşaq ədəbiyyatı deyəndə şair Rafiq Yusifoğli yada düşür. Bu il uşaqlar üçün
yazıb-yaradan, həmişə uşaq aləmini həssaslıqla müşahidə edən şair,
ədəbiyyatşünas Rafiq Yusifoğlunun 65 illik yubileyidir. Bu münasibətlə
respublikamızın bir çox təhsil müəssələrində kitabxanalarda, lisey və
gimnaziyalarda, məktəb və bağçalarda bir sözlə tədris ocaqlarında Rafiq
Yusifoğlunun 65 illik yubileyinin keçirilməsi nəzərdə tutulmuşdur. F. Köçərli
adına Respublika Uşaq Kitabxanasında yubiley tədbirləri ilə bağlı plan
tutulmuşdur. Rafiq Yusifoğlu yaradıcılığını daha yaxindan izləmək üçün kitab
sərgisinin keçirilməsi vacibdir.
Sərgidə Rafiq Yusifoğlunun kitabları və
“Göyərçin” jurnalı ilə yanaşı dövrü mətbuatda çap olunan məqalələrin kartotekası
da öz əksini tapmalıdır. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn,
“Şeirimin canıdır bu el, bu vətən”, “Qəlbində varsa təpər, Alnından günəş təpər”,
“Uşaqların sevimlisi Rafiq Yusifoğlu”, “Uşaqların yaxın dostu”, “Rafiq Yusifoğlu-
65”, “Baharım, sevinc payım qışım , payızım yayım.” və s. İndi isə sərginin
nümunəsini veririk.
8
BAŞLIQ:
1.
“Rafiq Yusifoğlu-65”
2.
Rafiq Yusifoğlunun portreti.
3.
Görkəmli insanların Rafiq Yusifoğlu haqqında söylədikləri sitatlar.
4.
Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası.
5.
Kitablarının nümayişi.
6.
Şeir parçası
SİTATLAR:
1.
Rafiq Yusifoğlu Azərbaycan dilini gözəl bilən şairlərimizdəndir.
Qabil
Xalq şairi
2.
Rafiqdən Səhhət ətri gəlir, Şaiq ətri gəlir, Səməd Vurgun ətri gəlir.
İ. Tapdıq
Şair
3.
Hər addımda, hər dikəlişində, hər söylənişində Rafiq Yusifoğlunun
başının üstündə Füzuli zirvəsinin zəhmi hiss olunur.
M.Aslan
Şair
4.
Rafiqin özünün mövzuları var. Bunlar şairin ürəyinə daha yaxın, məhrəm
olanlardır. Bir şeirində özünün dediyi kimi o elə fikirləri “torpağa səpir”
ki, göyərsin.
Aydın Həsənov
Pedaqoji elmlər namizədi
5. Rafiq Yusifoğluna ən böyük arzum budur ki, o, yaradıcılıq meydanını
daha da genişləndirsin. Xalqımızı, xüsusilə gəncliyimizi düşündürən məsələlərə öz
münasibətini bidirsin, milli demokratik dirçəlişimizin, suverenliyimizin fəal
vətəndaş şair tərənnümçüsü kimi qələm çalsın.
Hikmət Ziya
Şair
7.
Rafiq Yusifoğlunun bütün şeirləri, poemaları, mənzum nağılları folklor
çeşməsindən su içib. Xalq yaradıcılığına böyük əhəmiyyət verən şairin
şeirlərinin bir uğuru da elə burdan doğur.
Zahid Xəlil
Filologiya elmləri doktoru, professor
11
GÖYƏRÇİN JURNALININ SƏRGİSİ:
Rafiq Yusifoğlunun yaradıcılığını yaxından izləmək üçün kitabxanada şeir
müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Şeir müsabiqəsində Rafiq
Yusifoğlunun uşaqlar üçün yazdığı bir çox şeirlərdən istifadə etmək olar. Şeir
müsabiqəsi əsasən kiçik və orta yaşlı uşaqlar arasında keçirilə bilər. Məsələn, Dili
açılır, Kitablar, Əsl dost necə olar və.s. şeirlərini nümunə üçün veririk.
Dili açılır
Ürək yamanca sevinir,
İlk baharın gəlməsinə.
Vurulmuşam təbiətin
Hər sözünə, kəlməsinə.
12
Bahar körpə tumurcuğun,
Yarpağın dilini bilir.
Sinəsində inci yatan
Torpağın dilini bilir.
