Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti m a g I straturam ə r k ə z I



Yüklə 435,66 Kb.
səhifə1/6
tarix22.07.2018
ölçüsü435,66 Kb.
#58426
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
M A G İ S T R A T U R A M Ə R K Ə Z İ

Əlyazma hüququnda

Zalov Xalid Cavad oğlu


Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin
müasir problemləri və onların aradan qaldırılması yolları”

mövzusunda
MAGİSTR

DİSSERTASİYA İŞİ

İxtisasın şifri və adı: 060403 – “Maliyyə”
İxtisaslaşma:Maliyyə nəzarəti və audit

Elmi rəhbər: Magistr proqramının rəhbəri:
i.e.n. T. T. Qurbanova ______________________________

Kafedra müdiri

i.e.d. Ə. Ə. Ələkbərov



BAKI - 2017

Mövzu: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin müasir problemləri və onların aradan qaldırılması yolları

MÜNDƏRİCAT

GİRİŞ................................................................................................................................3

I FƏSİL. Ev təsərrüfatı maliyyəsinin nəzəri-metodoloji əsasları.....................................7

    1. Ev təsərrüfatı maliyyəsinin formalaşması və fəaliyyət mexanizmi ilə bağlı müxtəlif konseptual yanaşmalar.......................................................................................7

    2. Bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatı maliyyəsinin nəzəri əsaslarının öyrənilməsi......................................................................................................................19

II FƏSİL. Müasir dövrdə Azərbaycanda ev təsərrüfatı maliyyəsinin mövcud vəziyyəti və əhalinin sosial vəziyyətinə təsiri mexanizmləri..........................................................31

2.1.Ev təsərrüfatlarının adambaşına gəlirə görə bölgüsü və onun qiymətləndirilməsi metodları..........................................................................................................................31



    1. Azərbaycanda ev təsərrüfatı maliyyəsinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təhlili................................................................................................................40

    2. Müasir dövrdə Azərbaycan Respublikasında ev təsərrüfatı maliyyəsinin formalaşmasında meydana çıxan problemlər..................................................................49

III FƏSİL. Azərbaycandaəhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrü-fatı maliyyəsinin problemləri və onların aradan qaldırılması yolları..............................62

    1. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin rolunun artırılması və bu yöndə qarşıya çıxan problemlərin həlli yolları.......................62

    2. İnkişaf etmiş xarici ölkələrdəev təsərrüfatı maliyyəsinin əhalinin sosial vəziyyətinə təsiri və onun tənzimlənməsi təcrübəsinin Azərbaycan Respublikası reallığına tətbiqi...............................................................................................................76

NƏTİCƏ VƏ TƏKLİFLƏR............................................................................................90

ƏDƏBİYYAT SİYAHISI..............................................................................................94

РЕЗЮМЕ........................................................................................................................96

SUMMARY.....................................................................................................................97

REFERAT.......................................................................................................................98

Magistrant: _____________________________________________(ASA, imza/tarix)

Elmir rəhbər: ___________________________________________(ASA, imza/tarix)

GİRİŞ

Mövzunun aktuallığı. Artıq bir neçə ildir ki, Azərbaycan iqtisadiyyatı yeni iqtisadi sistemə transformasiya etmişdir. Azərbaycanda sərt mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid ölkədə bir çox sahələrin yenidən qurulmasını tələb edirdi. Çünki sürətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün iqtisadi imkan və potensialın artırılması, əhalinin rifahının daim yüksəldilməsi və digər sosial problemlərin həllinə nail olmaq başlıca məqsədə çevrilməli idi. Sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin apardığı məqsədyönlü siyasətin uğurla yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı, eləcə də, sosial sfera çox sürətlə inkişaf etmiş və respublikamız tarixə sosial-iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələr siyahısına daxil olmuşdur.

Sosial problemlərin həlli ölkənin inkişaf imkanlarını göstərdiyindən, o, iqtisadi inkişafın göstəricisi kimi gəlirlərin, o cümlədən, ev təsərrüfatı gəlirlərinin əhəmiyyətini getdikcə artırır və onu iqtisad elminin öyrənilməli və həll edilməli başlıca problemlərindən birinə çevirir.

Bazar iqtisadiyyatına keçidin astanasında geniş vüsət almış və hazırda da davam edən yoxsulluq, aztəminatlılıq və işsizlik problemləri, həyat səviyyəsinin kifayət qədər yüksək olmaması ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyır. Qeyd olunan problemlər mövzunun aktuallığını daha da artırır və onun elmi cəhətdən kompleks tədqiqini zəruri edir.

Tədqiqatın predmeti və obyekti. Dissertasiya işinin obyektini maliyyə sisteminin ən mühüm həlqələrindən olan ev təsərrüfatı maliyyəsi təşkil edir.

İşin predmetini isə Azərbaycan Respublikasında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin rolu və qarşıya çıxan problemlərin tədqiqi, onun fəaliyyət mexanizminin inkişaf etmiş ölkələrin təcrübəsinə uyğunlaşdırılmasının təhlili və onun struktur elementlərinin qiymətləndirilməsi təşkil edir.



Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqatın məqsədi müasir iqtisadi şəraitdə ev təsərrüfatı maliyyəsinin nəzəri əsaslarının tədqiq edilməsi, respublikamızda onun əhalinin rifahına təsir səviyyəsinin araşdırılması, burada mövcud olan problemlərin aşkar edilməsi, bu problemlərin həlli yollarının müəyyənləşdirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr müəyyən olunmuşdur:



  • Ev təsərrüfatı maliyyəsinin, o cümlədən gəlirlərinin iqtisadi mahiyyətinin, ona xas olan funksiya və xüsusiyyətlərin dərindən araşdırılması;

  • Bazar iqtisadiyyatı şəraitində ölkəmizdə ev təsərrüfatı maliyyəsinin formalaşması istiqamətləri, səviyyəsi və dinamikasının tədqiq edilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə onun təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsi;

  • Ev təsərrüfatı gəlirlərinin formalaşmasında sosial ədalət prinsipinin təmin olunması probleminin həlli yolları və mexanizmlərinin işlənib hazırlanması;

  • Ev təsərrüfatı maliyyəsinin tənzimlənməsi, bu yöndə dövlətin həyata keçirdiyi siyasət, tənzimləmə mexanizmi və prinsipləri və onun başlıca istiqamətlərinin müəyyən edilməsi;

  • Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin rolunun artırılması imkanlarının maksimumlaşdırılması və bu istiqamətdə konkret təklif və tövsiyələrin hazırlanması.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Dissertasiya işində azərbaycan respublikası Statistika Komitəsinin statistik məcmuələrindən, İqtisadi İnkişaf Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin və Vergilər Nazirliklərinin hesabatlarından və rəsmi statistik materiallarından istifadə olunmuşdur.

Tədqiqat işində statistik, sistemli yanaşma, müqayisəli təhlil, pozitiv və normativ yanaşma və müşahidə metodlarından istifadə olunmuşdur.



Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

  • Bazar iqtisadiyyatı şəraitində respublikamızda ev təsərrüfatı maliyyəsinin nəzəri-metodoloji əsasları araşdırılmış, bu sahənin inkişaf etdirilməsi və mövcud prblemlərin aradan qaldırılması məsələləri kompleks şəkildə tədqiq edilmişdir;

  • Ev təsərrüfatı maliyyəsinin əsas struktur elementləri olan gəlir və xərclərin yaranma mənbələri araşdırılmış, onlar arasında qarşılıqlı fəaliyyət mexanizmi təhlil olunmuş və mövcud şəraitdə onların düzgün bölüşdürülməsi yolları müəyyənləşdirilmişdir;

  • Bazar iqtisadiyyatı şəraitində ölkəsə iqtisadi artımın daha da stimullaşdırılması və yaşayış minimumunun əsaslı artırılması fonunda onlar arasındakı nisbətin optimallaşdırılması prinsipləri işlənmişdir;

  • Beynəlxalq təcrübəyə istinad edilməklə ev təsərrüfatları gəlirlərinin formalaşması və istifadəsi mexanizminin təkmilləşdirilməsi üzrə bir sıra elmi-praktiki təkliflər əsaslandırılmışvə tövsiyyələr verilmişdir.

Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işində ev təsərrüfatı maliyyəsinin formalaşması və düzgün bölüşdürülməsi üçün hazırlanmış təklif və tövsiyələrdən bu sahə üzrə hazırlanacaq dövlət proqramlarında və ya iqtisadi islahat layihələrində istifadə oluna bilər.

Dissertasiya işinin strukturu. Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflər və ədəbiyyat siyahısından ibarətdir. Dissertasiya işində 5 diaqram və 7 cədvəldən istifadə edilmişdir.

Dissertasiya işinin I Fəslində baxılan məsələlər.

Dissertasiya işinin I Fəslində ev təsərrüfatı maliyyəsinin nəzəri-metodoloji əsaslarından bəhs edilir. Burada toxunulan əsas məsələlər müxtəlif dövrün iqtisadçılarının onun formalaşması və fəaliyyət mexanizmi ilə bağlı konseptual yanaşmaları, bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatı maliyyəsinin nəzəri əsaslarının öyrənilməsi və onun struktur elementlərinin xüsusiyyətləri və əhəmiyyətindən ibarətdir.



Dissertasiya işinin II Fəslində baxılan məsələlər.

II Fəsil müasir dövrdə Azərbaycanda ev təsərrüfatı maliyyəsinin mövcud vəziyyəti və fəaliyyət xüsusiyyətlərindən bəhs edir. Bu fəsildə Azərbaycanda əhalinin sosial vəziyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin bir sistem kimi təhlili, onu tənzimləyən qanunvericilik bazasının təhlili, ev təsərrüfatlarının adambaşına gəlirə görə bölgüsü və onun qiymətləndirilməsi metodları və digər məsələlərin tədqiqinə yer verilmişdir.



Dissertasiya işinin III Fəslində baxılan məsələlər.

Tədqiqat işinin III Fəsli tədqiqatın əsas problematikasının açılmasını özündə əks etdirir ki, burada Azərbaycan Respublikasında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin problemləri və onların aradan qaldırılması yollarından bəhs edilmişdir. Burada respublikamızda maliyyə bazarının perspektiv inkişaf yolları və inkişaf etmiş xarici ölkələrin ev təsərrüfatı maliyyəsinin tənzimlənməsi təcrübəsinin Azərbaycan Respublikası reallığına tətbiqi, onun fəaliyyətində qarşıya çıxan problemlərin araşdırılması və həlli yollarının verilməsi öz əksini tapmışdır.



I FƏSİL. Ev təsərrüfatı maliyyəsinin nəzəri-metodoloji əsasları

§1.1 Ev təsərrüfatı maliyyəsinin formalaşması və fəaliyyət mexanizmi ilə bağlı müxtəlif konseptual yanaşmalar.

