“Qanun”.-2014.-№ 7(237).-S.66-71.
AZƏRBAYCAN RESPUBLİKASINDA
SEÇKİ HÜQUQUNUN XÜSUSİYYƏTLƏRİ
Cəfərova Yasəmən Fərman qızı,
hüquq magistri
Açar sözlər:
seçki hüququ, obyektiv mənada seçki hüququ, subyektiv mənada seçki hüququ, aktiv seçki hüququ,
passiv seçki hüququ, seçki hüququnun prinsipləri, referendum, absenteizm.
Ключевые слова:
избирательное право, избирательное право в объективном смысле, избирательное
право в субъективном смысле, активное избирательное право, пассивное избирательное право, принципы
избирательного права, референдум, абсентеизм.
Keywords:
electoral right, electoral right in objective meaning, electoral right in subjective meaning, passive
electoral right, principles of electoral right, referendum, absenteeism
Son illər ərzində seçkilər, xalq hakimiyyətinin nümayəndə əsaslarının formalaşmasının həqiqi işləyən institutu
olaraq, Azərbaycan cəmiyyətinin həyatının hissəsinə çevrilmişdir. Əslində vətəndaşların dövlət hakimiyyəti və yerli
özünü idarəetmə orqanlarına seçmək və seçilmək konstitusiya hüququ seçkilər vasitəsi ilə həyata keçirilir.
Tədqiqatın məqsədi seçki hüququnun mahiyyətinin müəyyən edilməsi, seçki hüququ prinsiplərinin anlayışının
açıqlanması və onların təhlili, Azərbaycan Respublikasının seçki hüququnun subyektlərinin hüquqi statusunun
təhlilindən və bu sahəyə dair təkliflərin verilməsindən ibarətdir. Tədqiqatda qarşımızda duran vəzifələr isə seçki
hüququnun anlayışının, seçki hüququ prinsiplərinin anlayışının verilməsi, Azərbaycan Respublikasında seçicilərə və
seçilənlərə olan tələblərin, seçki qanunvericiliyində olan əlavə və dəyişikliklərin göstərilməsi və yeni təkliflərin
verilməsindən ibarətdir.
“Seçki hüququ” termini iki mənada işlədilir: obyektiv və subyektiv. Obyektiv seçki hüququ - konstitusiya
hüququnun fəslidir, yəni referendumla, dövlət və yerli özünüidarə orqanlarına seçkilərlə bağlı yaranan ictimai
münasibətləri tənzim edən hüquqi normaların məcmusudur. Subyektiv mənada seçki hüququ - konkret şəxsin
seçkilərdə, habelə referendumda iştirak etmək hüququdur. Adətən, bu kimi tələblər: həmin dövlətin vətəndaşlığı,
müəyyən yaş həddi (18 yaşından az olmayaraq), fəaliyyət qabiliyyəti olma ilə ifadə olunur [8, s. l19]. Subyektiv
mənada aktiv və passiv seçki hüququ fərqləndirilir. Aktiv seçki hüququ vətəndaşın seçkili dövlət orqanları üzvlərinin
seçilməsində və referendumda iştirak etmək hüququdur. Qanun ilə müəyyən olunmuş bütün senzlərə cavab verən
seçicilərin əksəriyyəti, yəni rəsmi olaraq seçkilərdə iştirak etməyə buraxılmaqlarına baxmayaraq, seçki günü seçki
məntəqələrinə seçicilərin gəlməməsi absenteizm adlanır [7, s.30]. Aktiv seçki hüququnun həyata keçirilməsinin
effektivliyi seçicilərin elektoral - hüquqi mədəniyyətinin səviyyəsindən asılıdır. Məhz bunun aşağı səviyyəsindən
absenteizmin
[səh. 66-67]
çox olması, yəni seçicilərin aktivliyinin azalması izah olunur. Passiv seçki hüququ
vətəndaşın seçkidə dövlət orqanlarına seçilmək hüququdur. Aktiv seçki hüququndan istifadə etmək üçün yetkinlik
yaşına çatmaq, fəaliyyət qabiliyyətinin olması kifayətdirsə, passiv seçki hüququndan istifadə üçün qanunvericiliklə
müəyyən olunmuş senzləri gözləmək lazımdır. Senzlər isə bunlardır: bir ölkədə müəyyən müddət yaşamaq tələbi olan
oturaqlıq senzi və müəyyən müddət ərzində ölkənin vətəndaşlığında olmaq tələbini əks etdirən vətəndaşlıq senzi və
digər senzlər.[6, s.207]
Seçki hüququ - ən mühüm konstitusiya hüququdur. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının
Konstitusiyası ölkədə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas
prioritetləri müəyyənləşdirmişdir. Əsas Qanunda təsbit olunmuş müddəalara istinadən Azərbaycanda ümumi, bərabər
və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə seçkilərin hüquqi bazası formalaşdırılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 56-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası
vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak
etmək hüququ yoxdur. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni
qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, Azərbaycan Respublikasının Konstitusiyasında və
qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər [3, m.56].
Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyasında aktiv seçki hüququn şərtləri təsbit edilib və sadalanan
kategoriyalara mənsub olan şəxslərin seçkilərdə iştirak etmək hüququnun qanunla məhdudlaşdırıla bilər. Azərbaycan
Respublikası Konstitusiyasının 2-ci maddəsinin ikinci hissəsinə müvafıq olaraq Azərbaycan xalqı öz suveren
hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst,
gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir [3, m.2].
Demokratik seçkilər hamı tərəfindən qəbul-edilmiş normalarla – prinsiplərlə müəyyən olunur. Seçkilərin birbaşa
prinsipləri və onların tətbiqi seçki qanunvericiliyində dəqiqləşdirilir. Respublikamızda seçkilərin demokratik
keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. Müstəqillik dövründə demokratik seçki
mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdir.
1997-ci ildən başlayaraq müasir beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədilə
Azərbaycanın rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq hökumət ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları
Bürosu ilə yaxından əməkdaşlıq edərək azad, ədalətli və şəffaf seçkilər keçirilməsi məqsədilə lazim olan tədbirləri
reallaşdırıb. Avropa Şurasının tamhüquqlu üzvü olduqdan sonra ölkəmiz bu əməkdaşlığı daha da genişləndirib.
Avropa Şurasının Venesiya Komissiyası ilə birgə əməkdaşlıq nəticəsində seçki qanunvericiliyi daha da
təkmilləşdirilərək bütün beynəlxalq standartlara cavab verə bilən Seçki Məcəlləsi qəbul edilib. Bu Məcəllə beynəlxalq
təşkilatlar tərəfındən yüksək qiymətləndirilib. Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun yekun rəyində Seçki Məcəlləsinin seçkilərin və referendumun keçirilməsi üçün əksər
məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olduğu bildirilib. Seçkilərə dair beynəlxalq
təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən seçkilərə və-
[səh. 67-68]
təndaşların siyasi şüuru, seçki mədəniyyəti daha da yüksəlir [9. s,5].
Bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokratiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl
siyasəti dayanır. 2003-cü ildə parlamentə təqdim olunmuş Seçki Məcəlləsi Azərbaycanın seçki sisteminə verilmiş ən
mühüm töhfələrdən biri oldu. Azərbaycan Respublikasının Seçki Məcəlləsi 2003-cü ilin may ayında qəbul olundu.
Seçki Məcəlləsinin qəbulu ölkəmizdə səmərəli fəaliyyət göstərə bilən seçki sisteminin yaradılmasına gətirib çıxartdı. О
zaman Seçki Məcəlləsi beynəlxalq qurumlar tərəfındən müasir standartlara cavab verən qanun kimi dəyərləndirilmiş,
bu sənədin azad və ədalətli seçkilərin keçirilməsindən ötrü mükəmməl hüquqi baza olduğu bildirilmişdi. Bununla
kifayətlənməyən Azərbaycan dövləti seçki qanunvericiliyini daim təkmilləşdirir. Azərbaycan Respublikasında
seçkilərə aid bütün məsələlər Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir. 2003 ilin 27 may tarixində
qəbul edilən bu Məcəllə Azərbaycan Respublikası parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan
Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və
keçirilməsi qaydalarını müəyyən edir [5, s.2]. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə müvafıq
olaraq, Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada
Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında
öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna
olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən
təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə
azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə
bilməzlər [3, m.85].
Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə
iştirak etmək hüququna malik olan, о cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında
öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan
Respublikasının Prezidenti seçilə bilər [3, m. 100]. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 212-ci maddəsində
bələdiyyələrə üzv seçilmək hüququ təsbit olunub. Həmin maddəyə müvafıq olaraq seçkilər günü 21 yaşı tamam olan
(seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan
Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər [5, m.212].
Prinsip - (“principium” latın sözündən tərcümədə əsas) rəhbər müddəa deməkdir. Seçkilərin prinsiplərindən ən
vacibləri: seçkilərin bərabər, ümumi, birbaşa olması, səsvermənin gizliliyidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara,
həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan
asılı
olmayaraq
Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 4-cü maddəsində bərabər seçki prinsipi təsbit olunub-vətəndaşlar seçkilərdə və
referendumda bərabər əsaslarla iştirak edirlər. Hər bir səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır.
Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir [5, m.3,4]. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 5-ci
maddəsinə müvafiq ola-
[səh. 68-69]
raq, vətəndaşlar seçkilərdə namizədin, referenduma çıxarılan məsələnin lehinə və
ya əleyhinə şəxsən səs verirlər. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya
bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar
Məcəlləsində göstərilən qaydada məsuliyyətə cəlb olunurlar.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 6-ci maddəsində səsvermənin gizliliyi prinsipi təsbit olunub və bu
maddəyə müvafıq olaraq seçkilər və referendum zamanı səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsi
üzərində hər cür nəzarəti istisna edir [5, m.5,6].
Seçkilərin və referendumların keçirilməsinin məcburiliyi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 7-ci
maddəsində təsbit olunub-Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Prezidenti
vəzifəsinə və bələdiyyələrə Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikası Seçki Məcəllədə
göstərilən müddətdə seçkilərin keçirilməsi məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II
hissəsində və 152-ci maddəsində göstərilən məsələlərə dair referendumlar keçirilməsi məcburidir.
Seçki Məcəlləsinin 7-1-ci maddəsində isə seçkilərin və referendumun keçirilməsini istisna edən hallar göstərilib
- Azərbaycan Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və
ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində
seçkilər və ya referendum keçirilə bilməz [5, m.7].
Referendum (lat. referendum - məlumat verilməsi) müəyyən qərarın layihəsinə lehinə və ya əleyhinə seçicilərin
səsverməsidir [6, s.220].
Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinə müvafiq olaraq, Azərbaycan xalqı öz hüquqları və
mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Aşağıdakı məsələlər yalnız referendumla həll
oluna bilər:
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi;
Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:
1) Vergilər və dövlət büdcəsi;
2) amnistiya və əfvetmə;
3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafıq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti
orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi [1, m.3].
Dinamik inkişaf edən cəmiyyətimizdə müstəqillik dövründə demokratik ənənələr daha da möhkəmlənib,
seçkilərin azad və şəffaf keçirilməsi üçün seçki sisteminin ardıcıl təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata
keçirilib. 2005-ci ilin may ayında Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılmış və sənədin 43 maddəsində
əlavə və dəyişikliklər edilmişdir. Səsvermə günü seçki məntəqələrində veb-kameraların quraşdırılması, bütün dairə
seçki komissiyalarının yeni inzibati binalarla və müasir zəruri texniki vasitələrlə təmin olunması, Mərkəzi Seçki
Komissiyası üçün müasir standartlara cavab verən yeni inzibati binanın istifadəyə verilməsi və digər işlər buna bariz
nümunədir. Sərəncamda azad və ədalətli seçkilərin keçirilməsinə mane olan amillərin aradan qaldırılması yolları
birmənalı olaraq göstərilmiş, eləcə də seçkiqabağı mühitin demokratikləşdirilməsi ilə bağlı konkret vəzifələr öz əksini
tapmışdır [9, s.5]. Azərbaycan Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli Sərəncamı ilə mərkəzi və yerli icra
hakimiyyəti orqanları rəhbərlərinin, həmçinin digər dövlət məmurlarının seçki prosesinə qanunazidd müda-
[səh.