Danışar dərələr,dağlar,
Danışar düzlər, yamaclar.
Torpağın sözü deyilmi
Otlar, çiçəklər, ağaclar?
Günəş güldükcə bağların
Çiçəyi,gülü açılır.
Nəvaziş görəndə daşın,
Torpağın dili açılır...
Kitablar
Mənim kitab rəfimə
Gəlin bir az yaxın siz.
Bir-birinə söykənən
Qonşulara baxın siz.
Sözlə dolu olsa da,
Hamısının sinəsi,
Sakitcə əyləşiblər,
Çıxmır birinin səsi.
13
Durub qaça bilmirlər,
Düşüb gəzə bilmirlər.
Yazıqlar bir – biriylə
Kəlmə kəsə bilmirlər.
Elə ki, götürürsən
Sən onları əlinə,
Dil çatdırmaq olmayır
Heç birinin dilinə.
Əsl dost necə olar
Deyin görək uşaqlar,
Əsl dost necə olar?
Vüqar mənim dostumdur,
Sözə başladı İdris.
Dərsimizi bir yerdə
Öyrənirik axı biz!
Qurtarmışdı dəftərim,
Sözə başladı Lalə.
Mağazada tapmadım,
Yolladım İdrisgilə.
Gətirdi xeyli dəftər,
Dedi: Qurbandır sənə!
Dedim: Sağ ol, ay İdris,
Biri lazımdır mənə.
Dost dostundan heç nəyi
Əsirgəməsin gərək.
Əsl dostlar həmişə
Olmalıdır bizim tək.
Vüsal dedi: Müəllim,
Çox raziyam Lalədən.
Onun kimi yaxşı dost
Görməmişəm hələ mən.
Növbətçiydim sinifdə,
Xəstəydi o gün anam.
14
Gəlib məni çağırdı
Kiçik qardaşım İnam.
Ərk ilə sürürgəni
Əlimdən aldı Lalə.
O gün mənim yerimə
Növbətçi qaldı Lalə.
Arzu dedi: Hərdən bir
Çətin olanda misal,
Mənə kömək eləyir
Bizim bu qoçaq Vüsal.
Sonra sinifqom Gülzar
Dedi gülümsəyərək:
Bağlanıb bir-birinə
Dostluğumuz zəncir tək.
Zəng vuruldu, müəllim
Sinifdən çıxdı çölə.
Dostluqdan danışırdı
Balaca dostlar hələ.
Lövhəyə belə yazdı
Tənəffüsdə Cavanşir:
“Kimin ki, dostu yoxdur,
Çətindir onun işi”.
Şeir müsabiqəsinin sonunda kitabxanaçı uşaqlara Rafiq Yisifoğlunun yaradıcılığı
ilə bağlı bir neçə sual verir. Sualların nümunəsini təqdim edirik:
Əziz uşaqlar Rafiq Yusifoğlu haqqında nə bilirsiniz? Onu necə tanıyırsınız?
Rafiq Yusifoğlu uşaq qəlbini fəth edən, uşaq qəlbinə yol tapan gorkəmli uşaq
şairidir.
Rafiq Yusifoğlu hansı uşaq jurnalının redaktorudur?
Rafiq Yusifoğlu “Göyərçin” uşaq jurnalının baş redaktorudur.
Rafiq Yusifoğlunun redaktoru olduğu “Göyərçin” jurnalından hansı yenilikləri
gözləyirsinz?
Biz uşaqlar, Rafiq Yusifoğludan xahiş edərdik ki, redaktoru olduğu
“Göyərçin”jurnalında idmanla, səyahətlə bağlı materiallara daha çox yer versin.
Uşaqlar Rafiq Yusifoğlunun hansı şeirlərini tanıyırsınız?
“Uşaq”, “Adam balaca olanda”, “Baba məktəbə gedir”, “Süd”, “Adam kiçik
olanda”, “Cücələr və uşaqlar”, “Evdə yoxdur”, “Böyük”, “İki çay, iki şəhər” və s.
F. Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilən tədbirlərdən biri
də kitab müzakirəsidir. Kitab müzakirəsində Rafiq Yusifoğlunun “Ocaq yeri” adlı
15
kitabının müzakirəsini keçirmək olar. Tədbirə bir çox şair və yazıçıları dəvət etmək
olar. Kitabxanaçı tədbiri açıq elan edir.