Ev təsərrüfatları bütün daha iri iqtisadi vahidlərdə ümumilikdə iqtisadiyyatın aparıcı qüvvəsi hesab olunur. Bizə artıq məlumdur ki, bir regional iqtisadi vahiddə ev təsərrüfatlarının maliyyələşmə səviyyəsi nə qədər yüksək olarsa, həmin ev təsərrüfatlarının daxil olduğu iri iqtisadi vahid də daha güclü iqtisadiyyata sahib olar. Eləcə də, daha güclü iqtisadiyyata sahib iri iqtisadi vahidlər tərkibindəki ev təsərrüfatlarına stimullar verərərək onları iqtisadi aktiv vəziyyətdə saxlamağa çalışır ki, məhsuldar qüvvələr inkişaf etsin, iqtisadi dinamiklik fasiləsiz olsun. Çünki nə qədər təsəvvür etmək çətin olsa da, Milli Gəlir, Ümumi Daxili Məhsul (ÜDM), məşğulluq, inflyasiya, yığım, investisiya və s. kimi ölkə əhəmiyyətli iqtisadi göstəricilər birbaşa və dolayısı ilə ev təsərrüfatlarının əsasən öz aralarında, daha sonra isə özəl fiziki və hüquqi şəxslər və dövlətlə münasibətlərinin nəicəsi olaraq formalaşır.

Göründüyü kimi ev təsərrüfatının maliyyəsi kifayət qədər mürəkkəb və geniş məzmunlu bir sahədir. Bu sahənin dərindən tədqiq edilməsi nəinki ev təsərrüfatlarının, eləcə də digər sahələrin problemlərinin öyrənilməsi üçün mühüm açar rolunu oynaya bilər. Məhz bu səbəbdəndir ki, ev təsərrüfatlarının maliyyəsi nəinki iqtisadi nəzəriyyənin, həm də digər konkret riyazi və tarixi iqtisadi sahələrin öyrəndiyi obyekt və predmet kimi çıxış edir. Bu elmlərin ev təsərrüfatının maliyyəsi barədə təhqiqatları ilə tanış olarkən məlum olur ki, tarixən heç vaxt obyektə birmənalı yanaşma olmamışdır. Belə ki, hər bir iqtisadi məktəb ev təsərrüfatının maliyyəsinə maliyyənin bir qolu kimi öz məktəbinin iqtisadi baxışlarına uyğun olaraq tərif vermiş və özlərinə xas şəkildə mövqe bildirmişdir.

Siyasi iqtisad elmi təşəkkül tapan dövrdə və bu dövrədək iqitsadi məkətblərin ədəbiyyatlarda daha çox sərvət barədə fikirlərinə rast gəlmək mümkün olurdu. Məşhur iqtisadi görüşləri ilə tanınan Platon, Ksenefont, Aristotel və onların timsalında digər iqtisadi məktəblərin nümayəndələri öz əsərlərində sərvət deyərkən əmtəə və zinət əşyalarını nəzərdə tuturdular və bu “sərvət”lərin artırılması üçün üsulları araşdırırdılar. İlkin merkantilist məktəbinin nümayəndələri sayılan U. Stafford və Q. Skaruffi, onların ardınca isə sonralar daha da təkmilləşmiş merkantilist məktəbin nümayəndələri A. Monkretyen, T. Man və A. Serra öz növbələrində sərvəti bir məhfum olaraq pul ilə eyni tutmuşlar və onu çoxaltmaq üçün “maksimum satmaq – minimum almaq” qaydasına riayət etməyi tövsiyə etmişlər. Qeyd etmək lazımdır ki, bu dövrün iqtisadi bilikli adamları artıq sərvətdən savayı, milli gəlir, xalq gəliri, mənfəət, əmək haqqı, faiz və s. kimi maliyyə kateqoriyalarını özündə ehtiva edən iqtisadi məhfumlardan da söz açmışlar və bunların formalaşma üsullarını açıqlamağa cəhd göstərmişlər. Avropanın daha bir klassik iqtisadi məktəblərindən olan, İngiltərədə siyasi iqtisad elminin banisi olaraq məşhurlaşan U. Petti özünün statistika və iqtisadiyyatdan söhbət açan əsərlərində maliyyənin formalaşma mənbələri kimi renta, əmək haqqı və faizi göstərmişdir və təsnifatını verməyə çalışmışdır. O, əmək haqqını muzdlunun göstərdiyi əmək prosesinin təbii dəyəri, rentanı təsərrüfat mallarının qiyməti ilə onların əldə olunmasına sərf olunan istehsalat məsrəflərinin arasındakı fərq, faiz anlayışını isə rentadan yarana biləcəyini açıqlayırdı.

Öz iqtisadi fikirlərinin gücünə və innovativ xarakterinə görə seçilən Fiziokratlar məktəbinin F. Kene və J. Türqo kimi nümayəndələri də öz növbələrində klassik siyasi iqtisad elminin nümayəndəsi U. Petti kimi maliyyənin müəyyən formalaşma mənbələri kimi renta, əmək haqqı və faizdən söz açımşdır. Buna əlavə olaraq maliyyəni formalaşdıran iqtisadi kateqoriya kimi həm də mənfəət anlayışını qəbul etmişlər və ona özünəməxsus tərif verməyə çalışmışlar. Onlar mənfəət anlayışını faizlə izah etmişlər, öz növbəsində faizi də renta anlayışı ilə əlaqələndirmişlər. Yəni, rentanın bir törəməsi kimi faiz anlayışını göstərmişlər.

Əlbəttə ki, maliyyənin fromalaşma mənbələri kimi əmək haqqı, mənfəət, renta və faiz kimi anlayışlarının o dövr üçün araşdırılıb şərhinin verilməsi iqtisadiyyat elmi üçün böyük töhfə idi. Lakin bu anlayışlara verilən təriflərə baxanda görmək olur ki, iqtisadçılar heç də yaşadığı dövrün xüsusiyyətlərini, sosial formaları tam olaraq nəzərə almamışlar. Maliyyənin formalaşması üçün dövrünün daha çox xüsusiyyətlərini nəzərə alan iqtisadçı kimi daha sonralar klassik siyasi iqtisad məktəbinin görkəmli üzvü sayılan Adam Smit çıxış etmişdir.