69-70]
xiləsi qadağan edilib [4]. “Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə
bağlı təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2005-ci il tarixli Sərəncamı
da seçkilərin mütəşəkkil və yüksək səviyyədə keçirilməsinin təmin edilməsinə yönədilmiş mühüm sənəddir. Sərəncama
müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına seçki rəsmilərinin təlim keçməsi məqsədilə proqramlar hazırlanması, bu
sahədə bütün siyasi qüvvələrlə və beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlıq edilməsi, seçkilərdən sonra siyasi
mənsubiyyətinə görə vətəndaşların təqib olunmasının yolverilməzliyi, bu cür neqativ hallar aşkar edildikdə, onlara
qarşı qanunvericiliyə uyğun ciddi mübarizə aparılması tapşırılmışdır [4]. Deputatlığa namizədlərin televiziya və KİV
vasitəsi ilə bərabər əsaslarla təbliğ olunması, “exit-poll” keçirilməsi üçün lazimi şərait yaradılması, həmin proseslərin
gedişinə qanunazidd müdaxilənin qarşısının alınması, Milli Məclisə deputat seçkiləri ərəfəsində vətəndaşların
toplaşmaq azadlığının, seçki kampaniyası zamanı və bundan sonra ictimai sabitliyin təmin edilməsi tələb olunmuşdur.
Dövlət başçısının həmin sərəncamı istər Avropa Şurası və Venesiya Komissiyası, istərsə də yüksək nüfuzlu digər
beynəlxalq qurumlar, eləcə də hüquq müdafıə institutları tərəfındən dəyərləndirilmişdir. 25 oktyabr 2005-ci il tarixli
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, seçicilərin barmaqlarının şəffaf mürəkkəblə işarələnməsi
məsələsi öz əksini tapmış, parlament seçkilərində ilk dəfə olaraq “exit-poll”un təşkilinə nail olunmuşdur. Dövlət
başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə Mərkəzi Seçki Komissiyasının qarşısında qoyulmuş tələblərdən
biri komissiya üzvlərinin peşəkarlığının artırılması, dairə və məntəqə seçki komissiyaları üzvlərinin biliyinin və iş
səriştəsinin yüksəldilməsidir [1]. Seçki praktikasının daim təkmilləşdirilməsi üçün dairə və məntəqə seçki
komissiyalarının üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının gücləndirilməsi işi də daim diqqət mərkəzindədir.
Bu məqsədlə aşağı seçki komissiyalarının sədrləri və üzvləri üçün mütəmadi olaraq treninqlər, seminarlar təşkil olunur.
Göründüyü kimi, ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsi də demokratik, azad və ədalətli seçkilər
keçirilməsinin təmin olunmasın tələb edir.
Azərbaycan
hakimiyyətinin
Avropa
Şurasının
Venesiya
Komissiyası ilə
seçki
qanunvericiliyin
təkmilləşdirilməsi məqsədilə apardığı işin yekun nəticəsi olaraq 2008-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla Seçki
Məcəlləsinin 145 maddəsinə 91 əlavə və dəyişiklikliyin edilməsi sənədin daha da təkmilləşdirilməsinə xidmət etdi.
Azərbaycan Respublikası Prezidentinin seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı sərəncamları nəticəsində bu
kimi tədbirlərin - Mərkəzi Seçki Komissiyası tərəfindən seçici vəsiqəsinin tətbiq edilməsi və seçicilərə çatdırılması;
məntəqə seçki komissiyalarında seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı xüsusi işçi qruplarının yaradılması;
seçici siyahılarının Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməsi; Mərkəzi Seçki
Komissiyasında yaradılmış qaynar telefon xəttinin yaradılması və s. tədbirlərin həyata keçirilməsi ilə bağlı olmuşdur
[2, s.5].