Bu torpağın övladlarıyıq. Gözəlliyi, əzəməti, yenilməzliyi, dəyanəti
müqayisəyə gəlməz Odlar yurdunda ömür sürürük. Hamı işi, əməli ilə doğma
torpağa övlad məhəbbətini sübut etməyə, həmişə bu amalla yaşamağa çalışır.
Torpağımızı tərənnüm edən hər bir əsər, bir misra şeir belə hökmən onun adına
layiq olmalıdır. Bu mənada Rafiq Yusifoğlunun “Ocaq yeri” kitabında toplanmış
şeirlərində şairin üzərində addımladığı torpağa övlad məhəbbəti qırmızı xətlə keçir.
Ana torpaq, ana torpaq,
Həm dərman, həm təbibsən,
Ürəyinin istisini
Varlığıma səpibsən.
Ayağımı neçə dəfə
Oxşayıbsan, opübsən,
Tikan çıxıb qövr eləyən
Ürəyimin başından.
Rafiq Yusifoğlunun yaradıcılığında bir də diqqəti daha çox cəlb edən
kitabdakı şeirlərdə oxucunu keçmişə, ötən günlərə aparmaqdır, illərə qayıdışdır,
dönüşdür. Biz keçmişimizə qayıda-qayıda sabaha yol alıb gedirik. Rafiqin
şeirlərinin bir qismində ürəklə, məhəbbətlə təsvir etdiyi o günlər şairin yaşıdlarına
çox doğma və yaxındır, əzizdir. Rafiq Yusifoğlunun yaradıcılığı ilə bağlı keçirilən
tədbirlərdən biri də ədəbi-bədii gecədir. Ədəbi-bədii gecə oxucuların ən çox
sevdiyi tədbirlərdən biridir. Belə tədbirlərin keçirilməsində məqsəd Rafiq
Yusifoğlunun yaradıcılığını daha geniş təbliğ etməkdir. Ədəbi-bədii gecə iki
hissədən ibarət olur. Birinci hissə çıxış və məruzələrlə başlayır. İkinci hissədə
Rafiq Yusifoğlunun şeirlərindən parçalar, sozlərinə yazılmış mahnılardan istifadə
olunur. Tədbirə uşaq ədəbiyyatının təbliği ilə məşgul olan şair və yazıçıları,
ədəbiyyat müəllimlərini dəvət etmək olar. “Böyük arzuya gedən yol” adlı ədəbi-
bədii gecənin nümunəsini veririk.
Aparıcılar səhnəyə daxil olur:
I Aparıcı:
Əziz tədbir iştirakçıları! Sizi F.Köçərli adına Respublika Uşaq
Kitabxanasında xoş gördük! Bu gün görkəmli şair,
ədəbiyyatşünas,
Azərbaycan
Respublikasının
Əməkdar
mədəniyyət işçisi, “Qızıl qələm”, “Vətən”, “Araz”, “ilin ən
yaxşı kitabı” və s. mükafatlarının laureatı, filologiya elmləri
doktoru, professor Rafiq Yusifoğlunun 65 illik yubileyini qeyd
etmək üçün bu zala toplaşmışıq. Tədbiri açıq elan etmək üçün
sözü kitabxananın rəhbəri Şəhla Qənbərovaya veririk.
Hörmətli Rafiq müəllim! Sizi 65 illik yubileyiniz münasibətilə təbrik edirik!
16
Bildiyimiz kimi, siz ədəbi fəaliyyətə erkən yaşlarından başlamış, ilk qələm
təcrübələriniz 1966-cı ildə işıq üzü görmüşdür. “Yurdum-yuvam, “Ətirli dünyam”,
“Ocaq yeri”, “Qəm karvanı”, “Həsrət köçü”, “Böyük arzuya gedən yol”, “Ana
dilim”, “Fişəng yağışı”, “Eşqim qarlı yollarında” və s. bədii kitablarınız nəşr
edilmiş və geniş oxucu auditoriyası qazanmışdır. Siz tərcüməçi kimi də səmərəli
fəaliyyət göstərmiş, onlarca dünya uşaq ədəbiyyatı nümunələrindən ibarət
kitabların müəllifisiniz. Sizin coxşaxəli yaradıcılığınızın bir sahəsi də elmi-tədqiqat
işidir. Filologiya elmləri doktoru, professorsunuz. “Azərbaycan poeması,
axtarişlar, perspektivlər” monoqrafiyaniz, “Ədəbiyyatşünaslığın əsasları” kimi dərs
vəsaitlərinizdən ali məktəb tələbələri tədris sistemində uğurla istifadə edirlər.