A.Smit özünün “Xalqların sərvətlərinin təbiəti və səbəbləri haqqında” əsərində ilk dəfə olaraq qeyd etmişdir ki, hər bir ölkədə torpaq və əməyin illik məhsulu, yaxud da bu məhsulun illik qiyməti təbii olaraq 3 hissədən ibarət olur: torpaq rentası, əmək haqqı və mənfəət. Və bunlar xalqın xalqın 3 müxtəlif sinfinin gəlirlərini təşkil edir. Smit bu əsərində bir tərəfdən ev təsərrüfatının illik məhsulunu gəlirlərlə eyniləşdirmiş, ödəmə fondunu istehsalda istehlak olunmuş istehsal vasitələrinin dəyərini nəzərə almamışdırsa, digər tərəfdən də, yeni yaradılan dəyərin yeni formalarından - əmək haqqı, mənfəət və rentadan bəhs etmişdir. Eyni zamanda, o, konkret gəlir növləri kimi qeyd olunan ünsürlər arasında fərqi də izah etməyə çalışmış və göstərmişdir ki, bu 3 gəlir növündən yalnız əmək haqqı əməklə əldə olunan gəlirdir, mənfəət və renta isə fəhlənin əməyi ilə yaradılan əmək məhsulundan əldə olunur. Bununla da Smit ilk dəfə illik məhsulun qiyməti adı altında da olsa, cəmiyyətin gəlirini, gəlirlərin konkret təzahür formalarını, həm də əmək və əməksiz gəlirləri fərqləndirmişdir. Bununla da, müvafiq dövr üçün gəlirlərin və ümümilikdə maliyyənin təhqiqatı sahəsində əhəmiyyətli dərəcədə irəliləyiş olmuşdur.

Klassik siyasi iqtisad məktəbinin başqa bir nümayəndəsi D.Rikardo əsasən Smitin davamçısı olaraq çıxış etmiş və həmkarının nəzəri görüşlərini təkmilləşdirmiş və inkişaf etdirmişdir. A.Smitə nisbətən gəlirlər məsələsində o, daha ardıcıl olmuş və dəyərin yeganə mənbəyinin əmək olması variantını ön plana çəkmiş və onu şərh etmişdir. Rikardo əməyin bütün siniflərin və eləcə də, istehsalda iştirak etməyən sosial qrupların gəlirlərinin yeganə mənbəyi olduğunu göstərmiş və əmək haqqının yaşayış vasitələrinin dəyərilə müəyyən olunduğu qənaətinə gəlmişdir. Həmçinin o mənfəətə də gəlirin mühim forması kimi baxmış və onu izafi dəyərlə eyniləşdirmişdir.

A.Smitin və D.Rikardonun əleyhdarı kimi məşhurlaşan S.Sismondi ev təsərrüfatı maliyyəsi fonunda gəlirləri özünəməxsus şəkildə izah etmişdir. Onun fikrincə istehsal olunan bütün əmtəələrin reallaşması üçün ev təsərrüfatı gəlirləri istehsala uyğun olmalıdır, gəlirlər və illik istehsal qarşılıqlı tarazlıq halında olmalıdır. Və nəticə etibarilə, o klassik məktəbin nümayəndələri kimi illik məhsulun gəlirlərdən ibarət olduğunu iddia etmiş, istehsalda istifadə olunan istehsal vasitələrini nəzərə almamışdır. Bununla yanaşı o, istehsal istehlakı ilə şəxsi istehlak arasındakı fərqləri də nəzərdən qaçırmışdır, gəlirlərə cəmiyyətin gəlirləri kimi yanaşmış və ümumi gəlirlə milli gəliri eyni tutmuşdur. Ancaq ümumi gəlir məhsul satışından əldə olunan məcmu gəliri, milli gəlir isə yeni yaradılmış dəyəri təcəssüm etdirdiyindən Sismondinin bu nəzəri görüşlərini yekdil olaraq qəbul etmək olmaz. Sismondinin bütün əmtəələrin reallaşması üçün cəmiyyətin gəlirlərinin istehsala uyğun olması barədə görüşləri fikirləşməyə səbəb verir ki, o, yeni yaradnmış dəyərlə istehlak şeyləri arasındakı tarazlığın mövcud olmasını və onun təkrar istehsalın çox mühüm proporsiyası olmasını, tam olmasa da, hər halda fərqləndirmişdir. Əlavə olaraq, o, əmək gəlirləri ilə əməksiz gəlirlər arasındakı oxşar olmayan xüsusiyyətləri də qeyd etmiş, torpaq rentasının və mənfəətin yaranma mənbəyini fəhlənin əməyində görmüşdür.

“Faydalılıq nəzəriyyəsi”nin tərəfdarı kimi iqtisad elmində məşhurlaşan alim
J. B. Sey dəyərlə istehlak dəyərini eyni tutmaqla bərabər gəlirləri də illik məhsulun dəyəri ilə eyni tutmuşdur və onu üç amil nəzəriyyəsinə istinadən açıqlamağa cəhd etmişdir. Üç amil deyərkən əmək, kapital, torpaq nəzərdə tutulur. J. B. Sey öz görüşlərində izah etməyə çalışmışdır ki, fəhlənin əmək haqqısını onun əmək fəaliyyəti, mənfəəti kapital, rentanı isə torpaq yaradır. Bütün bunlardan əvvəl vurğulamaq lazımdır ki, J. B. Sey də özündən əvvəlki alimlər kimi bütün istehsal olunan məhsulu gəlirlərlə bərabər tutmuş, onun ayrılmaz tərkib hissəsi olan istehsalda istifadə olunan istehsal vasitələrinin dəyərini nəzərdən qaçırmışdır. Əslində isə Ümumi Daxili Məhsuldan amortizasiya ayırmaları çıxıldıqdan sonra qalan hissə istehsal amillərinin gəlirləri rolunda tanına bilər.