Beləliklə, 1993-cü ildən bəri ölkəmizdə keçirilmiş hər bir seçkinin əvvəlkinə nisbətən seçkilərin beynəlxalq
standartlara uyğunlaşdırılması yolunda irəliyə doğru atılmış addım olduğunu beynəlxalq təşkilatların seçkilərə dair
verdikləri rəylərin müqayisəli təhlili sübuta yetirir. Azərbaycan Respublikasında seçkilərdən seçkilərə absenteizm çox
azalıb, yəni vətəndaşlar öz seçki hüququndan tam şəkildə rahat istifadə edirlər, çünki bunun üçün bütün şərait
yaradılmışdır. Azərbaycan Respublikasının Prezident seçkilərində, həmçinin Milli Məcli-
[səh. 70-71]
sə deputatların
seçkilərində seçicilərin seçkidən seçkiyə fəallığı artır, bələdiyyə seçkilərində isə absenteizmin faizi yüksəkdır.
Absenteizmin aradan götürülməsi məqsədi ilə bu kimi tədbirlərin keçirilməsi nəzərdə tutula bilər: məktəblərdə, ali
təhsil müəssısələrində vətəndaşlara onların seçki hüququ izah olunmalı, dövlət və ictimai fəaliyyətdə aktiv iştirak
etmənin hər bir vətəndaşın mənəvi borcu olması bəyan edilməlidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının seçki qanunvericiliyi zamanın tələblərinə uyğun olaraq
mütəmadi surətdə dəyişilir və bu da onun müasir standartlara cavab verməsini şərtləndirir.
İstifadə olunmuş mənbələr:
1.
“Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiqinə dair”
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı.
2.
“Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin
11 may 2005-ci il tarixli Sərəncamı.
3.
Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il.(18 mart 2009-ci ildə referendum ilə edilmiş əlavə
və dəyişikliklərlə).
4.
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2005-ci il tarixli Sərəncamı.
5.
Azərbaycan Respublikasının Seçki Məcəlləsi. 27 may 2003-cü il.(30 aprel 2013-cü ildə edilmiş əlavə və
dəyişikliklərlə).
6.
Cəfərli Rəşad. “Seçki praktikasının təkmilləşdirilməsi daim diqqət mərkəzindədir”. “Azərbaycan” qəzeti, 8 sentyabr
2011 il, s.4
7.
Nadirov N. “Azərbaycanın demokratik və şəffaf seçki təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən də yüksək
qiymətləndirilir”. “Azərbaycan” qəzeti, 2 aprel 2006 il, s.2.
8.
Nağıyev F.T. Konstitusiya Hüququ. Bakı: Qanun. 2011
9.
“Избирательное право Российской Федерации”. Учебник для вузов. М.: Издательство «Юристь». 2007,
10. Чиркин В.Е. Конституционное право зарубежных стран. М.: Издательство «Юристь». 2000
Джафарова Ясаман Фарман гызы
ОСОБЕННОСТИ ИЗБИРАТЕЛЬНОГО ПРАВА В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ
Резюме
В этой статье раскрывается понятие избирательного права, дается определение избирательного права в объективном
и субъективном смыслах, активного и пассивного избирательного права, указывается история принятия Избирательного
Кодекса Азербайджанской Республики, указываются основания проведения референдума и выборов, дается определение
референдума, абсентеизма, а также, в целях уменьшения абсентеизма, рекомендуются несколько предложений.
Jafarova Yasaman Farman
PECULIARITIES OF ELECTORAL RIGHT IN THE REPUBLIC OF AZERBAIJAN
Summary
The author deals with the concept of electoral right, gives the definition of electoral right in objective and subjective
meanings, the active and passive electoral right, the history of acceptance of the Election Code of the Republic of Azerbaijan,
holding a referendum and elections, the definition of referendum and absenteeism, and also makes suggestions to reduce
absenteeism.
Rəyçi: h. ü. f. d., dos. V.K. Quliyev
Təqdim edən: h. ü. e. d., prof. M.D. Dəmirçiyeva
Daxil olma tarixi: 12.06.2014
Təkrar işlənmə tarixi: 24.06.2014
Çapa imzalanma tarixi: 16.07.2014
[səh. 71]
Dostları ilə paylaş: |