1985-ci ildən uşaqların sevimli jurnalı “Göyərçin”də çalışırsınız. 1997-ci ildən
həmin jurnalın baş redaktorusunuz. 2005-ci ildən Əməkdar mədəniyyət işçisi fəxri
adına layiq görülmüsünüz. Hörmətli Rafiq müəllim! Sizi bir daha 65 illik
yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı və yaradıcılıq
uğurları arzulayırıq. Həmişə uşaqlar üçün rəngarəng mövzulu şeirlər yazan Rafiq
Yusifoğlu, bu gün uşaqlar da sizi təbrik etməyə gəliblər.
Uşaqlar səhnəyə daxil olur. “ Baba məktəbə gedir” şeirini söyləyirlər.
I Oxucu:
Baba məktəbə gedir,
Uşaqlara qarışır.
Əlindəki xırdaca
Çanta ona yaraşır.
Açıbdır yaxasını,
Elə bil istilənir.
Damağındakı qəlyan
Arabir tüstülənir.
Uşaqlar arasında
Saqqallı uşaq gedir.
II Oxucu:
Dodağında təbəssüm,
Üzündə işıq gedir.
Məktəbin qapısından
Geriyə dönür ancaq.
Əlindəki çantanı
Alır kiçik bir uşaq.
Sag ol deyib ayrılır,
Dostlarına qoşulur.
Baba gülür, sevincdən
Bir qanadlı quş olur...
II Aparıcı:
Şeirləriniz oz yığcamlığı, obrazlığı, poetik tutumu, yeni ifadə
tərzi həmişə diqqəti cəlb edib və sizi öz dəsti xəttiniz ilə başqa
17
şairlərdən fərqləndirib. Siz Azərbaycan uşaq ədəbiyyatına yeni
nəfəs, yeni dəst xətt gətirmisiniz. Təbiət gözəlliklərini uşaqlara
sevdirmək, ağaclar, quşlar, heyvanlar haqqında poetik dillə
söhbət açmaq sizin
şeirlərinizin başlıca vəzifələrindən biridir.
Qələmə aldığınız şeirlər, tapmacalar balaca oxucuların
dünyagörüşlərinin genişlənməsinə, həm də onların estetik
zövqlərinin inkişafına mühüm köməkdir.
Həyat boyu qayğılar
Çiynimizdə yük olur.
Adam kiçik olanda
Arzusu böyük olur.
Qızılı şimşəklərdən
Qamçı hörmək istəyir.
Ulduzları gül kimi
Bir-bir dərmək istəyir.
Həyatın sərt üzünü
Görüb çaşır adamlar.
Böyüdükcə, torpağa
Yaxınlaşır adamlar.
I Aparıcı:
Uşaq aləminə səmimiyyətlə yanaşan, ona mülayim və xeyirxah bələdçi olan Rafiq
Yusifoğluna arzumuz budur ki, gələcək uşaq kitablarında açılmayan düymələr
qalmasın, hamısı xoş ətri ilə bizi və balaca oxucularını sevindirsin.
Rafiq müəllim sizi bir daha 65 yaşınız münasibətilə ürəkdən təbrik edir, sizə bitib-
tükənməyən yaradıcılıq uğurları, sonsuz xoşbəxtlik arzulayırıq.
( Bir neçə uşaq musiqi sədaları altında səhnəyə daxil olurlar)
Tural: Acgözə bax,acgözə,
Nə verdik dedi azdı!
Getdi çoxun dalınca
Yazıq meşədə azdı.
Vüsal: Nə soruşsan,
Qara, dinməz.
Adı qalıb
Qaradinməz.
Səbinə: Güldan düşdü,
18
Vay, sındı.
Yazıq güllər
Vaysındı.
Aydan: Bəsdir elədin vargəl,
Evdə hər şey var, gəl.
Vaqif: Elə ki, dəydi vəl vələ
Xırmana düşdü vəlvələ.
Tapdıq: Vecinə də almır heç
Nə covgun, nə boranı.
Bostanın bir küncündə
Mürgüləyir boranı.
Aytac: Bilirsən şirin dilini,
Işə sal şirin dilini.
Fidan: Evimdədi Gülgəzim,
Niyə çöldə gül gəzim?