J. B. Seyin gəlirlərə iki nöqteyi-nəzərdən – ev təsərrüfatlarının gəlirləri və onun konkret bölgüsü formaları kimi – mənfəət, renta və əmək haqqı kimi yanaşması gəlirlərin tədqiqində əhəmiyyətli dərəcədə ciddi və irəli atılmış addım hesab olunur.


O həmçinin A. Smit və D. Rikardodan da irəliyə gedərək özündən əvvəl mövcud olan mənfəət, renta və əmək haqqı barədə nəzəri görüşləri təkmilləşdirmiş və ayrı-ayrılıqda kapitalistin, torpaq sahibinin və fəhlənin gəlirlərinin formalaşmasında onların hər birinin müstəqil rolunun olmasını sübut etməyə çalışmış və gəlirlərin əsl mənbəyini ört-basdır eləməyə səy göstərmişdir. Ancaq qeyd etmək lazımdır ki, bu nların hər biri istehsalda və gəlirlərin bölgüsündə müstəqil iştirak edirsə də belə, yeni yaradılan dəyərin mənbəyi kimi yalnız əmək çıxış edir.

Gəlirlər barədə söhbət açıb marksistlərdən bəhs etməmək mümkün deyil. Çünki bu məktəbin nümayəndələrinin gəlirlər haqqında nəzəriyyələrin təkmilləşdirilməsində xüsusi rolları vardır. Təsadüfi deyil ki, bu məktəbin görkəmli nümayəndəsi K. Marks özünün məşhur “Kapital” əsərinin üçüncü cildində bir bölməni tamamilə “Gəlirlər və onun mənbələri” barədə araşdırmalara və nəticələrə həsr etmişdir. K. Marksa görə gəlir deyərkən hər şeydən əvvəl söhbət “cəmiyyətin ümumi gəlirləri”ndən gedir və bu gəlirlər müəyyən bir zaman kəsiyi ərzində yaradılmış bütün yeni dəyər və ya bu dəyərlər ölçülə bilən məhsuldur. O həmçinin öz əsərində “xalis gəlir”dən və ayrı-ayrı sosial-sinfi qruplara mənsub şəxslərin də gəlirlərindən bəhs etmişdir, izah etməyə çalışmışdır ki, bu gəlir ayrı-ayrı sosial-sinfi qruplara mənsub şəxslərin mənimsədiyi paydır. Müasir iqtisadçıların fikrincəK. Marks haqlı olaraq ilk dəfə gəlir anlayışını yeni yaradılan dəyər və ya milli gəlir anlayışı ilə eyniləşdirmişdir və gəlirin konkret formalarını şərh etmişdir.

Bununla yanaşı K. Marksın gəlirlər barədə görüşlərində fəhlənin əməyinin istismarının nəticəsi kimi kapitalın və torpağın gətirdiyi gəlirlər müddəası da nəzərə çarpır. Bu siniflərin gəlirlərini K. Marks başqa adla “əməksiz gəlir” də adlandırmışdır. Reallıqda həqiqətən də gəlirlərin yaradılmasında və bölgüsündə istehsal amillərinin hər üçü (kapital, torpaq, əmək) müstəqil olaraq çıxış etsələr də, K. Marks üçün əsas olan budur ki, əmək, torpaq və kapital sahibinin gəlirlərinin yeganə formalaşma mənbəyi vardır ki, bu da əməyin özüdür. K. Marksın əsərlərində bir iqtisadi kateqoriya kimi gəlir anlayışına daha da mükəmməl yanaşmaları müşahidə etmək mümkündür. O, məşhur “Kapital” əsərinin III cildində qeyd edir ki, il ərzində yeni əmək qatılmaqla yeni əldə edilən gəlir üç hissəyə bölünür. O, bu hissələri işçi qüvvəsinin sahibinə, kapitalın sahibinə və torpaq sahibinə məxsus paylar şəklində təqdim edir. Bununla da K. Marks bir iqtisadi kateqoriya kimi gəlirin təhqiqatında dörd çox əhəmiyyətli nəzəri-metodoloji məsələləri irəli çəkmişdir:


  • Əmək gəlirin tək mənbəyidir;

  • Hər şeydən əvvəl gəlir dəyər şəklində ifadə olunur;

  • Ümumi illik məhsulun müəyyən payını gəlir təşkil edir;

  • Müəyyən dövr ərzində gəlir yarana və müqayisə edilə bilər.

Bundan əlavə gəlirə iqtisadi ədəbiyyatlarda ikili yanaşmalar da mövcuddur.
K. Marks “Kapital” əsərində bu haqda belə yazır: “Ümumi gəlir ümumi məhsulun dəyərinin bütün istehsaldakı dəyərindən istehsala qoyulub onda istehlak edilmiş sabit kapitalı ödəyən hissə çıxıldıqdan sonra qalan və ümumi məhsulun bu hissə ilə ölçülən hissəsidir. Xalis gəlir isə üstəlik dəyərdir və bununla ölçülən izafi məhsuldur”. 1Onun bu fikirlərindən elə nəticə çıxır ki, gəlirlər həm pul, həm də pula ekvivalent tutula bilən məhsul formasında çıxış edə bilər. Bu yanaşmanın özünəxas cəhəti isə gəlir anlayışının təkcə tarixi kateqoriya deyil, həm də məhsul formasında cəmiyyət qədər yaşlı olmasını təsdiqləyən fakt kimi çıxış etməsidir.Deməli, istənilən tarixi şəraitdə istənilən bir cəmiyyət istehsalsız mövcud ola bilmədiyi kimi, həm də gəlirsiz də mövcud ola bilməzlər. Harada ki, insan, istehsal, istehlak amilləri var, demək, orada gəlir də olmalıdır. Gəlir hər zaman cəmiyyətin var olmasının maddi bünövrəsi olub və olaraq da qalacaqdır.

Neoklassik istiqamətin görkəmli nümayəndəsi, Amerikan məktəbinin banisi


C. Klarkın gəlirlər haqqında görüşləri də təhqiqat işinin obyekti nöqteyi-nəzərindən əhəmiyyətlidir. C. Klark özünün “Sərvətin bölgüsü” əsərində gəlirlə bağlı görüşlərini şərh edərkən “ictimai gəlir”dən, “cəmiyyətin illik gəliri”ndən söz açmış və onların mənfəət, faiz və əmək haqqıdan ibarət olduğunu bildirmişdir. K. Marksdan fərqli olaraq C. Klark özündən əvvəlki iqtisadçılar kimi yeni yaradılmış gəlirlə ümumi gəlir arasındakı fərqi sezməmişdir və onların hər ikisini istehsal amilləri sahiblərinin qazandıqları gəlirlərin məcmusu kimi təqdim etmişdir. Buna baxmayarq o, gəlirlərin bölgüsü barədə daha da təkmil araşdırmalar aparmış və nəticələrə gəlmişdir. Belə ki,
C. Klarkın düşüncələrinə görə gəlirlər ictimai qanunlarla tənzimlənir və bu zaman ədalətlilik prinsipi gözlənilir. O əlavə edir ki, əgər bu ictimai qanunlar heç bir maneə ilə üzləşməzsə, istehsal amillərinin sahibləri hər biri paylarına düşən gəlirlərini əldə edəcəklər. Bununla yanaşı o, bu və ya digər gəlir formalarından bəhs edərkən əsaslandırmağa cəhd göstərmişdir ki, istehsal amillərin hər bir sahibi gördüyü işinə görə ümumi gəlirdən pay əldə edir. Əlavə olaraq C. Klark mənfəət, faiz və rentanı əmək haqqının çevrilmiş forması kimi qələmə verməyə çalışmışdı.

C. Klark ev təsərrüfatlarının illik gəlirləri və bunun müəyyən bölgü formaları barədə görüşləri, o cümlədən əmək haqqı, mənfəət, renta və faizin səviyyəsinin məhsuldarlıq həddindən çıxılaraq təyin edilməsi barədə düşüncələri fərqli görüşlər olmaqla eyni zamanda maraq doğurur. Ancaq onun mənfəət, renta və faizin əmək haqqının çüvrilmiş formaları olması barədə görüşləri kifayət qədər anlaşılan deyil və müəyyən mənada dəqiqəşmə aparmaq lazımdır. Çünki C. Klark yeni yaradılan dəyərin əsl, həqiqi mənbəyinin təbii əmək olması fikrini ya nəzərə almamış, ya da nəzərə almaq istəməmişdir.

Hazırki dövr baxımından əhəmiyyətli sayılan digər bir baxışlar C. M. Keynsin gəlirlər və onların cəmiyyətdəki rolu barədədir. Adətən iqtisadiyyatın dövlət tənzimlənməsini müdafiə edən C. M. Keyns öz ənənəsinə gəlirlər probleminin təhqiqatında da sadiq qalmışdır. O və ardıcılları “milli gəlir”, “ümumi gəlir”, “mənfəət”, “faiz”, “renta”, “əmək haqqı” kimi anlayışları qəbul etmiş, lakin bu anlayışlara daha çox iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi vasitələri kimi yanaşmışlar. C. M. Keynsin görüşlərinə görə dövlət öz xərclərini artırıb azaltmaqla iqtisadiyyat üçün stimullar yarada, cari böhrana düşmüş sahələrdə dinamik inkişaf yarada və ya ümumiyyətlə, iqtisadiyyatın inkişafına nail ola bilər. Onun fikrincə, ölkədə məşğulluq səviyyəsini yüksəltmək və iqtisadi artımın tempinə müsbət təsir göstərmək üçün dövlət ölkədə səmərəli tələb formalaşdırmalıdır.

Müasir dövrdə iqtisadi tarixi araşdırarkən o nəticəyə gəlmək olur ki, ötən dövr ərzində elm və texnologiya nə qədər inkişaf etsə də, gəlir məhfumunun şərhində hələ də iqtisadçılar arasında fikir ayrılıqları, fərqliliklər mövcud olaraq qalır. Doğrudur, onların əsərlərində illik gəlir, milli gəlir, ümumi gəlir, xalis gəlir, mənfəət, əmək haqqı, renta, faiz və s. anlayışlar açıqlansa da, müxtəlif gəlir növlərinin formalaşması, eləcə də onların istehsal və bölgü prosesində iştirakı barədə yanaşmalar bir-birindən fərqlənir. Buna baxmayaraq qeyd etmək lazımdır ki, müasir iqtisadi məktəblərin nümayəndələri yuxarıda adları sadalanan anlayışlara yeni yanaşmalar gətirmiş və iqtisadi ədəbiyyatları yeni müddəalarla kifayət qədər zənginləşdirmişlər. Məsələn, amerikalı iqtisadçılar R. Makkonnell, S. L. Bryu və Kempbell gəlir dedikdə, “şəxsi gəlir”, “milli gəlir”, “vergilər çıxılandan sonra gəlir”, “renta tədiyyələri”, “əmək haqqı”, “mənfəət” və “faiz” anlayışlarını nəzərdən keçirirdilər. Onların digər amerikalı həmkarları sayılan V. Nordhaus və P. Samuelson isə gəlir deyəndə “bir ildə qazanılan, ya da əldə edilən ümumi pulun məbləğini” nəzərdə tuturdular. Rusiyanın iqtisadi elm adamları Domnenko, Vinoqradov, Bartenev isə “milli gəlir”, “şəxsi gəlir”, “sərəncamda qalan gəlir”, “mənfəət”, “renta”, “faiz” və “əmək haqqı”nı gəlirlə eyniləşdirirdilər.