Dursun: Dayanmışam üzü yola,
Adım qalıb üzü yola.
Tədbirin sonunda uşaqlar “ Kimindi” və “Gələn bahara kimi” şeirini
söyləyirlər.
-Ot kimindi?
-Biçənin.
-Süd kimindi?
-İçənin.
-Ad kimindi?
-Dinənin.
-At kimindi?
-Minənin.
-Köz kimindi?
-Yananın.
19
-Söz kimindi?
-Qananın.
GƏLƏN BAHARA KİMİ
Dimdiyində çöp tutub,
Havada uçurdu quş.
Bir yarpaqsız ağaca
Qonub yuva qurdu quş.
Ağac yaman kövrəldi,
Qüvvət duydu dizində.
Yaş tumurcuq-tumurcuq
Gilələndi gözündə.
Sevindi, sevincindən
Ürəyi dağa döndü.
Açıldı tumurcuqlar
Yaşıl yarpağa döndü.
O yarpaqlar yuvanı
Gözdən iraq saxladı.
Aradan xeyli keçdi,
Yuva da yarpaqladı.
Yazıq ağac az qala
Sevincindən uçurdu.
Yumurta qönçələrdən
Qanad yarpaq açıldı.
Bir azdan körpə quşlar
Qanadlanıb uçdular.
20
Yarpaqlar da onların
Arxasınca düşdülər.
Yuva ilə ağacın
Matı-qutu qurudu.
Dərdli-dərdli hönkürdü
Kövrək payız buludu.
Ağac dinmək istədi,
Yuva dinmək istədi.
Peşman olan yarpaqlar
Geri dönmək istədi.
Ancaq bunlar əbəsdi,
Payız küləyi əsdi.
Yarpaqların budağa,
Qanadların yuvaya
Dönən yolunu kəsdi.
O ağacla o yuva
Mat qalıbdır gör necə?!
Gələn bahara kimi
Susacaqlar beləcə…
Son
21
ƏDƏBİYYAT SİYAHISI:
1.
Ana dilim.-B.: Azərbaycan, 2007.-26 s.
2.
Aylı cığır.-B.:Gənclik, 1992.
3.
Ayrılığın qəm hasarı.-B.:Təhsil, 2002.
4.
Bahar qatarı.-B.:Azərbaycan, 1999
5.
Bir sevdalı ürəyim var.-B.:Çaşıoğlu, 2003.-396 s.
6.
Böyük arzuya gedən yol.-B.:Azərbaycan, 2000
7.
Çiçək yağışı.-B.: Çaşıoğlu, 2009.-350 s.
8.
Daha uşaq deyiləm.-B.:Şirvannəşr, 2006.-200 s.
9.
Dəniz səviyyəsi.-B.:Şirvannəşr, 2005.-268 s.
10.
Dünya xalqlarının nağılı.-B.: Azərbaycan, 1998
11.
Ətirli düymələr.-B.: Gənclik, 1983.-72 s.
12.
Günlərimiz, aylarımız.-B.: Azərbaycan, 2003.-47 s.
13.
Həsrət sazağı.-B.:Şirvannəşr, 2005.
14.
Xatirə kəcavəsi.-B.: Elm, 1999.
15.
Kitabi-Dədə Qorqud.-B.: İşıq, 1999.
16.
Qızılı məktublar.-B.: ADPU nəşriyyatı, 2013.-202 s.
17.
Meymunlar ölkəsi.-B.:Azərbaycan, 2006.
18.
Min dovşan otaran çoban.-B.: Azərbaycan, 2005.
19.
Möcüzəli xəzinə.-B.: Azərbaycan, 2000.
20.
Namusu qoru.-B.: Azərbaycan, 2007.
21.
Sehirli üzük.- B.: Azərbaycan, 2008.-20 s.
22.
Sevdalı sabahlar.-B.: Şirvannəşr, 2007.
23.
Soz çəməni.-B.: Azərbaycan, 2004.-47 s.
24.
Şirin yuva.-B.:Azərbaycan, 2004.-24 s.
25.
Tanrının ömür payı.-B.:Sumqayıt nəşriyyatı, 2007.-500 s.
26.
Uşaq ədəbiyyatı.-B.: Şirvannəşr, 2006.-268 s.
27.
Yollar.-B.:Azərbaycan, 2006.-28 s.
28.
Zamanın qatarı.-B.: Azərbaycan, 2005.-20 s.
Dostları ilə paylaş: |