V. D. Kamayev və B. İ. Domnenko və başqalarının ümumi redaktorluğu ilə ərsəyə gələn “Bazar iqtisadiyyatının əsasları” dərsliyində gəlirə müəyyən bir dövr ərzində (əsasən bir il) qazanılmış və ya əldə edilmiş pulun ümumi kütləsi kimi yanaşılır. A. S. Bulatovun redaktorluğu ilə yazılmış “İqtisadiyyat” dərsliyində isə gəlir iqtisadi resurs və məhsul satışından əldə olunan pul kütləsi kimi təqdim edilmişdir.

Ölkəmizin iqtisadi tarixində də görkəmli alimlər, iqtisadi bilik adamları olmuşdur və onların da dəyərli əsərlərinə nəzər saldıqda gəlir anlayışına müxtəlif yanaşmalarla rastlaşmaq mümkündür. Son illər iqtisadi ədəbiyyatlarımıza gəlir kateqoriyasına aid qiymətli nəzəri baxışlar formalaşmışdır. Bu nöqteyi-nəzərdən F. Quliyevin müəllifi olduğu “Millət və dövlət gəlirləri” əsərini misal göstərmək olar. Müəllif sözü gedən əsərində gəlir barəsində dünyaşöhrətli iqtisadi sahə alimlərinin bir-birindən dəyərli fikirlərini toplamış və onları ümumiləşdirib, fəqrqlərini qeyd etməklə, həmçinin onlara tənqidi yanaşmış və öz mövqeyini də açıqlamışdır. Misal üçün əsərin “Millət gəliri və milli gəlir konsepsiyası” fəslində “xalq gəliri”, “milli gəlir”, “milli sərvət”, “ümumi gəlir”, “xalis gəlir” anlayışlarının hər biri üzərində dayanmış və onlara həm qədim anlayış, həm də müasir anlayış adlarını vermişdir. Gəlir dedikdə, o, milli gəlir və onun funksional bölgüsü formalarından bəhs edirdi.

Daha bir iqtisadçı alimimiz M. X. Meybullayev gəlir dedikdə, əsərlərində “ümumi gəlir”, “milli gəlir”, “xalis gəlir”, “əmək haqqı”, “renta”, “mənfəət” və “faiz”dən istifadə etmişdir. Bu gün də ölkəmizin ali məktəblərdə tədris edilən,
Ş. S. Qafarov və T. S. Vəliyevin ümumi elmi redaktəsi ilə hazırlanmış “İqtisadi nəzəriyyə” dərsliyində isə gəlirlər adı altında “milli gəlir”, “şəxsi gəlir”, “sərəncamda qalan gəlir”, “mənfəət”, “renta”, “faiz” və “əmək haqqı” anlayışlarından istifadə olunmuşdur. Sözü gedən dərslikdə müəyyən bir dövr ərzində qazanılan pulun kəmiyyəti məhz gəlir anlayışını ifadə edir.

Ümumiyyətlə, həm yerli, həm də dünya iqtisadçılarının gəlir barədə fikirlərini öyrənib tədqiq elədikdən sonra belə bir nəticə hasil olunur ki, gəlir hər şeydən əvvəl mücərrəd bir anlayış olub bazar iqtisadiyyatı şəraitində bu və yaxud digər formalarda özünü büruzə verir. Buna görə də iqtisadçılar gəlir mövzusunu arşadırarkən tamamilə haqlı olaraq gəlirin birbaşa özündən deyil, onun müxtəlif formalarından bəhs etmişlər. Bununla yanaşı, gəlir müəyyən tarixi şərtlərin diktə etdiyi şəraitdə və eləcə də müəyyən bir iqtisadi sistemin tərkibində təhqiq edilmişdir. F. Engels özünün “Anti-Dürinq” əsərində qeyd edir ki, insanların dəyər yaratdıqları və bu dəyəri mübadilə edə bildikləri şərtlər və şərait coğrafi baxımdan ölkədən ölkəyə, genetik baxımdan isə bir ölkə ərzaisində nəsildən-nəsilə fərqli dəyişir. O, əsərində fikirlərinə davam edərək qeyd edir ki, ümumiyyətlə, iqtisadi nəzəriyyə zaman ötdükcə dəyişməyə meyilli bir tarixi məhsulu tədqiq etməklə məşğul olur; o hər şeydən öncə istehsal və mübadilənin ayrı-ayrılıqda inkişaf pillələrinin xüsusi qanunlarını təhqiq edir və yalnız təhqiqatın sonunda məlum olur ki, istehsal və mübadilənin təhqiq oluna bilən çox az sayda ümumi qanunları mövcuddur.

Sonda vurğulamaq lazımdır ki, müasir bazar iqtisadiyyatı şəraitində şəxsi istehlak üçün nəzərdə tutulmuş və mübadilə prosesinə cəlb olunmayan məhsullar xaric digər məhsulların istehsalının nəticəsi əmtəə formasını alır və onların hərəkəti təkrar istehsal prosesində gəlirlərin əmələ gəlməsi, bölgüsü və istifadəsi yolu ilə realizə edilir. İstehlak üçün nəzərdə tutulmuş məhsulların natural bölgüsü baş verməmişdən öncə pul gəlirlərinin bölgüsü prosesi baş verir. Bu da o deməkdir ki, ev təsərrüfatlarının hər bir üzvü özünün çoxçeşidli tələatlarını qarşılamaqdan ötrü ümumi daxili məhsuldan onlara çatmalı olan pay şəklində pul əldə edirlər. Sonra isə həmin pulu ehtiyac duyduqları məhsullara və ya xidmətlərə yönəldərək müxtəlif tələbatlarını qarşılayırlar.

Nəticə olaraq, əminliklə vurğulamaq olar ki, yuxarıda adları hallanan dünyaca məşhur iqtisadi məktəblərin nümayəndələrinin, eləcə də ölkəmizin məşhur iqtisadçı alimlərinin fikirlərindən belə qənaətə gəlmək olur ki, gəlir özü-özlüyündə böyük bir iqtisadi kateqoriya olub müxtəlif səviyyələrdə (milli gəlir, ümumi gəlir, mənfəət və s.) mövcud olur. İqtisadi kateqoriya kimi gəlir anlayışının belə geniş olması səbəbindən həm də onun konkret təhqiqatı, hüdudları və şərhini verməyə də dünya alimləri tam olaraq müyəssər olmayıblar. Çünki hər dövrün iqtisadi məktəbləri gəlir anlayışına nəzərən öz mənsub olduqları dövrün, sinfin xarakteri mövqeyindən gəliri şərh etmişlər. Bu qeyd olunan səbəblərə görə gəlir anlayışı barədə təhqiqatların nəticələrini ümumiləşdirmək, tarixi-iqtisadi şəraiti nəzərə almaq və gəlirin konkret səviyyələrində meydana çıxan problemləri aşkarlayıb şərhini vermək zəruri hala gəlir.

Gəlirlərin təhqiqatı barədə əldə olunan bəzi nəticələri ümumiləşdirib demək olar ki, konkret səviyyələrindən (milli gəlir, ümumi gəlir, mənfəət və s.) asılı olmayaraq gəlir hər zaman müəyyən kəmiyyət halında pul şəklində çıxış edir və pulun vasitəsi ilə meydana çıxır. Yalnız pul formasında olmaqla gəlir müstəqil mövcudluq əldə edir. Bir iqtisadi kateqoriya kimi yanaşdıqda isə o, müəyyən bir dövr ərzində iqtisadi münasibətləri və buna uyğun qazanılan pulun kəmiyyəti kimi başa düşülməlidir. Gəlir səviyyələrinin hər hansı miqdarda pul kimi təqdim olunması çox əhəmiyyətli nəzəri və praktiki vacib bir məsələdir. Ona görə ki, belə yanaşma zamanı bir iqtisadi kateqoriya olaraq gəlir əmtəə və pul münasibətlərini və bunlardan istifadə edilməsi ilə əlaqələndirilir və elə bu anlamda da gəlir tarixi-iqtisadi bir kateqoriyaya çevrilir.

Gəlirlər müasir iqtisadi ədəbiyyatlarda adətən iki səviyyədə fərqləndirilir: mikro və makro. Makro səviyyədə gəlir deyərkən cəmiyyət miqyasında olan gəlirləri nümunə göstərmək olar. Buna başqa adla milli gəlir də demək mümkündür. Milli dəyər – müəyyən bir dövr ərzində (adətən bir il) iqtisadiyyatda yaradılan bütün sahələrə aid dəyərlərin məcmusu başa düşülür. Başqa cür ifadə etsək, milli gəlir Xalis Milli Məhsul ilə birbaşa əlaqəsi olmayan dolayı vergilər arasındakı fərqi ehtiva edir.


K. Marks isə milli gəlirə ümumi gəlir ilə istehsala sərf olunan və istehlak edilmiş sabit kapitalın dəyərləri arasındakı fərq kimi yanaşmışdır. Mikro səviyyədə gəlir deyərkən isə istehsal amilləri sahiblərinin əldə etdikləri qazanc başa düşülür. Bu səviyyədə gəlirlər milli gəlirin ilkin bölgüsünün nəticəsi olaraq meydana gəlir.

Milli gəlirlərin istehsal sahələrində formalaşdığı ideyasını əsasən klassik və marksizm məktəblərinin nümayəndələri müdafiə edirdilər. Onlara görə istehsal ilə hər hansı bir bağlılığı olmayan xidmət sahələrində dəyər və məntiqə uyğun olaraq da milli gəlir formalaşa bilməz. Neoklassik məktəbin Marşall, Pareto, Klark və s. kimi nümayəndələri isə yuxarıdakılardan fərqli olaraq dəyərin və milli gəlirin yarandığı sahələr kimi həm istehsalı, həm də qeyri-istehsal sahələrini nəzərdə tutmuşlar. Elə ölkəmizdə də XX əsrin sonlarından Milli Hesablar Sistemi tətbiq ediləndən xidmətlərin də dəyəri əmtəələrin dəyəri kimi eyni qaydada uçota alınır.

İqtisadçılar arasında istehsal və xidməti nəzərə alıb-almamaq barədə fikir ayrılıqları nominal və real gəlirlərin hesablanması zamanı da ortaya çıxır. Belə ki, məşhur iqtisadçılar V. F. Mayer və L. S. Rjanisina əhalinin real gəlirlərinin kalkulyasiyası zamanı maddi nemətlərin istehsalı ilə bağlı olan xidmətlərdən başqa digər xidmət sahələrinin yaratdığı dəyər nəzərə alınmamalıdır.Çünki əgər söhbət yeni yaradılmış dəyərdən gedirsə, o halda bu dəyərin tərkibindən dəyər yaratmayan xidmət sahələrini ayırmaq lazımdır.


Yüklə 435,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə